Məhkəmə qərarları › İş №2-1(107)-462/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-462/2021

23.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-462/2021 23.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Mahmudov Ayaz Akif oğlu və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ilindən artıq qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi müvafiq siyahılara daxil edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair” iş üzrə Şəki İnzibati Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2-1(116)-388/2021 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı xx.xx.1976-cı ildə anadan olmuş və hazırda ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. O, 26.07.1994-cü ildən 22.06.1999-cu ilədək Bakı Ali Hərbi Dənizçilik Məktəbində kursant kimi xidmət etmiş, 22.06.1999-cu ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həqiqi hərbi xidmətə qəbul edilmiş, 20.07.2007-ci ildə Müdafiə Nazirliyinin şəxsi heyətinin siyahısından çıxarılaraq Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin sərəncamına verilmiş, 08.01.2016-cı ildə isə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "q" bəndinə əsasən (ştatların ixtisarına görə) polkovnikleytenant hərbi rütbəsi ilə ehtiyata buraxılmışdır. İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə ərizə ilə müraciət edərək 20 təqvim ilindən çox xidmət etmiş hərbi qulluqçu kimi mənzillə təmin olunmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti 12.10.2020-ci il tarixli 23/M-7135 nömrəli cavab məktubunda bildirmişdir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin digər dövlət və ya yerli özünüidarəetmə orqanları ilə təhlükəsizlik orqanları əməkdaşlarının fərdi yaşayış mənzili ilə təmin olunmasına dair qarşılıqlı öhdəliyini müəyyən edən qanunvericilik aktı mövcud olmadığından qaldırılan məsələnin Xidmət tərəfindən həlli mümkün deyil. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Azərbaycan Respublikası Prezidentinin 28.12.2011-ci il tarixli 569 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi qərara alınmış və Fərmanın 2-ci hissəsinə əsasən, bu məqsədlə Komissiya yaradılmışdır. Həmin Komissiyanın sədri Azərbaycan Respublikasının Maliyyə naziri təyin edilmiş və Komissiyanın üzvləri sırasında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti təmsil olunmamışdır. Bu baxımdan, İddiaçı mənzil növbəsinə götürülərək mənzillə təmin olunma barədə aidiyyəti quruma müraciət etməsi tövsiyə olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi 15.10.2020-ci il tarixli 4175 nömrəli cavab məktubunda bildirmişdir ki, İddiaçı Azərbaycan Ordusu sıralarında 20 təqvim ilindən az xidmət etdiyinə görə onun adının Müdafiə Nazirliyində tərtib edilən adlı siyahılara əlavə edilməsi Müdafiə Nazirliyinin səlahiyyətləri xaricindədir. Bundan sonra İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı "Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ilindən artıq qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi müvafiq siyahılara daxil edilməsi və dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, iddianı belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 22 il ərzində qüsursuz hərbi xidmət keçmiş, xidmət etdiyi dövrdə dəfələrlə komandanlıq tərəfindən həvəsləndirilmiş, medallarla təltif olunmuş, o cümlədən "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalla, "Hərbi xidmətdə fərqlənməyə görə" medalın 3-cü, 2-ci, 1-ci dərəcələri ilə və Fəxri Fərmanlarla təltif olunmuşdur. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Azərbaycan Respublikası Prezidentinin 28.12.2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən, 20 ildən artıq qüsursuz xidmət keçmiş hərbi qulluqçu kimi dövlət hesabına mənzillə təmin olunmaq hüququ vardır. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaya qarşı 15.12.2020- ci il tarixli 11/6194 nömrəli etirazında iddianın rədd olunmasını xahiş etmiş və bildirmişdir ki, İddiaçı 16.08.1994-cü ildən 20.07.2007-ci ilədək Azərbaycan Respublikasının Müdafiə Nazirliyində hərbi xidmət keçmiş, Müdafiə nazirinin 20.07.2007-ci il tarixli 0395 nömrəli əmri ilə isə Müdafiə Nazirliyinin şəxsi heyətinin siyahısından çıxarılaraq Milli Təhlükəsizlik Nazirliyinin sərəncamına verilmişdir. İddiaçının 16.08.1994-cü ildən 20.07.2007-ci ilədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət keçdiyi müddət 20 ildən az, yəni 12 il 11 ay 4 gün təşkil edir. Bu səbəbdən iddiaçının dövlət tərəfindən mənzillə təmin olunacaq şəxslərin siyahısına daxil edilməsi "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Azərbaycan Respublikası Prezidentinin 28.12.2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun deyil. Cavabdeh Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti iddiaya qarşı 15.12.2020-ci il tarixli 20/1080 nömrəli etiraz ərizəsində iddianın təmin olunmamasını xahiş etmiş və bildirmişdir ki, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Azərbaycan Respublikası Prezidentinin 28.12.2011-ci il tarixli 569 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilirlər. Həmin Fərmanın 2-ci hissəsinə əsasən, dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə Komissiya yaradılmış, 3-cü hissəsində isə Komissiyaya həmin siyahının Maliyyə Nazirliyinə təqdim edilməsi tapşırılmışdır. Eyni zamanda, sözügedən Fərman qəbul edilərkən Müdafiə Nazirliyi tərəfindən təşkil olunan Silahlı Qüvvələrin hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi məsələlərinə şamil edildiyindən Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndəsi Komissiyanın tərkibinə daxil edilməmişdir. Qeyd olunan Komissiyadan və Müdafiə Nazirliyindən bugünə kimi iddiaçının təhlükəsizlik orqanlarında xidməti barədə sorğu daxil olmamışdır Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəməyə göndərdiyi 27.01.2021-ci il tarixli 11/04-20-679 nömrəli məktubda bildirmişdir ki, iddiaçının Azərbaycan Ordusu sıralarında 20 təqvim ilindən az xidmət etdiyi səbəbindən onun adı Müdafiə Nazirliyində tərtib edilən adlı siyahıya daxil edilməmişdir. Odur ki, iddiaçının tələbinə Müdafiə Nazirliyinin rəyi əsasında baxılması məqsədə müvafiqdir. İddia ərizəsindən göründüyü kimi, iddiaçı iki öhdəliyin cavabdehlərin üzərinə qoyulmasını xahiş etmişdir: 1) Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ilindən artıq qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi müvafiq siyahılara daxil edilməsi, 2) dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi. Birinci instansiya məhkəməsinin 09.03.2021-ci il tarixli ayrıca qərardadı ilə iddianın ikinci hissəsi mümkün sayılmamışdır. Şəki İnzibati Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2-1(116)-388/2021 saylı qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı adının Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ilindən artıq qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi müvafiq siyahılara daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmuş, iddianın cavabdeh Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə aid hissədə təmin edilməməsi qərara alınmışdır. Şəki İnzibati Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2-1(116)-388/2021 saylı qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 14 iyun 2021-ci il tarixli, 2- 1(107)-235/2021 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2-1(116)-388/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə sаxlаnılmışdır. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Vəkil qlzl Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2021-ci il tarixli, 2-1(107)-235/2021 saylı qərarından kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 22 sentyabr 2021ci il tarixli, 2-1(102)-1606/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2021-ci il tarixli, 2-1(107)- 235/2021 saylı qərarı ləğv edilmiş və iş yenidən apellyasiya baxışına qaytarılmışdır. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Bildirmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən: «Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.» Həmin məcəllənin 175.1-ci maddəsinə əsasən məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur. Həmin məcəllənin 204.2-ci maddəsində göstərilib ki, məhkəmə sübutun saxtalığını yoxlamaq üçün ekspertiza təyin edə bilər, habelə sübutlar təqdim etməyi təklif edə bilər. Belə ki, iddiaçı X1 öz iddia ərizəsində qeyd edib ki, 26.07.1994-cü ildən 20.07.2007ci ilədək Azərbaycan Respublikasının Müdafiə Nazirliyində hərbi xidmət keçmişdir. 20.07.2007-ci il tarixdən Müdafiə Nazirliyinin şəxsi heyətindən çıxarılaraq Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin sərəncamına verilmişdir. Məhkəmə öz qərarında qeyd edir ki, “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" Azərbaycan Respublikasının 29.12.2017-ci il tarixli Qanununun 1.0.1 -ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Silahlı Qüvvələri (bundan sonra Silahlı Qüvvələr) - Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün qorunması, habelə təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsi məqsədilə yaradılmış, Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir. Bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 №-li Fərmanı qüvvəyə mindiyi vaxtda Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin tərkib hissəsi olmamışdır. Fərmanda qeyd edilənlər nəzərə alınsa iddiaçının bu kateqoriyadan olan şəxslərə bərabər tutmaq və dövlət tərəfindən mənzillə təmin ediləcək şəxslərin siyahısına almaq Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011 -ci il tarixli 569 №-li Fərmanına ziddir. Yuxarıda qeyd olunanlara əsasən, Şəki İnzibati Məhkəməsinin 09.03.2021-ci il tarixli, 2-1(116)-388/2021 nömrəli qərarının ləğv edilməsini və iddia ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Qeyd edildiyi kimi, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsinə dair qərarı apellyasiya kollegiyası tərəfindən dəyişdirilmədən qüvvədə sаxlаnılmış, Ali Məhkəmənin İnzibati kollegiyası isə iddiaçının kassasiya şikayəti əsasında apellyasiya kollegiyasının qərarını ləğv edərək işi təkrar apellyasiya baxışına qaytarmışdır. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. İddia tələbi əlaqədar olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28.12.2011-ci il tarixli, 569 nömrəli Fərmanının 1-ci bəndində deyilir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. Həmin Fərmanın 2-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə aşağıdakı tərkibdə Komissiya yaradılsın. Həmin Fərmanın 3, 3.1, 3.2-ci bəndlərinə müvafiq olaraq Komissiyaya tapşırılsın ki: 3.1. siyahının hazırlanması zamanı hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddətini, döyüş əməliyyatlarında iştirakını, hərbi rütbəsini, tutduğu vəzifənin xüsusiyyətlərini, ailə üzvlərinin sayını, yaşayış şəraitini nəzərə alsın; 3.2. hazırlanmış siyahını Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin; 3.3. görülən işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. Beləliklə sözügedən Fərmanın müddəalarından göründüyü kimi, bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq adıçəkilən Komissiyaya tapşırılmış və hazırlanmış siyahının Maliyyə Nazirliyinə təqdim edilməsi vəzifə olaraq müəyyən edilmişdir. Hazırkı iş üzrə Ali Məhkəmənin İnzibati kollegiyasının 22 sentyabr 2021-ci il tarixli, 2- 1(102)-1606/2021 saylı qərarında qeyd edilmişdir ki, “...apellyasiya məhkəməsi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanına istinad etsə də, hazırkı inzibati mübahisəni həll edərkən, əslində həmin Fərmanın müddəalarını nəzərə almamışdır. Belə ki, sözügedən Fərmanda birbaşa, aydın və konkret şəkildə qeyd edilmişdir ki, dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə Komissiya yaradılır. Beləliklə adı çəkilən siyahının hazırlanması səlahiyyəti yuxarıda artıq göstərildiyi kimi, Müdafiə Nazirliyinə deyil, məhz həmin Fərmanla yaradılmış Komissiyaya verilmişdir. Lakin İddiaçı iddia ərizəsində irəli sürdüyü tələblə bağlı sözügedən Komissiyaya müraciət etməsi iş materiallarından görünmür. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili və iddiaçının özü fərqli tələblərlə çıxış etmişlər. Belə ki, iddiaçının vəkili bildirmişdir ki, iddia tələbi Müdafiə Nazirliyindən adıçəkilən komissiyaya rəy (təqdimat) verməkdən ibarətdir, iddiaçının özü isə iddia tələbini onun evlə təmin edilməsi üçün siyahıya daxil edilməsi kimi qələmə vermişdir. Halbuki yuxarıda artıq göstərildiyi kimi, iddia ərizəsində iddia tələbi iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ilindən artıq qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi müvafiq siyahılara daxil edilməsi və dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması kimi irəli sürülmüşdür. ...” Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsinin qərarınının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İddiaçı qeyd olunan komissiyaya müraciət etdiyini göstərsə də, bu barədə sübutları təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılma aparılmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsində göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2- 1(116)-391/2020 saylı qərarı ləğv edilməli və iş yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməlidir. Şərh edilənləri nəzərə alaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ilindən artıq qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi müvafiq siyahılara daxil edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair” inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2-1(116)-388/2021 nömrəli qərarı ləğv edilsin və inzibati işin materialları yenidən araşdırılması üçün həmin Məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Apelyasiya Məhkəməsi (AZ-5500, Şəki Şəhəri, Salman Mümtaz küçəsi) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ-1025, Bаkı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar