Məhkəmə qərarları › İş №2-1(107)-472/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-472/2020

30.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-472/2020 30.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Yevlax rayon filialına qarşı “onun 1975-1988-ci illərdə Yevlax rayonu Malbinəsi kəndində “Kommunist” kolxozunda kolxozçu kimi işlədiyi, 1989-1996-cı illərdə Yevlax rayon Kövər kəndində “Qarabağ” kolxozunda kolxozçu kimi işlədiyi, 1997-1999-cu illərdə “Elşən” İcarə Kollektivində işlədiyi illərin əmək stajlarının həmin illər üzrə sosial sığorta stajı kimi qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-1029/2020 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Yevlax rayon filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı 1975-1988-ci illərdə Malbinəsi kəndində “Kommunist” kolxozunda kolxozçu olaraq işləmişdir. Həmin illərdə işləməyi ilə əlaqədar olaraq sözügedən kolxozun sənəd və materiallarında, mühasibatlıq sənədlərində iddiaçının işləməsi əks etdirilmişdir. İddiaçı bu kolxozda fasiləsiz olaraq 13 il işləmişdir. Sonra 1989-1996-cı illərdə Kövər kənd ərazisində “Qarabağ” kolxozunda 8 il işləmişdir. Bundan sonra iddiaçı əmək fəaliyyətini davam etdirərək 1997-1999-cu illərdə “Elşən” İcarə Kollektivində işləmişdir. İddiaçı pensiya hüququ yarandıqdan sonra cavabdeh orqana pensiya təyin edilməsi üçün müraciət etmişdir. Lakin iddiaçı əmək kitabçası olmadığı üçün cavabdeh orqana təqdim edə bilməmiş və bu səbəbdən də pensiya təyin edilməsindən imtina edilmişdir. Cavabdeh orqan iddiaçının tələbinə münasibət bildirirərək qeyd etmişdir ki, iddiaçının pensiya hüququ xx xxx 2020-ci ildə yaranmışdır. Onun mübahisəli iş stajı 25 il mübahisələndirilməyən iş stajı və pensiya kapitalı yoxdur. İddiaçının tələbdə qeyd etdiyi 25 il iş stajı əmək kitabçasının olmamasına baxmayaraq arxiv arayışı əsasında təsdiq olunmuş və bu barədə qarşılıqlı yoxlama Aktı tərtib edilmişdir. Məhkəmənin iclasında protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxxxx 2020-ci il tarixli, 2- 1(116)-1029/2020 nömrəli qərarı ilə iddia təmin edilərək, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Yevlax rayon filialının üzərinə İddiaçı 1975-1988-ci illərdə Yevlax rayonu Malbinəsi kəndində “Kommunist” kolxozunda kolxozçu kimi işlədiyi, 1989-1996-cı illərdə Yevlax rayon Kövər kəndində “Qarabağ” kolxozunda kolxozçu kimi işlədiyi, 1997-1999-cu illərdə “Elşən” İcarə Kollektivində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Yevlax rayon filialı həmin qərardan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Yevlax rayon filialı apellyasiya şikayətini belə əsaslandırılmışdır ki, İddiaçı 1975-1988-ci illərdə Malbinəsi kəndində “Kommunist” kolxozunda kolxozçu işləmişdir. Həmin illərdə işləməyi ilə əlaqədar olaraq sözügedən kolxozun sənəd və ya materiallarında, mühasibatlıq sənədlərində iddiaçının işləməyi əks etdirilmişdir. İddiaçı bu kolxozda fasiləsiz olaraq 13 il işləmişdir. Sonra 1989-1996-cı illərdə Kövər kənd ərazisində “Qarabağ” kolxozunda 8 il işləmişdir. Bundan sonra iddiaçı əmək fəaliyyətini davam etdirərək 1997-1999-cu illərdə “Elşən” İcarə Kollektivində işləmişdir. İddiaçı pensiya hüququ yarandıqdan sonra cavabdeh orqana pensiya təyin edilməsi üçün müraciət etmişdir. Lakin İddiaçı əmək kitabçası olmadığı üçün cavabdeh orqana təqdim edə bilməmiş və bu səbəbdən də təyin edilməsindən imtina edilmişdir. Şəki İnzibati Məhkəməsi işə mahiyyəti üzrə baxsa da, həqiqətə nail olmaq üçün bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, mübahisə mahiyyəti üzrə düzgün həll olunmamış, maddi və prosessual hüquq normaları pozulmaqla hüququn tətbiqində məhkəmə səhv edərək düzgün olmayan qərar qəbul etmiş, nəticədə Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci, 385.1.3-cü, 385.1.4-cü maddələrinin tələbləri əhəmiyyətli dərəcədə pozulmuşdur. İddiaçının pensiya hüququ xx xxx 2020-ci ildə yaranmışdır. Onun mübahisəli iş stajı 25 il, mübahisələndirilməyən iş stajı və pensiya kapitalı yoxdur. İddiaçının tələbdə qeyd etdiyi 25 il stajı əmək kitabçasının olmasına baxmayaraq arxiv arayışı əsasında təsdiq olunmuş və bu barədə qarşılıqlı yoxlama aktı tərtib edilmişdir. Ona görə də şəxsin pensiya təminatını müəyyən etmək mümkün deyil. Bu səbəbdən də apellyasiya şikayətində mübahisəyə baxılmasını, Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-1029/2020 saylı inzibati qərarından verdiyi apellyasiya şikayətinin təmin olunmasını bildirmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-1029/2020 nömrəli qərarı əsassız olduğundan ləğv edilib, iddia tələbinin təmin edilməməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. İddiaçı teleqram və ərizə göndərərək səhhətilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini və bu səbədən iştirakı olmadan yekun məhkəmə qərarının çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlara AA seriyalı ******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş sürəti, cavabdehin xx.xx.2020-ci il tarixli **********3 nömrəli imtina məktubu, Dövlət Arxivinin Yevlax filialının xx.xx.2020-ci il tarixli 86/10 nömrəli məktubu, cavabdehin xx.xx.2020-ci il tarixli **********6 nömrəli məktubu, xx.xx.2020-ci il tarixdə tərtib olunmuş akt aiddir. Əsaslandırma hissəsi Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-478/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1cimaddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərək, cavabdeh DSMF-nin Yevlax rayon şöbəsinin üzərinə İddiaçı 1975-1988-ci illərdə Yevlax rayonu Malbinəsi kəndində “Kommunist” kolxozunda kolxozçu kimi işlədiyi, 1989-1996-cı illərdə Yevlax rayon Kövər kəndində “Qarabağ” kolxozunda kolxozçu kimi işlədiyi, 1997-1999-cu illərdə “Elşən” İcarə Kollektivində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyi qoyulmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, iddiaçının 1975-1988-ci illərdə Yevlax rayon Malbinəsi kənd “Kommunist” kolxozunda, 1989-1996-cı illərdə Kövər kənd “Qarabağ” kolxozunda, 1997-1999-cu illərdə “Elşən” İcarə Kollektivində işləməsi Dövlət Arxivinin Yevlax filialının xx xxxx 2020ci il tarixli 86/10 nömrəli arxiv arayışı ilə təsdiq olunur. İş materiallarında olan cavabdehin xx xxxx 2020-ci il tarixli **********6 nömrəliməktubundan müəyyən edilir ki, iddiaçının mübahisələndirilən iş stajı 25 ildir. Mübahisələndirilməyən iş stajı və pensiya kapitalı yoxdur. İddiaçının əmək kitabçası olmadığından onun iş stajı Dövlət Arxivinin Yevlax filialının xx xxxx 2020-ci il tarixli, 86/10 nömrəli arxiv arayışına əsasən təsdiq edilir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixdə cavabdehin nümayəndəsi və arxiv müdirinin iştirakı ilə tərtib edilmiş Aktda qeyd edilir ki, iddiaçının sığorta stajına daxil edilən əmək stajı yerində qarşılıqlı yoxlanmış və Arxiv arayışında yazılanların doğru olduğumüəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçının tələbində qeyd olunan müəssisələrdə işlədiyi müddətlər onun sosial sığorta stajına daxil ediləcəyi təqdirdə onun “Əmək pensiyaları haqqında”Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində nəzərdə tutulmuş 25 il sığortastajı tamamlanacaqdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsiqaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya işstajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbərtəşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçasıolmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədəqeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi Arayışlar,əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri,vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklərazılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi Arayışlar nəzərə alınır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. İstinad olunan qanunvericilik normalarının məzmunundan göründüyü kimi, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması yoverilməzdir. İş stajını təsdiq edən sənəd kimi Arayışlar nəzərə alınır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 1975-1988-ci illərdə Yevlax rayon Malbinəsi kənd “Kommunist” kolxozunda, 1989-1996-cı illərdə Kövər kənd “Qarabağ” kolxozunda, 1997-1999-cu illərdə “Elşən” İcarə Kollektivində işləməsi adam günü norması və əmək haqqı qazanması Yevlax Rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 86/10 nömrəli arxiv arayışı ilə təsdiq olunur. Arxiv arayışları isə iş stajını təsdiq edən sənəd olduğundan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən cavabdehin imtinası əsassızdır. Cavabdeh inzibati orqan arxiv arayışında olan qeydlərin həqiqi olmaması barədə sübut təqdim edə bilmir. Belə olan halda, həmin arxiv arayışı mötəbər sübut kimi qəbul edilir. Belə ki, iddiaçıya məxsus olan arxiv arayışının həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə mötəbər hesab olunur. İş materiallarında olan cavabdeh DSMF-in Yevlax rayon şöbəsinin xx xxxx 2020-ci il tarixli **********6 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2020-ci ildə yaranmışdır.İddiaçının mübahisələndirilən iş stajı 25 il, mübahisələndirilməyən iş stajı və pensiya kapitalı yoxdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən vəsatətlə məhkəməyə müraciət edərək işə tam, hərtərəfli və obyektiv baxılmasını təmin etmək məqsədilə inzibati iş üzrə əlavə məlumatları əldə etmək məqsədilə xx xxxxxx 2020-ci il tarixli məhkəmə iclasını təxirə salınmasını xahiş etmişdir.Vəsatət təmin edilərək kollegiyanın iclası təxirə salınmışdır. Lakin,növbəti xx xxxxxx 2020-ci il tarixli kollegiya iclasında cavabdehin nümayəndəsi tərəfindən vəsatətdə göstərilən məlumatlarla bağlı hər hansı bir sənəd təqdim edilməmişdir. Göründüuü kimi, iddiaçı ona əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Kollegiya cavabdehin apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının 1975-1988-ci illərdə Yevlax rayon Malbinəsi kənd “Kommunist” kolxozunda, 1989-1996-cı illərdə Kövər kənd “Qarabağ” kolxozunda, 1997-1999-cu illərdə “Elşən” İcarə Kollektivində işləməsi Yevlax Rayon Dövlət Arxivinin xx xxxx 2020-ci il tarixli 86/10 nömrəli arxiv arayışı ilə təsdiq olunur. Arxiv arayışları isə iş stajını təsdiq edən sənəd olduğundan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən cavabdehin imtinası əsassızdır. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-nin 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Yevlax rayon filialının verdiyi apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Yevlax rayon filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-1029/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rövşən Rəfiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar