Məhkəmə qərarları › İş №2-1(107)-462/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-462/2023

01.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-462/2023 01.08.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi, iddiaçı X2 iştirakı ilə, iddiaçı X2 (bundan sonra- iddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə (bundan sonra – inzibati orqan) qarşı “Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 08 saylı qərarı ilə mülkiyyətinə verilmiş, X4 kitabında 2006-cı ildə 9219 nömrəsi ilə uçota alınmış JN-251A, Kod 40108038 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunmuş torpaq sahəsinin faktiki istifadə etdiyi yerdə 1 il müddətində məcburi qaydada özgəninkiləşdirilməsi şərti ilə iddiaçının adına xüsusi mülkiyyət hüquqi ilə qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, e-2-1(116)- 1177/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq şifahi məhkəmə baxışı iclasında baxılmışdır. İşin halları Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli, 08 saylı qərarı ilə JN-251A, KOD 40108038 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən, Balakən rayon Qazbinə kəndi ərazisində 0,08 ha torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. İddiaçı ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək, torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrindən qeydiyyata alınmasını və çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan 26 yanvar 2023-cü il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İmtinada göstərilmişdir ki, qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsinin sənəd üzrə yerləşmə yeri ilə faktiki istifadə olunan yeri fərqlidir. Faktiki istifadə olunan sahə DWG xəritələrində başqa şəxslərə məxsus torpaq sahəsi kimi qeyd olunmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh inzibati orqana qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 08 saylı qərarı ilə mülkiyyətinə verilmiş, X4 kitabında 2006-cı ildə 9219 nömrə ilə uçota alınmış JN-251A, Kod 40108038 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunmuş torpaq sahəsinin faktiki istifadə etdiyi yerdə 1 il müddətində məcburi qaydada özgəninkiləşdirilməsi şərti ilə iddiaçının adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 08 saylı qərarı ilə ona verilmiş torpaq sahəsinde fərdi yaşayış evi inşa etmiş ve həmin evə xx.xx.2008-ci ilde 790 inventar nömresi ile daşınmaz əmlakın texniki pasportunu almışdır. Cavabdeh inzibati orqanın imtinası ile razı deyil ona gore ki, torpağın mülkiyyətə verilmesine dair şəhadətnaməni ve DWG xeritesini o hazırlamamışdır. Qeyd olunan hər iki sənəd dövlət təşkilatında çalışan vəzifəli şəxslər tərəfindən hazırlanmışdır. Dövlət təşkilatında çalışan vəzifəli şəxslərin səhlənkarlığı nəticəsində o, öz mülkiyyətindən məhrum oluna bilməz ve onun mülkiyyət hüquqları pozulmalı deyildir. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim olunmuş iddia tələbinə dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 9-cu maddəsinə əsasən qeydiyyat orqanı tərəfindən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyətlərin, habelə hüququların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılmasının üçün digər əsasların olub-olmamsı müəyyən edilir. Qanunun 11.1-ci maddəsinin əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını(yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qanunun 15.1.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatından imtina olunur. Şəki İnzibati Məhkəməsinin e-2-1(116)-1177/2023 nömrəli iş üzrə qəbul etdiyi 21 iyun 2023-cü il tarixli qərardadı ilə (hakim F.Hacızadə) iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh inzibatı orqan tərəfindən iddiaçının müraciətinə imtina verildikdə, iddiaçıya məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Yəni qeyd olunan səhv yalnız məhkəmənin qərarı əsasında dəyişə bilər. Məhkəmə prosesində isə cavabdeh inzibati orqanın nümayəndəsi ekspert qismində dəvət edilmiş və onun rəyi əsasında iddiaçının ərizəsi təmin edilməmişdir. Hansı ki, belə hallarda ya müstəqil, ya da marağı olmayan ekspertlər dəvət olunmalı idi. b) Apellyasiya şikayətinə etirazın dəlilləri Cavabdeh inzibati orqan tərəfindən apellyasiya şikayətinə yazılı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh inzibati orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə görə məhkəmə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq İnzibati Prosessual Məcəllə Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Bənd 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Bənd 3.5. Apellyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyi-nəzərindən qiymətləndirməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyət zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Birinci instansiya məhkəməsi tərəfindən işin araşdırılması zamanı iddia olunan torpaq sahəsinin xüsusiyyətləri ilə bağlı mütəxəssis rəyi tələb olunmuşdur. Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin 18 may 2023-cü il tarixli məktubuna əlavə olunan həmin tarixli mütəxəssis rəyinə əsasən müəyyən edilir ki, iddiaçının faktiki istifadə etdiyi sahə 0,0852 ha olmaqla X3 mülkiyyətinə verilmiş JN-319A KOD 40108038 “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin cizgiləri daxilində yerləşir. JN-251A KOD 40108038 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən verilmiş 0.08 ha torpaq sahəsi X1 mülkiyyətinə işlənilmişdir. Ancaq JN-251A KOD 40108038 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X1 mülkiyyətinə verilmiş 0,08 ha torpaq sahəsini naturada özü istifadə etmir və sözügedən torpaq sahəsi başqa vətəndaşların istifadəsindədir. Göründüyü kimi, iddiaçı hazırda mülkiyyətinə verilmiş torpaq sahəsindən istifadə etmir, faktiki istifadəsində olan torpaq sahəsi isə başqa şəxsin mülkiyyətinə verilmiş şəhadətnamənin cizgiləri daxilində yerləşir. İddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı JN-251A, Kod 40108038 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də qeyd olunmuş torpaq sahəsi üzərində faktiki istifadə etdiyi yerə əsasən mülkiyyət hüququnun qeydə alınmasından ibarətdir. Mütəxəssis rəyi ilə də müəyyən olunduğu kimi iddiaçının naturada istifadə etdiyi torpaq sahəsi JN-319A KOD 40108038 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə X3 mülkiyyətinə verilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi JN-319A KOD 40108038 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə X3 mülkiyyətinə verildiyindən, ilk öncə həmin şəhadətnamə mübahisələndirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Beləliklə kollegiya hesab edir ki, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 21 iyun 2023-cü il tarixli e-2-1(116)- 1177/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Zeynal oğlu tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2-1(116)-1177/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar