Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-468/2023 28.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 21 iyun 2023-ci il tarixli, 2-1(116)-436/2023 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İşin qısa mahiyyəti ondan ibarətdir ki,iddiaçı xx.xx.1959-cu ildə Ağdam rayonunda anadan olmuşdur.xx.xx.1988-ci il tarixdən, xx.xx.2018-ci il tarixə kimi Ağdam rayonlar arası 2 saylı Psixatriya xəstəxanasında işləmişdir. xx.xx.2016-cı il tarixindən yaşa görə sosial müavinət ilə təyin edilmiş, xx.xx.2022-ci il tarixdən 180 manata çatdırılmışdır. Lakin həmin sosial müavinətlə razı olmamışdır. Yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar cavabdehə müraciət etmişdir.Bununla bağlı cavabdeh tərəfindən ona xx.xx.2022ci il tarixində məktub ünvanlanaraq tələbinin təmin olunmasından imtina etmişdir.
3. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, xidməti yoxlama zamanı müəyyən edilmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən onun 9 il 5 ay sığorta stajı vardır. Həmçinin bildirilmişdir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı qeydə 5.340.01 manat təşkil edir ki, pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 34.560,00 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmin qanunun 22-1.5-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Oanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. Bildiririk ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun ‘ 2-ci maddəsinə əsasən xx.xx.2016-cı il tarixindən yaşa görə sosial müavinət təyin edilmiş xx.xx.2022-ci il tarlxindən 180 manata çatdırılmışdır. Qeyd olunanları nəzərə alınaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulan az olduğu üçün iddiaçıya əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımdan mümkün hesab edilmir.
4. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
5. Cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 21 iyun 2023-ci il tarixli, 2- 1(116)-436/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
7. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
8. Cavabdeh inzibati orqan apellyasiya şikayətini iddia ərizəsinə etirazın dəlilləri ilə əsaslandırmış, apellyasiya şikayətinin təmin olunmasını, Şəki İnzibati Məhkəməsini 21 iyun 2023-ci il tarixli, 2-1(116)-436/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 21 iyun 2023-ci il tarixli, 2-1(116)-436/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 21 iyun 2023-ci il tarixli, 2-1(116)- 436/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
11. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - İddiaçıya məxsus xx.xx.2022-ci il tarixli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1988-ci il tarixindən xx.xx.2018-cı il tarixinədək Ağdam Rayonlararası 2 saylı Psixatriya Xəstəxanasında işləmişdir. - Ağdam Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Ağdam Rayonlar arası 2 saylı Psixatriya Xəstəxanasının sənədləri arxivdə saxlanılmır. - Ağdam Rayonlar arası 2 saylı Psixatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli 16 nömrəli məktubundan görünür ki, iddiaçı 1988-ci il tarixdən 2017-ci il tarixədək Ağdam Rayonlar arası 2 saylı Psixatriya Xəstəxanasında işləmişdir. 1988-ci il tarixdən 1993-cü ilə qədər olan əmək haqqı cədvəli işğal zamanı orada qaldığı üçün bu barədə məlumat yoxdur.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
13. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır.
15. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun: 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 23.1-ci maddəsinə əsasən vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. 23.2-ci maddəsi ilə isə müəyyən edilmişdir ki, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.
16. “Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 1-ci və 2-ci abzaslarına əsasən məhkəmə şikayətə baxılmasının nəticələri barədə qətnamə çıxarır. Məhkəmə şikayətin əsaslı olduğunu müəyyənləşdirdikdə şikayət edilən qərarları və hərəkətləri qanunsuz hesab edir, vətəndaşlar barəsində tətbiq edilən məsuliyyət tədbirlərini ləğv edir, onların pozulmuş hüquq və azadlıqlarını bərpa edir, habelə dövlət orqanlarının və yerli özünüidarə orqanlarının müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin vətəndaşların hüquq və azadlıqlarını pozan qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə bağlı onların məsuliyyətini müəyyənləşdirir.
17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
18. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 21 iyun 2023-ci il tarixli, 2-1(116)-436/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
19. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
20. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.
21. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır.
23. Məhkəmə kollegiyası ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
24. “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 10·may 1994-cü il tarixli,181 nömrəli qərarında deyilir: Məcburi köçkünlərin müvəqqəti məskunlaşmış olduqları şəhər və rayon icra hakimiyyətləri işlə təmin edilmiş köçkünlərə əmək haqlarının verilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına lazımi köməklik göstərsinlər. Maliyyə Nazirliyi və müvafiq icra hakimiyyəti orqanları büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlarda işləmiş, lakin özlərindən asılı olmayan səbəblərə görə işlə təmin edilməmiş məcburi köçkünlərə 2017-ci il yanvarın 1-dək orta əmək haqlarının verilməsini təmin etsinlər.
25. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, kollegiya tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, iddiaçının həmin dövrlərdəki əmək fəaliyyəti əmək kitabçası ilə təsdiq olunur. İddiaçının əmək kitabçasında bununla bağlı aparılmış qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı bir dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamış və həmin qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə icraatının gedişində də belə hallar müəyyən edilməmişdir.
26. Belə ki,sözügedən müəssisənin sənədləri arxivdə saxlanılmadığından cavabdeh əmək kitabçasında olan qeydlərin mötəbərliyini qəbul etməmişdir. İddiaçıya məxsus əmək kitabçasının 2-ci 3-cü səhifələrindən görünür ki,o, xx.xx.1988-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Ağdam Rayonlar arası 2 saylı Psixatriya Xəstəxanasında işləmişdir. Göstərilən qeyd həmin müəssisənin möhürü və direktorunun imzası ilə öz təsdiqini tapmışdır. Həmçinin,iddiaçının iş yeri üzrə verilmiş məlumatdan müəyyən olunur ki, İddiaçı 1993-cü ildən xx.xx.2016-cı il tarixədək “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli,181 nömrəli qərarına əsasən “dondurulmuş” əmək haqqı almışdır.Digər tərəfdən iddiaçının işlədiyi Ağdam Rayonlar arası 2 saylı Psixatriya Xəstəxanasının arxiv sənədlərinin Ağdam rayonun işğalı zamanı gətirilə bilməməsi səbəbindən işə daxilolma əmri,eləcədə müəssisəyə aid sənədlər təqdim oluna bilməmişdir.
27. İddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Bu mənada “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir. Həmin Qanunun 46.3cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
28. Cavabdeh isə iddiaçının iş stajını təsdiq edən əlavə sübutlar tələb edərək, qeyd olunan normanın tələbini pozmuşdur.
29. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.2.1-ci maddəsində "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək, yəni xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyi, xx.xx.2006-cı il tarixdən sonrakı dövr üçün isə sosial sığorta stajının sığortaolunanın fərdi uçot məlumatları əsasında, yəni yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə sosial sığorta stajına daxil edilməsinin mümkünlüyü təsbit edilmişdir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)- 1037/2021 nömrəli qərarında əks olunan hüquqi mövqe).
30. Qeyd olunmalıdır ki, inzibati orqanın verilmiş səlahiyyətlər çərçivəsində sosial sığorta haqlarının ödənilməsini təmin etməli olduğu halda, bu vəzifəsini icra etməməsi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların işlədiyi müddətin iş stajı kimi nəzərə alınmasından imtina və sosial sığorta olunan şəxsin pensiya hüququndan məhrum edilməsi üçün əsas hesab edilə bilməz.
31. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, arxiv sənədlərinə və iddiaçının əmək kitabçasına əsasən iddiaçının 25 ildən artıq sığorta stajı olduğu təsdiq olunduğundan iddia tələbi təmin edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 1 iyul 2021-ci ildən 30 iyun 2022-ci il tarixədək qadınlar üzrə pensiya yaşı 62 il 06 ay olmuşdur. İddiaçı xx.xx.1959-cu il doğumlu olduğundan onun yaşa görə əmək pensiyası hüququ xx.xx.2022-ci il tarixindən yaranmışdır.
32. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olur ki, iddiaçının hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət tələbinə münasibətdə cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla, iddiaçının hüquqlarını pozmuşdur. İddiaçı ona münasibətdə əmək pensiyasının təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab verir. Cavabdehin imtinası əsassızdır.
33. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilən işin hallarını, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alan kollegiyanın qənaətinə görə cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.
34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
35. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 21 iyun 2023-ci il tarixli, 2-1(116)-436/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.