Məhkəmə qərarları › İş №2-1(107)-460/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-460/2025

07.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-460/2025 07.08.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), X8 və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, iddiaçılar İddiaçı2 və İddiaçı1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “iddiaçılara 2022-2023-cü əkin ili üçün ödənilməmiş əkin subsidiyasının Azərbycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması qaydasına uyğun olaraq hesablanaraq ödənilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 29 aprel 2025-ci il tarixli, 2-1(116)-495/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları:

1. JN-0089 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən Qəbələ rayon AİK-nın xx.xx.2004-cü il tarixli, 06 saylı qərarı ilə İddiaçı1 4 nəfər ailə üzvü ilə birlikdə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 7,31 ha torpaq sahəsi ayrılmış, Dövlət Aktının planşet hissələrində torpaq sahəsinin ölçüləri 3813,76 kv.m, 22863,,08 kv.m, 37941,69 kv.m, 10846,92 kv.m, 18200,68 kv.m qeyd edilmişdir.

2. xx.xx.2024-cü il tarixli, ********** (3,7941 ha), ********** (0,3813 ha), ********** (1,0846 ha) və ********** (1,82 ha) qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən İddiaçı1 sözügedən torpaq sahələri üzərində ümumi birgə mülkiyyət hüququna dair yeni nümunəli sənədlər tərtib edilmişdir.

3. JN-0088 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən Qəbələ rayon AİK-nın xx.xx.2004-cü il tarixli, 06 saylı qərarı ilə X3 4 nəfər ailə üzvü ilə birlikdə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 6,39 ha torpaq sahəsi ayrılmış, Dövlət Aktının planşet hissələrində torpaq sahəsinin ölçüləri 6076,73 kv.m, 37942,61 kv.m, 19862,32 kv.m. qeyd edilmişdir.

4. xx.xx.2024-cü il tarixli, ********** (0,6076 ha), ********** (1,9862 ha) və ********** (3,7942 ha) qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən X1 torpaq sahələri üzərində ümumi birgə mülkiyyət hüququna dair yeni nümunəli sənədlər tərtib edilmişdir.

5. İddiaçılar, 2022-2023-cü əkin ili üzrə subsidiyanın verilməsi üçün cavabdeh orqana müraciət etmişlər.

6. Cavabdeh orqan xx.xx.2024-cü il tarixli imtina cavabında müvafiq olaraq 7,31 ha və 6,39 ha torpaq sahələrinin aqrokimyəvi analizlərinin verilməməsinə istinad etmiş və təqvim ili üzrə ayrılmış subsidiya məbləğinin dövlət büdcəsinə qaytarılmasını bildirilmişdir.

birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

7. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılara 2022-2023-cü əkin ili üçün ödənilməmiş əkin subsidiyasının Azərbycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması qaydası”na uyğun olaraq hesablanaraq ödənilməsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişlər.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydasına uyğun olaraq əkin və çoxillik əkmələrin altında olan torpaqlarda həmin torpaqların məqsədli təyinatına uyğun kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə subsidiya verilməlidir. Həmin qaydaların 2.6-cı bəndinə əsasən subsidiyaların verilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi həyata keçirir. 2019-cu ildən 2022-ci ilədək subsidiyaların verilməsində heç bir problem olmamışdır. Lakin. 2022- 2023-cü əkin ili üçun “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” nın 3.8.2-ci yarımbəndinə əsaslanaraq torpaq sahəsinin aqrokimyəvi analizi təqdim edilmədiyinə görə bizə 2023-cü ildə əkin subsidiyası verilməmişdir. Cavabdehlə mübahisənin məhkəməyə qədər nizama salınması üçün cavabdehə ərizə ilə müraciət edilərək 2022-2023-cü əkin ili üçun subsidiyanın hesablanıb ödənilməsi xahiş edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli 3-22-2/2-Kol-166- 16-170/2024 saylı cavab məktubunda “Qaydalar”ın 3.8.2- 1-ci yarımbəndinə əsasən torpaq sahələrinin aqrokimyəvi analizinin nəticələrinə dair sənədlər EKTŞ-ə daxil edilmədiyinə görə 2022- 2023-cü əkin ili üçun subsidiyanın verilməsinin mümkün olmadığını bildirmişdir. Bundan başqa 2023-cü ildə Məhkəməyə etdiyimiz iddia ərizəsinə əlavə etdiyimiz EKTŞ-da olan “mənim səhifəm”də “bəyan etdiyiniz əkin sahəsinin aqrokimyəvi analizinin nəticələri təqdim edilmədiyindən subsidiya müraciətinizin təsdiq edilməsi mümkün olmamışdır.” qeydi edilmişdir. Göründüyü kimi cavabdeh subsidiyanın verilməsindən imtina etmişdir.

9. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, 2022-ci ildə mülkiyyətlərində olan torpaqların aqrokimyəvi analizin aparılmalı olduğu, əks halda subsidiyanın verilməyəcəyi bildirilmişdir. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin çağrı mərkəzinə zəng edərək 10 hektardan çox torpağı olanların məcburi analiz aparmalı olduqlarını bildirmişdir, halbuki hər birinin torpaq sahəsinin 10 hektardan az olduğunu qeyd etmişdir. Qeyd edilənlərə əsasən etiraz edərək ilk növbədə bildiririk ki, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydasının 2.2-ci bəndinə uyğun olaraq yaradılan X4 “Bitkiçilik sahəsində 2022-ci il üzrə bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsinə dair Qərarı”nın 2-ci bəndinə əsasən torpaq sahələrinin hər 5 hektarına görə aqrokimyəvi analiz aparılmadıqda, həmin torpaq sahələrinin becərilməsinə görə bu Qərarın 1-ci bəndi ilə müəyyən edilmiş subsidiyalar ödənilmir. Digər tərəfdən, həmin Qaydanın 3.1-1-ci bəndinə əsasən istifadəsində olan 10 hektar və daha çox torpaq sahəsində (sahələrində) bu Qaydanın 2.2ci bəndinə uyğun olaraq yaradılan X4 təsdiq etdiyi siyahıya daxil edilmiş sığortalanmalı olan bitkinin becərilməsinə görə əkin subsidiyası bu Qaydanın tələblərinə əsasən, sığorta müqaviləsi bağlandıqdan sonra verilir. İddia ərizəsinə əlavə edilən JN 0089 Kod 40600028 nömrəli Dövlət Aktından da, göründüyü kimi İddiaçı1 torpaq sahəsi 7,31 hektar təşkil edir və buna baxmayaraq, iddiaçı tərəfindən aqrokimyəvi analiz aparılmamışdır. Eyni zamanda əlavə olaraq bildiririk ki, müvafiq məsələ ilə bağlı iddiaçı ilə zəngli əlaqə saxlanılaraq xx.xx.2023-cü il tarixinə qədər aqrokimyəvi analiz aparıldığı təqdirdə subsidiyanın ödəniləcəyi bildirilmişdir.

10. Şəki İnzibati Məhkəməsinin 29 aprel 2025-ci il tarixli, 2-1(116)-495/2025 nömrəli qərarı ilə (hakim Fəxri Hacızadə) iddia tələbi təmin edilmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi qənaəti aşağıdakı kimi əsaslandırmışdır: - JN-0088 saylı kod 40600028 Dövlət Aktından görünür ki, 6.39 ha torpaq sahəsi, JN-0089 saylı kod 40600028 Dövlət Aktından görünür ki, 7.31 ha torpaq sahəsi iddiaçıların birgə mülkiyyətinə verilmişdir. Lakin, həmin torpaq sahələri müxtəlif planşetlərdə yerləşməklə hər hansı birinin 5 ha-dan artıq olması müəyyən edilmir. Yuxarıda qeyd olunan məlumatdan görünür ki, iddiaçılar subsidiyanın ödənilməsi üçün öz üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Cavabdeh tərəfindən də həmin hallar təkrarlanmasına baxmayaraq 2024-cü il üçün subsidiyanın verilməsi təmin edilmişdir. İnzibati orqan tərəfindən maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edilməsi və ya tam araşdırılmaması onların konstitusion hüquqlarının, eləcə də bərabərlik və ayrı-seçkiliyin qadağan edilməsi prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Bu hallar məhsuldarlığın aşağı düşməsi ilə yanaşı fermerlərin narazılığına səbəb ola bilər. Qeyd edilənlərə əsasən məhkəmə bildirir ki, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.

12. Cavabdeh orqan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayətinin dəlillərinə görə 2020-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na (bundan sonra – Qayda) uyğun olaraq X5 İnformasiya Sistemi (EKTİS) üzərindən həyata keçirilir. Fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün Qaydanın 3.8.2-1-ci yarımbəndinə əsasən kənd təsərrüfatı təyinatlı, habelə digər kateqoriya torpaqlarda məqsədli təyinatı əkin və çoxillik əkmələrin altında olan torpaqların aqrokimyəvi analizinin nəticələrinə dair sənədləri EKTİS-ə daxil etməlidirlər. Qaydanın 2.1-ci bəndinə əsasən fermerlərə subsidiyaların verilməsinin təşkili bu Qaydaya və xidmət reqlamentlərinə müvafiq həyata keçirilir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi üzrə 2019-cu il 30 dekabr tarixli 05Q nömrəli Qərar ilə təsdiq edilmiş “Əkin subsidiyasının verilməsi” xidmətinə dair Reqlamentin 13-cü hissəsinə görə tələb olunan sənədlər və məlumatlar düzgün və ya vaxtında təqdim edilmədikdə və ya həmin sənədləri və məlumatları “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən EKTİS ilə inteqrasiya edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra – ƏMDX) Elektron Xidmətlər Portalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə əldə etmək mümkün olmadıqda xidmətin həyata keçirilməsindən imtina edilir. Reqlamentin 14-cü hissəsinə əsasən aqrokimyəvi analizlərin nəticələrinə dair sənədlər xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlərə aiddir. Reqlamentin 16cı hissəsinə görə fermer Qaydanın tələblərini pozduqda və subsidiya üçün müraciət etmədikdə ona subsidiya ödənilmir və təqvim ili ərzində büdcədən ayrılan subsidiya məbləği büdcəyə geri qaytarılır. Reqlamentdə torpağın aqrokimyəvi analizinin nəticələrinə dair arayışın təqdim edilməsi əkin subsidiyasının verilməsi şərtlərindən biri kimi müəyyən edilmişdir. Qaydanın 3.17-ci bəndinə əsasən təqvim ili ərzində büdcədən ayrılan və fermerə verilməyən subsidiya məbləği büdcəyə qaytarılır. Habelə Qaydanın 3.1-1-ci bəndinə əsasən, istifadəsində olan 10 hektar və daha çox torpaq sahələrində Qaydanın 2.2-ci bəndinə uyğun olaraq yaradılan X4 təsdiq etdiyi siyahıya daxil edilmiş sığortalanmalı olan bitkinin becərilməsinə görə əkin subsidiyası yalnız sığorta müqaviləsi bağlandıqdan sonra verilir. Qaydanın 2.2-ci bəndinə uyğun olaraq yaradılan X4 “Bitkiçilik sahəsində 2022-ci il üzrə bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsinə dair Qərarı”nın 2-ci bəndinə əsasən subsidiya almaq üçün torpaq sahələri 2 hektardan çox olan toxum və ting istehsalçıları əkin apardıqları torpaq sahələrinin hər 2 hektarına görə, torpaq sahələri 5 hektardan çox olan digər kənd təsərrüfatı məhsulları istehsalçıları isə əkin sahələrinin hər 5 hektarına görə bir torpaq analizi verməlidirlər. Torpağın aqrokimyəvi analizinin nəticələrini əkin bəyanları müddətində EKTİS-ə daxil etməyən fermerlərə əkin subsidiyası ödənilmir. Burada nəzərə çatdırılır ki, norma istehsalçının hüquqi statusundan (fiziki və ya hüquqi şəxs olmasından) asılı olmayaraq sahə ölçüsünə əsaslanır. Hər bir istehsalçının sahəsi ayrıca nəzərə alınır və sahə 5 hektarı keçdikdə torpaq analizi təqdim etmək məcburidir. Torpaq sahələrinin hər 5 hektarına görə aqrokimyəvi analiz aparılmadıqda, həmin torpaq sahələrinin becərilməsinə görə subsidiya ödənilmir. Kənd təsərrüfatı məqsədilə istifadə edilən torpaq sahəsi üzrə subsidiya hüququnun müəyyən edilməsində fiziki şəxslərin ümumi mülkiyyətində olan torpaq sahələrinin faktiki ölçüsü əsas götürülür. JN-0088 saylı kod 40600028 Dövlət Aktına əsasən X2 və ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş torpaq sahəsinin ölçüsü 6,39 ha, JN-0089 saylı kod 40600028 Dövlət Aktına əsasən İddiaçı1 və ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş torpaq sahəsinin ölçüsü isə 7,31 ha təşkil edir. Buna görə də, hər iki şəxsin torpaq sahələri 5 hektardan artıq olduğuna və torpağın keyfiyyəti barədə analiz sənədləri təqdim edilmədiyinə görə, həmin torpaqların əkin üçün yararlılığı müəyyən edilə bilməmiş və nəticədə onların subsidiya almaq hüququ məhdudlaşdırılmışdır. Məhkəmə isə 2024-cü il üzrə subsidiyanın verildiyini əsas gətirərək əvvəlki illər üzrə də subsidiyanın ödənilməli olduğunu qeyd etmişdir. Lakin 2024-cü ildə iddiaçılar tərəfindən torpaq sahələrinə dair yeni çıxarışlar alınmış, sahələr ayrı-ayrı planşetlər üzrə bölünərək hər biri 5 hektardan artıq olmamaqla təqdim edilmişdir. Hər bir hüquqi sənəddə göstərilən sahə 5 hektardan artıq olmadığı üçün bu torpaq sahələri üzrə aqrokimyəvi analiz təqdim etmədən subsidiyanın alınması mümkün olmuşdur. Beləliklə, 2024-cü ildə subsidiyanın verilməsi əvvəlki illərdə yaranmış hüquqi vəziyyətdən fərqli əsaslara dayanmışdır və bu, əvvəlki illərdə subsidiyanın verilməsinə hüquqi əsas yaratmır. Göründüyü kimi, məhkəmə subsidiya ödənişlərinin 2024-cü ildə verilməsi faktına əsaslanaraq əvvəlki illər üzrə subsidiya ödənilməli olduğunu qərara bağlamış, lakin 2024cü ildə iddiaçıların torpaq sahələrini 5 hektardan artıq olmayan hissələrə bölərək yeni çıxarışlarla təqdim etdiklərini və bunun nəticəsində aqrokimyəvi analiz tələbindən azad olduqlarını nəzərə almamışdır. Nəticədə məhkəmə 2022-2023-cü illərdə subsidiya ödənilməməsinin qanuni əsaslarını düzgün qiymətləndirməyərək, 2024-cü ildə yaranmış fərqli hüquqi vəziyyət əsasında qərar qəbul etmişdir ki, bu da hüquqi əsasların zəifləməsinə səbəb olmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

14. İddiaçılar apellyasiya şikayətinə qarşı etirazlarında qeyd etmişlər ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na əsasən əkin və çoxillik əkmələrin altında olan torpaqlarda kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün sərf olunan xərclərin bir hissəsi kompensasiya olunmalıdır. Qaydanın 2.6-cı bəndinə görə subsidiya verilməsi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin səlahiyyətindədir və 2019–2022-ci illərdə subsidiyaların verilməsində heç bir problem olmayıb. Lakin 2022–2023-cü əkin ili üçün torpaq sahələrinin aqrokimyəvi analizi təqdim edilmədiyi əsas gətirilərək subsidiya verilməmişdir. İddiaçılar qeyd edirlər ki, Qaydaların 3.8.2-1-ci bəndində digər sənədlər də nəzərdə tutulmuş, lakin bu sənədlərin hansı subsidiya növünə aid olduğu göstərilməmişdir və qaydalarda aqrokimyəvi analiz təqdim edilmədikdə subsidiyanın verilməməsi şərti mövcud deyil. Şuranın 2022-ci il qərarı bu qaydalara ziddir, çünki Qaydaların 2.4-cü maddəsinə əsasən Şuraya subsidiyanın verilibverilməməsi barədə şərt qoymaq səlahiyyəti verilmir. İddiaçılar həmçinin vurğulayırlar ki, onların torpaq sahələri hər biri 5 hektardan azdır və eyni planşetdə yerləşmədiyi üçün 2024–2025-ci illərdə də aqrokimyəvi analiz tələb olunmadan subsidiyalar verilib. Eyni qaydada torpaq sahələri olan digər şəxslərə isə torpaq sahələrinin 5 hektardan çox olmaması səbəbindən subsidiyalar verilmişdir. Dövlət aktları və çıxarışlar göstərir ki, torpaq sahələri müxtəlif planşetlərdədir və sahələrdə heç bir dəyişiklik olmayıb. Cavabdehin torpaq sahələrinin əvvəllər eyni planşetdə olub, sonradan ayrı-ayrı çıxarışlarla bölünməsi kimi başa düşülən mövqeyi əsassızıdır. Eyni zamanda, cavabdehin əsaslandığı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 2019-cu il 30 dekabr tarixli 05Q nömrəli Qərar subsidiyanın verilməməsi üçün qanuni əsas ola bilməz.

tərəflərin izahatları

15. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçılar apellyasiya şikayətinə etiraz etdiklərini bildirərək cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi və Şəki İnzibati Məhkəməsinin 29 aprel 2025-ci il tarixli, 2-1(116)-495/2025 qərarının dəyişdirmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

tətbiq edilən hüquq

16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... 30.2. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

18. “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması Qaydası”: 2.1. Fermerlərə subsidiyaların verilməsinin təşkili bu Qaydaya və xidmət reqlamentlərinə müvafiq həyata keçirilir. 2.2. Aqrar sahədə subsidiyaların tətbiqi ilə bağlı qərarları qəbul edən Şura yaradılır. Şura sədr də daxil olmaqla 9 üzvdən – Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirindən, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin (2 nəfər), Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (1 nəfər), Azərbaycan Respublikası Maliyyə Nazirliyinin (1 nəfər), Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin (1 nəfər), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (1 nəfər), Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin (1 nəfər) və yerli fermerlər assosiasiyasının (1 nəfər) nümayəndələrindən ibarətdir. Şuraya rəhbərliyi Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri həyata keçirir. 2.3. Şura ictimai əsaslarla fəaliyyət göstərir. Şuranın iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Şuranın iclasında, hər üzvün bir səsi olmaqla, qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir. 2.4. Şura hər il yanvarın 15-dək aşağıdakılar barədə qərarlar qəbul edir və bu barədə ictimaiyyəti məlumatlandırır: 2.4.1. əkin subsidiyasının tətbiqi üçün vahid əkin sahəsi elan edilən yerlərin siyahısının, regionlar üzrə bitkilərin siyahısının və onlara tətbiq edilən əkin əmsallarının, həmçinin “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aqrar sığorta predmetinə aid bitkilərdən sığortalanması tələb olunanların (bundan sonra – sığortalanmalı olan bitkilər) siyahısının (bu Qaydanın 2.5-1-ci bəndi nəzərə alınmaqla) və onların əkin sahələrinin minimum ölçüsünə dair tələblərin təsdiqi; 2.4.1-1. dincə qoyulmuş torpaq subsidiyasının tətbiqi üçün ərazilərin siyahısının, həmin ərazilərin ardıcıl becərilmə dövrlərinin və onlara tətbiq edilən dincə qoyulmuş torpaq əmsallarının təsdiqi; 2.6. Fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Nazirliyin dövlət aqrar inkişaf mərkəzlərinin (DAİM) bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi həyata keçirir. 2.8. DAİM subsidiyaların verilməsi ilə bağlı aşağıdakı xidmətləri həyata keçirir. 2.8.1. bu Qaydada müəyyən edilmiş hallarda fermerlərin, tədarükçülərin və təchizatçıların SİS-də qeydiyyatını aparır; 2.8.2. subsidiya almaq üçün müraciət etmiş fermerlərin sənədlərinin yoxlanılmasını və müraciətlərinin subsidiya informasiya sisteminə (SİS) daxil edilməsini həyata keçirir; 2.8.3. subsidiyaların verilməsi və SİS-in istifadəsi ilə bağlı məlumatlandırmanı həyata keçirir; 2.8.4. subsidiyaların verilməsi prosesində yerlərdə yaranan problemləri araşdırır və onların həlli barədə Agentliyə təkliflər verir. 3.8. Fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə aşağıdakı sənədləri və məlumatları SİS-ə daxil edirlər: 3.8.1. proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti); 3.8.2-ci maddəsinə əsasən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən EKTİS ilə inteqrasiya edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə əldə etmək mümkün olmadıqda, torpaq sahəsinin xüsusiyyətlərini (torpağın məqsədli təyinatı, bonitirovkası) və fermerin istifadə hüququnu təsdiq edən sənədi (2025-ci il yanvarın 1-dən etibarən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı); 3.8.2-1. kənd təsərrüfatı təyinatlı, habelə digər kateqoriya torpaqlarda məqsədli təyinatı əkin və çoxillik əkmələrin altında olan torpaqların aqrokimyəvi analizinin nəticələrinə dair sənədləri; 3.8.3. əkin subsidiyası üçün istifadə edilən kənd təsərrüfatı istehsal vasitələrinin həcmi barədə məlumatı və satınalınmasına dair sənədləri, sığortalanmalı olan bitkilərə münasibətdə isə həmçinin sığorta müqaviləsinin nömrəsini; 3.8.4. məhsul subsidiyası üçün kənd təsərrüfatı məhsullarının tədarükçülərə təhvil verilməsini, toxum subsidiyası üçün toxum və tingin satışını təsdiq edən sənədləri; 3.8.5. kənd təsərrüfatı kooperativlərinin fəaliyyətini tənzimləyən sənədləri. 3.9. Fermerdən əlavə sənədlər yalnız “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsində nəzərdə tutulmuş hallarda və qaydada tələb edilə bilər.

19. X4 “Bitkiçilik sahəsində 2022-ci il üzrə bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsinə dair Qərarı” Subsidiya almaq üçün torpaq sahələri 2 hektardan çox olan toxum və ting istehsalçıları əkin apardıqları torpaq sahələrinin hər 2 hektarına görə, torpaq sahələri 5 hektardan çox olan digər kənd təsərrüfatı məhsulları istehsalçıları isə əkin sahələrinin hər 5 hektarına görə bir torpaq analizi verməlidirlər. Torpağın aqrokimyəvi analizinin nəticələrini əkin bəyanları müddətində EKTİS-ə daxil etməyən fermerlərə əkin subsidiyası ödənilmir.

apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.

20. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Cavabdeh orqan onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

25. Hazırkı iddia tələbini irəli sürmüş iddiaçılar İPM-nin 30.2-ci maddəsi baxımından birgə iddiaçı qismində prosessual həmiştirakçılar kimi çıxış edirlər. Belə ki, irəli sürülmüş tələblər eyni növdəndir, uyğun faktiki və hüquqi əsaslara söykənir və cavabdeh tərəfindən imtina cavabları eyni hüquqi əsasla verilmişdir.

26. Mübahisəyə hüquqi qiymət verilməsi üçün ilk növbədə, torpaq sahəsinin aqrokimyəvi analizlərinin nə məqsədlə aparıldığı, bu analiz nəticələrinin nəyi müəyyən etməyə xidmət etdiyi və subsidiyaların hansı şərtlərlə verildiyi aydınlaşdırılmalıdır.

27. Cavabdeh orqana aid olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin rəsmi internet portalında yerləşdirilmiş “Torpağın aqrokimyəvi analizi nə üçün vacibdir? – Fermerlərə tövsiyələr” başlıqlı maarifləndirici materialda ümumi məzmundan aydın görünür ki, torpaq sahəsinin aqrokimyəvi analizlərinin nəticələrinin əldə edilməsinin məqsədi torpağın qida maddələri ilə (humus, azot, fosfor, kalium, maqnezium, mikro və makroelementlər, karbonatlıq və duzluluq) təmin olunma dərəcəsinin müəyyənləşdirilməsi, torpaq münbitliyinin qiymətləndirilməsi və sahənin əkin üçün elmi əsaslarla planlaşdırılması, gübrə normalarının hesablanması və torpağın aqrokimyəvi pasportlaşdırılması və kartoqramların hazırlanması, kənd təsərrüfatı bitkilərinin qida maddələri və rütubət ehtiyatı ilə təmin olunma vəziyyətinin elmi əsaslarla qiymətləndirilməsi, sələf bitkilərinin düzgün seçilməsi, yəni əkin strukturu və rotasiyasının elmi əsaslarla qurulması, torpaqların iqtisadi cəhətdən səmərəli istifadəsinə imkan yaradılması və Kənd Təsərrüfatı Nazirliyinin X7 inteqrasiya və torpaq xəritələrinin formalaşdırılmasıdır.

28. X4 “bitkiçilik sahəsində 2022-ci il üzrə bitkilər və regionlara görə əkin, məhsul, və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsinə dair qərarının 2-ci bəndinə əsasən torpaq sahələrinin hər 5 hektarına görə aqrokimyəvi analiz aparılmadıqda həmin torpaq sahəsinin becərilməsinə görə bu qərarın 1-ci bəndi ilə müəyyən edilmiş subsidiyalar ödənilmir.

29. İddiaçılar Şuranın belə bir qərar qəbul etmək səlahiyyətinin olmamasını qeyd etsələr də, "Kənd təsərrüfatı məhsulları istehsalına görə subsidiyaların verilməsi Qaydası"nın 2.4.3-1-ci bəndində (bitkiçilik sahəsində subsidiyaların tətbiqi üçün torpağın sahəsi və keyfiyyət parametrləri, çoxillik bitkilərin əkin ili, əkilən toxum və tinglər, aqrotexniki tədbirlərin aparılması, müasir suvarma sistemlərinin tətbiqi nəzərə alınmaqla əmsalların fərqləndirilməsi) Şuraya torpağın keyfiyyəti əsasında subsidiyanın verilibverilməməsi ilə bağlı məsələnin həll edilməsi hüququ verilmişdir.

30. Qaydaların 3.8-ci bəndində fermerlərin bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün kənd təsərrüfatı təyinatlı, habelə digər kateqoriya torpaqlarda məqsədli təyinatı əkin və çoxillik əkmələrin altında olan torpaqların aqrokimyəvi analizinin nəticələrinə dair sənədləri təqdim etməsi vəzifəsi müəyyən edilmişdir (3.8.2-1).

31. Hazırda tərəflər arasında mübahisənin yaranmasına səbəb torpaq sahəsinin ölçüsü 5 hektardan çox olan digər kənd təsərrüfatı məhsulları istehsalçılarının əkin sahələrinin hər 5 hektarına görə bir torpaq analizi verməli olması ilə bağlı normanın cavabdeh orqan tərəfindən düzgün şərh edilməməsi ilə bağlıdır.

32. Belə ki, iş materiallarından görünür ki, iddiaçıların ümumibirgə mülkiyyətində olan torpaq sahələrinin ümumi ölçüsü 5 hektardan artıq olsa da, onlar eyni ərazidə yerləşmirlər. Fərqli ərazidə yerləşən torpaq sahələrinin isə heç birinin ölçüsü 5 hektardan artıq deyil.

33. Məhkəmə kollegiyası qeyd edir ki, 5 hektarlıq torpaq sahəsinə münasibətdə aqrokimyəvi analiz şərti, yalnız bir massivdə yerləşən torpaqlara tətbiq olunmalıdır. Əgər torpaq sahələri fiziki-coğrafi baxımdan bir-birindən ayrı və müxtəlif yerlərdədirsə, hər bir sahəyə ayrı-ayrı yanaşılmalıdır.

34. Faktiki olaraq cavabdeh orqan da, növbəti ildə iddiaçılara subsidiyanı verməklə sözügedən ayrı-ayrı ərazilərdə yerləşən torpaq sahələrinin hər birinin ölçüsünün 5 hektardan az olmasını qəbul edir. Lakin, bunu həmin torpaq sahələrinin hər birinə ayrıayrılıqda verilmiş çıxarışın mövcud olması ilə əsaslandırır.

35. Nəzərə alınmalıdır ki, iddiaçılara məxsus torpaq sahələrinə dair ilkin dövlət aktlarında müxtəlif ərazilərdə yerləşən torpaq sahələrinin cizgilərinin ayrı-ayrı planşet hissələrində, lakin vahid dövlət aktında göstərilməsi həmin dövlət aktlarının hüquqi qüvvəsinin çıxarışdan aşağı olması və ya torpaq sahəsinin bir ərazidə yerləşən ölçüsünün 5 hektardan artıq olması kimi qiymətləndirilə bilməz.

36. Faktiki olaraq hər iki sənəd – həm Dövlət Aktının planşet hissələri, həm də ayrıayrı verilmiş çıxarış və plan ölçü sənədləri eyni məsələni nizamlayır.

37. Dövlət Aktının hər bir planşet hissədə göstərilən torpaq sahəsi iddiaçıların müvafiq torpaq sahəsi üzərində dövlət qeydiyyatına alınmış ümumi birgə mülkiyyət hüququnu əks etdirir.

38. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.1-ci maddəsinə müvafiq olaraq, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.

39. 21 aprel 2006-cı il tarixli 100-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478) ilə “Torpaq islahatı haqqında” Qanuna əlavə edilən "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı"nın və "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"nin nümunələri çıxarılmışdır.

40. Odur ki, cavabdeh orqanın hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara münasibətdə 5 hektar torpaq sahəsi ilə bağlı aqrokimyəvi analiz şərtini irəli sürmədiyi halda, həmin torpaq sahəsinin ilkin sənədi olan Dövlət Aktlarının planşet hissələrinə münasibətdə belə bir tələb irəli sürməsi tamamilə əsassız olmuşdur.

41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şəki İnzibati Məhkəməsinin 29 aprel 2025-ci il tarixli, 2-1(116)-495/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar