Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-457/2025 06.11.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Həsənov Tural Həsən oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı «diplomun tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin 06 may 2025-ci il tarixli, 2- 1(116)-1896/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. işin halları:
1. Gürcüstan Respublikasının X1 Universiteti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli EUTU 000854 nömrəli (qeydiyyat nömrəsi 0855) bakalavr (301 ECTS kredit) diplomuna əsasən iddiaçıya stomotoloq bakalavr akademik dərəcəsi verilmişdir.
2. İddiaçı aşağıda qeyd edilmiş müddətlər ərzində ali təhsil aldığı ölkənin ərazisində olmuşdur: - 2018/2019-cu tədris ili üzrə - 8 ay 9 gün, 2019/2020-ci tədris ili üzrə - 5 ay 18 gün, 2020/2021-ci tədris ili üzrə - getməyib, 2021/2022-ci tədris ili üzrə - 3 ay 13 gün, 2022/2023-cü tədris ili üzrə - 3 ay 1 gün.
3. İddiaçı, xx.xx.2023-cü il tarixli EUTU 000854 nömrəli diplomun tanınması məqsədilə cavabdeh orqana müraciət etmiş, lakin müraciətə imtina cavabı almışdır.
4. Cavabdeh orqan xx.xx.2025-ci il tarixli imtina qərarını “iddiaçının ali təhsilin əsas (baza ali) tibb təhsili səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifıkasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olmaması” ilə əsaslandırmışdır.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Gürcüstan Respublikasının X1 Universiteti tərəfindən onun adına verilmiş xx.xx.2023-cü il tarixli EUTU 000854 nömrəli (qeydiyyat nömrəsi 0855) bakalavr (301 ECTS kredit) diplomunun Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-11338/2024 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X1 Universitetində 2018- 2023-cü illərdə stomatologiya ixtisası üzrə təhsil almış və həmin təhsilini müvəffəqiyyətlə başa vurmuşdur. Universitetdən xx.xx.2023-cü il tarixində EUTU 000854 saylı ali təhsil haqqında diplom almışdır. Diplomun tanınması məqsədilə müvafiq cavabdeh orqana müraciət etmiş, lakin müraciətə imtina cavabı almışdır. İmtina cavabını xx.xx.2024-cü il tarixində almışdır. Cavabdehin verdiyi imtina cavabında deyilir ki, “Ərizəçinin müraciətinə baxılaraq onun ali təhsilin əsas (baza ali) tibb təhsili səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifıkasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 18 avqust 2003-cü il tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalarf’mn 3.10.1-ci və 4.1.4-cü bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır”. Daha sonra cavabdeh imtinasında qeyd edir ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə bakalavryat əsas baza ali tibbi təhsilin məzmunu və təşkili qaydalarına əsasən əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər smestr 20 həftədən ibarətdir. İmtina isə yuxarıda qeyd olunan qaydaların 4.1.4-cü bəndinə əsaslanmışdır. Həmin qaydaların 4.1.4- cü bəndində isə qeyd olunur ki, tanınma üzrə ümumi tələblər aşağıdakılardır: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömür boyu təhsil üzrə Milli kvalifıkasiyalar çərçivəsi” üzrə orta ixtisas təhsilli bakalavryat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifıkasiyalarına münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifıkasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmasıdır. Qeyd olunan imtina cavabı, o deməkdir ki, o, tibb və səhiyyə ixtisasları üzrə təhsil aldığına görə və həmin ixtisasların normativ müddətinin 40 həftə olduğuna görə həmin müddət ərzində təhsil aldığı ölkədə olduğunu cavabdehə və ya məhkəməyə sübut etməlidir. Cavabdehin imtinası xx.xx.2023-cü il tarixli maddi hüquq normasına əsaslanmışdır. Lakin o, 2018-2023-cü illərdə təhsil almışdır və xx.xx.2023-cü ildə isə təhsilini artıq başa çatdırmışdır. Qeyd olunan Qanunlarından tələbinə görə onun diplomunun tanınması 2018ci ildə, yəni 2023-cü ilin 18 avqust tarixinədək qüvvədə olan maddi hüquq normaları istinad olunaraq tanınmalıdır. Onun oxuduğu ölkədə az müddət qalmasının əsas səbəbi 2020-ci ilin mart ayında başlanmış və bütün dünyanı təsir altına almış COVİD-19 pandemiyasıdır. Pandemiya səbəbindən 2020-ci ilin mart ayından 2021-ci ilin oktyabrına qədər bütün dünyada beynəlxalq səyahətlərə məhdudiyyətlər qoyulmuşdu. Bu fakt, sərhədkeçmə məlumatları ilə təsdiq edilə bilər və əlavə sübutlar kimi Nazirlər Kabinetinin və Gürcüstan Dövlətinin pandemiya ilə bağlı keçirdiyi tədbirlərə dair qəbul etdiyi qərarlardır. O, kredit sistemi ilə oxumuş və onun akademik borcu olmuş olsa idi ona sonda diplom təqdim edilməyəcəkdi. Akademik statusunun olub olmaması ilə bağlı məhkəmə tərəfindən oxuduğu təhsil müəssisəsinə sorğu göndərilə bilər. İmtinanın yeganə dəlili ondan ibarətdir ki, tədris normativi üzrə tələb olunan müddətdə təhsil aldığı ölkənin ərazisində olmamasıdır. Bununla bağlı nəzərə almaq lazımdır ki, tədris yükünün yerinə yetirilməsi ilə bağlı tədris müddətinə, o cümlədən hazırkı mübahisəyə münasibətdə onun tələb olunandan daha qısa müddət ərzində həmin ölkədə olmağına əlahiddə olaraq deyil, tədris olunan fənlərə ümumiyyətlə hazırlaşmağı və həmin fənlərin məzmununu mənimsəməsi baxımından qiymət verilməlidir. Belə ki, təhsil alarkən onun hazırlıq səviyyəsinin artırmaq və tədris yükünü mənimsəmək imkanları yalnız cavabdehin imtinasında istinad etdiyi müddətlə məhdudlaşmır. Bu zaman onun həmin müddətdən əlavə vaxtlarda və tədris müəssisəsindən kənarda da tədris olunan fənlər üzrə hazırlaşmaq imkanları da nəzərə alınmalıdır. Bundan əlavə, həmçinin konkret müddət ərzində tədris yükünü yerinə yetirmək və mənimsəmək səviyyəsinin qiymətləndirilməsi müvafiq ali təhsil müəssisəsinin müstəsna qiymətləndirmə səlahiyyətinə aid olduğu da diqqətə alınmalıdır. Qeyd edir ki, ümumilikdə 301 kredit toplayaraq təhsilini başa vurmuşdur.
8. Cavabdeh orqan iddianın rədd edilməsini xahiş etmiş, qeyd etmişdir ki, İddiaçı əldə etdiyi kvalifikasiyanın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə xx.xx.2024-cü il tarixində elektron ərizə sistemi vasitəsilə Agentliyinə müraciət etmişdir. Cavabdeh orqan onun müraciəti üzrə aparılan inzibati icraat zamanı iddiaçının xarici ali təhsil aldığı ölkədə müddətinin aşağıdaki kimi olduğunu müəyyən etmişdir: 2018/2019-cu tədris ili üzrə - 8 ay 9 gün, 2019/2020-ci tədris ili üzrə - 5 ay 18 gün, 2020/2021-ci tədris ili üzrə - getməyib, 2021/2022-ci tədris ili üzrə - 3 ay 13 gün, 2022/2023-cü tədris ili üzrə - 3 ay 1 gün. Ərizəçinin təhsil aldığı ölkədə olduğu müddət onun diplom əlavəsində göstərilən tədris yükünün yerinə yetirilməsi üçün kifayət deyildir. Belə ki, sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddəti ərzində həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş və xx.xx.2024-cü il tarixdə inzibati akt tərtib edilərək onun elektron kabinetində yerləşdirilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.3-cü maddəsinin tələblərinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz; - cavabdeh orqan inzibati aktı qəbul edərkən diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl etmiş və diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməsini təmin etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası oxşar işlər üzrə qərarlarında dəfələrlə (2-1(102)-265/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli, 2- 1(102)- 251/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarlar) xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və onların ekvivalentliyinin müəyyən edilməsinin cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid olmasını vurğulamışdır. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaları tanınması Qaydaları”na (bundan sonra - Qaydalar) uyğun olaraq həyata keçirilir. Sözügedən qaydaların 1.3-cü bəndinə əsasən tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. Bu Qaydaların 4.1.1-ci bəndinə əsasən tanınma üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli, 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” üzrə orta ixtisas təhsili, bakalavriat və magistratura səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçi tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olmalıdır. Həmin Qaydaların 3.10-cu bəndinə əsasən bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda kvalifikasiyanın tanınmasından imtina haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat(əsas(baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydalan”ının 1.6-cı bəndinin Əsas (baza ali) tibb təhsili yalnız əyani təhsilalma forması ilə həyata keçirilməsi tələbi müvafiq olaraq qeyd olunmuş normativ müddətin bütün dövründə dərslərdə iştirakı zəruri edir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali” təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsasən (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.2-ci yarımbəndinə əsasən əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o dən, 5 həftə imtahan sessiyası) ibarətdir və hərsemestrə 30 kredit müəyyənləşdirilir. Burada bir tədris ili üçün müəyyən edilmiş müddətdən Azərbaycan Respublikasında tibb təhsilinin tədrisi prosesində nəzərdə tutulmuş 20 faizlik dərs buraxma həcmi çıxıldıqda Səhiyyə Nazirliyi tərəfindən minimum olraq 7 ay 15 gün kimi nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”mn 8.7.1-ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.2-ci yarımbəndinə əsasən əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Belə ki, əsas (baza ali) tibb təhsili səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçi təhsil müddətində hər bir tədris ili üzrə tələb olunan normativ müddətə riayət etməlidir. İddiaçı qeyd edilən normativlərə riayət etmədiyini Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində 138 gün davam edən aksiyalarda iştirakı ilə əsaslandırmağa çalışsa da, “Azərbaycan Könüllü Həkimlər Assosiasiyası” İctimai Birliyinin xx.xx.2024-cü il tarixli arayışından da göründüyü kimi İddiaçı aksiyada iştirakı xx.xx.2023- xx.xx.2023-cü il tarixləri aralığında olmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat (magistratura) səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın 3-cü bölməsinə əsasən, ərizəçinin aldığı təhsilin müddəti Azərbaycan Respublikasında ona ekvivalent ixtisas üzrə təhsilin müddətinə uyğun gəlmir. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından da göründüyü kimi, iddiaçıya məxsus olan kvalifikasiyanın tanınmasına hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir.
9. Şəki İnzibati Məhkəməsinin 06 may 2025-ci il tarixli 2-1(116)-1896/2025 nömrəli qərarı ilə (hakim Günel Şirinova-Əsədova) iddia tələbi təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işdə olan iddiaçıya məxsus THTU 000854 nömrəli bakalavr diplomundan görünür ki, səhiyyə fakultəsinin Şurasının 17 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı stomotoloq bakalavr akademik dərəcəsi verilmişdir. İddiaçı xarici dövlətdə stomotoloq ixtisası üzrə əldə etdiyi kvalifikasiyanın Azərbaycan Respublikasında tanınmasını tələb edir. İş materiallarından görünür ki, cavabdeh orqanın imtinası iddiaçının təhsil aldığı ölkədə olduğu müddətin onu diplom əlavəsində göstərilən tədris yükünün yerinə yetirilməsi üçün kifayət etməməsi ilə əsaslandırılmışdır. İşin hüquqi halları ilə bağlı məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda istinad olunan normalarının tələblərinə görə diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Bu mənada, hazırkı işdə əyani formada xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Qeyd edilən standartlar həm də tədrisin yükünə və yerinə yetirilməsi qaydasına dair tələbləri də özündə ehtiva edir. Hazırda qüvvədə olan Qaydaların (Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydaları) müddəalarında tanınma üzrə ümumi tələblərin əhatə dairəsi müəyyən edilmiş, bu tələblərdən biri də orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması) ilə bağlıdır. Qeyd olunmalıdır ki, normativ hüquqi aktların tələblərinə görə tibb və səhiyyə ixtisasları üzrə kvalifikasiyanın tanınması üçün tələbənin təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması şərti tanınma üçün əsasdır. Normativ hüquqi aktların tələblərinə görə tibb və səhiyyə ixtisasları üzrə kvalifikasiyanın tanınması üçün tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması bu sahələrin spesifik xarakteri və insan sağlamlığına birbaşa təsir göstərməsi ilə izah olunur. Məhkəmə qeyd edir ki, qüvvədə olan qanunvericiliyin tələblərinə görə əyani təhsilalma forması üzrə tədris ilinin müddəti 40 həftə olmaqla, hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Başqa sözlə desək əyani tədris zamanı tələbələrin hər tədris ilinə görə audoriya dərslərinin həcmi müəyyən edilir ki, bu zaman tələbələr tədris planına uyğun olaraq semestr ərzində müəyyən edilmiş qaydada dərslərdə mütəmadi olaraq iştirak edirlər. Hazırki işin hallarından da göründüyü kimi iddiaçı stomatoloq ixtisası üzrə aldığı kvalifikasiyanın tanınmasını arzulayır ki, bu zaman onun təhsil aldığı ölkədə olduğu müddət məhz Azərbaycan Respublikasında alınan təhsil normativ müddətinə uyğun olmalıdır. Çünki stomatologiya ixtisası tibb sahəsinin bölmələrindən biridir. Nəzərə alsaq ki, Azərbaycan Respublikasında əyani təhsilalma forması üzrə tədris ilinin müddəti 40 həftə olduğundan, iddiaçının aldığı təhsil üzrə kvalifikasiyanın tanınması üçün onun təhsil aldığı ölkədə həmin müddət qədər olması zəruridir. Lakin işin hallarından görünür ki, iddiaçı Gürcüstan Respublikası ərazisində 2018/2019-cu tədris ili üzrə il- 8 ay 9 gün, 2019/2020- ci tədris ili üzrə 5 ay 18 gün, 2020/2021-ci tədris ili üzrə getməyib (İİİ semestr pandemiya dövrü), 2021/2022-ci tədris ili üzrə 3 ay 13 gün, 2022/2023-cü tədris ili üzrə 3 ay 1 gün gün olmuşdur, yəni cavabdehin etirazında göstərildiyi kimi təhsilin normativ müddətinin tələbinə əməl edilməmişdir. Hazırki işin xüsusi halları baxımından, iddiaçının təhsil aldığı ölkədə olma müddəti nəzərə alındıqda, onun tərəfindən tədris yükünün yerinə yetirmədiyi və buradan hərəkətlə Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğu müəyyən olunmur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili” Qaydalarının 17-ci bəndinə əsasən bakalavr təhsili üzrə əsas (baza ali) təhsilalma formasında tələbələrin auditoriya dərslərinin həcmi hər tədris ili üzrə 300- 360 kredit müəyyənləşdirilmişdir. Bu da normativ müddətin minimum 8 (səkkiz) ay olduğu mənasını ehtiva edir. Belə ki, tədris ilinin müddəti 40 həftədir və hər semestr 20 həftədən ibarətdir. Başqa sözlə desək iddiaçının təhsil aldığı ölkədə olduğu müddət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydaların 4.1-ci bəndinə əsasən onun aldığı təhsili mənimsəməsi üçün kifayət etmir. Bu səbəbdən də kvalifikasiyanın tanınması mümkün deyil. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.2 və 17-ci maddələri).
11. İddiaçı, apellyasiya şikayəti verərək sözügedən qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı apellyasiya şikayətinin dəlillərini ilkin iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış, normativ sənədlərin müvafiq bəndərini sadalamış, qeyd etmişdir ki, o, 2018–2023-cü illərdə təhsil almış, xx.xx.2023-cü ildə isə təhsilini artıq başa çatdırmışdır. Onun diplomu 2018-ci ildə, yəni 2023-cü ilin 18 avqust tarixədək qüvvədə olan maddi hüquq normalarına istinad olunaraq tanınmalı idi. Oxuduğu ölkədə az olmasımın əsas səbəbi 2020-ci ilin mart ayında başlayan və bütün dünyada yayılmış COVİD-19 pandemiyası olmuşdur ki, 2020-ci ilin mart ayından 2021-ci ilin oktyabrınadək dünyanın bütün ölkələrində gediş-gəliş qadağan olunmuşdu. Cavabdeh onun tədris prosesində iştirak etmədiyi dövrlərdə yaranmış akademik borclarını daha sonra onun üçün təhsil müəssisəsi tərəfindən hazırlanmış fərdi plan əsasında ödəməyini və nəticədə ona diplom verilməsini nəzərə almalı və hesab etməli idi ki, qeyd edilənlər diplomun tanınmasından imtina üçün əsas deyil və belə halların mümkünlüyü dövlət daxilində qanunvericilikdə də nəzərdə tutulmuşdur, yəni dövlət standartlarına uyğundur. “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili” Qaydaları ölkə ərazisində kredit sistemi əsasında təşkil olunmuş tədris prosesinin xüsusiyyətlərini müəyyən edir. Həmin xüsusiyyətlərdən biri də hər bir təhsil alanın (tələbənin) fərdi tədris planının olmasıdır. Həmçinin, Qaydalarda qeyd edilmişdir ki, hər tədris ili üçün ixtisasın (ixtisaslaşmanın) tədris qrafiki əsasında tələbənin fərdi tədris planı hazırlanır. Növbəti tədris ili üçün tələbənin fərdi tədris planı tərtib olunarkən, buraya ilk növbədə əvvəlki ildən akademik borcu qalan fənlər daxil edilir. Həmçinin, sözügedən Qaydalarda “akademik borcu olan tələbə” terminindən istifadə edilmiş və ona belə bir anlayış verilmişdir ki, “akademik borcu olan tələbə” fərdi tədris planında qeyd olunan fənlərin ən azı birindən müəyyən olunmuş krediti qazana bilməyən tələbədir. O, kredit sistemi ilə oxumuş və akademik borcum olmuş olsaydı, ona sonda diplom təqdim edilməyəcəkdi. Tədris yükünün yerinə yetirilməsi ilə bağlı tədris müddətinə, o cümlədən hazırkı mübahisəyə münasibətdə onun tələb olunandan daha qısa müddət ərzində həmin ölkədə olmaması ayrıca olaraq deyil, tədris olunan fənlərə ümumilikdə hazırlığına və həmin fənlərin məzmununu mənimsəmə imkanları baxımından qiymət verilməlidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
tərəflərin izahatları
14. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini Şəki İnzibati Məhkəməsinin 06 may 2025-ci il tarixli, 2-1(116)- 1896/2025 nömrəli qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
tətbiq edilən hüquq
15. Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” ... Bənd 2.2. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı” Bənd 8. Ali təhsil proqramları ... 8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 (qırx) həftədir. Hər semestr 20 (iyirmi) həftədən ibarətdir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakalavriatr (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları” Bənd 1.6 (üçüncü abzas). Əsas (baza ali) tibb təhsili yalnız əyani təhsilalma forması ilə həyata keçirilir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” ... Bənd 3.2. Tədrisin təşkili 3.2.2. Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.
20. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. İddiaçı, onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
24. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin obyektiv həlli üçün iddiaçının stomatologiya üzrə xarici dövlətin təhsil müəssisəsində aldığı ali təhsil müddətinin tədris normativinin yerinə yetirilməsi baxımından yetərli olub-olmamasına və diplom əlavəsində göstərilən tədris yükünün mövcud dövlət təhsil standartlarına uyğun şəkildə yerinə yetirilibyetirilməməsinə hüquqi qiymət verilməlidir. Belə ki, təhsil normativlərinin formalaşdırdığı əsas hüquqi elementlərdən biri, tələbənin təhsil aldığı müddətdə faktiki olaraq tədris prosesində iştirakı və həmin iştirakın tədris normativinə uyğunluğudur.
25. Hazırkı qərardadın 16 və 18-ci bəndində göstərilən normalardan görünür ki, əyani təhsilalma forması üzrə bir tədris ili 40 həftə müddətində həyata keçirilməlidir. Eyni standartlar Gürcüstanda Boloniya sisteminə daxil ali məktəblər üçün də tətbiq olunur: 5 illik stomatologiya proqramı üzrə ümumilikdə 300 AKTS kredit, illik isə təxminən 60 AKTS və ya 40-42 həftəlik tədris yükü tələb edilir.
26. İddiaçının Gürcüstan Respublikasında təhsil aldığı dövrdə müvafiq ölkə ərazisində - yəni sözügedən tədris müəssisəsində faktiki dərs prosesində iştirakı aşağıdakı dövrləri əhatə etmişdir: 2018/2019-cu illər – 8 ay 9 gün (37 həftə), 2019/2020-ci illər – 5 ay 18 gün (24 həftə), 2020/2021-ci illər pandemiya səbəbindən iştirak etməyib, 2021/2022-ci illər – 3 ay 13 gün (15 həftə), 2022/2023-cü illər 3 ay 1 gün (13 həftə).
27. İddiaçının sözügedən ölkə ərazisində olma müddəti, yəni dərslərdə faktiki iştirak müddəti tədris normativləri ilə müqayisələndirildikdə müəyyən edilir ki, o, 5 tədris ili ərzində ümumilikdə 89 həftə ərzində tədris prosesində iştirak etmişdir. Halbuki, hər bir tədris ili üzrə normativ iştirak müddəti 40 həftə olmaqla, ümumilikdə 5 il üzrə bu göstərici 200 həftəni təşkil edir. Belə olan halda, iddiaçının faktiki iştirak müddəti normativin təxminən 45 faizini əhatə etmiş, nəticədə təhsil müddətinin 55 faizindən çox hissəsində əyani tədrisdə iştirak etməmişdir.
28. İş materiallarında təqdim olunan diplom əlavəsindən görünür ki, iddiaçının topladığı AKTS kreditləri formal baxımdan tədris planına uyğun görünsə də, onun Gürcüstan Respublikasında faktiki iştirak etdiyi müddət nəzərə alındıqda, təqdim olunan kreditlərin, xüsusilə də praktiki və kliniki xarakter daşıyan fənlərin əyani şəkildə mənimsənilməsi ciddi şübhə doğurur.
29. Məhkəmə kollegiyası qeyd edir ki, təhsil qanunvericiliyi əyani təhsil formasının yalnız “formal olaraq əyani” adlandırılmasını yox, həm də tələbənin dərs prosesində real və davamlı iştirakını nəzərdə tutur. Tibb və stomatologiya kimi sahələrdə nəzəri biliklərlə yanaşı praktik bacarıqların mənimsənilməsi əsas şərtdir. İddiaçının faktiki iştirak müddəti isə göstərilən fənlərin tədris normativlərini dolğun yerinə yetirmək üçün obyektiv olaraq kifayət etmir. Buna görə də, iddiaçının tədrisdə faktiki iştirak etdiyi müddət stomatologiya ixtisası üzrə tədris normativini yerinə yetirmək üçün yetərli hesab edilə bilməz.
30. İş üzrə təqdim olunmuş sənədlər və sərhəd məlumatları ilə müəyyən edilən iştirak müddətləri birlikdə qiymətləndirildikdə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, tədris normativinin təxminən 55%-ə qədər hissəsi tələbənin əyani iştirak etmədiyi şəraitdə yerinə yetirilmiş kimi göstərilmiş və qeyd olunan hal əyani təhsil formasının real mahiyyətinə uyğun olmamışdır.
31. İddiaçının xarici ölkədə aldığı təhsilin mövcud dövlət təhsil standartlarına uyğunluğuna münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan diplom əlavəsinə əsasən, o, stomatologiya üzrə 5 il müddətində 301 ATS kredit yığmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili” Qaydalarının 3.2.2-ci bəndinə əsasən bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır.
32. Belə olan halda, 301 AKTS kreditlik proqramın ümumi tədris yükü 9030 saatlıq auditoriya və auditoriyadankənar iş saatını təşkil edir. Bu akademik saatların tərkibinə yalnız nəzəri dərslər deyil, eyni zamanda praktiki məşğələlər, laboratoriya dərsləri və xəstə ilə birbaşa ünsiyyət tələb edən fənlər də daxildir.
33. İddiaçının 5 illik təhsil dövründə cəmi 89 həftə ərzində Gürcüstan Respublikasında olması və hər həftə üçün 45 saatlıq ümumi (auditoriya və sərbəst) tədris yükü nəzərə alındıqda, onun real mənimsəyə biləcəyi maksimum ümumi tədris həcmi təxminən 4005 saat təşkil edir. Buna baxmayaraq, diplom əlavəsində qeyd olunan 301 AKTS kreditinə uyğun olaraq ümumi tədris yükü təxminən 9030 saat təşkil etməlidir.
34. Bu o deməkdir ki, iddiaçının faktiki iştirakla əhatə edə bilmədiyi tədris yükü 5000 saatdan artıqdır və bu müddət ərzində nəzərdə tutulan nəzəri və praktiki dərslərin real şəkildə mənimsənilməsi obyektiv baxımdan mümkün deyil. Xüsusilə ortopedik stomatologiya, terapevtik stomatologiya, ağız və üz-çənə cərrahiyyəsi, klinik anatomiya və fiziologiya kimi praktiki və kliniki xarakterli fənlərin xəstəxana və klinik baza şəraitində tədris edilməsi tələb olunduğundan bu fənlərə ayrılmış saatlar faktiki iştirakla mənimsənilməlidir.
35. Beləliklə, tədris proqramının təxminən 55%-i iştirak edilmədən yerinə yetirilmiş kimi rəsmiləşdirildiyindən iddiaçının diplom əlavəsində göstərilən tədris yükü dövlət təhsil standartlarına uyğun hesab edilə bilməz.
36. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir.
37. Cavabdeh orqanın məhkəmə kollegiyasının sorğusuna cavab olaraq təqdim etdiyi məlumatlardan görünür ki, iddiaçının müraciətinə verilmiş imtina cavabı məhz işin yuxarıda qeyd edilən halları ilə bağlı olmuşdur.
38. Eyni zamanda, iddiaçı ilə eyni təhsil müəssisəsində oxumuş digər şəxslərə dair təqdim edilmiş məlumatlarla müəyyən edilmişdir ki, iki halda diplom tanınması həyata keçirilmişdir. Həmin halların iddiaçı ilə müqayisəsi onu göstərir ki, sözügedən şəxslər də faktiki olaraq pandemiya səbəbindən 1-ci ildən 3-cü ilə qədər təhsildə davamlı iştirak edə bilməsələr də, 4-cü və 5-ci illərdə hər biri 7 aydan artıq müddətdə təhsil aldıqları ölkənin ərazisində olmuşlar.
39. İddiaçıda isə həmin müddət (4-cü və 5-ci illər üzrə) müvafiq olaraq 3 ay 13 gün və 3 ay 1 gün təşkil edir. Ona görə də, iddiaçı həmin şəxslərlə eyni hüquqi vəziyyətdə olan şəxs hesab edilə və bərabərlik hüququnun pozulmasına istinad edə bilməz.
40. Bundan başqa, bir halda isə tələb olunan iştirak müddəti standartlardan aşağı olmuş şəxsə diplomun tanınmasından imtina cavabı verilmişdir.
41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası:
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şəki İnzibati Məhkəməsinin 06 may 2025-ci il tarixli, 2-1(116)-1896/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.