Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-461/2021 22.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi, iddiaçının vəkili X4 və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X7 13 saylı Regional Ərazi filialına qarşı “cavabdehin ondan 04.12.2017-ci il tarixdən 31.07.2020-ci il tarixə kimi aldığı 37911 (otuz yeddi min doqquz yüz on bir) manat 77 qəpik məbləğində əmək pensiyasının geri qaytarılması haqqında Q/75 nömrəli 09.04.2021-ci il tarixli qərarının qanunsuz hesab edilərək ləğv olunması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 2-1(116)- 971/2021 tarixli, 27.08.2021-ci il saylı qərarından İddiaçı oğlunun vermiş olduğu apellyasiya şikayətinə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X7 13 saylı Regional Ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin ondan 04.12.2017-ci il tarixdən 31.07.2020-ci il tarixə kimi aldığı 37911 (otuz yeddi min doqquz yüz on bir) manat 77 qəpik məbləğində əmək pensiyasının geri qaytarılması haqqında Q/75 nömrəli 09.04.2021-ci il tarixli qərarının qanunsuz hesab edilərək ləğv olunması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Şəki İnzibati Məhkəməsinə 25.05.2021-ci il tarixdə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddia ərizəsində tələb belə əsaslandırılmışdır ki, 24 aprel 2021-ci il tarixdə poçt xidməti vasitəsi ilə iddiaçıya barəsində şikayət verilən Q/75 nömrəli 09.04.2021-ci il tarixli Qərar çatdırılmışdır. Qərarın mətni ilə tanış olarkən iddiaçı bu iddia tələbi üzrə cavabdeh olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X7 13 saylı Regional Ərazi filialının ondan 37911 (otuz yeddi min doqquz yüz on bir) manat 77 qəpik məbləğində əmək pensiyasının tutularaq ödənilməsi barədə Qərar qəbul etdiyindən və onun məcburi qaydada icra edilməsi üçün Ağdaş rayon İcra və Probasiya şöbəsinə göndərilməsindən xəbər tutmuşdur. İddiaçı cavabdehin 09.04.2021-ci il tarixli Q/75 nömrəli Qərarını əsassız, qanuna zidd və qeyri obyektiv hesab edir. DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının məhkəməyə ünvanladığı 16.07.2021-ci il tarixli etiraz məktubunda qeyd edilir ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra - Fond) Ağdaş rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 15.12.2017-ci il tarixli qərarı ilə 2-ci dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə ünvanlanmış 20.05.2020-ci il tarixli, 5711 nömrəli məktubda “Forma 88”-i etibarsız hesab edilmiş şəxslərin siyahısı göstərilmişdir. Həmin siyahının 2-ci bəndində iddiaçıya aid məlumatların əksini tapması Tibbi Sosial Ekspertiza və X2 iddiaçının əlilliyinin ləğv olunmasına əsas olmuşdur. Əlillik ləğv olunduğu üçün iddiaçıya 16.06.2020-ci ildən təyin olunmuş 2-ci dərəcə əlilliyə görə əmək pensiyası dayandırılmışdır. Nəticədə iddiaçıya 37911,77 manat məbləğində artıq ödəmə yaranmışdır və Fondun 13 saylı regional ərazi filialı (bundan sonra - Filial) tərəfindən “İnzibati icraat haqqında” Qanunun 82-ci maddəsinə əsasən pul tələbinin icraya yönəldilməsinə dair qərar qəbul edilmişdir. Qanunvericiliyə əsasən əlilliyin müəyyən edilməsi Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. ddiaçının əlilliyinin müəyyən olunmasına dair TSEK-nın qərarı əsasında Fondun 13 saylı regional ərazi filialı (bundan sonra - Filial) tərəfindən 15.12.2017-ci ildə əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Lakin sonradan X1 88 (göndəriş) etibarsız hesab edildiyi üçün əlillik ləğv olunmuşdur. Beləliklə, əlilliyin təyin olunması üçün əsas olan Forma 88 olmadığı üçün əmək pensiyasının ödənişi Filial tərəfindən Əsasnaməsinin 3.1.3-ci bəndinə əsasən dayandırılmışdır. Etibarsız Forma 88 əsasında pensiya ödənişin aparılması əsassız (artıq) olaraq ödəniş edilməsinə səbəb olmuşdur. Filial tərəfindən Əsasnaməsinin 3.1.3-ci bəndinə əsasən, həmin məbləğin tələb edilməsinə dair müvafiq tədbir görülməsi məqsədi ilə “İnzibatı icraat haqqında” qanunun 82-ci maddəsinin tələbləri nəzərə alınmaqla “Artıq aldığı pensiya məbləğinin geri qaytarılması” haqqında Q/75 nömrəli, 09.04.2021-ci il tarixli qərarı ilə pul tələbi icraya yönəldilmişdir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 82.3-cü maddəsinə əsasən tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsi üçün nəzərdə tutulmuş şərtlərə əməl edilmiş, yəni, borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati akt qəbul edilərək ona rəsmi olaraq ünvanlanmış; Pul tələblərinin ödənilməsi üçün müəyyən olunmuş icra müddəti bitmiş; borcluya edilmiş xəbərdarlıqdan sonra xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclu ödəməni həyata keçirməmişdir. İnzibati Prosessual Məcəllənin 41.2-ci maddəsinə əsasən, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2- ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. İstinad olunan maddənin mənasından göründüyü kimi inzibati aktın dayandırılmasına dair qərardadın qəbulu işin uğurlu olacağı təqdirdə mümkündür. Qeyd olunanların qarşılıqlı təhlilindən də göründüyü kimi Fondun 13 saylı regional ərazi filialı pul tələbinin icraya yönəldilməsi haqqında qərarın qəbulunda qanunvericiliyin tələblərinə riayət etmiş və haqlı olmuşdur. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-971/2021 tarixli, 27.08.2021-ci il saylı qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan İddiaçı oğlu apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandıraraq, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-971/2021 tarixli, 27.08.2021-ci il saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili X4 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-971/2021 tarixli, 27.08.2021-ci il saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 oğlu apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Əsaslandırma hissəsi İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır. İddia mübahisələndirmə haqqında iddia növünə aiddır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə doğru olmayan nəticəyə gəlmişdir. Belə ki, işə əlavə edilmiş və kollegiyanın iclasında tədqiq edilmiş: “Tibbi-sosial ekspertiza müayindəsindən çıxarış”dan görünür ki, iddiaçıya ikinci dərəcəli əlillik 04.12.2017-ci ildə ümumi xəstəlik səbəbi ilə təyin edilmiş və növbəti müayinə tarixi 04.12.2022-ci il olaraq qeyd edilmişdir. “Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” sənədindən görünür ki, iddiaçıya 4086003AABN4 nömrəli Forma 88 verilmiş, bunun nəticəsində ona 04.12.2017-ci il tarixdən ikinci qrup əlillik dərəcəsi verilmiş, əlilliyin müddəti 04.12.2022-ci ilədək müəyyən edilmişdir. DSMF-nin Ağdaş rayon şöbəsi tərəfindən verilən 008029 nömrəli vəsiqənin surətindən görünür ki, iddiaçıya ikinci qrup üzrə əlillik dərəcəsi verilmiş, vəsiqə iddiaçıya 04.04.2018-ci ildə verilmiş və əlillik müddəti 04.12.2022-ci ilədək müəyyən edilmişdir. Cavabdeh orqanın məhkəməyə ünvanladığı 25.06.2021-ci il tarixli məktubunda qeyd edilir ki, İddiaçı əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 11.12.2017-ci il tarixdə ƏƏSMN yanında DSMF Ağdaş rayon şöbəsinə ərizə ilə müraciət etmiş və ona 04.12.2017ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Vətəndaşa 31.07.2020-ci il tarixədək 37911.77 manat pensiya ödənilmişdir. Fondun **********1 nömrəli məktubuna əsasən vətəndaşın əlilliyi saxta sənəd faktı səbəbi ilə etibarsız edilmiş və ona 04.12.2017-ci il tarixdən 31.07.2020-ci il tarixədək artıq ödənilmiş məbləğin geri qaytarılması üçün zəruri tədbirlər görülməsinə baxmayaraq artıq ödənilmiş məbləğin ödənilməsindən imtina edilmişdir. Cavabdeh orqanın iddiaçıya ünvanladığı 11.03.2021-ci il tarixli xəbərdarlıqda qeyd edilir ki, “Bildiririk ki, əlilliyiniz Tibbi-Sosial Ekspertiza və Reablitasiya Alt sistemində etibarsız hesab edilmişdir. 04.12.2017-ci il tarixdən 31.07.2020-ci il tarixədək artıq aldığınız 37911.77 manat (otuz yeddi min doqquz yüz on bir manat 77 qəpik) pensiya məbləğinin 10 iş günü ərzində hesaba bərpa etməyiniz haqda Sizə 22.02.2021-ci il tarixdə bildiriş göndərilmişdir. Qeyd olunan müddət keçməsinə baxmayaraq ödəniş təmin edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinin 1-ci bəndinə əsasən 10 iş günü ərzində həmin pensiya məbləğinin hesaba bərpa etməyiniz haqda Sizə xəbərdarlıq məktubu göndəririk. Ödəniş təmin edilmədiyi təqdirdə “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.08.2007-ci il tarixli 136 nömrəli qərarına əsasən DSMF X7 13 saylı Regional Ərazi filialından almış olduğunuz 37911.77 manat pensiya məbləğinin məcburi qaydada alınması haqda qərar qəbul edib icra olunması uçün Ağdaş rayon İcra və Probasiya şöbəsinə göndərəcəkdir”. Cavabdeh orqanın 09.04.2021-ci il tarixli, Q/75 nömrəli qərarından görünür ki, həmin qərarla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X7 13 saylı Regional Ərazi filialının Ağdaş rayonu Qarağan Şıxlar kənd sakini İddiaçı artıq aldığı 37911.77 manat (otuz yeddi min doqquz yüz on bir man 77 qəpik) məbləğində əmək pensiyasının tutularaq ödənilməsi barədə pul tələbinin icraya yönəldilməsi, həmin qərarın məcburi qaydada icra edilməsi üçün Ağdaş rayon İcra və Probasiya şöbəsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh orqanın Ağdaş rayon İcra və Probasiya şöbəsinə ünvanladığı 19.05.2021-ci il tarixli məktubda qeyd edilir ki, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X7 13 saylı Regional Ərazi filialı “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.08.2007-ci il tarixli 136 nömrəli qərarına və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82.2-ci maddəsinə əsasən Ağdaş rayonu Qarağan Şıxlar kənd sakini İddiaçı artıq aldığı 37911.77 manat (otuz yeddi min doqquz yüz on bir man 77 qəpik) məbləğində əmək pensiyasının alınıb Nazirlik tabeliyində DSMF X7 13 saylı Regional Ərazi filialının hesabına ödənilməsi haqqında qəbul etdiyi Qərarı “İnzibati icraat haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən icra olunması üçün Sizə göndərir”. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə sorğular əsasında toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-971/2021 tarixli, 27.08.2021-ci il saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticənin əsası kimi “İnzibati icraat haqqında” Qanunun 57.1-ci,57.3-cü,57.5-ci maddələrinə, həmçinin həmin Qanunun 82.1-ci, 82.2-ci və 82.3-cü maddələrinə istinad etmişdir. Lakin məhkəməi “İnzibati icraat haqqında” Qanunun qeyd olunan maddələrinin hazırkı mübahisəyə tətbiqini zəruri edən şərtləri qərarında göstərməmişdir. “İnzibati icraat haqqında” Qanunun 57.1-ci, 57.2-ci, 57.5-ci,82.1-ci, 82.2-ci və 82.3-cü maddələrinə istinad edən birinci instansiyası məhkəməsi həmin normalara hazırkı mübahisənin məqsədləri üçün o halda istinad edə bilərdi ki, iddiaçı inzibati orqan hazırkı tələbində nəzərdə tutulan pul məbləğinin (artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin) məhkəmədənkənar qaydada tutulması barədə inzibati akt qəbul etmək səlahiyyətinə malik olsun. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, şəxsə əsassız ödənilmiş pensiya məbləğinin qaytarılması ilə bağlı məsələ cavabdehin özü tərəfindən həll edilməli olan məsələ olduğu üçün cavabdeh göstərilən məbləğin iddiaçıdan tutulmasına dair qərar qəbul etmişdir ki, pul tələbinin ödənilməsi ilə bağlı olan belə qərar "İnzibati icraat haqqında" Qanunun mənası baxımından inzibati aktdır, ünvanlandığı şəxslər üçün məcburi xarakter daşıyır və icra olunmalıdır. Qəbul edilmiş pul tələbinin ödənilməsi ilə bağlı həmin inzibati akt isə həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən qəbul edilən tələbin icraya yönəldilməsi haqqında qərarla icraya yönəldilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsi aşkar olaraq tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir,lakin razılığı olmadıgı halda məhkəmə qaydasında tutulur. Hazırkı halda, belə razılıq olmadığından, iddiaçı hazırkı məzmunda inzibati orqanın pul tələbinin icraya yönəldilməsi barədə Q\75-09.04.2021-ci il tarixli qərarın ləgv edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Bununla baglı, ”İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Plenumunun qərarında qeyd edilmişdir ki,... Ayrı-ayrı müstəsna hallarda dövlət, bələdiyyə və ya ümumi hüququn başqa subyektləri publik hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək üçün məhkəmə qərarının qəbul edilməsini tələb edə bilərlər. Məhkəmələr nəzərə almalıdırlar ki, dövlət, bələdiyyə və ya ümumi hüququn başqa subyektləri tərəfindən belə bir tələblə məhkəməyə müraciət olunması yalnız qanunvericilikdə birbaşa təsbit olunmuş müstəsna hallarda yolveriləndir. Məhkəmələrin dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektin xeyrinə baxacağı işlər həm pul tələblərinin ödənilməsinə dair, həm də borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddialar ola bilər. Məsələn, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən qaldırılmış iddiada məhkəmə cavabdehdən dövlətin xeyrinə artıq ödənilmiş pensiya ilə əlaqədar müəyyən pul məbləğinin tutulmasına dair qərar çıxara bilər. Beləliklə, İPM-in 118-ci maddəsində təsbit edilmiş dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektlərinin xeyrinə icra sözügedən subyektlərin xeyrinə çıxarılmış həm pul tələblərinin icra edilməsi ilə bağlı olan, həm də borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən məhkəmə qərarlarının icrasına dair məsələlərin tənzimlənməsinə yönəlmişdir. Dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektlərinin xeyrinə icra həyata keçirilməli olduğu hallarda İPM-in 118.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi qismində işə baxan hakim və ya məhkəmə icra orqanı sayılır. İPM-in 118.3- 118.5-ci maddələrinə görə hakim icranın və ya ayrı-ayrı icra hərəkətlərinin həyata keçirilməsi məqsədilə, icra orqanı qismində müvafiq inzibati orqanı və ya məhkəmə icraçısını cəlb edə bilər. İcra ilə bağlı borcluya tətbiq edilməli olan mümkün məcburi icra tədbirləri yalnız hakim tərəfindən müəyyən edilir. Hakim icranın məcburi qaydada həyata keçirilməsinə nəzarət etməlidir.Pul tələblərinin icra edilməli olduğu hallarda icra orqanı qismində çıxış edən hakim İPM-in 79.2 və 118-ci, “İnzibati icraat haqqında” Qanunun 82-ci və “İcra haqqında” Qanunun 8-ci maddələrinə əsasən əvvəlcə məhkəmənin qanuni qüvvəyə minmiş qərarını borcluya göndərərək xəbərdarlığın alındığı (elan olunduğu) gündən sonrakı 10 (on) gün müddətində könüllü icranı təmin etmək barədə xəbərdarlıq etməlidir. Xəbərdarlıq müddəti ərzində borclu könüllü olaraq ödəməni həyata keçirmədikdə məhkəmə tərəfindən icra sənədi qanunla nəzərdə tutulmuş qaydada icraya yönəldilməklə müvafiq İcra qurumuna göndərilməlidir. İcra sənədi qanunvericiliyin tələblərinə uyğun verilmişdirsə, icra məmuru icra sənədini məhkəmədən qəbul etməli, icraata başlamalı və pul tələblərinin ödənilməsini təmin etməklə bağlı “İcra haqqında” Qanunda nəzərdə tutulmuş qaydada icra hərəkətlərini həyata keçirməlidir. Bundan sonra isə icra məmuru həyata keçirdiyi icra hərəkətləri və icranın vəziyyəti barədə icra sənədini vermiş məhkəməyə məlumat təqdim etməlidir. İcra məmurunun belə məlumat vermək borcu, o cümlədən məhkəmənin icranın lazımi qaydada həyata keçirilməsinə nəzarət etmək vəzifəsi “İcra haqqında” Qanunun 26-cı və İPM-in 118.5-ci maddələrinin müddəalarından irəli gəlir. Həmin normalara görə icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Hakim icranın məcburi qaydada həyata keçirilməsinə nəzarət etməlidi. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-971/2021 tarixli, 27.08.2021-ci il saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməli, İddiaçı 04.12.2017-ci il tarixdən 31.07.2020-ci il tarixə kimi aldığı 37911 (otuz yeddi min doqquz yüz on bir) manat 77 qəpik məbləğində əmək pensiyasının geri qaytarılması haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X7 13 saylı Regional Ərazi filialının Q/75 nömrəli 09.04.2021-ci il tarixli qərarı qanunsuz hesab edilərək ləğv olunmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-971/2021 tarixli, 27.08.2021-ci il saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı 04.12.2017-ci il tarixdən 31.07.2020-ci il tarixə kimi aldığı 37911 (otuz yeddi min doqquz yüz on bir) manat 77 qəpik məbləğində əmək pensiyasının geri qaytarılması haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X7 13 saylı Regional Ərazi filialının Q/75 nömrəli 09.04.2021ci il tarixli qərarı qanunsuz hesab edilərək ləğv edilsin. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-461/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-461/2021
22.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver