Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-473/2021 14.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi Hacı-X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli, 1(101)-288/2019 saylı icra vərəqəsi əsasında yüklülükdən azad edilmiş ünvan 2-ə münasibətdə “əmlak üzərində müvəqqəti nəzarət” adı altında mülkiyyət hüquqlarını əsassız məhdudlaşdıran qanunsuz hərəkətləri dayandırmaq və daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair” dövlət reyestrindən ünvan 2-ə olan hüquqları barədə real vəziyyəti özündə əks etdirən arayış vermək öhdəliyinin icrası vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması, o cümlədən hazırkı problemlə bağlı hüquq xidmətlərinə görə ödədiyi 500 (beş yüz) manatın cavabdeh inzibati orqandan alınaraq İddiaçı və ya AR-İİ seriyalı 209016 nömrəli, 7E-827 reyestr qeydiyyatlı etibarnamə əsasında bu mübahisə üzrə İddiaçı müvafiq dövlət orqanlarında təmsil etmiş nümayəndə X4 verilməsi tələbinə dair” inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2-1(116)-677/2021 saylı qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: ünvan 2 (eni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzil tam xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi 06.05.2015ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinə məktub ünvanlayaraq Azərbaycan Beynəlxalq Bankının külli miqdarda pul vəsaitlərinin dələduzluq yolu ilə ələ keçirilməsi barədə müraciəti əsasında DİN-də Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işinin başlanması barədə məlumat verilmiş və təqdim edilmiş siyahıda adları qeyd edilmiş şəxslərə mülkiyyət hüququ əsasında məxsus olan daşınmaz əmlaklar barədə məlumat verilməsini və onların özgəninkiləşdirilməsinin dayandırılmasını xahiş etmişdir. Təqdim edilmiş siyahıda iddiaçının adı 566 nömrə ilə qeyd edilmişdir. 11.03.2016-cı il tarixdə Daxili İşlər Nazirliyi tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinə məktub ünvanlanaraq 06.05.2015-ci il tarixli 1/99m №-li məktubun məzmununun məxfi olması zərurətinin aradan qalxması və qeyri-məxfi sənəd dövriyyəsinin həmin sənədlərə də şamil edilməsi xahiş edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsi 26.09.2019-cu il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinə X2 və qeyrilərinin Azərbaycan Respublikası CMnin 179.3.1, 179.3.2-ci və digər maddələri ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş 05 sentyabr 2019-cu il tarixli, 1(101)288/2019 saylı hökmündən çıxarışını və icra vərəqəsini daşınmaz əmlakların həbsdən azad edilməsi hissəsində icra edilməsi üçün göndərmiş, həbsdən azad edilməli olan əmlakların siyahısında iddiaçıya məxsus ünvan 2 ünvanı qeyd edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Ağır Cinayətlər Məhkəməsinin 26.09.2019-cu il tarixli 1(101)288/2019 saylı icra vərəqəsini icra edərək məktubda qeyd olunan daşınmaz əmlakların üzərinə qoyulmuş həbsin götürülməsini təmin etmişdir. İddiaçı cavabdeh inzibati orqana “daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair” dövlət reyestrindən arayışın alınması üçün müraciət etmiş, lakin cavabdeh tərəfindən təqdim edilən arayışda həmin ünvan üzrə 27.01.2021-ci il tarixinə olan məlumata əsasən məhdudiyyət və yüklülüyün qeydə alınmaması, əmlak üzərində “müvəqqəti nəzarət”-in olması qeyd edilmişdir. İddiaçı tərəfindən cavabdehə əmlak üzərində müvəqqəti nəzarət qeydinin götürülməsi və əmlakın real hüquqi vəziyyətinə uyğun arayışın verilməsi üçün müraciət edilmiş, lakin cavabdeh müraciətin təmin edilməsindən imtina edərək, müvəqqəti nəzarət qeydinin götürülməsi üçün aidiyyəti üzrə nəzarəti qoyan orqana müraciət edilməsini tövsiyə etmişdir. Buna görə də hazırki inzibati mübahisə yaranmışdır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin ünvan 2-ə münasibətdə “əmlak üzərində müvəqqəti nəzarət” adı altında mülkiyyət hüquqlarını əsassız məhdudlaşdıran qanunsuz hərəkətlərini dayandırmaq və həmin ünvan üzrə daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair” dövlət reyestrindən hüquqları barədə real vəziyyəti özündə əks etdirən arayış vermək öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması, o cümlədən hazırkı problemlə bağlı hüquq xidmətlərinə görə ödədiyi 500 (beş yüz) manatın cavabdeh inzibati orqandan alınaraq İddiaçı və ya AR-İİ seriyalı 209016 nömrəli, 7E-827 reyestr qeydiyyatlı etibarnamə əsasında bu mübahisə üzrə İddiaçı müvafiq dövlət orqanlarında təmsil etmiş nümayəndə X4 verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini Daxili İşlər Nazirliyinin onun əmlakı üzərinə müvəqqəti nəzarət qoyma səlahiyyətinin olmaması ilə, habelə Bakı Ağır Cinayətlər Məhkəməsinin 26.09.2019-cu il tarixli 1(101)-288/2019 saylı icra vərəqəsinə əsasən ona məxsus əmlak üzərindən həbsin götürülməsi ilə əsaslandırmışdır. Cavabdeh inzibati orqan iddiaya qarşı rəsmi münasibət bildirməmiş, yalnız məhkəmənin dəfələrlə verdiyi sorğulara cavab olaraq iddiaçıya məxsus əmlak üzərində müvəqqəti nəzarət qeydinin aparılmasına səbəb olan, məzmunu yuxarıda qeyd edilmiş sənədlərin təqdim edilməsi ilə kifayətlənmişdir. Birinci instansitya məhkəməsi tərəfindən iddiaçıya məxsus daşınmaz əmlak üzərində müvəqqəti nəzarət qeydinin aparılmasına əsas olmuş sənədlərin surətləri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən sorğu edilmiş, sonuncunun (BMCMİ) 08.06.2021-ci il tarixdə məhkəməyə təqdim etdiyi cavab məktubunda iddiaçının Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli hökmü ilə 5 il müddətinə şərti olaraq azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi barədə məlumat verilməklə sorğu natamam cavablandırılmışdır. Şəki İnzibati Məhkəməsinin (hаkim Vüqar Musayev) 22 sentyabr 2021-ci il tarixli, 2- 1(116)-677/2021 saylı qərarı ilə iddia qismən təmin edilmiş, ünvan 2 (yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən mənzil üzərinə qoyulmuş “müvəqqəti nəzarət” qeydi haqqında məlumatın götürülməsi və İddiaçı ünvan 2 (yeni qaydalarla: ünvan 3 ünvanı üzrə “daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair” arayışın əmlakın real hüquqi vəziyyətinə uyğun olaraq verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Şəki İnzibati Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2-1(116)-677/2021 saylı qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - ********** qeydiyyat nömrəli, 21.01.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 (yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən mənzil tam xüsusi mülkiyyət hüququ ilə iddiaçının mülkiyyətindədir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 06.05.2015-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanladığı 1/99m №-li məktubu və ona əlavə edilmiş siyahıdan görünür ki, siyahıda adları qeyd edilmiş şəxslərə mülkiyyət hüququ əsasında məxsus olan daşınmaz əmlaklar barədə məlumat verilməsi və onların özgəninkiləşdirilməsinin dayandırılması xahiş edilmişdir. Siyahıda iddiaçının adı 566 nömrə ilə qeyd edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 11.03.2016-cı il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanladığı məktubundan görünür ki, 06.05.2015-ci il tarixli 1/99m №-li məktubun məzmununun məxfi olması zərurətinin aradan qalxması barədə məlumat verilmiş və qeyri-məxfi sənəd dövriyyəsinin həmin sənədlərə də şamil edilməsi xahiş edilmişdir. - Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş 05 sentyabr 2019-cu il tarixli, 1(101)-288/2019 saylı hökmündən çıxarışından və icra vərəqəsindən görünür ki, hökmdən çıxarış və icra vərəqəsi daşınmaz əmlakların həbsdən azad edilməsi hissəsində icra edilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə göndərilmiş, həbsdən azad edilməli olan əmlakların siyahısında iddiaçıya məxsus ünvan 2 ünvanı qeyd edilmişdir. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17.10.2019-cu il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinə ünvanladığı məktubundan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26.09.2019-cu il tarixli 1(101)-288/2019 saylı icra vərəqəsi icra edilmişdir. - ünvan 2 ünvanı üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin “daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair” arayışından görünür ki, mübahisə predmeti olan ünvan üzrə 27.01.2021-ci il tarixinə olan məlumata əsasən məhdudiyyət və yüklülüyün qeydə alınmaması, əmlak üzərində “müvəqqəti nəzarət”-in olması qeyd olunmuşdur. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin 18.02.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli hesab edilən hallar sübut olunmadığından Şəki İnzibati Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2-1(116)-677/2021 saylı qərarı ləğv olunmalıdır. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən, idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının dəqiqliyinə cavabdehdir. Bildirirlər ki, İddiaçı adına olan Şəki şəhəri, 20 Yanvar küçəsi, bina 61A-da yerləşən 45 saylı mənzil (yeni qaydalarla: ünvan 1 üzərinə 07 may 2015-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 06.05.2015-ci il tarixli, 1/99m saylı məktubu əsasında müvəqqəti nəzarət qoyulmuşdur. Həmçinin, 1-ci instansiya məhkəməsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyini prosesə cəlb edilməli idi. Ona görə də, həmin məhkəmə tərəfindən qəbul olunmuş Şəki İnzibati Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2-1(116)-677/2021 saylı qərarıın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi X3 oğlu apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Şəki İnzibаti Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2-1(116)-677/2021 saylı qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibаti Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2-1(116)- 677/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Cavabdehin apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Məhkəmə kollegiyası işdə olan sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunsuzdur. İddia mümkün iddia olduğuna görə birinci instansiya məhkəməsi iddiaya mahiyyət üzrə baxmışdır. Belə ki, baxılan işdə söhbət İnzibati Prosessuаl Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 2.2.3 və 34.1-ci maddələrinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırkı tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Apellyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı cavabdehə təqdim olundugu gündən İnzibati Prosessuаl Məcəllənin 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, İPM-in 85.1-ci, 85.2-ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımından lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində cavabdehin tələbi göstərilmişdir. İddia, mahiyyət etibarı ilə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 138.1-ci maddəsinə əsasən əşyanın yüklülüyü - qanun və ya əqd əsasında əşyaya mülkiyyət hüququnun hər hansı formada məhdudlaşdırılmasıdır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 05.04.2007ci il tarixli 05-Q nömrəli Qərarı ilə təsdiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 13.04.2007-ci il tarixli 3297 nömrəli Qərarla dövlət qeydiyyatına alınmış “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında” Təlimatın 1.1-ci bəndinə əsasən bu Təlimat «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununa, «Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə uyğun olaraq hazırlanmışdır və daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi qaydalarını tənzimləyir. Həmin Təlimatın 1.2-ci bəndinə əsasən, bu Təlimatda müəyyən olunmuş qaydada Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. Həmin Təlimatın 2.1-ci bəndinə görə, reyestrdən arayışı əldə etmək üçün hüquq sahibi Xidmətin Ərazi İdarələrinin rayon şöbələrinə ərizə ilə müraciət etməlidir. Hüquq sahibi fiziki şəxs olduqda ərizəyə şəxsiyyətini təsdiq edən sənədi, hüquqi şəxs olduqda isə onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surətini və nümayəndəsinin səlahiyyətini təsdiq edən sənədi əlavə etməlidir... Həmin Təlimatın 3.1.3-cü bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak (onun tərkibi, bir hissəsi, ondakı paylardan biri və ya bir neçəsi) üzərində hüquqların məhdudlaşdırılması (yüklülük) (həbs, qadağa, ipoteka, icarə, istifadə (o cümlədən, yaşayış binasının tərkib hissəsindən istifadə), servitut və s.) olduqda arayışda məhdudlaşdırılma (yüklülük) və buna əsas olan sənədlər haqqında məlumat (hüququ məhdudlaşdırılan şəxs, onun payı, məhdudlaşdırılmanın tarixi və növü, yüklü olan hissə, pay və ya paylar, yüklü edən şəxs, yüklülüyün müddəti, yüklülüyün qeydə alınma tarixi və s.) qeyd edilir. Qanunvericilikdə əşyanın yüklülüyü dedikdə, qanun və ya əqd əsasında əşyaya mülkiyyət hüququnun hər hansı formada məhdudlaşdırılması nəzərdə tutulur. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılması (yüklülük) (həbs, qadağa, ipoteka, icarə, istifadə (o cümlədən, yaşayış binasının tərkib hissəsindən istifadə), servitut və s.) olduqda arayışda məhdudlaşdırılma (yüklülük) və buna əsas olan sənədlər haqqında məlumat (hüququ məhdudlaşdırılan şəxs, onun payı, məhdudlaşdırılmanın tarixi və növü, yüklü olan hissə, pay və ya paylar, yüklü edən şəxs, yüklülüyün müddəti, yüklülüyün qeydə alınma tarixi və s.) qeyd edilir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunduğu kimi, iddiaçının cavabdeh inzibati orqana müraciət etdiyi vaxt mübahisə predmeti olan, iddiaçıya məxsus ünvan 2 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzil üzərində hər hansı məhdudiyyət və yüklülük olmamışdır. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26.09.2019-cu il tarixli 1(101)-288/2019 saylı icra vərəqəsinin icrası qaydasında əmlak üzərindən həbs götürüldüyündən, cavabdeh inzibati orqan həmin əmlakın yüklülüyünü ifadə edəcək hər hansı qeydi müvafiq arayışa daxil etməməli idi. Cavabdehin imtinasının əsasını təşkil edən Daxili İşlər Nazirliyinin 06.05.2015-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanladığı 1/99m №-li məktubu əmlak üzərində qanun və ya əqd əsasında yüklülük yaradan hal kimi qiymətləndirilə bilməzdi. Yəni qeyd edilən məktub iddiaçıya məxsus əmlak üzərinə müvəqqəti nəzarətin qoyulması əsası ola bilməzdi. Ümumiyyətlə qanunvericilikdə “müvəqqəti nəzarət” adı altında məhdudlaşdırma növünə rast gəlinmir. Cavabdeh inzibati orqan qeyd edilən məktubun heç bir hüquqi nəticəsinin olmadığını bilməli olduğu və bildiyi halda, o cümlədən Bakı Ağır Cinayətlər Məhkəməsinin müvafiq hökmü ilə iddiaçıya məxsus əmlak üzərindən həbsin götürüldüyündən aşkar şəkildə məlumatlı olmasına baxmayaraq, iddiaçının əmlak hüquqlarını pozmuş, ona məxsus əmlakın həqiqi hüquqi vəziyyətinə uyğun olmayan arayış təqdim etmiş və heç bir hüquqi əsası olmayan “müvəqqəti nəzarət” qeydini arayışa daxil etmişdir. Cavabdeh inzibati orqan iddiaçıya məxsus daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasının (yüklülük) (həbs, qadağa, ipoteka, icarə, istifadə (o cümlədən, yaşayış binasının tərkib hissəsindən istifadə), servitut və s.) qanun və ya əqd əsasında mövcud olması barədə işə baxan məhkəmələrə hər hansı sübut təqdim etməmiş və bu halı sübut edə bilməmişdir (cavabdeh inzibati orqan bunun əksini təkzib edən sübutları məhkəmələrə təqdim edə bilməmişdir). Təqdim edilən yeganə məhdudlaşma əsası isə yuxarıda qeyd edilən, qanuna və əqdə əsaslanmayan Daxili İşlər Nazirliyi tərəfindən 06.05.2015-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlanan 1/99m №-li məktub olmuşdur. Qanunvericiliyin tələbinə görə, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür (İPM, maddə - 14.2). Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı ona məxsus olan daşınmaz əmlak üzərindən müvəqqəti nəzarət qeydinin götürülməsini və özünə məxsus əmlakın real hüquqi vəziyyətinə uyğun arayışın verilməsini tələb etməkdə haqlı olmuşdur. "İnzibati İcraat haqqında" Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərin əsassız sayaraq birinci instansiya məhkəməsinin gəlmiş olduğu qənaətlə razılaşır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Nəticəvi hissə:
Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2-1(116)-677/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi (AZ-5500, Şəki Şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ-1025, Bаkı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Elçin Hüseynov