Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-465/2020 27.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı sosial yardım təyin olunmasından imtina qərarının ləğv olunması və müraciət olunan tarixdən ünvanlı sosial yardımın təyin olunaraq məbləğin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-32/2020 nömrəli qərarından cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, “Ünvanlı Dövlət Sosial Yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3cü, 4-cü, 5-ci, 6-cı, 7-ci və 8-ci maddələrinə əsasən ünvanlı yardım orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan bütün aztəminatlı ailələrə dövlət büdcəsinin vəsaiti hesabına yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müraciət edilən ayın 1-dən 2 il müddətinə təyin olunur. "Ünvanlı Dövlət Sosial Yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən sosial yardım yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. Aztəminatlı ailələrin rahatçılığını və sosial müdafiəsini gücləndirilmək məqsədi ilə X6 və X7 (VEMTAS) yaradılması barədə xx xxxxxx 2015-ci il tarixli 477 nömrəli Fərmanında hörmətli Prezidentimiz cənab İlham Əliyev mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edilməsi barədə Ədliyyə Nazirliyinə Tapşırıq vermişdir. Ədliyyə Nazirliyi tərəfindən Ailə Məcəlləsinin 56.2-ci maddəsinin tələbinə uyğun hazırlanmış VEMTAS-da olan “bu ünvanda digər ailələr yaşayır?” sualına cavab verən təmsilçi “BƏLİ” düyməsini sıxdıqda açılmış pəncərədən də görünür ki, bir ünvanda yaşayan uşaqların ailəsi, digər qohumların ailəsi, baba və nənənin ailəsi, nəvələrin ailəsi, valideynin (və ya valideyinlərin) ailəsi, ayrı-ayrı müstəqil ailələrdir bir ünvanda yaşayan bu ailələr bir-birini saxlamağa, bir-birinə pul verməyə və bir-birinə ünvanlı dövlət yardımı təyin etməyə və ya verməyə borclu deyillər. x xxxxxxx 2018-ci il tarixdə ünvanı, təhsili, muzdlu işdən olan gəliri, kommunal və rabitə xəcləri, ünvanda yaşayan 3 nəfər özünün və 2 nəfər keçmiş ailə üzvləri olmuş valideynlərinin ailəsi haqqında ərizə bəyannaməni qəbul etmiş VEMTAS valideynlərinin ailəsinə görə imtina verməmiş, ərizə bəyənnamədə heç bir uyğunsuzluq aşkar etməmiş, qərar qəbul etməyi Dövlət Sosial Müdafiə Fondunun odan sonra DSMF-nin Mingəçevir şəhər şöbəsinin işçisinə tapşırıq vermişdir. Aztəminatlı ailəsinin maddi-məişət şəraitini yoxlamağa gəlmiş, mülkiyyət hüququ əsasında başqa vətəndaşa məxsus olan evə girmiş, axtarış və çəkiliş apardıqdan sonra 90 gün ərzində elektron imza ilə VEMTAS vasitəsi ilə imtina cavabları vermiş DSMF-nin Mingəçevir şəhər şöbəsinin işçisi bəyan edir ki, aztəminatlı ailəsi keçmiş ailə üzvləri olmuş valideynlərinin ailəsi ilə bir ünvanda yaşadığına görə, ünvanlı dövlət sosial yardımı onun aztəminatlı ailəsinə keçmiş ailə üzvləri olmuş valideynlərinin ailəsi təyin etməli və verməlidir. Ünvanlı dövlət sosial yardımı almaq hüququna malik olan aztəminatlı ailəsinə ünvanlı dövlət sosial yardımı etməkdən və verməkdən imtina edən keçmiş ailə üzvləri olmuş valideynləri isə deyir ki, Ailə məcəlləsinin 56.2-ci maddəsinə əsasən 18 yaşına çatmış əmək qabiliyyətli Fərhadın üzərində olan bütün hüquq və vəzifələrimizə xitam verdiyinə görə, biz keçmiş ailə üzvümüz olmuş əmək qabiliyyətli Fərhadı və onun ailəsini saxlamağa, pul verməyə və onun ailəsinə ünvanlı dövlət sosial yardımı təyin etməyə borclu deyilik, bizim pulumuz bizim şəxsi mülkiyyətimiz olduğuna görə Konstitusiyanın 13 və 29-cu maddələri ilə dövlət tərəfindən müdafiə olunur və qanun tərəfindən qorunur, məhkəmənin qərarı olmasa heç kim bu pulu bizdən ala bilməz. Aztəminatlı ailəsi 4 (dörd) nəfərdən ibarətdir o, həyat yoldaşı və 2 (iki) körpə uşağı. Başqa ailəsi yoxdur. Dövlətimizin sosial qayğısına ehtiyacı var. Muzdlu işdən olan orta aylıq gəliri 206 manatdır, başqa gəliri yoxdur. 1-ci nigahdan olan 1 uşağının saxlanılması üçün məhkəmə tərəfindən sabit pul məbləğində təyin edilmiş 110 manat aliment ödəyir. Göründüyü kimi, muzdlu işdən olan orta aylıq gəliri ondan asılı olmayan səbəblərdən hər bir ailə üzvü ehtiyac meyarının məcmusundan aşağı olduğuna görə “Ünvanlı Dövlət Sosial Yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən ünvanlı yardım almaq hüququna malik olan aztəminatlı ailədir. İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 məhkəməyə xx.xx.2020-ci il tarixli ərizə təqdim edərək iddia tələbində dəqiqləşmə apararaq iş üzrə cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini qeyd etmiş və “ünvanlı sosial yardımın təyin olunmasından imtina qərarının ləğv olunması və müraciət olunan tarixdən ünvanlı sosial yardımın təyin olunaraq məbləğin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında ərizə icraata qəbul edilmişdir. Cavabdehin etirazı: İddiaçi İddiaçı iddia tələbinə dair bildiririk ki, iddia ələbi əsasız olduğu üçün təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müracit edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 1.1-ci bəndinə əsasən bu Qaydalar “Ünvanlı dövlət sosial yardım haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci bəndinə əsasən hazırlanmışdır və ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi mexanizmini müəyyən edir. Qeyd olunan qaydaların 2-ci bəndinə əsasən ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən natariat orqanı tərəfindən təsdiq edilir. Müraciət nümayəndə tərəfindən edildikdə, şəxsin qəyyum və ya patron olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir.(2.1) Ailəni təmsil edən şəxs müraciəti elektron formada və ya kağız üzərində edə bilər.(2.2) Sosial yardımın alınması üçün elektron formada müraciət edən Təmsilçi fərdi «komunikasiya vəsaitlərindən (kompyuterlərdən, mobil telefonlardan və.s) habelə bu məqsədlər üçün xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə etməklə müraciət edir. Təmsilçi elektron formada müraciəti qeydiyyata alınması məqsədi ilə “Elektron nökumət” və ya Nazirliyin “ Elektron xidmətlər” portallarında yerləşdirilmiş “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “ərizə-bəyannamə”ni dolduraraq X6 və X8 (bundan sonra VEMTAS) göndərir. (2.3) Qaydaların 3-cü bəndinə əsasən sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 iş günü müddətində araşdırılır və müvafiq qərar qəbul edilir (3.1) VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “Elektron Hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndidə göstərilən qurumlarının informasiya sistemləri və ehtiyatları ilə xüsuisi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir.(3.2) Mərkəzin ünvanlı sosial yardım üzrə işçisi “Ailənin maddi məişət şəraitinin müayinəsi”ni müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompyuter avadanlıqları vasitəsilə həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejmində VEMTAS -a ötürür. (3.4) VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “ƏrizəBəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirir (3.4.1) məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə, uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə qərar çıxarılır. (3.4.2) Qaydaların 3.8-ci bəndinə əsasən VEMTAS tərəfindən sosial yardımın təyin olunması barədə qərar çıxarıldığı hallarda yardımın məbləği və təyin edilmə müddəti, təyin olunmasından imtina edilməsi barədə qərar çıxarıldığı hallarda isə imtinanın səbəbləri göstərilməklə qərarın çıxarıldığı gün Təmsilçinin “Ərizə-bəyannamə”də qeyd etdiyi əks əlaqə vasitələrinin birinə məlumat göndərilir yə ya bildirilir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı iddianın təmin olunmasını xahiş etmişdir. İş materiallarında olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 21(84)-603/2019 saylı Qərardadından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinə qarşı ““Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 3, 4, 5, 6, 7, 8-ci maddələrinin tələblərinə uyğun olaraq ehtiyac meyarının məcmusu arasında yaranmış fərq məbləğinin, yəni 394 manat məbləğin hesablanıb ərizə bəyannamə ilə müraciət etdiyi xx.xx.2018-ci il tarixdən hər ay 2 il müddətinə ünvanlı dövlət sosial yardımın aztəminatlı ailəsinə təyin olunması və verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası mümkün sayılmamışdır. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 21(107)-373/2019 saylı Qardadından görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(84)-603/2019 saylı Qərardadı ləğv edilmişdir. İş materiallarında olan Mingəçevir şəhəri Mingəçevir Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 630 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən Mingəçevir Bələdiyyəsinin “Maliyyə, vergi və ödənişlər” şöbəsinin vergi və ödənişlər üzrə sahə nəzarətçisi işləyir və aylıq əmək haqqı 271 (iki yüz yetmiş bir) manatdır. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxx 2020-ci il tarixli 2- 1(116)-32/2020 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İddiaçı ünvanlı sosial yardımın təyin olunmasından imtina qərarının ləğv edilməsi, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə İddiaçı müraciət etdiyi xx xxxxxxx 2018-ci il tarixdən ünvanlı sosial yardımın təyin olunaraq məbləğin birdəfəlik ödənilməsi öhdəliyin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyim apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2- 1(116)-32/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ “ünvanlı sosial yardım təyin olunmasından imtina qərarının ləğv olunması və müraciət olunan tarixdən ünvanlı sosial yardımın təyin olunaraq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması “ tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir.Şəki İnzibati Məhkəməsinin 2020ci il 19 avqust tarixli 2-1 (116)-32/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin İddiaçı ünvanlı sosial yardımın təyin olunmasından imtina qərarı ləğv edilmiş, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciət etdiyi xx xxxxxxx 2018-ci il tarixdən ünvanlı sosial yardımın təyin olunaraq birdəfəlik ödənilməsi öhdəliyi qoyulmuşdur. Şöbənin əməkdaşları tərəfindən ərizəçinin maddi məişət şəraitinin yoxlanılması zamanı “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatlarda uyğunsuzluq aşkar edilmiş və bu səbəbdən (onun yaşayış yerində ailə tərkibinin səhv olması) ona sosial yardım təyin olunmasından imtina edilmişdir. Belə ki, “Ərizə-bəyannamə”-də ərizəçinin 4 nəfər ailəsi göstərildiyi halda, maddi-məişət şəraitinin müayinəsi zamanı məlum olmuşdur ki, ərizəçinin atası və anası həmin ünvanda yaşayırlar. Mənzil Kommunal təsərrüfat İstehsalat birliyinin 2018-ci il 27 noyabr tarixli 954 №-li arayışına əsasən ərizəçinin anası və atası ünvan 1 A ünvanında yaşayırlar. Qaydaların 3.7.1-ci bəndinə əsasən “Ərizə-bəyannamə”-də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda sosial yardımın təyin olunmasından imtina edilir. Bundan sonra İddiaçı ünvan 2 mənzil 70 ünvanından müraciət etmiş,şöbənin əməkdaşları tərəfindən ailənin maddi-məişət şəraitinin yoxlanılmış məlumatlarda uyğunsuzluq aşkar olunmadığından 01,06.2019-cu il tarixdən 2 il müdətinə ünvanlı dövlət sosial yardım təyin olunmuşdur. Məhkəmə qərar qəbul edərkən iddiaçının ailəsinə xx xxxx 2019-cu il tarixdən ünvanlı dövlət sosial yardım təyin olunması halını nəzərə almamış , iddia tələbini təmin etməklə maddi hüquq normalarını pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual məcəlləsinin 385-ci maddəsinə əsasən apelliyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarı dəyişdirmədən qüvvədə saxlaya bilər və ya ləğv edərək(tam və ya qismən) yeni qərar qəbul edə bilər. Ona gərə də Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-32/2020 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirik. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-32/2020 nömrəli iş üzrə qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-32/2020 nömrəli qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, əsaslıdır, ona görə də apellyasiya şikayəti qismən uğurlu olacaqdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllənin) 2.2.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.” Cavabdehin imtina bildirişində tarix göstərilmədiyindən və sosial yardımın təyin edilməsindən imtinanın iddiaçıya hansı tarixdə çatdırılması barədə məlumat olmadığından məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianı qanunla müəyyən edilmiş müddət ərzində irəli sürmüşdür. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunu ünvanlı dövlət sosial yardımının göstərilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. Həmin Qanunun 3-cü maddəsinə əsasən, sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. 6.1-ci maddəsinə əsasən, sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. 6.2-ci maddəsinə əsasən, sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İddiaçının müraciət etdiyi zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri ailə üzvünün əmək qabiliyyətini itirməsi, əmək qabiliyyətli olan ailə üzvünün birinci qrup əlilə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanında işsiz kimi qeydə alınması, ailə üzvünün vəfat etməsi, ailə üzvünün məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, ailə üzvünün azadlıqdan məhrum edilməsi və ailə üzvünün olduğu yerin məlum olmaması səbəblərindən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər. 1.3-cü bəndinə əsasən, sosial yardımın təyin olunması üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri haqqında tələb olunan arayış və məlumatların Nazirlik tərəfindən elektron formada əldə edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi də daxil olmaqla bir sıra dövlət orqanlarının və təşkilatlarının informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur. 3.1-ci bəndinə əsasən, sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və müvafiq qərar qəbul edilir. 3.2-ci maddəsinə əsasən, VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. 3.3-cü bəndinə əsasən, bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Mərkəzin ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. 3.4-cü bəndinə əsasən, mərkəzin ünvanlı sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. Sadalanan normaların tələbindən göründüyü kimi, orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr sosial yardım hüququna malikdirlər və sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarına görə sosial yardımın təyin olunması üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri haqqında tələb olunan arayış və məlumatların Nazirlik tərəfindən elektron formada əldə edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi də daxil olmaqla bir sıra dövlət orqanlarının və təşkilatlarının informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur və müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılaraq müvafiq qərar qəbul edilir. İş materiallarından müəyyən edilir ki, cavabdeh orqan iddiaçının ünvanında yaşayan onun valideynlərini iddiaçının ailə üzvü qəbul etdiyindən sosial yardımın verilməsindən imtina etmişdir. Ancaq Ailə Məcəlləsinin 56.2-ci maddəsində qeyd olunur ki, uşaqlar yetkinlik yaşına çatdıqda, yetkinlik yaşına çatmayan şəxslər nikah bağladıqda, eləcə də yetkinlik yaşına çatmayan uşaqlar qanunvericiliklə müəyyən edilmiş hallarda tam fəaliyyət qabiliyyəti əldə etdikdə valideynlərin bu fəsildə göstərilən hüquq və vəzifələrinə xitam verilir. Qeyd olunan maddənin tələbindən görünür ki, iddiaçının ünvanında yaşayan valideynləri iddiaçı və onun övladını saxlamağa və maddi cəhətdən təmin etməyə borclu deyillər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə qismən razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, iddia tələbini tam təmin etməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verərək inzibati iş üzrə düzgün nəticəyə gəlməmişdir. Bu isə yuxarıdakı maddənin tələblərinin pozulmasıdır. Həmçinin Məhkəmə iddiaçıya hesablanmamış pensiyanın birdəfəlik ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoymaqla, sosial təminat hüququ olan digər vətəndaşların sosial təminat hüququnu pozmuş olur. Belə ki, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının büdcəsi haqqında” Azərbaycan Respublikasının qanunun xərclər maddəsinin alt hissələrində əmək pensiyalarının ödənilməsi xərcləri analitik hesablamalara əsaslanmış konkret rəqəmlərlə əks edildiyindən pensiya xərcləri ilə bağlı əlavə yaranmış öhdəliklər bu sahədə maliyyələşdirmənin vaxtında aparılmasını şübhə altına qoymuş olur. Birdəfəlik ödəmələrin məbləği xeyli miqdarda olduqda pensiya almaq hüququ olan digər vətəndaşların pensiya təminatı hüququ pozulmuş olur. Azərbaycan Respublikası Konstitusiyanın 7-ci maddəsinin 3-cü hissəsində qeyd olunmuşdur ki, dövlət hakimiyyətinin təşkili hakimiyyətin bölgüsü prinsipi əsasında həyata keçirilir. Həmin maddənin 4-cü hissəsinə əsasən - Bu Konstitusiyanın müddəalarına əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair x xxxxxx 2010- cu il tarixli Qərarı). Belə olan halda, məhkəmə kollegiyası hesab edir kiŞəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-32/2020 saylı qərarı qismən-yəni cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə İddiaçı müraciət etdiyi xx xxxxxxx 2018-ci il tarixdən ünvanlı sosial yardımın təyin olunaraq məbləğin birdəfəlik ödənilməsi öhdəliyinin qoyulması hissəsində dəyişdirilməli, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə İddiaçı müraciət etdiyi xx xxxxxxx 2018-ci il tarixdən ünvanlı sosial yardımın təyin olunaraq məbləğin ödənilməsi öhdəliyi qoyulmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlməmişdir. Buna görə də apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-32/2020 saylı qərarı qismən-yəni cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə İddiaçı müraciət etdiyi xx xxxxxxx 2018-ci il tarixdən ünvanlı sosial yardımın təyin olunaraq məbləğin birdəfəlik ödənilməsi öhdəliyinin qoyulması hissəsində dəyişdirilsin, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə İddiaçı müraciət etdiyi xx xxxxxxx 2018-ci il tarixdən ünvanlı sosial yardımın təyin olunaraq məbləğin ödənilməsi öhdəliyi qoyulsun. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-465/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-465/2020
27.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver