Məhkəmə qərarları › İş №2-1(107)-463/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-463/2024

16.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-463/2024 16.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X1 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinin Cavabdeh qarşı “cavabdehin xx.xx.2023-cü il tarixə İcbari Tibbi Sığorta Fonduna 166,93 manat, Dövlət Sosial Müdafiə Fonduna 843,05 manat və dövlət büdcəsinə 4779,96 manat ödənilməmiş borclarına görə onun siyahıya alınmış qiyməti 30.000 manat olan 2013-cü il buraxılışı, kuzov nömrəsi WDDHF0CB8EA813978 olan qara metallik rəngli “MERCEDES E220 MİNİK” markalı, 77XV864 dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 5 iyun 2024-cü il tarixli 2-1(116)-1288/2024 nömrəli qərarından iş üzrə iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsi Cavabdeh qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin xx.xx.2023-cü il tarixə İcbari Tibbi Sığorta Fonduna 166,93 manat, Dövlət Sosial Müdafiə Fonduna 843,05 manat və dövlət büdcəsinə 4779,96 manat ödənilməmiş borclarına görə onun siyahıya alınmış qiyməti 30.000 manat olan 2013-cü il buraxılışı, kuzov nömrəsi WDDHF0CB8EA813978 olan qara metallik rəngli “MERCEDES E220 MİNİK” markalı, 77XV864 dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsinə əsasən müəyyən edilir ki, vergi ödəyicisi Cavabdeh (VÖEN:**********) Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş müddətdə öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna, İcbari Tibbi Sığorta Fonduna və dövlət büdcəsinə borcu yaranmışdır.

3. Yaranmış borc məbləğinin 5 gün ərzində Dövlət Sosial Müdafiə Fonduna, İcbari Tibbi Sığorta Fonduna və dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildirişlər verilmişdir.

4. Həmçinin, Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verilmişdir.

5. Lakin, cavabdehə borc məbləğinin ödənilməsi üçün bildirişlər verilməsinə, baxmayaraq yaranmış borc məbləğləri yenə də ödənilməmişdir.

6. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2023-cü il Qərarlar çıxarmışdır.

7. Qərarlar əsasında vergi ödəyicisinin xx/xx/2023-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna 901.05 manat, İcbari Tibbi Sığorta Fonduna 166.93 manat və dövlət büdcəsinə ödənilməmiş 4779.96 manat borclarına görə qiyməti 30000 manat 2013-cü il buraxılışı kuzov nömrəsi WDDHF0CB8EA813978 olan qara metallik rəngli “MERCEDES E220 MİNİK” markalı 77XV864 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi siyahıya alınmış və bu barədə xx/xx/2023-cü il tarixli **********7, **********7 və **********4 saylı Protokollar tərtib edilmişdir. Protokollara siyahıya alınmış əmlakın 2 vərəqdən ibarət siyahıları əlavə edilmişdir.

8. Protokollar tərtib edilərkən 30 gün müddətində borclar ödənilmədiyi halda, siyahıya alınmış əmlakın Vergi Məcəlləsinin 90.1-ci maddəsinə əsasən qanunamüvafiq qaydada satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq edilmişdir.

9. Cavabdehin yuxarıda qeyd olunan borc məbləğindən xx/xx/2023-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna 843.05 manat, İcbari Tibbi Sığorta Fonduna 166.93 manat və dövlət büdcəsinə 4779.96 manat ödənilməmiş borcu qalmışdır.

10. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

11. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 5 iyun 2024-cü il tarixli 2- 1(116)-1288/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

12. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi üzrə borc məbləğinin təmin edilməsi məqsədi ilə vergi orqanı tərəfindən cavabdehin aktiv bank hesabına – İcbari Tibbi Sığorta Fonduna 166,94 manat borcunun alınmasına dair xx.xx.2023-cü il tarixli və dövlət büdcəsinə olan 4779,98 manat borcunun alınmasına dair xx.xx.2023-cü il tarixli Sərəncamlar göndərilmişdir. Lakin qeyd olunan hesablaşma hesablarında pul vəsaitinin olmaması ilə əlaqədar alınmalı sərəncamın icrası təmin edilmədiyi üçün həmin sərəncam hələ də öz qüvvəsini saxlamaqdadır. Vergi orqanının uçot-baza məlumatlarında Cavabdeh hazırkı qərar üzrə siyahıya alınmış əmlakından başqa sahibkarlıq fəaliyyətində istifadə edilən digər əmlak, təsərrüfat subyekti və ya avadanlıqların olması aşkar edilməmişdir. Qeyd edilməlidir ki, cavabdehin yuxarıda qeyd olunan borc məbləğindən xx/xx/2023-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna 843.05 manat, İcbari Tibbi Sığorta Fonduna 166.93 manat və dövlət büdcəsinə 4779.96 manat ödənilməmiş borcunun qalması Şəki İnzibati Məhkəməsinin e-2-1(116)-1288/2024 nömrəli qərarında öz əksini tapır. Lakin məhkəmə cavabdehin Dövlət Sosial Müdafiə Fonduna 901.05 manat, İcbari Tibbi Sığorta Fonduna 166.93 manat və dövlət büdcəsinə ödənilməmiş 4779.96 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə müvafiq qərar üzrə siyahıya alınmış dəyəri 30.000 manat olan 2013-cü il buraxılışlı kuzov nömrəsi WDDHF0CB8EA813978 olan qara metallik rəngli “MERCEDES E220 MİNİK” markalı 77XV864 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin satılması hesabına ödənilməsini məqsədəmüvafiq hesab etməmiş və qeyd olunan borc məbləğinin dövlət büdcəsinə ödənilməməsinə səbəb olmuşdur. Baş İdarə Şəki İnzibati Məhkəməsinin gətirdiyi dəlillərlə əlaqədar bildirir ki, Cavabdeh ona məxsus avtonəqliyyat vasitəsini məsul saxlamaya götürməkdən, eyni zamanda “Avtonəqliyyat vasitəsinin siyahıya alınmaya təqdim edilməməsi (imtina edilməsi) barədə Aktı imzalamaqdan imtina etmişdir. Bununla da siyahıya alınmış əmlakın israf edilməsinə, özgəninkiləşdirilməsinə, gizlədilməsinə, dəyişdirilməsinə yol verdiyi təqdirdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 303cü maddəsinə əsasən cinayət məsuliyyətindən yayınmağa cəhd edilmişdir. Məhkəmə təcrübəsi göstərir ki, oxşar hallarla əlaqədar vergi ödəyiciləri siyahıya alınmış nəqliyyat vasitələrini məsul saxlamaya qəbul etməkdən imtina edərək vergi orqanlarının iddia ərizələrinə məhkəmədə baxıldığı zaman siyahıya alınmış, lakin tərəfindən məsul saxlamaya qəbul edilməmiş sahibliyində olan nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsini həyata keçirirlər ki, bununla əlaqədar vergi orqanları tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 303-cü maddəsinin tərkibinin olmasına dair məhkəmələrə verdikləri vəsatətlər məhkəmələr tərəfindən vergi ödəyicisinin avtonəqliyyat vasitəsini məsul saxlamaya götürmədikləri və hal hazırda onların mülkiyyətində olmaması əsası ilə təmin edilmir. Bu da nəticədə siyahıya alınmış nəqliyyat vasitələrinin satılmasına dair vergi orqanlarının iddia tələbinin məhkəmədə işə baxılarkən nəqliyyata sahibliyin dəyişməsi əsas gətirilərək təmin edilməməsi ilə nəticələnir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 5 iyun 2024-cü il tarixli 2-1(116)-1288/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ

14. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı nümayəndəsinin iştirakını təmin etməmiş, cavabdeh isə məhkəmə iclasına gəlməmişdir.

15. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

16. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - İddiaçı tərəfindən “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2023-cü il tarixli qərar, - “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2023-cü il tarixli protokol, - “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında haqqında” xx.xx.2023-cü il tarixli akt, - fiziki şəxs haqqında məlumatın sistem çıxarışı.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

18. Azərbaycan Respublikasının Konstitusiyası M a d d ə 7 3 . Vergilər və başqa dövlət ödənişləri

İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. İİ. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.

19. Vergi Məcəlləsinin: 23.1.6-cı maddəsinə əsasən, vergi orqanlarının hüquqları aşağıdakılardır: ... müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək ... 89.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 89.2-ci maddəsinə əsasən, əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. 89.6-cı maddəsinə əsasən əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: nağd pul vəsaitləri; bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; inventarizasiya aparılmaqla digər əmlak. 89.7. Əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Qərarda vergi ödəyicisinin adı və əmlakın yerləşdiyi ünvan göstərilməlidir. 89.10. Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. 90.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər.

20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

21. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.

22. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

23. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

24. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə vergi ödəyicisinin xx.xx.2023-cü il tarixə mövcud olan cəmi 5 789,94 manat borcuna görə 30 000 manat məbləğində əmlakı siyahıya alınsa da, əmlakın siyahıya alınması həyata keçirilərkən vergi orqanı tərəfindən yuxarıda qeyd olunan ardıcıllığın tələblərinə əməl olunmamış, dəyəri 30000 manat olan nəqliyyat vasitəsi siyahıya alınmışdır ki, həmin əmlakın real dəyəri ilə cavabdehin qalıq borcu arasında kifayət qədər uyğunsuzluq mövcuddur. Odur ki, hazırkı iş üzrə borc məbləğinin həmin nəqliyyat vasitəsinin satılması hesabına ödənilməsi vergitutmanın adekvatlılıq prinsipi və qərarının icrasının təmin olunması baxımdan məqsədəmüvafiq deyildir.

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

27. Məhkəmə kollegiyası tərəfindən işə əlavə edilmiş sənədlərin tədqiqi zamanı müəyyən edildi ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən Vergi Məcəlləsinin yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, iş materiallarından da göründüyü kimi vergi ödəyicisi olan cavabdeh Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə ümumilikdə borcu yaranmışdır. Lakin cavabdeh yaranmış borc məbləğinin büdcəyə ödənilməsini təmin etməmiş və ona görə də, Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərar çıxarmışdır. Vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2023-cü il qərarları əsasında vergi ödəyicisinin xx/xx/2023-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna 901.05 manat, İcbari Tibbi Sığorta Fonduna 166.93 manat və dövlət büdcəsinə ödənilməmiş 4779.96 manat borclarına görə qiyməti 30000 manat 2013-cü il buraxılışı kuzov nömrəsi WDDHF0CB8EA813978 olan qara metallik rəngli “MERCEDES E220 MİNİK” markalı 77XV864 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi siyahıya alınmış və bu barədə xx/xx/2023-cü il tarixli **********7, **********7 və **********4 saylı protokollar tərtib edilmişdir.

28. Vergi Məcəlləsinin 23.1.6-cı maddəsinə əsasən vergi orqanları müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin edir. 89.1-ci maddəsinə əsasən isə vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər.

29. Göründüyü kimi hazırkı işdə VM-in 89.1 və 90.1-ci maddələrində təsbit olunmuş bütün dispozisiya şərtləri mövcuddur.

30. İstinad olunan normaları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Baş İdarənin Cavabdeh siyahıya alınmış əmlakların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılmasına dair tələbinin təmin edilməməsi barədə qərar qəbul etməklə vergi orqanının vergi borcunun alınması ilə əlaqədar qanunvericilikdə nəzərə tutulmuş hüquqlarını məhdudlaşdırmışdır.

31. Nəzərə alınmalıdır ki, vergi orqanı tərəfindən hesablanmış, vergi ödəyicisi tərəfindən ödənilməmiş vergi məbləğinin dövlət büdcəsinə ödənilməsinin təmin üsullarından biri vergi ödəyicisinin əmlakının siyahıya alınması və Vergi Məcəlləsi ilə vergi orqanı üçün nəzərdə tutulmuş digər hüquqlardır. Bununla bağlı siyahıya alınmış əmlakların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılmasına dair tələbin təmin edilməməsi vergi orqanının əsas vəzifəsi olan vergilərin vaxtlı-vaxtında dövlət büdcəsinə ödənilməsinin təmin edilməsinin icrası ilə bağlı çətinlik yaradır.

32. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə qənaətə gəlir ki, işə baxan birinci instansiya məhkəməsi İnzibati Prosessual Məcəllənin 12 və 48-ci maddələrinin tələblərinə əsasən işin faktiki hallarını tam araşdırmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir.

33. Beləliklə, inzibati işə əlavə edilmiş sənədləri və aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixə İcbari Tibbi Sığorta Fonduna 166,93 manat, Dövlət Sosial Müdafiə Fonduna 843,05 manat və dövlət büdcəsinə 4779,96 manat ödənilməmiş borclarına görə onun siyahıya alınmış qiyməti 30.000 manat olan 2013-cü il buraxılışlı, kuzov nömrəsi WDDHF0CB8EA813978 olan qara metallik rəngli “MERCEDES E220 MİNİK” markalı, 77XV864 dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılmalıdır.

34. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 5 iyun 2024-cü il tarixli 2-1(116)-1288/2024 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixə İcbari Tibbi Sığorta Fonduna 166,93 manat, Dövlət Sosial Müdafiə Fonduna 843,05 manat və dövlət büdcəsinə 4779,96 manat ödənilməmiş borclarına görə onun siyahıya alınmış qiyməti 30.000 manat olan 2013-cü il buraxılışlı, kuzov nömrəsi WDDHF0CB8EA813978 olan qara metallik rəngli “MERCEDES E220 MİNİK” markalı, 77XV864 dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar