Məhkəmə qərarları › İş №2-1(107)-468/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-468/2020

16.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-468/2020 16.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Məmmədov Emin Nizami oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X3 rayon şöbəsinə qarşı “xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək “Müharibə veteranları” üçün nəzərdə tutulmuş müavinətin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-972/2020 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1974-cü ildə Mingəçevir şəhərində anadan olmuşdur. 1993-1997-cı illərdə Azərbaycan Respublikasının Milli Ordusunda xidmət etmişdir. xx.xx.2019-cu ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi şəxsi heyəti ona vəsiqə MV № 086921 Müharibə veteranı vəsiqəsi vermişdir. Adına “Müharibə Veteranı” vəsiqəsi verildikdən sonra cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət sosial X3 rayon şöbəsi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx xxxxx 2006-cı il tarixli 11/27-2 saylı və xx xxxxxx 2007-ci il tarixli 11/27-10 saylı təlimatı, Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə Veteranı”, “Silahlı Qüvvələr Veteranı” və “Əmək Veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnaməyə uyğun olaraq “Müharibə Veteranı” adı və müvafiq veteran vəsiqəsi güc strukturları (Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və s.) tərəfindən onların yaratdıqları müvafiq komissiyanın rəyinə əsasən verilir. O, müavinətin 2006-cı il tarixdən hesablanaraq verilməsinə dair ərizələr ilə cavabdeh orqana müraciət etsə də cavabdeh bundan imtina etmişdir. Cavabdehin etirazı: İddiaçı iddia tələbi əsassızdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. "Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinə əsasən müavinətlər ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün onu almaq hüququ yaranan gündən ödənilməklə təyin edilir. İddiaçı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin MV seriyalı 086921 nömrəli veteranlıq vəsiqəsi xx.xx.2019-cu il tarixdə verilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə Nazirlik yanında Dövlət Sosial X3 rayonuna sosial müavinət alınması üçün müracət etmişdir. Müraciət əsasında ona vəsiqənin verildiyi xx xxxxxx 2019-cu il tarixdən sosial müavinət təyin olunmuşdur. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı tələbinin təmin olunmasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxx 2020-ci il tarixli, 2-1(116)- 564/2020 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X3 rayon şöbəsinə qarşı "xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək "Müharibə Veteranları” üçün nəzərdə tutulmuş müavinətin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”barədə iddia tələbi barədə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçının apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, Sosial müavinətlər haqqında Qanunun 1.0.1-ci. sosial müavinətlər - bu Qanunla müəyyən edilmiş dada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən vəsaitidir. 3.1 -ei maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olnmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Veteranlar haqqında Qanunun 3-cü maddəsinin 3-cü abzasına əsasən. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. 7-ci, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və sənədləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir leqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. İteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Müharibə «veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında əsasnamənin 1-ci maddəsinin 11ci abzasına əsasən. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların –tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travına. jntuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında "Müharibə veteranı" adı verilir. Bütün bunlara baxmayaraq X4 Məhkəməsi 2-1 (84)-972/2020 saylı iş üzrə Dövlət Sosial X3 rayon şöbəsinə qarşı xx.xx.2006-cı ildən xx.xx.2019-cu ilədək ödənilməmiş müavinəti birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə tapşırılması tələbinə dair iddiasının təmin edilməməsi haqqında qərar vermişdir. Qeyd edilənlərə əsasən Şəki İnzibati Məhkəməsinin 2-1 (84)-972/2020 saylı iş üzrə qərarının ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2- 1(116)-972/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-972/2020 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir və həmin sənədlərin məzmununa istinad edilir: Onlara AZE seriyalı 0******* nömrəli X1 surəti, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli M/V seriyalı 086921 nömrəli veteran vəsiqəsinin təsdiqlənmiş surəti, DSMF-nin Ağdaş rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********0 nömrəli məktubu və xx xxx 2020-ci il tarixli **********7 nömrəli etirazı aiddir. Əsaslandırma hissəsi İddiaçının apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-972/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli M/V seriyalı 086921 nömrəli veteran vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, iddiaçıya müharibə veteranı vəsiqəsi xx.xx.2019-cu il tarixdə verilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası ilk öncə olaraq onu qeyd edir ki, iddiaçıya müharibə veteranı vəsiqəsinin verildiyi xx.xx.2019-cu il tarixdən etibarən “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli, 641 nömrəli Fərmanı ilə təsis edilən və müharibə veteranları üçün nəzərdə tutulan 80 manat məbləğində təqaüdün cavabdeh tərəfindən təyin olunmaqla ödənilməsi həyata keçirilir. Lakin hazırkı mübahisə isə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” 2019-cu il 15 aprel tarixli, 641 nömrəli Fərmanı qəbul olunanadək qanunvericilikdə müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin iddiaçıya əvvəlki üç il üzrə ödənilməsinin mümkünlüyü ilə bağlıdır. Birinci instansiya məhkəməsi bununla bağlı özünün hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixindən qüvvəyə minmiş qanunvericilikdəki yeni tənzimləmələrə görə müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, bununla da, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması yolverilməzdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən gəldiyi nəticə ilə razılaşır və belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin inzibati iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respubliası Prezidentinin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” 2019-cu il 15 aprel tarixli, 641 nömrəli Fərmanın 2.1.1-ci bəndinə əsasən, sözügedən təqaüd 2019-cu il 1 aprel tarixədək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. Azərbaycan Respubliası Prezidentinin “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli, 640 nömrəli Fərmanına əsasən, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli, 973 nömrəli Fərmanının, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Azərbaycan Respubliası Prezidentinin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” 2019-cu il 15 aprel tarixli, 641 nömrəli Fərmanının 3-cü bəndinə əsasən, bu Fərman 2019-cu il 1 aprel tarixdən tətbiq edilir. Beləliklə, 2019-cu il 1 aprel tarixdən qüvvəyə minmiş yeni hüquqi tənzimləmələrə görə, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması istisna edilir. Belə ki, qanunvericilikdə baş vermiş dəyişikliklərdən sonra 2019-cu il 1 aprel tarixdən əvvəl və sonra müharibə veteranı vəsiqəsi almış şəxslərə münasibətdə fərqli hüquqi vəziyyət yaranmış, müharibə veteranlarına ödəniləcək vəsaitin statusu, eləcə də həmin vəsaitlərin əvvəlki dövrlər üzrə ödənilməsinin mümkünlüyü ilə bağlı normayaradıcı tərəfindən yeni hüquq qaydası müəyyən edilmişdir. Buna uyğun olaraq, məhkəmə kollegiyası hesab edir ki, 2019-cu il 1 aprel tarixdən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Çünki təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı müddəa nəzərdə tutulmamışdır. 2019-cu il 1 aprel tarixdən əvvəl müharibə veteranı vəsiqəsi və statusu almış şəxslərə münasibətdə isə “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi tətbiq olunmaqla müavinətlər müharibə veteranı vəsiqəsinin alındığı gündən təyin edilməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələr aparılmalıdır. Yuxarıda sadalanan hüquq normalarını nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi iddianı təmin etməyərək müəyyən olunmuş faktiki hallara hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası iddiaçının nəzərinə çatdırır ki, belə olan vəziyyətdə iddiaçının tələbinin təmin edilməsi üçün heç bir hüquqi və faktiki əsas yoxdur. Belə ki, müraciət edilməzdən əvvəlki üç il üçün ödənilmə o halda tətbiq edilə bilər ki, şəxsə veteran vəsiqəsi xx xxxxx 2019-cu il tarixdən əvvəl verilsin. Belə ki, 2019-cu il 1 aprel tarixdən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Çünki təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı müddəa nəzərdə tutulmamışdır. 2019-cu il 1 aprel tarixdən əvvəl müharibə veteranı vəsiqəsi və statusu almış şəxslərə münasibətdə isə “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi tətbiq olunmaqla müavinətlər müharibə veteranı vəsiqəsinin alındığı gündən təyin edilməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələr aparılmalıdır. Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının 3.2-ci bəndinə əsasən, məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsi formalaşdırmaq vəzifəsinin və həmin vəzifənin icra olunması mexanizminin təsbit edilməsi qərara alınmışdır. Bununla bağlı qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx xxxx 2020-ci il tarixli, 2-1(102)-754/2020 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, apelyasiya şikayətinin dəlilləri isə əsaslı olmadığından təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, DSMF publik hüquqi şəxsin Ağdaş rayon filialı iddiaçıya müharibə veteranları üçün nəzərdə tutulmuş xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixinədək ödənilməmiş müavinətin birdəfəyə ödənilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və İPM-in 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-972/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar