Məhkəmə qərarları › İş №2-1(107)-467/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-467/2024

06.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-467/2024 06.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon Şöbəsi və Yer Quruluşu Layihə İnstitutu tərəfindən hazırlanmış JN314A nömrəli KOD:40211018 saylı 0,07 ha torpaq sahəsinin X5, X4, X6 və X2 mülkiyyətinə verilməsinə dair hazırlanmış “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi və həmin torpaq sahəsinin onların və ailə üzvlərinin həyətyanı torpaq sahəsi olaraq xüsusi mülkiyyət əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində onların adlarına xüsusi mülkiyyət hüquqi ilə qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 05 iyul 2024-cü il tarixli 2-1(116)- 2146/2024 nömrəli qərardadından iş üzrə İddiaçı1 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon Şöbəsi və Yer Quruluşu Layihə İnstitutu tərəfindən hazırlanmış JN314A nömrəli KOD:40211018 saylı 0,07 ha torpaq sahəsinin X5, X4, X6 və X2 mülkiyyətinə verilməsinə dair hazırlanmış “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi və həmin torpaq sahəsinin onların və ailə üvlərinin həyətyanı torpaq sahəsi olaraq xüsusi mülkiyyət əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində onların adlarına xüsusi mülkiyyət hüquqi ilə qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər.

2. İddiaçılara xx.xx.2024-cü il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq bildirilmişdir ki, iddia tələbi mümkünlük şərtlərinə cavab vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçıların nəzərinə çatdırılmışdır ki, mübahisələndirilən torpaq sahəsinə dair JN314A nömrəli KOD:40211018 Şəhadətnamə Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarı əsasında verilmişdir. Şəhadətnaməyə düzəliş edilməsi və ya yeni hüquqmüəyyənedici sənədlərin hazırlanması tələbi üzrə cavabdeh inzibati orqan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi deyildir.

3. Yuxarıda qeyd olunanlarla bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi üçün iddiaçıya 10 (on) gün vaxt təyin edilmişdir. İddiaçılar yardıma əsasən 27 may 2024-cü il tarixli ərizə təqdim edərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdirlər.

4. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) xx.xx.2024-cü il tarixli, 2- 1(116)-2146/2024 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon Şöbəsi və Yer Quruluşu Layihə İnstitutu tərəfindən hazırlanmış JN314A nömrəli KOD:40211018 saylı 0,07 ha torpaq sahəsinin X5, X4, X6 və X2 mülkiyyətinə verilməsinə dair hazırlanmış “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi və həmin torpaq sahəsinin sizin və ailə üvlərinizin həyətyanı torpaq sahəsi olaraq xüsusi mülkiyyət əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində sizin adınıza xüsusi mülkiyyət hüquqi ilə qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır.

5. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005ci il il tarixli 226 nömrəli fərmanına əsasən, "X13 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X3 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə tənzimlənir. Həmin normanın tələbinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. Aqrar islahat dövrü tərtib olunan inzibati aktlar qəbul olunduğu zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 296.1-ci maddəsinə əsasən, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Həm də 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Göründüyü kimi inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün (inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur. Mülki Prosessual Məcəllənin qeyd olunan normaları Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsi qüvvəyə mindiyi 01 yanvar 2011-ci il tarixdən qüvvədən düşmüş və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan İPM-nin müddəalarına uyğun baxılır ki, İnzibati-Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1 -ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.

6. İddiaçı1 həmin qərardaddan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-2146/2024 nömrəli qərardadının ləğv edilməsinə və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə, qərardadını qanuni şəkildə əsaslandırmamış və əsaslandıra bilməmişdir. Belə ki, məhkəmə qərardadını əsaslandırmağa çalışarkən qeyd etmişdir ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının qərarının mübahisələndirilməsi imkanı artıq itirildiyindən, həmin qərar hazırda da qüvvədə olduğundan, onun əsasında verilmiş torpaq sahəsinin mübahisələndirilməsi də mümkün sayıla bilməz. Bundan başqa məhkəmə yalnız prosessual hüquq normalarını sadalamış və həmin normaların iddia tələbinə heç bir aidiyyatı yoxdur. Məhkəmənin diqqətinə çatdırır ki, onlar Aqrar İslahat Komissiyasının qərarını mübahisələndirmirlər, nə də ki, həmin qərar əsasında verilmiş torpağı mübahisələndirmirlər. Mübahisələri rayon Aqrar İslahat Komissiyasının qərarı yox, müvafiq “Torpaq sahəsinin Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin” sənədinin hazırlanmasında ifadə olunan faktiki və fiziki xarakterli hərəkətlərdir. Tərtib edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə” göstərilən torpaq sahəsi islahat zamanı onların istifadələrində olub, üzərində olan yaşayış evində onlar yaşamışlar, hazırda da onlar istifadə edirlər. Qeyd olunan bu faktlar məhkəmə tərəfindən araşdırılmalıdır. Məhkəmənin qənaətini əsaslı hesab etmirlər. Belə ki, Zaqatala Rayon AİK-ın qərarı ümumi xarakter daşımaqla, iddia olunan torpaq sahəsinin bilavasitə üçüncü şəxsə verilməli olduğunu təsbit etmir. Həmçinin həmin qərarda əvvəllər - hazırkı halda, birbaşa göstəriş yoxdur. Onlar da məzmun baxımından iddia predmetinə münasibətdə bilavasitə nəticə yaratmayan qərarı deyil, həmin qərara istinadla həyata keçirilən faktiki xarakterli hərəkəti (fəaliyyəti) qanuna zidd hesab etməklə onun nəticələrinin aradan qaldırılmasını iddia edirlər (öhdəliyin icrası haqqında iddia). İddia qaldırılması üçün prosessual müddətlə bağlı tələbə gəldikdə, mübahisələndirilən sənədlərin verildiyi vaxtda artıq qüvvədə olan İPM-də öhdəliyin icrası haqqında iddia üçün müddət nəzərdə tutulmamışdır. Onlar hətta, təxminən 20 il sahiblik etdikləri əmlaka dair əşya hüquqlarının müdafiəsi barədə tələb irəli sürə bilərlər. Nəzərə alınmalıdır ki, “İşin hallarının araşdırılması” prinsipi iddianın mümkünlüyünə də aiddir. Həmin normaların tələbləri məhkəmə tərəfindən təmin olunmamışdır. Buna dair sübutları evin, həyətin texniki pasportu vardır ki, hansı ki, həmin texniki pasport hələ torpaq islahatından əvvəl hazırlanmışdır. Qeyd olunanlara əsasən hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlməmiş və məhkəmənin qəbul etdiyi qərardad onların hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən hesab edir ki, məhkəmənin qərardadı əsassız və qanunsuzdur, ləğv edilməli və iddiaya mahiyyəti üzrə baxılmalıdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

9. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 05 iyul 2024-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etdilər.

10. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

11. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 22. Torpaq islahatı ilə əlaqədar mübahisələrin həlli Fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Naxçıvan Muxtar Respublikasının rayonlarının X3 qərarı ilə razılaşmadıqda fiziki və hüquqi şəxslər 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Fiziki və hüquqi şəxslər rayon X3 və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir.

12. İnzibati Prosessual Məcəllə: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

13. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 4.2-ci bəndinə əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən, bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü

14. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

16. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

17. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

18. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

19. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarı).

21. Məhkəmə kollegiyası bildirir ki, qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

22. Belə ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın.

23. İddiaçıların hazırki tələbi 2005-ci ildə tərtib edilmiş 0,07 ha torpaq sahəsinin X5, X4, X6 və X2 mülkiyyətinə verilməsinə dair hazırlanmış JN314A nömrəli KOD:40211018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi və həmin torpaq sahəsinə dair iddiaçıların adına çıxarış verilməsindən ibarətdir.

24. Qeyd olunmalıdır ki, mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsüsi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.

25. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə tənzimlənir.

26. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.

27. Bundan başqa, iş materiallarından və apellyasiya məhkəməsi araşdırması zamanı iş materiallarına əlavə edilmiş cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş 02 avqust 2024-cü il tarixli məktubdan görünür ki, mübahisələndirilən torpaq sahəsinə dair Torpağın mülkiyyətə verilməsinə dair JN314A nömrəli KOD:40211018 Şəhadətnamə Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarı əsasında verilmişdir.

28. Apellyasiya məhkəməsi araşdırması zamanı iş materiallarına əlavə edilmiş cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilən 06 avqust 2024-cü il tarixli məktubdan da görünür ki, Torpağın mülkiyyətə verilməsinə dair JN314A nömrəli KOD:40211018 Şəhadətnamə sənədi elektron baza məlumatlarında qeyd edilmiş və ərazi idarəsinin arxiv qovluğunda mövcuddur. O cümlədən, X5, X4, X6 və X2 adlarının qeyd olunduğu subyektlərin siyahısından çıxarışdan görünür ki, sonuncuların adları JN314A nömrəli KOD:40211018 nömrəli şəhadətnamə verilməsi üçün qeyd edilmişdir.

29. Mübahisələndirilən Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd edilmiş torpaq sahəsinin hansı subyektlərə verilməsi məsələsini həll edən və mülkiyyət hüququnun qeydə alınması üçün hüquqi əsas rolunu oynayan inzibati akt da Zaqatala rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 saylı qərarıdır.

30. Belə ki, həmin qərarın gündəliyində olan məsələlər üzrə 2-ci bənddə Azərbaycan Respublikası Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən hazırlanmış Yerquruluşu Baş Sxemləri vətəndaşların qanuni istifadəsində olan həyatyanı torpaq sahələrinin və vətəndaşların qanuni həyatyanı torpaq sahələrindən artıq faktiki istifadə etdikləri sahələrin 1:2000 miqyaslı sxematik planları təsdiq edilmişdir.

31. Bundan başqa, iddia tələbinin “həmin torpaq sahəsinin onların və ailə üzvlərinin həyətyanı torpaq sahəsi olaraq xüsusi mülkiyyət əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində onların adlarına xüsusi mülkiyyət hüquqi ilə qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, tələbin həmin hissəsinin mümkünsüzlüyü də, Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarının hüquqi qüvvəsinə bağlıdır. Yuxarıda qeyd edildiyi kimi, istinad olunan qərar əsasında mübahisəli torpaq sahəsinin ayrılması nəzərdə tutulan subyektlər siyahısı təsdiq olunduğundan, həmin siyahıda yalnız X5, X4, X6 və X2 adının qeyd edilməsi, həmin qərar ləğv olunmadan sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçılara məxsus olması barədə tələbə mahiyyəti üzrə baxıla bilməz.

32. Bundan əlavə, məhkəmə kolegiyası onu da qeyd edir ki, hazırki mübahisəni iddiaçı tərəfin apellyasiya şikayətində qeyd etdiyi kimi öhdəliyin icrası haqqında iddia növünə aid etmiş olsaq belə, bununla bağlı qeyd olunmalıdır ki, işdən görünür ki, JN314A nömrəli KOD:40211018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarına və subyektlər siyahısından çıxarışa uyğun tərtib olunmuşdur. Əgər şəhadətnamənin Aqrar İslahat Komissiyasının qərarına uyğun tərtib edilməməsi müəyyən edilərdisə iddianın digər mümkünlük şərtləri mövcud olduğu halda hazırki mübahisəyə mahiyyəti üzrə baxıla bilərdi. Göründüyü kimi, apellyasiya şikayətinin bu hissədə də dəlilləri əsassızdır. Belə olduğu təqdirdə məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin mümkün sayılmaması barədə qərardad qəbul edərkən birinci instansiya məhkəməsi hər bir halda düzgün nəticəyə gəlmişdir.

33. Məhkəmə kollegiyası əlavə olaraq apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır.

34. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı mübahisəyə münasibətdə aşağıda qeyd olunmuş səbəblərdən də iddiaçının belə bir hüququnun mövcudluğu işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunmur.

35. Belə ki, sözügedən şəhadətnamənin Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarı əsasında tərtib edilməsi məhkəmə tərəfindən işdə olan subyektlər siyahısı və həmin ünvana dair mötəbər sübutlar əsasında yoxlanılmış və müəyyən edilmişdir ki, həqiqətən də sözügedən ünvan üzrə təsərrüfat üzvləri- X5, X4, X6 və X2 Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarı ilə təsdiq edilmiş subyektlər siyahısında adları qeyd edilmiş şəxslər olmuş və Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarına istinad edilməklə ümumibirgə mülkiyyətçilər olan iddiaçının anası, qardaşı və qardaşının ailə üzvlərinin adları həmin şəhadətnaməyə daxil edilmişdir.

36. Bundan başqa, iddiaçı apellyasiya şikayətində israrla Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarını mübahisələndirmədiyini qeyd edir, həmçinin tərtib edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv olunmasını tələb edir, eyni zamanda iddiasında əsas kimi isə həmin şəxslərin adına digər şəhadətnamənin mövcud olmasını, torpaq islahatı zamanı isə hər ailəyə yalnız bir şəhadətnamə ilə müvafiq torpaq sahələrinin ayrılmasını göstərir.

37. Məhkəmə kollegiyası da bununla bağlı qeyd edir ki, belə olan halda, həmin şəxslərin adına olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin verilməsinə əsas olmuş Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarı qüvvədə olduğundan həmin qərar ləğv edilmədən onun əsasında verilmiş şəhadətnamədən əlavə üçüncü şəxslərə başqa bir torpaq sahəsinə dair müvafiq şəhadətnamənin verilməsi əsası ilə mübahisələndirilən şəhadətnamənin ləğvi məsələsinə (iddiaçının tələb etdiyi qaydada) mahiyyəti üzrə baxılması mümkün deyildir.

38. Daha sonra iddiaçı apelyasiya şikayətində iddianın təmin edilməsinə dair qərar çıxarılmasını xahiş edir.

39. Bununla bağlı isə qeyd olunmalıdır ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Həmçinin, nəzərə almaq lazımdır ki, iddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.

40. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-2146/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı

İddiaçı1 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 05 iyul 2024-cü il tarixli 2-1(116)-2146/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar