Məhkəmə qərarları › İş №2-1(107)-469/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-469/2020

20.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-469/2020 20.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)- 985/2020 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı 1986-1988-ci ildə Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmişdir. xx.xx.N3-cü ildə könüllü olaraq cəbhə bölgəsinə yollanmış və N və N nömrəli hərbi hissələrdə xidmət etmişdir. O, müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi xx.xx.2019-cu il tarixli məktubla bildirmişdir ki, xidməti araşdırmaq və müsbət qərar qəbul etmək mümkün olmadığı üçün müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Buna görə Şəki İnzibati Məhkəməsinə müraciət etməyi uyğun görülmüşdür. Halbuki N və N nömrəli hərbi hissələrdə döyüş əməliyyatlarında iştirak etmiş, hərbi hissədə olmuşa, özü erməni quldurlarına qarşı döyüşlərdə iştirak etmişdir. Fərari deyil və heç bir məhkumluğu yoxdur. Cavabdehin etirazının dəlilləri: Ərizəçinin hərbi xidmət keçməsini sübut edən məlumat mövcud olmadığından “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi tələbinə dair iddia tələbi təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinin 1-ci bəndinin 11ci yarımbəndinə əsasən “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi AR Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. N1-ci il oktyabrın 9-dan N4-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili işlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarə etmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. İddiaçı ərizəsində milli orduda xidmət keçməsinə dair dəqiq məlumatları göstərməklə Müdafiə Nazirliyinin Arxivinə müraciət etmiş və Arxiv idarəsindən verilən xx.xx.2019-cu il tarixli 9/2-16844 nömrəli məktubda cavab olaraq bildirilmişdir ki, N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli 102 №-li əmrində (əsas: §9, səh.-5, sıra-6; qeyd: əmrdə atasının adı “Səlim” yazılmışdır) xx.xx.N3-cü il tarixdən İddiaçı Səlim oğlunun hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilərək, əsgərin xidməti vəzifəsinin icrasına başlaması barədə məlumat vardır. Hərbi xidmətini davam etdirmək üçün sıravi X1 N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli 163 №-li əmrilə (əsas: §9, səh.-28, sıra25; qeyd: əmrdə adı "Şəfəyət" yazılmışdır) xx.xx.N3-cü il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq, N №-li hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. Hərbi hissəni özbaşına tərk etmiş, Qax RHK-dan çağırılmış, 1969-cu il təvəllüdlü, atıcı, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx xxxx N4-cü il tarixli 188 №-li əmrilə (əsas: səh.-18, §1, sıra-12; qeyd: əmrdə təvəllüdü: 1969-cu il yazılmışdır) ştatdan kənar edilmişdir. N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: kitab: xx.xx.N6-cı il tarixli; səh.-16, sıra-39; qeyd: məlumatda təvəllüdü: 1969-cu il yazılmışdır) Qax RHK-dan çağırılmış, 1969-cu il təvəllüdlü İddiaçı Müdafiə nazirinin xx.xx.N6-cı il tarixli müvafiq əmrinə əsasən, komandirin xx.xx.N6-cı il tarixli 30 №-li əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. Qeyd edirik ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N6-cı il tarixli 30 nömrəli əmrində İddiaçı odlunun xidməti barədə məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2018-ci il tarixli 422 saylı Qərarına əsasən - “Müharibə veteram” adı və vəsiqəsini verilməsi üçün zəruri olan (hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları, döyüşlərdə iştirakı sübut edən) sənədlər təqdim olunmalıdır. Yuxarıda qeyd olunmuş Qərara dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 422 №-li Qərarına əsasən “... Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmətkeçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)’’ sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. Belə ki, iddiaçı birinci instansiya məhkəməsinə təqdim etdiyi sənədlərdən görünür ki, iddiaçının ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılması barədə heç bir təsdiqedici sənədi yoxdur. Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibai-İqtisadi kolleqiyasının xx xxxx 2018-ci il tarixli 2-1 (102)-1224/18 nömrəli iş üzrə Qərarındada göstərilmişdir ki, “Normanın məzmununda aşkar olaraq göstərilir ki, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq orqan tərəfindən verilir. İddiaçının hal hazırda hərbi xidmət keçdiyinə (qulluq etdiyinə) və ya hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada ehtiyata və istefaya buraxıldığına dair sübut yoxdur.” Eyni qaydada birinci instansiya məhkəməsinə təqdim olunan sənədlərdən müəyyən olunur ki, İddiaçı hərbi hissəni özbaşına tərk etməsi barədə məlumat vardır. Azərbaycan Respublikası Milli Məclisin xx.xx.N7-ci il tarixli, 383-İ QR Qərarın 9cu bəndinə əsasən: "... Qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır.” Həmin Qərarda göstərilmişdir ki, ... törətdikləri cinayətlərə dair təhqiqat və istintaq edilən bütün işlərin və məhkəmələr tərəfindən baxılmamış işlərin icraatına xitam verilsin, materiallar üzrə isə cinayət işlərinin başlanması rədd edilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 216 №-li qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə olunmuş qeydində göstərilib ki, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət verini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “Müharibə veteranı”adı verilə bilməz. Beləliklə, iddiaçının İPM-nin 33.1-ci maddəsindən irəli gələn hazırkı məzmunda tələb hüququ yoxdur.” Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1,47.2-ci maddələrini rəhbər tutaraq, məhkəmədənİddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsini xahiş edirik. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı tələbini müdafiə edib təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2020-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hərbi hissəni özbaşına tərk etdiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi mümkün olmamışdır. İş materiallarında olan Müdafiə Nazirliyi İşlər X2 xx.xx.2019cu il tarixli Arxiv Arayışından görünür ki, iddiaçı hərbi hissəni özbaşına tərk etmiş, Qax RHK-dan çağırılmış, 1969-cu il təvəllüdlü, atıcı, sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin xx xxxx N4-cü il tarixli 188 nömrəli ştatdan kənar edilmişdir. İş materiallarında olan Qarabağ Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı barəsində Qarabağ hərbi prokurorluğunda cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır. İş materiallarında olan Füzuli Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı barəsində Füzuli hərbi prokurorluğunda cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxx 2020-ci il tarixli 2- 1(116)-985/2020 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-985/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, o, 1986-1988-ci illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmət keçmişdir. xx.xx.N3-cü ildə könüllü olaraq cəbhə bölgəsinə yolanmış, N və N saylı hərbi hissələrdə xidmət etmişdir. O, "Müharibə veteranı adı və vəsiqəsi" verilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etdi. Nazirlik xx.xx.2019-cu il tarixli məktubla bildirmişdir ki, xidməti araşdırmaq və müsbət qərar qəbul etmək mümkün olmdığı üçün müharibə veteranı adı və vəsiqəsi verlməsi məqsədəuyğun deyildir. Ona görə də o, Şəki İnzibati Məhkəməsinə müraciət etdi.Şəki İnzibati Məhkəməsinin 2-1(116)-985/2020 saylı qərarına əsasən tələbi təmin edilməmişdir. Ona görə də həmin qərardan apellyasiya şikayəti vermək məcburiyyətində qalmışdır. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-985/2020 saylı qərarı ləğv edilərək iddia təmin edilməlidir. Müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar Nazirlikləri, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onlarm yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Göründüyü kimi bütün bu hallar mənim hərbi biletimdə öz əksini tapsa da Şəki İnzibati Məhkəməsi tərəfindən sübutlara qiymət verilməyərək iddiam təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən müvafiq qaydada araşdırılmalıdır. Belə ki, "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə digər kateqoriya şəxslərlə yanaşı Azərbycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Yuxarıda qeyd etdiklərimi və Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinin tələblərini rəhbər tutaraq Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-985/2020 nömrəli qərarı əsassız olduğu üçün ləğv edilməsini xahiş etdi. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-985/2020 nömrəli iş üzrə qərarını ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyin nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-985/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi dəlilləri ilə razılaşmır. Çünki o, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İş materiallarında olan Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2020-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hərbi hissəni özbaşına tərk etdiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi mümkün olmamışdır. İş materiallarında olan Müdafiə Nazirliyi İşlər X2 xx.xx.2019cu il tarixli Arxiv Arayışından görünür ki, iddiaçı hərbi hissəni özbaşına tərk etmiş, Qax RHK-dan çağırılmış, 1969-cu il təvəllüdlü, atıcı, sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin xx xxxx N4-cü il tarixli 188 nömrəli ştatdan kənar edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə sübut aşkar olunmamışdır. Belə olan halda həmin şəxs veteran adını daşımaq hüququna malik deyildir. Belə ki, Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu normanın tələbləri baxımından iddiaçı müharibə veteranı statusunu almaq üçün hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu sübut etməlidir. Çünki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (x xxxxxxx N7-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri “hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətinin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması və siyahılardan çıxarılması barədə sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-985/2020saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar