Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-456/2021 22.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin 13 saylı Regional Ərazi filialına qarşı “5300.36 manat məbləğində sosial müavinətin və təqaüdün tutularaq ödənilməsi barədə pul tələbinin icraya yönəldilməsi barədə Q\98-16.05.2021-ci il tarixli qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 13.09.2021-ci il tarixli, 2- 1(116)-1117/2021 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin 13 saylı Regional Ərazi filialı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin qısa mahiyyəti ondan ibarətdir ki, Azərbaycan Respublikası ƏƏSMN-nin Tibbi Sosial Ekspert və Reabilitasiya Xidmətinin Tibbi Sosial Ekspert Komissiyasının 16.02.2018-ci il tarixli rəyinə əsasən iddiaçının qızı Şıxalıyeva Nazlı Teymur qızının sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş, iddiaçıya 16.02.2018-ci il tarixdən 31.12.2020-ci il tarixədək cəmi 5300.36 manat məbləğində pul vəsaiti ödənilmişdir. Daha sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən ƏƏSMN-nə 22.12.2020-ci il tarixdə məktub göndərilərək, 326 nəfərin rəsmiləşdirilmiş göndərişlərinin etibarsız olduğu bildirilmiş və həmin göndərişlər nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “əlillik” altsistemində etibarsız hesab edilmişdir. Qeyd edilən siyahıda 325-ci nömrədə iddiaçının qızı Şıxalıyeva Nazlı Teymur qızının adı qeyd olunmuşdur. Bundan sonra cavabdeh tərəfindən 10.03.2021-ci il tarixdə iddiaçıya “Tibbi Sosial Ekspertiza və Reabilitasiya altsistemində əlillik dərəcəsi etibarsız hesab edildiyi üçün sosial müavinətin və təqaüdün artıq ödənilməsinə dair” bildiriş göndərilmiş, 16.02.2018-ci il tarixdən 31.12.2020-ci il tarixədək ödənilmiş sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa görə 4250.36 manat sosial müavinət və 01.04.2019-cu il tarixdən 31.12.2020-ci il tarixədək olan dövr üçün sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa qulluq edən şəxs kimi alınan 1050 manat məbləğində Prezident təqaüdünün, yəni ümumilikdə 5300.36 manat pul məbləğinin artıq ödənildiyi qeyd edilərək, qeyd olunan vəsaitin 10 gün müddətində nağdsız qaydada müvafiq hesaba bərpa edilməsi xahiş edilmişdir. 15.04.2021-ci il tarixdə cavabdeh tərəfindən iddiaçıya eyni məzmunlu xəbərdarlıq məktubu göndərilərək, göstərilən vəsaitin ödənilməyəcəyi halda cəmi 5300.36 manat pul məbləğinin məcburi qaydada alınması barədə qərar qəbul edib icra olunması üçün Ağdaş rayon icra və probasiya şöbəsinə göndəriləcəyi bildirilmişdir. 16.05.2021-ci il tarixdə cavabdeh tərəfindən iddiaçının artıq aldığı 5300.36 manat pul məbləğində sosial müavinətin və təqaüdün tutularaq ödənilməsi barədə pul tələbinin icraya yönəldilməsi, həmin qərarın məcburi qaydada icra edilməsi üçün Ağdaş rayon icra və probasiya şöbəsinə göndərilməsi barədə qərar qəbul edilmiş və qərarın surəti 19.05.2021-ci il tarixdə iddiaçıya poçt vasitəsilə göndərilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin 13 saylı Regional Ərazi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “5300.36 manat məbləğində sosial müqavilənin və təqaüdün tutularaq ödənilməsi barədə pul tələbinin icraya yönəldilməsi barədə Q\98 16.05.2021-ci il tarixli qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi: DSMF-nun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən iddia tələbinə etirazında qeyd etmişdir ki, mübahisələndirilən qərarın qəbul edilməsinə səbəb - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən ƏƏSMN-nə 22.12.2020-ci il tarixdə göndərilən və 325-ci nömrədə iddiaçının qızı Şıxalıyeva Nazlı Teymur qızının adının qeyd olunduğu siyahıda göstərilən şəxslərlə bağlı rəsmiləşdirilmiş göndərişlərinin nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “əlillik” altsistemində etibarsız hesab edilməsi olmuşdur. İddiaçıya artıq aldığı 5300.36 manat pul məbləğinin geri qaytarılması barədə xəbərdarlıq məktubları göndərilmiş və artıq alınmış pensiya məbləği geri qaytarılmadığından qanunvericilikdə nəzərdə tutulmuş prosedur qaydalarına uyğun olaraq “İnzibati İcraat Haqqında” Qanunun 82.3-cü maddəsinə əsasən mübahisələndirilən qərar qəbul edilmişdir. Göstərilənlər nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməməsi xahiş edilmişdir. Şəki İnzibati Məhkəməsinin 13.09.2021-ci il tarixli, 2-1(116)-1117/2021 nömrəli qərarı ilə, iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin 13 saylı Regional Ərazi Filialının “ünvan 1i ünvanında yaşayan İddiaçı artıq aldığı 5300.36 manat məbləğində sosial müavinətin və təqaüdün tutularaq ödənilməsi barədə pul tələbinin icraya yönəldilməsi haqqında” Q\98 16.05.2021-ci il tarixli qərarın ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin 13 saylı Regional Ərazi filialı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qərar qanunsuz və əsassızdır. Belə ki, iddiaçının iddia ərizəsində qeyd edildiyi kimi onun övladı Şıxalıyeva Nazlı Teymur qızının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi Sosial Ekspert Komissiyasının 16 fevral 2018ci il tarixli tarixli rəyinə əsasən sağlamlıq imkanları məhdud olduğu müəyyən edilmiş və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 4.0.1.4-ci maddəsinə əsasən 74 manat (01.03.2018-ci il tarixdən etibarən 82 manat, 01.04.2019-cu il tarixdən isə 150 manat) məbləğində sosial müavinət təyin edilmişdir. Həmçinin 01.04.2019-cu il tarixdən 31,12.2020-ci il tarixədək İddiaçı “sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa qulluq edən” şəxs kimi İddiaçı ümumilikdə 1050 manat Prezident təqaüdü ödənilmişdir. İddiaçı 16.02.2018-ci il tarixdən 31.12.2020-ci il tarixədək olan müddət ərzində ümumilikdə 5300,36 manat məbləğində pensiya ödənilmişdir. Bununla belə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ünvanlanmış 22.12.2020-ci il tarixli 05-02-1264/20 nömrəli məktuba aidiyyatı üzrə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə baxılmışdır. Məktubda 326 nəfərin rəsmiləşdirilmiş göndərişlərinin etibarsız hesab edilməsinin məqsədə müvafiq olduğu qeyd edilmişdir. Bununla da 21.01.2021 -ci il tarixli məktubda qeyd edilənlərə əsasən məlum olmuşdur ki, 326 nəfər şəxsin adına göndərişlər Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində etibarsız edilmişdir. Qeyd edilən siyahıda 325-ci şəxs olaraq Şıxalıyeva Nazlı Teymur qızının adı qeyd edilmişdir. Göstərilənlərə əsasən iddiaçıya təyin edilmiş “sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa” ödənilən sosial müavinətin və “sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa qulluq edən” şəxs kimi Prezident təqaüdünün dayandırılması və artıq ödənilmiş pensiya vəsaitinin şöbənin hesabına bərpa edilməsi barədə İddiaçı 10 mart 2021 -ci il və 15 aprel 2021 -ci il tarixlərində rəsmi məlumat verilməsinə baxmayaraq artıq ödənilmiş pensiya məbləği şöbənin hesabına bərpa edilməmişdir. İş materiallarından göründüyü kimi iddiaçının övladı olan Şıxalıyeva X7 və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 16.02.2018-ci il tarixli qərarı ilə sağlamlıq imkanları məhdud 18 yaşadək uşaq olduğu müəyyən edilmişdir. Bundan sonra iddiaçı “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunununa uyğun olaraq sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar üçün ödənilən sosial müavinətin təyin olunması üçün cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Cavabdeh orqan isə ona müvafiq sosial müavinəti təyin etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamə və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17 mart 2020-ci il tarixli, 2-1(102)-968/2020 saylı qərarında analoji iş üzrə gəldiyi nəticə Şəki İnzibati Məhkəməsinin 13.09.2021-ci il tarixli, 2-1(116)-1117/2021 nömrəli qərarının qanunsuz və əsassız olduğuna dəlalət edir. Bundan başqa Dövlət Sosial Müdafiə X10 şəxsinin 13 saylı Regional Ərazi filialı tərəfindən Qönçı Şıxalıyevaya artıq aldığı məbləği geri qaytarmağı özündə ehtiva edən xəbərdarlıq məktubları 10.03.2021-ci il və 15.04.2021 -ci il tarixlərdə göndərilmiş, bundan sonra iddiaçı tərəfindən artıq alınmış pensiya məbləği geri qaytarılmadığından 16.05.2021-ci il tarixdə mübahisə predmeti olan qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsi qərarında cavabdeh tərəfindən inzibati akt qəbul edilmədiyini vurğulasa da, “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsində inzibati aktın anlayışı göstərilmişdir. Həmin maddədə qeyd edilmişdir ki, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxslər üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam, və ya digər növ hakimiyyət tədbiridir. Göründüyü kimi “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən digər hakimiyyət tədbirləri də inzibati akt hesab edildiyindən, cavabdeh orqan tərəfindən mübahisəli qərar qəbul edilərkən “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozulmamışdır. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin 13.09.2021-ci il tarixli, 2-1(116)-1117/2021 nömrəli qərarının ləğv edilməsinin və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 13.09.2021-ci il tarixli, 2-1(116)-1117/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 13.09.2021-ci il tarixli, 2-1(116)-1117/2021 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi İddia mübahisələndirmə haqqında iddia növünə aiddır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Şikayətdə birinci instansiya məhkəməsinin qərarın bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin yalnız gəldiyi nəticəsi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-sosial Ekspert Komissiyasının 16.02.2018-ci il tarixli rəyinə əsasən iddiaçının qızı Şıxalıyeva Nazlı Teymur qızının sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və buna əsasən əsasən iddiaçıya 16.02.2018-ci il tarixdən 31.12.2020-ci il tarixədək sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa görə 4250.36 manat sosial müavinət və 01.04.2019-cu il tarixdən 31.12.2020-ci il tarixədək olan dövr üçün sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa qulluq edən şəxs kimi 1050 manat Prezident təqaüdü, yəni ümumilikdə 5300.36 manat pul məbləği ödənilmişdir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən ƏƏSMN-nə 22.12.2020-ci il tarixdə göndərişləri “əlillik” altsistemində etibarsız hesab edilmiş şəxslərin siyahısında iddiaçının qızı Şıxalıyeva Nazlı Teymur qızının adı 325-ci nömrədə qeyd olunduğundan, cavabdeh artıq ödənilmiş 5300.36 manat pul məbləğinin geri qaytarılması ilə bağlı iddiaçıya bildiriş və xəbərdarlıq göndərmiş, daha sonra isə mübahisələndirilən qərarı qəbul etmişdir. Bundan əlavə cavabdeh tərəfindən ilk növbədə “4250.36 manat sosial müavinət və 1050 manat Prezident təqaüdünün, cəmi 5300.36 manat pul məbləğinin geri qaytarılması haqqında” inzibati akt – qərar qəbul edilməli, daha sonra isə 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan bildiriş iddiaçıya göndərilməli idi. İddiaçı tərəfindən verilmiş müddət ərzində pul məbləği ödənilmədiyi halda isə xəbərdarlıq edilməli və müəyyən olunmuş icra müddəti bitdikdən sonra isə tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edilməli idi. İİHQ-nun 82.2-ci maddəsində qeyd olunur ki, inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Göründüyü kimi tələbin icraya yönəldilməsi barədə qərarın qəbul edilməsi üçün zəruri şərt - ilkin inzibati aktın mövcudluğudur. Yəni, inzibati orqan əvvəlcə pul məbləğlərinin tutulması barədə inzibati akt qəbul etməli idi. Hazırki iş üzrə isə belə bir inzibati aktın mövcudluğu müəyyən edilmir. Mübahisələndirilən qərarın 2-ci səhifəsində iddiaçıya göndərilmiş 10.03.2021-ci il tarixli **********2 nömrəli bildirişin inzibati akt olması, həmin bildirişdə borcludan 10 gün ərzində pul vəsaitinin tutulmasının tələb edilməsi və verilmiş müddət ərzində ödəmə həyata keçirilmədiyindən tələbin icraya yönəldilməli olduğu qeyd edilmişdir. Məhkəmə cavabdeh inzibati orqanın hüquqi mövqeyini düzgün hesab etmir. Belə ki, iddiaçıya təqdim edilmiş 10.03.2021-ci il tarixli **********2 nömrəli bildirişin inzibati akt kimi qiymətləndirilməsi “İnzibati İcraat Haqqında” Qanunun tələblərinə ziddir və həmin bildirişin icraya yönəldilməsi mümkün deyil. 10.03.2021-ci il tarixli **********2 nömrəli bildirişə inzibati akt kimi qiymət verilməsi üçün o, “İnzibati icraat haqqında” Qanunun 2.0.2ci maddəsi anlamında inzibati akt olmalıdır, yəni həmin anlayışda sadalanan əlamətlərin hamısına eyni zamanda malik olmalıdır. Hazırda mübahisələndirilən 16.05.2021-ci il tarixli Q/98 nömrəli qərarın başlıq hissəsi “iddiaçıdan artıq alınmış sosial müavinətin və təqaüdün geri qaytarılması haqqında” qeyd olunsa da, qərarın məzmunundan və nəticə hissəsindən görünür ki, qərar faktiki olaraq tələbin icraya yönəldilməsi barədədir. İşin hallarından göründüyü kimi, 16.05.2021-ci il tarixli Q/98 nömrəli qərarı qəbul etməyə sövq edən və ondan daha əvvəl qəbul edilməklə həmin qərarın qəbulu üçün hüquqi əsas yaradan, tələbin qeyd olunduğu ilkin inzibati akt qəbul edilməmişdir. Hər hansı bir inzibati aktın qəbul edilməsi üçün isə əlverişli və yetərli bir səbəb olmalıdır. İnzibati hüquqda inzibati orqanın məqsədi ictimai mənafeni təmin etmək olduğundan, qəbul ediləcək inzibati aktların da bu məqsədə uyğun olaraq qanuni səbəbləri olmalıdır. İctimai mənafeni təmin etmək isə inzibati vəzifələrin lazımi şəkildə icrası və ictimai ehtiyacların ödənilməsində ifadə olunur. Beləliklə, səbəbsiz inzibati akt qəbul edilə bilməz. Digər tərəfdən, inzibati aktın əsasını təşkil edən səbəb həm “real mövcud” olmalı, həm də “hüquqa uyğun” olmalıdır. Mübahisələndirilən 16.05.2021-ci il tarixli Q/98 nömrəli qərarın qəbul edilməsinə səbəb olan ilkin inzibati akt mövcud olmadığından məhkəmə kollegiyası hesab edir ki, 16.05.2021-ci il tarixli Q/98 nömrəli qərarın qanunsuz əlverişsiz inzibati aktdır və haqlı olaraq birinci instansiya məhkəməsi tərəfindən ləğv edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə qismən razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol versədə belə lakin inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticənin əsası kimi “İnzibati icraat haqqında” Qanunun 67.1-ci, 67.2-ci, 67.3-cü maddələrinə, həmçinin həmin Qanunun 82.2-ci və 82.3-cü maddələrinə istinad etmişdir. Lakin məhkəməi “İnzibati icraat haqqında” Qanunun 67.1-ci, 67.2-ci, 67.3-cü, 82.2-ci və 82.3-cü maddələrinin hazırkı mübahisəyə tətbiqini zəruri edən şərtləri qərarında göstərməmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci, 67.2-ci, 67.3-cü, 82.2-ci və 82.3-cü maddələrinə istinad edən birinci instansiyası məhkəməsi həmin normalara hazırkı mübahisənin məqsədləri üçün o halda istinad edə bilərdi ki, iddiaçı inzibati orqan hazırkı tələbində nəzərdə tutulan pul məbləğinin (artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin) məhkəmədənkənar qaydada tutulması barədə inzibati akt qəbul etmək səlahiyyətinə malik olsun. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsi aşkar olaraq tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir,lakin razılığı olmadıgı halda məhkəmə qaydasında tutulur. Hazırkı halda, belə razılıq olmadığından, iddiaçı hazırkı məzmunda inzibati orqanın pul tələbinin icraya yönəldilməsi barədə Q\98-16.05.2021-ci il tarixli qərarın ləgv edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Bununla baglı,”İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Plenumunun qərarında qeyd edilmişdir ki,... Ayrı-ayrı müstəsna hallarda dövlət, bələdiyyə və ya ümumi hüququn başqa subyektləri publik hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək üçün məhkəmə qərarının qəbul edilməsini tələb edə bilərlər. Məhkəmələr nəzərə almalıdırlar ki, dövlət, bələdiyyə və ya ümumi hüququn başqa subyektləri tərəfindən belə bir tələblə məhkəməyə müraciət olunması yalnız qanunvericilikdə birbaşa təsbit olunmuş müstəsna hallarda yolveriləndir. Məhkəmələrin dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektin xeyrinə baxacağı işlər həm pul tələblərinin ödənilməsinə dair, həm də borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddialar ola bilər. Məsələn, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən qaldırılmış iddiada məhkəmə cavabdehdən dövlətin xeyrinə artıq ödənilmiş pensiya ilə əlaqədar müəyyən pul məbləğinin tutulmasına dair qərar çıxara bilər. Beləliklə, İPM-in 118-ci maddəsində təsbit edilmiş dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektlərinin xeyrinə icra sözügedən subyektlərin xeyrinə çıxarılmış həm pul tələblərinin icra edilməsi ilə bağlı olan, həm də borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən məhkəmə qərarlarının icrasına dair məsələlərin tənzimlənməsinə yönəlmişdir. Dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektlərinin xeyrinə icra həyata keçirilməli olduğu hallarda İPM-in 118.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi qismində işə baxan hakim və ya məhkəmə icra orqanı sayılır. İPM-in 118.3- 118.5-ci maddələrinə görə hakim icranın və ya ayrı-ayrı icra hərəkətlərinin həyata keçirilməsi məqsədilə, icra orqanı qismində müvafiq inzibati orqanı və ya məhkəmə icraçısını cəlb edə bilər. İcra ilə bağlı borcluya tətbiq edilməli olan mümkün məcburi icra tədbirləri yalnız hakim tərəfindən müəyyən edilir. Hakim icranın məcburi qaydada həyata keçirilməsinə nəzarət etməlidir.Pul tələblərinin icra edilməli olduğu hallarda icra orqanı qismində çıxış edən hakim İPM-in 79.2 və 118-ci, “İnzibati icraat haqqında” Qanunun 82-ci və “İcra haqqında” Qanunun 8-ci maddələrinə əsasən əvvəlcə məhkəmənin qanuni qüvvəyə minmiş qərarını borcluya göndərərək xəbərdarlığın alındığı (elan olunduğu) gündən sonrakı 10 (on) gün müddətində könüllü icranı təmin etmək barədə xəbərdarlıq etməlidir. Xəbərdarlıq müddəti ərzində borclu könüllü olaraq ödəməni həyata keçirmədikdə məhkəmə tərəfindən icra sənədi qanunla nəzərdə tutulmuş qaydada icraya yönəldilməklə müvafiq İcra qurumuna göndərilməlidir. İcra sənədi qanunvericiliyin tələblərinə uyğun verilmişdirsə, icra məmuru icra sənədini məhkəmədən qəbul etməli, icraata başlamalı və pul tələblərinin ödənilməsini təmin etməklə bağlı “İcra haqqında” Qanunda nəzərdə tutulmuş qaydada icra hərəkətlərini həyata keçirməlidir. Bundan sonra isə icra məmuru həyata keçirdiyi icra hərəkətləri və icranın vəziyyəti barədə icra sənədini vermiş məhkəməyə məlumat təqdim etməlidir. İcra məmurunun belə məlumat vermək borcu, o cümlədən məhkəmənin icranın lazımi qaydada həyata keçirilməsinə nəzarət etmək vəzifəsi “İcra haqqında” Qanunun 26-cı və İPM-in 118.5-ci maddələrinin müddəalarından irəli gəlir. Həmin normalara görə icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Hakim icranın məcburi qaydada həyata keçirilməsinə nəzarət etməlidi. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 13.09.2021-ci il tarixli, 2-1(116)-1117/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iş üzrə iddiaçı X5 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin 13 saylı Regional Ərazi filialı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 13.09.2021-ci il tarixli, 2-1(116)-1117/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-456/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-456/2021
22.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver