Məhkəmə qərarları › İş №2-1(107)-464/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-464/2023

13.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-464/2023 13.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "X3 və digərlərinin ünvan 1 ünvanda ümumi sahəsi 79,7 kv.m olan fərdi yaşayış evinə ümumi birgə mülkiyyət hüquqlarının qeydiyyatının və bunun əsasında dövlət reyestrindən əldə olunmuş xx.xx.2019-cu il tarixli, **********87-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın fərdi yaşayış evinə aid hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 15 may 2023-cü il tarixli 2-1(116)-244/2023 nömrəli qərarından iş üzrə üçüncü şəxslər X9, X23 və X26 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “X3, X12, X16 və X10 ünvan 1 ünvanda ümumi sahəsi 79,7 kv.m olan fərdi yaşayış evinə ümumi birgə mülkiyyət hüquqlarının qeydiyyatının və bunun əsasında Dövlət reyestrindən əldə olunmuş xx.xx.2019-cu il tarixli, **********87-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab olunaraq ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(116)-244/2023 nömrəli qərardadı ilə X9, X23 və X26 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər.

3. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi tələbini dəqiqləşdirərək “X3, X12, X16 və X10 ünvan 1 ünvanda ümumi sahəsi 79,7 kv.m olan fərdi yaşayış evinə ümumi birgə mülkiyyət hüquqlarının qeydiyyatının və bunun əsasında Dövlət reyestrindən əldə olunmuş xx.xx.2019-cu il tarixli, **********87-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın fərdi yaşayış evinə aid hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

5. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - X4, X17, X19, X13 Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019cu il tarixli, reyestr nömrəsi **********87-10301, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən onların ünvan 2 ünvanda ümumi sahəsi 79.7 kv.m. olan fərdi yaşayış evinə ümumi birgə mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Həmin qeydiyyat iddiaçının hüquqlarını pozmuşdur. İddiaçı bununla bağlı cavabdehə rəsmi müraciət edib həmin çıxarışın ləğv edilməsini xahiş etmiş, lakin müraciəti təmin olunmamışdır.

6. İddiaçı atası X27 xx.xx.1981-ci ildə vəfat etmişdir. X27 vəfat etikdən sonra onun adına olan əmlaklar iddiaçının anası X5 adına keçmişdir.

7. xx.xx.1989-cu il tarixdə Qəbələ rayon Notariat Kontorunda vəsiyyətnamə tərtib olunmuş, həmin vəsiyyətnaməyə əsasən, X14 vəfat edəcəyi gündə ona məxsus birmərtəbəli, iki otaqlı, iki aynəbədli evini, təndir evini, hamamı, mal tövləsini və digər əmlaklarını qızlarına, yəni iddiaçı Həsənova (Hacıyeva) Mehriban Çərkəz qızına və bacısı X7 bərabər şəkildə vəsiyyət etmişdir.

8. İddiaçının anası X14 xx.xx.1991-ci ildə vəfat etmişdir. Anası vəfat etdiyi gündən sonra ona məxsus yaşayış evi, 0.07 ha torpaq sahəsi və vəsiyyətnamədə qeyd olunmuş digər tikililər miras qalmışdır.

9. İddiaçı anasının dəfn xərclərini, yas mərasimini təşkil etmişdir. Anası vəfat etdikdən sonra iddiaçı vəsiyyətnamədə qeyd olunmuş miras qalmış evdə uzun müddət ailəsi ilə birlikdə yaşamışdır. Hal-hazırda da iddaçıya məxsus məişət və mebel əşyaları vəsiyyətnamədə qeyd olunmuş miras qalmış evdədir.

10. Beləliklə, iddiaçı Həsənova (Hacıyeva) Mehriban Çərkəz qızı xx.xx.1989-cu il tarixli vəsiyyətnamədə qeyd olunmuş miras əmlakını faktiki olaraq qəbul etmişdir.

11. X18 adına Qəbələ şəhəri ərazisində xx.xx.1962-ci il tarixli fərdi yaşayış evinə aid texniki pasport tərtib edilmişdir, həmin əmlak dekabr 1988-ci il tarixli texniki pasporta əsasən X6 adına keçmişdir. Hal-hazırda ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə aid X6 adına tərtib edilmiş inventar nömrəsi 406-1/204 olan “A” və “B” tikililəri üçün 1988-ci il tarixli texniki passport vardır.

12. Həmin texniki pasport cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsində saxlanılır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı müəyyən edilmişdir. Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlaka daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Həmin fərmanın 2.4-cü bəndinə əsasən üzərində texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərə aiddir.

13. Göstərilənlər nəzərə alınaraq iddia tələbinin təmin edilməsi xahiş edilmişdir.

14. Cavabdeh orqan iddia tələbinə etirazını, sözügedən çıxarışın ləğv edilməsi səlahiyyətinin olmaması ilə əsaslandırmışdır.

15. xx.xx.2023-cü il tarixdə keçirilmiş birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxs X3 vəkili Vəkil2 iddia tələbinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Digər üçüncü şəxslər iddia tələbinə münasibət bildirməmişlər.

16. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

17. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

18. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 15 may 2023-cü il tarixli 2- 1(116)-244/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

19. Üçüncü şəxslər X9, X23 və X26 həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

20. Üçüncü şəxslər apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işə mahiyyəti üzrə baxmazdan əvvəl onun mümkünlüyü ilə bağlı şərtləri yoxlamalı idi. Belə ki, iddiaçının həmin iddianı verməyə subyektiv hüququ olmamışdır. Bunun təsdiqi kimi Şəki Apellyasiya Məhkəməsinin 2(107)-69/2022 nömrəli 02 mart 2022-ci il tarixli qətnaməsi ilə “Qəbələ Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli 2(025)-65/2021 nömrəli qətnaməsinin “X3, X12, X16 və X10 adına verilmiş xx.xx.2019-cu il tarixli, reyestr nömrəsi **********87-10301, qeydiyyat nömrəsi ********** olan çıxarışın etibarsız hesab olunması” tələbinə dair hissəsində ləğv edilməsi və iddia tələbinin X3, X12, X16 və X10 adına verilmiş xx.xx.2019-cu il tarixli, reyestr nömrəsi **********87-10301, qeydiyyat nömrəsi ********** olan çıxarışın etibarsız hesab olunmasına aid hissəsində iş üzrə icraata xitam verilməsi ilə bağlı” qərardadı nəzərə alınmaqla, Qəbələ Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli 2(025)-65/2021 nömrəli qətnaməsi ünvan 2 ünvanındakı əmlaka vəsiyyətnamə üzrə 2/1 hissədə miras payının müəyyən edilməsinə dair iddianın rədd olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır. Nə qədər ki, həmin evə İddiaçı miras payı tələbi təmin olunmamışdır, hazırki iddianı qaldırmağa onun subyektiv hüququ olmamışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 15 may 2023-cü il tarixli 2-1(116)-244/2023 nömrəli qərarının ləğv edilməsini və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişlər.

TƏRƏFLƏRİN İZAHATLARİ

21. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi X20 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 15 may 2023cü il tarixli 2-1(116)-244/2023 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

22. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən üçüncü şəxslərin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 15 may 2023-cü il tarixli 2-1(116)-244/2023 nömrəli qərarının ləğv edilməsini və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi.

23. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və üçüncü şəxslər X9, X23 və X26 məhkəmə iclasına gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. 24 Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

25. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - JN-1114F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-nın xx.xx.2001-ci il tarixli 03 saylı qərarı ilə Qəbələ şəhərində yerləşən 0.07 ha torpaq sahəsi X9, X21, X22 və X16 ümumibirgə mülkiyyətinə verilmişdir. - dekabr 1988-ci il tarixli, 204 inventar nömrəli texniki pasportdan görünür ki, mübahisəli fərdi yaşayış evi üzrə hüquq subyekti X14, tikilinin inşa edildiyi il – 1960-cı il və digər texniki göstəricilər öz əksini tapmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş, xx.xx.1989-cu ildə Qəbələ rayon Notariat Kontorunda tərtib edilmiş vəsiyyətnamədən görünür ki, X14 vəfat edəcəyi gündə özünə məxsus olan əmlaklarını İddiaçı və X4 bərabər şəkildə vəsiyyət etmişdir. - ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli DƏDR-dən çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən 0.07 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi ümumibirgə mülkiyyət hüququ üzrə X9, X23, X21 və X26 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - xx.xx.2019-cu il tarixli, 406-1/6172 inventar nömrəli texniki pasportdan görünür ki, fərdi yaşayış evi üzrə hüquq subyekti X9, tikilinin yerləşdiyi torpaq sahəsi - sənəd üzrə 0.07 ha, tikildiyi il – 1980, 0.0995 ha zəbt sahə və digər texniki göstəricilər öz əksini tapmışdır. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətlərinin təmin edilməsindən imtina edilmişdir. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X3 və digərlərinin ümumibirgə mülkiyyətində olan ünvan 5 ünvanında 0.07 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi (q/n-********** olan xx.xx.2019-cu il tarixli çıxarış) Qəbələ rayon AİK-nın xx.xx.2001-ci il tarixli 03 saylı qərarına əsasən 4 (dörd) nəfərin adına tərtib edilmiş oktyabr 2002-ci il tarixli JN 1114F kod 40601004 olan “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” əsasında qeydiyyata alınmışdır. - Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(107)- 69/2022 nömrəli qərardadından görünür ki, Qəbələ Rayon Məhkəməsinin 02 aprel 2021 -ci il tarixli, 2(025)-65/2021 nömrəli qətnaməsi iddianın “X3, X12, X16 və X10 adına verilmiş xx.xx.2019-cu il tarixli, reyestr nömrəsi **********8710301, qeydiyyat nömrəsi ********** olan Çıxarışın etibarsız hesab olunması” tələbinə dair rədd olunmuş hissəsində ləğv edilmiş, iddia tələbinin X3, X12, X16 və Xancanova Qəribə Fazil qızının adına verilmiş xx.xx.2019-cu il tarixli, reyestr nömrəsi **********87-10301, qeydiyyat nömrəsi ********** olan Çıxarışın etibarsız hesab olunmasına dair hissəsində mülki iş üzrə icraata xitam verilmiş, iddiaçıya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. - Qəbələ RİHB-nın Qəbələ şəhər İƏD-si üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, V.Qəhrəmanov küçəsi ev 39 saylı ünvana dair 19902000ci illər üzrə təsərrüfatbaşına kitabda aşağıda adları qeyd edilən vətəndaşlar yaşamışlar: X15, X24, X9, X22 və X26.

TƏTBİQ EDİLƏN HÜQUQ

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin tələblərinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin maddənin 2-ci bəndinin tələblərinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra – dövlət reyestri) aparılır. 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. 9.2. Qeydiyyat orqanı bu qanunun 14.1-ci və 15.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizənin və ona əlavə edilən sənədlərin təqdim edildiyi gündən 10 iş günü müddətində daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alır və elektron qaydada dövlət reyestrindən çıxarış tərtib edir. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması ilə əlaqədar daşınmaz əmlak üzərində hüquqların qeydiyyat müddəti qeydiyyat orqanı tərəfindən 5 iş gününədək uzadıla bilər. Bu halda ərizəçiyə bildiriş təqdim edilməlidir. 9.3. Hüquqların dövlət qeydiyyatı ərizələrin qəbul edilmə ardıcıllığı ilə aparılır. Ərizənin sürətləndirilməklə icra edilməsi qaydası və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 12.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə görə, daşinmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

29. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

30. Üçüncü şəxslərin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

31. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

32. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

33. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

35. Məhkəmə kollegiyası qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur.

36. İş materialları ilə müəyyən edilir ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair dekabr 1988-ci il tarixli, 204 inventar nömrəli texniki pasport tərtib edilmiş və mübahisəli fərdi yaşayış evi üzrə hüquq subyekti X14 qeyd edilmişdir.

37. Həmin texniki pasport Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün əsas olmuş sənədlərin siyahısında öz əksini tapmışdır (1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar).

38. Buna baxmayaraq cavabdeh orqan həmin texniki pasportu nəzərə almadan ünvan 4 ünvanında yerləşən 0.07 ha torpaq sahəsinin JN-1114F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə X9, X21, X22 və X16 ümumibirgə mülkiyyətinə verilməsinə əsaslanaraq həmin torpaq sahəsi üzərində fərdi yaşayış evinə münasibətdə də, adları qeyd edilmiş şəxslərin ümumibirgə mülkiyyət hüquqlarını dövlət qeydiyyatına almışdır.

39. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.9.1.2-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunsa da, nəzərə alınmalıdır ki, mübahisəli tikili “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək yaranmış daşınmaz əmlak obyekt hesab olunduğundan, həmin Qanunun 8.0.9.1.2-ci maddəsinin mübahisəli fərdi yaşayış evinə münasibətdə tətbiq edilməsi doğru olmamışdır. Cavabdeh orqan hər bir halda sözügedən tikili üzərində mülkiyyət hüquqlarının mövcudluğunu yoxlayarkən istinad olunan Fərmanın tələbləri baxımından hüquqi qiymətləndirmə aparmalı idi. Belə ki, mübahisəli fərdi yaşayış evinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək (xx.xx.2004) inşa edilməsi işin mübahisəsiz halıdır.

40. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”ndan göründüyü kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək yaranmış daşınmaz əmlak obyektlərinə münasibətdə fərqli tənzimləmə qaydası müəyyən edilmiş və hüququn qeydə alınması üçün zəruri olan sənədlərin konkret siyahısı təsbit edilmişdir.

41. Buna görə də birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı xx.xx.2019-cu il tarixli, **********87-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın fərdi yaşayış evinə aid hissədə ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur.

42. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, mübahisələndirilən xx.xx.2019-cu il tarixli, **********87-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış JN-1114F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında verilmişdir. Cavabdeh orqan həmin çıxarışın sözügedən şəhadətnamə əsasında verildiyini xx.xx.2023-cü il tarixli məktubunda etiraf etmişdir.

43. Digər tərəfdən vəsiyyətnamənin mövcud olmasına baxmayaraq, daşınmaz əmlak barəsində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.3-cü maddəsində nəzərdə tutulmuş vərəsəlik hüququ haqqında şəhadətnamə mövcud olmadığından və “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №-li qərarının 17-ci bəndində mülki-hüquqi əqd olaraq vəsiyyətnamənin deyil, vərəsəlik şəhadətnaməsinin mövcudluğu halında daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməsi və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalı olması müəyyən edildiyindən, hazırkı mübahisəyə mahiyyəti üzrə baxılaraq cavabdeh orqanın faktiki xarakterli hərəkətlərinə hüquqi qiymət verilmişdir.

44. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında qeyd edilmişdir: “1) Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. 2) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır.

45. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuş, imtina mövcud inzibati praktikaya uyğun olmamış, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır.

46. Bundan başqa məhkəmə kollegiyası üçüncü şəxslərin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş ərizədə vahid məhkəmə tərcübəsində formalaşmış mübahisənin inzibati qaydada deyil, mülki icraat qaydasında baxılmasına dair oxşar inzibati işlə bağlı istinad edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(102)- 57/2023 nömrəli qərarı ilə müəyyən edilmişdir ki, Yevlax rayon Bucaq kənd İƏV nümayəndəliyinin 1991-1995-ci illərə dair 15 saylı təsərrüfatbaşına kitabında təsərrüfat başçısı 1954-cü il təvəllüdlü X8 1993-cü ildə vəfatından sonra təsərrüfatbaşına kitablarda anası X2 ilə yanaşı, hazırkı iş üzrə üçüncü şəxs olan həyat yoldaşı və övladlarının adları qeyd olunmuşdur. 2006-2010-cu illərin təsərrüfatbaşına kitabında təsərrüfatda yaşayış evinin 1974-cü il tarixdə tikildiyi, sahəsinin 64 kv.m olduğu qeyd edilmişdir. X2 mülki qanunvericiliyə uyğun olaraq daşınmaz əmlakın ancaq ona məxsus olan hissəsini və ya ona aid olan payını iddiaçıya vəsiyyət edə bilərdi və iddiaçı yalnız X1 əmlak hüququ ilə əhatə olunan hissəyə iddia etməkdə haqlı sayıla bilər. Bu baxımdan iddiaçıya izah olunur ki, miras əmlakla, o cümlədən vəsiyyətnamə üzrə miras əmlakla bağlı mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Nəzərə almaq lazımdır ki, mübahisələndirilən çıxarışın fərdi yaşayış evinə dair hissədə üçüncü şəxslərə münasibətdə ləğvini tələb etməzdən əvvəl, qeyd olunanlar nəzərə alınmaqla, iddiaçı ilk növbədə özünün həmin əmlakda vəsiyyətnamə üzrə miras payının müəyyən edilməsi ilə bağlı məsələnin həllinə nail olmalıdır. Yalnız vəsiyyətnamə üzrə miras payın müəyyən edilməsi ilə bağlı məsələ həll olunduqdan və iddiaçının miras əmlakda payının həcmi dəqiqləşdikdən sonra zərurət yarandığı təqdirdə iddiaçı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı miras əmlakdan ona çatan pay həcmində və ya hissədə mübahisələndirə bilər.

47. Bununla bağlı kollegiya qeyd edir ki, yuxarıda göstərilən qərardan fərqli olaraq hal-hazırki inzibati iş üzrə mübahisə isə iddiaçıya vəsiyyət olunan yalnız X5 adına qeydə alınmış dekabr 1988-ci il tarixli, 204 inventar nömrəli texniki pasport tərtib edilmiş fərdi yaşayış evi ilə bağlıdır.

48. İşə əlavə edilmiş sənədlərdən də müəyyən olunmuşdur ki, mübahisələndirilən xx.xx.2019-cu il tarixli, **********87-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış X5 adına qeydə alınmış fərdi yaşayış evinə dair verilmiş dekabr 1988-ci il tarixli, 204 inventar nömrəli texniki pasport əsasında deyil, 3-cü şəxslərin adlarına tərtib olunmuş JN-1114F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında qeydə alınmışdır.

49. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də üçüncü şəxslərin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.

50. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, X3 və digərlərinin ünvan 1 ünvanda ümumi sahəsi 79,7 kv.m olan fərdi yaşayış evinə ümumi birgə mülkiyyət hüquqlarının qeydiyyatının və bunun əsasında dövlət reyestrindən əldə olunmuş xx.xx.2019-cu il tarixli, **********87-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın fərdi yaşayış evinə aid hissədə ləğv edilməməsinə dair cavabdehin hərəkətləri qanunauyğun olmadığından, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, üçüncü şəxslərin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.

51. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Üçüncü şəxslər X9, X23 və X26 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 15 may 2023-cü il tarixli 2-1(116)-244/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar