Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-470/2023 04.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “xx.xx.2023-cü il tarixdən 1 il müddətinə ünvanlı dövlət sosial yardım təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 30 may 2023-cü il tarixli 2-1(116)-1255/2023 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “cavabdehin – “Ailə tərkibinin düzgün göstərilməməsi” bəhanəsi ilə ünvanlı sosial yardımın təyinatından imtina edilməsi barədə qanunsuz qərarın ləğv edilməsi və “Ünvanlı Dövlət Sosial Yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü və 8-ci maddələrinə əsasən müraciət etdiyi 01 yanvar 2023-cü il tarixdən hər ay üçün 278 azn olmaqla 1 il müddətinə ünvanlı dövlət sosial yardımın aztəminatlı ailəyə uyğun təyin olunaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi tələbini dəqiqləşdirərək, xx.xx.2023-cü il tarixdən 1 il müddətinə İddiaçı ünvanlı dövlət sosial yardım təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
4. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı 3 nəfərdən ibarət ailə tərkibinin olmasını bildirərək ünvanlı sosial yardımın təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır.
5. Cavabdeh orqan xx.xx.2023-cü il tarixli 3-17-1/2-90086/2023 nömrəli iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı ünvanlı dövlət sosial yardımın (bundan sonra ÜDSY) təyin edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli, **********094 nömrəli ərizə ilə müraciət etmişdir.
6. Daxil olan müraciətlə bağlı ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması zamanı Fondun mərkəzi filialının əməkdaşlarının iştirakı ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli yoxlama aktına və çəkilmiş videogörüntüyə (videogörüntü məhkəməyə təqdim ediləcəkdir) əsasən ünvanda təmsilçi və iki övladı ilə bərabər valideynlərinin yaşadığı aşkar edilmişdir. Qeyd edək ki, təmsilçi ərizə bəyannamədə ailəsinin özü və iki övladı olmaqla üç nəfərdən ibarət olmasını qeyd etmişdir. Mənzildə yaşayan şəxslərin birgə təsərrüfat aparıb-aparmaması araşdırılarkən, təmsilçinin qeyd olunan ünvanda atası və anası ilə birgə təsərrüfat apardığı müəyyən edilmişdir.
7. Belə ki, eyni ünvanda yaşayan şəxslərin birgə təsərüfat aparıb-aparmamasının müəyyən edilməsi üçün zəruri olan hallara nəzər salaq:
1. Mənzilin iki ailənin ayrı təsərrüfat aparmaqla yaşaması üçün əlverişli olması;
2. Mənzilin giriş, mətbəx və yaşam üçün vacib digər hissələrinin ayrı yerləşməsi;
3. Mənzilində yerləşən sayğacların (qaz, su, işıq) ayrı yerləşməsi və kommunal xərclərin ayrı ödənilməsi.
8. Lakin tərəfimizdən aparılan müayinə zamanı təmsilçi İddiaçı valideynləri birgə yaşamasına baxmayraq, ayrı təsərrüfat aparmaları ilə bağlı heç bir əsas tapılmamışdır.
9. Təqdim olunan videogörüntüyə eyni zamanda maddi-məişət şəraitinin müayinəsi zamanı tərtib olunmuş akta əsasən aşkarlanmış hallara nəzərən ünvanda yaşayan şəxslərin birgə təsərrüfat aparmasını təsdiq edən faktlara nəzər salaq: > Mənzilin giriş, mətbəx, və yaşam üçün vacib digər hissələr iddiaçının qeyd etdiyi kimi, iki ailənin ayrı-ayrılıqda təsərrüfat aparması üçün əlverişli deyil. > Mənzildə yerləşən sayğaclar (qaz, su, işıq) birgədir, kommunal xidmətlərdən birgə istifadə olunur və əgər ünvandakı şəxslər ayrı təsərrüfat aparırlarsa kommunal xərcləri hansı meyar əsasında bölünərək ödənilməsi məlum deyil. > Mənzildə yerləşən otaq sayı iki ailənin ayrı təsərrüfat apararaq yaşaması üçün nəzərdə tutulmayıb.
10. Göründüyü kimi maddi-məişət şəraitinin yoxlaması zamanı ünvanda yaşayan şəxslərin birgə təsərrüfat aparmaları halının araşdırılması zamanı ünvanda olan şəxslərin birgə təsərrüfat aparmasını təsdiq edən bir çox sübutlar əldə olunmuşdur.
11. Əlavə olaraq onu da qeyd edək ki, qeyd olunan ünvanda yaşayan şəxslərin ayrıayrılıqda təsərrüfat aparmasını təsdiq edən heç bir fakt aşkarlanmamışdır və belə olan halda maddi-məişət şəraitinin müayinəsini həyata keçirən əməkdaşların ünvanda olan şəxslərin ayrı təsərrüfat olmasını qeydə alması mümkün deyildir.
12. Bundan başqa Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ev təsərrüfatları tədqiqatının əsas yekunlarına dair statistik məcmuəsində ev təsərrüfatının nədən ibarət olmasını qeyd etmişdir. Ev təsərrüfatı - bir şəxsdən və ya şəxslər qrupundan ibarət institusional vahiddir. Şəxslər qrupu o halda ev təsərrüfatı hesab edilir ki, onlar bir evdə (mənzildə) yaşasınlar, öz gəlir və əmlakını tam və ya qismən birləşdirsinlər və bir sıra mal və xidmətlərin, əsasən də mənzil-kommunal xidmətləri və ərzaq məhsullarının istehlakını birgə həyata keçirsinlər. Ev təsərrüfatı bir nəfərdən, bir və ya bir neçə ailədən və ailə üzvü olmayan şəxsdən (şəxslərdən), eləcə də qohum olmayan şəxslərdən ibarət ola bilər.
13. Göründüyü kimi ev təsərrüfatına verilən anlayışdan da, təmsilçi İddiaçı qeyd etdiyi ünvanda valideynləri ilə birgə təsərrüfat apararaq yaşaması təsdiqini tapır.
14. Eyni zamanda qeyd olunan məsələ ilə bağlı bildiririk ki, "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində “ailə qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və ya tənha yaşayan şəxslər” olaraq göstərilmişdir. Bu səbəbdən, həmçinin “Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət etmiş ailələrin maddi-məişət şəraitinin müayinəsinin və sosial yardım təyinatından sonrakı monitorinqlərin aparılmasına dair Təlimat” (bundan sonra - Təlimat) və Passporta əsasən ailənin ÜDSY ilə bağlı müraciətinə əsasən aparılan maddi-məişət şəraitinin müayinəsi zamanı ailə tərkibində qeyd olunmayan şəxsin ailə ilə birlikdə yaşaması aşkar edildiyi halda ÜDSY təyinatından imtina edilmişdir.
15. Göründüyü kimi aparılan müayinə zamanı təmsilçi İddiaçı valideynləri birgə yaşamasına baxmayaraq ayrı təsərrüfat aparmaları ilə bağlı heç bir əsas tapılmamışdır.
16. Beləliklə, iddiaçıya ailə tərkibinin düzgün göstərilməməsi səbəbindən haqlı olaraq imtina verilmişdir.
17. Bununla belə İddiaçı xx.xx.2023-cü il tarixli **********094 nömrəli müraciəti əsasında yenidən maddi-məişət şəraitinin yoxlanılmasının həyata keçirilməsi üçün qeyd olunan ünvana gəlinsə də, təmsilçi atasının evdə olmaması səbəbindən maddi-məişət şəraitinin yoxlanmasına icazə verməmişdir.
18. Belə ki, tərtib olunmuş xx.xx.2023-cü il tarixli yoxlama aktına əsasən mənzildə təmsilçi, övladları və anası olmuşdur. Təmsilçi maddi-məişət şəraitinin yoxlanmasını həyata keçirən əməkdaşlara mənzilə daxil olaraq videoçəkiliş aparılmasına və yoxlamanın həyata keçirilməsinə icazə verməmişdir.
19. Bununla bağlı qeyd edirik ki, ünvanlı dövlət sosial yardım üçün müraciət etmiş hər bir ailənin mənzilində birinci mərhələ olan VEMTAS-ı keçdikdən sonra mütləq şəkildə maddi-məişət şəraitinin yoxlanılması həyata keçirilir.
20. Beləliklə, təmsilçinin qeyd olunan ünvanda yaşamadığı müəyyən edildikdə və ya mənzildə maddi-məişət şəraitinin yoxlanılmasına şərait yaradılmadıqda ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina edilir.
21. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş, “ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin edilməsi, verilməsi və verilməsindən imtina edilməsi qaydalarına əsasən: > 3.2-ci bənd VEMTAS tərəfindən “ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. > 3.3-cü bənd bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinin və ya “DOST” mərkəzlərinin ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. > 3.4-cü bənd bölmənin və ya mərkəzin sosial yardım üzrə işçisi “Ailənin maddiməişət şəraitinin müayinəsi”ni müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə Təmsilçinin iştirakı olmaqla video, foto çəkilişi və səs yazısı əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür.
22. Göründüyü kimi təmsilçi atası evdə olmadığı üçün maddi-məişət şəraitinin yoxlanmasına şərait yaratmasa da, Qaydalar sözügedən yoxlamanın hər hansı digər şəxsin iştirakı ilə deyil, birbaşa olaraq müraciət etmiş təmsilçinin özü ilə aparılmasını tələb edir.
23. Beləliklə, təmsilçi 1. maddi-məişət şəraitinin yoxlanmasına şərait yaratmır, 2. ərizə bəyannamədə göstərmədiyi anası onunla birlikdə mənzildədir və 3. ərizə bəyannamədə qeyd etmədiyi atasını gözlədiyini bildirir. Qeyd olunanların hər biri ayrıayrılıqda imtina üçün qanunvericilikdə müəyyən edilmiş əsaslara daxildir.
24. Onu da qeyd edək ki, bir mənzildə yaşamaqlarına baxmayaraq ayrı təsərrüfat olduqlarını iddia edən təmsilçi və onun valideynlərinin birgə təsərrüfat olması faktı, sonuncu yoxlama zamanı təmsilçinin, atası evdə olmadığına görə yoxlamaya icazə verməməsi ilə bir daha öz təsdiqini tapır. Qeyd: birinci yoxlama zamanı tərtib olunan aktı tanış olmaq bəhanəsi ilə alan iddiaçının atası X1 onu qaytarmaqdan imtina etmişdir. Yoxlamanı həyata keçirən əməkdaşlar tərəfindən yeni akt tərtib edilmişdir.
25. Əlavə olaraq onu da qeyd edək ki, analoji iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-442/2021 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayət təmin edilmişdir. Belə ki, Ali Məhkəmənin mövqeyinə görə iddiaçının ərizə bəyannamədə qeyd etdiyi məlumatlarla maddi-məişət şəraitinin yoxlanılması zamanı aşkar olunmuş məlumatlar arasındakı ziddiyətlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 37 nömrəli qaydalarda birbaşa olaraq imtina əsası kimi göstərilmişdir. Odur ki, ərizə bəyannamə ilə maddi-məişət şəraitinin yoxlanılması zamanı əldə olunmuş məlumatlar arasındakı uyğunsuzluq (ünvanda yaşayan şəxslərin düzgün göstərilməməsi) birmənalı olaraq imtina əsasıdır.
26. Qeyd olunanlar nəzərə alınaraq iddianın təmin edilməməsi xahiş edilmişdir.
27. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
28. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
29. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 30 may 2023-cü il tarixli 2- 1(116)-1255/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
30. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
31. Cavabdehin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçının etdiyi müraciətlə bağlı ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması zamanı Fondun mərkəzi filialının əməkdaşlarının iştirakı ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli yoxlama aktına və çəkilmiş videogörüntüyə əsasən ünvanda təmsilçi və iki övladı ilə bərabər olmasını qeyd etmişdir. Ev təsərrüfatı - bir şəxsdən və ya şəxslər qrupundan ibarət institusional vahiddir. Şəxslər qrupu o halda ev təsərrüfatı hesab edilir ki, onlar bir evdə (mənzildə) yaşasınlar, öz gəlir və əmlakını tam və ya qismən birləşdirsinlər və bir sıra mal və xidmətlərin, əsasən də mənzil-kommunal xidmətləri və ərzaq məhsullarının istehlakını birgə həyata keçirsinlər. Ev təsərrüfatı bir nəfərdən, bir və ya bir neçə ailədən və ailə üzvü olmayan şəxsdən (şəxslərdən), eləcə də qohum olmayan şəxslərdən ibarət ola bilər. Ev təsərrüfatına verilən anlayışdan da təmsilçi İddiaçı qeyd etdiyi ünvanda valideynləri ilə birgə təsərrüfat apararaq yaşaması təsdiqini tapır. Həmçinin, cavabdeh tərəfindən aparılan müayinə zamanı təmsilçi İddiaçı valideynləri ilə birgə yaşamasına baxmayraq ayrı təsərrüfat aparmaları ilə bağlı heç bir əsas tapılmamışdır. Beləliklə, iddiaçıya ailə tərkibinin düzgün göstərilməməsi səbəbindən haqlı olaraq imtina verilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli **********094 nömrəli müraciəti əsasında yenidən maddi-məişət şəraitinin yoxlanılmasının həyata keçirilməsi üçün qeyd olunan ünvana gəlinsə də, təmsilçi atasının evdə olmaması səbəbindən maddi-məişət şəraitinin yoxlanmasına icazə verməmişdir.Belə ki, tərtib olunmuş xx.xx.2023-cü il tarixli yoxlama aktına əsasən mənzildə təmsilçi, övladları və anası olmuşdur. Təmsilçi maddi-məişət şəraitinin yoxlanmasını həyata keçirən əməkdaşlara mənzilə daxil olaraq videoçəkiliş aparılmasına və yoxlamanın həyata keçirilməsinə icazə verməmişdir. Bununla bağlı qeyd edilmişdir ki, ünvanlı dövlət sosial yardım üçün müraciət etmiş hər bir ailənin mənzilində birinci mərhələ olan VEMTAS-ı keçdikdən sonra mütləq şəkildə maddi-məişət şəraitinin yoxlanılması həyata keçirilir. Beləliklə, təmsilçinin qeyd olunan ünvanda yaşamadığı müəyyən edildikdə və ya mənzildə maddi-məişət şəraitinin yoxlanılmasına şərait yaradılmadıqda ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina edilir. Göründüyü kimi təmsilçi atası evdə olmadığı üçün maddi-məişət şəraitinin yoxlanmasına şərait yaratmasa da, Qaydalar sözügedən yoxlamanın hər hansı digər şəxsin iştirakı ilə deyil, birbaşa olaraq müraciət etmiş təmsilçinin özü ilə aparılmasını tələb edir. Beləliklə, təmsilçi 1. maddi-məişət şəraitinin yoxlanmasına şərait yaratmır, 2. ərizə bəyannamədə göstərmədiyi anası onunla birlikdə mənzildədir və 3. ərizə bəyannamədə qeyd etmədiyi atasını gözlədiyini bildirir. Qeyd olunanların hər biri ayrı-ayrılıqda imtina üçün qanunvericilikdə müəyyən edilmiş əsaslara daxildir. Bir mənzildə yaşamaqlarına baxmayaraq ayrı təsərrüfat olduqlarını iddia edən təmsilçi və onun valideynlərinin birgə təsərrüfat olması faktı, sonuncu yoxlama zamanı təmsilçinin, atası evdə olmadığına görə yoxlamaya icazə verməməsi ilə bir daha öz təsdiqini tapır. Qeyd: birinci yoxlama zamanı tərtib olunan aktı tanış olmaq bəhanəsi ilə alan iddiaçının atası X1 onu qaytarmaqdan imtina etmişdir. Yoxlamanı həyata keçirən əməkdaşlar tərəfindən yeni akt tərtib edilmişdir. Analoji iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-442/2021 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayət təmin edilmişdir. Belə ki, Ali Məhkəmənin mövqeyinə görə iddiaçının ərizə bəyannamədə qeyd etdiyi məlumatlarla maddi-məişət şəraitinin yoxlanılması zamanı aşkar olunmuş məlumatlar arasındakı ziddiyətlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 37 nömrəli qaydalarda birbaşa olaraq imtina əsası kimi göstərilmişdir. Odur ki, ərizə bəyannamə ilə maddi-məişət şəraitinin yoxlanılması zamanı əldə olunmuş məlumatlar arasındakı uyğunsuzluq (ünvanda yaşayan şəxslərin düzgün göstərilməməsi) birmənalı olaraq imtina əsasıdır. Ona görə də Şəki İnzibati Məhkəməsini 30 may 2023-cü il tarixli 2-1(116)- 1255/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
32. İddiaçı tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmuş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
33. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 30 may 2023-cü il tarixli 2-1(116)-1255/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.
34. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 4 aprel 2023-cü il tarixli 2-1(116)-504/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
35. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir.
36. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).
37. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - “Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair” xx.xx.2023-cü il tarixli **********09401 nömrəli bildirişdən görünür ki, ailə tərkibinin düzgün göstərilməməsi səbəbi ilə iddiaçıya sosial yardımın təyin edilməsindən imtina edilmişdir. - Ailənin maddi-məişət şəraitinin müayinəsi barədə xx.xx.2023-cü il tarixli məlumat vərəqəsində əlavə məlumat qrafasında aşağıdakı məlumatlar qeyd edilmişdir (həmçinin cavabdeh orqan keçirilmiş baxışların videogörüntülərini məhkəmə tədqiqatına təqdim etmişdir): Ünvanda olduq mənzildə təmsilçi 2 övladı və anası, atası var idi. Bildirdiklərinə görə mənzilin bir otağında təmsilçi və 2 övladı digərində təmsilçinin valideynləri qalır. Birgə ev təsərrüfatına malik olduqları aşkarlandı. Kommunal xidmətlərdən birgə istifadə olunur. Təmsilçi bir aydır ki, xadimə işlədiyini 257 AZN əməkhaqqı alır. Bildirdiklərinə görə təmsilçi rəsmi evli olub ayrılıb. İlk öncə məhkəmə hər uşaq üçün 50 AZN aliment təyin edib. Daha sonra aliment artırılaraq 130 AZN olmuşdur. Digər qətnamə təqdim olunmadı.
TƏTBİQ EDİLƏN HÜQUQ
38. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
39. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
40. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun: 3-ci maddəsinə əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. 7.1-ci maddəsinə əsasən sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. 7.2-ci maddəsinə əsasən ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. 7.3-cü maddəsinə əsasən ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 8.1-ci maddəsinə əsasən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur.
41. ”Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2023-cü il üçün ehtiyac meyarının həddi 246 manat məbləğində təsdiq edilmişdir (maddə 1).
42. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 2.1-ci bəndinə əsasən ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notariat orqanı tərəfindən təsdiq edilir. 2.3-cü bəndinə əsasən sosial yardımın alınması üçün elektron formada müraciət edən Təmsilçi fərdi kommunikasiya vasitələrindən (kompüterlərdən, mobil telefonlardan və s.), habelə bu məqsədlər üçün xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə etməklə müraciət edir. Təmsilçi elektron formada müraciətin qeydiyyata alınması məqsədi ilə “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizəbəyannamə”ni dolduraraq Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra VEMTAS) göndərir. 3.1-ci bəndinə əsasən sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və müvafiq qərar qəbul edilir. 3.2-ci bəndinə əsasən VEMTAS tərəfindən “Ərizəbəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. 3.3-cü bəndinə əsasən bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Şöbənin ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. 3.4-cü bəndinə əsasən şöbənin ünvanlı sosial yardım üzrə işçisi “Ailənin maddiməişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. 5.1-ci bəndinə əsasən sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. 5.2-ci bəndinə əsasən ailənin gəlirinin hesablanması zamanı pul və natura formasında bütün növ gəlirlər, o cümlədən həm Azərbaycan Respublikasının ərazisində, həm də onun hüdudlarından kənarda istənilən mənbədən daxil olan milli və xarici valyutanın məbləği nəzərə alınır. 5.3-cü bəndinə əsasən ailənin gəlirinin hesablanması zamanı ailə üzvlərinin gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi və mənbəyi bəlli olan digər mənbələrdən (o cümlədən bilavasitə yerində araşdırmaqla) istifadə edilir. 5.4-cü bəndinə əsasən ailə üzvlərinin gəlirləri muzdlu işlə əlaqədar gəlirlərə, muzdlu işlə əlaqədar olmayan gəlirlərə, alınmış cari transfertlərə və digər gəlirlərə bölünür. 5.5-ci bəndinə əsasən muzdlu işlə əlaqədar gəlirlərə aşağıdakılar aiddir: 5.5.1. əsas iş yeri və əvəzçilik üzrə pul və ya natural formada ödənilən əməkhaqqı (tarif (vəzifə) maaşı, tarif (vəzifə) maaşına və ya əməkhaqqına əlavələr, əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar, birdəfəlik ödənclər, maddi yardımlar (5.24.2-ci yarımbənddə göstərilən hallar istisna olmaqla),qanunvericiliklə işçinin iş yeri və əməkhaqqının saxlanıldığı dövr üçün ödənilən əməkhaqqı, haqqı ödənilən ictimai işlərə görə əməkhaqqı, o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövrü də daxil edilməklə); 5.5.2. istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığın pozulmasına görə ödənclər; 5.5.3. işəgötürən tərəfindən ödənilən müavinətlər (5.24.3-cü yarımbənddə göstərilən hallar istisna olmaqla). Həmin Qaydaların 5.6-cı bəndinə əsasən ailə üzvünün muzdlu işə aid olmayan fəaliyyətdən gəlirləri sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. 5.8-ci bəndinə əsasən qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərə əmanətlər, depozitlər və onlara görə faiz gəliri, qiymətli kağızlardan əldə olunan gəlirlər, daşınar (avtomobil, avadanlıq və s.) və daşınmaz (ev, mənzil, bağ, torpaq sahəsi və digər daşınmaz əmlak) əmlakın icarəyə verilməsindən gəlir, royalti, qonorar, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin (ev, mənzil, bağ, torpaq sahəsi, avtomobil, mal-qara və s.) satışından gəlir, kənd təsərrüfatı məhsullarının satışından gəlir, podrat, tapşırıq, komisyon, müəlliflik və digər mülki-hüquqi xarakterli müqavilələr əsasında qazanılmış gəlir, ailə kəndli təsərrüfatında məşğulluqdan gəlir, şəxsi yardımçı təsərrüfatdan əldə olunan gəlir daxildir. 5.11-ci bəndinə əsasən natura formasında əldə olunan gəlirlər ailənin gəlirlərində bazar qiymətləri ilə nəzərə alınır. Bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) satıldığı andan çoxu 30 (otuz) gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin dərc etdiyi qiymətlərə əsasən müəyyənləşdirilir. 6.1-ci bəndinə əsasən sosial yardımın təyin olunmasına, verilməsinə və ödənişinə nəzarət Nazirlik tərəfindən həyata keçirilir.
43. Ailə Məcəlləsinin 56.2-ci maddəsinə əsasən uşaqlar yetkinlik yaşına çatdıqda, yetkinlik yaşına çatmayan şəxslər nikah bağladıqda, eləcə də yetkinlik yaşına çatmayan uşaqlar qanunvericiliklə müəyyən edilmiş hallarda tam fəaliyyət qabiliyyəti əldə etdikdə valideynlərin bu fəsildə göstərilən hüquq və vəzifələrinə xitam verilir.
44. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin sosial müdafiəsi, o cümlədən əmək pensiyaları və sosial sığorta, əhalinin məşğulluğu, işsizlikdən sığorta, demoqrafiya, tibbi-sosial ekspertiza, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların reabilitasiyası sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. 3.1.31-ci bəndinə əsasən qanunvericiliyə uyğun olaraq aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının göstərilməsini təmin etmək vəzifəsi həmin Nazirliyə həvalə edilmişdir.
45. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdı. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 46.3-cü maddəsinə görə maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
46. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 30 may 2023-cü il tarixli 2-1(116)-1255/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
47. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
48. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.
49. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
50. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının ailə tərkibinin düzgün göstərilməməsi ilə bağlı cavabdeh orqanın imtinası əsassız olduğundan iddiaçı, hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Eyni zamanda cavabdeh orqan iddiaçının ailəsinin müraciətdə qeyd edilənlərdən başqa gəlirləri olması barədə hər hansı bir sübut məhkəməyə təqdim etməmiş, məhkəmədə işə baxılan zaman da iddiaçının ailəsinin özünün təqdim etdiyi gəlirlərdən başqa əlavə gəlirlərinin olması müəyyən edilməmişdir.
51. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
52. İş materialları ilə müəyyən edilir ki, iddiaçı və onun azyaşlı övladları Azərbaycan Respublikasının vətəndaşlarıdırlar. İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək ünvanlı sosial yardımın təyin edilməsini xahiş etmiş, lakin müraciəti təmin edilməmişdir, imtinanın əsası kimi ailə tərkibinin düzgün göstərilməməsi qeyd edilmişdir. İddiaçı qeyd edilən əsaslarla imtinanın qanunsuz hesab edilərək onun ailəsinə ünvanlı sosial yardımın verilməsi ilə bağlı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
53. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
54. İşin faktiki hallarına əsasən iddiaçının ailəsi 3 nəfərdən ibarətdir, onlardan ikisi azyaşlıdır. Cavabdeh inzibati orqanın apellyasiya şikayətinin əsas dəlili iddiaçının ailə tərkibinin düzgün göstərilməməsi ilə bağlıdır. Belə ki, cavabdeh orqan maddi-məişət şəraitinin yoxlanılması zamanı iddiaçının ailə tərkibinin həm də birgə təsərrüfat apardığı valideynlərindən ibarət olmasının aşkar edilməsini bildirir və qeyd edir ki, ailə tərkibinin düzgün göstərilməməsi iddiaçının gəlirlərinin də düzgün göstərilməməsinə səbəb olmuşdur.
55. Lakin məhkəmə kollegiyası cavabdeh orqanın apellyasiya şikayətinin həmin dəlilini əsassız hesab edir.
56. Belə ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanun ailəyə belə bir anlayış vermişdir qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər (m.1.0.2). Ünvanlı dövlət sosial yardımla bağlı mübahisələrdə məhz bu anlayış əsas götürülməlidir. Belə ki, ailə hesab edilə bilmək üçün digər tələblərlə yanaşı, birgə yaşayan şəxslərin ümumi ev təsərrüfatına malik olmaları, yəni birgə təsərrüfat aparmış olmaları müəyyən olunmalıdır. Mövcud qanunvericilik bir ünvanda bir neçə ayrı ailə(lər)nin yaşamasının mümkünlüyünü qəbul edir.
57. Ailə Məcəlləsinin 56.2-ci maddəsinə əsasən uşaqlar yetkinlik yaşına çatdıqda, yetkinlik yaşına çatmayan şəxslər nikah bağladıqda, eləcə də yetkinlik yaşına çatmayan uşaqlar qanunvericiliklə müəyyən edilmiş hallarda tam fəaliyyət qabiliyyəti əldə etdikdə valideynlərin bu fəsildə göstərilən hüquq və vəzifələrinə xitam verilir.
58. Qeyd olunan maddənin tələbindən görünür ki, iddiaçı ilə eyni ünvanda yaşayan valideynləri iddiaçı və onun övladını saxlamağa və maddi cəhətdən təmin etməyə borclu deyillər.
59. Hazırkı işdən göründüyü kimi, cavabdeh müvafiq müraciətin təmin edilməsindən imtina edərkən yalnız birgə yaşama halının mövcudluğuna istinad etmiş, birgə yaşayan şəxsin ümumi birgə təsərrüfat aparmasını subyektiv mülahizələrlə əsaslandırmış və iddiaçının birgə yaşadığı şəxslərlə birgə təsərrüfat aparmadan yaşamasının mümkünsüzlüyünə istinad etmişdir.
60. Cavabdeh inzibati orqan sübut kimi baxış aktına əsaslanmışdır. Lakin baxış zamanı yalnız iddiaçının valideynlərinin həmin ünvanda yaşadıqları müəyyən edilmişdir. Hansı ki, iddiaçı özü də bu halı təsdiq edir. Lakin, bu heç də cavabdeh inzibati orqana iddiaçının və valideynlərinin ümumi ev təsərrüfatına malik olmaları qənaətinə gəlməyə əsas vermir. Belə ki, şəxslərin eyni ünvanda yaşaması faktı özlüyündə birgə yaşayan şəxslərin birgə ev təsərrüfatı aparması qənaətini yaratmır. Ümumi ev təsərrüfatının aparılması dedikdə isə, əldə olunan qazancın ailənin ümumi ehtiyaclarına sərf edilməsi, o cümlədən mövcud əmlakın birgə təsərrüfat fəaliyyətinin nəticəsində əldə edilməsi başa düşülür.
61. Belə olan halda cavabdeh inzibati orqan iddiaçının valideynləri ilə eyni ünvanda yaşama faktını birgə təsərrüfatın aparılması kimi qiymətləndirərək yanlış nəticəyə gəlmiş və əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir.
62. Eyni zamanda cavabdeh orqan iddiaçının ailəsinin müraciətdə qeyd edilənlərdən başqa gəlirləri olması barədə hər hansı bir sübut məhkəməyə təqdim etməmiş, məhkəmədə işə baxılan zaman da iddiaçının ailəsinin özünün təqdim etdiyi gəlirlərdən başqa əlavə gəlirlərinin olması müəyyən edilməmişdir.
63. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdehin imtinası əsassız olmuşdur, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdu.
64. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
65. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 30 may 2023-cü il tarixli 2-1(116)-1255/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.