Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-456/2023 02.08.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “mübahisə predmeti olan xx.xx.2008-ci il tarixdə 2521 nömrəsi ilə Dövlət Kadastr kitabında qeydə alınmış A seriyalı 067436 nömrəli torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsinə əsas olmuş Qax rayon AİK-in xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarının və həmin qərar əsasında tərtib edilmiş sözügedən torpaq sahəsinin plan-ölçüsü sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 5 iyun 2023-cü il tarixli 2-1(116)-693/2023 nömrəli qərardadından iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək “zəbtində olmuş, Qax şəhəri, M.V.Vidadi küçəsi ev 8 ünvanında yerləşən 900,03 kv.m torpaq sahəsi ilə bağlı X5 və mərhum həyat yoldaşı X2 adına verilmiş və X32 kitabında 16 sentyabr 2008-ci il tarixdə 2521 nömrəsi ilə qeydə alınmış A seriyalı, 067436 nömrəli torpaq torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi barədə qərar qəbul edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-693/2023 nömrəli qərardadı ilə X13 və Orucova (Məmmədzadə) Samirə Mahir qızı üçüncü şəxs qismində inzibati məhkəmə icraatında zəruri cəlb edilmişlər.
3. İddiaçıların vəkili (nümayəndəsi) xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək, mübahisə predmeti olan xx.xx.2008-ci il tarixdə 2521 nömrəsi ilə Dövlət Kadastr kitabında qeydə alınmış A seriyalı 067436 nömrəli torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsinə əsas olmuş Qax rayon AİK-in xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarının və həmin qərar əsasında tərtib edilmiş sözügedən torpaq sahəsinin plan-ölçüsü sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-693/2023 nömrəli qərardadı ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
5. İddia ərizəsi bununla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasında Torpaq İslahatları aparılması ilə bağlı 16 iyul 1996-cı il tarixdə Torpaq İslahatları haqqında Azərbaycan Respublikasının qanunu imzalanmış və həmin qanun 02 avqust 1996-cı il tarixdə qüvvəyə minmişdir. Həmin Qanunun tələblərinə əsasən müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqların bələdiyyə mülkiyyətinə verilməsi, bələdiyyə mülkiyyətinə verilən torpaqlara ümumi istifadədə olan torpaqların, fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqların və ehtiyat fondu torpaqların daxil olduğu, bələdiyyənin ehtiyat fondu torpaqlarına yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqların, hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqların və ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqların aid edildiyi, həmçinin, bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələrin həyata keçirəcəyi müəyyən edilmişdir.
6. Həmin Qanuna əsasən Azərbaycan Respublikasında Torpaq İslahatları aparılarkən hər bir kənd İstehsal Kooperativinin istifadəsində olan torpaqların islahatı haqqında həmin kəndin Yerli İslahat komissiyasının müvafiq iclas qərarına əsasən həmin kənd üzrə neçə ailədən ibarət neçə nəfər şəxsin torpaq payı almaq hüququ subyektlərinin siyahısı təsdiq edilməli idi. Bundan sonra müvafiq şəhər İcra Hakimiyyəti Başçısının həmin İnzibati Ərazi Nümayəndəliyi tərəfindən həmin İslahat Kooperativində torpaq islahatı ilə əlaqədar həmin ərazidə yaşayan, pasport qeydiyyatında duran və torpaq payı almaq hüququ olan vətəndaşların siyahısı tərtib edilməli və müvafiq şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən həmin siyahı təsdiq edilməli idi.
7. Eynilə də bu proseslər Qax şəhərində yaşayan şəxslərə, o cümlədən, ailə üzvlərinə də şamil edilməli idi. Lakin, həmin vaxt işləyən vəzifəli şəxslərin buraxdıqları texniki səhvlər nəticəsində onun daimi zəbtində olan torpaq sahəsi ona pay torpaq sahəsi kimi ölçülməmişdir.
8. Belə ki, Qax rayonunda aparılan torpaq islahatı zamanı Aqrar İslahat Komissiyasının müvafiq qərarına əsasən kolxoz təsərrüfatı dövründə sakinlərin daimi zəbtində olan torpaq sahələri onlara pay torpaq sahəsi kimi ölçülməklə, kəsrdə qalan pay torpağını digər massiv sahədən tamamlanması qeyd olumuşdur. Buna baxmayaraq, islahatda ölçmə işləri aparan mütəxəssislər tərəfindən bir çox sakinlərin daimi istifadəsində olan zəbt torpaqları onların texniki səhvi ucbatından kənar şəxslərə pay torpaq sahəsi kimi ölçülərək verilmiş və həmin torpaq sahəsinə kadastr sənədi işlənmişdir. Nəticədə sakinlər arasında böyük narazılıqlar və münaqişələr yaranmışdır.
9. Yuxarıda qeyd olunduğu kimi belə sakinlərdən biri də o, və ailə üzvləri olmuşdur. Onların ünvan 1 ünvanında uzun illər istifadəsində olan 900,03 k.m torpaq sahəsi vardır. Həmin torpaq sahəsindən bu gün də onlar istifadə edirlər. Lakin, sonradan məlum olmuşdur ki, qeyd edilən torpaq sahəsi onların öz zəbti kimi onun və ailə üzvlərinə ölçülməmiş, həmin torpaq sahəsi ilə bağlı mərhum X6 X32 kitabında 16 sentyabr 2008- ci il tarixdə 2521 nömrəli ilə qeydə alınmış A seriyalı, 067436 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi verilməklə onun və ailə üzvlərinin adına həmin torpaq sahəsinə kadastr sənədi işlənmişdir. X1 Mahir Nəcbəddin oğlunun həyat yoldaşıdır. Mübahisə pedmeti olan torpaq sahəsindən öz ailəsi ilə birlikdə istifadə edirlər. Həmçinin, ailəsinin istifadəsində olan həmin torpaq sahəsinə görə bu günədək bələdiyyədə hesablanmış torpaq vergisi də onlar tam şəkildə ödəmişdir. Lakin, qarşı tərəfin adına sənəd işlənilmişdir. Bu isə ədalətsizliyə və nəticədə qanunsuzluğa gətirib çıxarır. Çünki, onların hüquqlarının pozulmasına səbəb həmin vaxt işləyən vəzifəli şəxslərin buraxdıqları texniki səhvlər olmuşdur və qarşı tərəf də bununla bağlı bu qədər müddət ərzində heç bir tədbir görməmişdir. Bu məsələnin həlli ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir. Buna görə də hazırkı mübahisə yaranmışdır.
10. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - X29 kitabında 16 sentyabr 2008-ci il tarixdə 2521 nömrə ilə X3 adına uçota alınmış A seriyalı 067436 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin qanunda nəzərdə tutulmuş səlahiyyətlərinə aid deyil.
11. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.4-cü maddəsinə əsasən qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır.
12. Bundan başqa, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktların əsas hesab olunduğu nəzərdə tutulduğundan Qax rayon Aqrar İslahatı Komissiyasının 30 dekabr 2007-ci il tarixli 02 nömrəli qərarı hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biridir.
13. Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 10.2-ci maddəsində hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına təqdim edilməli sənədlər siyahısında hüquqların dövlət qeydiyyatı üçün həmin qanunun 8ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri və torpaq sahəsinin planı və ölçüsü əksini tapmışdır.
14. Odur ki, Qax rayon Aqrar İslahatı Komissiyasının 30 dekabr 2007-ci il tarixli 02 nömrəli qərarı ilə X10, X20, X13, X8 Qax şəhərindən ayrılmış 900,03 kv.metr həyətyanı torpaq sahəsi ilə bağlı 16 sentyabr 2008-ci il tarixdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsində tərtib edilmiş A seriyalı 067436 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi və iddiaçıların zəbtlə faktiki istifadələrində olan həmin torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarış verilməsi üçün heç bir əsas yoxdur.
15. Bundan əlavə, sözügedən təsərrüfatda pay torpaq sahəsinin norması, zəbt torpaq sahəsinin pay torpağından hansı əmsalla çıxılması barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsində məlumat mövcud deyil, habelə ərizəçilər tərəfindən də ərizəyə belə bir məlumatın əks olunduğu sənəd əlavə edilməmişdir.
16. Yuxarıda qeyd olunanlara əsasən, ünvan 2 ünvanında yerləşən 900,03 kv.metr torpaq sahəsi ilə bağlı X3 adına tərtib edilmiş A 067436 seriya və nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi və iddiaçıların zəbtlə faktiki istifadələrində olan həmin torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarış verilməsi mümkün olmamışdır.
17. Birinci instansiya məhkəməsinin iclasında iddiaçılar və iddiaçıların nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişlər.
18. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.
19. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxslər iddia ərizəsinə etiraz edərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişlər. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
20. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 5 iyun 2023-cü il tarixli 2- 1(116)-693/2023 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır.
21. İddiaçılar İddiaçı1 və İddiaçı2 həmin qərardaddan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
22. İddiaçılar apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış və Şəki İnzibati Məhkəməsinin 5 iyun 2023-cü il tarixli 2-1(116)-693/2023 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər.
TƏRƏFLƏRİN İZAHATLARİ
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 5 iyun 2023-cü il tarixli 2-1(116)-693/2023 nömrəli qərardadının ləğv edilməsini və işin məhkəmə baxışına qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etdilər.
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X17 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 5 iyun 2023-cü il tarixli 2-1(116)-693/2023 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X13 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 5 iyun 2023-cü il tarixli 2- 1(116)-693/2023 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
26. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər üçüncü şəxs Orucova (Məmmədzadə) Samirə Mahir qızı məhkəmə iclasına gəlməmişdir.
27. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
28. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - AZ-İİ 284344 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X20 xx.xx.2012ci il tarixdə vəfat etmişdir. - AZ-İİ 306513 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2005ci il tarixdə vəfat etmişdir. - A 067436 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, sözügedən sənəd Qax rayon Aqrar İslahatı Komissiyasının xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarına əsasən Qax şəhərində yerləşən 900,03 kv.m torpaq sahəsi ilə bağlı X4 adına tərtib edilmişdir. - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubundan və ona əlavə olunmuş Qax şəhəri üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısından X10 və onun ailə üzvlərinin adları qeyd olunmuş hissədən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, arxivdə Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli, 02 nömrəli Qərarı, Qax şəhəri üzrə mövcud subyektlərin siyahılarında İddiaçı1 adı, eləcə də adına Şəhadətnamə, Plan-ölçü və Dövlət Aktının tərtib edilməsinə dair məlumat aşkar edilməmişdir. Təqdim edilmiş siyahıda X11, X20, X13 və X9 adları qeyd edilmiş, qanuni istifadədə olan həyətyanı torpaq sahəsi 0,09 ha göstərilmişdir. - Qax şəhər İƏD-si üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş 1995-2010-cu illərə aid ünvan 3 ünvanına dair uçot vərəqələrindən görünür ki, ilkin uçot qeydlərdinə X15 təsərrüfat başçısı, X20, X10, X12, X18 və X16 təsərrüfat üzvləri olaraq qeyd edilmişlər. Sonrakı qeydlərdə isə təsərrüfat başçısı - X20, təsərrüfatda qeydiyyatda olanlar isə X18, X12, X21, X22 və X28 qeyd edilmişdir. - Qax rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş Qax rayon Aqrar İslahatı Komissiyasının xx.xx.2007-ci il tarixli 02 nömrəli iclas protokolundan görünür ki, DT və XK Qax rayon şöbəsinin xx.xx.2007-ci il tarixli təklifi nəzərə alınmış, Qax şəhərinin həyətyanı torpaq sahələrinin planı və ilkin sənədləri təsdiq edilmiş, müvafiq sənədlərə uyğun olaraq kadastr planının işlənməsinə köməklik göstərmək DT və XK-dən xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
29. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
30. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X7 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir.
31. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
32. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
34. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.
35. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyət zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.
36. İddia ərizəsindən görünür ki, iddiaçının cavabdeh orqana qarşı tələbi iki hissədən ibarətdir:
1. Qax rayon AİK-in xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarının ləğvi;
2. Həmin qərar əsasında tərtib edilmiş A seriyalı 067436 nömrəli “torpaq sahəsinin plan-ölçüsü” sənədinin ləğvi.
37. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli fərmanına əsasən, "X35 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X7 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir. Odur ki, Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007ci il tarixli 02 nömrəli qərarının ləğvi ilə bağlı tələbə münasibətdə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsi iddia tələbinə cavab verməli inzibati orqan deyildir. Yəni, iddiaçı cavabdeh orqandan onun səlahiyyətinə aid olmayan məsələnin həllini tələb edir.
38. Məhkəmə kollegiyası qeyd edir ki, Qax rayon AİK-in xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarının gündəliyində olan məsələlər üzrə 6-cı bənddə Qax şəhərinin kadastr planının işlənməsi qeyd edilmiş və həmin məsələyə baxılaraq Qax şəhərinin həyətyanı torpaq sahələrinin planı və ilkin sənədləri təsdiq edilməsi və digər məsələlər qərara alınmış, Qax rayon AİK-nın sədri tərəfindən imzalanaraq möhürlə təsdiq edilmişdir.
39. Nəzərə alınmalıdır ki, Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarı inzibati aktdır və həmin qərarın mübahisələndirilməsi tələblərinə iddia müddəti şamil olunur. Bu zaman müddətlərin tətbiqi məsələsinə Aqrar İslahat Komissiyasının qərarının qəbul olunduğu zaman qüvvədə olan hüquq normalarına əsasən hüquqi qiymət verilməlidir.
40. Mübahisələndirilən Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli 02 qərarının qəbul olunduğu zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər.
41. Göründüyü kimi inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün (inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur.
42. İddiaçılar sözügedən qərardan məlumatsız olduqlarını bildirsələr də, iddiaçılar faktiki istifadələrində olan torpaq sahəsinin hüquqi taleyi ilə bağlı tərtib edilmiş sənədlərdən və həmin sənədlərin tərtib edilməsinə əsas olmuş digər sənədlərin məzmunundan mübahisəli daşınmaz əmlaka 2007-ci ildən faktiki sahibliyi həyata keçirdiklərinə görə məlumatları olmalı idi. Belə ki, iddiaçılar faktiki olaraq 2007-ci ildən sonra üçüncü şəxslərin həmin ünvanda yaşamadıqlarını və öz zəbtlərində olduğunu bildirirlər. Belə olan halda faktiki istifadə etdikləri torpaq sahəsinə dair tərtib edilmiş sənədlərin məzmunu ilə iddiaçıların 16 il ərzində maraqlanmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçıların hüquq və azadlığının pozulduğunu bilməli olduğu tarix onların həmin torpaq sahəsinə faktiki sahibliyi həyata keçirdiyi tarix hesab olunmalı və iddia müddətinin axımı da həmin vaxtdan hesablanmalıdır.
43. Mülki Prosessual Məcəllənin qeyd olunan normaları Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi qüvvəyə mindiyi 01 yanvar 2011-ci il tarixdən qüvvədən düşmüş və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, İnzibati-Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir.
44. “Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarı əsasında tərtib edilmiş A seriyalı 067436 nömrəli “torpaq sahəsinin plan-ölçüsü” sənədinin ləğvi” tələbinə münasibətdə isə məhkəmə qeyd edir ki, daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydə alınarkən təqdim edilməli olan plan və ölçüdə həmin əmlakın yerləşməsi koordinatları və qonşu torpaq sahələri qeyd edilir. Yəni, istinad edilmiş sənədin əsas mahiyyəti – torpaq sahəsinin ölçüsünün və yerləşməsinin müəyyən edilməsi ilə bağlıdır. Həmin sənəd özü-özlüyündə torpaq sahəsi üzərində hüququn yaranamasını təsdiq edən sənəd hesab olunmadığından hüquqmüəyyənedici sənəd qismində inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilə bilməz.
45. İddiaçılar A seriyalı 067436 nömrəli “torpaq sahəsinin plan-ölçüsü” sənədinin ləğvi” tələbini irəli sürülməsini həmin sənəddə hüquq subyekti olaraq X4 adının qeyd edilməsi ilə əsaslandırırlar.
46. Sözügedən sənəddə hüquq subyekti olaraq X4 adı qeyd edilsə də, nəzərə alınmalıdır ki, Mahir Məmmədovun adının plan-ölçü sənədində qeyd edilməsi həmin torpaq sahəsinin ancaq onun mülkiyyətində olması kimi başa düşülməməlidir. İddia olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün hüquqi əsas Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarıdır. Məhz həmin qərar əsasında həyətyanı torpaq sahələrinin planı və ilkin sənədləri təsdiq edilmişdir (təsdiq edilmiş subyektlər siyahısında X11, X20, X13 və X9 adları və torpaq sahəsinin ölçüsü öz əksini tapmışdır).
47. Sözügedən plan-ölçü sənədinin Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarı əsasında tərtib edilməsi məhkəmə tərəfindən işdə olan subyektlər siyahısı və 1995-2010-cu illərə aid ünvan 3 ünvanına dair uçot vərəqələri əsasında yoxlanılmış və müəyyən edilmişdir ki, həqiqətən də sözügedən ünvan üzrə təsərrüfat üzvləri Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş subyektlər siyahısında adları qeyd edilmiş şəxslər olmuş və cavabdeh orqan Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarına istinad etməklə ümumibirgə mülkiyyətçilərdən biri olan Mahir Məmmədovun adını plan-ölçü sənədinə daxil etmişdir.
48. Odur ki, A seriyalı 067436 nömrəli “torpaq sahəsinin plan-ölçüsü” sənədinin verilməsinə əsas olmuş Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarı qüvvədə olduğundan həmin qərar ləğv edilmədən onun əsasında verilmiş sənədlərin ləğvi məsələsinə mahiyyəti üzrə baxılması mümkün deyildir.
49. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi xx.xx.2023 və xx.xx.2023-cü il tarixli hüquqi yardım məktublarında iddiaçılara izah edilmiş, həmçinin inzibati işin şifahi məhkəmə baxışı iclasında onların iştirakı ilə hüquqi müzakirə aparılaraq iddiaçıların dinlənilmə hüququ təmin edilmişdir.
50. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.
51. Beləliklə kollegiya hesab edir ki, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur.
52. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.
53. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 5 iyun 2023-cü il tarixli 2-1(116)- 693/2023nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 5 iyun 2023-cü il tarixli 2-1(116)-693/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.