Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-471/2023 10.08.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən, məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “üçüncü şəxs X1 iddiaçının mülkiyyətində olan ünvan 1i ünvanındakı 0,07 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən pasport qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 25 iyun 2023-cü il tarixli, 2-1(116)-1103/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “üçüncü şəxs X1 iddiaçının mülkiyyətində olan ünvan 1i ünvanındakı 0,07 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən pasport qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli yardım məktubu iddiaçıya ünvanlanmış Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra “İPM”) 13-cü maddəsinə əsasən izah edilmişdir ki, iddia tələbi mümkünlük şərtlərinə cavab vermir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
3. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 25 iyun 2023-cü il tarixli, 2- 1(116)-1103/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
4. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
5. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, üçüncü şəxs Maraqlı şəxs məhkəmənin qeyd etdiyi kimi Balakən rayonu, Qullar kəndində deyil, məhz Balakən rayonu, Qullar kəndində 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 112,3 kv.m yaşayış sahəsindən ibarət ona məxsus fərdi yaşayış evində pasport qeydiyyatındadır. Qanunvericilik normalarının tələblərinə görə, bu və ya digər şəxs yaşayış yeri üzrə qeydiyyata alınır. Həmçinin yaşayış yeri dedikdə, ev, mənzil yataqxana və digər yaşayış yerləri nəzərdə tutulur. Hazırkı halda üçüncü şəxs Esmira Bəhramova mənimlə nikahda olduğu vaxtda yaşayış yeri üzrə, yəni ona məxsus Balakən rayonu. Qullar kəndində 0,07 ha torpaq sahəsində yerləşən ona məxsus fərdi yaşayış evi üzrə qeydiyyata alınmışdır. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını, Şəki İnzibati Məhkəməsinin 25 iyun 2023-cü il tarixli, 2-1(116)-1103/2023 nömrəli qərardadın ləğv edilməsini və işə yenidən baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
6. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir.
7. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
TƏTBİQ EDİLƏN HÜQUQ
8. İnzibati Prosessual Məcəllə: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
9. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə Təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi” Qaydaları: 1.4. Ünvan reyestri daşınmaz əmlakın vahid kadastrı ilə əlaqələndirilməklə, məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən və onların fərdiləşdirilməsini təmin edən məlumat bazasıdır. Ünvan reyestri ünvan istifadəçilərini ünvanla bağlı zəruri informasiya ilə təmin etmək məqsədi ilə tərtib edilir və aparılır. 3.7. Daşınmaz əmlak obyektinin ünvanı təkrarolunmaz olmaqla, aşağıdakı rekvizitlərdən ibarətdir: 3.7.1. ərazi vahidinin adı və kodlaşdırılmış nömrəsi; 3.7.1-1. ərazi vahidi üzrə poçt indeksi; (-) 3.7.3. ünvan verilmiş daşınmaz əmlak obyektinin növü; 3.7.4. daşınmaz əmlak obyektinin fərdiləşdirilməni təmin edən rəqəmlərdən və zəruri hallarda onlara əlavə edilmiş hərflərdən və (və ya) işarələrdən ibarət ünvan nömrəsi. 3.9. çoxmənzilli binaların, qeyri-yaşayış binalarının, onların tərkib hissələrinin və fərdi yaşayış evlərinin girişlərinə ünvan verilir. Hər bir girişə nəqliyyat infrastrukturu obyektinin başlanğıcından sağdakılara cüt, soldakılara tək olmaqla ünvan nömrəsi verilir.. 3.14. Ünvan nömrəsi 1-dən 9999-dək olan rəqəmlərdən, ədədlərdən və onlara əlavə olunmuş hərflərdən istifadə etməklə bu Qaydaların 3.9 - 3.11-ci bəndlərində göstərilmiş qaydada verilir. Ünvan nömrələrinin verilməsi zamanı Ə, Ö, Ü, İ, İ, Ç, J, Ğ, O, Ş hərfləri istisna olmaqla, digər hərflərdən istifadə edilə bilər. Girişinə ünvan nömrəsi verilmiş obyektlər arasında yeni obyektin girişinə ünvan nömrəsi rəqəmlərə və ədədlərə hərflər əlavə edilməklə verilə bilər. Rəqəmlərdən və hərflərdən ibarət ünvan nömrələri bərabər statusa malikdir.
10. “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanunun 2.11-ci maddəsinə əsasən, kənd - əhalisinin əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olan ərazi vahididir.
11. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3 Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
12. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
13. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
14. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.
15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarı).
16. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
17. Belə ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın.
18. İş materiallarından göründüyü kimi ********* qeydiyyat nömrəli, xx.xx.2008-ci il tarixli çıxarışda qeyd edilmiş fərdi yaşayış evi Balakən rayonu Qullar kəndində yerləşir. Sözügedən fərdi yaşayış evinə yuxarıda istinad olunan Qaydaların tələbləri baxımından ünvan verilməmişdir. Yəni, həmin fərdi yaşayış evinin məkana görə xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən və onların fərdiləşdirilməsini təmin edən məlumat mövcud deyil. Üçüncü şəxslərin qeydiyyat ünvanları məhz iddiaçıların mülkiyyətində olan fərdi yaşayış evi deyil, Balakən rayonu Qullar kəndi qeyd olunmuşdur. Odur ki, üçüncü şəxslərin Balakən rayonu Qullar kəndindən qeydiyyatdan çıxarılması ilə bağlı iddiaçının tələb irəli sürmək üçün subyektiv hüquqları yoxdur. İddiaçı özü də üçüncü şəxsin Balakən rayonu Qullar kəndindən deyil, öz mülkiyyətlərində olan fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmasında maraqlıdırlar.
19. Lakin, yuxarıda qeyd edildiyi kimi iddiaçıya məxsus fərdi yaşayış evinin ünvanı mövcud olmadığından üçüncü şəxsin qeydiyyat ünvanı ünvan 2 üçüncü şəxsin hüquqları məhdudlaşdırıla bilməz.
20. Birinci instansiya məhkəməsi iddiaçıların hüquqi maraqlarını nəzərə alaraq düzgün izah etmişdir ki, üçüncü şəxs iddiaçıya məxsus təsərrüfatda uçotda olduğundan, iddiaçı, ev təsərrüfatlarının uçotu kitabında müvafiq şəxsi hesabda uçot aparılmasına cavabdeh olan Balakən rayonu Qullar kənd ƏİD üzrə nümayəndəliyinə müraciət etməli və daimi olaraq həmin təsərrüfatda yaşamayan şəxslərin adlarının çıxarılmasını tələb etməlidirlər.
21. Belə ki, “şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına uçot sənədlərinin və təsərrüfatbaşına uçotun aparılmasına dair göstərişin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin xx.xx.2017-ci il tarixli 22/05 №-li qərarından göründüyü kimi, göstərilən sənədlər Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 5.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədilə təsdiq olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 5.1.6-cı yarımbəndində isə inzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısı nümayəndələrinin vəzifə və səlahiyyətlərindən biri kimi ərazidə olan yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə təsərrüfatbaşına uçot kitablarının, habelə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısının aparılması nəzərdə tutulmuşdur.
22. Şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təsdiq edilmiş təsərrüfatbaşına uçotun ilkin sənədləri aşağıdakılardan ibarətdir: 1 №-li forma – “Azərbaycan Respublikasının şəhər, rayon və şəhər rayonlarının icra hakimiyyəti başçılarının şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində ev təsərrüfatlarının uçotu kitabı” (bundan sonra - ev təsərrüfatlarının uçotu kitabı); 2 №-li forma – “Şəhər, qəsəbə, sahə inzibati ərazi dairəsində müvəqqəti yaşayan şəxslərin siyahısı” (bundan sonra - müvəqqəti yaşayan şəxslərin siyahısı).
23. Ev təsərrüfatlarının uçotu kitabları (1 №-li forma) hər beş ildən bir yenilənir. Ev təsərrüfatlarının uçotu kitabları məsul şəxslər tərəfindən yanvarın 1-dən 30-dək şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə bütün təsərrüfatlar başdan-başa gəzilərək təsərrüfat başçısını (və ya təsərrüfatın mülki hüquq və fəaliyyət qabiliyyəti olan digər üzvünü) sorğu etmək yolu ilə yanvar ayının 1-i vəziyyətinə tərtib edilir və hər il üzrə məlumatların doğru-düzgünlüyü şəxsi hesabın son səhifəsinin aşağı hissəsində məsul şəxsin və təsərrüfat başçısının imzaları ilə təsdiq edilir.
24. Yanvarın 1-i vəziyyətinə şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə daimi yaşayan şəxslərin təsərrüfatlarının hər biri üçün ev təsərrüfatlarının uçotu kitablarında şəxsi hesab açılır.
25. Ev təsərrüfatlarının uçotu kitabına şəhər, qəsəbə və sahə inzibati ərazi dairəsində daimi yaşayan bütün şəxslərin (təsərrüfata məxsus tikililərə və həyətyanı torpaq sahəsinə hüquqlarının olub-olmamasından asılı olmayaraq) ev təsərrüfatlarının üzvləri yazılır. Təsərrüfatları gəzmədən ev təsərrüfatlarının uçotu kitabında qeydlərin aparılması yolverilməzdir.
26. Ev təsərrüfatlarının uçotu kitabı (1 №-li forma) üzrə şəxsi hesablarda qeydlərin aparılması qaydalarının birinci bölmə “Təsərrüfat üzvlərinin siyahısı”nın 11-ci “Təsərrüfatın tərkibindən tamamilə çıxan üzvlər haqqında qeydlər” sətrində səbəbi göstərilməklə təsərrüfat üzvünün təsərrüfatdan çıxıb getdiyi və ya çıxarıldığı ay, il yazılır. Bu zaman çıxıb gedənlər haqqındakı qeydlərdə həmin şəxslərin inzibati ərazi dairəsi daxilində başqa təsərrüfata, yaxud inzibati ərazi dairəsindən kənara daimi yaşamağa getdiyi göstərilməlidir
27. Məsələn, “2023-cü ilin aprel ayında ərə getməsi ilə əlaqədar ____ nömrəli təsərrüfata köçüb getmişdir”, “2023-cü ilin iyun ayında iş yerini dəyişməsi ilə əlaqədar Sumqayıt şəhərinə köçüb getmişdir”, “16.02. 2023-cü il tarixdə ölümü ilə əlaqədar çıxarılmışdır”, “2018-ci ilin mart ayında məhkəmənin qərarına əsasən çıxarılmışdır”. Eyni zamanda, şəxsi hesabın 1-ci “Təsərrüfat üzvlərinin siyahısı” bölməsinin təsərrüfatın çıxıb getmiş və ya çıxarılmış (ölmüş) üzvünə aid sütununda çarpaz xətt çəkilir. Təsərrüfatların tərkibindən çıxan və ya çıxarılan şəxslər haqqındakı qeydlər bütün il boyu aparılır və yanvarın 1-i vəziyyətinə təsərrüfatların başdan-başa gəzişi zamanı yoxlanılır.
28. Qeydlər mütləq bu sətirdə edilməlidir, həmin qeydlərin başqa sətirlərə yazılması, habelə təsərrüfat üzvünün təsərrüfatın tərkibindən çıxması və ya çıxarılması haqqında qeydlərin aparılmaması əhalinin sayı, cins və yaş tərkibi barədə dəqiq məlumatların əldə olunmasını çətinləşdirir. Yaşayış yerini istər müvəqqəti, istərsə də daimi tərk etmiş əhali haqqında müvafiq olaraq 10 və 11-ci sətirlərdə vaxtında dolğun aparılmış qeydlər əhalinin sayı və tərkibi barədə məlumatların dürüstlüyünü təmin edir.
29. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar faktiki olaraq Balakən rayonu Qullar kəndində yaşamayan üçüncü şəxsin Balakən rayonu, Qullar kəndi üzrə ev təsərrüfatlarının uçotu kitabından adının çıxarılması tələbi ilə Balakən rayonu, Qullar kənd İnzibati Ərazi dairəsi üzrə icra nümayəndəliyinə, müraciəti təmin olunmadığı halda isə anoloji qaydada iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etməlidir.
30. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi ilə bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi üçün iddiaçıya 10 (on) gün müddətində vaxt təyin edilmişdir.
31. Birinci instansiya məhkəməsi tərəfindən göndərilmiş yardım məktubu iddiaçının etibarnamə üzrə nümayəndəsinin (vəkilinin) elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmiş, həmçinin poçt vasitəsilə iddiaçıya göndərilmişdir. İddiaçı, xx.xx.2023-cü il tarixdə hüquqi yardım məktubunu alınmasına baxmayaraq, məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməmişdir.
32. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikasının Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir, hazırki iddia isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermir.
33. Beləliklə kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək belə qənaətə gəlir ki, hazırkı iddia tələbinin mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur.
34. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir, Şəki İnzibati Məhkəməsinin 25 iyun 2023-cü il tarixli, 2-1(116)-1103/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 25 iyun 2023-cü il tarixli, 2-1(116)-1103/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.