Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-465/2024 30.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X2 ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasının dayandırılması ilə bağlı cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi və xx.xx.2022-ci il tarixdən pensiyanın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-499/2024 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “həyat yoldaşı mərhum X3 əmək stajı kimi xx.xx.1979-cu il tarixdən xx.xx.2013-cü il tarixinədək Ağdaş Avtobazasında (Ağdaş Avtonəqliyyat ASC) sürücü vəzifəsində işlədiyi dövrlərin pensiya təyin edilməsi üçün sığorta stajı kimi nəzərə alınması və ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasının dayandırılması ilə bağlı cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi və xx.xx.2022-ci il tarixdən pensiyanın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə təmin edilmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum həyat yoldaşı X8 ilə xx.xx.1982-ci il tarixində nikaha daxil olmuşdur. X8 xx.xx.2016-cı il tarixində ürək çatışmazlığından vəfat etmişdir. O, xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək sovet ordusunda müddətli hərbi xidmətdə olmuşdur. Əmək fəaliyyətinə “Telman” adına sovxozda başlamış, xx.xx.1979-cu il tarixli 16 nömrəli əmrə əsasən Ağdaş Avtobazasının yük parkına sürücü vəzifəsinə təyin edilmişdir. Ağdaş Avtonəqliyyat ASC-nin 37 nömrəli əmrinə əsasən xx.xx.1992-ci il tarixindən icarə üsulu ilə işləməyə buraxılmış və həmin müəssisənin xx.xx.2013-cü il tarixli 4№-li əmrinə əsasən idarə etdiyi KAMAZ-5511 AZ 03AC070 №-li yük avtomaşını özəlləşdirdiyi üçün işdən azad edilmişdir. İddiaçıya xx.xx.2015-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilmiş, müraciəti əsasında xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Lakin, xx.xx.2022-ci il tarixindən heç bir əsas olmadan iddiaçıya təyin olunan pensiya dayandırılmış, yaşa görə sosial müavinət verilmişdir. Əsas kimi isə mərhum həyat yoldaşı X3 əmək kitabçasında qeyd edilmiş mötəbərliyinə şübhələr olan xx.xx.1979-cu il tarixindən xx.xx.2013-cü il tarixinədək Ağdaş Avtobazasında işlədiyi dövrlər araşdırılmadan sığorta stajına daxil edilməsidir. Hazırkı tələblə cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən imtina məktubu gəlmişdir.
4. Cavabdeh orqan məhkəməyə təqdim olunmuş iddia tələbinə etirazı onunla əsaslandırmışdır ki, İddiaçı tərəfindən təqdim edilən şəxsiyyət vəsiqəsinin surətindən (AZE №********; FİN xxxxxxx) görünür ki, o, xx.xx.1958-ci il tarixli təvəllüdlüdür. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 05/09İS/095543-23 nömrəli elektron arayışdan görünür ki, iddiaçı X8 ilə xx.xx.1982-ci il tarixli 9 nömrəli aktla nikah bağlanmış, E.Xasıyevin xx.xx.2016-cı il tarixdə ölümü ilə əlaqədar nikaha xitam verilmişdir. Ölüm xx.xx.2016-cı il tarixdə 1 nömrəli aktla dövlət qeydiyyatına alınmışdır. İddiaçı tərəfindən mərhum E.Xasıyevə məxsus İT-İ ******* nömrəli əmək kitabçası təqdim edilmişdir. İddiaçıya xx.xx.2015-ci il tarixdən çoxuşaqlı ana kimi yaşa görə sosial müavinət təyin edilmiş, ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi səbəbindən sözügedən müavinətin ödənişi xx.xx.2020-ci iİ tarixdə dayandırılmışdır. xx.xx.2020-ci il tarixdə mərhum həyat yoldaşı E.Xasıyevin vəfatı ilə əlaqədar ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş, ödənişi xx.xx.2022-ci il tarixədək davam etdirilmişdir. İnzibati orqan tərəfindən xidməti yoxlama zamanı məlum olmuşdur ki, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilən zaman mərhum E.Xasıyevin əmək kitabçasında qeyd edilmiş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1979-cu il tarixdən xx.xx.2013-cü il tarixədək Ağdaş Avtobazasında işlədiyi dövrlər araşdırılmadan sığorta stajına daxil edilmişdir. Nəticədə iddiaçıya təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyası üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək artıq ödəmə müəyyən olunmuşdur. - Qanunvericilik normalarına əsasən iddiaçının pensiya hüququnun yaranması üçün tələb olunan sığorta stajı 14 il 04 aydır. İddiaçı təqdim etdiyi sənədlərə əsasən mərhum E.Xasıyevin xx.xx.1979-cu il tarixdən xx.xx.2013-cü il tarixədək "xxxx" ASC-də sürücü vəzifəsində işlədiyini iddia edir. Bildiririk ki, iddiaçı tərəfindən təqdim edilən mərhum həyat yoldaşı E.Xasıyevin əmək kitabçasının surətində qeyd olunmuş (həmçinin xx.xx.2022-ci il tarixli arayışda) mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1979-cu il tarixdən xx.xx.2006-cı il tarixədək Ağdaş Avtonəqliyyat" ASC-də əmək haqqı alıb-almamasının araşdırılması zərurəti yaranmışdır. Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli müvafiq məktubuna əsasən xx.xx.1979-cu il tarixindən xx.xx.2006-cı il tarixinədək "xxxx" ASC-nin sənədləri arxivə təhvil verilməmişdir. Bu səbəbdən E.Xasıyevin əmək haqqı alıbalmadığını müəyyənləşdirmək mümkün olmadığından həmin dövrlərin onun sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün hesab edilməmişdir. İddiaçı tərəfindən təqdim edilən mərhum E.Xasıyevin əmək kitabçasının və digər sənədlərin surətlərinə əsasən sığorta stajı 1 il 11 ay 27 gün olmaqla qanunvericiliklə tələb olunan müddətdən (14 il 4 ay) azdır. Eyni zamanda Fondun Fərdi uçota nəzarət və sosial sığorta departamentinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən bildiririk ki, sığortaedən “Ağdaş avtonəqliyyat’’ ASC (SUN: **********7) tərəfindən təqdim edilmiş 2006-2013-cü illər üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat"larda X4 (FİN, 6FCXH41) adı sığortaolunan kimi qeyd olunmamışdır. Həmçinin məlumat üçün bildiririk ki, MEİS-in “Sığorta (Hesabat)" altsistemində E.Xasıyevin xeyrinə hər hansı sığortaedən tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə məlumat aşkarlanmamışdır. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınmaqla qeyd edilməlidir ki, İddiaçı əmək pensiyası hüququ olmadan ailə başçısını itirməyə əmək pensiyasının təyin edilməsi, eyni zamanda iddiaçının mərhum əri X3 xx.xx.1979-xx.xx.2013-cü il tarixləri ərzində "xxxx" ASC-də işlədiyini iddia etdiyi dövrlərə dair isə daxıl olma və işdən azad olma əmrlərini, həmçinin əmək haqqı almasını muəyyələşdirmək mümkün olmadığından iddiaçıya ailə başçısım itirməyə görə əmək pensiya təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir.
5. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur. - İİİ-ЖГ 267075 seriya nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X8 ilə İddiaçı xx.xx.1982-ci il tarixdə nihaka girmişlər. - X5 məxsus НЗ ******* nömrəli hərbi biletin surəti. - X5 məxsus ИT ******* nömrəli əmək kitabçasının surəti. - Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 142 və 141 nömrəli arayışları. - 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu.
6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 04 iyun 2024-cü il tarixli 2- 1(116)-499/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə İddiaçı Zaman qızına təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliynin qoyulması qərara alınmışdır.
7. Məhkəmə qeyd etmişdir ki, iddiaçı, xx.xx.1958-ci ildə doğulub və yaşa görə əmək pensiyası hüququ xx.xx.2020-ci il tarixində yaranır. İddiaçının mərhum əri xx.xx.1954-cü ildə doğulmuş, xx.xx.2016-cı ildə vəfat etmişdir. Onun yaşa görə əmək pensiyası hüququ xx.xx.2018-ci il tarixində yaranmışdır. İş materiallarından görünür ki, iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyin edilmiş və sonradan dayandırılmışdır. Cavabdehin pensiyanın dayandırılmasına dair dəlili Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli müvafiq məktubuna əsasən xx.xx.1979-cu il tarixindən xx.xx.2006-cı il tarixinədək "xxxx" ASC-nin sənədləri arxivə təhvil verilməməsindən ibarətdir. Həmin dəlilə münasibətdə məhkəmə hesab edir ki, cavabdehin pensiyanın dayandırılmasına dair faktiki hərəkəti qanunsuz olmuşdur. Məhkəmə araşdırması zamanı iddiaçının mərhum ərinin işləmiş olduğu dövrdə Ağdaş Avtonəqliyyat” ASC-nin fəaliyyət göstərdiyi və vergi uçotuna alındığı təsdiqini tapmışdır. Həmçinin, iddiaçının mərhum ərinin istifadəsində olan nəqliyyat vasitəsini özəlləşdirməsinə dair Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 142 nömrəli arayışı təqdim edilmişdir. Buna görə də, cavabdeh tərəfindən iddiaçıya təyin olunmuş ailə başçısını itirməyə görə pensiyanın dayandırılmasına dair hərəkətləri qanunsuz olduğundan pensiyasının dayandırıldığı tarixdən bərpa etdirilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
8. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 04 iyun 2024-cü il tarixli 2-1(116)-499/2024 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticədə iş üzrə mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, qərarda göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi, məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən məhkəmənin qərarı ləğv edilməli, iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. Belə ki, qanunvericilik normalarının tələblərinə əsasən iddiaçıya xx.xx.2020-ci il tarixdə ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş, ödənişi xx.xx.2022-ci il tarixədək davam etdirilmişdir. Həmçinin qeyd edilən qanunvericilik normalarına əsasən iddiaçının pensiya hüququnun yaranması üçün tələb olunan sığorta stajı 14 il 04 ay təşkil edir. İddiaçı təqdim etdiyi sənədlərə əsasən mərhum əri X3 xx.xx.1979-cu il tarixdən xx.xx.2013-cü il tarixədək "xxxx" ASC-də sürücü vəzifəsində işlədiyini iddia edir. Bildiririk ki, İddiaçı tərəfindən təqdim edilən E.Xasıyevin əmək kitabçasının surətində qeyd olunmuş (həmçinin xx.xx.2022-ci il tarixli arayışda) mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1979-cu il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" ASC-də əməkhaqqı alıb-almamasının araşdırılması zərurəti yaranmışdır. Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli müvafiq məktubuna əsasən xx.xx.1979-cu il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" ASC-nin sənədləri arxivə təhvil verilməmişdir. Bu səbəbdən E.Xasıyevin əməkhaqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmadığından həmin dövrlərin onun sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün hesab edilməmişdir. Eyni zamanda MEİS-in “Sığorta (Hesabat)” altsistemində E.Xasıyevin xeyrinə hər hansı sığortaedən tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə məlumat aşkarlanmamışdır. Eyni zamanda bildiririk ki, sığortaedən "xxxx" ASC (SUN: **********7) tərəfindən təqdim edilmiş 2006-2013-cü illər üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda X3 (FİN: 6FCXH41) adı sığortaolunan kimi qeyd olunmamışdır. - Eyni zamanda, qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçıya pensiya təyinatı üçün tələb olunan sosial sığorta stajının hesablanması xx.xx.2006-cı il tarixədək faktiki sığorta stajı, xx.xx.2006-cı il tarixdən sonra isə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əsasında həyata keçirilir. Hazırki işin hallarından görünür ki, iddiaçı tərəfindən təqdim edilən sənədlərin surətinə əsasən sığorta stajı 1 il 11 ay 27 gün olmaqla qanunvericiliklə tələb olunan müddətdən (14 il 4 ay) azdır. İddiaçının işlədiyi qeyd olunan müəssisənin mübahisələndirilən dövrdə fəaliyyətinə dair işdə olan məlumatlarda həmin müəssisənin 2003-cü ildə təşkilati-hüquqi formasının dəyişməsi, müəssisənin tam özəlləşdirilməsi qeyd olunsa da, həmin məlumatlar müəssisənin qeyd olunan ildə və ondan sonra faktiki fəaliyyətini, iddiaçının həmin müəssisədəki əmək prosesində faktiki iştirakını özü-özlüyündə təsdiq etmir. Beləliklə, müəssisənin iş üçün zəruri olan 1999- 2005-ci illər üzrə faktiki fəaliyyəti, buradan, həm də iddiaçının həmin müəssisədəki əmək prosesində faktiki iştirakı barədə suallar açıq qalmışdır. Hazırki işə münasibətdə qeyd edilməlidir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən "xxxx" ATSC xx.xx.2001-ci il tarixdə ********* nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş və xx.xx.2005-ci il tarixdə ********** nömrəli VÖEN-lə 9 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınmışdır. Qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınmaqla qeyd edilməlidir ki, İddiaçı əmək pensiyası hüququ olmadan ailə başçısını itirməyə əmək pensiyasının təyin edilməsi, eyni zamanda iddiaçının mərhum əri E.Xasıyevin xx.xx.1979-xx.xx.2013-cü il tarixləri ərzində "xxxx" ASC-də işlədiyini iddia etdiyi dövrlərdə işə girmə əmrini və əməkhaqqı almasını müəyyənləşdirmək mümkün olmadığından ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir. Yuxarıda sadalananlardan göründüyü kimi, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-499/2024 nömrəli qərarı əsassız olduğundan ləğv edilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 04 iyun 2024cü il tarixli 2-1(116)-499/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-499/2024 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Konstitusiyası: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1 -ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
14. İnzibati Prosessual Məcəllə: Maddə 14.3 inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
15. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
16. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (qüvvədən düşmüş): Maddə 67.1. mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: ... 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. ... 4.4. Ailə başçısını itirməyə görə əmək pensiyası sığorta hissəsindən ibarətdir. Maddə 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: ... 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; .... 17.1. Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. ... 22-1.2.2. əlilliyi müəyyən edilmiş şəxsə əlilliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanır; 22-1.2.3. ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən pensiyaçı olmayan vəfat etmiş şəxsin 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22- 1.2.2-ci maddəsinə uyğun olaraq hesablanır. 32.3. Ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yarandığı gündən bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2.11. Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.
18. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” Bənd 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.
20. “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: 3.2-ci bənd. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;...
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
Apellyasiya şikayətinin mümkünlüyü
23. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
25. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
26. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
27. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
28. Cavabdehin mübahisələndirdiyi hal və apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının pensiya hüququnun yaranması üçün tələb olunan sığorta stajı 14 il 04 ay təşkil etdiyi halda, İddiaçı təqdim etdiyi sənədlərə əsasən mərhum əri X3 xx.xx.1979-cu il tarixdən xx.xx.2013-cü il tarixədək "xxxx" ASC-də sürücü vəzifəsində işlədiyi iş materialları ilə təsdiq edilmir. Həmçinin, İddiaçı tərəfindən təqdim edilən E.Xasıyevin əmək kitabçasının surətində qeyd olunmuş (həmçinin xx.xx.2022-ci il tarixli arayışda) mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1979-cu il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" ASC-də əməkhaqqı alıb-almamasının araşdırılması zərurəti yaranmışdır. Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli müvafiq məktubuna əsasən xx.xx.1979-cu il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" ASC-nin sənədləri arxivə təhvil verilməmişdir.
29. Məhkəmə kollegiyası cavabdehin dəlili ilə bağlı aşağı instansiya məhkəməsinin qiymətləndirməsi ilə razılaşır ki, istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın 2006-cı il tarixədək olan sosial sığorta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə X5 məxsus ИT ******* nömrəli əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Belə olan halda, iddiaçının mərhum ərinin əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur.
30. Apellyasiya şikayətinin qeyd edilən dəlilləri ilə bağlı məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdeh həmin dövr üzrə qeyd edilən müəssisənin müvafiq arxiv sənədlərinin təhvil verilməməsinə görə iddiaçının tələb olunan sığorta stajının 14 il 04 ay olmaması qənaətinə gəlsə də, məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
31. Məhkəmə qeyd edir ki, müəssisənin arxiv sənədlərinin təhvil verilməməsi iddiaçının mərhum ərinin qazandığı iş stajına dair əmək kitabçasındakı qeydlərin mötəbərliyinə təsir etməli deyil. Arxiv sənədlərinin olmaması əmək kitabçasında mübahisələndirilən illərə dair qeydlərin mötəbərliyini özü-özlüyündə aradan qaldırmır, həmin iş dövrü mübahisələndirilə bilməz.
32. Hazırkı qərarın 22-ci bəndində qeyd edilən normanın tələbinə əsasən, sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Hazırkı iş üzrə iddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.
33. Beləliklə, inzibati orqan əmək kitabçasında göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrünü qəbul etməyə bilərdi.
34. Qərarın 20-ci bəndində qeyd olunan, iddiaçının əmək pensiyası hüququnun yarandığı vaxtda qüvvədə olan Qaydalarda da 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur.
35. O da qeyd olunmalıdır ki, adıçəkilən müəssisə ilə bağlı arxiv sənədlərinin olmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.
36. Bunun əksinə dair, yəni iddiaçının mərhum ərinin qeyd edilən tarixlərdə sözügedən müəssisədə işləməsinə, həmçinin iddiaçının təqdim etdiyi əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar da müəyyən edilməmiş, cavabdeh tərəfindən də bu halı təsdiq edə bilən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir.
37. Bundan əlavə əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə cavabdeh tərəfindən qaldırıldığından formalaşmış məhkəmə təcrübəsinə əsasən əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır.
38. Cavabdeh orqanın digər dəlili ondan ibarət olmuşdur ki, iddiaçının işlədiyi qeyd olunan müəssisənin mübahisələndirilən dövrdə fəaliyyətinə dair işdə olan məlumatlarda həmin müəssisənin 2003-cü ildə təşkilati-hüquqi formasının dəyişməsi, müəssisənin tam özəlləşdirilməsi qeyd olunsa da, həmin məlumatlar müəssisənin qeyd olunan ildə və ondan sonra faktiki fəaliyyətini, iddiaçının ərinin həmin müəssisədəki əmək prosesində faktiki iştirakını özü-özlüyündə təsdiq etmir. Beləliklə, müəssisənin iş üçün zəruri olan 1999-2005-ci illər üzrə faktiki fəaliyyəti, buradan, həm də iddiaçının həmin müəssisədəki əmək prosesində faktiki iştirakı barədə suallar açıq qalmışdır.
39. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin sorğusuna əsasən iş materiallarına əlavə edilmiş: - Ağdaş rayon Avtonəqliyyat ASC tərəfindən məhkəmə kollegiyasına 27 sentyabr 2024-cü il tarixdə daxil olmuş ərizədən görünür ki, Ağdaş rayon Avtonəqliyyat ASC-yə məxsus bütün sənədlər Ağdaş rayon Arxivinə təhvil verilmişdir. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məhkəmə kollegiyasına 11 sentyabr 2024-cü il tarixdə daxil olmuş məktubdan görünür ki, Azərbaycan Respublikasının 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqram”ına uyğun olaraq, ləğv olunmuş “Azəravtonəqliyyat” X6 Avtonəqliyyat Müəssəsinin bazasında keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 1303 nömrəli sərəncamı ilə "xxxx" ASC yaradılmış və səhmləri xx.xx.2007-ci il tarixində tam özəlləşdirilmişdir. - Ağdaş Rayon Dövlət Arxivindən məhkəmə kollegiyasına 28 oktyabr 2024-cü il tarixdə daxil olmuş məktubdan görünür ki, Ağdaş rayon dövlət Arxivində saxlanılan Ağdaş rayon Avtonəqliyyat ASC-də sürücü vəzifəsində işləmiş X3 1995, 1997, 2001, 2002, 2003, 2004 və 2005-ci illər üzrə əmək haqqı almasına dair qeydlər mövcuddur.
40. Göründüyü kimi, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya məhkəməsi araşdırması zamanı iddiaçının ərinin zəruri iş stajı ilə bağlı Ağdaş rayon Avtonəqliyyat ASC-də sürücü vəzifəsində işləməsi öz təsdiqini tapır. Məhkəmə kollegiyasının sorğulara verilən cavab məktublarından Ağdaş rayon Avtonəqliyyat ASC-nin mübahisələndirilən illərdə fəaliyyət göstərməməsi müəyyən edilməmişdir. Belə olduğu təqdirdə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mərhum ərinin mübahisələndirilən dövrlərdə həmin müəssisədəki əmək prosesində faktiki iştirakını və işlədiyi müəssisənin faktiki fəaliyyətini təkzib edən hallar müəyyən edilmədiyindən cavabdeh orqanın apellyasiya şikayətinin dəlili də əsassızdır.
41. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, iş materialları iddiaçının ərinin əmək kitabçasına əsasən qeyd olunan işlərdə və müddətlərdə əmək şəraitində işləməsini müəyyən etməyə imkan verir, hazırki araşdırma isə iddiaçının ərinin həqiqətən sosial sığorta stajı nəzərə alınmaqla hüququnun yarandığı vaxtdan ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini mötəbər qaydada müəyyən edir.
42. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini ümumilikdə əsassız hesab edərək onu da qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının pensiyanın təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).
43. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Odur ki, iddiaçının tələbinin təmin edilməsini istisna edən hər hansı hal aşkar edilmədiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamış, bunun da nəticəsi olaraq birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Ümumilikdə Kollegiya, cavabdehin dəlillərinin birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir.
44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçının ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasının dayandırılması barədə hərəkətlərindən verilmiş imtinası qanuni və əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
45. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
qərara aldı
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 04 iyun 2024-cü il tarixli, 2-1(116)-499/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.