Məhkəmə qərarları › İş №2-1(107)-47/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-47/2024

16.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-47/2024 16.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavadehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon Şöbəsinə qarşı “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon Şöbəsinin xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş oğlu X2 şəhidlik statusunun verilməsinin mümkün olmaması barədə arayışın əsassız hesab edilməsi və X3 şəhid statusunun və şəhidin ailə üzvlərinə şəhidin ailə üzvü statusu verilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli 2-1(116)-1349/2023 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon Şöbəsinin xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş oğlu X2 şəhidlik statusunun verilməsinin mümkün olmaması barədə arayışın əsassız hesab edilməsi və X3 şəhid statusunun və şəhidin ailə üzvlərinə şəhidin ailə üzvü statusu verilməsi barədə qərar qəbul edilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, oğlu X10 xx.xx.1997-ci il tarixdə Göyçay RHK tərəfindən həqiqi hərbi xidmətə çağrılmış və Beyləqan rayonunda erməni qoşunları ilə üzbəüz, N saylı hərbi hissədə 4-cü motoatıcı hissədə pülemyotçu kimi xidmət keçmişdir. Hərbi hissədə xidmət keçərkən və xidməti vəzifələrini yerinə yetirərkən xx.xx.1997-ci il tarixdə həlak olmuş və Göyçay rayon Şəhidlər xiyabanında dəfn edilmişdir. Oğlu hərbi hissədə düşmən ilə üzbəüz xidmət edərək öz əsgəri borcunu yerinə yetirmiş və hərbi xidmət zamanı həlak olmuşdur. Lakin buna baxmayaraq bu günədək ona şəhid statusu verilməmişdir. Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon Şöbəsinin xx.xx.2023-cü il tarixlı 81 saylı arayışında onun hərbi xidməti vəzifəsini yerinə yetirərkən həlak olması göstərilsə də səbəbi qeyd edilmədiyi üçün şəhidlik statusunun verilməsinin mümkün olmadığı bildirilmişdir. Hesab edir ki, oğlum X6 şəhid hesab edilməlidir. Belə ki, o xx.xx.1997-ci il tarixdə Göyçay RHK tərəfindən həqiqi hərbi xidmətə çağrılmış, N saylı hərbi hissədə 4-cü motoatıcı hissədə pülemyotçu kimi xidmət keçmişdir. Hərbi hissədə xidmət keçərkən və xidməti vəzifələrini yerinə yetirərkən xx.xx.1997-ci il tarixdə həlak olmuşdur. Verilmiş “Ölüm haqqında” Şəhadətnamədə ölümün səbəbi kimi “xidməti vəzifəsini yerinə yetirərkən şəhid olub" qeydi yazılmış öldüyü yer Beyləqan rayonu, Haramı düzü qeyd edilmişdir.

3. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi və iş materiallarına uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

4. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 19 sentyabr 2023-cü il tarixli 2-1(116)-1349/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

5. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

6. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli 2-1(116)-1349/2023 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli 2-1(116)-1349/2023 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etdi.

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 19 sentyabr 2023cü il tarixli 2-1(116)-1349/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

9. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - İş materiallarında olan İV-ЖГ seriyalı 496398 nömrəli ölüm haqqında Şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X7 xx.xx.1997-ci ildə vəfat etmişdir. - İş matriallarında olan N nömrəli hərbi hissə komandirinin N sentyabr 1997-ci il tarixli 252 nömrəli X12 görünür ki, sıravi X7 – 4 motoatıcı taburun, 1 MAB-nun 3 MAT-na pulemyotçu kimi siyahıya salınmışdır. - İş matriallarında olan N nömrəli hərbi hissə komandirinin N sentyabr 1997-ci il tarixli 255 nömrəli X12 görünür ki, 4 motoatıcı taburun pulemyotçusu sıravi X7 xx.xx.1997-ci ildə xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş, xx.xx.1997-ci ildən şəxsi heyətin siyahısından silinmiş və bütün növ təminatlardan çıxarılmışdır. - Məhkəmə kollegiyasının 29 yanvar 2024-cü il tarixli sorğusu əsasında verilmiş, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 8 fevral 2024-cü il tarixli məktubuna əlavə edilmiş X7 barəsində N nömrəli hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli 255 nömrəli nizami hissə üzrə əmrindən arxiv çıxarışından görünür ki, 4 motoatıcı taburun pulemyotçusu sıravi X8 – 06.09.97-ci ildən xidmət vəzifəsini yerinə yetirərkən həlak olub – xx.xx.1997-ci ildən şəxsi heyətin siyahısından silinməsi, bütün növ təminatlardan çıxarılması əmr edilmişdir. Qeyd edilmişdir ki, əmrdə atasının adı “Şahkərim” yazılmışdır. Əmrdə ölüm səbəbi qeyd olunmamışdır. - Məhkəmə kollegiyasının 11 mart 2024-cü il saorğusu əsasında verilmiş, Ağdam Hərbi Prokurorluğunun 28 mart 2024-cü il tarixli məktubunda X2 6 sentyabr 1997-ci il tarixdə ölməsi faktına görə Ağdam Hərbi Prokurorluğunda cinayət işinin istintaq olunmaması və təqsirləndirici material araşdırılmaması qeyd edilmişdir. - Məhkəmə kollegiyasının 14 fevral 2024-cü il saorğusu əsasında verilmiş, Füzuli Hərbi Prokurorluğunun 27 mart 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Füzuli Hərbi prokurorluğunun 1997-ci ilə aid materialların qeydiyyatı jurnalında N nömrəli hərbi hissənin hərbi qulluqçuları X7 və X9 ölüm faktı üzrə xx.xx.1997-ci il tarixdə daxil olmuş material üzrə araşdırma aparılması və xx.xx.1997-ci il tarixdə 2000-ci ilin sentyabr ayının 01-dək qüvvədə olmuş Azərbaycan Respublikası CPM-nin 10-cu maddəsinin 2-ci bəndinə əsasən cinayət işi başlanmasının rədd edilməsinə dair qərar qəbul olunması göstərilmişdir. Materialın saxlanma müddəti başa çatdığı və məhv edildiyi üçün ölüm hadisəsinin hansı səbəb və şəraitdə baş verməsi haqqında ətraflı məlumat verilməsi mümkün olmamışdır. - Məhkəmə kollegiyasının 29 yanvar 2024-cü il tarixli sorğusu əsasında verilmiş, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 6 mart 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər X7 xx.xx.1997-ci il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən, ardı kəsilməyən yağışlar nəticəsində blindajın üstünün ağırlaşması və uçması səbəbindən həlak olmuşdur.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli, 10 nömrəli qərarı ilə təsdiq olunmuş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”: 1.1. Şəhid-Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər.

12. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

13. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayətləri mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayətləri uğurlu olmayacaqdır.

14. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

15. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

16. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsi və iddianın tələbə cavab verməli olan inzibati orqana yönəldilməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

17. İddia buna cavab verməli olan inzibati orqana qarşı yönəlmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” 4.1-ci bəndinin ikinci yarımbəndinə əsasən, şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. İddiaçının oğlu əsgər olduğundan və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsində hərbi qeydiyyatda olduğundan hazırki tələbə məhz həmin şöbə cavab verməli inzibati orqandır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

19. Məhkəmə kollegiyasının ilk olaraq qeyd edir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsi: 1.4.2. Həlak olmuş hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin şəhid hesab edilməsi müvafiq hərbi hissənin arayışı ilə təsdiq edildikdə müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun N-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli Qərarına görə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir.

21. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının 25 dekabr 1991-ci il tarixli Qanununda əksini tapmışdır. Həmin Qanunun 4-cü maddəsinin 2-ci bəndinə görə hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar.

22. “Quru qoşunlarının taktiki fəaliyyətləri üzrə döyüş təlimatının (briqada)” 8.2-ci bəndinə əsasən döyüş təminatı – briqadanın döyüş imkanlarının tam reallaşdırılmasının təmin edilməsi, ona verilən tapşırıqların minimal itkilərlə (şəxsi heyətin silah və hərbi texnikasının) və vaxtında yerinə yetirilməsi məqsədilə keçirilən kompleks tədbirlərdir.

23. Döyüş təminatı növlərinə aiddir: kəşfiyyat, mühafizə, radioelektron mübarizə, taktiki maskalanma, mühəndis təminatı, radiasiya, kimyəvi və bioloji qoruma, topogeodeziya və naviqasiya təminatı, hidrometereoloji (metereloji) təminatı.

24. Beləliklə iş materialları ilə müəyyən olunur ki, mərhum X8 xx.xx.1994-cü il tarixdə keçmiş Göyçay Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq N saylı hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş və 06 sentyabr 1997-ci il tarixdə hərbi xidmət vəzifələrinin icrası zamanı vəfat etmişdir. Lakin, mərhum T.Məmmədovun hərbi xidməti vəzifəsini yerinə yetirən zaman vəfat etməsi faktı özlüyündə ona qanunvericiliyin müəyyən etdiyi qaydada “Şəhid” statusunun verilməsi üçün yetərli deyil. Bunun üçün onun vəfatının həm də Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən döyüş şəraitində olan hərbi hissədə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi faktı da müəyyən edilməlidir.

25. X1 06 sentyabr 1997-ci il tarixdə vəfat edərkən hərbi hissənin döyüş təminatını (kəşfiyyat, mühafizə, radioelektron mübarizə, taktiki maskalanma, mühəndis təminatı, radiasiya, kimyəvi və bioloji qoruma, topogeodeziya və naviqasiya təminatı, hidrometereoloji (metereloji)) və döyüş tapşırığını yerinə yetirmədiyi işin mübahisəsiz halıdır. Qeyd olunan fakt mərhumun hərbi xidməti vəzifəsini yerinə yetirən zaman vəfat etməsi kimi qiymətləndirilsə də, onun vəfat etməsi ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqə müəyyən edilmir.

26. Bununla yanaşı məhkəmə kollegiyasının araşdırması ilə müəyyən edilmişdir ki, N nömrəli hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər X7 xx.xx.1997ci il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən, ardı kəsilməyən yağışlar nəticəsində blindajın üstünün ağırlaşması və uçması səbəbindən həlak olmuşdur. Füzuli Hərbi prokurorluğunun 1997-ci ilə aid materialların qeydiyyatı jurnalında N nömrəli hərbi hissənin hərbi qulluqçusu X2 ölüm faktı üzrə xx.xx.1997-ci il tarixdə daxil olmuş material üzrə araşdırma aparılması və xx.xx.1997-ci il tarixdə 2000-ci ilin sentyabr ayının 01-dək qüvvədə olmuş Azərbaycan Respublikası CPM-nin 10-cu maddəsinin 2-ci bəndinə əsasən cinayət işi başlanmasının rədd edilməsinə dair qərar qəbul olunması göstərilmişdir.

27. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçının öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.

28. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).

29. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon Şöbəsinə qarşı “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon Şöbəsinin xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş oğlu X2 şəhidlik statusunun verilməsinin mümkün olmaması barədə arayışın əsassız hesab edilməsi və X3 şəhid statusunun və şəhidin ailə üzvlərinə şəhidin ailə üzvü statusu verilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasını təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

30. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli 2-1(116)-1349/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar