Məhkəmə qərarları › İş №2-1(107)-465/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-465/2025

22.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-465/2025 22.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən, məruzəçi), Tahirov Zamin Cəbrayıl oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinə qarşı "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 2004-2005-ci illərin əmək haqları əsas götürülməklə yenidən hesablanması və pensiya hüququnun yarandığı xx.xx.2008-ci il tarixdən hazırki vaxtadək yaranmış fərqin birdəfəlik ödənilməsi” tələbinə dair iş üzrə ərizəçi tərəfindən verilmiş “yeni açılmış hallara dair” ərizəsinin mümkün sayılmamasına dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 20 may 2025-ci il tarixli 2-1(84)-450/2017 nömrəli qərardadından ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X14 Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 2004-2005-ci illərin əmək haqları əsas götürülməklə yenidən hesablanması və pensiya hüququnun yarandığı xx.xx.2008-ci il tarixdən hazırki vaxtadək yaranmış fərqin birdəfəlik ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-450/2017 nömrəli xx.xx.2017-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmişdir.

3. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermiş, lakin Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-236/2017 nömrəli xx.xx.2017-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanmışdır.

4. Bundan sonra cavabdeh kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1716/2017 nömrəli xx.xx.2017-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati 2- 1(107)-236/2017 nömrəli xx.xx.2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı məhkəməyə “yeni açılmış hallara dair” ərizə təqdim edərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-450/2017 nömrəli xx.xx.2017 nömrəli iş üzrə inzibati məhkəmə icraatının təzələnməsini və mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.

6. Ərizəçi “yeni açılmış hallara dair” ərizəsini onun əsaslandırmışdır ki, X4 Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən İddiaçı xx.xx.1970-ci il tarixdən xx.xx.1972-ci il tarixədək, 28.11 1974-cü il tarixdən xx.xx.1996-cı il tarixədək və xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək Kəlbəcər rayon Təsərrüfat hesablı avtoqarajda işlədiyini iddia etmişdir. - X13 regional filialının xx.xx.2022-ci il tarixli **********3 nömrəli məktubu ilə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına X13 regional filialının xx.xx.2022-ci il tarixli yoxlama aktı və Kəlbəcər rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 04 nömrəli məktubu təqdim edilmişdir. - Araşdırma zamanı müəyyən edilmişdir ki, Kəlbəcər rayon Təsərrüfat hesablı "Avtoqaraj”ın müdiri vəzifəsində işləmiş X1 verdiyi məlumata əsasən yuxarıda adı qeyd olunmuş müəssisə ləğv olunmuşdur və müəssisəyə dair heç bir sənəd mövcud deyildir. Odur ki, İddiaçı yuxarıda adı qeyd olunmuş müəssisədə ümumi iş stajını və sosial sığorta ödənişlərini yoxlamaq mümkün olmamışdır.

7. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 20 may 2025-ci il tarixli 2- 1(84)-450/2017 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinə qarşı "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 2004-2005-ci illərin əmək haqları əsas götürülməklə yenidən hesablanması və pensiya hüququnun yarandığı xx.xx.2008-ci il tarixdən hazırki vaxtadək yaranmış fərqin birdəfəlik ödənilməsi” tələbinə dair iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş “yeni açılmış hallara dair” ərizə mümkün sayılmamışdır.

8. Məhkəmə qeyd etmişdir ki, təqdim edilmiş ərizədən görünür ki, Dövlət Sosial Müdafiə X9 regional filialının xx.xx.2022-ci il tarixli yoxlama aktı və Kəlbəcər rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 04 nömrəli məktubu ərizəçiyə təqdim edilmişdir. Hazırkı ərizə məhkəməyə xx.xx.2025-ci il tarixində göndərilmişdir. Yəni, cavabdeh İPM-nin 103.1ci maddəsində nəzərdə tutulmuş 3 aylıq müddəti ötürmüşdür. Bu baxımdan da ərizənin mahiyyəti deyil, mümkünlüyü qiymətləndirilməlidir. Odur ki, şərh olunanlara əsasən məhkəmə hesab etmişdir ki, “yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə” ərizə İPM-nin 103.1-ci maddəsinə uyğun müddətdə verilmədiyindən ərizə mümkün sayılmamalıdır.

9. Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X14 Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı həmin qərardaddan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(84)-450/2017 nömrəli qərardadının ləğv edilərək, inzibati işin icraatının təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(84)-450/2017 nömrəli qərardadı məhkəmənin gəldiyi nəticədə iş üzrə mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən ləğv edilməli, inzibati işin icraatının təzələnməsi barədə qərar qəbul edilməlidir. İşin faktiki hallarına əsasən H.X7 rayon şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən İddiaçı xx.xx.1970-ci il tarixdən xx.xx.1972-ci il tarixədək, xx.xx.1974-cü il tarixdən xx.xx.1996-cı il tarixədək və xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək Kəlbəcər rayon Təsərrüfat hesablı “Avtoqaraj”-da işlədiyini iddia etmişdir. X13 regional filialının xx.xx.2022-ci il tarixli **********3 nömrəli məktubu ilə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına X13 regional filialının xx.xx.2022-ci il tarixli yoxlama aktı və Kəlbəcər rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 04 nömrəli məktubu təqdim edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Kəlbəcər rayon Təsərrüfat hesablı “Avtoqaraj”ın müdiri vəzifəsində işləmiş X1 verdiyi məlumata əsasən yuxarıda adı qeyd olunmuş müəssisə ləğv olunmuşdur və müəssisəyə dair heç bir sənəd mövcud deyildir. Odur ki, İddiaçı yuxarıda adı qeyd olunmuş müəssisədə ümumi iş stajını və sosial sığorta ödənişlərini yoxlamaq mümkün olmamışdır. Beləliklə, Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(84)-450/2017 nömrəli qərardadı əsassız olduğundan ləğv edilməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

12. Məhkəmə kollegiyası iclasında iştirak edən ərizəçinin nümayəndəsi X5 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 20 may 2025-ci il tarixli 2-1(84)-450/2017 qərardadının ləğv olunması barədə qərardad qəbul edilməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı tərəf hazırki məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi)

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 100. Mübahisə ilə bağlı iş üzrə icraatın təzələnməsi üçün əsaslar Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, inzibati məhkəmə icraatının iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə 101. Məhkəmə aidiyyəti Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. Maddə 103. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmək üçün müddət 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. 103.3. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Maddə 104.2. Ərizəyə yeni sübutlar və hallar barədə sənədlərin, habelə başqa müvafiq sənədlərin əsli və ya surəti əlavə olunur. Maddə 105. Məhkəmə qərarının icrasının yalnız ərizə (vəsatət) əsasında dayandırılması 105.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi məhkəmə qərarının icrasını dayandırmır. Lakin vəsatət əsasında məhkəmə qərarın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. 105.2. Məhkəmə qərarının icrasının dayandırılması ilə bağlı ərizəyə (vəsatətə) baxılarkən bu Məcəllənin 41-ci maddəsində nəzərdə tutulmuş müvafiq qaydalar tətbiq olunur. Maddə 106. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinin mümkünlüyü 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Apellyasiya şikayətinin mümkünlüyü

15. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

17. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

18. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

19. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq birinci instansiya məhkəməsinin qiymətləndirməsi ilə razılaşır ki, Dövlət Sosial Müdafiə X9 regional filialının xx.xx.2022-ci il tarixli yoxlama aktı və Kəlbəcər rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 04 nömrəli məktubu ərizəçiyə təqdim edilmişdir. Hazırkı ərizə məhkəməyə xx.xx.2025-ci il tarixində göndərilmişdir. Yəni, ərizəçi İPM-nin 103.1-ci maddəsində nəzərdə tutulmuş 3 aylıq müddəti ötürmüşdür. Bu baxımdan da ərizənin mahiyyəti deyil, mümkünlüyü qiymətləndirilməlidir.

21. Eyni zamanda, ərizənin mümkün sayılmaması barədə məhkəmənin gəldiyi qənaətlə bağlı apellyasiya şikayəti verən ərizəçi şikayətində hər hansı əsaslandırma aparmamış, şikayət formal mülahizələrdən ibarət olmuş, hətta icraatın təzələnməsi barədə mövqeyini əsaslandırarkən icraatın təzələnməsinə əsas olan sənəd-sübutların onlara bir neçə il qabaq məlum olduğunu qeyd etmişlər.

22. Məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər.

23. Məhkəmə kollegiyası onu da qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Bu hal da hazırkı işdə mövcud deyil.

24. İPM-in 103.2-ci maddəsinin tələbinə görə, mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər.

25. İPM-in 103.3-cü maddəsinin tələbi baxımından, bu Məcəllənin 103.1-ci və 103.2ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir.

26. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-450/2017 nömrəli xx.xx.2017-ci il tarixli qərarı 29 avqust 2017-ci il tarixdə qanuni qüvvəyə minmişdir və həmin qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 ildən artıq müddət keçmişdir. Mübahisə edilən qərarda hər hansı ittiham hökmünə istinad olunmamışdır.

27. Belə olan halda kollegiya hesab edir ki, ərizəçi tərəfindən verilmiş “yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə” ərizə İPM-nin 103.1-ci maddəsində göstərilən müddətdə verilmədiyindən və İPM-in 103.1 və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin bərpasına yol verilmədiyindən ərizə mümkün sayıla bilməz.

28. Beləliklə kollegiya hesab edir ki, hazırkı ərizənin mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Ümumilikdə Kollegiya, iddiaçının dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və ərizənin mümkün hesab edilməsinin əsası kimi qəbul etmir.

29. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi ərizəni mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 20 may 2025-ci il tarixli 2-1(84)-450/2017 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı

Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X14 Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 20 may 2025-ci il tarixli 2-1(84)-450/2017 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar