Məhkəmə qərarları › İş №2-1(107)-472/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-472/2024

10.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-472/2024 10.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı "cavabdeh tərəfindən iddiaçı barədə çıxarılmış xx.xx.2024-cü il tarixli №**********208700 saylı qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-2006/2024 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********208700 nömrəli qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC aidiyyəti üzrə vergi orqanlarında əlavə dəyər vergisinin ödəyicisi kimi xx.xx.2018-ci il tarixdə qeydiyyatdan keçmiş və VÖEN:********** saylı VÖEN almışdır. Birliyin Azərbaycan Respublikasının xəzinadarlığında büdcə hesabı var. MMC-də 2018-ci ildən hal-hazırki dövrə qədər bir neçə dəfə vergi yoxlaması aparılmış, müəssisənin sahibkarlıq fəaliyyəti dövründə heç bir vergilərin ödənilməsindən yayınma faktları aşkarlanmamışdır. Mühasibat sənədləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ciddi uçot blanklarından istifadə edilməklə vaxtlı-vaxtında aparılmışdır. Müəssisə eyni analoji iş və xidmətlərin aparılması ilə məşğul olmuş və müəssisənin fəaliyyətində heç bir vergilərin azaldılması faktı aşkarlanmamışdır. "xxxx" MMC-nin şəxsi hesab vərəqəsinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli № **********208700 saylı qərarla 2023-cü ilin dekabr ayı üçün 1.236.904,46 AZN (bir milyon iki yüz otuz altı min doqquz yüz dörd , 46 q.) ƏDV hesablanmışdır və xx.xx.2024-cü il tarixdə müəssisənin şəxsi hesab vərəqəsinə işlənmişdir. Müəssisə tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə hesablanmış kameral vergi məbləğinin hesablanmamasına dair xx.xx.2024-cü il tarixdə müraciət edilməsinə baxmayaraq inzibati orqan tərəfindən heç bir tədbir görülməmiş, vergi məbləğləri azaldılmamışdır. Kameral barədə xəbərdarlıq məktubu müəssisə tərəfindən alınarkən vaxtında müvafiq tələb olunan sənədlərin vergi orqanına göndərilməsinə baxmayaraq hesablamalar qanunsuz olaraq aparılmışdır. Müəssisə tərəfindən “Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun 00+000- 76+658 km hissəsindəki mühəndis kommunikasiya xətlərinin tikilməsi, köçürülməsi və yenidən qurulması” layihəsi üzrə xx.xx.2023-cü il tarixdə "xxxx" MMC (VÖEN: **********) ilə “Subpodratçı” müqaviləsi bağlanılmış və müvafiq olaraq müqaviləyə aid 6871691,45 AZN əsas məbləğində işlər görülmüşdür. Müəssisəyə hesablanmış ƏDV-nin əsasında "xxxx" MMC-nin əməliyyat aparıldığı tarixdən sonra, yəni xx.xx.2024-cü il tarixdə riskli vergi ödəyicisi hesab edilməsi olmuşdur. Əlbəttə ki, bizim müəssisə tərəfindən "xxxx" MMC ilə əməliyyatlar aparılarkən, yəni onlar tərəfindən elektron qaimə faktura təqdim edilərkən və müvafiq mallar alınarkən "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə bizim məlumatımız olmamışdır, həmçinin həmin müəssisənin riskli vergi ödəyicisi olması barədə heç bir inzibati qərar çıxarılmamışdır. Vergi Məcəlləsinin 13.2.82 maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən qəbul edilir. Halbuki biz "xxxx" MMC ilə əməliyyat apararkən "xxxx" MMC riskli vergi ödəyicisi siyahısında olmamışdır. Bu özü göstərir ki, "xxxx" MMC real mal təqdim edən şirkətdir, belə ki onun müvafiq xidmətlər göstərməsi və işləri görməsi barədə müvafiq dövlət orqanlarından lisenziya da almışdır. 2020-ci il 28 iyul tarixli 265 nömrəli qərarda isə vergi ödəyicisinin hansı hallarda riskli vergi ödəyicisi hesab edilməsi meyarları müəyyən edilmişdir. Bu nöqteyi nəzərdən vergi orqanının "xxxx" MMC-yə münasibətdə ƏDV hesablamasının aparılmasını ədalətsiz və qanunsuz hesab edirlər. ƏDV hesablanması barədə qərardan isə müraciətlərinin heç birinə cavab verilməmişdir.

3. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı xx.xx.2024-cü il tarixli **********208700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İşin mahiyyəti ilə bağlı qeyd olunmalıdır ki, aparılmış kameral vergi yoxlaması zamanı vergi ödəyicisi "xxxx" MMC ilə “RX Construction" MMC (VÖEN **********) arasında aparılmış xx.xx.2023-cü il tarixli müqavilə üzrə əməliyyatların Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020ci il tarixli 265 nömrəli Qərarının tələblərinə əsasən əmtəəsiz əməliyyatlar olması aşkar olunmuş və həmin əməliyyatlar üzrə aparılmış əvəzləşmələr nəzərə alınmayaraq xx.xx.2024-cü il tarixli **********208700 nömrəli ‘Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla əlavə vergi hesablanmışdır. "xxxx" MMC tərəfindən ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBDH seriyalı 429945 nömrəli, EBDB seriyalı 889326 nömrəli və EBDF seriyalı 138954 nömrəli elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli əməliyyatlar hesab olunduğundan əvəzləşdirilməyə əsas verməmişdir. Qeyd edilən elektron qaimə-fakturalar üzrə müvafiq olaraq 334 413.5 manat, 504 559.87 manat və 397 931.09 manat məbləğində əlavə dəyər vergisi vergi ödəyicisi tərəfindən əvəzləşdirildiyi üçün təqdim edilmiş ƏDV bəyannaməsi üzrə kənarlaşmalar yaranmış və ümumilikdə 1 236 904.46 manat məbləğində əlavə vergi hesablanmışdır. Belə ki, riskli hesab olunan elektron qaimə fakturaları təqdim edən şəxs "xxxx" MMC (VÖEN: **********) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal- İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********291400 nömrəli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 saylı Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.2-ci maddəsinə əsasən riskli vergi ödəyicisi olduğu müəyyən edilmişdir. Hesab edirlər ki, iddia ərizəsində qeyd olunanlar həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə zidd olduğundan əsassızdır.

4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********208700 nömrəli qərarı. - Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2024-cü il tarixli **********291400 nömrəli qərar. -Cavabdehin xx.xx.2024-cü il tarixli etirazı və ona əlavə olunan sənədlər;

5. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 21 iyun 2024-cü il tarixli 2- 1(116)-2006/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində qəbul etdiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, №**********208700 saylı qərarının ləğv edilməsi qərara alınmışdır.

6. Məhkəmə qeyd etmişdir ki, cavabdehin qərarının əsasını iddiaçı tərəfindən ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBDH seriyalı 429945 nömrəli, EBDB seriyalı 889326 nömrəli və EBDF seriyalı 138954 nömrəli elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli əməliyyatlar hesab olunduğundan əvəzləşdirilməyə əsas verməməsi, qeyd edilən elektron qaimə-fakturalar üzrə müvafiq olaraq 334 413.5 manat, 504 559.87 manat və 397 931.09 manat məbləğində əlavə dəyər vergisi vergi ödəyicisi tərəfindən əvəzləşdirildiyi üçün təqdim edilmiş ƏDV bəyannaməsi üzrə kənarlaşmalar yaranması təşkil etmişdir. Nəticə etibarı ilə ümumilikdə 1.236 904.46 manat məbləğində əlavə vergi hesablanmaqla iddiaçı barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********208700 nömrəli qərar qəbul edilmişdir. Mübahisələndirilən qərar riskli hesab olunan elektron qaimə-fakturaları təqdim edən "xxxx" MMC (VÖEN: **********) ilə iddiaçı arasında xx.xx.2023-cü il tarixində subpodrat müqaviləsinin bağlanması nəticəsində qəbul edilmişdir. İş materiallarından müəyyən edilir ki, iddiaçı ilə "xxxx" MMC (VÖEN: **********) arasında subpodrat müqaviləsi xx.xx.2023-cü il tarixində bağlanmışdır. Cavabdehin özünün də qeyd etdiyi kimi "xxxx" MMC DVX-nin İdxal-ixrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən riskli vergi ödəyicisi hesab edilmişdir. Göründüyü kimi, iddiaçı ilə "xxxx" MMC arasında müqavilə bağlandıqdan, əməliyyatlar aparıldıqdan 1 ildən artıq müddət sonra sonuncunun “riskli vergi ödəyicisi hesab edilməsinə dair” qərar qəbul edilmişdir. Müvafiq əməliyyatlar aparıldıqdan sonra tərəflərdən birinin riskli vergi ödəyicisi hesab edilməsindən irəli gələrək həmin dövr üzrə yoxlamanın həyata keçirilməsi və inzibati aktın qəbul edilməsi əsasları vergi qanunvericiliyində nəzərdə tutulmadığından mübahisə predmeti olan inzibati akt ləğv edilməlidir. - Belə ki, iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı müəssisələrin riskli vergi ödəyicisi hesab olunması barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. İddiaçının hazırkı mübahisə üzrə tərtib etdiyi sənədlər (elektron qaimə fakturalar) riskli əməliyyatlar zamanı və riskli vergi ödəyiciləri ilə rəsmiləşdirilmədiyindən Vergi Məcəlləsinin 175.11-ci maddəsinin təsiri altına düşmür və iddiaçı həmin elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etməkdə haqlı olmuşdur. (Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1234/2023 saylı xx.xx.2023-cü il tarixli qərarında təsbit olunan hüquqi mövqe). Cavabdeh vergi orqanı iddiaçıya Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən ƏDV hesablayarkən, yalnız iddiaçı müəssisənin qarşılıqlı əməliyyat apardığı şəxsin (mal aldığı şəxsin) təsdiqedici sənədlərlə almadıqları malları satdıqları müəyyən edilməsi halından çıxış etmiş, iddiaçının apardığı əməliyyatlarda həqiqətən malların təqdim edilməsinin baş tutub-tutmaması ilə bağlı hər hansı araşdırma aparmamışdır. Odur ki, lazımi qaydada aparılmayan inzibati icraat nəticəsində iddiaçı müəssisənin qarşılıqlı əməliyyatının “əmtəəsiz” kimi qiymətləndirilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-480/2024 saylı xx.xx.2023-cü il tarixli qərarında təsbit olunan hüquqi mövqe).

7. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 21 iyun 2024-cü il tarixli 2-1(116)-2006/2024 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işin mahiyyəti ilə bağlı bildiririk ki, "xxxx" MMC tərəfindən aparılmış əməliyyatlar “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin №265 Qərarı ilə müəyyən edilmiş meyarlara uyğun əməliyyatlar olduğundan əməliyyatları aparmış olduğu vergi ödəyicisi ("xxxx" MMC) riskli vergi ödəyicisi siyahısına aid edilmiş və Vergi Məcəlləsinin 175.11-ci maddəsinə uyğun olaraq əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər verginin əvəzləşdirilməsinə əsas vermədiyindən vergi ödəyicisinin əlavə dəyər vergisi üzrə hesablamalarında kənarlaşmalar olduğu aşkar olunmuşdur. Belə ki, "xxxx" MMC tərəfindən ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBDH seriyalı 429945 nömrəli, EBDB seriyalı 889326 nömrəli və EBDF seriyalı 138954 nömrəli elektron qaiməfakturalar üzrə aparılan əməliyyatlar riskli əməliyyatlar hesab olunduğundan əvəzləşdirilməyə əsas verməmişdir. Qeyd edilən elektron qaimə fakturalar üzrə müvafiq olaraq 334 413.5 manat, 504 559.87 manat və 397 931.09 manat məbləğində əlavə dəyər vergisi vergi ödəyicisi tərəfindən əvəzləşdirildiyi üçün təqdim edilmiş Ə D V bəyannaməsi üzrə kənarlaşmalar yaranmış və ümumilikdə 1 236 904.46 manat məbləğində əlavə vergi hesablanmışdır. Riskli hesab olunan elektron qaimə-fakturaları təqdim edən şəxs "xxxx" MMC (VÖEN: **********) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********291400 nömrəli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 saylı Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.2-ci maddəsinə əsasən riskli vergi ödəyicisi olduğu müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən bəyan edilmiş 2023-cü ilin dekabr ayı üzrə hesablamalarda uyğunsuzluqların mövcud olması barədə ona xx.xx.2024-cü il tarixli **********8531000 nömrəli məktub göndərilmişdir. Vergi öhdəlikləri vergi ödəyicisi tərəfindən yerinə yetirilmədiyindən Vergi Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə əsasən, ödəyicinin hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit və ya elektron pul təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verilmişdir. Aşağıda qeyd olunan müddəalara əsasən hesab edirlər ki, məhkəmə qərarı iş üzrə təqdim edilmiş sübutlara əsaslanmadan və mövcud faktları nəzərə almadan qəbul edilmişdir. -Məhkəmə nəzərə almamışdır ki, əməliyyatların əmtəəsiz hesab olunması və vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısına aid edilməsi məhz əməliyyatlar aparıldıqdan sonra müəyyən olunur və bunun əsasında qərar qəbul edilir. Bununla yanaşı vergi qanunvericiliyində vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarın qəbul edilməsinə dair müddətlə bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. Həmçinin Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən, Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və (dəlillər) maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Göründüyü kimi, qanunvericilik vergi orqanına hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində vergilərin tutulması hüququnu verir. Odur ki, vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarın əməliyyatlar aparıldıqdan 1 il sonra qəbul edilməsi həmin inzibati aktın ləğv edilməsi üçün əsas deyildir. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən, riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Həmin Məcəllənin 13.2.81-ci maddəsinə əsasən, əmtəəsiz əməliyyat vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında Qərarı ilə müəyyən edilmiş Meyarlarda əməliyyatın riskli və əmtəəsiz əməliyyat hesab olunması üçün əsas göstəricilər müəyyən edilmişdir. Həmin Meyarların 2.1.2-ci bəndinə əsasən aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə ödəyici riskli vergi ödəyiciləri siyahısına aid edilir. 3.1-ci bəndinə əsasən, vergi ödəyicilərinin təqdim etdiyi elektron qaiməfakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə və vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə) həmin əməliyyatlar əmtəəsiz əməliyyatlar hesab olunur. Kameral vergi yoxlaması zamanı EBDH seriyalı 429945 nömrəli, EBDB seriyalı 889326 nömrəli və EBDF seriyalı 138954 nömrəli elektron qaimə-fakturalar üzrə aparılmış əməliyyatlarda Meyarların 3.1-ci bəndinə uyğun olaraq vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi, yəni müvafiq olaraq aparılmış mal təqdim edilməsi üzrə əməliyyatlarda təqdim edilmiş malların rəsmi olaraq "xxxx" MMC-nin alışında olmadığı halda "xxxx" MMC-ə təqdim etməsi aşkar olunmuşdur. Bu səbəbdən "xxxx" MMC riskli vergi ödəyicisi siyahısına aid edilmiş, müqavilə tərəfləri arasında aparılmış əməliyyat isə 2.1.2-ci bəndə əsasən əmtəəsiz əməliyyatlar hesab edilmişdir. "xxxx" MMC-nin riskli vergi ödəyicisi siyahısına daxil edilməsi ilə bağlı vergi orqanı tərəfindən **********291400 nömrəli, xx.xx.2024-cü il tarixli əsaslandırılmış qərar qəbul edilmişdir. Bununla yanaşı, vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısına daxil edilməsi barədə qərarın əməliyyatdan sonra qəbul edilməsi aparılmış əməliyyatların riskli və ya əmtəəsiz əməliyyatlar hesab edilməməsinə əsas ola bilməz. Belə ki, əməliyyat aparıldığı anda onun riskli və ya əmtəəsiz əməliyyat olubolmaması və onu aparan tərəfin riskli vergi ödəyicisi olub-olması müəyyən edilir və qərar əməliyyatın riskli və ya əmtəəsiz əməliyyat olması barədə yox, ödəyicinin riskli vergi ödəyici olması barədə çıxarılır. Yəni, ödəyicinin riskli vergi ödəyicisi olması əməliyyatın riskli və ya əmtəəsiz əməliyyat olmasına deyil, əksinə əməliyyatın riskli və ya əmtəəsiz olması ödəyicinin riskli vergi ödəyici olmasına səbəb olur. Odur ki, riskli vergi ödəyicisi siyahısına daxil edilmə barədə qərarın əməliyyatların aparılmasından sonra qəbul edilməsi qanunvericiliyin tələblərinə uyğundur. Nəticə etibarı ilə, qərarın əməliyyatdan sonra və ya əvvəl qəbul edilməsi əməliyyatın özlüyündə riskli və ya əmtəəsiz əməliyyat olması nəticəsini dəyişdirmir. "xxxx" MMC ilə "xxxx" MMC arasında aparılmış əməliyyatların əmtəəsiz əməliyyat olması isə vergi qanunvericiliyinə əsasən "xxxx" MMC tərəfindən ödənilmiş əlavə dəyər vergisinin əvəzləşdirilməsinə şərait yaratmır. Belə ki, Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Göründüyü kimi, qanunvericilik vergi ödəyicisnin riskli vergi ödəyicisi siyahısına aid edilməsi və aparılmış əməliyyatların əmtəəsiz əməliyyatlar hesab edilməsi üçün əsasları müəyyən etmiş və əlavə olaraq əmtəəsiz əməliyyatlar çərçivəsində aparılmış əməliyyatlar üzrə məhdudlaşdırma müəyyən edərək həmin əməliyyatlar üzrə əlavə dəyər vergisinə dair əvəzləşdirmələrin aparılmasını qadağan etmişdir. Həmçinin, məhkəmə müvafiq hissədə nəzərə almamışdır ki, vergi orqanı tərəfindən qəbul edilmiş **********291400 nömrəli, xx.xx.2024-cü il tarixli qərar hal-hazırda qüvvədədir və iş üzrə mübahisələndirilən hallara aid edilməmişdir. Mahiyyət etibarı ilə vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısına daxil edilməsi barədə qərarın əməliyyatdan sonra qəbul edilməsi aparılmış əməliyyatların riskli və ya əmtəəsiz əməliyyatlar hesab edilməməsinə əsas ola bilməz. Nəticə olaraq hesab edirlər ki, vergi orqanı tərəfindən qərarın əməliyyatlar aparıldıqdan sonra qəbul edilməsi işin hallarına uyğun olaraq əməliyyatların əmtəəsiz olması faktını dəyişdirmir və qanunvericiliyin tələblərinə uyğun olaraq əmtəəsiz əməliyyatlar (dəlillər) çərçivəsində əldə edilmiş sənədlər əlavə dəyər vergisinin əvəzləşdirilməsinə əsas vermir. - Hesab edirlər ki, məhkəmə üzərinə düşən vəzifələri icra etməmiş, iş materiallarında olan sübutları tam qiymətləndirməmiş və cavabdehin dəlilləri üzrə əsaslandırılmış münasibət bildirməmişdir. Belə ki, məhkəmə sadəcə formal mülahizələrinə söykənərək və heç bir əsaslandırma aparmadan iddianı əsaslı hesab etmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən, məhkəmə qərar qəbul edərkən işi hərtərəfli araşdırmalıdır. Lakin mübahisələndirilən iş üzrə birinci instansiya məhkəməsi yekun qərar qəbul edərkən faktiki halları tam araşdırmamışdır. Belə ki, məhkəmə qərarında yalnızca riskli vergi ödəyicisi hesab olunma barədə qərarın bir ildən artıq müddət keçdikdən sonra qəbul edilməsinə istinad etməklə inzibati aktın ləğv edilməsi qənaətinə gəlmişdir. Halbuki, məhkəmə məcəllənin 85.4-cü maddəsini nəzərə almamaqla və qanunvericilikdə nəzərdə tutulmadığı halda müddətlə bağlı məhdudiyyət müəyyən etmişdir. Bu da öz növbəsində göstərir ki, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən bu hal üzrə kifayət qədər araşdırma aparmamış və yaxud da məlumu olduğu halda müvafiq faktı nəzərə almayaraq iddiaçı tərəfin əsassız olan tələbini təmin etmişdir. Eyni zamanda İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Nəticə olaraq hesab edirlər ki, məhkəmə qeyd olunan prosessual normaları pozmaqla və təqdim olunan sübutlara mahiyyəti üzrə baxmadan, işin faktiki tərəflərini nəzərə almadan əsassız qərar qəbul etmişdir. Vergi Məcəlləsinə uyğun olaraq, vergi ödəyicilərinin riskli vergi ödəyicisi və əməliyyatların əmtəəsiz əməliyyatlara aid edilməsi faktiki olaraq təsdiq olunduğu halda məhkəmə müvafiq faktı nəzərə almamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir

Tərəflərin izahatları

10. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər hazırki məhkəmə iclasında iştirak etməmişlər. İddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək işə onların iştirakı olmadan baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

11. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)- 2006/2024 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-2006/2024 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

13. İnzibati Prosessual Məcəllə: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

14. Vergi Məcəlləsi 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt; 175.11. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir.

15. Azərbaycan Respublikasının Nazirlər Kabineti 28 iyul 2020-ci il tarixdə 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”: 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur.

16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.

58. İnzibati akta dair ümumi tələblər 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Apellyasiya şikayətinin mümkünlüyü

17. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

19. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

20. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

21. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. 22 Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçının hüquqi marağı barəsində inzibati orqan tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********208700 nömrəli qərarın ləğv edilməsi ilə bağlıdır.

23. Cavabdeh orqanın apellyasiya şikayətinin başlıca dəlili "xxxx" MMC-nin riskli vergi ödəyicisi siyahısına aid edilməsi, buna görə də müqavilə tərəfləri arasında aparılmış əməliyyatın əmtəəsiz əməliyyatlar hesab edilməsidir.

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən dəlili ilə bağlı qeyd edir ki, Vergi Məcəlləsinin 13.2.82, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın müddəalarının birgə təhlili onu deməyə əsas verir ki, riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Başqa sözlə, vergi ödəyicisinin riskli və (ya) əmtəəsiz əməliyyat aparması onun barəsində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə nəticələnir. Bundan əlavə, Vergi Məcəlləsi riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyiciləri ilə bağlı barələrində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə yanaşı, həmin əməliyyatın iştirakçısı olan tərəflərin, yəni vergi ödəyicilərinin vergi öhdəliklərinin müəyyən edilməsi ilə bağlı əlavə tənzimləmələr də nəzərdə tutmuşdur. Belə ki, Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Həmin Məcəllənin 175.11-ci maddəsinə əsasən isə əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir.

25. Şübhəsizdir ki, əmtəəsiz əməliyyatın iştirakçısı olan hər iki vergi ödəyicisi bu cür pərdələnmiş əməliyyatın baş tutmasında təqsirlidir və bu haldan irəli gələn hüquqi nəticələrə tabedirlər. Lakin, burada xüsusilə vurğulanmalıdır ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqini tapması zəruridir. Belə ki, hazırkı iş üzrə müəyyən edilmiş hallar özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 109.9-cu maddəsinin tətbiqinə əsas verməməlidir.

26. Sözügedən normanın malın alıcısına münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır. Nəzərə alınmalıdır ki, bu cür hallarda subutetmə yükü İPM-in 14.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqanının üzərindədir.

27. Belə ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.

28. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər.

29. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçının əməliyyat apardığı vergi ödəyicilərinin onunla əməliyyatlar aparılmamışdan əvvəl riskli vergi ödəyicisi olması faktı iş materialları ilə təsdiq olunmur, bu barədə müvafiq qərar da qəbul edilməmişdir.

30. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində riskli vergi ödəyicisinin anlayışı verilmişdir. Həmin normaya əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.

31. Yəni, vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması üçün müvafiq orqan (qurum) tərəfindən qərar qəbul edilməlidir. Yalnız bu qərardan sonra (riskli) vergi ödəyicisinin apardığı əməliyyatlar da riskli hesab olunur.

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur.

33. Göründüyü kimi, iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı müəssisənin riskli vergi ödəyicisi hesab olunması barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır.

34. Nəzərə almaq lazımdır ki, cavabdehin özü də həm apellyasiya şikayətində, həm də məhkəmə kollegiyasının iclasında iddiaçının müəssisə ilə apardığı müvafiq əməliyyatların həmin müəssisənin riskli vergi ödəyicisi hesab olunmasından əvvəl aparıldığını qeyd etmişdir.

35. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. Təbii olaraq da, iddiaçı həmin əməliyyatlara görə tərtib etdiyi elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etmişdir.

36. Digər tərəfdən cavabdehin qeyd etdiyi dəlilinə görə iddiaçının hazırkı mübahisə üzrə əməliyyat apardığı müəssisə məhz iddiaçı ilə aparılan əməliyyatlar nəticəsində riskli vergi ödəyicisi hesab olunmuşdur. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əməliyyat apardığı müəssisənin iddiaçıya satdığı malların onların aldığı və ya idxal etdiyi malların həcmindən artıq olması iddiaçının məsuliyyət sferasına aid edilməməli, bu hallar onun hüquqlarını məhdudlaşdırmamalıdır. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etdiyi elektron qaimə fakturalar üzrə əməliyyatları həmin əməliyyatların aparıldığı tarixdə riskli vergi ödəyicisi olmayan müəssisə ilə aparmışdır. İddiaçı həmin müəssisənin riskli vergi ödəyicisi olub-olmamasını yoxlamaq imkanına malik olmuş, müəssisənin əməliyyat tarixində riskli vergi ödəyicisi olmadığına əmin olmuş, vergi orqanı tərəfindən də iddiaçıya bu barədə xəbərdarlıq edilməmişdir. Yenə də, qeyd olunmalıdır ki, əməliyyatların müəssisənin riskli vergi ödəyicisi olmasından öncə aparılması cavabdeh tərəfindən də mübahisələndirilmir.

37. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı mübahisə üzrə tərtib etdiyi sənədlər (elektron qaimə fakturalar) riskli əməliyyatlar zamanı və riskli vergi ödəyiciləri ilə rəsmiləşdirilmədiyindən Vergi Məcəlləsinin 175.11-ci maddəsinin təsiri altına düşmür və iddiaçı həmin elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etməkdə haqlı olmuşdur.

38. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı sözügedən müəssisə ilə əməliyyat apardığı zaman həmin müəssisə riskli vergi ödəyicilər siyahısında olmamışdır ki, qeyd edilən hal da bir daha cavabdeh vergi orqanın qəbul etdiyi hazırda mübahisələndirilən qərarın qanunsuz və əsassız olmasına dəlalət edir. Ona görə ki, cavabdeh vergi orqanı sonradan riskli vergi ödəyiciləri siyahısına daxil olmuş müəssisənin əvvəllər apardığı əməliyyatlarını da qanunsuz və əsassız olaraq riskli hesab edərək əlavə vergilər hesablamış və bununla da qanun pozuntusuna yol vermişdir.

39. Məhkəmə kollegiyası oxşar işlər üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 02 avqust 2023-cü il tarixli 2-1(102)-1234/2023 nömrəli qərarındakı hüquqi mövqeyini də nəzərə alaraq apellyasiya şikayətinin əsaslı olmadığı nəticəsinə gəlir.

40. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərar qəbul etmişdir.

41. Məhkəmə kollegiyası sonda onu da qeyd etməyi zəruri hesab edir ki, ərizəçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı "cavabdeh tərəfindən iddiaçı barədə çıxarılmış xx.xx.2024-cü il tarixli №**********208700 saylı qərarın icrasının inzibati işə mahiyyəti üzrə baxılanadək dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 19 aprel 2024-cü il tarixli, 15(116)- 20/2024 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15(107)-8/2024 nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edildiyi hazırda mübahisələndirilən qərarından verdiyi apellyasiya şikayətinin ümumilikdə dəlilləri, həmçinin imtinası əsassızdır. Buna görə də iddiaçı, hazırkı tələblə məhkəməyə müraciət etməkdə, birinci instansiya məhkəməsi isə onun iddiasını təmin etməkdə haqlı olmuşdur.

43. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmaqla iddianı təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

44. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2-1(116)-2006/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar