Məhkəmə qərarları › İş №2-1(107)-47/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-47/2025

08.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-47/2025 08.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X1 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı “cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********335900 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 3 iyul 2024-cü il tarixli 2-1(116)-1383/2024 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, “cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sıörortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********335900 nömrəli qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və hal-hazırda cavabdeh vergi orqanının əsassız qərarlarına əsasən sahibkarlıq fəaliyyətini dayandırmaq məcburiyyətində qalmışdır. Uçot-baza məlumatlarına əsasən iddiaçı-fərdi sahibkarın xx.xx.2013-cü il tarixdən vergi ödəyicisi kimi uçota alındığı, əsas fəaliyyət növünün “avtomobillərə texniki xidmət göstərilməsi və onların təmiri” olmuşdur. Kameral vergi yoxlaması zamanı vergi ödəyicisinin bank hesabı məlumatlarının araşdırılmasına əsasən vergi ödəyicisinin bank hesabına 2023-cü ilin yanvar-fevral ayları 252494,44 manat pul vəsaitinin gəlməsinə baxmayaraq, 2023-ci ilin 1-ci rübü üçün sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. 2023-cü ilin 1-ci rübü üçün sadələşdirilmiş vergi bəyannaməsi üzrə 5049,89 manat vergi məbləği hesablanaraq "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********335900 nömrəli Qərar qəbul edilərək iddiaçıya göndərilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə vergi orqanında verdiyi izahatında 2022-ci ilin iyun ayında Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olduğu zaman Türkiyə vətəndaşı ilə tanış olduğunu, 150,0 manat müqabilində kartını ona təqdim etdiyini və hesabına daxil olan məbləğdən xəbərinin olmadığını bildirmişdir. Lakin, vergi orqanı tərəfindən bu hala qiymət verilməmişdir. Araşdırma zamanı iddiaçının "xxxx" ASC-də mövcud olan bank hesabına 2023-cü ilin yanvar və fevral aylarında ümumilikdə 252494,44 manat vəsaitin mədaxil olduğu, həmin məbləğin bir hissəsinin ATM-dən nağdlaşdırıldığı, bir hissəsinin mobil tətbiq vasitəsi ilə məxaric edildiyi müəyyən edilmişdir. Lakin, iddiaçının həmin dövr üçün kartının onda olmamasını, məşğul olduğunu sahibkarlıq fəaliyyətinin dövriyyəsinin 252494,44 manat qədər yüksək ola bilməyəcəyi araşdırılmamışdır. Bundan başqa vergi orqanı 2023-cü ilin 1-ci 2 rübü üçün sadələşdirilmiş vergi bəyannaməsi üzrə 5049,89 gəlir vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********335900 nömrəli Qərar qəbul olunmuşdur. Vergi orqanının qərarı əsassız və qanunsuzdur. Çünki vergi orqanı real vəziyyəti araşdırmamış və sahibkarlıq fəaliyyətinə maneə törədən qərarlar vermişdir. İddiaçı malları alarkən sənədlər ala bilməmiş ancaq həqiqətən də satdığı malları alaraq satmışdır. Vergi orqanı qeyd edilən qərarları qəbul etmədən obyektə gəlib baxış keçirə, operativ vergi nəzarəti tədbirləri həyata keçirə və xronometraj metodu ilə müşahidə apara bilərdi. Vergi orqanı kameral vergi yoxlaması aparan zaman e-qaimələri və elektron kassa aparatı ilə mədaxil olunan vəsaitləri görür. İddiaçı tərəfindən bəyannamə verən zaman vergi orqanının şübhələndiyi məqamlar var idisə o zaman baxış və ya operativ vergi nəzarəti tədbiri keçirilərək şübhəli məqamları araşdıra bilərdi. O zaman vergi orqanı obyektiv və ədalətli araşdırma aparmış olacaqdır. Vergi orqanı baxış keçirmədən, operativ vergi nəzarəti tədbirləri həyata keçirmədən, xronometraj metodu ilə müşahidə aparmadan, əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmadan iddiaçının fəaliyyətini məhdudlaşdıran qərarlar qəbul etmişdir. Bundan başqa vergi orqanı qərar qəbul edərkən bərabərlik prinsipini və işin hallarının obyektiv araşdırılması normasını da pozmuşdur. Çünki vergi orqanı onu digər yəni əsl riskli vergi ödəyiciləri ilə bərabər tutmuşdur. Vergi orqanı icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğu halda araşdırmamış, sübutlar yetərli olmadığı halda öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır. Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli **********335900 nömrəli Qərarı iddiaçı tərəfindən mübahisələndirilmiş, lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 05 dekabr 2023-cü il tarixli **********242800 nömrəli Qərarı ilə Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023cü il tarixli **********335900 nömrəli Qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

3. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - Uçot-baza məlumatlarına əsasən fərdi sahibkarın xx.xx.2013-cü il tarixdən vergi ödəyicisi kimi uçota alındığı, əsas fəaliyyət növünün “avtomobillərə texniki xidmət göstərilməsi və onların təmiri” olduğu, vergi orqanında qeydiyyatda olan aktiv təsərrüfat subyektinin (obyektinin) olmadığı müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı vergi ödəyicisinin bank hesabı məlumatlarının araşdırılmasına əsasən vergi ödəyicisinin bank hesabına 2023-cü ilin yanvar-fevral ayları 252494,44 manat pul vəsaitinin gəlməsinə baxmayaraq. 2023-cü ilin 1-ci rübü üçün sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2023-cü il tarixli **********871600 nömrəli məktub göndərilərək qeyd edilən dövrə dair dəqiqləşdirilmiş bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən qeyd edilən uyğunsuzluq məktubuna əsaslandırılmış cavab təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinə əsasən 2023-cü ilin 1-ci rübü üçün sadələşdirilmiş vergi bəyannaməsi üzrə 5049,89 manat vergi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli **********335900 nömrəli Qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.2-1-ci maddəsinə əsasən Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4-cü maddəsinə əsasən Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədıkdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Cavabdeh orqan Vergi Məcəlləsinin 67.1, 83.2-ci maddəsində qeyd edilmiş normaların məzmununa istinad edərək qeyd etmişdir ki, vergi ödəyicisi tərəfindən qeyd edilən dövrə dair dəqiqləşdirilmiş bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən qeyd edilən uyğunsuzluq məktubuna əsaslandırılmış cavab verilməmişdir. Bu səbəbdən vergi orqanı tərəfindən 2023-cü ilin 1-ci rübü üçün sadələşdirilmiş vergi bəyannaməsi üzrə 5049,89 manat vergi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********335900 nömrəli Qərar qəbul edilmişdir. Vergi ödəyicisi ərizəsində bank hesabına daxil olmuş vəsaitdən xəbərinin olmadığını, bir Türkiyə Respublikası vətəndaşı tərəfindən onun kartına pul köçürüldüyünü qeyd etsə də, bunu təsdiq edəcək hər hansı sənədi Dövlət Vergi Xidmətinə təqdim etməmiş, o cümlədən iddia ərizəsinə də əlavə etməmişdir. Bu da bank hesabına daxil olmuş vəsaitdən xəbərinin olmadığı dəlilinin reallığı əks etdirmədiyini, vergi ödəyicisinin özünün subyektiv mülahizəsi olduğunu göstərir. O da qeyd olunmalıdır ki, "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli **********335900 nömrəli Qərarından vergi ödəyicisinin verdiyi şikayət üzrə "Araşdırmada iştirak barədə" xx.xx.2023-cü ıl tarixli **********397400 nömrəli məktub göndərilərək müraciətdə qaldırılmış məsələnin tam obyektiv və hərtərəfli araşdırılması məqsədilə xx.xx.2023-cü il tarixdə, saat 15:00 üçün fərdi sahibkar və ya səlahiyyətli nümayəndəsi (vəkili) vasitəsilə Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsinə dəvət olunmasına baxmayaraq, fərdi sahibkar və ya səlahiyyətli nümayəndəsi (vəkili) Dövlət Vergi Xidmətinin inzibati binasına gəlməmişdir. Beləliklə, vergi ödəyicisinə kameral vergi yoxlaması ilə hesablanmış əlavə vergi məbləği ilə əlaqədar məsələnin onun iştirakı ilə birgə araşdırılması mümkün olmamış və bu barədə xx.xx.2023-cü İl tarixli Akt tərtib edilmişdir. Araşdırma zamanı fərdi sahibkarın Kapital bank ASC-də mövcud olan bank hesabına 2023-cü ilin yanvar və fevral aylarında ümumilikdə 252494,44 manat vəsaitin mədaxil olduğu, həmin məbləğin bir hissəsinin ATM-dən nağdlaşdırıldığı, bir hissəsinin mobil tətbiq vasitəsi ilə məxaric edildiyi müəyyən edilmişdir. (Ödəniş kartı üzrə çıxarış etiraza əlavə olunur.) Əlavə olaraq fərdi sahibkar izahatında taksi fəaliyyəti ilə məşğul olduğunu qeyd etməsinə baxmayaraq araşdırma zamanı vergi ödəyicisi tərəfindən fərqlənmə nişanın almadığı müəyyən edilmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara uyğun olaraq İddiaçı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 14.06 2023-cü il tarixli, **********335900 nömrəli Qərarının ləğv edilməsi ilə bağlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanları nəzərə alaraq iddiaçının iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir.

4. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 3 iyul 2024-cü il tarixli 2- 1(116)-1383/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

7. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi faktiki fəaliyyətini vergi orqanından gizlədərək vergi orqanına bəyannamə təqdim etməməklə vergidən yayınma sxemi yaradaraq vergidən yayınmış və qeyd olunan yayınma vergi orqanı tərəfindən kameral vergi yoxlaması keçirilərək əlavə vergi məbləği hesablanmışdır. Hazırki işdə birinci instansiya məhkəməsi öz qərarının əsası kimi istinad etdiyi dəlillərinin heç birini məhkəmə iclasında tərəflərlə müzakirə etməmiş, bu dəlillərə münasibət bildirmək üçün vergi orqanına şərait yaradılmamış, ümumiyyətlə bu faktarın üzərindən məhkəmə proseslərində sükutla keçmiş və bu dəlillər yalnız qərar tam formada göndəriləndən sonra məlum olmuşdur. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 3 iyul 2024-cü il tarixli 2-1(116)-1383/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 3 iyul 2024-cü il tarixli 2-1(116)-1383/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 3 iyul 2024cü il tarixli 2-1(116)-1383/2024 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir.

12. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

13. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********335900 nömrəli qərar; İnzibati şikayətin təmin edilməməsi haqqında xx.xx.2023-cü il tarixli **********242800 nömrəli qərar.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində ... qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

15. Azərbaycan Respublikası Vegi Məcəlləsi: Maddə 36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi ... 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37. Kameral vergi yoxlaması 37.2. kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. ... 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Maddə 83. Vergi orqanları tərəfindən vergilərin hesablanması Maddə 83. Vergi orqanları tərəfindən vergilərin hesablanması 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. (5 dekabr 2023-cü il tarixli 1033-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 83.9-cu maddə ləğv edilmişdir.) Maddə 218.1. Aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir: 218.1.1. bu Məcəllənin Xİ fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər; 218.1.2. vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər. Maddə 219. Vergitutma obyekti 219.1. Hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi vergitutma obyektidir. ... Maddə 220. Sadələşdirilmiş verginin dərəcəsi 220.1. Sadələşdirilmiş vergi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul olan və 218.1.2-ci maddəsində göstərilən vergi ödəyiciləri istisna olmaqla) bu verginin ödəyicilərinin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar gəlirlərdən 2 faiz dərəcə ilə hesablanır. 220.1-1. Bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sadələşdirilmiş vergi bu Məcəllənin 219.1-ci maddəsində müəyyən edilmiş vergitutma obyekti üzrə 8 faiz dərəcə ilə hesablanır

16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 67.1-67.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

17. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 3 iyul 2024-cü il tarixli 2-1(116)-1383/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

18. İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi).

19. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.

20. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı cavabdehin qərarını aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.1-ci maddəsi). APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

22. Məhkəmə kollegiyasının iclasında iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, cavabdeh orqan vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2023-cü il tarixli **********871600 nömrəli məktub göndərərək qeyd edilən dövrə dair dəqiqləşdirilmiş bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsini tələb etmiş, vergi ödəyicisi tərəfindən qeyd edilən uyğunsuzluq məktubuna əsaslandırılmış cavab təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinə əsasən 2023-cü ilin 1-ci rübü üçün sadələşdirilmiş vergi bəyannaməsi üzrə 5049,89 manat vergi məbləği hesablamışdır.

23. Cavabdeh orqan vergi ödəyicisinə ünvanladığı uyğunsuzluq məktubunu iddiaçının bank hesabına 2023-cü ilin yanvar-fevral ayları 252494,44 manat pul vəsaitinin gəlməsinə baxmayaraq, 2023-ci ilin 1-ci rübü üçün sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edilməməsi ilə əsaslandırmışdır.

24. Cavabdeh orqan bildirir ki, iddiaçının əsas fəaliyyət növü “avtomobillərə texniki xidmət göstərilməsi və onların təmiri”dir. Bununla belə vergi orqanında qeydiyyatda olan aktiv təsərrüfat subyekti mövcud deyil.

25. Cavabdeh orqan 252494,44 manat pul vəsaitini rüb üzrə təqdim edilmiş malların və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin həcmi olaraq qiymətləndirmiş, bununla belə iddiaçının bank hesabına daxil olmuş vəsaitin həcminin ümumiyyətlə onun fəaliyyət göstərdiyi sahənin xarakterinə uyğun olmamasını (o cümlədən vergi orqanında qeydiyyatda olan aktiv təsərrüfat subyektinin olmamasını) nəzərə almamış, iddiaçının hesabına köçürülən vəsaitlə onun göstərdiyi fəaliyyət arasında səbəbli-əlaqə və məhz xidmətin təqdim edilməsindən əldə edilən vəsait olması araşdırma predmeti olmamışdır.

26. Nəzərə alınmalıdır ki, iddiaçının mal və xidməti təqdim etməsi müəyyən edildiyi halda ona daxil olmuş müvafiq vəsait sadələşdirilmiş vergiyə cəlb oluna bilər. Hazırkı iş üzrə iddiaçının sözügedən məbləğdə mal və xidməti təqdim etməsinin müəyyən edilməməsi onun hesabına ödənilmiş 252494,44 manat pul vəsaitinin qeydsiz-şərtsiz təqdim edilmiş mal və xidmətə görə əldə edilmiş vəsait olaraq qiymətləndirilməsini istisna edir.

27. Odur ki, iddiaçının hesabına daxil olmuş 252494,44 manat pul vəsaiti Vergi Məcəlləsinin 219.1-ci maddəsi anlamında vergitutma obyekti hesab olunmadığından həmin vəsaitə uyğun sadələşdirilmiş verginin hesablanması ilə bağlı cavabdeh orqanın qəbul etdiyi qərar mahiyyət etibarilə əsassız olmuşdur.

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, nəticədə vergi orqanının aktında qeyd olunan halların sübuta yetirilməməsi aktın mötəbərliliyini şübhə altına almağa əsas verir. İnzibati prosessual qanunvericiliyə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin üzərində olduğu halda, cavabdeh iddiaçıya maliyyə sanksiyası tətbiq etdiyi zamanı obyektiv həqiqəti əks etdirən halların nəzərə alındığını sübuta yetirməmiş, bununla da qanunsuz inzibati akt qəbul etmişdir

29. Məhkəmə kollegiyası istinad edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, inzibati prosessual qanunvericiliyə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Lakin, faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, bunu etməmiş və bununla da qanunsuz inzibati akt qəbul etmişdir.

30. Yuxarıda qeyd olunan işin hallarını nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

31. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 3 iyul 2024-cü il tarixli 2-1(116)-1383/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar