Məhkəmə qərarları › İş №2-1(107)-457/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-457/2023

01.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-457/2023 01.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 8 may 2023-cü il tarixli 2-1(116)- 476/2023 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciə edərək “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: İddiaçı 1992-ci ilin mart ayından 1996-cı ilin iyul ayınadək Azərbaycan Milli Ordusunun sıralarında hərbi qulluqda olmuşdur. xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək 2 saylı Tərtər Hərbi Səhra Cərrahiyyə Hospitalında "sağ gicgah nahiyəsinin qəlpə yarası" diqanozu ilə müalicə almış, yaranın Azərbaycan Respublikasının Müdafiəsi zamanı alındığı hərbi həkim komissiyasının rəyi ilə təsdiqlənmişdir. Dəfələrlə müraciət etməsinə baxmayaraq ona "Müharibə veteranı" adı və vəsiqəsi verilməmişdir.

3. "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsinə dair müraciətinə cavab olaraq cavabdeh 24 avqust 2022-ci il tarixli, 4/3-9585 saylı məktubla iddianı rədd etmiş, əsas olaraq Mərkəzi Arxivin xx.xx.2020-ci il tarixli, 9/2-4662 nömrəli arayışına əsasən hərbi xidmətdə olmağına dair məlumatın olmaması göstərilmişdir.

4. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının sədri tərəfindən imzalanmış xx.xx.2013-cü il tarixli, 372 saylı məktubda hərbi xidmətə çağırılmağı, hansı şəraitdə, hansı yaraları aldığı dəqiq göstərilmiş və bu məlumatlar arxiv məlumatları əsasında yazılmışdır. Cavabdehə təqdim etdiyi hərbi biletində də bu barədə qeydlər vardır.

5. Cavabdeh orqan iddia tələbinə münasibətində bildirmişdir ki, Mərkəzi arxivin 19 iyul 2020-ci il tarixli 9/2-4642 nömrəli arayışına əsasən iddiaçının 03 iyul 1992-ci il tarixdən 31 may 1994-cü il tarixədək hərbi xidməti barədə məlumat mövcud deyildir.

6. Bununla da Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya 29 iyul 2022-ci il tarixli qərarı ilə əsaslı olaraq iddiaçıya “Müharibə” veteranı adı və vəsiqəsinin verilməsindən imtina etmişdir

7. Azərbaycan Respublikası İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.

8. Yuxarıda qeyd olunanları nəzərə alaraq və AR İPM-ın 14.3. 48.2-ci maddələrini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişlər.

9. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

10. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 8 may 2023-cü il tarixli 2- 1(116)-476/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

11. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

12. Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazın dəlilləri ilə əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 8 may 2023-cü il tarixli 2-1(116)-476/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 8 may 2023-cü il tarixli 2-1(116)-476/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

15. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

16. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.2022-ci il tarixli 4/3-9585 nömrəli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalının xx.xx.2013-cü il tarixli 192 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi 2 saylı Tərtər Hərbi Səhra Cərrahiyyə Hospitalında (243 saylı hərbi hissədə) stasionar müayinə və müalicədə olmuşdur (diaqnoz: sağ gicgah nahiyyəsinin qəlpə yarası). - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2013-cü il tarixli 372 nömrəli qərarından görünür ki, Ucar RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı və xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə kimi 2 saylı Tərtər Hərbi Səhra Cərrahiyyə Hospitalında müayinə və müalicə olunduğu yaralanma- diaqnoz: “Sağ gicgah nahiyyəsinin qəlpə yarası” (Ucar rayon şöbəsinin xx.xx.2013-cü il tarixli 4/275 saylı göndərişi, xx.xx.2013-cü il tarixli 55 saylı arayışı, Silahlı Qüvvələrin Baş Klinik Hospitalından verilmiş xx.xx.2013-cü il tarixli 192 nömrəli arayış, MN MHHK-nın həkim mütəxəssisi-cərrahın və hüquq məsləhətçisinin rəyləri ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin xx.xx.2013-cü il tarixli 55 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdə Ucar rayonundan hərbi xidmətə getmişdir. xx.xx.1994-cü il tarixə qədər N saylı hərbi hissədə hərbi xidmət keçmişdir. xx.xx.1994-cü il tarixdən N saylı hərbi hissədə xidmət keçərək xx.xx.1996-cı il tarixdə Azərbaycan Ordu Sıralarından ehtiyata tərxis olunmuşdur. İddiaçı xx.xx.1996-cı il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsində qeydiyyatdadır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli 4/2-817 nömrəli məktubuna əlavə olunmuş əmrlərdən görünür ki, N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli N №-li əmri ilə iddiaçı hərbi hissənin şəxsi heyətin siyahısına salınaraq sıravi hərbi rütbəsi verilmiş, N nömrəli hərbi hissə komandirinin N nömrəli əmri ilə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1996-cı il tarixli 466 №-li fərmanına əsasən və hərbi qulluqçuların qismən ehtiyata tərxis olunmaları haqqında Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1996-cı il tarixli N №-li əmrinə əsasən hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılaraq, bütün növ təminatlardan azad edilmiş, hərbi qeydiyyata düşmək üçün hərbi komissarlıqlarının sərəncamına göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli N nömrəli əmri ilə “Priküşkül” təlim mərkəzindən 18 nəfər şəxsi heyət qəbul edilməsi, hərbi hissənin siyahısına daxil edilməsi, bütün növ təminatlarla təmin olunması qərara alınmış, 9 sıra nömrəsinin qarşısında iddiaçının adı qeyd edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 111 nömrəli əmri ilə iddiaçı N saylı hərbi hissənin zabit və gizirləri, sıravi əsgərləri ilə döyüş bölgəsinə ezamiyyətə getmiş hesab edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyi xx.xx.2023-cü il 4/3-3424 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissə xx.xx.1992- xx.xx.1994cü il tarixlərdə və N nömrəli hərbi hissə xx.xx.1992-xx.xx.1994-cü il tarixlərdə döyüş əməliyyatlarında iştirak etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. İnzibati Prosessual Məcəllə: Maddə 8.1.3. İnzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

18. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, ... tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.

20. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr 1997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri “hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir).

21. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətinin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır.

23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

24. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyildir, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

25. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

26. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

27. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissədə hərbi xidmət keçməsi və bilavasitə döyüş əməliyyatlarında iştirak etməsi, qanuni əsaslarla ehtiyata buraxılması sübuta yetirildiyindən və istinad olunan Əsasnamənin tələbləri baxımından ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsini istisna edən hər hansı hal aşkar edilmədiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

30. İddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi, yəni Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində (Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) döyüş əməliyyatları aparan hərbi hissə tərkibində hərbi xidmət keçməsi müəyyən edilməlidir.

31. İş materialları ilə müəyyən edilir ki, iddiaçı N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli N №-li əmri ilə hərbi hissənin şəxsi heyətin siyahısına daxil edilmiş, daha sonra N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli N nömrəli əmri ilə hərbi hissənin siyahısına daxil edilmiş və N nömrəli hərbi hissə komandirinin N nömrəli əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmışdır. İddiaçı xx.xx.1992 xx.xx.1994-cü il tarixlərdə N saylı, xx.xx.1994 - xx.xx.1996- cı il tarixlərdə N saylı hərbi hissədə xidmət keçmişdir. N nömrəli hərbi hissə xx.xx.1992 - xx.xx.1994-cü il tarixlərdə, N nömrəli hərbi hissə xx.xx.1992-xx.xx.1994-cü il tarixlərdə döyüş əməliyyatlarında iştirak etmişdir. Yəni, iddiaçının xx.xx.1992 - xx.xx.1994-cü il tarixlərdə N saylı hərbi hissədə xidmət keçdiyi dövr həmin hərbi hissənin döyüş əməliyyatlarında iştirak etdiyi xx.xx.1992 xx.xx.1994-cü il tarixlərlə üst-üstə düşür. Həmçinin, iddiaçının N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 111 nömrəli əmri ilə N nömrəli hərbi hissənin hərbi qulluçusu olaraq döyüş bölgəsinə ezamiyyətə getməsi də iş materialları ilə sübut olunur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2013-cü il tarixli 372 nömrəli qərarında iddiaçının xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə kimi 2 saylı Tərtər Hərbi Səhra Cərrahiyyə Hospitalında müayinə və müalicə olunduğu, diaqnozu - “Sağ gicgah nahiyyəsinin qəlpə yarası” qeyd edilmiş və həmin qərarda yaralanma ilə bağlı - “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeydi icra edilmişdir (sözügedən qərara əlavə edilmiş Silahlı Qüvvələrin Baş Klinik Hospitalının arayışında əsas olaraq 243 saylı Tərtər Hərbi Səhra Cərrahiyyə Hospitalının 1992-ci il üçün 2 saylı “Stasionar xəstələrin qeydiyyatı” kitabının 551-ci sayındakı qeydə istinad olunmuşdur). Mərkəzi Hərbi Həkim Komissiyasının müvafiq qərarı ilə iddiaçıya qoyulmuş diaqnozun hərbi travma göstərilməsi və Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmasının qeyd edilməsi iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakını birbaşa sübut edir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqanın apellyasiya şikayətinin dəlili 03 iyul 1992 - 31 may 1994-cü il tarixlərdə iddiaçının hərbi xidməti barədə məlumatın mövcud olmaması ilə bağlıdır.

33. Lakin, yuxarıda qeyd edildiyi kimi həmin dəlil iş materialları ilə təkzib olunur. Belə ki, mübahisələndirilən dövr üzrə iş materiallarında iddiaçının xx.xx.1992-ci il tarixli 111 nömrəli əmrlə N nömrəli hərbi hissənin hərbi qulluçusu olaraq döyüş bölgəsinə ezamiyyətə getməsi, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə kimi 2 saylı Tərtər Hərbi Səhra Cərrahiyyə Hospitalında müayinə və müalicə olunması, xx.xx.1994-cü il tarixdən “Priküşkül” təlim mərkəzindən N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına daxil daxil edilməsi barədə sübutlar olduğundan cavabdeh orqanın xx.xx.1992-xx.xx.1994-cü illər üzrə iddiaçının hərbi xidməti barədə məlumatın olmamasına istinad etməsi tamamilə əsasszıdır.

34. Belə olan halda məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, istinad olunan Əsanmənin tələblərinə uyğun olaraq iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissədə hərbi xidmət keçməsi və bilavasitə döyüş əməliyyatlarında iştirak etməsi, qanuni əsaslarla ehtiyata buraxılması sübuta yetirildiyindən və istinad olunan Əsanmənin tələbləri baxımından ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsini istisna edən hər hansı hal aşkar edilmədiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.

35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayətində iş üzrə göstərilən dəlillər əsassızdır.

36. Yuxarıda qeyd olunan hallarla bağlı məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinasının əsası kimi 03 iyul 1992 - 31 may 1994-cü il tarixlərdə iddiaçının hərbi xidməti barədə məlumatın mövcud olmamasını göstərməsi onun hüquqlarının pozulmasına gətirib çıxarır.

37. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

38. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 8 may 2023-cü il tarixli 2-1(116)-476/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar