Məhkəmə qərarları › İş №2-1(107)-466/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-466/2025

22.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-466/2025 22.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Tahirov Zamin Cəbrayıl oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “reyestr məlumatlarında düzəliş edilməsi və Qəbələ şəhəri Heydər Əliyev prospekti 80 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində ləğv prosesində olan İddiaçı ASC-nin mülkiyyət hüquqlarının qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 11 iyun 2025-ci il tarixli 2-1(116)-1696/2025 nömrəli qərardadından İddiaçı Açıq Səhmdar Cəmiyyəti və üçüncü şəxs Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş аpellyаsiyа şikаyətlərinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “reyestr məlumatlarında düzəliş edilməsi və Qəbələ şəhəri Heydər Əliyev prospekti 80 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində ləğv prosesində olan İddiaçı ASC-nin mülkiyyət hüquqlarının qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)-1696/2025 nömrəli qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində adi qaydada cəlb edilmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı ASC-nin “Qəbələ” filialı kimi fəaliyyət göstərmiş Qəbələ şəhəri, Heydər Əliyev pr. 84 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun qeydə alınması barədə 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət olunmuşdur. Müraciətə əsasən Qəbələ şəhəri, Heydər Əliyev pr. 84 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində xx.xx.2024-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin çıxarışdan müəyyən edilmişdir ki, qeyd olunan qeyri-yaşayış binası üzərində mülkiyyətçi kimi ləğv prosesində olan İddiaçı ASC deyil, yanlışlıqla onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qeyd edilmişdir. Qeyd olunan yanlışığın aradan qaldırılması üçün reyestr məlumatlarında düzəliş edilməsi və həmin əmlak üzərində ləğv prosesində olan İddiaçı ASC-nin mülkiyyət hüquqlarının qeydə alınması barədə tərəfimizdən məktubla 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edilmişdir. Həmin müraciətə 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli məktubla cavab verilərək “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 Ərazi İdarələri, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatının qanunvericilikdə nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər əsasında aparıldığı və araşdırmalar zamanı Ərazi İdarəsinə xx.xx.2024-cü il tarixində qeydiyyat üçün təqdim olunan xx.xx.2024-cü il tarixli qeyriyaşayış təyinatlı binaların istismarına icazə sənədində Tikinti obyektinin sifarişçisinin (sahibi): Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun qeyd edildiyini bildirilmişdir. Hesab edirik ki, imtina əsassız və qanunsuzdur, ərizə təmin edilməlidir. - Belə ki, yuxarıda qeyd edildiyi kimi, həmin qeyri-yaşayış binası İddiaçı ASC-nin “Qəbələ” filialı kimi fəaliyyət göstərmiş və hazırda balans məlumatlarına əsasən bankın aktivləri siyahısındadır. Məlum olduğu kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 avqust 2016-cı il tarixli, 2-1(102)-147/2016 saylı qərarına əsasən İddiaçı ASC müflis elan edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2- 1(81)1594/2016 saylı qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu banka ləğvedici təyin edilmişdir. “Banklar haqqında” Azərbaycan Respublikası qanununun 71 və 72-ci maddələrinə əsasən Banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur. Qeyd olunmalıdır ki, Əmanətlərin Sığortalanması Fondu “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71 və 72-ci maddələrinə əsasən ləğv prosesində olan bankın ləğvedicisi kimi onun adından çıxış etsə də hüquq subyektliyi nöqteyi-nəzərindən Fond və ləğv prosesində olan Bank ayrı-ayrı hüquqi şəxslərdir. Belə ki, hüquqların qeydiyyatı üçün müraciət olunarkən Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan İddiaçı ASC-ni təmsil etməklə onun ləğvedicisi kimi çıxış etmişdir. Həmçinin imtina ilə bağlı istinad edilən xx.xx.2024-cü il tarixli qeyri-yaşayış təyinatlı binaların istismarına icazə sənədində Tikinti obyektinin sifarişçisinin (sahibi): Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun qeyd edilməsi də Fondun İddiaçı ASC-nin ləğvedicisi olması ilə bağlıdır. Bundan başqa qeydiyyat üçün təqdim olunan digər sənədlərdən də göstərilən qeyri yaşayış binasının ləğv prosesində olan İddiaçı ASC-yə aid olduğu açıq aşkar müəyyən olunur. Qeyd olunanlara əsasən hesab edirik ki, reyestr məlumatlarında düzəliş edilməli və həmin əmlakın mülkiyyətçisi kimi ləğv prosesində olan İddiaçı ASC qeyd olunmalıdır.

4. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 Ərazi İdarələri, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər əsasında aparır. Araşdırmalar zamanı məlum olmuşdur ki, Ərazi İdarəsinə xx.xx.2024-cü il tarixdə qeydiyyat üçün təqdim olunan xx.xx.2024-cü il tarixli qeyri yaşayış təyinatlı binaların istismarına icazə sənədində Tikinti obyektinin sifarişçisi (sahibi): Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondu qeyd edilmişdir. Qeyd olunan səbəbə görə də, müraciətinin icrası tərəfimizdən mümkün olmamışdır.

5. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 11 iyun 2025-ci il tarixli 2- 1(116)-1696/2025 nömrəli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “reyestr məlumatlarında düzəliş edilməsi və Qəbələ şəhəri Heydər Əliyev prospekti 80 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində ləğv prosesində olan İddiaçı ASC-nin mülkiyyət hüquqlarının qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmamışdır.

6. İddiaçı Açıq Səhmdar Cəmiyyəti və üçüncü şəxs Əmanətlərin Sığortalanması Fondu ayrı-ayrılıqda həmin qərardaddan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 11 iyun 2025-ci il tarixli 2-1(116)-1696/2025 nömrəli qərardadının ləğv edilməsini və iddianın mümkün hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hesab edirik ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)-1696/2025 saylı qərardadı ləğv edilərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “reyestr məlumatlarında düzəliş edilməsi və Qəbələ şəhəri Heydər Əliyev prospekti 80 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində ləğv prosesində olan İddiaçı ASC-nin mülkiyyət hüquqlarının qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə iddia ərizəsi mümkün hesab edilərək mahiyyəti üzrə işə baxılması barədə qərardad qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə xx.xx.2024-cü il tarixdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən "xxxx" ASC-nin "Qəbələ" filialı kimi fəaliyyət göstərmiş Qəbələ şəhəri, Heydər Əliyev pr. 84 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun qeydə alınması barədə müraciət etmişdir. Müraciətdə qeyd olunmuşdur ki; “Qəbələ şəhəri, Heydər Əliyev pr. 84 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində xx.xx.2024-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin çıxarışdan müəyyən edilmişdir ki, qeyd olunan qeyri-yaşayış binası üzərində mülkiyyətçi kimi ləğv prosesində olan "xxxx" ASC deyil, yanlışlıqla onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qeyd edilmişdir. Yuxarıda qeyd edildiyi kimi, həmin qeyri-yaşayış binası "xxxx" ASC-nin "Qəbələ" filialı kimi fəaliyyət göstərmiş və hazırda balans məlumatlarına əsasən bankın aktivləri siyahısındadır. Əmanətlərin Sığortalanması Fondu "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 71 və 72-ci maddələrinə əsasən ləğv prosesində olan bankın ləğvedicisi kimi onun adından çıxış etsə də hüquq subyektliyi nöqteyinəzərindən Fond və ləğv prosesində olan Bank ayrı-ayrı hüquqi şəxslərdir. Belə ki, hüquqların qeydiyyatı üçün müraciət olunarkən Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "xxxx" ASC-ni təmsil etməklə ləğvedicisi kimi çıxış etmişdir. Bankın adından ləğvedici və ya onun vəkil etdiyi şəxsin hərəkətlərinin hüquqi qüvvəyə malik olması bankın öhdəlikləri və ya tələblərinin ləğvediciyə keçməsi anlamını ifadə etmir. Bu halda ləğvedici müflis elan olunan bankın adından hüquqi şəxsi təmsil etmək səlahiyyatinə malik olur və qanunvericilikdə hüquqi şəxsin səlahiyyətli orqanının malik olduğu hüquqları hayata keçirməklə bərabər müvafiq vəzifələri daşıyır. Qeyd olunanları nəzərə alaraq reyestr məlumatlarında düzəliş edilməsi və Qəbələ şəhəri Heydər Əliyev prospekti 80 ünvanında yerləşən qeyri-yaşayış binasının mülkiyyətçisi kimi ləğv prosesində olan "xxxx" ASC-nin qeyd edilməsini xahiş edirlər. - xx.xx.2024-cü il tarixli qeyri-yaşayış təyinatlı binaların istismarına icazə sənədində sifarişçi olaraq Əmanətlərin Sığortalanması Fondunun qeyd edilməsi normaldır. Çünki, Əmanətlərin Sığortalanması Fondu yuxarıda qeyd etdikləri kimi ləğvedici funksiyanı həyata keçirir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə göndərilmiş “JN-0680 Kod 40601004 xx.xx.2004cü il tarixli Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından göründüyü kimi mülkiyyətçi “ATRA” SKB olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən, hesab edirlər ki, iddiaçı məhkəməyə müraciət edərkən iddia ərizəsini düzgün formada vermişdir. Həmçinin qeyd edirlər ki, iddiaçı iddia ərizəsini düzgün formada verməmiş olsa belə məhkəmə tərəfindən iddiaçıya iddia ərizəsində dəyişiklik edilməsinə dair izah verilməmiş, yardım göstərilməmişdir.

8. Üçüncü şəxs Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti iddiaçının apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, yanlışlığın aradan qaldırılması üçün reyestr məlumatlarında düzəliş edilməsi və həmin əmlak üzərində ləğv prosesində olan İddiaçı ASC-nin mülkiyyət hüquqlarının qeydə alınması barədə tərəflərindən məktubla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edilmişdir. - Həmin müraciətə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi idarəsinə tərəfindən xx.xx.2024-cü il tarixli məktubla cavab verilərək “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 Ərazi İdarələri, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatının qanunvericilikdə nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər əsasında aparıldığı və araşdırmalar zamanı Ərazi idarəsinə xx.xx.2024-cü il tarixində qeydiyyat üçün təqdim olunan xx.xx.2024-cü il tarixli qeyri-yaşayış təyinatlı binaların istismarına icazə sənədində Tikinti obyektinin sifarişçisinin (sahibi): Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun qeyd edildiyini bildirilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi sözügedən qeyri-yaşayış sahəsinin sahibinin ləğv prosesində olan “Atrabank" ASC ilə Əmanətlərin Sığortalanması Fondu arasında alqı-satqı müqaviləsi olmadan və belə bir sənədi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tələb etmədən mülkiyyətçi kimi Əmanətlərin Sığortalanması Fondu olaraq qəbul etməsi mümkün deyil. Göründüyü kimi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi texniki səhvə yol vermiş və Qəbələ şəhəri Heydər Əliyev prospekti 80 ünvanında yerləşən qeyri-yaşayış binasının mülkiyyətçisi olaraq səhvən Əmanətlərin Sığortalanması Fondu qeyd edilmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etirazı təqdim edilməmişdir.

Tərəflərin izahatları

10. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər iştirak etməmişlər. İddiaçı Açıq Səhmdar Cəmiyyəti və üçüncü şəxs Əmanətlərin Sığortalanması Fondunun nümayəndələri ayrı-ayrılıqda ərizə ilə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə: Maddə 11.2. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 51.1. İddiaçı inzibati icraat zamanı müəyyən faktların nəzərə alınması və ya alınmaması nəticəsində hüquqlarının pozulduğunu bildirdiyi hallarda, sədrlik edən hakim həmin faktların məhkəməyə təqdim olunması və ya bu barədə məlumat verilməsi üçün iddiaçıya müddət təyin edə bilər. Maddə 51.2. Sədrlik edən hakim proses iştirakçısından müəyyən hadisələrə dair faktlar barədə məlumat verməyi və ya sübutetmə vasitələrini göstərməyi, onun sərəncamında olan sübutları təqdim etməyi tələb edə bilər. Hakim tərəfindən bu məqsədlə müvafiq müddət təyin oluna bilər. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının: - 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. - 1.2-ci bəndinə əsasən, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. - 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 1.4-cü bəndinə əsasən, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. - 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. - 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. - 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. - 3.2-ci bəndinə əsasən, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. - 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. - 3.4-cü bəndinə əsasən, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. - 3.5. Apelyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyinəzərindən qiymətləndirməlidirlər. - 7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. - 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. - 8.2-ci bəndinə əsasən, bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. - 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. - 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. - 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. - 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. - 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü

13. Apellyasiya şikayətlər vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, inzibati iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

15. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadının ləğvini şərtləndirən aşağıdakı halların qeyd olunmasını zəruri sayır.

16. Belə ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq göstərmişdir ki, iş materiallarından görünür ki, iddiaçının hüquqi marağı Qəbələ şəhəri Heydər Əliyev prospekti 80 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun qeydə alınmasına nail olmaqdır. İddiaçı cavabdehə ilkin müraciətində və məhkəməyə təqdim etdiyi iddia ərizəsində tələbini “reyestr məlumatlarında düzəliş edilməsi və Qəbələ şəhəri Heydər Əliyev prospekti 80 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində ləğv prosesində olan İddiaçı ASC-nin mülkiyyət hüquqlarının qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi ifadə etmişdir. - Məhkəmə qeyd etmişdir ki, üzərində mülkiyyət hüququnun qeydə alınması iddia olunan Qəbələ şəhəri Heydər Əliyev prospekti 80 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində “Əmanətlərin Sığortalanması Fondu”nun mülkiyyət hüququ qeydə alınmışdır. Bu barədə sonuncunun mülkiyyət hüququna dair 29 avqust 2024-cü il tarixli qeydiyyat aparılmış və ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. - Göründüyü kimi, iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasını tələb etdiyi qeyri-yaşayış binası “Əmanətlərin Sığortalanması Fondu”nun mülkiyyəti kimi qeydə alınmışdır. Odur ki, iddiaçı, arzuladığı məqsədə nail olmaq üçün qeyri-yaşayış binasına dair “Əmanətlərin Sığortalanması Fondu”nun adına aparılmış qeydiyyatı mübahisələndirməlidir. - Həmin tələblə ilkin olaraq cavabdehə müraciət etməlidir. Müraciəti təmin olunmadıqda isə analoji iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Beləliklə, iddia olunan qeyri-yaşayış binası üzərində dövlət qeydiyyatına alınmış hüquqlar mövcud olduğundan, həmin qeydiyyat ləğv edilmədən hər hansı digər subyektin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı tələbə mahiyyəti üzrə baxılması mümkün deyil.

17. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

18. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır.

19. Kollegiya bildirir ki, obyektiv araşdırma prinsipi iddianın mümkünlüyünün və əsaslılığının yoxlanılması zamanı tətbiq olunmalıdır. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq.

20. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

21. Məhkəmə kollegiyası qeyd edir ki, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

22. İş materiallarından görünür ki, hazırkı mübahisəyə dair iş üzrə birinci instansiya məhkəməsi tərəfindən 01 may 2025-ci il tarixli məktubla iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, iddiaçıya iddia ərizəsindəki çatışmazlıqların aradan qaldırılması məqsədilə və yaxud həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə hüquqi yardım edilməmişdir.

23. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.

24. Eyni zamanda o da qeyd olunmalıdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. İddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər.

25. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçıya hüquqi yardım haqqında məktubunu rəsmi qaydada təqdim etməli, eyni zamanda, iddianın yenidən mümkünlüyü əsaslarını yoxlayaraq müvafiq prosessual hərəkətləri həyata keçirməlidir.

26. Bundan başqa iş materiallarından müəyyən olunur ki, üçüncü şəxs Əmanətlərin Sığortalanması Fondu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin adından 2 oktyabr 2024-cü il tarixli 12-5/2-2336/2024 nömrəli məktubla aşağıdakı məzmunda cavabdeh inzibati orqana müraciət etmişdir: - “Məlum olduğu kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 avqust 2016-cı il tarixli, 2-1(102)-147/2016 saylı qərarına əsasən İddiaçı ASC müflis elan edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)1594/2016 saylı qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu banka ləğvedici təyin edilmişdir. - xx.xx.2024-cü il tarixdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı ASC-nin “Qəbələ” filialı kimi fəaliyyət göstərmiş Qəbələ şəhəri, Heydər Əliyev pr. 84 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun qeydə alınması barədə 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət olunmuşdur. - Müraciətə əsasən Qəbələ şəhəri, Heydər Əliyev pr. 84 ünvanında yerləşən qeyriyaşayış binası üzərində xx.xx.2024-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin çıxarışdan müəyyən edilmişdir ki, qeyd olunan qeyri-yaşayış binası üzərində mülkiyyətçi kimi ləğv prosesində olan İddiaçı ASC deyil, yanlışlıqla onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qeyd edilmişdir. - Yuxarıda qeyd edildiyi kimi, həmin qeyri-yaşayış binası İddiaçı ASC-nin “Qəbələ" filialı kimi fəaliyyət göstərmiş və hazırda balans məlumatlarına əsasən bankın aktivləri siyahısındadır. - Əmanətlərin Sığortalanması Fondu "Banklar haqqında" Azərbaycan Respublika Qanununun 71 və 72-ci maddələrinə əsasən ləğv prosesində olan bankın ləğvedicisi kimi onun adından çıxış etsə də hüquq subyektliyi nöqteyi-nəzərindən Fond və ləğv prosesində olan Bank ayrı-ayrı hüquqi şəxslərdir. Belə ki, hüquqların qeydiyyatı üçün müraciət olunarkən Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan İddiaçı ASC-ni təmsil etməklə onun ləğvedicisi kimi çıxış etmişdir. - Bankın adından ləğvedici və ya onun vəkil etdiyi şəxsin hərəkətlərinin hüquqi qüvvəyə malik olması bankın öhdəlikləri və ya tələblərinin ləğvediciyə keçməsi anlamını ifadə etmir. Bu halda ləğvedici müflis elan olunan bankın adından hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olur və qanunvericilikdə hüquqi şəxsin səlahiyyətli orqanının malik olduğu hüquqları həyat keçirməklə bərabər müvafiq vəzifələri daşıyır. - Qeyd olunanları nəzərə alaraq reyestr məlumatlarında düzəliş edilməsi və Qəbələ şəhər Heydər Əliyev pr. 80 ünvanında yerləşən qeyri-yaşayış binasının mülkiyyətçisi kimi ləğv prosesində olan İddiaçı ASC-nin qeyd edilməsini xahiş edirik.”

27. Göründüyü kimi, iddiaçının hüquqi marağı qeyri-yaşayış binasına dair “Əmanətlərin Sığortalanması Fondu”nun adına aparılmış qeydiyyatın ləğvindən ibarətdir. Sadəcə olaraq tələbini reyestr məlumatlarında düzəliş edilməsi kimi qeyd etmiş, birinci instansiya məhkəməsi də iddia tələbinə formal, hərfi mənada yanaşmış və iddia tələbini mümkün saymamışdır.

28. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbində və cavabdeh orqana etdiyi müraciətində qeyd edilən “reyestr məlumatlarında düzəliş edilməsi və Qəbələ şəhəri Heydər Əliyev prospekti 80 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində ləğv prosesində olan İddiaçı ASC-nin mülkiyyət hüquqlarının qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” nəticədə Qəbələ şəhər Heydər Əliyev pr. 80 ünvanında yerləşən qeyri-yaşayış binasına dair “Əmanətlərin Sığortalanması Fondu”nun adına aparılmış qeydiyyatın ləğvini ehtiva edir. İPM-nin 52-ci maddəsinin tələblərinə əsasən də məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmamalıdır.

29. Odur ki, iddiaçının arzuladığı məqsədə nail olmaq üçün qeyri-yaşayış binasına dair “Əmanətlərin Sığortalanması Fondu”nun adına aparılmış qeydiyyatın ləğvi tələbi ilə müraciət olunarsa və bu, iddianın mümkün sayılması üçün əsas olduğu halda, (hansı ki, iddiaçı şikayətində bu xüsusatı qeyd etmişdir) İPM-in 13-cü maddəsinə uyğun iddiaçıya yardım edilməli, dəqiqləşdirilmiş iddia tələbi olduğu halda isə həmin iddia tələbi ilə bağlı zərurət olarsa cavabdehin mövqeyi öyrənilməli, bundan sonra işin hallarından asılı olaraq qərar qəbul edilməlidir

30. Beləliklə, hazırkı mübahisəyə münasibətdə apellyasiya şikayətləri qismən əsaslı olduğundan, həmin hissədə təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması və sonrakı prosessual hərəkətlərin davam etdirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

31. İşə baxacaq birinci instansiya məhkəməsi hazırkı mübahisəyə münasibətdə işin hallarını bu qərarın əsaslandırma hissəsində qeyd edilən xüsusatlar baxımından tam və hərtərəfli araşdırmalı və yalnız bundan sonra araşdırmanın nəticələrinə qiymət verməlidir. Bu, məhkəmə tərəfindən düzgün və əsaslı qərarın qəbulu üçün xüsusi əhəmiyyət daşıyır.

32. Birinci instansiya məhkəməsinin qərardadı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin edilməsi üçün iş təkrar Şəki İnzibаti Məhkəməsinə göndərilməli olduğundan, şikayət qalan hissədə təmin oluna bilməz. Yəni, iddiaçının tələb etdiyi qaydada “iddianın mümkün sayılaraq mahiyyəti üzrə işə baxılması” üçün ilk növbədə məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım məktubu göndərilməli, daha sonra iddiaçının cavabdeh orqana etdiyi müraciətinin məzmunu tədqiq edilməli, cavabdehin mövqeyi öyrənilməli, iddiaçı hüquqi marağına və nail olmaq istədiyi hüquqi nəticəyə uyğun tələbini aydın və konkret şəkildə ifadə etməlidir. Bundan sonra isə məhkəmə tərəfindən yenidən iddianın mümkünlük şərtləri yoxlanılmalı, mümkün iddia olarsa işə mahiyyəti üzrə baxılmalıdır.

33. Beləliklə, məhkəmə kollegiyаsı bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi yuxаrıdа sаdаlаnаn hаllаrı аrаşdırmаdаn və iddiaçıya hüquqi yardım etmədən iddiаnı mümkün saymamaqda düzgün nəticəyə gəlməmişdir. Оnа görə də, Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 87-ci mаddəsinə əsаsən, şikаyət qismən təmin edilməli, birinci instаnsiyа məhkəməsinin qərаrdаdı ləğv edilərək işin baxılması üçün Şəki İnzibаti Məhkəməsinə göndərilməsi bаrədə qərаrdаd qəbul edilməli, şikayət qalan hissədə təmin edilməməlidir.

34. Yuxarıda göstərilənlərə və İPM-in 87-ci maddəsinə əsasən məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı Açıq Səhmdar Cəmiyyəti və üçüncü şəxs Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş аpellyаsiyа şikаyətləri qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 11 iyun 2025-ci il tarixli 2-1(116)-1696/2025 nömrəli qərardadı ləğv edilsin. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar