Məhkəmə qərarları › İş №2-1(107)-46/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-46/2024

01.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-46/2024 01.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirak ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli 10 saylı qərarı ilə Yevlax şəhəri ərazisindən JN 7298A (kod ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında iddiaçının mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsinə dövlət reyestrindən çıxarışın və “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli 2- 1(116)-1766/2023 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli 10 saylı qərarı ilə Yevlax şəhəri ərazisindən JN 7298A (kod ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında iddiaçının mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsinə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. İddia ərizəsinin əsaslarına görə, iddiaçı “Torpağın mülkiyyətə verilməsinə dair” JN 7298A kod 90101002 nömrəli şəhadətnamə ilə 0,03 ha torpaq saahəsini aqrar islahat kommissiyasının xx.xx.2006-cı il tarixli 10 №-li qərarı ilə əldə etmişdir. Həmin şəhadətnamədə iddiaçının torpaq sahəsinin yeri, qonşu torpaqları, verilən torpaq sahəsinin planı və sərhədləri mövcuddur. İddiaçı mübahisələndirilən torpaq sahəsini bu gün də idarə edir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-İ-0024-8/2023 nömrəli məktubunda qeyd etmişdir ki, Yevlax şəhər ərazisi üzrə elektron xəritə bazasında (DWJ) JN-7298A nömrəli torpaq sahəsinin yerləşmə mövqeyi öz əksini tapmamışdır. Arxiv materiallarında şəhadətnamənin arxiv nüsxəsi yoxdur, həmçinin elektron adlı siyahıda və şəhadətnamələrin qeydiyyatı kitabında İddiaçı adına JN-7298A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin olması barədə məlumatlar qeyd olunmamışdır. Qeyd edilən səbəblərdən Yevlax şəhərində yerləşən 0,03 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır.

3. Cavabdeh xx.xx.2023-cü il tarixdə şəxsi kabinet vasitəsilə iş materiallarına iddia tələbinə dair etirazını əlavə etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçı Yevlax şəhərində yerləşən 0,03 ha həyətyanı torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsinə köməklik göstərilməsi barədə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. Məlumat olaraq bildirilir ki, arxiv məlumatlarına, elektron məlumat bazasına əsaslanaraq JN-7298A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə araşdırılmışdır. Məlum olmuşdur ki, Yevlax şəhər ərazisi üzrə elektron xəritə bazasında (DWJ) JN-7298A nömrəli torpaq sahəsinin yerləşmə mövqeyi öz əksini tapmamışdır. Arxiv materiallarında şəhadətnamənin arxiv nüsxəsi yoxdur, həmçinin elektron adlı siyahıda və şəhadətnamələrin qeydiyyatı kitabında İddiaçı adına JN-7298A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin olması barədə məlumatlar qeyd olunmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə tərəflər razı olmadıqda, mübahisələrə qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəmədə baxılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-1766/2023 nömrəli qərardadı ilə Yevlax şəhər bələdiyyəsi hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. 5 Cavabdeh xx.xx.2023-cü il tarixdə şəxsi kabinet vasitəsilə iş materiallarına ərizə əlavə edərək birinci instansiya məhkəməsinin iclasında nümayəndənin iştirak edə bilməyəcəyini bildirmiş və işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir.

6. Üçüncü şəxs Yevlax şəhər bələdiyyəsi xx.xx.2023-cü il tarixli 436 nömrəli məktubu ilə işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və qanunamüvafiq qərar qəbul olunmasını xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 19 sentyabr 2023-cü il tarixli 2-1(116)-1766/2023 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

10. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış. apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli 2-1(116)-1766/2023 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli 2-1(116)- 1766/2023 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi. Həmçinin İddiaçı bildirdi ki, o, iddia tələbində torpaq sahəsinə dair texniki pasportun verilməsini xahiş edərkən, əslində “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsini nəzərədə tutmuşdur.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 19 sentyabr 2023cü il tarixli 2-1(116)-1766/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə xəbərdar edilsə də üçüncü şəxs ərizə göndərərək məhkəmə kollegiyasının iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir.

14. Məhkəmə kollegiyası onların iştirakı olmadan hazırkı işə baxılmasını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir.

15. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - İddia ərizəsinə əlavə olunmuş JN-7298A kod 90101002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin kserosurətindən görünür ki, Yevlax rayon AİK-nın xx.xx.2006-cı il tarixli 10 nömrəli qərarı ilə 0,03 ha həyətyanı torpaq sahəsi İddiaçı ayrılmışdır. Şəhadətnamənin əsli iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. - İddiaçının məhkəməyə təqdim etdiyi JN-7298A nömrəli şəhadətnamənin surətində göstərilən mübahisəli torpaq sahəsinin qonşu torpaq sahələrinə dair tərtib edilmiş şəhadətnamələrin arxiv nüsxələri məhkəmə tərəfindən sorğu edilmiş və cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. - JN-7284A kod 90101002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, Yevlax rayon AİK-nın xx.xx.2006-cı il tarixli 10 nömrəli qərarı ilə 0,03 ha həyətyanı torpaq sahəsi X4 ayrılmışdır. Həmin şəhadətnamədə qonşu torpaq sahələri sırasında JN-7298A nömrəli sahə öz əksini tapmamışdır.. - JN-7252A kod 90101002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, Yevlax rayon AİK-nın xx.xx.2006-cı il tarixli 10 nömrəli qərarı ilə 0,03 ha həyətyanı torpaq sahəsi X1 ayrılmışdır. Həmin şəhadətnamədə də qonşu torpaq sahələri sırasında JN-7298A nömrəli sahə öz əksini tapmamışdır. - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2-1308/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, Mərkəzin arxivində JN7298A kod 90101002, JN-7284A, JN-7282A, JN-7252A və JN-7295A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələr aşkar edilməmişdir. - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2-1308/2023 nömrəli məktubuna əlavə olunmuş subyektlər siyahısının təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, 7298ci sırada İddiaçı adı yazılmış, “qanuni istifadəsində olan həyətyanı sahə” qrafasında “0,0300” qeyd edilmişdir. - Cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-2736/2023 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunmuşdur ki, iddiaçının naturada göstərdiyi və iddia etdiyi 0,03 ha torpaq sahəsi elektron məlumat bazasında mövcud olan Yevlax bələdiyyəsinin “X2 X5”ndəki xəritəsinə əsasən, təyinatı kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası təmiz örüş (kənd təsərrüfatına yararlı torpaq), mülkiyyətçisi Yevlax bələdiyyəsidir. Torpaq sahəsinin faktiki istifadəçisini müəyyən etmək Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli 10 saylı qərarı ilə Yevlax şəhəri ərazisindən JN 7298 A (kod ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında iddiaçının mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsi elektron məlumat bazasında mövcud olmadığından, faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsini müəyyən etmək mümkün olmadı. İddiaçının naturada göstərdiyi və iddia etdiyi 0,03 ha torpaq sahəsində tikili mövcud deyil.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.4. qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 10.2-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

18. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi 4.3.-cü maddəsinə əsasən, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. 9.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. 9.2-ci maddəsinə əsasən məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu torpaqları, su fondu torpaqları, ehtiyat fondu torpaqları. 9.3-cü maddəsinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 10.3-cü hissəsinə müvafiq olaraq torpaq sahəsinin hüquqi rejimi ilə əlaqədar mübahisələr zamanı daha ciddi hüquqi rejimi olan torpaq kateqoriyasına üstünlük verilir. 12.2-ci maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir. 12.3-cü maddəsinə əsasən kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir. 16.1-ci maddəsinə əsasən yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində malqara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir. 16.2-ci maddəsinə əsasən yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir. 16.3-cü maddəsinə əsasən bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir. 48.4-cü maddəsinə əsasən torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir. 66.1-ci maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur; 111.2-ci maddəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

19. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan ... əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları ... xüsusi mülkiyyətə verilə bilməz.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş, “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” Qaydalarının İ hissəsi (ümumi müddəalar):

1. Azərbaycan Respublikasının dövlət torpaq fonduna aid olan yay və qış otlaqları, mal-qara düşərgələri və köç yolları dövlətin müstəsna mülkiyyətindədir. Örüş sahələri və biçənəklər yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və ya bələdiyyələrin mülkiyyətindədir. Dövlət mülkiyyətində olan torpaqlar bu Qaydalara uyğun olaraq mülkiyyətində və istifadəsində mal-qara və davarlar olan fiziki və hüquqi şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Bələdiyyə mülkiyyətində olan örüş sahələri və biçənəklər istifadəyə yalnız mülkiyyətində mal-qara və davarlar olan bələdiyyə müəssisələrinə, icarəyə isə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Mal-qara düşərgələri və köç yolları yalnız təyinatı üzrə istifadə edilir.

21. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 saylı sərəncamına əsasən, Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabineti həyata keçirir.

22. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli 155- İQ nömrəli Qanununun 1-ci maddəsinə əsasən torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir.

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

25. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.

26. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

27. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

28. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

30. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının ərazisində torpaqlar onların kateqoriyasına (məqsədli təyinatına) uyğun istifadə edilməlidir. İddiaçının isə faktiki olaraq istifadəsində olduğunu və ona həyətyanı torpaq sahəsi kimi ayrıldığını iddia etdiyi torpaq sahəsi kənd təsərrüfatı təyinatlı örüş sahəsidir. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçının öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. İddiaçı tərəfindən mübahisəli torpaq sahəsinə dair hüquqlarını təsdiq edən şəhadətnamənin əsli məhkəməyə təqdim edilməmiş, şəhadətnamənin arxiv nüsxəsi müəyyən olunmamışdır. Bununla yanaşı məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçının həyətyanı torpaq sahəsi kimi adına rəsmiləşdirilməsini tələb etdiyi mübahisəli torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmaqla uqodiyası örüş torpağıdır.

31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin tədqim etdiyi subyektlər siyahısının təsdiq edilmiş arxiv nüsxəsindən görünür ki, 7298-ci sırada İddiaçı adı qeyd edilmiş, qanuni istifadəsində olan həyətyanı torpaq sahəsi 0,0300 göstərilmişdir.

32. Yevlax şəhər AİK-in 17 fevral 2006-cı il tarixli 10 saylı iclas protokolundan görünür ki, Yevlax şəhərinin inzibati ərazi daxilində dövlət mülkiyyətində qalan xüsusi mülkiyyətə verilən torpaqlar çıxmaqla yerdə qalan aşağıda qeyd olunan çevrələrdə yerləşən torpaqlar Yevlax bələdiyyəsinin mülkiyyətinə verilməsi, Yevlax bələdiyyəsinin mülkiyyətində olan, bələdiyyənin ehiyat fond torpaqlarından, Nizami prospektində, Yevlax- Gəncə avtyomobil yolunun şəhərin mərkəzindən keçən hissəsinin sağ və solunda yerləşən 4-cü çevrədən 5,40 ha, 5-ci çevrədən 9,50 ha, 6-cı çevrədən 9,60 ha, 8-ci çevrədən 4,10 ha Bakı-Gəncə avtomobil yolunun solunda, keçmiş X8 və İnternat məktəbi ilə həmsərhəd ərazidə yerləşən 1-81 saylı çevrədən 3,56 ha, 82 saylı çevrədən12,15 ha, şəhərin şimalşərq hissəsindən Bakı-Gəncə dəmir yolunun sağ hissəsindən, Aeroport ərazisindən yerləşən 86 saylı çevrədən 13,60 ha, cəmi 57,91 ha torpaq sahəsi şəhərin perspektiv inkişafı üçün ayrılması, Yevlax bələdiyyəsinin mülkiyyətinə verilməsi, Yevlax şəhərində, yuxarıda göstərilən ünvanlarda yerləşən vətəndaşların qanunu istifadəsində olan həyətyanı torpaq sahələri onların xüsusi mülkiyyətinə verilməsi qərara alınmışdır.

33. Məhkəmə kollegiyasının araşdırması zamanı İddiaçı verilmiş JN-7298A kod 90101002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin əsli əldə edilmişdir. Həmin Şəhadətnamədən görünür ki, iddiaçıya Yevlax rayon AİK-in 17 fevral 2006-cı il tarixli 10 saylı qərarı ilə 0,03 ha torpaq sahəsi ayrılmışdır. Şəhadətnamə DT və XK-nin Yevlax rayon şöbəsi tərəfindən təsdiq edilmişdir.

34. Cavabdeh orqan öz mütəxəssis rəyində iddia edilən torpaq sahəsini Yevlax bələdiyyəsinin mülkiyyətində olmaqla uqodiyası örüş (kənd təsərrüfatına yararlı) torpaq sahəsi kimi göstərsə də bildirir ki, həmin torpaq sahəsi başqa şəxslərin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür.

35. Apellyasiya şikayətinə baxılaraq obyektiv qərar qəbul edilməsi baxımından məhkəmə kollegiyası tərəfindən xx.xx.2023-cü il tarixdə mübahisə predmeti olan torpaq sahəsinə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin torpaq sahəsi Yevlax şəhəri ərazisinə daxil olmaqla, üzəri ağ duz qatı ilə örtülmüş, şoranlaşmış, kənd təsərrüfatı və örüş üçün yararsız torpaq sahəsidir. Yevlax şəhəri AİK-in 17 fevral 2006-cı il tarixli, 10 saylı iclas protokolu ilə qəbul edilmiş qərarda göstərilən əraziyə düşür. Torpaq sahəsinin üç tərəfi boş ərazidir. Yalnız şimal hissəsində mişar daşından ev tikilmişdir. Digər yaxın ətrafında əlavə tikililər yoxdur.

36. Məhkəmə kollegiyası qeyd edir ki, torpağın ayrılmasına dair sərəncam (inzibati akt) qüvvədə olduğundan cavabdeh orqan həmin inzibati akt əsasında ayrılmış torpaq sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edə bilməz. Bu halda, reyestrdə qeydiyyatı aparmaqdan imtina edən inzibati orqan həmin qeydiyyatın aparılmamasının mükünsüzlüyünü konkret işin faktiki və hüquqi hallarına istinadla əsaslandırmalı, eləcə də bu halın hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Belə imtinada, həmçinin mütləq "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin və ya bir neçəsinin mövcudluğuna istinad olunmalıdır.

37. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur

38. Torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.

39. Müvafiq hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır.

40. Qeyd olunmalıdır ki, torpaq sahəsinin iddiaçıya ayrıldığı və onun istifadəsində olduğu müddətdə AİK-in 17 fevral 2006-ci il tarixli qərarının hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş materialları ilə təsdiq olunmur. Eyni zamanda cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin qərar qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. ("İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur.

41. Həmçinin nəzərə almaq lazımdır ki, mübahisələndirilən torpaq sahəsi səlahiyyətli orqanın - AİK-in qərarı əsasında ayrılmışdır. İddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək həmin sənədin məzmununa uyğun davranmış, torpaq sahəsinin dəyərini ödəmiş və ondan təyinatına uyğun istifadə etmişdir. Bununla da onun inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır. Yəni, iddiaçı qüvvədə olan qərar əsasında torpaq sahəsinə faktiki sahiblik etdiyindən onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınacağına dair etimadı mövcud olmuşdur. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.

42. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hallar müəyyən edilmədiyindən, həmin qərar "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən torpaq sahəsi üzərində sonuncunun hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır.

43. Məhkəmə kollegiyası eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan, qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir.

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Savalan” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, "hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin cavabdeh orqan tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.”

45. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmmaışdır.

46. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə onun tələbini təmin etməkdən imtinası onun mülkiyyət hüququnun pozuntusudur. Ona görə iddiaçının müraciətinin təmin edilməsindən imtina edən inzibati orqanın hərəkətləri əsassız olmuş, işə baxan birinci instansiya məhkəməsi tam araşdırma aparmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir.

47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli 10 saylı qərarı ilə Yevlax şəhəri ərazisindən JN 7298A (kod ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında İddiaçı verilmiş 0,03 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmalı, torpaq sahəsinə dövlət reyestrindən çıxarış və “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyi qoyulmalı, apellyasiya şikayəti təmin edilməlidir.

48. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli 2-1(116)-1766/2023 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilsin. Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli 10 saylı qərarı ilə Yevlax şəhəri ərazisindən JN 7298A (kod ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında İddiaçı verilmiş 0,03 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın və “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə qoyulsun. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar