Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-453/2025 12.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X1 ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi ilə İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X2rşı “ümumi xəstəlikdən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin 07 aprel 2025-ci il tarixli 2-1(116)- 370/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları:
1. İddiaçı barəsində İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-cı il tarixdə tərtib etdiyi göndərişə cavabdeh inzibati orqan tərəfindən baxılmış və “göndərişin natamam doldurulması” səbəbi ilə imtina edilmişdir.
2. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1360/2023 nömrəli qərarına əsasən iddia qismən təmin edilmiş, cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyininin üzərinə iddiaçı barəsində İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-cı il tarixdə tərtib etdiyi göndərişə məhkəmənin bu qərarda ifadə olunan hüquqi mövqeyi nəzərə almaqla yenidən baxmaq öhdəliyi qoyulmuşdur.
3. Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçı əyani müayinə edilmiş və “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə imtina cavabı verilmişdir. Lakin, iddiaçı, həmin qərarı mübahisələndirməmişdir.
4. Eyni zamanda cavabdeh orqan xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə iddiaçıya göndərişin natamam doldurulması əsası ilə imtina cavabı vermişdir.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
5. İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi xəstəlikdən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia ərizəsinə əsasən iddiaçı 2015-ci ilin avqust ayında avtoqəza nəticəsində aldığı xəsarətlərə görə Bakı Baş Səhiyyə idarəsinin “Klinik tibbi mərkəzı”ndə müalicə olunmuş və həmin tibb müəssisənin verdiyi ambulator, stasionar xəstənin tibb kartasından 6604 saylı çıxarışa və İsmayıllı RMX-nin Həkim Məsləhət Komissiyasının rəyinə əsasən ona müalicədən sonra “Kəllənin və üz sümüklərinin sınığının nəticələri, sol gicgah sümüyünün kəllə əsasından keçən, sol almacıq sümüyünün qövsünün yerdəyişməmiş sınığından sonrakı vəziyyət, Postkontuzion sindrom, posttravmatik ensefalopatiya, kəskin təzahür edən astenevrotik sindrom, soltərəflı hemoparez (F07.2) və Kəllə daxili travmaların nəticələri, sağ gicgah nahiyyəsinin intirazparenenumatozu, sol gicgah payının epidural hemotomasından sonrakı vəziyyət” diaqnozu verilmişdir. Aldığı travmalardan sonrakı vəziyyəti getdikcə kəskinləşmişdir. İsmayıllı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Həkim Məsləhət Komissiyası tərəfindən 2022-ci ilin iyun və noyabr aylarında, habelə 2023-cü ilin yanvar ayında müayinə olunaraq əlillik dərəcəsinin müəyyən olunması üçün Azərbaycan Respublikası ƏƏSM Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza Komissiyasına elektron göndəriş verilmişdir. Hər üç halda Azərbaycan Respublikası ƏƏSM Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspert Komissiyasında (TSEK) müayinədən keçirilmiş, sənədlər araşdırılmış və iddiaçıya əlilliyin təyinindən imtina verilmişdir.
7. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçının əlillik vəziyyətinə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Dəqiqləşdirilməmiş ensefalopatiya, Posttravmatik ensefalopatiya Əsas diaqnoz T90.5 Kəllədaxili travmaların nəticələri, Keçirilmiş açıq kəllə beyin travması.Beyin əzilməsindən sonrakı vəziyyət. postravmatik ensefalopatiya. (2015) və Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir. Vətəndaşın sağlamlıq vəziyyəti qiymətləndirilərkən müəyyən olunmuşdur ki, İsmayıllı rayon sakini xx.xx.1968-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti ilkin olaraq xx.xx.2016-ci il tarixində Tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilmiş və ona ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik müddəti tamamlandıqdan sonra vətəndaşın müraciəti əsasında 4 dəfə göndəriş rəsmiləşdirilsə də, əlillik təyinatı aparılmamış, əlillik təyinatı üçün əsaslı ağırlaşmaların köməkçi funksional diaqnostik metodlarla dəqiqləşdirilməməsi, diaqnozda qeyd edilmiş ağırlaşmayla aktiv sürücülük vəsiqəsinin olmasının mümkünsüzlüyü əsas gətirilərək aydınlaşdırılması məqsədi ilə tibb müəssisəsinə geri qaytarılmışdır. Qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmiş və məhkəmənin qərardadı əsasında əyani müayinə aparılaraq vətəndaşın tibbi-sosial ekspertizası həyata keçirilmişdir. Müayinəyə gələrkən baş beyin travması aldığını, özünü 2015-ci ildən xəstə hesab etdiyini bildirmiş, başağrıları, başgicəllənmədən şikayət etmiş, qəbul etdiyi dərmanlar barəsində məlumat verə bilməmişdir. Təqdim etdiyi X3 xx.xx.2015-xx.xx.2015-ci il tarixli çıxarışında diaqnoz “Müştərək kəllə beyin travması. Baş beynin sağ gicgah payının intraparenximatoz hemotoması. Sağ gicgah payının epidural hemotoması. Sol ənsə payının yüngül dərəcəli əzilməsi. Sol gicgah sümüyünün kəllə əsasına keçən sınığı. Sol almacıq qövsünün yerdəyişməmiş sınığı.” olmuş, Respublika Klinik Xəstəxanasının xx.xx.2016-cı il tarixli Baş beyin KT müayinəsində “Sağ gicgah payında kortiko-subkortikal nahiyyədə ~5,5x4,8x2,5 sm ölçülərində posttravmatik ensefalomalazik qlioz sahəsi aşkar edilməsi, sol almacıq qövsündə köhnə xətli sınıq izlənildiyi” qeyd edilmişdir. Ak.M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2021-ci il tarixli 30599 nömrəli rəyində diaqnoz “Keçirilmiş açıq kəllə beyin travması, posttravmatik ensefalopatiya. Cərrahi əməliyyatdan sonrakı vəziyyət. Qıcolma sindromu ilə. Nevrozabənzər sindrom. Asteno nevrotik hal” qeyd edilmiş, EEQ-orta strukturların disfunksiyası şəklində göstərilmişdir. Obyektiv müayinə zamanı kəllə beyin sinirləri tərəfindən əlillik təyinatina əsas verə biləcək patologiya, nevroloji defisit aşkar edilməmiş, qıcolma sindromunu təsdiq edəcək anamnestik olaraq məlumatlar verilməmiş və instrumental müayinələr təqdim edilməmişdir. Anamnestik məlumatlar, obyektiv və instrumental müayinə nəticələrinə əsasən Tibbi-sosial ekspert komissiyası tərəfindən “Diaqnozun əlillik əlaməti təyin etməməsi”nə dair qərar qəbul edilmişdir. Göründüyü kimi, vətəndaşın müraciətləri üzrə qiymətləndirmə aparılarkən hazırki sağlamlıq vəziyyəti müvafiq tibbi müəssisəsi tərəfindən rəsmiləşdirilmiş diaqnoza uyğun olmadığından həmçinin orqanizm funksiyalarının pozulması əlilliyin müəyyən edilməsi üçün yetərli səviyyədə olmadığından onun barəsində əlillik təyin etmək mümkün olmamışdır.
8. Şəki İnzibati Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli e-2-1(116)-1924/2025 nömrəli qərarı ilə (hakim Fəxri Hacızadə) iddia təmin edilmiş, İddiaçı 03 aprel 2022-ci il tarixindən 2 il müddətində İİ dərəcə əlilliyinin (orqanizm funksiyalarının pozulmasının 65- 80 faiz) müəyyən edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə iddiaçının mövcud sağlamlıq vəziyyətinin yoxlanılması məqsədi ilə məhkəmə-tibbi ekspertizası təyin etmişdir. Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsi xx.xx.2025-ci il tarixli 313 nömrəli rəyindən görünür ki, 1968-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir ki, 1-4. Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “Əsas diaqnoz: T90.5 Kəllədaxili travmalarm nəticələri. Keçirilmiş açıq kəllə beyin travması. Beyin əzilməsindən sonrakı vəziyyət. Posttravmatik ensefalopatiya(2015); Ağırlaşmalar: F07.0 Üzvi mənşəli pozuntu. G93.4 Dəqiqləşdirilməmiş ensefalopatiya, posttravmatik ensefalopatiya” diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında müəyyən edilsə də, şəxsin əyani müayinəsi zamanı diaqnoz nəzərə alınmaqla hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən olunmadığından, ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 №-li qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”nın hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Müvafiq iş materiallarından və iddiaçının sağlamlıq vəziyyətinə dair təqdim edilmiş tibbi vərəqəyə əsasən müəyyən edilir ki, qəza nəticəsində sol əzələ gücü 3,5-4 baldır. Ekspert rəyinə əsasən də göndəriş də qoyulmuş diaqnoz öz təsdiqini tapmışdır. Cavabdehin imtinası isə həmin diaqnozun əlillik təyinatına əsas verməməsindən ibarətdir. Qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın (həmin vaxt qüvvə olmuş redaskiyasına əsasən) Başın travmalarının nəticələri T90. 6.1.4. psixi təzahür edən pozuntularla baş beynin əzilməsi, kontuziyası; Orqanizmin funksiyalarının pozulması faizi 65-80; göstərilmişdir. Həmin diaqnoza əsasən xəstəyə OFP-nin 65-80 dərəcəsi və Orqanizmin funksiyalarının pozulması müddəti- 2 il əlilliyin müəyyən edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 1.10-cu bəndinə əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. Hazırkı iş üzrə iddiaçının sağlamlıq vəziyyətinin aid olduğu OFP-nın məhdudlaşması halı istinad olunan “Meyar”lara əlavənin (həmin dövrdə qüvvədə olmuş redaskiyasında) 6.1.4-cü bəndində nəzərdə tutulmaqla konkret faiz dərəcəsi müəyyən edilməmiş, 65-80% aralığında təsbit edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının OFP-nin 65-80% aralığında konkret olaraq hansı faiz dərəcəsinə aid olmasının müəyyən edilməsi inzibati orqanın qiymətləndirmə azadlığına aiddir. Buna görə də, məhkəmə, iddiaçının övladının OFP-nin İ dərəcə məhdudlaşması halının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə hüquqi məsələlənin həll edilməsini məqbul hesab edir. Məhkəmə işin hallarına və yuxarıdakı normalara əsaslanaraq hesab edir ki,iddia təmin edilməli, 03 aprel 2022-ci il tarixindən (xxxxxxx0003 nömrəli forma 88 göndərişi əsasında) iddiaçıya 2 il müddətində İİ dərəcə əlilliyin (orqanizm funksiyalarının pozulmasının 65-80 faiz müəyyən edilməsi) təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
10. Cavabdeh orqan həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh orqan apellyasiya şikayətini iddia ərizəsinə etirazın dəlilləri ilə əsaslandırmış, maddi hüquq normalarını sadalamış və əlavə olaraq qeyd etmişdir ki, göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Belə ki, göndərişdəki əsas diaqnoz T90.5 “Keçirilmiş kəllə beyin travması” müstəqil olaraq əlillik təyinatına əsas vermədiyi üçün onun ağırlaşmaları (F07 üzvi mənşəli şəxsiyyət pozuntusu) və (G93.4 Dəqiqləşdirilməmiş ensefalopatiya) onda müəyyən olunmalıdır. Həmin ağırlaşmalardan G93.4 Dəqiqləşdirilməmiş ensefalopatiya əlillik meyarlarında olmadığı üçün hazırki vəziyyətdə əlilliyin qiymətləndirilməsi üçün zəruri məqam digər ağırlaşmanın yəni F07 “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozunun iddiaçıda müəyyən olunması idi ki, İddiaçı barəsində əlillik təyinatı məsələsinə obyektiv qaydada baxılsın. Üzvi mənşəli şəxsiyyət pozğunluğunun aşkar edilməsi üçün iddiaçının sağlamlıq vəziyyəti ilə əlaqədar hər hansı ekspertiza keçirilməmiş, və yaxud hər hansı instrumental müayinədə bu fakt aşkarlanmamışdır. Əksinə İddiaçı sağlamlıq vəziyyətinin araşdırılması məqsədi ilə keçirilmiş Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsi xx.xx.2025-ci il tarixli 313 nömrəli rəyindən görünür ki, 1968-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir ki, 1-4. Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert İ Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “Əsas diaqnoz: T90.5 Kəllədaxili travmalarm nəticələri. Keçirilmiş açıq kəllə beyin travması. Beyin əzilməsindən sonrakı vəziyyət. Posttravmatik ensefalopatiya(2015); Ağırlaşmalar: F07.0 Üzvi mənşəli pozuntu. G93.4 Dəqiqləşdirilməmiş ensefalopatiya, posttravmatik ensefalopatiya” diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında müəyyən edilsə də, şəxsin əyani müayinəsi zamanı diaqnoz nəzərə alınmaqla hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən olunmadığından, ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 №-li qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”nın hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Sadalanan faktlardan aydın olur ki, məhkəmənin iddianın təmin edilməsi barədə qəbul etdiyi qərar əsassızdır. Əlilliyin təyini ilə bağlı araşdırmalar natamamdır. Odur ki, Şəki İnzibati Məhkəməsi iddiaçının maraqlarına uyğunlaşdırmaqla iddia tələbini təmin etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
tərəflərin izahatları
13. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişdirlər. İddiaçı məhkəmə kollegiyasının iclasına teleqram ünvanlayaraq hazırkı məhkəmə iclasında iştirak edə bilməyəcəyini və onun iştirakı olmadan qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
tətbiq edilən hüquq
14. “İnzibati icraat haqqında” Qanun: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. ... 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. ...
15. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası”: 1.3. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra– Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra– Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə- “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra– Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra– göndəriş) əsasında aparılır.... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur.
3. Orqanizmin funksiyalarının pozulması faizləri 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 19.“Əlilliyin müəyyən olunması meyarları”na Əlavə
6. Sinir sistemi xəstəlikləri Qeyd. Orqanizmin sinir sisteminin xəstəliklərdən, zədə və çatışmazlıqlardan irəli gələn davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi hərəkət və hissiyyat pozuntularının təzahüretmə dərəcəsinin nəzərə alınması ilə, hərəkət funksiyası pozuntusunun təzahüretmə dərəcəsinin qiymətləndirilməsinə (sadə və mürəkkəb hərəkətləri icra etmək qabiliyyəti) əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması.
Qiymətləndirmə psixi təzahür edən pozuntularla baş beynin 6.1.4. 65-80 2 il əzilməsi, kontuziyası
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 33. Məcburetmə haqqında iddia 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. 33.3. İnzibati akt inzibati orqanın hərəkətsizliyi səbəbindən qəbul edilməmişdirsə, məhkəmə ona inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edir. İnzibati orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə məlumat verməlidir. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38. İddia müddəti 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.
21. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Cavabdeh orqan onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən, verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman iddiaçının əlilliyinin müəyyən edilməsi ilə bağlı düzgün nəticəyə gəlinsə də, iddia tələbi təmin edilərkən sonuncu imtina qərarının tarixi nəzərə alınmamış, həmçinin “İİ dərəcəli əlilliyin müəyyən edilməsi” qeyd edilmişdir. “Meyarlar”ın qüvvədə olan redaksiyasına əsasən, 61-80% aralığında funksional pozuntuya yol açan hallarda “xəstəlik, zədə və ya çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin “İİ dərəcə məhdudlaşması” meyarı tətbiq edildiyindən, hüquqi müəyyənlik prinsipi baxımından qərar həmin hissələrdə dəyişdirilməlidir.
24. İşin hallarından görünür ki, iddiaçının hüquqi marağı onun əlilliyinin müəyyən edilməsinə yönəlmişdir. Cavabdeh orqan sonuncu dəfə xx.xx.2022-ci il tarixdə “göndərişin natamam doldurulması” əsası ilə imtina cavabı vermişdir. Cavabdeh orqan xx.xx.2023-cü il tarixdə iddiaçını əyani müayinə edərək “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə yekun qənaətə gəlmişdir. Odur ki, hazırkı icraat çərçivəsində cavabdehin sonuncu imtinasının əsaslılığı yoxlanılmalıdır.
25. Cavabdeh orqanın apellyasiya şikayətinin ümumiləşmiş dəlilləri ondan ibarətdir ki, məhkəmə xüsusi tibbi bilik tələb edən sahəyə müdaxilə edərək cavabdehin diskresion səlahiyyətlərini məhdudlaşdırmışdır. İddiaçıda əsas diaqnoz olan T90.5 müstəqil şəkildə əlillik təyinatına əsas vermir və onun ağırlaşmaları – xüsusilə F07.0 üzvi mənşəli şəxsiyyət pozuntusu – obyektiv ekspertiza ilə təsdiq edilməlidir. G93.4 diaqnozu əlillik meyarlarında nəzərdə tutulmamış, F07.0 isə instrumental və ya psixiatrik ekspertiza ilə təsdiqlənməmişdir. Ekspert rəyində də iddiaçının hazırkı vəziyyətində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilmədiyi göstərilmişdir.
26. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, qanunvericiliyə əsasən diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır.
27. Bununla yanaşı, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi).
28. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin, göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir.
29. “Ekspert rəyində iddiaçının hazırkı vəziyyətində əlillik təyinatına əsas verən patofunksional pozuntuların müəyyən edilməməsi” ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin xx.xx.2025-ci il tarixli, 313 nömrəli rəyində müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “Əsas diaqnoz: T90.5 Kəllədaxili travmalarm nəticələri. Keçirilmiş açıq kəllə beyin travması. Beyin əzilməsindən sonrakı vəziyyət. Posttravmatik ensefalopatiya(2015); Ağırlaşmalar: F07.0 Üzvi mənşəli pozuntu. G93.4 Dəqiqləşdirilməmiş ensefalopatiya, posttravmatik ensefalopatiya” diaqnozunun xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında müəyyən edilməsi qeyd edilmişdir. Yəni, faktiki olaraq ekspert diaqnozun düzgünlüyünü təsdiq etmişdir.
30. Həmin diaqnozun əlilliyin müəyyən olunmasına əsas verib-verməməsi isə tibbi ekspertin səlahiyyətinə aid olan məsələ deyil (təcrübədə bir çox hallarda ekspertlər diaqnozun əlillik təyinatına əsas verib-verməməsi ilə bağlı sualları səlahiyyətlərinə aid olmaması əsası ilə cavablandırmırlar). Məhkəmə tibbi ekspertizanın müəyyən etməli olduğu əsas məsələ qoyulmuş diaqnozların həqiqətən iddiaçıda mövcud olubolmamasıdır.
31. Nəzərə alınmalıdır ki, “Əlilliyin müəyyən olunması” Meyarlarına əsasən, əlillik yalnız şəxsə qoyulmuş diaqnoz əsasında deyil, həmin diaqnozla müəyyən edilən xəstəliyin insanın həyat fəaliyyəti üzrə müəyyən edilmiş 7 əsas kateqoriyadan biri və ya bir neçəsi üzrə hansı dərəcədə məhdudlaşma yaratması ilə müəyyən edilir (Meyarların 2.1-ci bəndi). Bu meyarlara uyğun olaraq, İ, İİ və İİİ dərəcəli məhdudlaşmalar müvafiq olaraq 31–60%, 61–80% və 81–100% aralığında funksional pozuntu faizi ilə ifadə olunmaqla əlilliyin müəyyən edilməsinə əsas verir (Meyarların 3.1.1–3.1.3-cü bəndləri).
32. Cavabdeh orqan iddiaçıda mövcud olan xəstəliklərin əlillik təyinatına əsas verən səviyyədə müəyyən edilmədiyini qeyd etsə də, diaqnozun şəxsin həyat fəaliyyətinə təsirini həyat fəaliyyəti kateqoriyalarının məhdudlaşma dərəcəsi baxımından qiymətləndirməmiş və mövcud diaqnozun neçə faiz funksional pozuntu formalaşdırmasını əsaslandırmamışdır. Sözügedən qaydada aparılan qiymətləndirmə cavabdeh orqanın qiymətləndirmə azadlığına daxil olsa da, məhkəmə hər bir halda aparılan inzibati araşdırmanın tamlığını və əsaslılığını yoxlamaq imkanına malik olmalıdır. Yəni, məhkəmə yekun imtina qərarını yoxlayarkən bu nəticəyə gətirib çıxaran qiymətləndirmə prosesini də yoxlaya bilməlidir.
33. İş materiallarından müəyyən olunur ki, iddiaçıya T90.5 (kəllədaxili travmaların nəticələri), G93.4 (posttravmatik ensefalopatiya) və F07.0 (üzvi mənşəli şəxsiyyət pozuntusu) diaqnozlarının qoyulmuşdur. Belə ki, iddiaçı, 2015-ci ildə 3-cü mərtəbədən yıxılması nəticəsində ağır açıq kəllə-beyin travması almış, baş beynin sağ gicgah payında sümük sınıqları və beyin əzilməsi qeydə alınmışdır. Sonrakı instrumental müayinələrlə beynin sağ gicgah payında 30x73 mm ölçüdə ensefalomalaziya sahəsi, atrofiya əlamətləri və epi-aktivlik müəyyən edilmişdir. Diaqnozların düzgünlüyü məhkəmə-tibbi ekspertizanın rəyi ilə təsdiq edilmişdir.
34. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının sağlamlıq vəziyyəti beyin zədələnməsi nəticəsində yaranmış psixi təzahürlərlə xarakterizə olunur. Bu hal “Meyarlar”a Əlavənin 6.1.4-cü bəndində nəzərdə tutulan – psixi təzahürlərlə müşayiət olunan baş beynin əzilməsi və travmatik zədələnməsi – meyarlarına uyğun gəlir və OFPnın 2 il müddətinə 65-80% müəyyən edilməsinə əsasdır. “Meyarlar”a Əlavənin 6.1.4-cü bəndi “Sinir sistemi xəstəlikləri” bölməsində göstərilsə də, həmin bəndin məzmununda birbaşa olaraq psixi təzahürlərlə müşayiət olunan travmatik beyin zədələnmələri nəzərdə tutulmuşdur.
35. “Meyarlar”a Əlavənin 7.6.2.1-ci bəndinin iddiaçıya tətbiqinə münasibətdə isə kollegiya qeyd edir ki, həmin bənddə nəzərdə tutulan “ətrafdakılarla tez-tez problemlərin yaranması”, “gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklər”, “yüksək intihar riski” və “bəzi hallarda kənar şəxsin köməyinə ehtiyac” kimi göstəricilər tibbi göndərişdə və müayinə sənədlərində əks olunmamışdır. İddiaçıya qoyulmuş F07.0 – üzvi mənşəli şəxsiyyət pozuntusu diaqnozu müstəqil diaqnoz kimi deyil, keçirilmiş açıq kəlləbeyin travması nəticəsində formalaşmış beyin zədələnməsinin nəticəsi (psixi təzahür) kimi qiymətləndirilməlidir.
36. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, əlilliyin müəyyən edilmə tarixi və OFP-nın faizlə ifadə olunması hissəsində birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.
37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası,
QƏRARA ALDİ:
Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilmir. Şəki İnzibati Məhkəməsinin 07 aprel 2025-ci il tarixli 2-1(116)-370/2025 nömrəli qərarı dəyişdirilir. İddiaçı xx.xx.2022-ci il tarixindən 2 il müddətinə orqanizmin funksiyalarının pozulmasının 35-60% müəyyən edilməsi öhdəliyi Cavabdeh PHŞ-nin üzərinə qoyulur. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.