Məhkəmə qərarları › İş №2-1(107)-475/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-475/2020

27.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-475/2020 27.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağdaş rayon filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağdaş rayon filialına qarşı “1973-1997-ci illərdə Ağdaş rayonu Şəfəq kolxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-951/2020 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağdaş rayon filialı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1955-ci ildə-ci ildə Ağdaş rayon Ərəbocağı kəndində anadan olmuşdur. 1973-1997-ci illərdə Ağdaş rayonu Ərəbocağı kəndində sabiq “Şəfəq” kolxozunda işləmişdir. Sənədlərini toplayıb DSMF-nin Ağdaş rayon şöbəsinə əmək pensiyasına çıxmaq üçün müraciət etmiş, lakin arxiv arayışını əmək kitabçasında olmadığını deyib staja qatmamışlar və imtina verərək pensiya təyin etməmişlər. Cavabdehin etirazı: Azərbaycan Respublikası vətəndaşlarının pensiya təminatı xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qaununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2- ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. X3 Gözəl oğlunun kolxozda işlədiyi dövr əmək kitabçasında qeyd olunmadığı üçün həmin dövrün sosial sığorta stajına daxil edilmsi Qaydalarına ziddir. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1955-ci il tarixdə Ağdaş rayonu Ərəbocaq kəndində anadan olmuşdur. İş materiallarında olan SHXÇDX-nin Ağdaş rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 408 nömrəli arayışından görünür ki, iddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 39 nömrəli arxiv arayışlarından görünür ki, iddiaçı 1973-1974 və 1986-1997-ci illərdə Ağdaş rayon Ərəbocaq kənd sabiq “Şəfəq” kolxozunda işləmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********6 nömrəli arayışından görünür ki, İddiaçı yaşa görə əmək pensiyası almaq hüququ xx xxxxx 2020-ci ildə yaranmışdır.İddiaçının mübahisələndirilən sosial sığorta stajı Ağdaş rayon Ərəbocaq kənd sabiq “Şəfəq” kolxozunda 1973-1997-ci illərdə işlədiyi 23 il 0 ay 13 gün, mübahisələndirilməyən sosial sığortra stajı xx.xx.1974xx.xx.1976-cı illərdə həqiqi hərbi xidmətdə olduğu illərdir. İddiaçının Ağdaş rayon Ərəbocaq kənd sabiq “Şəfəq” kolxozunda 1973-1997-ci illərdə işlədiyi müddət sosial sığorta stajına daxil edildikdə 25 il 0 ay 23 gün sosial sığorta stajı təşkil edəcəkdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, vətəndaş İddiaçı adına Ağdaş rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 39 nömrəli arayışın düzgünlüyü öz təsdiqini tapmışdır. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxx 2020-ci il tarixli 2- 1(116)-951/2020 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinin üzərinə İddiaçı 1973-1997-ci illərdə Ağdaş rayonu Şəfəq kolxozunda işlədiyi 23 il 13 gün müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağdaş rayon filialı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2- 1(116)-951/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin 2020-ci il 01 sentyabr tarixli 2-1(116)-951/2020 nömrəli qərarı ilə İddiaçı iddia tələbi təmin edilmiş, İddiaçı xx.xx.2020-ci il tarixli 39 nömrəli arxiv arayışında qeyd olunan 1973-1974 və 1986-1997-ci illərdə Ağdaş rayon sabiq “Şəfəq” kolxozunda işlədiyi 23 il 13 gün müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağdaş rayon filialının üzərinə qoyulmuşdur. Aşağıdakı səbəblərdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsi Şəki İnzibati Məhkəməsinin 2020-ci il 01 sentyabr tarixli 2- 1(116)-951/2020 nömrəli qərarının ləğv edilməsini zəruri hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qaununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Vətəndaş İddiaçı təqdim etidyi arxiv arayışında işlədiyi müddət əmək kitabçasında qeyd olunmadığı üçün yaşa görə əmək pensiyası təyin olunması qaydalara ziddir. Göründüyü kimi birinci instansiya məhkəməsi maddrvə prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir və qanunun tələblərinə zidd qərar qəbul etmişdir. İddiaçı 1973-1997-ci illərdə Ağdaş rayon sabiq “Şəfəq” kolxozunda işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinin üzərinə qoyulmuşdur. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq Şəki İnzibati Məhkəməsinin 2020-ci il 01 sentyabr tarixli 2-1(116)-951/2020 nömrəli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini sizdən xahiş edirik. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağdaş rayon filialının nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-951/2020 nömrəli iş üzrə qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-951/2020 nömrəli qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-951/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddia həmçinin qismən əsaslıdır. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 39 nömrəli arxiv arayışlarından görünür ki, iddiaçı 1973-1974 və 1986-1997-ci illərdə Ağdaş rayon Ərəbocaq kənd sabiq “Şəfəq” kolxozunda işləmişdir. İddiaçının qeyd olunan iddianı qaldırmaqda hüquqi marağı tələbində qeyd olunan müddətin stajına daxil ediləcəyi təqdirdə yaşa görə pensiya hüququnun yaranmasından ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İddiaçının 1973-1974 və 1986-1997-ci illərdə Ağdaş rayon Ərəbocaq kənd sabiq “Şəfəq” kolxozunda işləməyi Ağdaş rayon İcra Hakimiyyəti Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 39 nömrəli arxiv arayışında öz təsdiqini tapmışdır. Həmin sənəd iddiaçının iş stajını təsdiq edir. Arxiv arayışına əsasən iddiaçının 24 il kolxozda işdəyi görünsə də, 1974 və 1976-cı illərdə minimum adam günü normasını yerinə yetirmədiyi üçün həmin illər tam nəzərə alına bilməz. Bununla belə 23 il 0 ay 13 gün müddət onun sosial sığorta stajına daxil edilməlidir. 1964-cü il 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş “Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında” SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli 859 №-li Qərarı ilə təsdiq edilmiş “Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işəçıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staj müddətinə daxil edilmir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 1-ci və 2-ci abzaslarına əsasən məhkəmə şikayətə baxılmasının nəticələri barədə qətnamə çıxarır. Məhkəmə şikayətin əsaslı olduğunu müəyyənləşdirdikdə şikayət edilən qərarları və hərəkətləri qanunsuz hesab edir, vətəndaşlar barəsində tətbiq edilən məsuliyyət tədbirlərini ləğv edir, onların pozulmuş hüquq və azadlıqlarını bərpa edir, habelə dövlət orqanlarının və yerli özünüidarə orqanlarının müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin vətəndaşların hüquq və azadlıqlarını pozan qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə bağlı onların məsuliyyətini müəyyənləşdirir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qismən qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağdaş rayon filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-951/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar