Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-466/2024 06.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X6 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar ərazi idarəsinin nümayəndəsi X9, Üçüncü şəxs X18 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Göyçay rayonu, Mallı-Şıxlı kəndi ərazisində yerləşən 2.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-438/2024 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Göyçay rayonu, Mallı-Şıxlı kəndi ərazisində yerləşən 2.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırmışdır ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 08 dekabr 1997-ci il tarixli 07 saylı qərarı ilə Göyçay rayonu Mallışıxlı kəndi ərazisindən İddiaçı, X8, X1, X3, X4 2,03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış, bu barədə torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 345 saylı, 40804068 X28 verilmişdir. İddiaçı həmin torpaq sahəsinə dair adına çıxarış almaq məqsədi ilə cavabdehə müraciət etmiş, müraciətinə imtina məktubu verilmişdir.
3. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, Göyçay rayonu Mallı-Şıxlı kəndində yerləşən 2.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün zərudi olan inventarlaşdırma işləri aparılmış və istifadədə olan torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları yerində müəyyən edilmişdir. Göyçay rayonu Mallışıxlı kəndində yerləşən 2.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin dövlət reyestrində qeydə alınması üçün torpaq sahəsinə baxış keçirən zaman JN345 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd edilən 2.03 ha torpaq sahəsi üzərində başqa şəxsə məxsus fərdi yaşayış evinin olduğu müəyyən edilmişdir. Araşdırılan zaman məlum olmuşdur ki, sözügedən torpaq sahəsinin bir hissəsi X15 tərəfindən, bir hissəsi isə X24 tərəfindən istifadə edilir. Bu səbəbdən də ərizənin icrası mümkün olmamışdır.
4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur. - Göyçay rayon Məhkəməsinin 2(046)-830/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi. - JN-345 KOD 40804068 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Dövlət Aktından görünür ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 07 saylı qərarı ilə 2.03 ha torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 07 saylı qərarı, - 2000-ci il tarixli Göyçay rayonu, Mallı-Şıxlı kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, İddiaçı və ailə üzvlərinin adları qeyd olunmuşdur . - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-36/2-3761/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyi.
5. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 21 may 2024-cü il tarixli 2- 1(116)-438/2023 nömrəli qərarı ilə iddia tələbi ilə qismən təmin edilərək cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə JN seriyalı 345 saylı, 40804068 X26 əsasən iddiaçı və ailə üzvlərinin ümumibirgə mülkiyyətinə verilmiş, Göyçay rayonu MallıŞıxlı kəndi ərazisində yerləşən 1.69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı, X12, Məmmədova (Soltanova) Gülnar Soltanmurad qızı, Novikova (Məmmədova) Nigar Soltanmurad qızı və X2 mülkiyyət hüququnun (1 il müddətində özgəninkiləşdirilməsi şərtilə) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
6. Məhkəmə qeyd etmişdir ki, iddiaçının hüquqi marağı 2.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsindən ibarətdir. Hazırkı iddiaya əsasən iddiaçı cavabdeh inzibati orqandan 2.03 ha torpaq sahəsinin yerinin müəyyən edilməsini və həmin koordinatlara uyğun plan-ölçü sənədinin verilməsini tələb etmişdir. Cavabdehin imtinasının əsasını iddia olunan torpaq sahəsinin iddiaçının istifadəsində olmaması ilə bağlı olmuşdur. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia qismən əsaslıdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 08 dekabr 1997-cı il tarixli 07 saylı qərarı 2.03 ha torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İddia olunan torpaq sahəsi naturada 1,69 ha mövcud olduğundan iddia həmin hissədə əsaslıdır. İddia olunan torpaq sahəsinin qeyri-qanuni zəbt olunması iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılmasına əsas ola bilməz.
7. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 21 may 2024-cü il tarixli 2-1(116)-438/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
8. Şəki Apellyasiya Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli, 2-1(116)-466/2024 nömrəli qərardadı ilə X12, Məmmədova (Soltanova) Gülnar Soltanmurad qızı, Novikova (Məmmədova) Nigar Soltanmurad qızı, X7 və X24 iş üzrə inzibаti məhkəmə icrааtınа üçüncü şəxs qismində zəruri cəlb edilmişdir.
Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh inzibati orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Araşdırılan zaman məlum olmuşdur ki, sözügedən torpaq sahəsinin bir hissəsi X15 tərəfindən, bir hissəsi isə X24 tərəfindən istifadə edilir və fərdi yaşayış evi tikilmişdir. Sözügedən torpaq sahəsi İddiaçı tərəfindən heç vaxt istifadə edilməyib. Araşdırma zamanı məlum olmuşdur ki, üzun müddətdir ki, torpaq sahəsindən başqa şəxslər istifadə edir. Belə ki, sozügedən torpaq sahəsi 2 hissədən 1.04, 0.69 ha ibarətdir. Torpaq sahəsinin 1.04 hissəsindən X19, 0.65 hissəsindən isə X24 istifadə edir və həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi mövcuddur. Üzərində fərdi yaşayış evi olduğundan Şəki İnzibati Məhkəməsinin qərarının icrası mümkün olmamışdır. Həmçinin, **********63 reyestr nömrəli çıxarışla X5 mülkiyyətinə verilmiş 1.58 ha torpaq sahəsinin 0.19 ha hissəsi ilə üst-üstə düşsə də, Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatları əsasında tərtib edilən elektron kadastr uçotu xəritəsində **********63 reyestr nömrəli çıxarışın verilməsinə əsas olan JN-346 nömrəli Dövlət Aktı 1.58 ha olaraq göstərilmiş və elektron kadastr uçotu xəritəsində üst-üstə düşmə halı mövcud deyil.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X16 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 21 may 2024-cü il tarixli 2-1(116)-438/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X24 qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi.
14. X12, Məmmədova (Soltanova) Gülnar Soltanmurad qızı, Novikova (Məmmədova) Nigar Soltanmurad qızı və X7 məhkəmə kollegiyasına ərizə göndərərək iddianı müdafiə etdiklərini bildirmişlər.
15. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və digər üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
16. Şəki Apelyasiya Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 2-1(107)-466/2024 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-438/2024 nömrəli qərarı qismən, yəni “cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə JN seriyalı 345 saylı, 40804068 X26 əsasən iddiaçı və ailə üzvlərinin ümumibirgə mülkiyyətinə verilmiş, Göyçay rayonu MallıŞıxlı kəndi ərazisində yerləşən 0.19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı, X12, Məmmədova (Soltanova) Gülnar Soltanmurad qızı, Novikova (Məmmədova) Nigar Soltanmurad qızı və X2 mülkiyyət hüququnun (1 il müddətində özgəninkiləşdirilməsi şərtilə) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin qoyulması” hissəsində ləğv edilərək həmin hissədə iddia tələbi mümkün sayılmamışdır.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.3. daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; Maddə 152.1. mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
20. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə 48. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi xarakteristikası Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Maddə 49. ….
4. Xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır.
21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.
22. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; Maddə 13.3. müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.4. inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Maddə 13.5. fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
23. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna X21 və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1- dək tərtib olunmuş texniki pasport həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar;
24. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi 1.3.-cü bəndinə əsasən, daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək onun fəaliyyət istiqamətlərinə aiddir.
25. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı: Maddə 2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: 2.3 torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını həyata keçirsin: ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi;
Apellyasiya şikayətinin mümkünlüyü
26. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
27. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
28. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
29. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə JN seriyalı 345 saylı, 40804068 X26 əsasən iddiaçı və ailə üzvlərinin ümumibirgə mülkiyyətinə verilmiş, Göyçay rayonu MallıŞıxlı kəndi ərazisində yerləşən 1.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı, X12, Məmmədova (Soltanova) Gülnar Soltanmurad qızı, Novikova (Məmmədova) Nigar Soltanmurad qızı və X2 mülkiyyət hüququnun (1 il müddətində özgəninkiləşdirilməsi şərtilə) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulmalıdır.
31. Belə ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı Göyçay rayonu, Mallı-Şıxlı kəndi ərazisində yerləşən 2.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarət olmuş, birinci instansiya məhkəməsi tərəfindən torpaq sahəsi naturada 1,69 ha mövcud olduğundan iddia həmin hissədə təmin edilmişdir. Şəki Apellyasiya məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 2-1(116)-438/2024 qərardadı ilə iddia tələbinin birinci instansiya məhkəməsi tərəfindən təmin edilmiş 1.69 ha torpaq sahəsinin 0.19 ha hissəsi üzrə iddia tələbi mümkün sayılmadığından yekunda iddia tələbinin 1.50 ha təmin edilmiş hissəsi ilə bağlı cavabdehin apellyasiya şikayəti əsasında işə baxan apellyasiya məhkəməsinin baxış predmeti də həmin hissəsi üzrə birinci instansiya məhkəməsinin qərarının qanuniliyi və əsaslılığının yoxlanılmasından ibarətdir.
32. Məhkəmə kollegiyası qeyd edir ki, bu hissədə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və həmin hissədə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
34. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
35. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri (mübahisələndirilən 1.50 ha hissə üzrə) ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
36. Belə ki, cavabdehin apellyasiya şikayətinin “sözügedən torpaq sahəsinin bir hissəsinin X15 tərəfindən, bir hissəsinin isə X24 tərəfindən istifadə edilməsi, həmin ərazidə fərdi yaşayış evi tikilməsi, həmin torpaq sahəsinin İddiaçı tərəfindən heç vaxt istifadə edilməməsi” dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyə görə fiziki və hüquqi şəxslərin özlərinə mənsub mülki hüquqlardan istifadə etməməsi, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bu hüquqlara xitam verilməsinə səbəb olmur. Başqa sözlə şəxsin özünə məxsus hər hansı bir əmlakdan istifadə edib-etməməsi onun şəxsi iradəsinin ifadəsidir və həm bu hal, həm də X10 və X18 uzun illərdir həmin torpaq sahəsindən istifadə etməsi hüquqların qeydiyyatından imtinanın əsasını təşkil edə bilməz. X10 və X18 həmin torpaq sahələri üzərində qanunla qorunan hər hansı hüquqları əmələ gəlməmişdir. Onların hər hansı hüquqları əmələ gəlmədiyi halda həmin torpaq sahələrindən istifadə edirlər və onların həmin torpaq sahələrinə heç bir hüququ yoxdur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdeh tərəfin məhkəmə iclasında qeyd etdiyi arqumentlər, yəni torpaq sahəsindən iddiaçının hazırda istifadə etməməsi iddiaçının mülkiyyət hüquqlarının bərpasına maneə ola bilməz. Odur ki, cavabdehin bu dəlili əsassız olmaqla qanunvericiliyin tələbinə ziddir.
37. Həmçinin, iş materiallarına əlavə edilmiş JN-345 KOD 40804068 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Dövlət Aktından görünür ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 07 saylı qərarı ilə 2.03 ha torpaq sahəsi İddiaçı və onun ailə üzvləri- X12, Məmmədova (Soltanova) Gülnar Soltanmurad qızı, Novikova (Məmmədova) Nigar Soltanmurad qızı və X2 mülkiyyətinə verilmişdir.
38. İş materiallarına əlavə edilmiş TEKUİS-ə əsasən tərtib olunan xx.xx.2023-cü il tarixli 3-21-3-36/2-3761/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən də görünür ki, elektron bazada təqdim olunan, Göyçay rayonu Mallı-Şıxlı kəndi ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsində göstərilən JN-345 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.03 ha torpaq sahəsi ilə iddiaçının naturada göstədiyi 1.69 ha torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq, konfiqurasiya, ölçü və bucaq fəqrləri mövcud olduğu üçün cavablandırmaq mümkün olmadı. Elektron bazada təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatları (TEKUİS) əsasında tərtib edilən elektron kadastr uçotu xəritəsində göstərilən JN-345 nömrəli Dövlət aktı ilə verilmiş torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, əkin uqodiyalı, xüsusi mülkiyyətə verilmiş torpaqlara aiddir. Elektron kadastr uçotu xəritəsində JN-345 nörməli Dövlət aktı ilə verilmiş torpaq sahəsi üzrə 2.03 ha, faktiki sahə 1.73 ha olaraq göstərilmişdir. İddiaçının naturada göstərdiyi 1.69 ha torpaq sahəsinin 1.04 ha hissəsi X19 tərəfindən, 0.65 ha hissəsi isə X24 tərəfindən faktiki istifadə edildiyi baxış zamanı mütəxəssisə bildirilmişdir. X18 faktiki istifadə etdiyi 0.65 ha torpaq sahəsində tikili yerləşdiyi müşahidə edilmişdir. Elektron bazada təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatları əsasında tərtib edilən elektron kadastr uçotu xəritəsində göstərilən iddiaçı və ailə üzvlərinin mülkiyyətinə JN-345 nömrəli Dövlət Aktı ilə verilmiş kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, əkin uqodiyalı, xüsusi mülkiyyətə verilmiş torpaq sahəsi X19 və X24 tərəfindən faktiki istifadə edilən torpaq sahələri ilə üst-üstə düşür. Əlavə olaraq bildirilir ki, iddiaçının naturada göstərdiyi 1.69 ha torpaq sahəsinin X24 tərəfindən istifadə edilən 0.65 ha hissəsi **********63 reyestr nömrəli çıxarışla X5 mülkiyyətinə verilmiş 1.58 ha torpaq sahəsinin 0.19 ha hissəsi ilə üst-üstə düşsədə Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında əsasında tərtib edilən elektron kadastr uçotu xəritəsində **********63 reyestr nömrəli çıxarışın verilməsinə əsas olan JN-346 nömrəli Dövlət Aktı 1.58 ha olaraq göstərilmiş və elektron kadastr uçotu xəritəsində üst-üstə düşmə halı mövcud deyil. Naturada aparılmış çöl-ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş sxem işə əlavə olunur.
39. Bundan başqa hazırkı mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Etimad hüququnun qorunması prinsipi baxımından müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqanların həmin vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Qanunun 13.1-ci maddəsində təsbit edilmiş etimad hüququnun qorunması prinsipi inzibati orqanın faktiki xarakterli hərəkətlərinə də şamil olunur. “İnzibati icraat haqqında” Qanunun 13.5-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Belə ki, inzibati orqanın mövcud praktikasına vətəndaşın etimad hüququ qanunla qorunsa da, etimad hüququnun tətbiq edildiyi orqanın praktikası qanunsuz hərəkətlərə əsaslana bilməz.
40. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.
41. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir (X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqe).
42. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
43. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı, Göyçay rayonu, Mallı-Şıxlı kəndi ərazisində yerləşən 1.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuş, birinci instansiya məhkəməsi də iş üzrə ədalətli və obyektiv məhkəmə araşdırması apararaq iddia tələbini həmin hissədə haqlı olaraq təmin etmişdir.
44. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
45. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçıya münasibətdə “Göyçay rayonu, Mallı-Şıxlı kəndi ərazisində yerləşən 1.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina edilməsinə dair cavabdehin hərəkətləri qanunauyğun olmadığından, birinci instansiya məhkəməsi bu hissədə gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
46. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
Qərara aldı
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-438/2024 nömrəli qərarı “cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə JN seriyalı 345 saylı, 40804068 X26 əsasən iddiaçı və ailə üzvlərinin ümumibirgə mülkiyyətinə verilmiş, Göyçay rayonu MallıŞıxlı kəndi ərazisində yerləşən 1.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı, X12, Məmmədova (Soltanova) Gülnar Soltanmurad qızı, Novikova (Məmmədova) Nigar Soltanmurad qızı və X2 mülkiyyət hüququnun (1 il müddətində özgəninkiləşdirilməsi şərtilə) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin qoyulması” hissəsində dəyişdirilmədən qüvvədə saxlanılsın. Şəki Apelyasiya Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 2-1(107)-466/2024 nömrəli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)- 438/2024 nömrəli qərarının qismən, yəni “cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə JN seriyalı 345 saylı, 40804068 X26 əsasən iddiaçı və ailə üzvlərinin ümumibirgə mülkiyyətinə verilmiş, Göyçay rayonu MallıŞıxlı kəndi ərazisində yerləşən 0.19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı, X12, Məmmədova (Soltanova) Gülnar Soltanmurad qızı, Novikova (Məmmədova) Nigar Soltanmurad qızı və X2 mülkiyyət hüququnun (1 il müddətində özgəninkiləşdirilməsi şərtilə) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin qoyulması” hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin mümkün sayılmaması nəzərə alınsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.