Məhkəmə qərarları › İş №2-1(107)-46/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-46/2022

03.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-46/2022 03.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “03.02.2016-cı il təvəllüdlü X2 sonluğunun “Mirzəzadə”dən “Mirzəyev”ə dəyişdirilib soyadının “Mirzəyev” kimi yazılıb yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2- 1(116)-1275/2021 nömrəli qərarından iddiaçılar İddiaçı1 və İddiaçı2 vermiş olduğu apellyasiya şikayətinə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “03.02.2016-cı il təvəllüdlü X2 sonluğunun “Mirzəzadə”dən “Mirzəyev”ə dəyişdirilib soyadının “Mirzəyev” kimi yazılıb yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəməyə 16.08.2021-ci il tarixdə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddiaçılar iddia tələbi belə əsaslandırmışdırlar ki, iddiaçılar Cavabdeh tərəfindən 18.03.2015-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahdan 03.02.2016-cı il tarixdə X4 dünyaya gəlmişdir. İddiaçılar övladına ilkin doğum haqqında şəhadətnamə alarkən soyadının “Mirzəyev" kimi deyil, milli soyad sonluğuna uyğun olaraq “Mirzəzadə’’ kimi qeyd olunaraq doğum haqqında şəhadətnamə alınması üçün Cavabdehnə müraciət etmişlər. Bu səbəbdən də Cavabdeh tərəfindən 23.02.2016-cı il tarixli, 263 saylı doğum haqqında akt qeydi tərtib olunub, onların övladına “X4” kimi doğum haqqında şəhadətnamə təqdim edilibdir. Daha sonra iddiaçılar fikirlərini dəyişdirib, uşağın soyadının “Mirzəzadə” deyil, hər ikisinin soyadına uyğun olaraq “Mirzəyev” kimi yazılması üçün Cavabdehnə müraciət etmişlər. Lakin onların müraciəti təmin edilməmişdir. Cavabdeh orqan 30.06.2021-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikası Milli Məclisinin 02.02.1993-cü il tarixli, 495 saylı qərarının tələblərinə uyğun olaraq, soyadın sonluğu yalnız bir dəfə “ov”dan “zadə, lı, li, soy” və digər sonluqlara dəyişdirilməsinə icazə verilir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011 -ci il tarixli, 79 saylı “Adın, ata adının və soyadının verilməsi və dəyişdirilməsi Qaydaları” nın təsdiq edilməsi barədə Qərarının 5.10-cu müddəasına əsasən Qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir. İddiaçıların nəzərinizə çatdırılmışdır ki, övladı Rəşid Mirzəzadə barəsində Cavabdeh tərəfindən tərtib edilmiş 23.06.2016-cı il tarixli, 263 saylı doğum haqqında akt qeydində onların razılığı əsasında övladının soyadının sonluğu “Mirzəyev” kimi deyil, "Mirzəzadə" kimi qeyd olunmuş, 23.02.2016-cı il tarixli, AZ-İİİ 708936 saylı doğum haqqında şəhadətnamə təqdim olunmuşdur. Göstərilənlərə əsasən, iddiaçıların övladının soyadının “Mirzəyev” kimi qeyd olunaraq yenidən doğum haqqında şəhadətnamənin verilməsi mümkün deyildir. Birinci instyansiya məhkəməsinin məhkəmə iclasında iddiaçılar iddia tələbinin təmin edilməsini xahiş etmişlər. İş materiallarında olan 031539 nömrəli “Nikah haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı1 və Mirzəyeva (Hüseynova) Nərmin Məmmədağa qızı arasında nikah 18.03.2015-ci il tarixdə bağlanılmışdır. Bu barədə akt qeydləri kitabında 18.03.2015-ci il tarixdə 98 nömrə ilə qeyd aparılmışdır. İş materiallarında olan 708936 nömrəli “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X4 03.02.2016-cı ildə anadan olmuşdur, atası İddiaçı1, anası İddiaçı2dır. Bu barədə akt qeydləri kitabında 23.02.2016-cı il tarixdə 263 nömrəli qeyd aparılmışdır. İş materiallarında olan Mingəçevir ŞİH başçısının 17.07.2021-ci il tarixli 88 nömrəli Sərəncamının surətində qeyd edilir ki, şəhərin A.S.Puşkin küçəsi ev 33/17 ünvanında yaşayan ər-arvad İddiaçı1 və İddiaçı2 şəhər icra Hakimiyyətinə ərizə ilə müraciət edərək, 03.02.2016-cı il təvəllüdlü X1 dəyişdirilib “ Mirzəyev ” yazılmasına icazə verilməsini xahiş etmişlər. Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik komissiyası uşağın soyadının dəyişdirilməsini onun mənafeyi naminə hesab etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən yerli icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun soyadının dəyişdirilməsinə valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə almaqla icazə verə bilər. Qeyd olunanları, şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik komissiyasının rəyini nəzərə alaraq və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54-cü maddəsini rəhbər tutaraq həmin sərəncamla vətəndaş X3 adına Cavabdeh tərəfindən icra edilmiş 23 fevral 2016-cı il tarixli 263 nömrəli doğum akt qeydində (doğum haqqında Şəhadətnamə AZ-İİİ 708936) dəyişiklik edilərək, soyadının “Mirzəzadə” əvəzinə “Mirzəyev” yazılmasına icazə verilməsi qərara alınmışdır. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 21 sentyabr 2021-ci il tarixli, 2- 1(116)-1275/2021 saylı qərarı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “03.02.2016-cı il təvəllüdlü X2 sonluğunun “Mirzəzadə”dən “Mirzəyev”ə dəyişdirilib soyadının “Mirzəyev” kimi yazılıb yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti vermişlər. Apellyasiya şikayətinin dəlilləri İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandıraraq, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2-1(116)-1275/2021 saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2-1(116)-1275/2021 saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2-1(116)-1275/2021 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçılar Cavabdeh tərəfindən 18.03.2015-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahdan 03.02.2016-cı il tarixdə X4 dünyaya gəlmişdir. İddiaçılar övladına ilkin doğum haqqında şəhadətnamə alarkən soyadının “Mirzəyev" kimi deyil, milli soyad sonluğuna uyğun olaraq “Mirzəzadə’’ kimi qeyd olunaraq doğum haqqında şəhadətnamə alınması üçün Cavabdehnə müraciət etmişlər. Bu səbəbdən də Cavabdeh tərəfindən 23.02.2016-cı il tarixli, 263 saylı doğum haqqında akt qeydi tərtib olunub, onların övladına “X4” kimi doğum haqqında şəhadətnamə təqdim edilibdir. Daha sonra iddiaçılar fikirlərini dəyişdirib, uşağın soyadının “Mirzəzadə” deyil, hər ikisinin soyadına uyğun olaraq “Mirzəyev” kimi yazılması üçün Cavabdehnə müraciət etmişlər. Lakin onların müraciəti təmin edilməmişdir. Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik komissiyası uşağın soyadının dəyişdirilməsini onun mənafeyi naminə hesab etmişdir. Azərbaycan Respublikası Milli Məcəlləsinin “Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında” 02 fevral 1993-cü il tarixli Qərarının birinci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları “-ov” “yev”, sonluqlu soyadlarını “-lı” (sözün kökündən asılı olaraq “-li”, “-lu”, “-lü”), “-zadə”, “-oğlu”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. Birinci instansiya məhkəməsi həmin Qərara istinad edərək belə bir qənaətə gəlmişdir ki, “-ov” “-yev”, sonluqlu soyadları bu Qərarda göstəriləndən başqa formada dəyişməsinin mümkünlüyü nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq hesab edir ki, həmin məhkəmə nəzərə almamışdır ki, həmin qərar imperativ xarakter daşımır və vətəndaşların soyadının sonluğunun ilkin vəziyyətə qaytarılmasını heç də qadağan etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 54.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Göründüyü kimi iddiaçılar uşaqın doğulandan dərhal sonra onun soyadının Mirzəzadə kimi qeyd edilərək ona doğum haqqında şəhadətnamənin verilməsini xahiş etmişlər. Sonradan isə iddiaçılar birinci dəfə olaraq soyadının sonluğunun dəyişdirilməsini və “Mirzəyev” kimi qeyd edilməsi bağlı Cavabdehnə müraciət etmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 5.1-ci bəndinə görə Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir. Həmin qərarın 5.3-cü bəndinə görə soyadın sonluğuna dəyişiklik edilməsi ilə əlaqədar müvafiq akt qeydlərində bu barədə qeyd edilir və yeni şəhadətnamələr verilir. Göründüyü kimi iddiaçılar ailə üzvlərinin soyadlarının eyni olması maraqlarından çıxış edərək uşaqları Rəşidin də soyadının sonluğunun dəyişdirilərk “Mirzəyev” kimi yazılması hüququndan bir dəfə istifadə etmək istəmişlər. Yuxarda sadalanan normaları isə həmin tələbin təmin edilməsini mümkün edir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2-1(116)- 1275/2021 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməli, Cavabdeh üzərinə 03.02.2016-cı il təvəllüdlü X2 sonluğunun “Mirzəzadə”dən “Mirzəyev”ə dəyişdirilib soyadının “Mirzəyev” kimi yazılıb yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin qoyulmasına dair iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2-1(116)-1275/2021 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh üzərinə 03.02.2016-cı il təvəllüdlü X2 sonluğunun “Mirzəzadə”dən “Mirzəyev”ə dəyişdirilib soyadının “Mirzəyev” kimi yazılıb yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi qoyulsun. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar