Məhkəmə qərarları › İş №2-1(107)-455/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-455/2025

31.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-455/2025 31.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Musayev Taleh Valeh oğlu və Həsənov Tural Həsən oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinə qarşı “məhrum qardaşı X2 şəhid statusu verilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 29 aprel 2025-ci il tarixli, 2-1(116)-1723/2025 nömrəli qərarından iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları:

1. Tərtər Qarnizonu Hərbi Tribunalının Ağsu rayon Hərbi Komissarına ünvanladığı xx.xx.1996-cı il tarixli məlumatda qeyd edilmişdir ki, mərhum X9 şəhərində yerləşən N saylı hərbi hissədə xidmət etmişdir. xx.xx.1995-ci il tarixdə həmin hərbi hissədən Cəlilabad rayonunun Prişib qəsəbəsində yerləşən N saylı hərbi hissəyə N nəfər qulluqçu və o cümlədən Elçin Şirvanov aparılmışdır. Kürdəmir şəhəri yaxınlığında o, avtobusdan düşərkən maşının altına düşərək həlak olmuşdur.

2. N saylı hərbi hissə tərəfindən Ağsu rayon Hərbi Komissarlığına ünvanlanmış xx.xx.1996-cı il tarixli məktubda qeyd edilmişdir ki, mərhum Elçin Şirvanov hərbi xidmətdən yayınmaq üçün qaçışa cəhd edərkən hərəkətdə olan avtobusun pəncərəsindən yolun hərəkət hissəsinə özünü atması nəticədə aldığı çoxsaylı travmalardan Kürdəmir rayon xəstəxanasında vəfat etmişdir.

3. Tərtər Qarnizonu Hərbi Tribunalının xx.xx.1995-ci il tarixli hökmündən görünür ki, Cəlilabad rayonunun Prişib qəsəbəsində yerləşən N saylı hərbi hissəyə aparılarkən mərhum Elçin Şirvanov avtobusun pəncərəsindən özünü ataraq həlak olmasına görə başlanmış cinayət işi ilə bağlı N saylı hərbi hissənin gizirləri barəsində ittiham hökmü çıxarılmışdır.

4. İddiaçının mərhum qardaşı X5 (2-ci bölüyün sıravi əsgəri) N №-li hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli, 7№-li əmri ilə həlak olması ilə əlaqədar hərbi hissənin siyahısından və bütün təminat normalarından çıxarılmışdır.

5. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti xx.xx.2020-ci il tarixli məktubunda bildirmişdir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarının 1.2.6-cı yarımbəndinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər.Bu Qərarın 4.1-ci bəndinə əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Belə ki, Xidmətin Ağsu rayon şöbəsinin müvafiq uçot sənədlərinə və Müdafiə Nazirliyinin TəşkilatSəfərbərlik İdarəsindən Xidmətin Aparatına təqdim edilmiş “1997-ci il avqustun 2dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar əsgər (matros) və çavuşların siyahısı"na əsasən, mərhum Elçin Şirvanov xx.xx.1995-ci il tarixdə N saylı hərbi hissədə xidmət keçərkən avtobusdan özünü ataraq vəfat etmişdir (həlak olmuşdur). Yuxanda göstərilən qanunvericilikdə hərbi xidmət dövrü müxtəlif səbəblərdən vəfat etmiş (həlak olmuş) hərbi qulluqçuların şəhid hesab edilməsi nəzərdə tutulmadığı üçün, mərhum Elçin Şirvanova şəhid statusunun verilməsi mümkün deyil.

birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

6. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhrum qardaşı X2 şəhid statusu verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinə həvalə edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək məhrum qardaşı X2 şəhid statusu verilməsi öhdəliyinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinin üzərinə qoyulması barədə qərar çxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə ərizənin dəqiqləşdirilməsi icraata qəbul edilmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun qardaşı X4 06 iyun 1996-cı il tarixində hərbi xidmətə çağırılmışdır. O, Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə xidmət etmişdir. N aprel 1996-cı il tarixində həmin hərbi hissədən Cəllilabad rayonu Pirşib qəsəbəsində yerləşən N saylı hərbi hissəyə N nəfər qulluqçu və o cümlədən X4 da aparılırdı. Kürdəmir şəhəri yaxınlığında o, avtobusdan düşərək maşının altında həlak olmuşdur. Tərtər Hərbi Qarnizonunun İcra Hakimiyyətinə və Ağsu Rayon Səfərbərlik Xidmətinə ünvanlardığı məktublara əsasən Şirvanov Elçinə torpağ uğrunda həlak olmasına görə şəhidlik statusu verilməsi xahiş olunmuşdur. Onun atası bununla bağlı Mudafiə Nazirliyə məktub ünvanlamışdır. Cavab olaraq bildirmişdirlər ki, məhrumun ölüm haqqında şəhadətnaməsi olmalıdır. Bununla bağlı o, Ağsu rayon məhkəməsinə “ölüm faktının müəyyən edilməsi üçün” iddia ərizəsi İlə müraciət etmişdir. Ağsu Rayonun Məhkəməsinin 2(016)-552/2024 saylı, 07 may 2024-cü il tarixli qətnaməsinə əsasən məhkəmə ölüm faktını müəyyən etmişdir. Sonradan yenidən Müdafiə Nazirliyinə məhkəmənin qətnaməsinə əsasən məktub göndərmişdir. Daha sonra o, cavabdehə müraciət etsə də, ona heç bir köməklik göstərilməmişdir. Məcburi olaraq o, adiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə müraciət etməyə məcbur olmuşdur. Bildirir ki, onun qardaşını Ağsu Rayon Gəgəli kəndində şəhid kimi dəfn ediblər. Lakin şəhidlik stasunu almaqda çətinlik çəkir. Qeyd olunanalara əsasən hesab edir ki, cavabdeh təşkilatın ona şəhid statusu adı verilməsindən imtina etməsi qanunsuz və əsassızdır.

8. Cavabdeh orqan iddia tələbinə yazılı münasibət bildirməmiş, birinci instansiya məhkəməsində keçirilmiş şifahi məhkəmə baxışı iclasında nümayəndəsi izahat verərək bildirmişdir ki, iddiaçının qardaşı Elçin Şirvanov döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmamışdır. Belə ki, Tərtər qarnizonu hərbi tribunalının sədrinin və N saylı Hərbi Hissənin komandirinin Ağsu rayon Hərbi komisarına ünvanladığı xx.xx.1996-cı il və xx.xx.1996-cı il tarixli məktublara əsasən X4 xidmət etdiyi N saylı hərbi hissədən Cəlilabad rayonunun Prişib qəsəbəsində yerləşən N saylı hərbi hissəyə N nəfər qulluqçu ilə aparılarkən Kürdəmir şəhəri yaxınlığında avtobusdan düşərkən maşının altına düşərək həlak olduğu bildirilir.

9. Şəki İnzibati Məhkəməsinin 29 aprel 2025-ci il tarixli, 2-1(116)-1723/2025 nömrəli qərarı ilə (hakim Günel Şirinova-Əsədova) iddia tələbi təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar, habelə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər. İş materiallarında olan xx.xx.1995-ci il tarixli arxiv çıxarışı ilə də müəyyən olunur ki, iddiaçının mərhum qardaşının ölüm səbəbi xx.xx.1995-ci il tarixdə özünü avtobusdan atması olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Hərbi Komisarlığının xx.xx.1999-cu il tarixli məktubunun surətindən görünür ki, mərhum Elçin Şirvanov özünü avtobusdan atması nəticəsində aldığı zədə səbəbi ilə Kürdəmir Xəstəxanasına yerləşdirilmiş və orada vəfat etmişdir. İş materiallarında olan digər sənədlərlə də mərhum Elçin Şirvanovun avtobusdan düşərək vəfat etməsi sübuta yetirilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mərhumun hərbi xidmət keçərkən hərəkətdə olan avtobusdan düşərək vəfat etməsi ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu birmənalı sübut etmir. Mərhumun hərbi xidmətdə qulluq keçən zaman vəfat etməsi faktı özlüyündə ona qanunvericiliyin müəyyən etdiyi qaydada “Şəhid” statusunun verilməsi üçün yetərli deyil. Bunun üçün onun vəfatının həm də Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən döyüş şəraitində olan hərbi hissədə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi faktı da müəyyən edilməlidir. Hazırkı işdə isə mərhum X1 xx.xx.1995-ci il tarixdə hərəkətdə olan avtobusdan düşərək vəfat edərkən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən döyüş şəraitində hərbi hissənin döyüş təminatını və döyüş tapşırığını yerinə yetirmədiyi işin mübahisəsiz halıdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Ağsu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(016)-552/2024 saylı qətnaməsi isə yalnız hüquqi əhəmiyyətli fakt kimi ölüm tarixini müəyyən edir. Bu qətnamə şəxsin şəhid hesab edilməsi üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə hüquqi nəticəni ancaq qanunvericilikdə nəzərdə tutulmuş konkret hallarla bağlı hərbi və inzibati orqanların təqdim etdikləri arayışlar təsdiqləyə bilər. Məhkəmə onu da qeyd edir ki, iddiaçı tərəfindən təqdim olunan fotoşəkillər və ya mərhumun kənd qəbiristanlığında “şəhid” kimi dəfn olunması (iddia ərizəsində qeyd edilənlərə əsasən) faktı onun şəhid statusu almasına hüquqi əsas yaratmır, çünki bu, yalnız sosial və ya ailə təşəbbüsü ilə edilən rəmzi tanınmadır və qanuni nəticə doğurmur. Göründüyü kimi mərhum X1 hərbi xidmət keçərkən N aprel 1995-ci il tarixində, N saylı hərbi hissədən N saylı hərbi hissəyə göndəriş zamanı avtobusla daşınma prosesi zamanı hərəkətdə olan nəqliyyat vasitəsindən düşərək həyatını itirməsi onun ölümü ilə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyünün müdafiəsi arasında qanunvericiliklə tələb olunan səbəbli əlaqəni təsdiqləmir. Yəni bu hadisə hərbi əməliyyatlar zamanı, döyüş tapşırığının icrası və ya döyüş təminatı üzrə xidmət fəaliyyəti çərçivəsində baş verməmiş, nəticə etibarilə “şəhid” statusu almaq üçün zəruri hüquqi və faktiki şərtlər mövcud olmamışdır.

11. İddiaçı, apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı, apellyasiya şikayətində məhkəmə aktından narazılığını konkret dəlillərlə əsaslandırmamışdır. Bununla belə iddiaçının hüquqi marağı aşkar olduğundan və tələbi konkret göstərildiyindən şikayət mümkün hesab edilmişdir. İddiaçı, onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı yoxlanılmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

tərəflərin izahatları

14. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 29 aprel 2025-ci il tarixli, 2- 1(116)-1723/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, mərhum qardaşı müharibə şəraitində yox, Kürdəmir şəhəri yaxınlığında avtobusdan düşərkən baş vermiş bədbəxt hadisə nəticəsində həlak olmuşdur. Bununla belə onun vəfat etməsi xidməti vəzifəsinin icrası ilə bağlı olduğundan şəhid statusu verilməlidir. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdeh orqanın nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 29 aprel 2025-ci il tarixli, 2-1(116)-1723/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

tətbiq edilən hüquq

15. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Şəhid və şəhid ailəsi anlayışı Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Maddə 2. Şəhid və şəhid ailəsi statusu verilməsinin qaydası Bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrini elektron formada aparır. Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”:

1. Şəhid anlayışı 1.1. Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X2 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular.

2. Şəhid ailəsi 2.1. Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları; 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair 30 dekabr 2008-ci il tarixli Qərarı:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli Qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları»nın 1.2.6-cı bəndinin «o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər» müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanununun 1-ci maddəsi tətbiq edilməlidir.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

21. Hazırkı işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının hüquqi marağı və məqsədi məhrum qardaşı X2 şəhidlik statusunun və şəhidlik vəsiqəsinin verilməsinə nail olmaqdan ibarətdir.

22. Hazırkı qərarın 16-cı bəndində istinad edilən normaya əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X2 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər.

23. Həmçinin bu qərarın 18-ci bəndində istinad edilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir.

24. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqə mövcud olmalıdır.

25. Qeyd olunan səbəbli əlaqə iddiaçının mərhum qardaşına münasibətdə müəyyən edilməmişdir. Belə ki, iş materiallarında olan sənədlərlə müəyyən edilir ki, mərhum X9 şəhərində yerləşən N saylı hərbi hissədə xidmət etmiş, xx.xx.1995-ci il tarixdə həmin hərbi hissədən Cəlilabad rayonunun Prişib qəsəbəsində yerləşən N saylı hərbi hissəyə aparılarkən Kürdəmir rayonu ərazisində baş vermiş bədbəxt hadisə nəticəsində həlak olmuşdur. Qeyd olunan hal işin mübahisəsiz halı olmaqla iddiaçı tərəfindən də, təsdiq edilir. Lakin, iddiaçı hesab edir ki, mərhum qardaşı hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar həlak olduğundan ona şəhid statusu verilməldir.

26. Göründüyü kimi, mərhum Elçin Şirvanovun ölümü döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı olmamışdır.

27. Belə olan halda, yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş səbəbli əlaqə hazırkı iş üzrə iddiaçının mərhum qardaşına münasibətdə müəyyən edilmədiyinə görə, inzibati orqanın iddiaçının oğluna şəhid statusu verilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin edilməməsi barədə qərar qəbul etmişdir.

28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə hazırkı qərarın 15-16 və 18-ci bəndlərində göstərilən maddi və prosessual hüquq normalarına uyğundur. Şikayətin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır

30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şəki İnzibati Məhkəməsinin 29 aprel 2025-ci il tarixli, 2-1(116)-1723/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar