Məhkəmə qərarları › İş №2-1(107)-465/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-465/2023

08.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-465/2023 08.08.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən, məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X2 ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, İddiaçı3 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Qəbələ bələdiyyəsinə qarşı “Qəbələ bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 18 nömrəli protokolunun (qərarının) ləğv edilməsi” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 24 iyun 2023-ci il tarixli, 2-1(116)-2003/2023 nömrəli qərardadından iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 18 nömrəli protokolunun (qərarının) ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər.

2. İddianın əsaslarına görə, 2021-ci ilin dekabr ayında Qəbələ Rayon Məhkəməsindən iddiaçıların yaxın qohumu X1 ünvanına məktub daxil olmuş və məktubu oxuduğu zaman iddiaçı Abdurahmanova Xalidə Həsən qızının onların yaşadığı və yeni tikilmiş fərdi yaşayış evinin də olduğu 0,042 ha torpaq sahəsinin Qəbələ bələdiyyəsindən iddiaçıların xəbəri olmadan alqı-satqı edərək aldığını, sonradan daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixində ********** qeydiyyat nömrəsi olan çıxarış və Torpaq sahəsinin planı və ölçüsü əldə olunduğu məlum olmuşdur. İddiaçılar istifadələrində və sahibliklərində olan Qəbələ şəhəri, Bakıxanov 1B ünvanında yerləşən 0,042 ha torpaq sahəsinin necə və hansı qaydada Abdurahmanova Xalidə Həsən qızının adına rəsmiləşdirilməsini öyrənmək üçün Qəbələ regional "ASAN xidmət” mərkəzindəki notariat ofisinə sorğu vermiş və məlum olmuşdur ki, xx.xx.2021-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən Cavabdeh iddiaçıların istifadəsində olan 0,042 ha torpaq sahəsini xx.xx.2021-ci il tarixli, 18 №-li protokoluna əsasən fərdi yaşayış evinin tikintisi məqsədilə ünvan 3 ünvanında yaşayan Abdurahmanova Xalidə Həsən qızına 2942,80 manata satmışdır. İddiaçıların isə bu sənədləşmə işlərindən xəbəri olmamışdır. Belə ki, Qəbələ bələdiyyəsi iddiaçıların istifadəsində olan 0,042 ha torpaq sahəsini xx.xx.2021-ci il tarixli, 18 №-li protokola əsasən fərdi yaşayış evinin tikintisi məqsədilə Abdurahmanova Xalidə Həsən qızına satarkən sənədlər üzrə, həm də faktiki olaraq mübahisəli torpaq sahəsinin iddiaçıların istifadəsində olmasını nəzərə almamışdır. Digər tərəfdən mübahisəli torpaq sahəsinin iddiaçıların istifadəsində olmasını onlar tərəfindən əkilmiş ağaclar, ətrafının daş hasara alınması, fərdi yaşayış evinin tikilməsi və s. sübuta yetirir. Ona görə də Qəbələ bələdiyyəsi qanunvericiliyin tələblərini pozaraq iddiaçıların zəbt torpaq kimi istifadə etdiyi torpaq sahəsini (torpaq sahəsinin iddiaçıların zəbtində olması Qəbələ şəhər bələdiyyəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli nömrəli arayışda da öz əksini tapır) iddiaçılara təklif etmədən, hər-hansı formada (kütləvi informasiya vasitələrində) məlumatlandırmadan digər şəxsə alqı-satqı edərək satmışdır. Ona görə də iddiaçılar mülkiyyət hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etməli olmuşlar.

3. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçılara xx.xx.2023-cü il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra - "İPM”) 13-cü maddəsinə müvafiq olaraq nəzərlərinə çatdırılmışdır ki, iddia ərizəsinin mümkünlüyü məsələsinə hüquqi qiymət verilməsi zərurəti yaranmışdır. Belə ki, İPM-in 32.1 -ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1 -ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, mübahisələndirilən Qəbələ bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 18 nömrəli qərarından iddiaçılar daha əvvəlki tarixdə məlumatlı olduqları halda qanunla müəyyən edilmiş 30 günlük müddəti keçirməklə iddia ərizəsi vermişlər. İddiaçılara İPM-in 24-cü maddəsində nəzərdə tutulmuş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüquqları izah olunmuş və göstərilənlərə münasibət bildirilməsi təklif edilmişdir.

4. İddiaçılar xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş ərizələrində qeyd etmişlər ki, 2022-ci ilin əvvəlində Qəbələ Rayon Məhkəməsinə müraciət edərək iddiaçılar kimi onlar cavabdehlər Cavabdehnə, Abdurahmanova Xalidə Həsən qızına, Qəbələ Regional "Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab olunmasını” xahiş etmiş və Qəbələ Rayon Məhkəməsinin 2(025)-362/2022 saylı. 15 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qəbələ Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-815/2022 saylı, 05 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilməklə, Qəbələ regional "ASAN xidmət” mərkəzindəki notariat ofisində Cavabdeh ilə Abdurahmanova Xalidə Həsən qızı arasında bağlanılmış xx.xx.2021-ci il tarixli AN - İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin, onun əsasında daşınmaz əmlakın dövlət reyestrindən 20.09.202l-ci il tarixində Abdurahmanova Xalidə Həsən qızının adına alınmış ********** qeydiyyat nömrəsi olan çıxarış və torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab olunması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)- 815/2022 saylı, 05 sentyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh şəxs Abdurahmanova Xalidə Həsən qızı kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-359/2023 nömrəli qərarı ilə cavabdeh Abdurahmanova Xalidə Həsən qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-815/2022 saylı, 05 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilərək iddiaçıların cavabdehlər Cavabdehnə, Abdurahmanova Xalidə Həsən qızına, Qəbələ Regional "Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ ərazi idarəsinə qarşı alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-359/2023 nömrəli qərarının 59-cu bəndində göstərilir ki. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hazırda iddianın rədd edilməsi, torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına olan qeyd və bələdiyyənin protokol qərarı mübahisələndirildiyi və həmin iddia uğurlu olduğu halda, iddiaçıların yeni əsasla alqı-satqı müqavilənin etibarsızlığına dair iddia qaldırmaq hüququnu məhdudlaşdırmır. Göründüyü kimi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası xx.xx.2023-cü il tarixli, 2(102)-359/2023 nömrəli qərarının 59-cu bəndində Cavabdeh adına olan qeyd və bələdiyyənin protokolunu bələdiyyə qərarı kimi qəbul etmiş və mübahisələndirilə biləcəyi qeyd edilmişdir. Ali Məhkəmənin qərarı qəbul edilənə kimi bələdiyyənin qərarı deyil, protokolu olmuş və qanunvericilikdə də protokoldan şikayət nəzərdə tutulmamışdır. Ona görə də göstərilənlərə görə Cavabdehnə rəsmi qaydada müraciət edərək, xx.xx.2021-ci il tarixli 18 №-li protokolunun (qərarı) tələb olunmuş və xx.xx.2023-cü il tarixində rəsmi qaydada qəbul edildikdən sonra həmin qərarın ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir.

5. İddiaçılar ərizədə qeyd olunanlara əsasən buraxılmış prosessual müddətin bərpa olunmasını və iddia tələbinə baxılmasının mümkün hesab olunmasını xahiş etmişlər.

6. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-2003/2023 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı3, İddiaçı4 məhkəmə iclasında təqdim etdikləri yazılı vəsatətinə əsasən Abdurahmanova Xalidə Həsən qızı iştirakçı kimi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri qaydada cəlb olunmuşdur. İddianın mümkünlüyü məsələsinə qiymət verilməsi zərurəti yarandığından məhkəmə onun məhkəmə iclasında iştirakını zəruri hesab etməmişdir.

7. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçılar iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, buraxılmış prosessual müddətin bərpa olunmasını və iddianın təmin edilməsini xahiş etmişlər.

8. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 24 iyun 2023-ci il tarixli, 2- 1(116)-2003/2023 nömrəli qərardadı ilə iddiaçıların buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməmiş və iddia mümkün sayılmamışdır.

10. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 həmin qərardaddan apellyasiya şikayəti vermişlər.

11. Şəki Apellyasiya Məhkəməsinin 01 avqust 2023-cü il tarixli, 2-1(107)-465/2023 nömrəli qərardadı ilə İddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilməmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

12. İddiaçılar apellyasiya şikayətini iddia ərizəsinin və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizənin dəlillərinə uyğun əsaslandırmışlar və Şəki İnzibati Məhkəməsinin 24 iyun 2023-ci il tarixli, 2-1(116)-2003/2023 nömrəli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişlər.

TƏRƏFLƏRİN İZAHATLARİ

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı3 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 24 iyun 2023-ci il tarixli, 2-1(116)-2003/2023 nömrəli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasına gəlməmişlər.

15. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

TƏTBİQ EDİLƏN HÜQUQ

16. İnzibati Prosessual Məcəllə: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; Maddə 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

17. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən, bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 9- cu bəndinə əsasən, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

18. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

20. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

21. Bu baxımdan, mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5. qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır (İPM- 2.2.1, 32, 35.1, 38.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərindədir.

22. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir.

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, iddiaçılar mübahisələndirdikləri xx.xx.2021-ci il tarixli iclas qərarından daha əvvəl, yəni artıq 2022-ci ildə ilkin mülki məhkəmə icraatları çərçivəsində məlumatlı olduqları halda qanunla müəyyən edilmiş 30 günlük müddəti keçirməklə xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia ərizəsi vermişlər. İddiaçılar bələdiyyə iclasının qərarından daha əvvəl məlumatlı olmalarını iddia ərizəsində və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizədə də bildirmiş, lakin bunu iclas protokolunun mübahisələndirilməsinin mümkün olmaması ilə əsaslandırmağa çalışmışdırlar. Odur ki, iddia ərizəsinə və iddiaçıların iddia müddətinin bərpası barədə ərizəsində qeyd olunanlara əsasən məhkəmə müəyyən edir ki, tərəflər arasında olmuş mülki mübahisə çərçivəsində işə baxılması zamanı iddiaçılar artıq mübahisələndirilən qərardan məlumatlı idilər.

24. Qeyd olunanlarla bağlı birinci instansiya məhkəməsi tərəfindən iddiaçılara hüquqi yardım məktubu ünvanlanaraq qanunvericiliyin tələbləri izah olunmuş, həmçinin iddia tərəfinə İPM-in 24-cü maddəsində nəzərdə tutulmuş, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur.

25. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların xx.xx.2023-cü il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuş ərizəsində qeyd olunanlara münasibətdə isə birinci instansiya məhkəməsi düzgün qeyd etmişdir ki, "Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 4-cü bəndinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. Həmin maddənin 6-cı bəndinə əsasən bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. Həmin Qanunun 53-cü maddəsinə əsasən bələdiyyələrin, bələdiyyə orqanlarının və onların vəzifəli şəxslərinin qərar və hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə qanunla müəyyənləşdirilmiş qaydada şikayət verilə bilər.

26. Göründüyü kimi iddiaçıların Qəbələ bələdiyyəsinin xx.xx.2021-ci il tarixli iclasının protokolunu mübahisələndirmək imkanı olmasa da, həmin iclasda bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul olunmuş və iddiaçıların onların hüquqlarını və qanuni maraqlarını pozduğunu iddia etdikləri müvafiq bələdiyyə qərarını mübahisələndirmək imkanı elə 2021-ci ildən mövcud olmuş, lakin bələdiyyə qərarı qanunvericiliyin tələblərinə müvafiq qaydada mübahisələndirilməmiş, iki ilə yaxın müddət keçdikdən sonra hazırkı iddia ilə məhkəməyə müraciət olunmuşdur.

28. Belə olan halda birinci instansiya məhkəməsi iddiaçıların buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizəsində qeyd etdiklərini haqlı olaraq əsaslı saymamış və bu səbəbdən hesab etmişdir ki, hazırkı iddia qanunverilicikdə nəzərədə tutulmuş prosessual müddətin buraxılmasına görə mümkün sayılmamalıdır.

29. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.

30. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 24 iyun 2023-ci il tarixli, 2-1(116)- 2003/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 24 iyun 2023-ci il tarixli, 2-1(116)-2003/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar