Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-456/2025 14.08.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X3 ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “01 aprel 2024-cü il tarixindən ünvanlı sosial yardım təyin edilərək 31 oktyabr 2024-cü il tarixinədək olan müddət ərzində ünvanlı dövlət sosial yardımın məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin 29 aprel 2025-ci il tarixli 2-1(116)-893/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları:
1. İddiaçı və onun ailə üzvləri Azərbaycan Respublikasının vətəndaşlarıdırlar. İddiaçının ailəsi 6 nəfərdən ibarətdir, onlardan 4-ü yetkinlik yaşına çatmamışdır.
2. İddiaçı, ailəsi tərəfindən müvəkkil edilmiş şəxs kimi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək ünvanlı sosial yardımın təyin edilməsini xahiş etmişdir.
3. İddiaçının xx.xx.2023-cü il tarixli müraciəti - Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təqdim edilən məlumata əsasən ailə üzvü X7 xx.xx.2018-ci il tarixdən vergi ödəyicisi kimi uçota alınsa da, gəliri barədə məlumatın təqdim edilməməsi səbəbindən, xx.xx.2024-cü il tarixli müraciəti maddi-məişət şəraitinin yoxlaması nəticəsində ailənin gəlirlərinin düzgün göstərilməməsi əvvəlki evliliklərinin qətnamələrinin təqdim edilməməsi səbəbindən, xx.xx.2024-cü il tarixli müraciəti maddi-məişət şəraitinin yoxlaması nəticəsində ailə tərkibinin düzgün göstərilməməsi səbəbindən, 08 aprel 2024-cü il tarixli müraciəti ailə tərkibinin düzgün göstərilməməsi, ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi səbəbindən, 31 iyul 2024-cü il tarixli müraciəti “ərizəbəyannamə”də göstərilməyən ailə üzvünün (X2) aşkarlanması səbəbindən təmin edilməmişdir.
4. Cavabdeh orqan iddiaçının xx.xx.2024-cü il tarixli müraciəti əsasında ona xx.xx.2024-cü ildən ÜDSY təyin olunması barədə qərar qəbul etmişdir.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
5. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş qanunsuz qərarının ləğv edilməsi və ünvanlı dövlət sosial yardımı haqqında Azərbaycan Respublikası qanununun 3-cü və 8-ci maddələrinə əsasən hər ay 840 manat olmaqla müraciət etdiyi 01 dekabr 2023-cü il tarixindən ünvanlı dövlət sosial yardımın aztəminatlı ailəyə təyin olunaraq 1 (bir) ilin məbləğinin birdəfəlik ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddiaçı 29 aprel 2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “01 aprel 2024-cü il tarixindən ünvanlı sosial yardım təyin edilərək 31 oktyabr 2024-cü il tarixinədək olan müddət ərzində ünvanlı sosial yardımın məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə iddia ərizəsinin dəqiqləşdirilməsi icraata qəbul edilmişdir.
7. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı ünvanlı sosial yardım almaq məqsədi ilə "Ərizə bəyannamə" ilə cavabdeh inzibati orqana müraciət etmiş, ona ünvanlı dövlət sosial yardımının təyinatından imtina edilməsi haqqında qərar qəbul etmişdir. İddiaçı cavabdeh sosial yardımın təyinatından imtina edilməsi haqqında qərar qəbul etdiyinə görə, sosial yardım almaq hüququndan aztəminatlı ailəsini qanunsuz məhrum etdiyini hesab edərək məhkəməyə müraciət etmişdir.
8. Cavabdeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, işin faktiki hallarına əsasən İddiaçı VEMTAS elektron sistemi vasitəsilə ünvanlı dövlət sosial yardımının (bundan sonra - ÜDSY) təyin edilməsi üçün aşağıda qeyd olunan tarixlərdə müraciət etmiş və müvafiq olaraq cavabdeh tərətindən imtina edilmişdir: - İddiaçı (ailə təmsilçisi) tərəfindən ÜDSY təyin edilməsi üçün VEMTAS elektron sistemi vasitəsi ilə xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edilmiş, Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təqdim edilən məlumata əsasən ailə üzvü X7 xx.xx.2018-ci il tarixdən vergi ödəyicisi kimi uçota alınsa da, gəliri barədə məlumatın təqdim edilməməsi səbəbindən imtina edilmişdir. - İddiaçı tərəfindən ÜDSY təyin edilməsi üçün VEMTAS elektron sistemi vasitəsi ilə xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edilmiş, ailənin gəlirlərinin düzgün göstərilməməsi (ətraflı izah: əvvəlki evliliklərinin qətnamələrinin təqdim edilməməsi) səbəbindən imtina edilmişdir. - İddiaçı tərəfindən ÜDSY təyin edilməsi üçün VEMTAS elektron sistemi vasitəsi ilə xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edilmiş, ailə tərkibinin düzgün göstərilməməsi (ətraflı izah: təmsilçinin baldızı ilə övladının ailə ilə birgə yaşamasının müəyyən edilməsi) səbəbindən imtina edilmişdir. Bundan sonra iddiaçı yenidən sosial yardım üçün xx.xx.2024-cü il tarixdə müraciət etmiş, ona maddi-məişət şəraitinin yoxlaması nəticəsində ailə tərkibinin düzgün göstərilməməsi səbəbindən imtina edilmişdir. Təmsilçi İddiaçı tərəfindən “Ərizəbəyənnamə”də “Ailə üzvləri barədə məlumatlar” bölməsində ailə üzvləri olaraq aşağıdakı şəxslər qeyd edilmişdir: 1) X7 (əri) 2) İddiaçı (təmsilçi) 3) X4 (qızı) 4) X6 (qızı) 5) X5 (qızı) 6) X8 (oğlu). Lakin “Ərizə-bəyənnamə”də qeyd edilən ünvan 1 ünvanında Fondun mərkəzi filialının əməkdaşlarının ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması zamanı həmin mənzildə ailə üzvlərindən başqa digər şəxslərin - təmsilçinin baldızı və övladı da olduğu müəyyən edilmişdir. Ailənin maddi məişət şəraitinin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə aparılmış müayinənin qeydə alındığı videogörüntülərdə təmsilçinin baldızı və övladı ünvanda yaşadığı və təmsilçi və onun ailə üzvləri ilə birgə təsərrüfat aparıldığı aydın görünür. Qeyd edilənlər xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024 tarixli müayinə zamanı tərtib edilən aktlarında öz əksini tapmışdır. Həmçinin aktda ünvanda ailə üzvlərinin sayından çox yataq sayının mövcud olduğu qeyd edilmişdir, bu da videogörüntülərdə aydın şəkildə görünür. Eyni zamanda təmsilçinin baldızı və övladının ünvanda hər müayinə zamanı aşkar edilməsi faktı təmsilçinin baldızı və övladının da, həmin ünvanda ailə ilə birlikdə yaşaması və birgə təsərrüfat aparmasını təsdiq edir. Bütün bunlar müayinə aktlarında öz əksini tapmışdır.
9. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-893/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə (hakim Fəxri Hacızadə) iddia tələbi təmin edilmiş, cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə İddiaçı 01 aprel 2024-cü il tarixindən ünvanlı sosial yardım təyin edilərək, 31 oktyabr 2024-cü il tarixinədək olan ünvanlı sosial yardım məbləğinin birdəfəlik ödənilməsi öhdəliyi qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı 01 aprel 2024-cü il tarixindən ünvanlı sosial yardım təyin edilərək 31 oktyabr 2024-cü il tarixinədək olan müddət ərzində ünvanlı sosial yardımın məbləğinin birdəfəlik ödənilməsindən ibarətdir. İşin hallarından görünür ki, iddiaçı tərəfindən 2024-cü ilin fevral ayında ünvanlı sosial yardımın təyin edilməsi ilə bağlı cavabdehə müraciət edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli imtinaya dair bildiriş təqdim edilmişdir. Bildirişdə imtinanın iki əsası qeyd olunmuşdur: ailə tərkibinin düzgün göstərilməməsi, ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi. Bu imtinadan sonra iddiaçı tərəfindən 08 aprel 2024-cü il tarixli ərizə-bəyənnamə ilə cavabdehə müraciət edilmiş, cavabdeh tərəfindən maddi-məişət şəraitinin yoxlanılmasından sonra tələbin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh tərəfindən maddi-məişət şəraitinin yoxlanılmasından sonra tələbin təmin edilməsindən imtina edilmişdir. Daha sonra iddiaçının müraciəti əsasında ona xx.xx.2024cü il tarixindən başlayaraq 1 il müddətinə Ünvanlı sosial yardım təyin edilmişdir. İddiaçının məhkəməyə iddia ərizəsi ilə müraciət edənədək olan sonuncu imtinası 8 aprel 2024-cü il tarixində olmuşdur. 31 iyul 2024-cü il tarixli müraciəti isə iddia ərizəsi təqdim edilənək yekunlaşmamışdır. Cavabdeh orqanın iddiaya qarşı əsas dəlili - iddiaçının ünvanda yaşamaması ilə bağlıdır. Lakin iddiaçının yaşayış ünvanında cavabdeh tərəfindən müxtəlif vaxtlarda maddi-məişət şəraitinin yoxlanılması həyat keçirilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının ərizədə qeyd olunan ünvanda yaşamaması ilə bağlı cavabdeh orqanın imtinası əsassız olduğundan iddiaçı, hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
11. Cavabdeh orqanın nümayəndəsi apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) apellyasiya şikayətinin dəlilləri
12. apellyasiya şikayətinin dəlillərinə görə, İddiaçı ünvanlı dövlət sosial yardımın (bundan sonra ÜDSY) təyin edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli, **********64201- 197 nömrəli ərizə ilə müraciət etmişdir. Daxil olan müraciətə aşağıdakı əsasla imtina verilmişdir: Ailənin “ərizə-bəyannamə”də göstərdiyi ünvanda yaşamaması İlkin olaraq xx.xx.2024-cü il tarixdə ailənin maddi-məişət şəraitinin müayinəsi zamanı tərtib edilmiş yoxlama aktına əsasən evdə heç kimin olmadığı aşkarlandığından təmsilçi ilə əlaqə saxlanılmışdır. Təmsilçi mağazadan ünvana yaxınlaşdıqda maddi-məişət şəraitinin müayinəsi həyata keçirilməsi mümkün olmuşdur. Ötən müayinə zamanı evdə olan şəxsin baldızı olduğu, qonaq gəldiyi və Ağdaş rayonunda yaşadığı bildirilmişdir. Müayinə zamanı ünvanda ailəyə məxsus əşyaların azlıq təşkil etdiyi və yaşayış əlamətinin zəif olduğu müəyyən edilmişdir. Ünvanda 6 nəfərdən ibarət ailəyə uyğun maddi-məişət şəraitinin olmaması, eyni zamanda ünvanda yaşamama şübhəsi ilə həmin ünvana xx.xx.2024-cü il tarixdə maddi-məişət yoxlamasının təkrar keçirilməsi məqsədilə səhər saatlarında ünvana gedilmiş və ailə üzvlərinin evdə olmadığı müəyyən edilmişdir. Buna nəzərən bildiririk ki, qanunvericiliyin birbaşa tələbləri daxilində mənzildə yoxlamanı həyata keçirən əməkdaşlar yoxlamanı tam olaraq həyata keçirməlidirlər. İstənilən halda yoxlamanın tam olaraq həyata keçirilməsinə şərait yaradılmaması və ya maneçilik törədilməsi imtina əsasıdır. Qeyd edilənlərlə bağlı bildiririk ki, ünvanlı dövlət sosial yardım üçün müraciət etmiş hər bir ailənin mənzilində birinci mərhələ olan VEMTAS-ı keçdikdən sonra mütləq şəkildə maddi-məişət şəraitinin yoxlanılması həyata keçirilir. Beləliklə təmsilçinin qeyd olunan ünvanda yaşamadığı müəyyən edildikdə və ya mənzildə maddi-məişət şəraitinin yoxlanılmasına şərait yaradılmadıqda ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina edilir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(102)- 584/2024 nömrəli qərarının 48-ci bəndində qeyd olunmuşdur ki, iddiaçı cavabdehə dəfələrlə müraciət etsə də, hər müraciətə mənfi cavab verilməsinə baxmayaraq, inzibati orqanın həmin hərəkətini növbəti müraciətinədək mübahisələndirməmişsə, dolayısı ilə cavabdehin imtinası ilə razılaşmışdır. Həmçinin məhkəmənin 07 ay (01 aprel 2024 - 31 oktyabr 2024) müddətinə ünvanlı dövlət sosial yardım təyin edilməsi ilə bağlı mövqeyi ilə razılaşmayaraq bildiririk ki, ünvanlı dövlət sosial yardım qeyd olunan qanunvericilik normalarının tələblərinə və Ali Məhkəmənin qərarına müvafiq olaraq bir il müddətinə təyin edilməli olduğu halda (yəni xx.xx.2024-xx.xx.2025) İddiaçı müraciət etdiyi tarixdən 07 ay müddətinə təyin edilməsi qanunsuz və əsassız qərar qəbul edilməsinə gətirib çıxarmışdır. Eyni zamanda bildiririk ki, İddiaçı xx.xx.2024-cü il tarixdən cavabdeh inziabti orqan tərəfindən 01 il müddətinə 660,96 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Bu hala məhkəmə tərəfindən hüquqi qiymət vermədən yalnız formal cəhətdən iddia tələbini təmin etməklə qərar qəbul etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 may 2024-cü il tarixli 2-1(102)- 1383/2024 nömrəli qərarında qeyd edilir ki, iddiaçıya cavabdeh tərəfindən ilkin olaraq məbləğində ünvanlı sosial yardım təyin edilməmiş və iddiaçının ikinci müraciəti əsasında VEMTAS sisteminə daxil edilmiş düzgün məlumatlar əsasında iddiaçıya ailə üzvlərini sayı nəzərə alınmaqla 755,07 manat məbləğində ünvanlı sosial yardım təyin edilmişdir (mart 2023-cü il - fevral 2024-cü il tarixləri arasında). Yəni apellyasiya məhkəməsi iddiaçıya 1 (bir) il 2 (iki) ay müddətinə ünvanlı sosial yardımın ödənilməsini cavabdehin üzərinə qoymuşdur. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ünvanlı sosial yardımın 14 (on dörd) ay ərzində ona ödənilməsini tələb etməklə bağlı subyektiv hüququ yoxdur, belə ki, bu subyektiv hüquq qanunla 12 (on iki) ayla, yəni bir illə məhdudlaşdırılmışdır. Belə ki, Ünvanlı dövlət sosial yardımı haqqında Azərbaycan Respublikasının qanununun 8-ci maddəsinə əsasən, sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Qanunvericiliyin sözügedən tələbindən də göründüyü kimi sosial yardımbir müraciət əsasında yalnız bir il müddətinə təyin oluna bilər. Hazırkı mübahisə üzrə iddiaçının tələbi isə yardımın təyinatdan əvvəlki iki ay üzrə ödənilməsidir. Halbuki iddiaçıya xx.xx.2023-cü il tarixli, **********8402 nömrəli müraciəti əsasında xx.xx.2023-cü ildən (bir il müddətinə) artıq ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
13. İddiaçı apellyasiya şikayətinə qarşı etirazını analoji mübahisələr üzrə məhkəmə aktları və mübahisənin mahiyyətinə aidiyyəti olmayan formal mülahizələrlə əsaslandırmışdır.
tərəflərin izahatları
14. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi Şəki İnzibati Məhkəməsinin 29 aprel 2025-ci il tarixli 2-1(116)-893/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı, Şəki İnzibati Məhkəməsinin 29 aprel 2025-ci il tarixli 2-1(116)-893/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. ... V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.
16. “İnzibati icraat haqqında” Qanun: Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. ... Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
17. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanun Maddə 3. Sosial yardım almaq hüququ olan ailələr Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə 8. Sosial yardımın təyin olunması müddəti 8.1. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. ...
18. “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları
3. Sosial yardımın təyin olunması və təyin olunmasından imtina edilməsi 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X1 struktur bölməsi və ya Mərkəz tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. 3.7-1. Bölmə və ya Mərkəzin sosial yardım üzrə işçisi tərəfindən ailənin maddiməişət şəraitinin müayinəsi aparılarkən aşağıdakı halların aşkar edilməsi səbəbindən sosial yardımın təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarıldıqda və həmin ailənin növbəti müraciəti zamanı bu hallar aradan qaldırılmadıqda maddi-məişət şəraitinin müayinəsi aparılmadan ailəyə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır: 3.7-1.1. ailənin “Ərizə-bəyannamə”də göstərdiyi ünvan düzgün olmadıqda; 3.7-1.2. ailənin əmlakı barədə məlumat düzgün göstərilmədikdə.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.
20. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Cavabdeh orqan onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi iddiaçıya ünvanlı dövlət sosial yardımının təyin edilməsi ilə bağlı düzgün nəticəyə gəlsə də, təyinatın aparılması tarixinin xx.xx.2024-cü ildən müəyyən edilməsində səhvə yol vermişdir. Odur ki, qərar həmin hissədə ləğv edilməlidir.
23. Nəzərə almaq lazımdır ki, ünvanlı sosial yardımın təyin edilməsi ilə bağlı edilmiş müraciət əsasında cavabdeh tərəfindən inzibati icraat başlanılır. Həmin icraat isə inzibati icraatla bağlı əsas qaydaları müəyyən edən “İnzibati icraat haqqında” Qanunun və sahəvi tənzimləmələri əks etdirən “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın tələbləri birgə nəzərə alınmaqla aparılmalıdır.
24. Sahəvi qanunvericilik aktı kimi çıxış edən “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalar”ında isə inzibati orqanın iki qərar qəbul etmək imkanı təsbit edilmişdir sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə.
25. Beləliklə, cavabdeh iddiaçının ona edilmiş müraciəti əsasında yalnız sözügedən qərarlardan birini qəbul etmək imkanına malikdir. Belə qərarı o, icraat gedişində aparılmış araşdırmanın nəticəsi olaraq qəbul etməlidir. Həmin qərar isə yekun nəticəyə gəlmək imkanı verən iş üzrə əhəmiyyətli bütün halların araşdırılmasının sonunda çıxarılmalıdır. Bu zaman cavabdeh xidməti vəzifəsinə görə iş üzrə əhəmiyyət kəsb edən bütün halları, o cümlədən iddiaçının xeyrinə olan halları araşdırmalı, zərurət olduqda iddiaçıya hüquqi yardım etməlidir.
26. Hazırkı iş üzrə apellyasiya şikayətinin ümumiləşmiş dəlilləri ondan ibarətdir ki, iddiaçı, ünvanlı dövlət sosial yardımın (bundan sonra ÜDSY) təyin edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli, **********64201- 197 nömrəli ərizə ilə müraciət etmiş, cavabdeh orqan tərəfindən ailənin “ərizə-bəyannamə”də göstərdiyi ünvanda yaşamaması əsası ilə imtina cavabı verilmişdir. Birinci instansiya məhkəməsi ünvanlı dövlət sosial yardım üçün müraciəti əsassız olaraq qısamüddətli (7 ay) təyin etmiş, halbuki qanunvericiliyə əsasən yardım bir il müddətinə verilməlidir. Məhkəmə cavabdeh orqanın xx.xx.2024-dən etibarən təkrarən bir illik yardım təyin etməsinə hüquqi qiymət verməmişdir. Cavabdeh orqan Ali Məhkəmənin qəbul etdiyi analoji işlər üzrə məhkəmə təcrübəsinə istinad etməklə vurğulamışdır ki, yardım yalnız bir müraciət əsasında və bir il müddətinə təyin oluna bilər, 12 aydan artıq dövr üzrə tələb qanunla nəzərdə tutulmamışdır.
27. İş materiallarından görünür ki, iddiaçının ÜDSY-nin təyin edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli müraciətinə cavabdeh orqan ailənin “ərizə-bəyannamə”də göstərdiyi ünvanda yaşamaması əsası ilə imtina cavabı vermişdir. Bununla belə iddiaçı inzibati orqanın həmin hərəkətini növbəti müraciətinədək mübahisələndirməmiş, dolayısı ilə cavabdehin imtinası ilə razılaşmışdır.
28. “İnzibati icraat haqqında” Qanunun 64.1, 64.2-ci maddələrinin tələbinə görə inzibati akt, ünvanlandığı şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
29. İddiaçının cavabdeh orqana ÜDSY-nin təyin edilməsi üçün növbəti müraciəti xx.xx.2024-cü il tarixdə olmuş və cavabdeh orqan ailənin “ərizə-bəyannamə”də göstərilməyən ailə üzvünün (X2) aşkarlanması səbəbindən imtina cavabı vermişdir.
30. İddiaçı, məhz həmin müraciətindən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və ilkin olaraq ÜDSY-nin xx.xx.2023-cü il tarixdən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
31. Məhkəmə icraatı zamanı iddiaçı, xx.xx.2025-ci il tarixdə tələbini dəqiqləşdirərək ÜDSY-nin təyin edilməsi tarixini xx.xx.2024-cü il qeyd edilməsini xahiş etsə də, ona sonuncu imtina cavabı xx.xx.2024-cü il tarixli müraciətinə münasibətdə verilmişdir.
32. Odur ki, iddiaçıya ÜDSY-nin təyin edilməsi məsələsinə, məhz onun məhkəmədə iddia qaldırmasınadək etdiyi sonuncu müraciətinə cavabdeh orqan tərəfindən verilmiş imtinanın əsaslı olub-olmaması prizmasından hüquqi qiymət verilməlidir.
33. Cavabdeh orqanın məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi məlumatdan görünür ki, imtina səbəbi - “ərizə-bəyannamə”də göstərilməyən ailə üzvünün (X2) aşkarlanması olmuşdur.
34. Məhkəmə kollegiyası cavabdehin istinad etdiyi “ərizə-bəyannamə”də göstərilməyən ailə üzvünün aşkarlanmasına münasibətdə qeyd edir ki, bu halın mövcudluğu özü-özlüyündə hər zaman imtina qərarının verilməsinə gətirib çıxarmamalıdır. Belə ki, aşkar edilmiş faktın mövcudluğu ünvanlı sosial yardımın təyin edilməsi məqsədi və meyarları nəzərə alınmaqla qiymətləndirilməlidir. Bu fakt o, halda ünvanlı sosial yardımın təyin edilməsindən imtina haqqında qərarın qəbul edilməsinə səbəb ola bilər ki, yoxlama zamanı şəxsin bəyan etdiyindən fərqli halın müəyyən edilməsi yekun olaraq onun qanunvericiliyin müəyyən etdiyi meyarlar baxımından aztəminatlı kimi qəbul edilməməsi nəticəsinə gətirib çıxarsın. Ona görə də, istənilən uyğunsuzluq deyil, yalnız belə nəticələrə səbəb olan uyğunsuzluq imtinanın əsasını təşkil edə bilər. Müvafiq olaraq istinad edilən uyğunsuzluq sözügedən nəticələrə səbəb olmursa, ünvanlı sosial yardımın təyin edilməsindən imtina oluna bilməz.
35. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanun ailəyə belə bir anlayış vermişdir qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər (m.1.0.2).
36. Odur ki, ünvanlı dövlət sosial yardımla bağlı mübahisələrdə məhz bu anlayış əsas götürülməlidir. Belə ki, ailə hesab edilə bilmək üçün digər tələblərlə yanaşı, birgə yaşayan şəxslərin ümumi ev təsərrüfatına malik olmaları, yəni birgə təsərrüfat aparmış olmaları müəyyən olunmalıdır.
37. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2020-ci il 28 avqust tarixli 19/11 №-li Kənd inzibati ərazi dairələrində təsərrüfatbaşına uçotun aparılmasına dair göstərişində Əsas anlayışlar hissəsində ev təsərrüfatına aşağıdakı kimi anlayış verilmişdir: – bir şəxsdən və ya şəxslər qrupundan ibarət institusional vahiddir. Şəxslər qrupu o halda ev təsərrüfatı hesab edilir ki, onlar bir evdə (mənzildə) yaşasınlar, öz gəlir və əmlakını tam və ya qismən birləşdirsinlər və bir sıra mal və xidmətlərin, əsasən də mənzilkommunal xidmətləri və qida məhsullarının istehlakını birgə həyata keçirsinlər.
38. Göründüyü kimi iddiaçının və ailə üzvlərinin yaşayış sahəsində baxış zamanı aşkar edilmiş digər şəxslə ümumi ev təsərrüfatına malik olması üçün yuxarıda qeyd edilən bütün şərtlər məcmu halda sübuta yetirilmiş olmalıdır. Yəni, sözügedən şəxsin iddiaçı ilə ümumi ev təsərrüfatında olması üçün onların öz gəlir və əmlakını tam və ya qismən birləşdirməsi, qida məhsullarının istehlakını birgə həyata keçirməsi də sübuta yetirilməlidir. Nəzərə alınmalıdır ki, ümumi ev təsərrüfatının aparılması dedikdə həm də əldə olunan qazancın ailənin ümumi ehtiyaclarına sərf edilməsi, o cümlədən mövcud əmlakın birgə təsərrüfat fəaliyyətinin nəticəsində əldə edilməsi başa düşülür.
39. Məhkəmə kollegiyası qeyd edir ki, ünvanlı sosial dövlət yardımının təyin edildiyi və ödənildiyi dövr ərzində digər şəxslərin həmin yaşayış sahəsinə daxil olması və ya yaşaması ilə bağlı qanunvericilik hər hansı məhdudiyyət müəyyən etməmişdir. Cavabdeh orqan sözügedən şəxsin həmin ünvanda aşkar edilməsini iddiaçı ilə birgə ümumi təsərrüfat aparıb-aparmaması baxımından qiymətləndirməli idi.
40. Yəni, bütövlükdə aşkar olunmuş şəxsə münasibətdə araşdırılmalı olan hal – onun iddiaçı ilə birgə təsərrüfat aparıb-aparmamasıdır. Odur ki, sözügedən şəxsin iddiaçının yaşadığı evdə aşkarlanması ümumi birgə təsərrüfat aparılmasını birbaşa sübuta yetirən hal kimi nəzərdən keçirilə bilməz. Belə ki, şəxslərin eyni ünvanda yaşaması faktı özlüyündə birgə yaşayan şəxslərin birgə ev təsərrüfatı aparması qənaətini yaratmır.
41. Məhkəmə kollegiyası bildirir ki, ərizə-bəyannamədə göstərilməyən ailə üzvünün aşkarlanması və onun iddiaçı ilə birgə təsərrüfat aparmasının sübuta yetirilməsi yalnız təyin ediləcək ünvanlı sosial yardımın məbləğinin müəyyənləşdirilməsinə təsir edəcəyindən, bu hal, ÜDSY-nin təyin edilməsindən imtina edilməsinə əsas yarada bilməzdi. 42 Cavabdeh orqanın Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 may 2024-cü il tarixli, 2-1(102)-1383/2024 nömrəli qərarında ifadə olunmuş hüquqi mövqeyə istinadına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin inzibati mübahisədə iddiaçının tələbi sosial yardımın təyinatdan əvvəlki iki ay üzrə ödənilməsi olmuşdur. Belə ki, iddiaçıya cavabdeh tərəfindən ilkin olaraq ÜDSY təyin edilməsindən imtina edilmiş, lakin onun ikinci müraciəti əsasında mart 2023 – fevral 2024-cü illər dövrü üçün ÜDSY təyin olunmuşdur. Sözügedən məhkəmə aktında sosial yardımın bir müraciət əsasında yalnız bir il müddətinə təyin oluna biləcəyi qeyd edilmişdir. Hazırkı işdə isə iddiaçı xx.xx.2024-cü il tarixli müraciəti əsasında xx.xx.2024-cü ildən təyin olunmuş ÜDSY-nin xx.xx.2024-cü ildən hesablanmasını tələb etmir, əksinə məhkəmədə iddia qaldırılanadək etdiyi müraciətinə verilmiş imtina cavabını mübahisələndirir. İşin faktiki hallarından göründüyü kimi cavabdeh orqan məhkəmədə iddia qaldırıldıqdan 3 ay sonra iddiaçının növbəti müraciətinə münasibətdə ona ÜDSY təyin etmişdir. İddiaçı ÜDSY-nin xx.xx.2024-cü il tarixdən təyin edilməsi ilə bağlı mübahisə açmasa da, qeyd olunmalıdır ki, cavabdeh orqan “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanun 8.1-ci maddəsinin tələbini pozaraq bu təyinatı müraciət edilən ayın 1-dən (xx.xx.2024) aparmalı olduğu halda xx.xx.2024-cü il tarixdən aparmışdır.
43. Məhkəmə kollegiyası hesab edir ki, inzibati orqan tərəfindən verilmiş imtina cavabının mübahisələndirildiyi dövrdə yeni müraciət əsasında ÜDSY-nin təyin edilməsi, məhkəmənin icraatında olan iş üzrə əvvəlki imtina qərarının qanuniliyinin yoxlanılması imkanını aradan qaldırmamalıdır.
44. Başqa sözlə, iddiaçıya xx.xx.2024-cü il tarixli müraciət əsasında xx.xx.2024-cü ildən ÜDSY-nin təyin edilməsi, cavabdeh orqanın xx.xx.2024-cü il tarixli müraciətə verilmiş imtina cavabının qanuniliyinin yoxlanmasını məhdudlaşdıra bilməz.
45. Əks yanaşma ÜDSY almaq hüququ olan şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılmasına, əvvəlki müraciət üzrə ödənilməli məbləğlərin süni şəkildə yubadılaraq ödənilməməsinə və nəticə etibarilə aztəminatlı ailələrin maddi rifahının daha da pisləşməsinə gətirib çıxarar.
46. Buna görə də cavabdeh orqanın xx.xx.2024-cü il tarixli müraciətə münasibətdə verdiyi xx.xx.2024-cü il tarixli imtina cavabının qanunsuz hesab edilməsi, iddiaçıya xx.xx.2024-cü il tarixdən – xx.xx.2024-cü il tarixədək ÜDSY məbləğinin ödənilməsi vəzifəsini yaradır. Bu isə bir müraciət əsasında 1 ildən artıq dövrə görə ödənişin aparılması kimi yox, iki ayrı - ardıcıl müraciət əsasında müxtəlif dövrlər üzrə icra olunmalı ödəmə kimi qiymətləndirilməlidir.
47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan birinci instansiya məhkəməsinin qərarı “01 aprel 2024-cü il tarixindən ünvanlı dövlət sosial yardımının təyin edilməsi hissəsində” ləğv edilməli, ÜDSY-nin 01 iyul 2024-cü il tarixindən təyin edilərək 31 oktyabr 2024-cü il tarixinədək olan məbləğinin birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh tərəfindən tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilir. Şəki İnzibati Məhkəməsinin 29 aprel 2025-ci il tarixli 2-1(116)-893/2025 nömrəli nömrəli qərarı qismən, yəni “01 aprel 2024-cü il tarixindən ünvanlı dövlət sosial yardımının təyin edilməsi hissəsində” ləğv edilir. Həmin hissədə yeni qərar qəbul edilir. İddia qismən təmin edilir. Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə İddiaçı 01 iyul 2024-cü il tarixindən ünvanlı dövlət sosial yardımını təyin edilərək, 31 oktyabr 2024-cü il tarixinədək olan məbləğinin birdəfəlik ödənilməsi öhdəliyi qoyulur. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.