Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-462/2020 16.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Məmmədov Emin Nizami oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafi Fondu publik hüquqi şəxsin Qax rayon filialına qarşı “1986-cı ildə Qax rayon 7 nömrəli X4 fəhlə işlədiyi 6 ay, 1981-1982, 1986-1996-cı illərdə Qax rayonunun Qorağan kəndinin “Azərbaycan” kolxozunda işlədiyi 10 il 1 ay müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən ikinci qrup əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-1147/2020 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafi Fondu publik hüquqi şəxsin Qax rayon filialı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx xxxxxx 1964-cü il tarixdə Qax rayonunun Qorağan kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1981-1982-ci illərdə Qax rayonunun Qorağan kəndinin “Azərbaycan” kolxozunda işləmişdir. Hərbi xidmətə getməyi ilə əlaqədar olaraq kolxoz üzvlüyündən azad olunmuş və xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixə kimi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixə kimi Qax rayonu 111 nömrəli X6 Məktəbində təhsil almışdır. 1985-ci ilin iyul ayından 1986-cı ilin iyul ayınadək Qax rayonu 7 nömrəli X4 fəhlə, 1986-1996-cı illərdə Qax rayonunun Qorağan kəndinin “Azərbaycan” kolxozunda mexanizator işləmişdir.xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasında ona görmə pozğunluğu ilə əlaqədar olaraq İİ qrup əlillik müəyyən edilmişdir. Əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun Qax rayon şöbəsinə şifahi müraciətində ona şöbə tərəfindən indiki imtina məktubunda qeyd etdiyi kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda 2017-ci ilin 1 iyulundan sonra dəyişiklik edildiyi, İİ və İİİ qrup əlillərə əmək pensiyasının təyin edilməsi üçün fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtinin tələbolunduğubildirilmişdir. Həmin tarixdən bu günə kimi əmək stajının olduğu halda sosial müavinət alır."Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Əlilliyinin Qanuna dəyişikliklər edilməsindən əvvəlki tarixdə xx.xx.2017-ci il tarixdə müəyyən edildiyi və həmin tarixdə 53 yaşının tamam olmasını nəzərə alaraq ona əmək pensiyasının təyin edilməsi üçün 12 il 08 ay əmək stajının olması tələb olunur. Buradan aydın olur ki, şöbə tərəfindən onun konstitusyon hüquqları pozulmuşdur. Dövlət Sosial Müdafiə Fondunun Qax rayon şöbəsinin ona yazdığı imtina məktubunda qeyd edildiyi kimi onun əmək stajı 02 il 05 gün hərbi xidmətdə olduğu müddət, 10 ay 21 gün təhsil aldığı dövr və məhkəmə qərarı ilə təsdiq olunduğu halda sosial sığorta stajına daxil edilə biləcək 10 il 01 ay Qax rayonunun Qorağan kəndinin "Azərbaycan” kolxozunda işlədiyi dövr və 06 ay 7 nömrəli X4 işlədiyi müddət nəzərə alındıqda ümumilikdə 13 il 05 ay 26 gün müəyyən oluna bilər. Belə olan halda ona əlilliyə görə sosial müavinət deyil xx xxxx 2017-ci il tarixədək hüququnun yarandığı üçün əmək pensiyası təyin olunmalıdır. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, "1986-cı ildə Qax rayon 7 nömrəli X4 fəhlə işlədiyi 6 ay, 1981-1982, 1986-1996-cı illərdə Qax rayonunun Qorağan kəndinin "Azərbaycan” kolxozunda işlədiyi 10 il 1 ay müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən ikinci qrup əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Cavabdehin etirazının dəlilləri: İddiaçı xx xxxxxx 2020-ci il tarixdə əlilliyə görə əmək pensiyasının təyin olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qax rayon şöbəsinə müraciət etmişdir. Qüvvədə olan "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1 -ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən (bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2017-ci ilin 1 iyul tarixindən 110 manat məbləğində, xx.xx.2018-ci il tarixdən "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli Sərəncami ilə 116,27 manat məbləğində, xx.xx.2019-cu il tarixdən "Əmək pensiyasının sığorta hissəsinin 2018-ci il üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Sərəncamına əsasən 119,76 manat məbləğində, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununa əsasən xx.xx.2019-cu il tarixdən 160,0 manat, xx.xx.2019-cu il tarixdən 200,0 manat məbləğində müəyyən olunur) az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Əmək Məcəlləsinin 87.1 -ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən edilir. 2006cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı əmək kitabçasında qeyd edilən həmçinin, dövlət arxivinin arayışları əsasında təsdiqlənən dövrlər istisna olmaqla vətəndaşın işləməsi barədə verilmiş stajın təsdiq edilməsi ilə bağlı arxiv arayışları məhkəmə qərarından sonra nəzərə alına bilər. İddiaçının 1981-1982-ci və 1986-1996-cı illərdə Qax rayonunun Qorağan kəndinin "Azərbaycan” kolxozunda işlədiyi dövrlər Qax rayon dövlət Arxivindən verilmiş xx.xx.2020-ci il tarixli 76/1 nömrəli arayışla təsdiq edilsə də əmək kitabçasında ata adında uyğunsuzluq olduğu, yəni İddiaçı Abdurahman oğlu qeyd edildiyi, eyni zamanda Qax rayon Dövlət Arxivindən verilmiş arayış əsasında Qax rayon 7 nömrəli X2 İdarəsində işlədiyi müddət əmək kitabçasında qeyd edilmədiyi üçün həmin dövrlərin yuxarıda qeyd edilən səbəblərdən İddiaçı sosial sığorta stajının müəyyən edilməsi zamanı nəzərə alınması qanunamüvafiq hesab edilməmişdir. Qeyd edildiyi kimi vətəndaşa əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün Qanunun 12.1 -ci maddəsinə əsasən müraciət etdiyi tarixdə 56 yaşınının tamam olduğunu nəzərə alalarq 13 il 08 ay ( 56 yaş - 15 yaş (əmək qabiliyyətli yaş dövrü) = 41 yaş x 4 ay = 164 ay) sosial sığorta stajının və eyni zamanda fərdi hesabının sığorta hissəsində respublika üzrə müəyyən olunan əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının olması tələb olunur. Müraciət etdiyi tarixdə İddiaçı qanunla müəyyən olunan qaydada tələb olunan sosial sığorta stajına və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olmadığı üçün ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbinə uyğun deyildir. Sərəncamda qeyd edilmiş suallarla bağlı bildiririk ki, iddiaçının xx.xx.2017-ci il tarixə sosial sığorta stajı mübahisələndirilməyən 02 il 05 gün hərbi xidmətdə olduğu müddət, 10 ay 21 gün təhsil aldığı dövr və məhkəmə qərarı ilə təsdiq olunduğu halda 10 il 01 ay 1981 -1982ci və 1986-1996-cı illərdə Qax rayonunun Qorağan kəndinin "Azərbaycan” kolxozunda, həmçinin 06 ay Qax rayon 7 №-li X2 İdarəsində işlədiyi dövrlər nəzərə alındıqda ümumilikdə 13 il 05 ay 26 gün müəyyən oluna bilər. İddiaçı əlilliyinin müəyyən edildiyi xx.xx.2017-ci il tarixdə qüvvədə olan qanunvericiliyə uyğun həmin tarixdə 53 yaşının tamam olduğunu nəzərə alaraq 12 il 08 ay (53 yaş -15 yaş (əmək qabiliyyətli yaş dövrü) = 38 yaş x 4 ay = 152 ay) sosial sığorta stajının olması tələb olunur. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddianı müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabarov) xx xxxxxx 2020-ci il tarixli, 2- 1(116)-1147/2020 nömrəli qərarı ilə iddia təmin edilərək Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qax rayon filialının üzərinə İddiaçı 1986-cı ildə Qax rayon 7 nömrəli X4 fəhlə işlədiyi 6 ay, 1981-1982, 1986-1996-cı illərdə Qax rayonunun Qorağan kəndinin "Azərbaycan” kolxozunda işlədiyi 10 il 1 ay müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən ona ikinci qrup əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qax rayon filialı həmin qərardan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdehin apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, göstərilənlərə görə əsassız, qanuna zidd və qeyri obyektiv hesab edirik. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən (bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2017-ci ilin 1 iyul tarixindən 110 manat məbləğində, xx.xx.2018-ci il sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli Sərəncami ilə 116,27 manat məbləğində, xx.xx.2019-cu il tarixdən “Əmək pensiyasının sığorta hissəsinin 2018-ci il üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi haqqında” Azərbaycaq Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Sərəncamına əsasən 119,76 manat məbləğində, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununa əsasən xx.xx.2019-cu il tarixdən 160,0 manat , xx.xx.2019-cu il tarixdən 200,0 manat məbləğində müəyyən olunur) az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Qeyd edildiyi kimi iddiaçının əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün Qanunun 12.1-ci maddəsinə əsasən müraciət etdiyi tarixdə 56 yaşınının tamam olduğunu nəzərə alalarq 13 il 08 ay ( 56 yaş - 15 yaş (əmək qabiliyyətli yaş dövrü) = 41 yaş x 4 ay = 164 ay) sosial sığorta stajının və eyni zamanda fərdi hesabının sığorta hissəsində respublika üzrə müəyyən olunan əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının olması tələb olunur. Müraciət etdiyi tarixdə İddiaçı qanunla müəyyən olunan qaydada tələb olunan sosial sığorta stajına və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olmadığı üçün ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbinə uyğun deyildir. Yuxarıda qeyd etdiyimiz əsaslara görə hesab edirik ki, iddiaçının iddiası əsassız olduğu üçün iş üzrə iddianın təmin edilməsi barədə çıxarılmış qərar ləğv olunmalı, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 11.2-ci maddəsinə əsasən məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin lll-cü hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Qeyd edilən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri iddiaçı və məhkəmə tərəfindən pozulmuş və bu qərarda nəzərə alınmamışdır. Hesab edirik ki, apellyasiya şikayətimiz qanunidir və əsaslıdır, buna görə də təmin olunmalıdır. Qeyd edilənlərə əsasən Apellyasiya şikayətini təmin edəsiniz. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1 (116)-1147/2020 nömrəli qərarını ləğv edib yeni qərar çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qax rayon filialının nümayəndəsi X3 apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-1147/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-1147/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir və həmin sənədlərin məzmununa istinad edilir: Onlara AZE seriyalı 14760386 nömrəli X1 təsdiqlənmiş surəti, Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər Şöbəsinin xx.xx.2020-ci il tarixli **********7 nömrəli imtina məktubu və xx.xx.2020-ci il tarixli qərarı, SHXÇDX-nin xx.xx.2020-ci il tarixli Arayışı, Qax rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 77/1 saylı Arxiv Arayışınları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2020-ci il tarixli Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatı, 766263 nömrəli Diplomun təsdiqlənmiş surəti, A3E seriyalı ******* nömrəli əmək kitabçasının surəti, DSMF-nin Qax rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********2 nömrəli məktubu aiddir. Əsaslandırma hissəsi Cavabdehin apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-1147/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçılar onların müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onların hüquqlarını pozduğunu iddia edə bilərlər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərək cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qax rayon filialının üzərinə İddiaçı 1986-cı ildə Qax rayon 7 nömrəli X4 fəhlə işlədiyi 6 ay, 1981-1982, 1986-1996-cı illərdə Qax rayonunun Qorağan kəndinin "Azərbaycan” kolxozunda işlədiyi 10 il 1 ay müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən ona ikinci qrup əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyini qoymuşdur. İddiaçının 1985-1986-cı il tarixlərdə Qax rayon Təsərrüfatlararası 7 nömrəli X4, 1981-1982, 1986-1996-cı il tarixdə Qax rayon Qorağan kənd "Azərbaycan” kolxozunda işləməsi Qax rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 77/1 saylı Arxiv Arayışınları ilə öz təsdiqini tapır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının araşdırılması zamanı müəyyən edildi ki, cavabdehin R.Məmmədovun əmək pensiyası təyin edilməsi ücün xx.xx.2020-ci ildən müraciət etdiyindən ona əlilliyə görə əmək pensiyası hazırda qüvvədə olan qanuna əsaslanmaqla imtinası əsasszıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3-cü bəndində aşağıdakı kimi müəyyən edilmişdir: 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə xx xxxx 2017-ci il tarixli 543-VQD nömrəli qanunla 12.1-ci maddə yeni redaksiyada - “12.1. Əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.” Əvvəlki redaksiyada deyilirdi: 12.1. Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İşdə olan DSMF-nin xx.xx.2020-ci il tarixli **********2 nömrəli məktubundan görünür ki, iddiaçının xx.xx.2017-ci il tarixə sosial sığorta stajı mübahisələndirilməyən 02 il 05 gün hərbi xidmətdə olduğu müddət, 10 ay 21 gün təhsil aldığı dövr və məhkəmə qərarı ilə təsdiq olunduğu halda 10 il 01 ay 1981 -1982-ci və 1986-1996-cı illərdə Qax rayonunun Qorağan kəndinin "Azərbaycan” kolxozunda, həmçinin 06 ay Qax rayon 7 №-li X2 İdarəsində işlədiyi dövrlər nəzərə alındıqda ümumilikdə 13 il 05 ay 26 gün müəyyən oluna bilər. İddiaçı əlilliyinin müəyyən edildiyi xx.xx.2017-ci il tarixdə qüvvədə olan qanunvericiliyə uyğun həmin tarixdə 53 yaşının tamam olduğunu nəzərə alaraq 12 il 08 ay (53 yaş -15 yaş (əmək qabiliyyətli yaş dövrü) = 38 yaş x 4 ay = 152 ay) sosial sığorta stajının olması tələb olunur. Belə ki, iddiaçının əlilliyə görə pensiya almaq hüququ xx.xx.2017-ci il tarixdə yarandığından (həmin tarixə tələb olunan stajı toplandığından) mübahisəyə xx xxx 2017- ci il tarixdə qüvvədə olan Əmək Pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun müddəaları tətbiq edilməlidir. Əmək Pensiyaları haqqında Qanununun 11.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Məhkəmə kollegiyası qeyd edir ki,iddiaçının pensiya hüququnun yarandığı vaxt qüvvədə olan "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 31.1 -ci maddəsinin redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Məhkəmə kollegiyası işdə olan sənədlərə istinadən bildirir ki, iddiaçinin 1985-1986-cı il tarixlərdə Qax rayon Təsərrüfatlararası 7 nömrəli X4, 1981-1982, 1986-1996-cı il tarixdə Qax rayon Qorağan kənd "Azərbaycan” kolxozunda işləməsi Qax rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 77/1 saylı Arxiv Arayışları ilə öz təsdiqini tapır. Bununla baglı, məhkəmə kollegiyası Arxiv Arayış ilə bağlı hüquqi mövqeyini onunla əsaslandırır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. Yuxarıda qeyd olunan işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki,birinçi instansiya haqlı olaraq hesab etmişdir ki, iddia tələbi təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qax rayon filialının üzərinə İddiaçı 1986-cı ildə Qax rayon 7 nömrəli X4 fəhlə işlədiyi 6 ay, 1981-1982, 1986-1996-cı illərdə Qax rayonunun Qorağan kəndinin "Azərbaycan” kolxozunda işlədiyi 10 il 1 ay müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən ona ikinci qrup əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyiqoyulmalıdır. Ona görə də apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçıya xx.xx.2017-ci il tarixdən əlilliyə görə pensiya təyin edilməsi və həmin tarixdən ödənilmiş əlilliyə görə müavinətlə pensiya məbləği arasında yaranan fərqin ödənilməsindən imtinası qanuni və əsaslı olmamışdır. Ona görə də İPM-in 87.6-cı maddəsinə əsasən Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-1147/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və İPM-in 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qax rayon filialı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-1147/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-462/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-462/2020
16.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver