Məhkəmə qərarları › İş №2-1(107)-472/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-472/2023

10.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-472/2023 10.08.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən, məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" X7 Cəmiyyətinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı "xxxx" ASTC-nin 2,663.3 ha torpaq sahəsinə texniki pasportun cavabdeh tərəfindən hazırlanması və 41 adda olan əmlakın geri qaytarılması" tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 31 may 2023-cü il tarixli, 2-1(116)-768/2023 nömrəli qərardadından iddiaçı "xxxx" X7 Cəmiyyəti tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı "xxxx" X7 Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın DövlətReyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək "xxxx" ASTC-nin 2,663.3 ha torpaq sahəsinə texniki pasportun hazırlanması və ƏMDX tərəfindən 41 adda olan əmlakın geri qaytarılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-2066/2022 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir.

3. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-1856/2022 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır.

4. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(107)-380/2022 nömrəli qərardadı ilə iddiaçı "xxxx" ATSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 21(116)- 1856/2022 nömrəli qərardadı ləğv edilmişdir.

5. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-768/2023 nömrəli qərardadı ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "xxxx" MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər.

6. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1998-ci ildə 1995-1998-ci illərdə dövlət proqramı əsasında "xxxx" özəlləşdirilməsi üçün ƏMDK tərəfindən sərəncam verilmişdir. xx.xx.1999-cu il tarixdə N-RK-127 saylı əmrlə ƏMDK tərəfindən "xxxx" ATSCyə idarə heyyətinin sədri təyin edilmişdir. 2000-ci ildə ƏMDK-nın sərəncamı ilə təyin olunmuş "xxxx" ATSC-nin idarə heyətinin rəhbəri vəfat etmiş və bundan sonra ƏMDK tərəfindən yeni rəhbər təyin edilməmişdir. 2003-cü ildə "xxxx" ATSC-nin Fəxri Firmasına borcu olduğu üçün məhkəməyə verilmiş və "xxxx" ATSC pulu qaytara bilmədiyi üçün məhkəmə icraçısı 41 əmlakın satılması ilə bağlı qətnamə çıxarmışdır. Məhkəmə icraçısı "xxxx" ATSC-nin 42 əmlakını hərraca çıxartmadan Fəxri Firmasına aktla təhvil verilmişdir. Fəxri firması həmin əmlakdan birini yəni müəssisənin 4 otaqlı inzibati binanı notariat qaydasında Miri Qrand MMC-yə satılmışdır. Həmin alqı-satqı müqaviləsində 134.4 kv.m sahəsinin üzərində olan 4 otaqlı mənzildən başqa 2663,3 ha torpaq sahəsini də həmin alqı-satqı müqaviləsində göstərilmişdir. Qalan 41 əmlakın kimə satıldığı bəlli deyildir. 2013cü ilin 24 avqustunda "xxxx" ATSCdən Dövlətə çatan 30%-nin alınması ilə bağlı mülkiyyət qəzetində çıxmışdır.

7. Qəzetdə elana görə Səhmdar Cəmiyyətinin alqı-satqısında nümayəndə kimi iştirak etmiş və aksiyonu udmuşdur. Bundan sonra ƏMDK-nın sədr müavini xx.xx.2013-cü ildə müqavilə bağlamışdır. Həmin müqavilənin 1.3 bəndinə alıcının mülkiyyət hüququnun yaranması göstərilmişdir. Bu müqavilədən sonra xx.xx.2014-cü ildə 15 səhmdarın reyestrdən çıxarışını almışdır. Həmin çıxarışda "xxxx" ATSC-nin idarə heyətinə təyin olunmasını görmüşdür. İddiaçı "xxxx" ATSC harda yerləşdiyini görməmişdir. 41 əsas vəsaitin olub-olmamasından da məlumatı yoxdu. "xxxx" ATSC-yə səhm qoymamışdır. xx.xx.2020-ci ildə İqtisadiyyat Nazirliyinin yanında ƏMDK rəis müavini bildirmişdir ki, "xxxx" ATSC tam özəlləşib mülkiyyətçi də dəyişilmişdir. “AğsuYenilik” ATSC-nin nizamnaməsi dəyişilməyib vergi qeydiyyatında da ATSC gedir. “AğsuYenilik” ATSC sənəd üzrə hüquqverici sənədləri qismən mövcuddur. Buna görə də 5 səhmdarların hüquqları ƏMDK İdarəsi tərəfindən məhdudlaşdırılmışdır. Sözügedən müəssisəinin 41 əmlakının qeyrirəsmi satılması və "xxxx" ATSC-nin istifadəsində olunmuş 2655,5 ha torpaq sahəsi "xxxx" MMC istifadəsinə hansı qanun əsasında verilməsi bəlli deyildi. Azərbaycan Respublikasının Memarlıq Komitəsinin Dövlət texniki invertarlaşdırma mülkiyyət hüququnun qeydiyyat idarəsi 2003-cü ilin oktyabr ayında 134,4 kv.m torpaq sahəsinin texniki pasportu verilmişdir. ƏMDK-nın yanında DƏDR-nın 14 saylı ərazi idarəsi xx.xx.2015-ci ildə “Milli Grandın” istifadəsində olan 134,4 kv.m torpaq sahəsini 352 kv.m kvadrat torpaqla əvəzləşdirmişdir. Həmin texniki pasportda “AğsuYenilik” ATSC-nin istifadəsində olan 202878,4 ha torpaq sahəsini “Miri Grandın” istifadəsinə verilmişdir.

8. 2023-cü ildə ƏMDH tərəfindən "xxxx" ATSC-nin 41 adda iri həcmli maşın mexanizmləri və əsas vəsaitləri qeyri-rəsmi satılmışdır.

9. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq, iddiaçıya xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubu ünvanlanmışdır.

10. Birinci instansiya məhkəməsinin hüquqi yardım məktubuna münasibət bildirərək iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

11. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 31 may 2023-cü il tarixli, 2- 1(116)-768/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

12. İddiaçı "xxxx" X7 Cəmiyyəti həmin qərardaddan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

13. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış, apellyasiya şikayətinin təmin olunmasını, Şəki İnzibati Məhkəməsinin 31 may 2023-cü il tarixli, 2-1(116)-768/2023 nömrəli qərardadın ləğv edilməsini və işə yenidən baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinin təmin olunmasını, Şəki İnzibati Məhkəməsinin 31 may 2023-cü il tarixli, 2-1(116)-768/2023 nömrəli qərardadın ləğv edilməsini və işə yenidən baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ

15. İnzibati Prosessual Məcəllə: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

16. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3 Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

17. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

19. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarı).

21. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

22. Belə ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın.

23. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq, iddiaçıya xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubu ünvanlanaraq iddia tələbinin cavabdeh orqana qarşı yönəlmiş “41 adda olan əmlakın geri qaytarılması” hissəsində bildirilmişdir ki, ümumiyyətlə həmin əmlakların geri qaytarılmasının hazırkı cavabdehdən tələb etməsi anlaşılan deyil. Belə ki, iş materialları ilə müəyyən edilir ki, “Ağsu Yenilik” ATSC-nin “N.E” firmasına 313 000 000 manat borcu olduğu üçün ünvan 1 ünvanda yerləşən, üzərinə həbs qoyulmuş 42 adda əmlaklar Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2001-ci il tarixli 1371/6- 265 saylı qətnaməsinə və xx.xx.2002-ci il tarixli icra vərəqəsinə əsasən “ N.E” firmasının direktoru X3 təhvil verilmişdir ( Təhvil-təslim aktının surəti əlavə olunur). Həmin əmlaklar xx.xx.2003-cü ildə X1 adına qeydiyyata alındıqdan sonra, yerdə qalan 134.4 kv.metrdən ibarət olan 5 otaqlı idarə binası 27 oktyabr 2003-cü ildə Ağsu rayon Dövlət Notariat Kontorunda təsdiq olunmuş 4ə/01-56 alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-yə satılmışdır. Həmin əmlakların geri qaytarılması ilə bağlı iddia tələbi üzrə hazırkı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 14 saylı Şamaxı Ərazi İdarəsi heç bir cavabdehlik daşımır və mübahisəyə mülki icraat qaydasında (“N.E” firmasına və ya "xxxx" MMC-yə qarşı) kommersiya məhkəməsində baxılmalıdır.

24. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya iddia tələbinin “2,663.3 ha torpaq sahəsinə texniki pasportun” hazırlanması hissəsində izah olunmuşdur ki, iddia olunan torpaq sahəsinin faktiki ölçüsü 20287.4 kv.m olmaqla dövlət mülkiyyətindədir və 8200 inventar nömrəli, **********74-06301 reyestr nömrəsi ilə "xxxx" MMC-nin adına texniki pasport tərtib edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, sözügedən torpaq sahəsinə "xxxx" ASTC-nin aidiyyətini əks etdirən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən, dövlət mülkiyyətində olan və "xxxx" MMC-nin adına texniki pasport hazırlanmış torpaq sahəsinə, yenidən iddiaçının adına texniki pasportun hazırlanması ilə bağlı tələb irəli sürə bilməz.

25. Həmçinin izah olunmuşdur ki, texniki pasport hər hansı hüququ əks etdirmir, yalnız torpaq sahəsinin planını və coğrafi xüsusiyyətlərini əks etdirməklə yerləşmə vəziyyəti, ölçüsü və s. barədə məlumatların qeyd edildiyi texniki sənəddir. Odur ki, sözügedən sənədin “AğsuYenilik” ASTC-nin adına hazırlanması üçün iddia olunan torpaq sahəsinin iddiaçının icarəsinə və ya istifadəsinə verilməsi ilə bağlı hüquqmüəyyənedici sənəd də təqdim edilməlidir. Əks halda iddia olunan torpaq sahəsinə hər hansı aidiyyəti olmadığından iddiaçının həmin tələbi irəli sürmək üçün subyektiv hüququ olmayacaqdır. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(107)-1964/2017ci il tarixli qətnaməsindən görünür ki, Ağsu rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(016)-69/2017 saylı qətnaməsi ilə iddiaçı Ağsu Yenilik ASC cavabdeh Miri Grand MMCyə, maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 14 saylı Ərazi İdarəsinə və Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinə qarşı ünvan 2 ünvanda yerləşən 2,03 ha torpaq sahəsinə mülkiyyət hüququ üzrə Ağsu Yenilik ASC-nin qanuni istifadəsində olması faktının müəyyən edilməsi və Miri Grand MMC-nin torpaq sahəsindən çıxarılması tələbi təmin edilməmiş, qətnamədən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir.

26. Belə ki, Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinin mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın.

27. Beləliklə kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək belə qənaətə gəlir ki, hazırkı iddia tələbinin mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur.

28. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir, Şəki İnzibati Məhkəməsinin 31 may 2023-cü il tarixli, 2-1(116)-768/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı "xxxx" X7 Cəmiyyəti tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 31 may 2023-cü il tarixli, 2-1(116)-768/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar