Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-458/2023 20.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Zaqatala rayon Mebel fabrikində xx.xx.1991-ci il tarixdən xx.xx.2006-cı il tarixinədək olan illərin sığorta stajı kimi nəzərə alaraq, əmək pensiyası almaq hüququnun yarandığı tarixdən, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 1 iyun 2023-cü il tarixli 2-1(116)-883/2023 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək Zaqatala rayon Mebel fabrikində xx.xx.1991-ci il tarixdən xx.xx.2006-cı il tarixinədək olan illərin sığorta stajı kimi nəzərə alaraq, əmək pensiyası almaq hüququnun yarandığı tarixdən, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı xx.xx.1957-ci il tarixdə anadan olmuşdur. O, 65 yaşı tamam olduğundan yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan xx.xx.2022-ci il tarixli məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir.
3. Cavabdeh orqan birinci instansiya məhkəməsinə təqdim etdiyi xx.xx.2023-cü il tarixli iddia tələbinə etirazını belə əsaslandırmışdır ki, iddiaçının xx.xx.2022-ci il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, onun sosial sığorta stajı qanunvericilikdə nəzərdə tutulan 25 ildən az olduğu (faktiki sığorta stajı 17 il) və xx.xx.2006-cı il tarixdən xx.xx.2018ci il tarixədək onun fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçı tərəfindən mərkəzi filiala təqdim edilən əmək kitabçasının və hərbi biletin surətlərinə əsasən onun sosial sığorta stajı (xx.xx.1976cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu dövr də nəzərə alınmaqla) 17 il təşkil edir. Eyni zamanda iddiaçının xx.xx.2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 13 il 7 ay sığorta stajına uyğun olaraq 11.044,75 manat xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək 2.193,54 manat olmaqla, ümumilikdə 13.238,29 manat təşkil etmişdir ki, bu da qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Eyni zamanda bildiririk ki, iddiaçının xx.xx.2006-cı il tarixdən 2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddia ərizəsində qeyd olunanlara əsasən İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Zaqatala rayon Mebel fabrikində işlədiyini iddia etmişdir. Qeyd edilən dövrlər tərəfimizdən araşdırılmış və müəyyən olunmuşdur ki, sözügedən dövrlər əmək kitabçasında öz əksini tapsa da, Zaqatala rayonu Mebel fabrikinin xx.xx.1991-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan arxiv sənədləri Zaqatala rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün həmin dövrlər iddiaçının sosial sığorta stajına daxil edilməmişdir. Beləliklə, iddiaçının mübahisələndirilən sosial sığorta stajı onun xx.xx.1991-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Zaqatala rayon Mebel fabrikində işlədiyi dövrlərdir. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasının surətində göstərilən müvafiq dövrlər sığorta stajı kimi öz təsdiqini tapmadığı, iddiaçının sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
4. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
5. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 1 iyun 2023-cü il tarixli 2- 1(116)-883/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
7. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
8. Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazın dəlilləri ilə əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 1 iyun 2023-cü il tarixli 2-1(116)-883/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 1 iyun 2023-cü il tarixli 2-1(116)-883/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 1 iyun 2023-cü il tarixli 2-1(116)-883/2023 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
11. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı analoji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1957ci il təvəllüdlüdür. - İddiaçıya məxsus xx.xx.1979-cu il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçası; - FHN-nin X1 Xidmətinin Zaqatala X1 hissəsinin xx.xx.2023-cü il tarixli məktubu; - Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin 06 fevral 2023-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, “vergi orqanına X2 adında vergi ödəyicisinə xx.xx.1998-ci il tarixdə 2006-cı ilə qədər qüvvədə olmuş ********* nömrəli VÖEN verilməsi barədə məlumat qeyd olunmuşdur.Bundan başqa həmin vergi ödəyicisi haqqında vergi orqanında heç bir məlumat saxlanılmamış və hazırda da belə bir vergi ödəyicisi mövcud eyildir. - "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli arayışına əsasən müəssisə X2 2010-cu ilə kimi fəaliyyət göstərmiş, bundan sonra özəlləşdirilərək "xxxx" ASC kimi fəaliyyət göstərir. - Məhkəmə kollegiyası tərəfindən xx.xx.2023-cü il tarixli məktubla "xxxx" ASC-yə iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.2006-cı il tarixədək X2ndə işləyib-işləməməsi, əmək haqqı alıb-almaması barədə, əgər işləmişdirsə iddiaçının işləməsinə dair sənədlərin olub-olmaması barədə məlumatın təqdim edilməsi barədə sorğu edilmiş, "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli arayışına əsasən, İddiaçı xx.xx.1978—ci ildən xx.xx.2006-cı ilə kimi X2ndə Qaz-52 markalı avtomobilin sürücüsü işləmişdir. Müəssisədə 1982-ci ild, 1997-ci ildə güclü yanğın olmuş, müəssisənin mühasibatlıq sənədləri tamamilə yanmışdır. 2001-ci ildə müəssisə yerləşdiyi ərazidən başqa əraziyə köçürülmüş, müəssisənin yerləşdiyi əraziyə AR Daxili Qoşun hissəsi yerləşdirilmişdir. Müəssisə köçürüldüyü ərazidə 2010-cu ildə özəlləşməyə açılmış və özəlləşdirilmişdir. Hal-hazırda müəssisə şirkət şəklində, yəni "xxxx" ASC şəklində fəaliyyət göstərir.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
13. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
14. 1 yanvar 2006-ci il tarixindək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır.
16. “Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 1-ci və 2-ci abzaslarına əsasən məhkəmə şikayətə baxılmasının nəticələri barədə qətnamə çıxarır. Məhkəmə şikayətin əsaslı olduğunu müəyyənləşdirdikdə şikayət edilən qərarları və hərəkətləri qanunsuz hesab edir, vətəndaşlar barəsində tətbiq edilən məsuliyyət tədbirlərini ləğv edir, onların pozulmuş hüquq və azadlıqlarını bərpa edir, habelə dövlət orqanlarının və yerli özünüidarə orqanlarının müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin vətəndaşların hüquq və azadlıqlarını pozan qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə bağlı onların məsuliyyətini müəyyənləşdirir.
17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
18. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 1 iyun 2023-cü il tarixli 2-1(116)-883/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
19. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
20. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.
21. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
24. İddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı Zaqatala rayon Mebel fabrikində xx.xx.1991-ci il tarixdən xx.xx.2006-cı il tarixinədək olan illərin sosial sığorta stajına daxil ediləcəyi təqdirdə yaşa görə əmək pensiyası almaq hüququnun reallaşmasından ibarətdir. İşin hallarından görünür ki, iddiaçının Zaqatala rayon Mebel fabrikində xx.xx.1991-ci il tarixdən xx.xx.2006-cı il tarixinədək olan əmək fəaliyyəti əmək kitabçası ilə təsdiq olunur. İddiaçının əmək kitabçasında bununla bağlı aparılmış qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı bir dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamış və həmin qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə icraatının gedişində də belə hallar müəyyən edilməmişdir.
25. Cavabdeh inzibati orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Zaqatala rayon Mebel fabrikində işlədiyini iddia etmişdir. Qeyd edilən dövrlər tərəfimizdən araşdırılmış və müəyyən olunmuşdur ki, sözügedən dövrlər əmək kitabçasında öz əksini tapsa da, Zaqatala rayonu Mebel fabrikinin xx.xx.1991-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan arxiv sənədləri Zaqatala rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün həmin dövrlər iddiaçının sosial sığorta stajına daxil edilməmişdir. Beləliklə, iddiaçının mübahisələndirilən sosial sığorta stajı onun xx.xx.1991-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Zaqatala rayon Mebel fabrikində işlədiyi dövrlərdir.
26. Belə ki, sözügedən müəssisənin sənədləri arxivdə saxlanılmadığından cavabdeh əmək kitabçasında olan qeydlərin mötəbərliyini qəbul etməmişdir. İddiaçıya məxsus əmək kitabçasının 9-cu səhifəsindən görünür ki, o,xx.xx.2006-cı il tarixində öz ərizəsi əsasında işdən azad olunmuşdur. Göstərilən qeyd həmin müəssisənin möhürü və direktorunun imzası ilə öz təsdiqini tapmışdır. İşin araşdırılması zamanı müəyyən edilmişdir ki, müəssisə “X2” adı ilə fəaliyyət göstərmiş, sonradan fəaliyyəti və təşkilati-hüquqi forması dəyişmişdir.
27. Məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayətinə baxılaraq qanuni və obyektiv qərar qəbul edilməsi baxımından xx.xx.2023-cü il tarixli məktubla "xxxx" ASC-yə iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.2006-cı il tarixədək X2ndə işləyib-işləməməsi, əmək haqqı alıb-almaması barədə, əgər işləmişdirsə iddiaçının işləməsinə dair sənədlərin olub-olmaması barədə məlumatın təqdim edilməsi barədə sorğu edilmiş, "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli arayışına əsasən, İddiaçı xx.xx.1978—ci ildən xx.xx.2006-cı ilə kimi X2ndə Qaz-52 markalı avtomobilin sürücüsü işləmişdir. Müəssisədə 1982-ci ild, 1997-ci ildə güclü yanğın olmuş, müəssisənin mühasibatlıq sənədləri tamamilə yanmışdır. 2001-ci ildə müəssisə yerləşdiyi ərazidən başqa əraziyə köçürülmüş, müəssisənin yerləşdiyi əraziyə AR Daxili Qoşun hissəsi yerləşdirilmişdir. Müəssisə köçürüldüyü ərazidə 2010-cu ildə özəlləşməyə açılmış və özəlləşdirilmişdir. Hal-hazırda müəssisə şirkət şəklində, yəni "xxxx" ASC şəklində fəaliyyət göstərir.
28. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə,mötəbər hesab olunur.
29. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Bu mənada “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir. Həmin Qanunun 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
30. Cavabdeh isə iddiaçının iş stajını təsdiq edən əlavə sübutlar tələb edərək, qeyd olunan normanın tələbini pozmuşdur.
31. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.2.1-ci maddəsində "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək, yəni xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyi, xx.xx.2006-cı il tarixdən sonrakı dövr üçün isə sosial sığorta stajının sığortaolunanın fərdi uçot məlumatları əsasında, yəni yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə sosial sığorta stajına daxil edilməsinin mümkünlüyü təsbit edilmişdir.
32. Azərbaycan Respublikası Ali Məhkəməsi xx.xx.2021-ci il tarixli 2-1(102)- 1037/2021 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir.
33. Qeyd olunmalıdır ki, inzibati orqanın verilmiş səlahiyyətlər çərçivəsində sosial sığorta haqlarının ödənilməsini təmin etməli olduğu halda, bu vəzifəsini icra etməməsi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların işlədiyi müddətin iş stajı kimi nəzərə alınmasından imtina və sosial sığorta olunan şəxsin pensiya hüququndan məhrum edilməsi üçün əsas hesab edilə bilməz.
34. İddiaçıya məxsus xx.xx.1979-cu il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən o, xx.xx.1979-cu ildən xx.xx.2022-ci il tarixinə kimi müxtəlif iş yerlərində çalışmış, onun ümümilikdə xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla tələb olunan 25 ildən artıq (32 il) iş stajı mövcuddur.
35. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək, kollegiya tərəfindən edilən sorğunu nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı arxiv sənədlərinə və iddiaçının əmək kitabçasına əsasən iddiaçının 25 ildən artıq sığorta stajı olduğu təsdiq olunduğundan, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla, iddiaçının hüquqlarını pozmuşdur. Məhkəmə icraatı gedişində də, iddiaçıya münasibətdə əmək pensiyasının təyin edilməsini istisna və ya əmək kitabçasında göstərilən məlumatların qeyri-mötəbərliyini təsdiq edən hər-hansı sübut təqdim edilməmişdir. İddiaçı ona münasibətdə əmək pensiyasının təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab verir.
36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
37. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 1 iyun 2023-cü il tarixli 2-1(116)-883/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.