Məhkəmə qərarları › İş №2-1(107)-470/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-470/2020

23.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-470/2020 23.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı Zeynalabdin qızının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağdaş rayon filialına qarşı “xx.xx.2020-ci il tarixdən sağlamlıq imkanları məhdud uşağı olan ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-740/2020 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağdaş rayon filialı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1963-cü ildə Ağdaş rayonu Pirəzə kəndində anadan olmuş və hazırda həmin ünvanda yaşayır. Onun xx.xx.1986-cı ildə X5 adlı uşağı doğulmuş, iddiaçı həmin uşağı 8 yaşınadək tərbiyə etmiş və hal-hazıradək öz himayəsində saxlayır. X5 xx.xx.2006cı ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 15 nömrəli Zona Tibbi-sosial ekspert komissiyası tərəfindən keçirilən müayinə zamanı uşaqlıqdan birinci qrup əlil hesab edilmişdir. İddiaçı Ağdaş rayonu Pirəzə kənd klubunda xx.xx.1981-ci ildən xx.xx.1982-ci ilədək müşayiətçi (akkompaniator), xx.xx.1982-ci ildən xx.xx.1987-ci ilədək baletmeyster, xx.xx.1997-ci ildən xx.xx.2002-ci ilədək Ağdaş rayonu X6 İdarəsində maşinist işləmiş, xx.xx.2003-cü ildən hal-hazıradək isə yenə dəAğdaş rayonu X6 İdarəsində maşinist işləyir. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək ona xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin cavabdeh xx.xx.2020-ci il tarixli **********6 nömrəli cavab məktubu ilə bildirmişdir ki, iddiaçının oğlu X1 xəstə olduğunu bildirən müayinə aktı xx.xx.2006-cı ildə (20 yaşında) müəyyən edildiyindən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən ona yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələblərinə ziddir. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, xx.xx.1986-cı il təvəllüdlü X1 əlilliyi xx.xx.2006-cı ildə müəyyən olunsa da, əlilliyi uşaqlıqdan olmuşdur. Cavabdeh iddiaya qarşı xx.xx.2020-ci il tarixli **********8 nömrəli etirazında imtina məktubunun dəlillərinə istinad etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) xx xxxxxx 2020-ci il tarixli, 2- 1(116)-740/2020 nömrəli qərarı ilə iddia təmin edilərək, iddiaçi İddiaçı xx.xx.2020-ci il tarixdən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağdaş rayon filialının üzərinə qoyulmuşdur. DSMF publik hüquqi şəxsin Ağdaş rayon filialı həmin qərardan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsi Şəki İnzibati Məhkəməsinin 2020-ci il 18 avqust tarixli 2-1(116)- 740/2020 nömrəli qərarının ləğv edilməsini zəruri hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı Zeynalabdin qızının övladı X1 xəstə olduğunu bildirən ilkin müayinə aktı xx.xx.2006-cı il tarixdə yəni 18 yaşından sonrakı dövrdə müəyyən olunduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi Qanunvericiliyin tələblərinə ziddir. Göründüyü kimi birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir və qanunun tələblərinə zidd qərar qəbul etmişdir. İddiaçı Zeynalabdin qızının övladı xx.xx.1986-cı ildə anadan olmuş X1 xəstə olduğunu bildirən ilkin müayinə aktı xx.xx.2006-cı il tarixdə yəni 18 yaşından sonrakı dövrdə müəyyən olunduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi Qanunvericiliyin tələblərinə ziddir. Qeyd edilənlərə əsasən Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2- 1(116)-740/2020 nömrəli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-740/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Zeynalabdin qızı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2- 1(116)-740/2020 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlara ******* nömrəli və ИT-İ seriyalı ******* nömrəli əmək kitabçaları, Ağdaş Rayon İcra Hakimiyyəti başçısının Pirəzə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 76 nömrəli arayışı, cavabdehin xx.xx.2020-ci il tarixli **********8 nömrəli etiraz məktubu, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağdaş rayon filialının xx.xx.2020-ci il tarixli **********2 nömrəli məktubu aiddir. Əsaslandırma hissəsi Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-740/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdə olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: - ******* nömrəli və ИT-İ seriyalı ******* nömrəli əmək kitabçalarından görünür ki, İddiaçı Ağdaş rayonu Pirəzə kənd klubunda xx.xx.1981-ci ildən xx.xx.1982-ci ilədək müşayiətçi (akkompaniator), xx.xx.1982-ci ildən xx.xx.1987-ci ilədək baletmeyster, xx.xx.1997-ci ildən xx.xx.2002-ci ilədək Ağdaş rayonu X6 İdarəsində maşinist işləmiş, xx.xx.2003-cü ildən hal-hazıradək isə Ağdaş rayonu X6 İdarəsində maşinist işləyir. - Ağdaş Rayon İcra Hakimiyyəti başçısının Pirəzə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 76 nömrəli arayışından görünür ki, iddiaçının xx.xx.1986-cı ildə İslam adlı sağlamlıq imkanları məhdud uşağı olmuş və o, 8 yaşınadək uşağını tərbiyə etmişdir. - Cavabdehin xx.xx.2020-ci il tarixli **********8 nömrəli etiraz məktubundan görünür ki, iddiaçının oğlu X1 ilkin müayinə aktı xx.xx.2006-cı ildə, yəni 20 yaşında müəyyən edildiyindən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən ona yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələblərinə ziddir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağdaş rayon filialının xx.xx.2020-ci il tarixli **********2 nömrəli məktubundan görünür ki, İddiaçı əlil oğlu xx.xx.1986-cı ildə anadan olmuşdur. X1 əlilliyi 18 yaşının tamam olduğu xx.xx.2004-cü ilədək təyin olunduğu təqdirdə əlil uşaq anası kimi yaşa görə əmək pensiyası yaşına xx.xx.2020-ci ildə çatmışdır. İddiaçının əlil uşağı X1 əlilliyi 20 yaşında yəni, xx.xx.2006-cı ildə təyin olunmuşdur. İddiaçının qəbul edilən sosial sığorta stajı xx.xx.1981-ci il ildən xx.xx.1987-ci ilədək Pirəzə kənd mədəniyyət evində, xx.xx.1997-ci il ildən xx.xx.2002-ci ilədək və xx.xx.2003-cü il ildən xx.xx.2020-ci ilədək işlədiyi X6 İdarəsində işlədiyi illərdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 21.2.4-cü maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işi hərtərəfli araşdırmış, tətbiq edilən qanunvericilik normalarının düzgün tətbiq etmiş, iş üzrə gəldiyi nəticəni kifayət qədər əsaslandırmaqla düzgün müəyyən etmişdir ki, iddiaçıya yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası təyin edilə bilməsi üçün onun oğlu X1 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmalıdır. İşin hallarından göründüyü kimi, X3 əlillik 18 yaşından sonra təyin edilmişdir. Bu halda, müəyyən edilməli məsələ ondan ibarətdir ki, o, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş şəxs qismində qəbul edilə bilərmi? Bununla bağlı olaraq iddiaçının mövqeyi ondan ibarətdir ki, onun oğlu anadangəlmə inkişaf qüsurludur, bu xəstəlik onda uşaqlıqdan vardır. Əlillik dərəcəsini təyin edən orqan olan tibbi sosial ekspert komissiyasının müayinəsinə dair arayışdangöründüyü kimi, əlilliyin səbəbi "uşaqlıqdan" sözü ilə ifadə olunmuşdur. Deməli, iddiaçının oğluna əlillik dərəcəsinin verilmə səbəbi onun sağlamlığında uşaq vaxtlarında yaranmış pozuntularla bağlıdır və onun sağlamlıq imkanlarının məhdudluğu faktı uşaq vaxtından mövcuddur. Cavabdehin mövqeyinə görə isə, iddiaçının oğlunun uşaqlıqdan əlil olması faktı müəyyən edilmir, ona görə də iddiaçının yaşa görə əmək pensiyası almaq hüququ yaranmamışdır. Qanunvericiliyə görə, məhz 18 yaşınadək uşaqlıqdan əlil olduğu təsdiqini tapdığı halda, iddiaçının yaşa görə əmək pensiyası hüququnun yarandığı təsbit edilmişdir. Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən iddiaçının oğlu X3 birinci dərəcəli əlillik təyin olunmasına dair xx.xx.2006-cı il tarixli müayinə ilə bağlı arayışda onda aşkar olunmuş anomaliyaların uşaqlıqdan olduğu, əlillik və ya sağlamlıq imkanlarının məhdudluğunun müddətsiz olduğu vurğulanmışdır. İddiaçının oğlunun 18 yaşı tamam olduqdan sonra əlilliklə bağlı TSEK-ə müraciət etməsi və ona bu barədə məhz 18 yaşından sonra arayış verilməsi onun uşaqlıqdan əlil olması faktını dəyişdirmir və iddiaçı sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş ana hesab edilir. İddiaçıya "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə uyğun olaraq, sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün digər şərtlər onun 56 il 6 ay yaşa çatması, eləcə də fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud da azı 25 il sığorta stajına malik olmasıdır. İddiaçı 56 il 6 ay yaşa xx.xx.2020-ci ildə çatmışdır. O, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsini deyil, sığorta stajının 25 ildən artıq olmasını iddia edir. Kollegiya iclasında müəyyən edildi ki, iddiaçı Ağdaş rayonu Pirəzə kənd klubunda xx.xx.1981-ci ildən xx.xx.1987-ci ilədək 5 il 4 ay, Ağdaş rayonu X6 İdarəsində xx.xx.1997ci ildən xx.xx.2002-ci ilədək 5 il 2 ay 23 gün işləmiş, sonra xx.xx.2003-cü ildən Ağdaş rayonu X6 darəsində işləməyə başlamış, həmin işdə pensiya yaşının tamam olduğu xx.xx.2020-ci ilədək sığorta stajı 16 il 11 ay 20 gündür. Beləliklə, iddiaçının sosial sığorta stajının cəmi 27 il 6 ay 13 gün təşkil edir ki, bu da tələb olunan 25 ildən artıqdır. Yuxarıda qeyd olunan işin hallarını məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlillər əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının 3.2-ci bəndinə əsasən, məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsi formalaşdırmaq vəzifəsinin və həmin vəzifənin icra olunması mexanizminin təsbit edilməsi qərara alınmışdır Bununla bağlı qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi 2- 1(102)-2113/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli, 2-1(102)- 2565/2019 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağdaş rayon filialının apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-740/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar