Məhkəmə qərarları › İş №2-1(107)-473/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-473/2023

24.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-473/2023 24.08.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “seriya RX № ******* saylı çıxarışla mülkiyyətə verilmiş torpaq sahəsi üzərində inşa olunmuş ictimai iaşə binası və seriya RX № ******* saylı çıxarışla mülkiyyətinə verilmiş torpaq sahəsindəki mağaza binası üzərində qeyri-yaşayış sahəsi kimi mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 15 may 2023ci il tarixli, 2-1(116)-1258/2023 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “seriya RX № ******* saylı çıxarışla mülkiyyətə verilmiş torpaq sahəsi üzərində inşa olunmuş ictimai iaşə binasının və seriya RX № ******* saylı çıxarışla mülkiyyətinə verilmiş mağaza binasının üzərində mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “seriya RX № ******* saylı çıxarışla mülkiyyətə verilmiş torpaq sahəsi üzərində inşa olunmuş ictimai iaşə binası və seriya RX № ******* saylı çıxarışla mülkiyyətinə verilmiş torpaq sahəsindəki mağaza binası üzərində qeyri-yaşayış sahəsi kimi mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə icraata qəbul edilmişdir.

4. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 9 saylı Qəbələ Ərazi İdarəsi ilə əvəz edilmişdir.

5. İddiaçı, tələbini onunla əsaslandırmşdır ki, Qəbələ rayonunun Hacallı kəndində 5 nəfər ailə üzvünün mülkiyyətinə seriya RX № ******* saylı çıxarışla 0.20 ha və seriya RX № ******* say çıxarışla 0.10 ha torpaq sahəsi verilmiş, hər iki torpaq sahəsi dövlət reyestrində qeydə alınmışdır. Ailə üzvülərinin mülkiyyətində olan 0,20 ha torpaq sahəsində ictimai iaşə binası (yeməkxana) inşa etmişdir. İctimai iaşə binasının (yeməkxananın) tikintisi 9000.0 kv.m torpaq sahəsində aparılmışdır.Mülkiyyətdə olan torpaq sahəsinin 153.65 kv.m hissəsi tikinti sahəsidir. Bundan əlavə seriya RX № ******* saylı çıxarışla mülkiyyətində olan 0.10 ha torpaq sahəsində mağaza binası inşa etmişdir. Maqazin binası fərdi yaşayış evinin yerləşdiyi 0.10 ha torpaq sahəsində inşa olunub. Hər iki tikili tikinti norma və qaydalarına uyğun aparılıb. Digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur, kənar şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaratmır. Qeyd olunan hər iki qeyri yaşayış sahəsi olan tikililər tikinti normaları və qaydalarına, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə inşa olunmuşdur. Qanunvericiliyin bütün tələblərinə əməl edilməklə inşa edilməsinə baxmayaraq, cavabdeh qeyd olunan tikililərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsindən imtina edir. Göstərilənlər nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməsi xahiş edilmişdir.

6. Cavabdeh orqan iddia tələbinə etirazını iddia olunan tikililərə dair hüquqmüəyyənedici sənədin təqdim edilməməsi ilə əsaslandırmışdır.

7. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı və onun vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişlər.

8. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 15 may 2023-ci il tarixli, 2- 1(116)-1258/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

10. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 15 may 2023-ci il tarixli, 2-1(116)-1258/2023 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

11. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki İnzibati məhkəməsi iddia tələbini təmin etməməklə torpaq üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsində məhdudiyyət yaratmışdır. Bildirir ki, ictimai iaşə binasının inşa edildiyi 0.20 ha torpaq sahəsi də yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla Seriya RX № ******* saylı çıxarışla ailə üzvülərinin mülkiyyətinə verilmişdir. Bundan əlavə mağaza binasının inşa edildiyi 0.10 ha torpaq sahəsi də yaşayış məntəqəsinin torpaqları kateqoriyasına aid olmaqla Seriya RX № 149713 saylı çıxarışla ailə üzvülərinin mülkiyyətinə verilmişdir. Hər iki torpaq sahəsi tam olaraq mülkiyyətlərində olmaqla kimsə tərəfindən mübahisələndirilmir. Həmçinin, hər iki tikili tikinti norma və qaydalarına uyğun aparılıb. Digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur, kənar şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaratmır. Bundan əlavə qeyd olunan hər iki yaşayış sahəsi olan tikililər tikinti normaları və qaydalarına, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə inşa olunmuşdur. Qeyd olunanlara əsasən hesab edir ki, qanunvericiliyin bütün tələblərinə əməl edilməklə inşa edilməsi səbəbindən cavabdehi hər iki tikilinin dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsindən imtina etməsi və Şəki İnzibati məhkəməsinin idda tələbinin təmin etməməsi barədə xx.xx.2023-cü il tarixli 2 -1 (116)-1258/2023 saylı qərarını cavabdehin etiraz rəyinə uyğun qəbul etməsi əsaslı deyildir. Cabavdeh tərəf iddia tələbinə etirazını iddia olunan hər iki tikiliyə dair hüquqmüəyyənedici sənədin təqdim edilməməsi ilə əsaslandırmışdır. Hər iki tikilinin ətraf üçün hər hansı bir eksterimal şəraitdə heç bir təhlükəsi yoxdur. Yəni tikililər mürəkkəb konsturiksiyaya malik olmamaqla tikintisi aparılan qeyri-yaşayış sahəsi olmaqla tikinti normalarında göstərilən hündürlükdən daha aşağı hündürlükdədir ki, bu qurup tikililərə icazə tələb olunmur. Ona görə də Şəki İnzibati Məhkəməsinin 15 may 2023-ci il tarixli, 2-1(116)-1258/2023 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 15 may 2023-ci il tarixli, 2-1(116)-1258/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir.

14. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

15. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - seriya RX 1444598, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən çıxarışdan görünür ki, Qəbələ rayonu Hacallı kəndində yerləşən 0.2 ha torpaq sahəsi üzərində İddiaçı, X1, X5, X3 və X2 ümumibirgə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - seriya RX 1497713, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən çıxarışdan görünür ki, Qəbələ rayonu Hacallı kəndində yerləşən 0.09685 ha torpaq sahəsi üzərində İddiaçı, X1, X5, X3 və X2 ümumibirgə mülkiyyət hüququ, fərdi yaşayış evi üzərində İddiaçı tam mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - xx.xx.2019-cu il tarixli, 406-4/483 inventar nömrəli texniki pasportdan görünür ki, həyətyanı tikililərin və qurğuların texniki göstəriciləri qrafasında talvar, tövlə, hamam, darvaza, hasar və onların ölçüləri qeyd edilmişdir. - Qəbələ rayonu Hacallı kəndində yerləşən qaraj-talvar binasının layihəsindən görünür ki, sökülməsi nəzərdə tutulan köhnə tövlə binası və layihələndirilən qaraj-talvar binasının yerləşmə vəziyyəti və digər texniki göstəricilər təsvir olunmuşdur. - Qəbələ rayonu Hacallı kəndində yerləşən bir mərtəbəli ictimai iaşə binasının memarlıq planlaşdırma bölməsindən görünür ki, sahəsi 153.65 kv.m olan mövcud tikilinin 2000 kv.m torpaq sahəsində inşa edilməsi və digər texniki göstəricilər təsvir edilmişdir. - Qəbələ rayon İcra Hakimiyyəti Başçısı aparatının xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı məxsus, Qəbələ rayonu Hacıalılı kəndində yerləşən 0.20 ha və 0.10 ha torpaq sahələri üzərində inşa edilmiş qeyriyaşayış obyektlərinin tikintisinə başlanması ilə əlaqədar Qəbələ Rayon İcra Hakimiyyətinə müraciət daxil olunmamışdır. Qeyd edilən tikintilər özbaşına olaraq inşa edilmişdir. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl iddiaçı tərəfindən anoloji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.4. qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarına əsasən əmlak hüquqları ilə bağlı mübahisələrdə DƏDRX-in ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında, DƏDRX-in ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır.

19. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

20. İddiaçı apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

21. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

22. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

23. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

25. Belə ki, məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, iddiaçının cavabdeh orqana qarşı tələbləri bunlardan ibarətdir: 1. seriya RX № ******* saylı çıxarışla ümumibirgə mülkiyyətində olan 0.2 ha torpaq sahəsi üzərində inşa olunmuş ictimai iaşə binası üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi; 2. seriya RX № ******* saylı çıxarışla ümumibirgə mülkiyyətinə verilmiş 0.10 ha torpaq sahəsində yerləşən sökülmüş köhnə tövlə binasının yerində inşa edilmiş qarajtalvar binasını faktiki olaraq mağaza binası kimi istifadə etdiyinə görə həmin daşınmaz əmlak üzərində qeyri-yaşayış sahəsi kimi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi.

26. Məhkəmə kollegiyası qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur.

27. İş materiallarından görünür ki, sözügedən tikililərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində tələb olunan sənədlər mövcud deyildir.

28. Belə ki, iddiaçının ümumibirgə mülkiyyətində olan 0.10 ha torpaq sahəsinə dair tərtib edilmiş xx.xx.2019-cu il tarixli, 406-4/483 inventar nömrəli texniki pasportdan və işə əlavə edilmiş qaraj-talvar binasının layihəsindən görünür ki, sözügedən tikili əvvəllər talvar, tövlə olmaqla ümumi sahəsi 113.9 kv.m olan 1976-cı ildə tikilmiş fərdi yaşayış sahəsinin həyətyanı tikilisi olmuş, daha sonra iddiaçı tərəfindən sökülmüş, yerində yeni tikili inşa edilərək qaraj-talvar binası olaraq layihələndirilmişdir. Yəni, sözügedən tikili hazırda da ümumi sahəsi 113.9 kv.m olan 1976-cı ildə tikilmiş fərdi yaşayış sahəsinin həyətyanı tikilisi olaraq qalmaqdadır. İddiaçı, həmin tikilidən faktiki olaraq mağaza binası kimi istifadə etdiyini bildirərək fərdi yaşayış sahəsinin həyətyanı tikilisi üzərində qeyri-yaşayış sahəsi kimi mülkiyyət hüququnun qeydə alınmasını tələb etsə də, nəzərə alınmalıdır ki, sökülmüş tövlənin yerində inşa edilmiş qaraj-talvardan faktiki olaraq mağaza binası kimi istifadə edilməsi həmin tikinti obyekti üzərində qeyri-yaşayış sahəsi kimi hüquqların dövlət qeydiyyatına heç bir hüquqi əsas yaratmır.

29. Sözügedən tikili qeyri-yaşayış sahəsi kimi nəzərdən keçirildikdə Şəhərsalma və Tikinti Məcəlləsinin 74-cü maddəsinə uyğun olaraq Tikintisinə icazə tələb olunan tikinti obyekt hesab edilir ki, (sahəsi 100 kv.m-dən çox olduğundan hətta yardımçı tikili olaraq belə tikintisinə icazə tələb olunur) belə olan halda «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.10.1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikili olaraq – təqdim edilmiş sənədlərdən əlavə tikintiyə icazə verilməsi barədə qərar, tikinti obyektinin istismarına icazə sənədləri də təqdim edilməlidir.

30. Həmçinin seriya RX № ******* saylı çıxarışla iddiaçının ümumibirgə mülkiyyətində olan 0.2 ha torpaq sahəsi üzərində inşa olunmuş ictimai iaşə binası üzərində də, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yuxarıda qeyd edildiyi kimi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikili olaraq – təqdim edilmiş sənədlərdən əlavə tikintiyə icazə verilməsi barədə qərar, tikinti obyektinin istismarına icazə (8.0.10.1) sənədləri də təqdim edilməlidir. Lakin, iş materiallarında olan Qəbələ rayon İcra Hakimiyyəti Başçısı aparatının xx.xx.2023-cü il tarixli məktubu ilə müəyyən edilir ki, sözügedən tikintilər özbaşına olaraq inşa edilmişdir.

31. Daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin həmin normalarda əsas qismində nəzərdə tutulmuş etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qeydiyyatın aparılması zamanı cavabdeh hüquqmüəyyənedici sənədin məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Odur ki, iddiaçı, ümumibirgə mülkiyyətində olan torpaq sahəsində özbaşına olaraq inşa etdiyi tikililərə dair hər hansı hüquq müəyyənedici sənəd təqdim edə bilmədiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.

32. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).

33. Məhkəmə kollegiyası inzibati mübahisə üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Habelə iddiaçının nümayəndəsi və vəkili apellyasiya məhkəməsinin iclasında apellyasiya şikayətində irəli sürdüyü dəlillərini təsdiq edəcək heç bir sübut təqdim edə bilmədi.

34. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, cavabdeh inzibati orqan hazırkı inzibati iş üzrə qanunauyğun olaraq lazımi qaydada araşdırma aparmışdır. Ona görə də kollegiya hesab edir ki, cavabdehin tələbdə qeyd olunan ictimai iaşə binası və mağaza binası üzərində qeyri-yaşayış sahəsi kimi mülkiyyət hüququnun qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtinası əsaslı olmuşdur.

35. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “seriya RX № ******* saylı çıxarışla mülkiyyətə verilmiş torpaq sahəsi üzərində inşa olunmuş ictimai iaşə binası və seriya RX № ******* saylı çıxarışla mülkiyyətinə verilmiş torpaq sahəsindəki mağaza binası üzərində qeyri-yaşayış sahəsi kimi mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

36. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 15 may 2023-ci il tarixli, 2-1(116)-1258/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar