Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-47/2022 06.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 14 saylı regional ərazi filialına qarşı “cavabdehin 12.03.2021-ci il tarixli **********6 nömrəli artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması haqqında qərarının ləğv olunması” tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2-1(116)-824/2021 nömrəli qərarından İddiaçı vermiş olduğu apellyasiya şikayətinə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin 12.03.2021-ci il tarixli **********6 nömrəli artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması haqqında qərarının ləğv olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçıya AR ƏƏSMN Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən 25.06.2018-ci il tarixdə ümumi xəstəlik səbəbindən üçüncü dərəcəli əlillik təyin edilmişdir. Daha sonra bir müddət əlillik dayandırılmış, lakin yenidən qiymətləndirmə zamanı 04.03.2020-ci il tarixdən, yenidən 5 illik müddətə iddiaçıya üçüncü dərəcəli əlillik təyin olunmuşdur. 2021-ci ilin mart ayından etibarən iddiaçıya təyin olunmuş pensiya dayandırılmışdır. Bununla bağlı iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, ilk öncə ona daxili araşdırma aparıldığı bildirilmiş, sonra isə təyin olunmuş əlilliyin etibarsız hesab olunduğu bildirilmişdir. İddiaçı bunun səbəbini araşdırdığı zaman müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən 12.03.2021-ci il tarixli **********6 №-li qərar qəbul edilmiş və həmin qərar əsasında iddiaçıdan 25.06.2018-ci il tarixdən 30.06.2019-cu il tarixə və 01.04.2020-ci il tarixdən 30.06.2020-ci ilə qədər 10.125,89 manat artıq ödənilmiş pensiya məbləğinin 10 gün müddətində cavabdehə ödənilməsi qərara alınmışdır. Aşağıdakı əsaslara görə iddiaçı hesab edir ki, cavabdehin qəbul etdiyi qərar qanunsuz və əsassız olduğundan ləğv olunmalıdır. Mübahisə predmeti olan qərara nəzər yetirdikdə aydın olur ki, həmin qərar cavabdehin iddia etdiyi kimi artıq ödənilmiş pensiyanın geri tələb olunması ilə bağlıdır. Lakin artıq ödənilmiş pensiyanın geri tələb edilməsi qaydası “İnzibati icraat haqqında” AR Qanunu ilə deyil, “Əmək pensiyaları haqqında” AR Qanunu ilə tənzimlənir. Həmin Qanunun 39-cu maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısının ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasının əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi qanunvericiliyə əsasən dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Cavabdeh inzibati orqan asan yola baş vuraraq özü inzibati qaydada qərarla məsələni həll etmək istəmişdir. Cavabdehin 07.06.2021-ci il tarixli **********8 nömrəli etirazında qeyd edilmişdir ki, iddiaçının iddia tələbi tam əsassızdır və məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, Fondun Qəbələ rayon şöbəsinin 06.07.2018-ci il tarixli 147 nömrəli qərarı əsasında iddiaçıya 25.06.2018-ci il tarixdən 30.06.2023-cü il tarixədək 639,28 manat məbləğində İİİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Lakin şöbənin İddiaçı ünvanlanan 01.11.2019-cu il tarixli **********8 nömrəli məktubunda bildirilmişdir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən onun əlilliyinin etibarsız olmasına dair TSERAS-da məlumat yerləşdirilmişdir. Həmin məlumata əsasən, İddiaçı əlilliyinin qeyriqanuni olduğu müəyyən edilmiş və ona pensiyanın ödənilməsi 01 iyul 2019-cu il tarixdən dayandırılmışdır. Pensiyanın təyin olunduğu 25.06.2018-ci il tarixdən 30.06.2019-cu il tarixədək ümumilikdə əsassız olaraq 7.914,30 manat məbləğdə vəsait ödənilmişdir. İddiaçı 04.03.2020-ci il tarixdə yenidən müayinədən keçmiş və ona 5 illik müddətə, yəni 04.03.2025-ci il tarixədək İİİ dərəcə əlillik təyin olunmuşdur. Fondun Qəbələ rayon şöbəsinin sərəncamı əsasında 04.03.2020-ci il tarixdən pensiyanın aylıq məbləği 712,67 manat müəyyən edilməklə həmin məbləğdən ayda 142,53 manatla tutulma aparılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 39.1-ci maddəsinə uyğun olaraq artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Sözügedən Qanunun 39.2-ci maddəsinə əsasən bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, əmək pensiyaçısına ödənilməli olan məbləğin 20 faizindən artıq ola bilməz. Eyni zamanda Qanunun 39.4-cü maddəsinin tələbinə uyğun olaraq borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi qanunvericiliyə əsasən dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. N.Ə.X3 rayon şöbəsinə ünvanladığı 14.04.2020-ci il tarixli ərizəsində 25.06.2018-ci il tarixdən 30.06.2019-cu il tarixədək olan dövrdə əsassız olaraq aldığı 7.914,30 manat pensiya məbləğini hər ay ödənilməli olan əlilliyə görə əmək pensiyası məbləğindən 20% hesabı ilə hissə-hissə tutulmasını xahiş etmişdir. Fondun 14 saylı regional ərazi filialının 12.03.2021-ci il tarixli **********6 nömrəli “artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması haqqında” qərarına əsasən müəyyən edilmişdir ki, İddiaçı 25.06.2018-ci il tarixdən 30.06.2019cu il tarixədək və 01.04.2020-ci il tarixdən 30.06.2020-ci il tarixədək olmaqla, ümumilikdə 10.125,89 manat məbləğində İİİ dərəcə əlilliyə görə əmək pensiyası artıq ödənilmişdir. Belə ki, AR ƏƏSMN Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı 25.06.2018-ci il tarixdə və 04.03.2020-ci il tarixdə təyin edilmiş əlillik dərəcəsinin etibarsız olması barədə TSERAS-da məlumat yerləşdirildiyindən təyin edilmiş əlilliyə görə əmək pensiyasının ödənişi dayandırılmışdır. İddiaçı təyin olunmuş əlillik təyin olunduğu tarixdən etibarsız hesab olunduğundan, pensiya alt sisteminin təqdim etdiyi məlumatlara əsasən 25.06.2018-ci il tarixdən 30.06.2019-cu il tarixədək və 01.04.2020-ci il tarixdən 30.06.2020-ci il tarixədək olan dövr üzrə heç bir əsas olmadan ödənilmiş 10.125,89 manat məbləğin geri tələb edilməsi zərurəti ortaya çıxmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. İnzibati orqan İddiaçı ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab etmiş və bunu Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirmişdir. Beləliklə, filial İddiaçı 25.06.2018-ci il tarixdən 30.06.2019-cu il tarixədək və 01.04.2020-ci il tarixdən 30.06.2020-ci il tarixədək olan dövr üzrə heç bir əsas olmadan ödənilmiş 10.125,89 manat məbləğin geri qaytarılması barədə qərar qəbul etmişdir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdehin müvafiq qərarı qanunauyğun olmuşdur. İddiaçı, iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkilinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi və vəkili məhkəmənin elektron sisteminə şəxsi kabinet vasitəsilə daxil etdiyi ərizəsində onların iştirakı olmadan işə baxıb iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçı, iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkilinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etirazına uyğun izahat vermiş və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon şöbəsinin 06.07.2018-ci il tarixli, 147 nömrəli qərarından görünür ki, həmin qərarla iddiaçıya 3-cü qrup əlilliyə görə 25.06.2018-ci il tarixdən 30.06.2023-cü il tarixədək 639,28 manat pensiya təyin edilmişdir. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon şöbəsinin iddiaçıya ünvanladığı 01.11.2019-cu il tarixli, **********8 nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, Nazirlik tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfındən iddiaçının əlilliyinin etibarsız edilməsinə dair Tibbi-Sosial Ekspertiza və X1 (TSERAS) məlumat yerləşdirilmişdir. Həmin məlumata əsasən, iddiaçının əlilliyinin qeyri-qanuni olduğu müəyyən edilmiş və ona pensiyanın ödənilməsi 01 iyul 2019-cu il tarixdən dayandırılmışdır. Pensiyanın təyin olunduğu 25.06.2018-ci il tarixdən 30.06.2019-cu il tarixədək ona ümumilikdə qanunsuz olaraq 7.914,30 manat (yeddi min doqquz yüz on dörd manat otuz qəbik) məbləğində vasait ödənilmişdir. Qeyd olunan vəsaitin qısa müddət ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilməsi iddiaçıdan xahiş olunmuşdur. İşə cavabdeh tərəfindən təqdim edilmiş Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon şöbəsinin 04.03.2020-ci il tarixli, 147 nömrəli qərarına əsasən müəyyən edilmişdir ki, iddiaçıya təkrarən 04.03.2020-ci il tarixdən 04.03.2025-ci il tarixədək 712,67 manat məbləğdə pensiya təyin edilmişdir. Daha sonra iddiaçının Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon şöbəsinə ünvanladığı 14.04.2020-ci il tarixli ərizədə o, 25.06.2018-ci il tarixdən 30.06.2019-cu il tarixədək olan dövrdə qanunsuz aldığı 7.914,30 manat pensiya məbləğini hər ay ona ödənilməli olan əlilliyə görə pensiya məbləğindən 20 faiz hesabı ilə hissə-hissə tutulmasını xahiş etmişdir. İş materiallarında olan iddiaçının pensiya işinə əlavə edilmiş cavabdehin sərəncamına əsasən müəyyən edilmişdir ki, həmin sərəncamla iddiaçıya 25.06.2018-ci il tarixdən 30.06.2019-cu il tarixədək artıq ödənilmiş 7.914,30 manat məbləğin pensiyadan tutularaq bərpa edilməsi, 04.03.2020-ci il tarixdən pensiyanın aylıq məbləği 712,67 manat müəyyən edilməklə həmin məbləğdən ayda 142,53 manat tutulma aparılması üçün göstəriş verilmişdir. Göründüyü kimi, iddiaçı artıq ilk dəfə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən onun əlilliyinin etibarsız edilməsinə dair Tibbi-Sosial Ekspertiza və X1 (TSERAS) məlumat yerləşdirilməsindən sonra cavabdehə ərizə təqdim etməklə, faktiki olaraq 25.06.2018-ci il tarixdən 30.06.2019-cu il tarixədək ona ödənilmiş 7.914,30 manat məbləğdə pensiyanın əsassız olmasını və qanunsuz şəkildə ödənilməsini qəbul etmiş, öz aktiv hərəkətləri ilə ərizə təqdim edərək, ona yenidən təyin olunmuş əmək pensiyasından müvafiq tutmaların aparılmasına razılıq verməklə cavabdehin hərəkətlərinin qanuniliyini qəbul etmişdir. X4-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müvafiq qərarı iddiaçı tərəfindən mübahisələndirilməmişdir. İş materiallarında olan cavabdehin iddiaçıya ünvanladığı 12.03.2021-ci il tarixli **********6 nömrəli məktubunda qeyd edilir ki, Nazirlik tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfındən iddiaçının əlilliyinin etibarsız edilməsinə dair Tibbi-Sosial Ekspertiza və X1 (TSERAS) məlumat yerləşdirilmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 12 oktyabr 2021-ci il tarixli, 2-1(116)-824/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandıraraq, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2-1(116)-824/2021 saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X5 oğlu apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır. İddia mübahisələndirmə haqqında iddia növünə aiddır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə doğru olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə sorğular əsasında toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2-1(116)-824/2021 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticənin əsası kimi “İnzibati icraat haqqında” Qanunun 57.1-ci,57.3-cü,57.5-ci maddələrinə, həmçinin həmin Qanunun 82.1-ci, 82.2-ci və 82.3-cü maddələrinə istinad etmişdir. Lakin məhkəməi “İnzibati icraat haqqında” Qanunun qeyd olunan maddələrinin hazırkı mübahisəyə tətbiqini zəruri edən şərtləri qərarında göstərməmişdir. “İnzibati icraat haqqında” Qanunun 57.1-ci, 57.2-ci, 57.5-ci,82.1-ci, 82.2-ci və 82.3-cü maddələrinə istinad edən birinci instansiyası məhkəməsi həmin normalara hazırkı mübahisənin məqsədləri üçün o halda istinad edə bilərdi ki, iddiaçı inzibati orqan hazırkı tələbində nəzərdə tutulan pul məbləğinin (artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin) məhkəmədənkənar qaydada tutulması barədə inzibati akt qəbul etmək səlahiyyətinə malik olsun. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, şəxsə əsassız ödənilmiş pensiya məbləğinin qaytarılması ilə bağlı məsələ cavabdehin özü tərəfindən həll edilməli olan məsələ olduğu üçün cavabdeh göstərilən məbləğin iddiaçıdan tutulmasına dair qərar qəbul etmişdir ki, pul tələbinin ödənilməsi ilə bağlı olan belə qərar "İnzibati icraat haqqında" Qanunun mənası baxımından inzibati aktdır, ünvanlandığı şəxslər üçün məcburi xarakter daşıyır və icra olunmalıdır. Qəbul edilmiş pul tələbinin ödənilməsi ilə bağlı həmin inzibati akt isə həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən qəbul edilən tələbin icraya yönəldilməsi haqqında qərarla icraya yönəldilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsi aşkar olaraq tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir,lakin razılığı olmadıgı halda məhkəmə qaydasında tutulur. Hazırkı halda, belə razılıq olmadığından, iddiaçı hazırkı məzmunda inzibati orqanın pul tələbinin icraya yönəldilməsi barədə 12.03.2021-ci il tarixli **********6 nömrəli qərarın ləgv edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Bununla baglı, ”İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Plenumunun qərarında qeyd edilmişdir ki,... Ayrı-ayrı müstəsna hallarda dövlət, bələdiyyə və ya ümumi hüququn başqa subyektləri publik hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək üçün məhkəmə qərarının qəbul edilməsini tələb edə bilərlər. Məhkəmələr nəzərə almalıdırlar ki, dövlət, bələdiyyə və ya ümumi hüququn başqa subyektləri tərəfindən belə bir tələblə məhkəməyə müraciət olunması yalnız qanunvericilikdə birbaşa təsbit olunmuş müstəsna hallarda yolveriləndir. Məhkəmələrin dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektin xeyrinə baxacağı işlər həm pul tələblərinin ödənilməsinə dair, həm də borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddialar ola bilər. Məsələn, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən qaldırılmış iddiada məhkəmə cavabdehdən dövlətin xeyrinə artıq ödənilmiş pensiya ilə əlaqədar müəyyən pul məbləğinin tutulmasına dair qərar çıxara bilər. Beləliklə, İPM-in 118-ci maddəsində təsbit edilmiş dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektlərinin xeyrinə icra sözügedən subyektlərin xeyrinə çıxarılmış həm pul tələblərinin icra edilməsi ilə bağlı olan, həm də borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən məhkəmə qərarlarının icrasına dair məsələlərin tənzimlənməsinə yönəlmişdir. Dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektlərinin xeyrinə icra həyata keçirilməli olduğu hallarda İPM-in 118.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi qismində işə baxan hakim və ya məhkəmə icra orqanı sayılır. İPM-in 118.3- 118.5-ci maddələrinə görə hakim icranın və ya ayrı-ayrı icra hərəkətlərinin həyata keçirilməsi məqsədilə, icra orqanı qismində müvafiq inzibati orqanı və ya məhkəmə icraçısını cəlb edə bilər. İcra ilə bağlı borcluya tətbiq edilməli olan mümkün məcburi icra tədbirləri yalnız hakim tərəfindən müəyyən edilir. Hakim icranın məcburi qaydada həyata keçirilməsinə nəzarət etməlidir.Pul tələblərinin icra edilməli olduğu hallarda icra orqanı qismində çıxış edən hakim İPM-in 79.2 və 118-ci, “İnzibati icraat haqqında” Qanunun 82-ci və “İcra haqqında” Qanunun 8-ci maddələrinə əsasən əvvəlcə məhkəmənin qanuni qüvvəyə minmiş qərarını borcluya göndərərək xəbərdarlığın alındığı (elan olunduğu) gündən sonrakı 10 (on) gün müddətində könüllü icranı təmin etmək barədə xəbərdarlıq etməlidir. Xəbərdarlıq müddəti ərzində borclu könüllü olaraq ödəməni həyata keçirmədikdə məhkəmə tərəfindən icra sənədi qanunla nəzərdə tutulmuş qaydada icraya yönəldilməklə müvafiq İcra qurumuna göndərilməlidir. İcra sənədi qanunvericiliyin tələblərinə uyğun verilmişdirsə, icra məmuru icra sənədini məhkəmədən qəbul etməli, icraata başlamalı və pul tələblərinin ödənilməsini təmin etməklə bağlı “İcra haqqında” Qanunda nəzərdə tutulmuş qaydada icra hərəkətlərini həyata keçirməlidir. Bundan sonra isə icra məmuru həyata keçirdiyi icra hərəkətləri və icranın vəziyyəti barədə icra sənədini vermiş məhkəməyə məlumat təqdim etməlidir. İcra məmurunun belə məlumat vermək borcu, o cümlədən məhkəmənin icranın lazımi qaydada həyata keçirilməsinə nəzarət etmək vəzifəsi “İcra haqqında” Qanunun 26-cı və İPM-in 118.5-ci maddələrinin müddəalarından irəli gəlir. Həmin normalara görə icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Hakim icranın məcburi qaydada həyata keçirilməsinə nəzarət etməlidi. Məhkəmə kollegiyası cavabdeh orqanın iddiaçı tərəfindən artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması haqqında ərizə vərərək razılığın bilməsi dəlilinə qiymət verərək qeyd edir ki, iddiaçı artıq ödənilmiş pensiyanın hər ay 20% olmaqla tutulmasına dair 14 aprel 2020-ci ildə ərizə versə də, ona dəfələrlə borcun ödənilməsi barədə bildiriş göndərilmiş, lakin o, borcun ödənilməsindən imtina etmiş, cavabdeh orqanın qəbul etdiyi 12.03.2021-ci il tarixli **********6 nömrəli qərarını icra etməyərək məhkəmə qaydasında mübahisələndirərək məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Odur ki, onun ərizəsi artıq ödənilmiş əmək pensiyasının geri qaytarılmasına dair razılığı kimi qəbul edilə bilməz. Belə olan halda işə mübahisəyə məhkəmə qaydasında baxılmalı və müvafiq qərar qəbul edilməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2-1(116)- 824/2021 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməli, İddiaçı barəsində cavabdehin 12.03.2021-ci il tarixli **********6 nömrəli qərarı qanunsuz hesab edilərək ləğv edilməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2-1(116)-824/2021 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı barəsində cavabdeh orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 14 saylı regional ərazi filialının 12.03.2021-ci il tarixli **********6 nömrəli qərarı qanunsuz hesab edilərək ləğv edilsin. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-47/2022
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-47/2022
06.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver