Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(107)-472/2025 06.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi ilə, İddiaçı İsmayılov Hüseynbala Həsənbala oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Şəki Ərazi İdarəsinə qarşı “Şəki şəhəri, Mikayıl Müşfiq küçəsində yerləşən *** saylı mağaza və həmin ünvanda yerləşən 44.3 kv.m. qeyri-yaşayış binaları üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması texniki pasportların və çıxarışların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarından iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları:
1. ##.##.2004-cü il tarixli, ****** nömrəli mülkiyyət hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, Şəki şəhəri M.Müşfiq küçəsində yerləşən 44.3 kv.m torpaq sahəsi İsmayılov Hüseynbala Həsənbala oğlunun xüsusi mülkiyyətindədir (* №-li reyestr kitabının 73-cü səhifəsində qeydiyyata alınmışdır).
2. ##.##.2004-cü il tarixli, ****** nömrəli mülkiyyət hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, Şəki şəhəri M.Müşfiq küçəsində yerləşən *** saylı mağaza İsmayılov Hüseynbala Həsənbala oğlunun xüsusi mülkiyyətindədir (* №-li reyestr kitabının 30-cu səhifəsində qeydiyyata alınmışdır).
3. İddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan sonuncu dəfə ## ###### 2023-cü il tarixli 3-21-3-39/2- ****/**** nömrəli məktubu ilə müraciətin təmin edilməsindən imtina etmişdir.
4. İmtina onunla əsaslanıdırılmışdır ki, müraciət olunan qeyri-yaşayış binası və torpaq sahəsinə ərazi idarəsinin mütəxəssisləri tərəfindən keçirilmiş baxışla sözügedən əmlakların faktiki vəziyyəti ilə ilkin tikinti layihəsi arasında uyğunsuzluğun olduğu, həmin əmlakların tavanında və divarlarında müəyyən dəyişikliklərin aparıldığı, binanın tavanının sökülərək 1,2 metr qaldırıldığı (tavanın əvvəl hündürlüyü 2 m olmuşdur), həmçinin otaqlar arasında divarın söküldüyü və əsas giriş hissəsindəki divarın sökülərək plastik qapıpəncərə ilə əvəz olunduğu müəyyən edildiyindən, aparılan işlər nəticəsində tikilinin ümumi sahəsi dəyişməsə də, tikinti obyektinin həcmində dəyişiklik baş vermişdirş. Həmçinin aparılan rekonstruksiya işləri ilə bağlı hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən müvafiq daşınmaz əmlak obyekti üzərində hüquqların dövlət qeydiyyatının aparılması ilə bağlı aidiyyəti üzrə sorğu göndərilmiş, sorğuya cavab olaraq Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.20-ci maddəsinin tələblərinə uyğun olaraq tikinti obyektinin yenidənqurma (rekonstruksiyası) layihəsinin hazırlanaraq, yerli icra hakimiyyətində razılaşdırıldıqdan sonra istismarına icazə alınmasının mümkünlüyü bildirildiyindən müraciətin icrası mümkün olmamışdır.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi, Dövlət Əmlakının İdarə olunması və özəlləşdirilməsi Departamenti tərəfindən Şəki şəhəri, Mikayıl Müşfiq küçəsində yerləşən *** saylı mağaza (Qeydiyyat nömrəsi -******, tarix ##.##.2004-cü il )və həmin ünvanda yerləşən 44.3 kv.m. qeyri-yaşayış sahəsinə (Qeydiyyat nömrəsi-******, tarix-##.##.2004cü il) dair şəhadətnamələr əsasında mülkiyyətinə verilmiş qeyri-yaşayış binaları üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması texniki pasportların və çıxarışların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia ərizəsinin əsaslarına görə, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən iddiaçıya Şəki şəhəri, Mikayıl Müşfiq küçəsində yerləşən *** saylı mağaza (Qeydiyyat nömrəsi-******. Tarix-##.##.2004-cü il) və həmin ünvanda yerləşən 44.3 kv.m. qeyriyaşayış sahəsinə (Qeydiyyat nömrəsi-******, Tarix-##.##.2004-cü il) dair şəhadətnamələr verilmişdir. Həmin şəhadətnamələr sözügedən qeyri-yaşayış binaları üzərində mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədlərdir. Belə ki, müxtəlif vaxtlarda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX tabeliyində DƏDKR PHŞnin ** saylı Şəki ərazi idarəsinə müraciət edərək, həmin şəhadətnamələr əsasında *** saylı mağazanın və 44.3 kv.m. qeyri-yaşayış sahəsinin dövlət qeydiyyatına alınaraq texniki pasportun və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin tabeliyində DƏDKR PHŞ-nin ** saylı Şəki ərazi idarəsi sonuncu dəfə ## ###### 2023-cü il tarixli 3-21-3-39/2- ****/**** nömrəli məktubu təqdim etmişdir.
7. Cavabdeh orqan iddia tələbinə etirazın dəlillərini ilkin müraciətə imtinanın dəlilləri ilə əsaslandırmışdır.
8. Şəki İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı ilə (hakim Fəxri Hacızadə) iddia tələbi təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının hazırkı iddia tələbinə əsasən hüquqi marağı Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi, Dövlət Əmlakının İdarə olunması və özəlləşdirilməsi Departamenti tərəfindən Şəki şəhəri, Mikayıl Müşfiq küçəsində yerləşən *** saylı mağaza (Qeydiyyat nömrəsi -******, tarix ##.##.2004-cü il) və həmin ünvanda yerləşən 44.3 kv.m. qeyriyaşayış sahəsinə (Qeydiyyat nömrəsi-******, tarix-##.##.2004- cü il) dair şəhadətnamələr əsasında mülkiyyətinə verilmiş qeyri-yaşayış binaları üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və texniki pasport verilməsindən ibarətdir. Məhkəmə araşdırması zamanı qeydə alınması iddia oluna qeyri-yaşayış binasının mövcud vəziyyəti araşdırılmışdır. Belə ki,həmin əmlaklar üzərində sonuncu qeydiyyat 2004-cü ildə aparılmışdır. DƏDKR PHŞ-nin ** saylı Şəki ərazi idarəsinin ##.##.2024-cü il tarixli məktubu və əlavə olunan mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir: 1) Sozügedən qeyri-yaşayış binalarının ümumilikdə faktiki sahələri 95.7 kv.m-dir. 2) Qeyri-yaşayış binasi üçün 1994-cü ildə tərtib edilən texniki pasportda göstərilən liter 1 və * nömrəli otaqların arasındakı divar sökülmüşdür. Mağazanın küçə tərəfində əsas girişindəki divar sökülərək plastik qapı və pəncərə ilə əvəz olunub.Binanın tavanı sökülərək hündürlüyü 1.2 m artırılmışdır. Məhkəmə tərəfindən aparılmış tikinti işləri ilə bağlı olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu ünvanlamış, ##.##.2024-cü il tarixli cavab məktubu məhkəməyə təqdim edilmişdir. Sorğuya verilən cavaba əsasən qeyri-yaşayış binasının sahəsinin və həcminin dəyişməsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.20-ci maddəsində təsbit edilmiş tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) hesab edildiyi,tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) tikinti icazə icraatı qaydasında aparmalı olduğu üçün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələblərinə uyğun həyata keçirilməli olduğu bildirilmişdir. Göründüyü kimi iddia olunan qeyri-yaşayış binalarının hazırkı vəziyyəti sonuncu qeydiyyatına münasibətdə dəyişmiş, lakin bu dəyişikliyə dair hər hansı layihə, tikintiyə icazə mövcud deyildir. Halbuki,qanunvericiliyin tələbinə əsasən həmin dəyişikliklərin aparılması üçün müvafiq icra hakimiyyətinin icazəsi tələb olunur.
10. İddiaçının nümayəndəsi və vəkili həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayətinin dəlillərinə görə tikintiyə nəzarət yerli icra hakimiyyəti orqanlarının səlahiyyətindədir. İddiaçı həmin qeyri-yaşayış binalarında heç bir əsaslı tikinti aparmamışdır. Ümumiyyətlə sözügedən qeyri-yaşayış sahələri onun tərəfindən inşa olunmamışdır. Qeyri-yaşayış sahələrinin tavanı yararsız halda olduğu üçün iddiaçı tərəfindən təmir bərpa işləri aparılmışdır. Məhkəmənin gəliyi qənaətlə razılaşmırlar. Məhkəmə işə baxarkən əsas gətirmişdir ki, onun tərəfindən Azərbaycan Respublikasının şəhərsalma və tikinti məcəlləsinin 3.0.20. tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası)obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndis-kommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsi; maddəsində göstərilən işləri görmüş və bunada yerli icra hakimiyyəti orqanlarının icazəsi tələb olunurdu. İddiaçı qeyd edir ki, onun tərəfindən görülən işlər Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.18-ci maddəsi tikinti obyektinin cari təmiriobyektin istismar keyfiyyətinin saxlanılması məqsədilə konstruksiyalarda, mühəndiskommunikasiya təminatı sistemində və ya xətlərində dəyişikliklər edilmədən vaxtaşırı təmir-tikinti işlərinin yerinə yetirilməsi; maddəsinə uyğun aparılmışdır. Həmçinin cavabdeh orqan sözügedən qeyri-yaşayış sahələrinin qeydiyyata alınmasından imtina məktubublarında qeyri-yaşayış sahəsinin həcminin artmasını və 8ci maddəyə uyğun olaraq texniki pasportun təqdim edilmədiyini göstərmişdir. Ümumiyyətlə, Daşınmaz Əmlakın Dövlət Reyetsri haqqında qanunda imtina əsası kimi “həcm” anlayışı yoxdur. Bundan əlavə olaraq bildirmişdir ki, hər iki qeyri-yaşayış sahəsinin texniki pasportu mövcuddur. b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
tərəflərin izahatları
13. Məhkəmə kollegiyasının ##.##.2026-cı tarixli, iclas protokolunun qərardadı ilə iş üzrə cavabdeh cavabdeh1 PHŞ-nin ** saylı Şəki Ərazi İdarəsi – prossesual hüquq varisi cavabdeh1 PHŞ ilə əvəz edilmişdir.
14. Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. İddiaçının nümayəndəsi ərizə göndərərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətinin tam həcmdə təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
tətbiq edilən hüquq
15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 4.1. Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; ... Maddə 15.1 Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.
16. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 3.0.18. tikinti obyektinin cari təmiri – obyektin istismar keyfiyyətinin saxlanılması məqsədilə konstruksiyalarda, mühəndis-kommunikasiya təminatı sistemində və ya xətlərində dəyişikliklər edilmədən vaxtaşırı təmir-tikinti işlərinin yerinə yetirilməsi; 3.0.19. tikinti obyektinin əsaslı təmiri – obyektin istismar müddətini uzatmaq və (və ya) istismar keyfiyyətini yaxşılaşdırmaq məqsədilə müvafiq layihə əsasında yükdaşımayan konstruksiyaların, mühəndis-kommunikasiya təminatı sisteminin və xətlərinin dəyişdirilməsi və (və ya) bərpası, eləcə də zəruri hallarda yükdaşıyan konstruksiyaların müəyyən elementlərinin uyğunları ilə əvəzlənməsi və (və ya) bərpası işlərinin yerinə yetirilməsi; 3.0.20. tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) – obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndis-kommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikinti quraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsi;
17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. İddiaçının nümayəndəsi, həmçinin vəkili onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
25. İPM-in 12.1, 12.2, 58.7, 82-ci maddələrində təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.
26. İşin mübahisəsiz hallarından müəyyən olunur ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən iddiaçıya Şəki şəhəri, Mikayıl Müşfiq küçəsində yerləşən *** saylı mağazaya dair ## ###### 2004-cü il tarixli, ****** qeydiyyat nömrəli, həmin ünvanda yerləşən digər qeyri-yaşayış sahəsinə dair isə ## ######## 2004-cü il tarixli, ****** qeydiyyat nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamələr verilmişdir. Həmin sənədlər qüvvədədir, onların etibarlılığı cavabdeh tərəfindən mübahisələndirilmir. Tərəflər arasındakı mübahisə sonradan aparılmış texniki dəyişikliklərin qeydiyyata təsiri ilə bağlıdır.
27. Belə ki, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina edərkən tavanın təxminən 1,2 metr qaldırılmasına, otaqlar arasındakı divarın sökülməsinə və əsas giriş hissəsinin dəyişdirilməsinə istinad etmiş, bu işləri rekonstruksiya kimi qiymətləndirmişdir.
28. İş materiallarından görünür ki, ilkin araşdırma zamanı iddiaçıya məxsus iki qeyri-yaşayış binasının texniki göstəriciləri ayrıca qiymətləndirilməmişdir. Cavabdehin ## ##### 2023-cü il və ## ###### 2023-cü il tarixli məktublarında qeyd edilən dəyişikliklər sahəsi 44,3 kv.m olan ** saylı mağazaya aid edilmiş, *** saylı mağaza üzrə qeydiyyatdan imtinanın ayrıca faktiki əsası göstərilməmişdir. Birinci instansiya məhkəməsinə təqdim olunmuş mütəxəssis rəyində də 1994-cü və 1998-ci illərə aid texniki pasportların hansı mağazaya aid olması düzgün fərqləndirilməmiş və sahə göstəriciləri arasındakı uyğunsuzluğun hansı obyektlə bağlı olması müəyyən edilməmişdir.
29. Odur ki apellyasiya icraatında həm obyektlərin texniki vəziyyətinin, həm də cavabdehin eyni cərgədə yerləşən digər mağazalara dair inzibati praktikasının əlavə araşdırılması zərurəti yaranmışdır.
30. Məhkəmə tikinti-texniki ekspertizasının ## ###### 2025-ci il tarixli, **/**** nömrəli rəyindən müəyyən olunur ki, ekspertiza ## ###### 1998-ci il tarixli texniki pasport əsasında sahəsi 44,3 kv.m olan ** saylı mağazaya münasibətdə aparılmışdır. Texniki pasportda mağazanın 15,4 və 28,9 kv.m sahəsi olan iki otaqdan ibarət olması, həmin otaqların daxili hündürlüklərinin müvafiq olaraq 1,94 metr və 1,91–1,98 metr təşkil etməsi, ön hissədə iki giriş-çıxışın mövcud olması göstərilmişdir. Ekspertin naturada apardığı ölçmələr zamanı otaqlar arasındakı arakəsmə divarın mövcud olmadığı, faktiki daxili hündürlüyün 3,20 metr təşkil etməsi və ön fasadda plastik qapı-pəncərə sistemi vasitəsilə dörd giriş-çıxışın yaradılması müəyyən edilmişdir. Ekspert həmçinin tikilinin hündürlüyünün artırılmasının onun tikinti həcminin artmasına səbəb olmasını bildirmiş, lakin layihə-smeta sənədləri olmadığından sökülmüş və hündürləşdirilmiş elementlərin yükdaşıyan və ya yükdaşımayan konstruksiyalar olmasını müəyyən edə bilməmiş, buna görə də görülmüş işlərin Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.19-cu maddəsində nəzərdə tutulan əsaslı təmirə, yoxsa 3.0.20-ci maddəsində nəzərdə tutulan rekonstruksiyaya aid olması barədə nəticəyə gəlməmişdir. Bununla yanaşı, ekspert müəyyən etdiyi faktiki dəyişikliklərə əsaslanaraq görülmüş işlərin Məcəllənin 3.0.18-ci maddəsində nəzərdə tutulan cari təmir olmadığını birmənalı şəkildə göstərmişdir.
31. Təqdim edilmiş ekspert rəyi naturada ölçmə işləri aparılmaqla və texniki pasportun göstəriciləri ilə faktiki vəziyyətin müqayisəsi yolu ilə hazırlandığından, müəyyən edilmiş daxili hündürlük, otaqların bölgüsü, girişlərin sayı və tikinti həcminin artması işdə olan digər sənədlərlə təkzib olunmadığından kollegiya ekspert rəyini mötəbər sübut kimi qəbul edir.
32. Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.18-ci maddəsinə görə cari təmir konstruksiyalarda, mühəndis-kommunikasiya təminatı sistemində və ya xətlərində dəyişikliklər edilmədən obyektin istismar keyfiyyətinin saxlanılması məqsədilə yerinə yetirilən işlərdir. Hazırkı halda tavanın hündürlüyünün təxminən 1,2 metr artırılması, otaqlar arasındakı arakəsmənin sökülməsi, ön fasadın və girişlərin dəyişdirilməsi, habelə tikinti həcminin artması müəyyən edilmişdir. Buna görə görülmüş işlərin cari təmir kimi qiymətləndirilməsi mümkün deyildir.
33. Müəyyən edilmiş dəyişikliklər hüquqi baxımdan Məcəllənin 3.0.19-cu maddəsində nəzərdə tutulan əsaslı təmirə və ya 3.0.20-ci maddəsində nəzərdə tutulan rekonstruksiyaya aiddir. Hər iki anlayışın normativ məzmununda işlərin müvafiq layihə əsasında aparılması nəzərdə tutulduğundan, ekspertin görülmüş işləri əsaslı təmir və ya rekonstruksiyadan konkret birinə aid edə bilməməsi hazırkı mübahisənin həlli üçün həlledici əhəmiyyət daşımır. Çünki hər iki halda layihənin mövcudluğu tələb olunur və cavabdehin imtina dəlili də məhz belə layihə sənədinin təqdim edilməməsinə əsaslanır. İddia olunan tikililərdə aparılmış dəyişikliklərə dair layihə sənədinin mövcud olmadması isə tərəflər arasında mübahisə doğurmamışdır.
34. Ekspertiza tədqiqatı yalnız ** saylı mağazaya münasibətdə aparılsa da, sonradan keçirilmiş yerli baxış və cavabdeh tərəfindən təqdim edilmiş ## ###### 2026-cı il tarixli mütəxəssis rəyi əsasında müəyyən edilmişdir ki, 60 və *** saylı mağazalar bitişik yerləşir və onların arasında 40 santimetr qalınlığında divar mövcuddur. Eyni zamanda *** saylı mağazada da ** saylı mağazada müəyyən edilmiş dəyişikliklərlə eyni xarakterli işlərin aparılması, yəni otaqlar arasındakı arakəsmə divarın sökülməsi, küçə tərəfdəki divarın plastik qapı-pəncərə sistemi ilə əvəz edilməsi və tavanın təxminən 1,2 metr qaldırılması müəyyən olunmuşdur.
35. Mütəxəssis rəyinə əsasən, ** saylı mağazanın sənəd üzrə 44,3 kv.m olan daxili sahəsi faktiki 47,4 kv.m, 52,4 kv.m olan tikilialtı sahəsi isə 53,6 kv.m; *** saylı mağazanın sənəd üzrə 44,8 kv.m olan daxili sahəsi faktiki 48,3 kv.m, 59,84 kv.m olan tikilialtı sahəsi isə 54,6 kv.m təşkil edir. Mütəxəssis rəyindən görünür ki, hər iki mağazanın faktiki daxili sahəsi texniki sənədlərdə göstərilən daxili sahədən fərqlənir, lakin iki tikilinin tikilialtı sahələrinin cəmi texniki pasportlarla müqayisədə artmamışdır.
36. Buna görə də, kollegiya hər iki mağazada görülmüş işlərin cari təmir olmadığını, onların ya əsaslı təmir, ya da rekonstruksiya xarakteri daşımasını qəbul edir. Lakin qeyd olunan hal iddianın rədd olunması üçün kifayət etmir. Mübahisəyə cavabdehin eyni xarakterli texniki dəyişikliklərin mövcud olduğu qonşu obyektlər üzrə formalaşdırdığı inzibati praktika ilə birlikdə qiymət verilməlidir.
37. Apellyasiya icraatında keçirilmiş yerli baxış və təqdim olunan fotoşəkillərdən müəyyən olunur ki, mübahisəli mağazalar Mikayıl Müşfiq küçəsində yerləşən, eyni cərgə boyunca uzanan, xarici görünüşü, təyinatı, fasad və dam xətti baxımından oxşar olan mağazaların tərkib hissəsidir.
38. Məhkəmənin sorğusu əsasında cavabdeh tərəfindən eyni cərgədə yerləşən və mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış digər mağazalara dair ilkin və sonrakı texniki sənədlər təqdim edilmişdir. Həmin sənədlərin müqayisəsi göstərir ki, iddiaçıya münasibətdə imtina verilməsinə səbəb olmuş texniki dəyişikliklər (tikilinin hündürlüyünün və bunun nəticəsində tikinti həcminin artırılması) bir sıra qonşu obyektlərdə də baş vermişdir.
39. Belə ki, keçmiş *** saylı mağazanın ilkin texniki pasportunda faydalı sahə 48,1 kv.m, tikilialtı sahə 56,9 kv.m, tikilinin hündürlüyü 2,50 metr və tikinti həcmi 142 kubmetr göstərilmişdir. Həmin obyektin sonradan Mikayıl Müşfiq küçəsi 4D ünvanı ilə tərtib edilmiş texniki pasportunda ümumi sahə 48,1 kv.m olaraq qalsa da, tikilialtı sahə 59 kv.m, tikilinin ümumi hündürlüyü 3,70 metr, daxili hündürlüyü 3,40 metr və tikinti həcmi 241,9 kubmetr göstərilmişdir. Həmin texniki pasportda, bundan əlavə, ümumi sahənin 3,1 kv.m hissəsinin icazəsiz artırıldığı barədə xüsusi qeyd aparılmışdır. Beləliklə, ilkin texniki sənədlə müqayisədə tikilinin ümumi hündürlüyü 1,20 metr, tikinti həcmi 99,9 kubmetr artmış, tikilialtı sahə də dəyişmişdir. Buna baxmayaraq, obyektin həmin texniki vəziyyəti pasportda rəsmiləşdirilmiş və onun üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.
40. Keçmiş *** saylı mağazanın ilkin texniki pasportunda ümumi sahə 102 kv.m, o cümlədən əsas sahə 62,6 kv.m və köməkçi sahə 39,4 kv.m göstərilmiş, mağazanın ayrıayrı sahələrində daxili hündürlük 2,15 və 2,35 metr, tikilinin ümumi hündürlüyü isə 2,70 metr olmuşdur. Həmin ilkin tikilinin 49,6 kv.m sahəsi sonradan ##.##.2000-ci il tarixli alqısatqı müqaviləsi ilə satılmış və M.Müşfiq küçəsi 8A ünvanı üzrə tərtib edilmiş texniki pasportlarda daxili hündürlük 3 metr göstərilmişdir. Bu obyekt üzrə ##.##.2021-ci il tarixli texniki pasportda ümumi hündürlük 3,90 metr (daxili hündürlük 3m), tikilialtı sahə 58,1 kv.m və tikinti həcmi 226,6 kubmetr, 2024-cü il tarixli texniki pasportda isə ümumi hündürlük 3,30 metr, tikilialtı sahə 58,1 kv.m və tikinti həcmi 191,7 kubmetr göstərilmişdir. Həmin 49,6 kv.m sahəli obyekt müxtəlif hüquq sahiblərinin adına texniki sənədlərdə rəsmiləşdirilmiş və onun üzərində hüquqlar dövlət qeydiyyatına alınmışdır.
41. Eyni sənədlər toplusunda 981 inventar nömrəsi ilə uçota alınmış 53,2 kv.m sahəli mağazanın 2010-cu il tarixli texniki pasportunda əsas olaraq *** saylı mağazaya aid ##.##.2022-ci il tarixli, ****** saylı şəhadətnamə qeyd edilmişdir. Sözügedən texniki pasportda tikilinin ümumi hündürlüyü 3 metr, tikilialtı sahəsi 63 kv.m və tikinti həcmi 189 kubmetr göstərilmişdir. Eyni inventar nömrəli obyektin 2017-ci il tarixli texniki pasportunda (M.Müşfiq küçəsi 2R) ümumi sahə 53,2 kv.m və tikilialtı sahə 63 kv.m olaraq qalsa da, tikilinin ümumi hündürlüyü 3,30 metr, daxili hündürlük 3 m, tikinti həcmi isə 207,9 kubmetr qeyd edilmişdir. Həmin pasportda obyekt 29,2 və 24 kv.m sahəli iki ticarət otağı şəklində göstərilmişdir. Sonrakı sənədlərdən 29,2 kv.m sahəli hissənin Mikayıl Müşfiq küçəsi 8H, 24 kv.m sahəli hissənin isə 8G ünvanı ilə ayrıca dövlət qeydiyyatına alındığı görünür. 8H ünvanlı obyektin texniki pasportunda daxili hündürlük 3 metr, ümumi hündürlük 3,60 metr, tikilialtı sahə 34 kv.m və tikinti həcmi 102 kubmetr, 8G ünvanlı obyekt üzrə isə daxili hündürlük 3 metr, ümumi hündürlük 3,60 metr, tikilialtı sahə 30,2 kv.m və tikinti həcmi 108,7 kubmetr göstərilmişdir. Beləliklə, 53,2 kv.m sahəli obyekt üzrə Keçmiş *** saylı mağazanın ilkin texniki pasportu ilə müqayisədə tikilinin ümumi hündürlüyünün və həcminin artırılması texniki pasportla rəsmiləşdirilmiş, sonradan 29,2 və 24 kv.m kimi göstərilən sahələr ayrıca qeydiyyat obyektləri kimi dövlət reyestrinə daxil edilmişdir.
42. Mikayıl Müşfiq küçəsində yerləşən, inventar nömrəsi 155 olan obyektin ilkin texniki planında 22 və 36 kv.m sahəli iki hissə, ümumilikdə 58 kv.m faydalı sahə və 2,20 metr daxili hündürlük göstərilmişdir. Eyni inventar nömrəli obyektin 2011-ci il tarixli texniki pasportunda isə faydalı sahə 117,6 kv.m, daxili hündürlük 3,30 metr, ümumi hündürlük 4,20 metr, tikilialtı sahə 145,7 kv.m və tikinti həcmi 611,9 kubmetr göstərilmişdir. Daha sonrakı, 2023-cü il tarixli texniki pasportda eyni inventar nömrəsi üzrə faydalı sahə 78,4 kv.m olmaqla üç ticarət sahəsi - 20, 37,4 və 21 kv.m - göstərilmiş, daxili hündürlük 3,30 metr və ümumi hündürlük 4,20 metr olaraq saxlanılmışdır. İş materiallarında həmin 78,4 kv.m sahəli obyekt üzrə də mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alındığı görünür. Beləliklə, bu obyekt üzrə ilkin texniki vəziyyətlə müqayisədə həm hündürlük, həm sahə, həm də daxili planlaşdırma göstəricilərinin dəyişdiyi vəziyyət sonrakı texniki pasportla rəsmiləşdirilmiş və həmin obyekt üzrə hüquqlar dövlət qeydiyyatına alınmışdır.
43. Beləliklə, cavabdeh tərəfindən təqdim edilmiş sənədlərin məcmusundan iddiaçıya məxsus iki mağaza da daxil olmaqla, eyni cərgədə təxminən doqquz qeyriyaşayış obyektinin mövcud olduğu müəyyən olunur. İddiaçıya məxsus obyektlər istisna olmaqla, müqayisəsi mümkün olan altı obyekt keçmiş 131, 122 və *** saylı mağazaların tərkib hissəsi olmuşdur. Belə ki, keçmiş *** saylı mağaza sonradan Mikayıl Müşfiq küçəsi 4D ünvanında, keçmiş *** saylı mağazanın hissələri 8A, 8H və 8G ünvanlarında, keçmiş *** saylı mağaza üzrə isə Mikayıl Müşfiq küçəsi 10 ünvanında 37,4 və 41 kv.m sahələr dövlət qeydiyyatına alınmışdır. Həmin obyektlər üzrə sonrakı texniki sənədlərdə əks olunan hündürlük, tikinti həcmi, sahə və ya daxili planlaşdırma göstəriciləri onların ilkin texniki sənədlərindəki göstəricilərdən fərqlənmiş, buna baxmayaraq dəyişmiş texniki vəziyyət rəsmiləşdirilmiş və hüquqlar dövlət qeydiyyatına alınmışdır. Eyni cərgədə yerləşən Mikayıl Müşfiq küçəsi 12 ünvanındakı mağaza üzrə isə ilkin texniki sənəd təqdim edilmədiyindən onun əvvəlki və sonrakı vəziyyətinin müqayisəsi mümkün olmamışdır.
44. Göründüyü kimi cavabdeh orqan eyni cərgədə yerləşən mağazalar üzrə hündürlüyü və digər texniki göstəriciləri ilkin sənədlərlə müqayisədə dəyişmiş obyektlərin müxtəlif tarixlərdə, ayrı-ayrı hüquq sahibləri və ayrıca qeydiyyat vahidləri üzrə dəfələrlə rəsmiləşdirilməsini həyata keçirmiş, faktiki dəyişmiş vəziyyəti əks etdirən çıxarış və texniki pasportlar vermişdir.
45. İş materiallarından müqayisə edilən qonşu obyektlər üzrə əsaslı təmir və ya rekonstruksiya layihəsinin, habelə tikintiyə və ya istismara icazə sənədinin qeydiyyat üçün təqdim edilməsi müəyyən olunmur. Cavabdeh də məhkəmənin bununla bağlı sorğusuna cavab olaraq həmin sənədlərin mövcudluğunu göstərməmiş, həmçinin sözügedən obyektlərin iddiaçıya məxsus mağazalardan hansı mühüm texniki və ya hüquqi xüsusiyyətinə görə fərqləndiyini, eləcə də iddiaçıya münasibətdə fərqli yanaşmanı əsaslandıran yeni inzibati praktikanın mövcudluğunu əsaslandırmamışdır.
46. Cavabdeh eyni cərgədə yerləşən digər obyektlərə münasibətdə dəyişikliklərə dair layihə və icazə sənədləri tələb etmədən hüquqların dövlət qeydiyyatını aparmış, dəyişmiş texniki göstəriciləri sonrakı texniki pasportlarda rəsmiləşdirmişdir. İddiaçıya münasibətdə isə eyni xarakterli texniki dəyişikliklərin mövcudluğu və həmin dəyişikliklərə dair layihə sənədinin təqdim edilməməsi qeydiyyatdan imtinaya səbəb olmuşdur.
47. “İnzibati icraat haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən bütün şəxslər qanun və inzibati orqan qarşısında bərabərdirlər. Həmin Qanunun 12.2-ci maddəsi eyni mühüm faktiki hallara malik müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsini yolverilməz hesab edir. Qanunun 13-cü maddəsindən isə inzibati orqanın formalaşdırdığı praktikaya etimadın qorunması və mövcud praktikadan fərqli yanaşmanın hüquqi baxımdan əsaslandırılması tələbi irəli gəlir.
48. Ali Məhkəmənin İnzibati Kollegiyasının ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarında da göstərilmişdir ki, analoji hüquqi və faktiki əsaslar üzrə digər şəxslərin hüquqlarının dövlət qeydiyyatına alınması inzibati praktikada vahid yanaşmanın və şəxslərin qanun qarşısında bərabərliyi prinsipinin təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Məhkəmə müqayisə olunan şəxslərin hüquqlarının hansı əsaslarla tanındığını, onların sənədləri ilə iddiaçının sənədlərinin oxşar və fərqli cəhətlərini, habelə iddiaçıya münasibətdə fərqli nəticəyə gəlinməsinin səbəblərini araşdırmalıdır. Fərqli yanaşmanın mövcud olduğu halda bunun hüquqi əsası qərarda göstərilməlidir.
49. Kollegiya nəzərə alır ki, bərabərlik prinsipi inzibati orqanın əvvəl yol verdiyi qanunsuz fəaliyyəti təkrarlamaq öhdəliyi yaratmır. Bununla belə, hazırkı işdə cavabdeh müqayisə edilən qonşu obyektlər üzrə aparılmış qeydiyyatların qanunsuz olduğunu bildirməmiş, həmin qeydiyyatların ləğvi və ya dəyişdirilməsi istiqamətində hər hansı tədbir görməmiş, həmçinin əvvəlki yanaşmadan imtina edilərək yeni və ümumi xarakterli inzibati praktikanın tətbiqinə başlanıldığını əsaslandırmamışdır. Əksinə, həmin obyektlərə verilmiş çıxarışlar və onların dəyişmiş texniki göstəricilərini əks etdirən texniki pasportlar hazırda qüvvədədir.
50. Buna görə yalnız iddiaçıya münasibətdə layihə sənədinin olmamasının qeydiyyatdan imtina üçün əsas kimi qəbul edilməsi bərabərlik və etimad hüququ prinsiplərinə zidd olmaqla, inzibati orqanın eyni mühüm faktiki hallara münasibətdə fərqli yanaşma tətbiq etdiyini göstərir.
51. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilməli və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməlidir.
52. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
İddiaçının nümayəndəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilir. Şəki İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı ləğv edilir. İş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilir. Cavabdeh cavabdeh1 publik hüquqi şəxsin üzərinə Şəki şəhəri, Mikayıl Müşfiq küçəsində yerləşən, ## ###### 2004-cü il tarixli, ****** qeydiyyat nömrəli mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən *** saylı və həmin ünvanda yerləşən, ## ######## 2004-cü il tarixli, ****** qeydiyyat nömrəli mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən ** saylı mağaza binası üzərində iddiaçı İsmayılov Hüseynbala Həsənbala oğlunun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, həmin obyektlərə texniki pasportların və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların verilməsi öhdəliyi qoyulur. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.