Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-474/2025 09.09.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X2 ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 06 may 2025-ci il tarixli 2-1(116)-1001/2025 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı “hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1971-1974, 1977, 1979-1983-cü illərdə Balakən rayon İtitala kəndi "M.F.Axundov" adına kolxozda kolxozçu, çoban, ferma işçisi kimi işləmişdir. Həmin iş stajını Milli Arxiv İdarəsi Balakən rayon İcra Hakimiyyəti Balakən Dövlət Arxivindən alınmış №3-48-7RA/2-M-7xx-xx/2023, 10 oktyabr 2023-cü il tarixli arayışla təsdiq edir. 30 oktyabr 1974-cü tarixdən 05 noyabr 1976-cı il tarixədək hərbi xidmətdə, 05 oktyabr 1977-ci il tarixdən 01 sentyabr 1978-ci il tarixədək Balakən rayon İtitala poçt şöbəsində poçtalyon işləmişdir. Daha sonra 1984-cü il tarixdən 1990-cı il tarixədək Gürcüstan SSSR-nin Çiteli Çkaro rayonunun “Zemokedi” kolxozunda kolxozçu, traktorist, sürücü işləmişdir. xx.xx.1990-cı ildən xx.xx.2003-cü il tarixədək Zaqatala 2720 saylı avtomobil bazasında sürücü işləmişdir. Həmin arayışları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi yanında Dövlət Sosial Müdafiə fondunun Zaqatala Rayon Pensiya şöbəsinə təqdim etmiş, lakin ona №3-17-1/2-М-169643/2024 19 iyul 2024cü il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialından imtina cavabı verilmişdir, imtina cavabından görünür ki, işlədiyi dövrləri yalnız məhkəmə qərarı ilə təsdiq etdikdən sonra onun pensiya işinə yenidən baxıla bilər.
3. Cavabdeh orqan məhkəməyə təqdim olunmuş iddia tələbinə etirazı onunla əsaslandırmışdır ki, 2-1(116)-3078/2024 nömrəli ış üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, hazırkı iş üzrə iddiaçı İ.X3 yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. İddiaçı ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. İddiaçının təqdim etdiyi sənədlərin surətlərinə əsasən sığorta stajı (xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olduğu müddət, 1971-1983-cü illərdə M.F.Axundov adına kolxozda və xx.xx.1977-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək Balakən poçt filialında adına əməkhaqqı hesablanan aylar nəzərə alınmaqla) 21 il 9 ay 14 gün təşkil edir. - Məlumat üçün bildirilmişdir ki, Balakən rayon dövlət Arxivinin 111 nömrəli arayışına əsasən onun 1971-1983-cü illər ərzində “M.Axundov” adına kolxozda və Balakən poçt filialının 204 nömrəli arayışına əsasən xx.xx.1977-ci il tarixindən xx.xx.1978-ci il tarixədək Balakən rayon Poçt filialında əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Belə ki, Fondun 3 saylı Şəki-Zaqatala regional filialının Balakən Rayon Dövlət Arxivi ilə və X6 filialı ilə birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli aktlarına əsasən iddiaçının M.F.Axundov adına kolxozda adına əməkhaqqı hesablanan 6 il 6 ay və Balakən poçt Filialında 10 ay 26 gün sığorta stajına daxil edilmiş, adına əmək haqqı hesablanmayan dövrlərin sığorta stajınıza daxil edilməsi mümkün olmamışdır. Həmçinin bildirilir ki, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2021-ci il tarixdən sosial müavinət təyin edilmiş, hazırda 220 manat məbləğində olmaqla ödənişi davam etdirilir. Yuxarıda qeyd olunan hüquq normalarına uyğun olaraq İddiaçı işlədiyi M.F.Axundov adına kolxozda adına əməkhaqqı hesablanan 6 il 6 ay və Balakən poçt Filialında 10 ay 26 gün sığorta stajına daxil edilmiş, adına əmək haqqı hesablanmayan dövrlərin sığorta stajınıza daxil edilməsi mümkün olmamışdır.
4. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur. - AA******* nömrəli Şəxsiyyət Vəsiqəsi. - 2700 nömrəli Kolxozçunun Əmək kitabçası. - Milli Arxiv İdarəsi Balakən Rayon İcra Hakimiyyəti Balakən Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli Arxiv Arayışı, xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə edilmiş şəxsi hesab kitablarından təsdiqlənmiş surətlər və arxiv arayışları.
5. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 06 may 2025-ci il tarixli 2- 1(116)-1001/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulmuşdur.
6. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçının 65 yaşı xx.xx.2021-ci il tarixində tamam olmuş, ona həmin tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya təqdim edilən imtina məktubunda və məhkəmə icraatı gedişində təqdim edilən etiraza əsasən iddiaçının mübahisələndirilməyən sosial sığorta stajı 21 il 9 ay 14 gün təşkil edir. - Məhkəmə tərəfindən iddiaçının əmək kitabçası əsasında bütövlükdə sosial sığorta stajı, o cümlədən mübahisələndilən 1971-1983-cü illər ərzində “M.Axundov” adına kolxozda və xx.xx.1977-xx.xx.1978-ci illər ərzində Balakən rayon poçt filialında əmək fəaliyyəti dövrləri araşdırılmışdır. Cavabdehin 3 saylı Şəki-Zaqatala regional filialının Balakən Rayon Dövlət Arxivi ilə və X6 filialı ilə birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli aktlarına əsasən M.F.Axundov adına kolxozda adına əməkhaqqı hesablanan 6 il 6 ay və Balakən poçt Filialında 10 ay 26 gün sığorta stajına daxil edilmişdir. Cavabdehin həmin müəssisələrdəki digər dövrlərin sosial sığorta stajına daxil edilməsindən imtina etməsinin səbəbi sözügedən dövrlər ərzində iddiaçının adına əməkhaqqı hesablanmaması ilə bağlıdır. - Məhkəmə cavabdehin dəlilinə və iş materiallarına qiymət verərək hesab etmişdir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Balakən Rayon İcra Hakimiyyəti Balakən Rayon Dövlət Arxivinin arayışından görünür ki, 1971-1974-cü illər, 1977-ci il, 1979-cu il, 1980-1983-cü illər ərzində iddiaçının işlədiyi gün, saatlar və buna görə əməkhaqqı hesablanaraq qeyd edilmişdir. Müvafiq sənədlərin arxivə natamam verilmiş olması iddiaçının ziyanına şərh edilə bilməz. Belə ki, ona məxsus əmək kitabçasından görünür ki, o, 1971-1974, 1977, 1979-1983-cü illərdə Balakən rayon İtitala kəndi “M.F.Axundov" adına kolxozda kolxozçu, 05 oktyabr 1977-ci il tarixdən 01 sentyabr 1978-ci il tarixədək Balakən rayon İtitala poçt şöbəsində poçtalyon işləmişdir. İddiaçının xx.xx.1990-cı ildən xx.xx.2003-cü il tarixədək Zaqatala 2720 saylı avtomobil bazasında sürücü işləməsi əmək kitabçasının 4-5-ci səhifələrində qeyd edilmişdir. - Yuxarıda göstərilən müddət mötəbərliyi təsdiq olunan 21 il 9 ay 14 günlə toplandıqda iddiaçının cəmi 25 ildən artıq sosial sığorta stajının olduğu müəyyən edilir, bu da tələb olunan minimum dövrdən artıqdır. İddiaçının, məhkəmə araşdırması zamanı müəyyən edilən sosial sığorta stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, arxiv sənədlərinə və iddiaçının əmək kitabçasına əsasən iddiaçının 25 ildən artıq sığorta stajı olduğu təsdiq olunduğundan iddia tələbi təmin edilməlidir.
7. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 06 may 2025-ci il tarixli 2-1(116)-1001/2025 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh orqanın apellyasiya şikayəti etiraz ərizəsi ilə eynilik təşkil edərək əlavə olaraq onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddiaçının iddia tələbi təmin edilməməlidir. Cavabdeh orqan qeyd edir ki, iddiaçı M.Rəcəbəliyeviçin 1971-1983-cü illər ərzində "M.Axundov" adına kolxozda işləməsi barədə natamam qeydlər əmək kitabçasına əsasən deyil, onun təqdim etdiyi Balakən rayon Dövlət Arxivinin 111 nömrəli arayışına əsaslanır. Müvafiq arayışa əsasən iddiaçının 1971-1974-cü illər, 1977-ci il, 1979-cu il, 1980-1983-cü illər ərzində işlədiyi gün, saatlar və buna görə əməkhaqqı hesablanaraq ödənilməsi qeyd edilmişdir. Qeyd edilən dövrlər üzrə əmək minimumunu natamam yerinə yetirməsi aşkar görünür. Həmin ilin bütövlükdə staj olaraq nəzərə alınması əmək iştirakı minumumunu tam yerinə yetirən şəxslərə münasibətdə ədalət və bərabərlik prinsiplərinin birbaşa pozulmasına səbəb olacaqdır. Buna görə də, məhkəmənin minimum adam günü normasını tam yerinə yetirmiş şəxslərlə iddiaçı arasında fərq qoyulmadan bütövlükdə natamam işlənmiş illərin tam il kimi qəbul edilməsi maliyyə sabitliyinin pozulmasına və dəyişiklikdən sui-istifadə edilməsinə səbəb ola bilər. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)-1001/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)- 1001/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1 -ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
13. İnzibati Prosessual Məcəllə: Maddə 14.3 inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
14. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
15. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (qüvvədən düşmüş): Maddə 67. mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: ... 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2.11. Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” Bənd 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.
18. “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: 3.2-ci bənd. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;...
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
Apellyasiya şikayətinin mümkünlüyü
21. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
23. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
24. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
25. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
26. Cavabdehin mübahisələndirdiyi hal və apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçı M.Rəcəbəliyeviçin 1971-1983-cü illər ərzində "M.Axundov" adına kolxozda işləməsi barədə natamam qeydlər əmək kitabçasına əsasən deyil, onun təqdim etdiyi Balakən rayon Dövlət Arxivinin 111 nömrəli arayışına əsaslanır. Müvafiq arayışa əsasən iddiaçının 1971-1974-cü illər, 1977-ci il, 1979-cu il, 1980-1983-cü illər ərzində işlədiyi gün, saatlar və buna görə əməkhaqqı hesablanaraq ödənilməsi qeyd edilmişdir. Qeyd edilən dövrlər üzrə əmək minimumunu natamam yerinə yetirməsi aşkar görünür. Həmin ilin bütövlükdə staj olaraq nəzərə alınması əmək iştirakı minumumunu tam yerinə yetirən şəxslərə münasibətdə ədalət və bərabərlik prinsiplərinin birbaşa pozulmasına səbəb olacaqdır. Buna görə də, məhkəmənin minimum adam günü normasını tam yerinə yetirmiş şəxslərlə iddiaçı arasında fərq qoyulmadan bütövlükdə natamam işlənmiş illərin tam il kimi qəbul edilməsi maliyyə sabitliyinin pozulmasına və dəyişiklikdən sui-istifadə edilməsinə səbəb ola bilər.
27. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçının xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olduğu müddət (1 il 11 ay 29 gün), 1971-1983-cü illərdə M.F.Axundov adına kolxozda işlədiyi və cavabdeh tərəfindən nəzərə alınan müddət ( 6 il 6 ay), xx.xx.1977-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək Balakən poçt filialında işlədiyi və cavabdeh tərəfindən nəzərə alınan müddət (10 ay 26 gün), xx.xx.1990-cı ildən xx.xx.2003-cü il tarixədək Zaqatala 2720 saylı avtomobil bazasında sürücü işlədiyi müddət (12 il 4 ay 25 gün) cavabdeh orqan tərəfindən mübahisələndirilməmiş, nəticədə cavabdeh orqan hesab etmişdir ki, iddiaçının 21 il 9 ay 14 gün sığorta stajı var.
28. Kollegiya bununla bağlı qeyd edir ki, cavabdeh orqanın mübahisələndirmədiyi müddətləri hesabladıqda iddiaçının 21 il 9 ay 20 gün stajı olduğu müəyyən edilir.
29. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq iddiaçının 05 oktyabr 1977-ci il tarixdən 01 sentyabr 1978-ci il tarixədək Balakən rayon İtitala poçt şöbəsində poçtalyon işlədiyi müddət sığorta stajı kimi nəzərə alınmışdır. Cavabdeh orqan tərəfindən isə bu müddət mübahisələndirilmiş, dəlillərində göstərilmişdir ki, iddiaçının Balakən poçt Filialında xx.xx.1977-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək işlədiyi müddətdən yalnız 10 ay 26 gün sığorta stajına daxil edilmiş, qalan dövr isə adına əmək haqqı hesablanmadığından sığorta stajına daxil edilməmişdir.
30. İş materiallarında olan X6 Filialı tərəfindən təqdim edilmiş arayışla və 07 iyun 2024-cü il tarixli aktla iddiaçının xx.xx.1977-ci il tarixindən xx.xx.1978-ci il tarixədək Balakən poçt filialında əmək fəaliyyətinin olması sübuta yetirilir (səh. 15, 73).
31. Belə ki, həmin sənədlərdən görünür ki, İddiaçı həqiqətən xx.xx.1977-ci il tarixində 22 nömrəli əmrlə Balakən poçt filialının İtitala poçt şöbəsinə poçtalyon vəzifəsinə təyin olunub, xx.xx.1978-ci il tarixdə isə 103 nömrəli əmrlə həmin vəzifədən azad edilmişdir. Odur ki, onun işlədiyi müddət cavabdeh orqanın mübahisələndirmədiyi 10 ay 26 gün deyil, 1 il 6 ay 25 gün təşkil etmişdir.
32. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 05 fevral 1977-ci il tarixdən 30 avqust 1978-ci il tarixinədək poçt şöbəsinə poçtalyon işlədiyini təsdiq edən sənədlər mövcuddur. Bu sənədlər iddiaçının rabitə (poçt) sahəsində rəsmi işlə təmin edildiyini sübut edir. Poçtalyon olaraq iddiaçının müəssisədə işə qəbul edilməsi rəsmi prosedur əsasında aparıldığından, bu cür fəaliyyətin inandırıcılığı və qanuniliyi şübhə doğurmur. Odur ki, hər hansı bir poçtalyonun dövlət müəssisəsində çalışarkən əmək haqqı almadan işləməsi ağlabatan hesab edilə bilməz.
33. Kollegiya nəticə etibarı ilə hesab edir ki, cavabdeh orqanın mübahisələndirmədiyi müddət və poçt şöbəsində işlədiyi müddət nəzərə alındıqda iddiaçının sığorta stajı 22 il 5 ay 19 gün (21 il 9 ay 20 gün + 7 ay 29 gün (1 il 6 ay 25 gün - 10 ay 26 gün)) təşkil edir.
34. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 1984-1990-cı illərdə kolxozda kolxozçu, traktorist, sürücü işlədiyi 6 il müddət barədə iddiaçının təqdim etdiyi əmək kitabçasındakı müvafiq qeydlərin həqiqətə uyğun olmadığına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir.
35. Odur ki, qeyd edilən müddətləri topladıqda iddiaçının 25 ildən artıq sosial sığorta stajı yaranır ki, bu da, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir.
36. Kollegiya onu da qeyd edir ki, iddiaçının 25 ildən artıq sığorta stajı cavabdeh orqanın mübahisələndirdiyi 1971-1983-cü illərdə M.F.Axundov adına kolxozda işlədiyi (6 il 6 ay istisna olmaqla) müddət nəzərə alınmadan yetərli olsa da belə, hər bir halda Kollegiya bildirir ki, iddiaçının 1971-1983-cü illərdə əmək günü və adam günü normalarına uyğun olaraq "M.Axundov" adına kolxozda işlədiyi müddət Balakən rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 3-48-7RA/2-101/2024 nömrəli arxiv arayışı və həmin arayışın verilməsinə əsas olmuş hesablaşma kitabları ilə təsdiq edildiyindən həmin müddət də iddiaçının sosial sığorta stajına daxil edilməlidir.
37. Həmin arxiv arayışında qeyd edilən müddətlər ondan ibarətdir ki, 1971-ci il, 1972ci il, 1973-cü il, 1974-cü ildən 10 ay (xx.xx.1974-cü il tarixdən hərbi xidmətdə gedib), 1977ci ildən 1 ay 5 gün (xx.xx.1977-ci il tarixində 22 nömrəli əmrlə Balakən poçt filialının İtitala poçt şöbəsinə poçtalyon vəzifəsinə təyin olunub), 1979-cu il, 1980-cı il, 1981-ci il, 1982-ci il, 1983-cü il, cəmi 8 il 11 ay 5 gün – 6 il 6 ay = 2 il 5 ay 5 gün.
38. Cavabdeh orqan tərəfindən də 2 il 5 ay 5 gün nəzərə alınmamışdır.
39. Nəzərə almaq lazımdır ki, yuxarıda qeyd edilən qaydada araşdırma aparıldıqdan sonra da əmək iştirakı (adam günü) minimumu normasını müəyyən etmək mümkün olmadıqda bu hal iddiaçının ziyanına şərh oluna bilməz və yalnız bundan sonra iddiaçının kolxozda işlədiyi və əmək haqqı aldığı illər tam iş stajı kimi onun sosial sığorta stajına daxil edilə bilər.
40. Hazırkı qərarın 20-ci bəndində qeyd edilən normanın tələbinə əsasən, sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Hazırkı iş üzrə iddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.
41. Beləliklə, inzibati orqan, göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrünü qəbul etməyə bilərdi.
42. Həmçinin, hazırki Qərarın 18-ci bəndində qeyd olunan, iddiaçının əmək pensiyası hüququnun yarandığı vaxtda qüvvədə olan Qaydalarda da 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur.
43. O da qeyd olunmalıdır ki, cavabdeh orqanın qeyd etdiyi halllar özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.
44. Göründüyü kimi, iş materialları iddiaçının qeyd olunan işdə və müddətlərdə əmək şəraitində işləməsini müəyyən etməyə imkan verir, hazırki araşdırma isə iddiaçının həqiqətən sosial sığorta stajı nəzərə alınmaqla hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsini mötəbər qaydada müəyyən edir.
45. Məhkəmə kollegiyası cavabdehin dəlili ilə bağlı ilk onu qeyd etməyi zəruri hesab edir ki, istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın 2006-cı il tarixədək olan sosial sığorta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Belə olan halda, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur.
46. Məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir
47. Göründüyü kimi, iş materialları iddiaçının qeyd olunan işdə və müddətlərdə əmək şəraitində işləməsini müəyyən etməyə imkan verir, hazırki araşdırma isə iddiaçının həqiqətən sosial sığorta stajı nəzərə alınmaqla hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsini mötəbər qaydada müəyyən edir.
48. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini ümumilikdə əsassız hesab edərək onu da qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).
49. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Odur ki, iddiaçının tələbinin təmin edilməsini istisna edən hər hansı hal aşkar edilmədiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamış, bunun da nəticəsi olaraq birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Ümumilikdə Kollegiya, cavabdehin dəlillərinin birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir.
50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Dövlət Sosial Müdafiə X8 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuni və əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
51. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
Qərara aldı
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 06 may 2025-ci il tarixli 2-1(116)-1001/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.