Məhkəmə qərarları › İş №2-1(107)-464/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-464/2025

15.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-464/2025 15.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X5 və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (Ləğv prosesində) və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “11000 (on bir min) manat sığorta ödənişinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 11 mart 2025-ci il tarixli 2-1(116)-1325/2025 nömrəli qərardadından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (Ləğv prosesində) və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “11000 (on bir min) manat sığorta ödənişinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1985-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. xx.xx.2006-cı il tarixdə Mingəçevir şəhər hərbi komissarlığından həqiqi hərbi xidmətə çağrılmışdır. xx.xx.2007-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Sonradan 2014-cü ilin iyul ayından etibarən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu olaraq xidmət etməyə başlamışdır. 2016-cı ilin noyabr ayından etibarən isə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətini davam etdirmişdir. xx.xx.2017-ci il tarixdə düşmən tərəfindən atılmış atəş nəticəsində “Sol əlin korqəlpə yaralanması” diaqnozu ilə xəsarət almışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliknikası tərəfindən verilmiş, 24 aprel 2024-cü il tarixli, 681 saylı arayışdan da görünür ki, o, xx.xx.2017-ci ildə düşmən tərəfindən atılmış atəş nəticəsində “Sol əlin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları” səbəbdən yüngül dərəcədə xəsarət almışdır. O, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək 11000 (on bir min) manat sığorta ödənişinin verilməsini xahiş etsə də, cavabdeh tərəfindən ona ünvanlanmış 22 iyul 2024-cü il tarixli (ona 10 avqust 2024-cü il tarixdə təqdim edilmişdir) imtina məktubunu belə əsaslandırmışdır ki, xidməti vəzifələrinizin icrası ilə əlaqədar yüngül dərəcədə xəsarət almanız xx.xx.2017-ci il tarixində baş vermiş və həmin tarixdə sığorta haqları xidmət keçdiyi sığortalı qurum tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilmişdir. Qeyd olunanları nəzərə alaraq, dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi üçün tərtib edilmiş arayışın istinad edildiyi 2017-ci ilə aid sənədlərlə birlikdə "xxxx" ASC-yə müraciət etmək tövsiyə olunur. - O, cavabdeh Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət edərək 11000 (on bir min) manat sığorta ödənişinin verilməsini xahiş etsə, cavabdeh tərəfindən ona ünvanlanmış 16 avqust 2024-cü il tarixli (ona 30 avqust 2024-cü il tarixdə təqdim edilmişdir) imtina məktubunu belə əsaslandırmışdır ki, “Dövlət icbari şəxsi sığorta sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2022-ci il tarxli, 1718 nömrəli Fərmanının (bundan sonra- Fərman) 2-ci hissəsinə əsasən, “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanının 2.7-ci bəndinə əsasən aşağıdakı redaksiyada verilməsi qərara alınmışdır: “Sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişi Şirkət tərəfindən həyata keçirilir” Fərmanın 3- cü hissəsinə əsasən, aşağıdakı məzmunda 2.8-ci bəndin əlavə edilməsi qərara alınmışdır: “sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin (Şirkət tərəfindən 2022-ci il yanvarın 1-dək həyata keçirilmiş sığorta ödənişləri istisna olmaqla) həyata keçirilməsini 2022-ci il yanvarın 1-dən etibarən dövlət icbari şəxsisığortası üzrə Fondda formalaşan sığorta vəsaiti hesabına Fond təmin edir.” Ərizəyə əlavə olunmuş sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən “Xəsarətin dərəcəsinə və səbəbinə dair” xx.xx.2024-cü il tarixli arayış əsas götürülür. Qeyd edilən arayışın verildiyi tarix xx.xx.2024-cü il tarixinə təsadüf edildiyindən, Fərmana edilmiş dəyişikliyə əsasən, ona sığorta ödənişinin verilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilməlidir. Bu səbəbdən sığorta ödənişinin alınması üçün aidiyyəti üzrə Fonda müraciət etməyi tövsiyə olunur. - O, yenidən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək 11000 (on bir min) manat sığorta ödənişinin verilməsini xahiş etsə də, cavabdeh tərəfindən ona ünvanlanmış 18 sentyabr 2024-cü il tarixli (ona 08 oktyabr 2024-cü il tarixdə poçt vasitəsilə gəlmişdir) imtina məktubunu belə əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixində hərbi xidmət dövründə baş vermiş hadisə nəticəsində yüngül dərəcəli qiymətləndirilən xəsarət almışdır. Qeyd edilmişdir ki, həmin tarixdə sığorta haqları xidmət keçdiyi sığortalı qurum tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilib. Qeyd olunan səbəbdən ona dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi mümkün hesab edilməmişdir.

3. Cavabdeh orqanın iddia tələbinə etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdeh orqana müraciət edərək ona dövlət icbari şəxsi sığorta ödənişinin verilməsini xahiş etmişdir. Cavabdeh orqanın xx.xx.2024-cü il tarixli 3-17-1/2- Ə-171633/2024 nömrəli məktubu ilə iddiaçıya 11000 (on bir min) manat sığorta ödənişinin verilməsindən imtina edilmişdir. İddiaçı məxsus xx.xx.2024-cü il tarixli 681 nömrəli arayışın surətinə əsasən o, xx.xx.2017-ci il tarixdə düşmən tərəfindən atılmış atəş nəticəsində "Sol əlin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları” səbəbindən yüngül dərəcədə xəsarət almışdır. Fondun müvafiq məktubu ilə iddiaçının xidməti vəzifələrinin icrası ilə əlaqədar yüngül dərəcədə xəsarət almasının xx.xx.2017-ci il tarixdə baş verməsi və həmin tarixdə sığorta haqlarının xidmət keçdiyi sığortalı qurum tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinə görə sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin iddiaçıya ünvanladığı 16 avqust 2024-cü il tarixli məktubu ilə 11000 (on bir min) manat sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Bildirilmişdir ki, sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən əsas sənəd “Xəsarətin dərəcəsinə və səbəbinə dair” xx.xx.2024-cü il tarixli arayışdır. Qeyd edilən arayışın verildiyi tarix xx.xx.2024-cü il tarixinə təsadüf etdiyindən sığorta ödənişinin verilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilməlidir. Yuxarıda qeyd edilmiş hallardan da aydın olduğu kimi iddiaçının xidməti vəzifələrinin icrası ilə əlaqədar yüngül dərəcədə xəsarət alması xx.xx.2017-ci il tarixdə baş verdiyindən, İddiaçı 11000 (on bir min) manat sığorta ödənişinin verilməsi ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin səlahiyyətlərinə aiddir. Bundan narazı qalan iddiaçı sığorta ödənişinin verilməsi tələbinə dair iddia ərizəsi ilə Şəki inzibati Məhkəməsinə müraciət etmişdir. - “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 20 may 1997-ci il tarixli, 296-İQ nömrəli Qanununun 2.1.6-cı maddəsinə əsasən sığorta hadisəsi dedikdə sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin ödənilməsi üçün əsas olan bu Qanunun 5-ci maddəsi ilə müəyyən edilən hal nəzərdə tutulur. Qanunun 4.1-ci maddəsinə əsasən sığortaolunan on bir min manat məbləğində sığorta edilir. Qanunun 5-ci maddəsində nəzərdə tutulan hallardan biri də maddənin d) bəndində göstərilən sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməməsidir: Bu zaman: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - az ağır xəsarət (yaralanma, travma, kontuziya) — 15 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Həmin Qanuna əsasən sığorta ödənişi dedikdə isə sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququ olan şəxsə sığortaçı tərəfindən ödənilən birdəfəlik pul vəsaiti nəzərdə tutulur. - Qanunun 2.1.9-cu maddəsindən də aydın olduğu kimi sığorta ödənişinin verilməsi üçün Qanunda nəzərdə tutulan sığorta hadisəsi baş verərsə, sığorta ödənişinin verilməsi həyata keçirilir. Müvafiq hadisə ilə bağlı xəsarətin dərəcəsinə və səbəbinə dair verilmiş arayışın tarixi xx.xx.2024-cü il olsa da, arayışın məzmunundan da göründüyü kimi hadisə xx.xx.2017-ci il tarixdə baş vermişdir. İddiaçıya münasibətdə nəzərdə tutulan sığorta hadisəsi isə 5-ci maddənin d bəndində nəzərdə tutulmuşdur. Beləliklə, İddiaçı on bir min manat sığorta ödənişi bütövlükdə yox, yalnız aldığı yüngül xəsarətə görə müvafiq məbləğin 5 faizi ödənilə bilər. Həmin məbləğin ödənilməsi isə hadisə xx.xx.2017-ci il tarixdə baş verdiyindən ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin səlahiyyətinə aiddir. Bu səbəbdən də, cavabdeh orqan tərəfindən verilən imtina məktubu faktlarla əsaslandırılmış və qanunvericiliyin tələblərinə uyğun tərtib edilmişdir.

4. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti (Ləğv prosesində) iddia tələbinə münasibət bildirməmişdir.

5. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 11 mart 2025-ci il tarixli 2- 1(116)-1325/2025 nömrəli qərarı ilə iddia qismən təmin edilərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə İddiaçı 550 (beş yüz əlli) manat sığorta ödənişinin verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

6. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 11 mart 2025-ci il tarixli 2- 1(116)-1325/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (Ləğv prosesində) qarşı “11000 (on bir min) manat sığorta ödənişinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır.

7. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı xidməti vəzifələrinin icrası ilə əlaqədar aldığı xəsarətə uyğun sığorta ödənişinin verilməsinə nail olmaqdır. İddiaçı tərəfindən təqdim edilmiş “Xəsarətin dərəcəsinə və səbəbinə dair” Mərkəzi Hərbi Poliklinikanın xx.xx.2024-cü il tarixli arayışına əsasən, iddiaçı xx.xx.2017-ci il tarixdə düşmən tərəfindən açılmış atəş nəticəsində sol əlin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları səbəbilə yüngül dərəcəli xəsarət almışdır. Həmin arayış sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən sənəd hesab olunduğundan və sənədin tarixi 2020-ci il 31 dekabrdan sonraya – konkret olaraq xx.xx.2024-cü ilə təsadüf etdiyindən, sığorta ödənişinin dövlət icbari şəxsi sığortası üzrə Fondun vəsaiti hesabına verilməsilə bağlı tələb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı yönəlməlidir.

8. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu həmin qərardaddan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 11 mart 2025-ci il tarixli 2-1(116)-1325/2025 nömrəli qərardadının ləğv edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının xidməti vəzifələrinin icrası ilə əlaqədar yüngül dərəcədə xəsarət alması xx.xx.2017-ci il tarixində baş verdiyi və həmin tarixdə sığorta haqları xidmət keçdiyi sığortalı qurum tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənildiyi üçün müvafiq sığorta ödənişinin ödənilməsi vəzifəsi sözügedən Kommersiya Şirkətinə məxsusdur. Belə olan halda tələbdən də aydın olduğu kimi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu hazırki iş üzrə iddiaya cavab verməli şəxs deyildir. - “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının 20 may 1997-ci il tarixli, 296-İQ nömrəli Qanununun 2.1.9-cu maddəsindən də aydın olduğu kimi sığorta ödənişinin verilməsi üçün Qanunda nəzərdə tutulan sığorta hadisəsi baş verərsə, sığorta ödənişinin verilməsi həyata keçirilir. Müvafiq hadisə ilə bağlı xəsarətin dərəcəsinə və səbəbinə dair verilmiş arayışın tarixi xx.xx.2024cü il olsa da, arayışın məzmunundan da göründüyü kimi, hadisə xx.xx.2017-ci il tarixdə baş vermişdir. İddiaçıya münasibətdə nəzərdə tutulan sığorta hadisəsi isə 5-ci maddənin d bəndində nəzərdə tutulmuşdur. Həmin məbləğin ödənilməsi isə hadisə xx.xx.2017-ci il tarixdə baş verdiyindən ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin səlahiyyətinə aiddir. Bu səbəbdən də cavabdeh orqan tərəfindən verilən imtina məktubu faktlarla əsaslandırılmış və qanunvericiliyin tələblərinə uyğun tərtib edilmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 şikayətin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi iştirak etməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

13. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

14. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər

Apellyasiya şikayətinin mümkünlüyü

15. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

17. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

18. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

19. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

20. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

21. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1).

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, normativ hüquqi aktlarla sığorta tədiyyələrinin vaxtında və tam ödənilməsinə nəzarət funksiyası həvalə olunsa da, bu faktın özü Dövlət Sığorta Kommersiya Şirkətinin inzibati orqan kimi tanınması və onun həyata keçirdiyi fəaliyyətin inzibati icraat xarakteri daşıması qənaətinə gəlmək üçün yetərli deyil. Belə ki, sözügedən qurumun fəaliyyəti publik idarəetmə səlahiyyətlərinə yox, mülki dövriyyədə iştirak edən subyekt kimi qanun və müqavilələrdən irəli gələn öhdəliklərə əsaslanır. Bu səbəbdən, Dövlət Sığorta Kommersiya Şirkəti dövlətvətəndaş münasibətlərində inzibati mübahisəyə səbəb olan subyekt və ya publik səlahiyyət daşıyıcısı hesab edilə bilməz. Nəticə etibarilə, həmin qurumun hərəkətləri və öhdəlikləri inzibati hüquqi akt kimi deyil, qanun və ya müqavilə əsasında formalaşan mülki hüquqi öhdəlik kimi qiymətləndirilməlidir.

23. Məlum olduğu kimi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir: “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub- olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd). İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz (15.4-cü bənd). İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir (15.5-ci bənd). Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar (15.6-cı bənd).

24. Kollegiya onu da qeyd edir ki, Azərbaycan Respublikasi Prezidentinin 18 may 2021-ci il 1340 №-li Fərmanının 2.8-ci bəndinə əsasən sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin (Şirkət tərəfindən 2022-ci il yanvarın 1-dək həyata keçirilmiş sığorta ödənişləri istisna olmaqla) həyata keçirilməsini 2022-ci il yanvarın 1-dən etibarən dövlət icbari şəxsi sığortası üzrə Fondda formalaşan sığorta vəsaiti hesabına Fond təmin edir.

25. İddiaçı tərəfindən təqdim edilmiş “Xəsarətin dərəcəsinə və səbəbinə dair” Mərkəzi Hərbi Poliklinikanın xx.xx.2024-cü il tarixli arayışına əsasən, iddiaçı xx.xx.2017ci il tarixdə düşmən tərəfindən açılmış atəş nəticəsində sol əlin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları səbəbilə yüngül dərəcəli xəsarət almışdır.

26. Həmin arayış sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən sənəd hesab olunduğundan və sənədin tarixi 2020-ci il 31 dekabrdan sonraya – konkret olaraq xx.xx.2024-cü ilə təsadüf etdiyindən, sığorta ödənişinin dövlət icbari şəxsi sığortası üzrə Fondun vəsaiti hesabına verilməsilə bağlı tələb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı yönəlməlidir.

27. Göründüyü kimi, iddiaçı iddia tələbini həm də Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (Ləğv prosesində) yönəldərək iddia tələbi üçün müəyyən olunmuş mümkünlük şərtini pozmuşdur

28. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdeh orqan şikayətində Şəki İnzibati Məhkəməsinin 11 mart 2025-ci il tarixli 2-1(116)-1325/2025 nömrəli qərardadının ləğv edilməsini tələb etmiş, lakin sonrakı prosessual hərəkətlərin gedişatı barədə hər hansı tələb irəli sürməmişdir. Bununla bağlı cavabdeh orqanın nümayəndəsinə şikayətlə bağlı fikirlərini bildirməsi təklif və yardım olunsa da, o, ancaq qərardadın ləğv edilməsini xahiş etdi. Sonrakı prosessual hərəkətlər barədə hər hansı fikri olmadığını və şikayəti müdafiə etdiyini bildirdi. Göründüyü kimi, cavabdeh orqanın şikayəti formal mülahizələrdən ibarət olmaqla mübahisələndirilən qərardadın ləğvinə əsas vermir.

29. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.

30. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

31. İPM-in 35.1-ci maddəsinin mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın.

32. Qeyd olunmalıdır ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmçinin, nəzərə almaq lazımdır ki, iddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.

33. Beləliklə kollegiya hesab edir ki, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Ümumilikdə Kollegiya, cavabdehin dəlillərini birinci instansiya məhkəməsinin qərardadının ləğvinin əsası kimi qəbul etmir.

34. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (Ləğv prosesində) qarşı hissədə mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 11 mart 2025-ci il tarixli 2-1(116)-1325/2025 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı

cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 11 mart 2025-ci il tarixli 2-1(116)-1325/2025 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar