Məhkəmə qərarları › İş №2-1(107)-476/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-476/2024

14.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-476/2024 14.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X1 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı “cavabdehin xx.xx.2023-cü il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 1365,62 manat məbləğində vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 15000 manat məbləğində siyahıya alınmış daşınmaz əmlakın hərrac vasitəsilə satılması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 16 may 2024-cü il tarixli 2-1(116)-1782/2024 nömrəli qərarından iş üzrə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər idarəsinin Cavabdeh qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin xx.xx.2023-cü il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 1365,62 manat məbləğində vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 15000 manat məbləğində siyahıya alınmış daşınmaz əmlakın (ünvan 1ndə yerləşən və xüsusi mülkiyyət formasında, ********** qeydiyyat nömrəli çıxarış əsasında Cavabdeh məxsus, ümumi sahəsi 20,50 kv.metr olmaqla, cəmi 15000 manat dəyərində daşınmaz əmlakın (qeyri-yaşayış binasının) hərrac vasitəsilə satılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsinə əsasən müəyyən edilir ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir.

3. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir.

4. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2023-cü il tarixli Qərar çıxarmışdır.

5. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2023-cü il tarixə yaranan 1665,17 manat borcuna görə 15000 manat məbləğində daşınmaz əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2023-cü tarixli **********9 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın 1 vərəqədən ibarət siyahısı əlavə edilmişdir.

6. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx/xx/2023-cü il tarixli xəbərdarlıq məktubu göndərilmişdir.

7. Cavabdehin xx/xx/2023-cü il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 1365,62 manat ödənilməmiş borcu qalmışdır.

8. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmişdir birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 16 may 2024-cü il tarixli 2- 1(116)-1782/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

10. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

11. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Vergi Məcəlləsinin 89cu, Cinayət Məcəlləsinin 303-cü maddələri məhkəmə qərarında Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 40-cı, 43-cü maddələrinə, Vergi Məcəlləsinin 89-cu maddəsinə istinad edərək göstərmişdir ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh (VÖEN **********) qarşı "Siyahıya alınmış əmlakının satılması" tələbinə dair e-2-1(116)1782/2024 nömrəli inzibati işin materiallarına əlavə olunmuş “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, cavabdeh VM-nin 90.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. Eyni tarixli “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında haqqında” aktdan müəyyən olunur ki, cavabdeh siyahıya alınmış əmlakı məsul saxlamağa qəbul edərkən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 303-cü maddəsinə (Siyahıya alınmış və ya üzərinə həbs qoyulmuş, yaxud müsadirə olunmalı əmlak barəsində qanunsuz hərəkətlər) əsasən məsuliyyət daşıyacağı barədə xəbərdarlıq olunmuşdur. Bununla da əmlakın siyahıya alınması ilə gələcək iddia üzrə maddi tələbinin təmin edilməsinə yönəlik müvafiq tədbirlər, iddiaçının özü tərəfindən vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq artıq həyata keçirilmişdir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarını işin hallarına tətbiq edərək iddia ərizəsinin təmin oluna bilməyəcəyini qeyd edir. Belə ki, Vergi Məcəlləsinin 89.6-cı maddəsində vergi orqanı tərəfindən əmlakın siyahıya alınmasının həmin Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla ardıcıllığı müəyyən edilmişdir. Qeyd olunan müddəalara əsasən yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. Göstərilən müddəalara əsasən vergi orqanı yalnız vergi öhdəliyinin yerinə yetirilməsi üçün «zəruri və kifayət olan həcmdə» əmlakın satılması barədə məhkəməyə müraciət edə bilər. Vergi Məcəlləsinin 89.1-ci maddəsinə görə, vergi ödəyicisinin əmlakı təkcə vergi öhdəliyinin deyil, həmçinin həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınır. Bununla yanaşı, Vergi Məcəlləsinin 90.4-cü maddəsi də əmlakın satışından əldə edilən məbləğlərin hesablanmış vergilərdən sonra faizlərin və maliyyə sanksiyalarının ödənilməsinə yönəldilməsini nəzərdə tutur (Vergi Məcəlləsinin 89.5-ci və 90.4-cü maddələrinin tələbləri nəzərə alınarsa elə həcmdə əmlak satışa çıxarılmalıdır ki, onun satışından əldə edilən vəsait həm də «tənbeh tədbirlərinin yönəldilməsi və əmlakın satışı üzrə xərclərin» ödənilməsi üçün kifayət etsin). Vergi orqanı elə bu qədər əmlakı da siyahıya almağa borcludur. Lakin məhkəməyə müraciət edənədək vəziyyət dəyişərsə, vergi orqanı siyahıya aldığı bütün əmlakın yox, yalnız yuxarıda göstərilənləri təmin etmək üçün zəruri və kifayət olan əmlakın satışı barədə məsələ qaldıra bilər. Məhkəmə iddiaçının “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” akt əsasında əmlakın cavabdehə verilməsi əmlakın israf edilməsi və özgəninkiləşdirilməsi halını istisna etmədiyinə dair dəlilinə münasibət bildirirərək qeyd edir ki, həmin halda cavabdehin CM-nin 303-cü maddəsinə əsasən məsuliyyətə cəlb olunması əsasları mövcud olur. Həmçinin, Vergi Məcəlləsinin 89.2-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirildiyi təsbit olunmuşdur ki, bu da vergi orqanının siyahıya alınmış əmlak üzərinə nəzarət imkanlarını təmin edir. Belə ki, göründüyü kimi iddia tələbi maddidir və vergi borcunun alınmasını təmin etmək üçün 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Vergi Məcəlləsində nəzərdə tutulmuş bütün vasitələrdən istifadə edilməsi nəticə vermədiyi üçün son tədbir kimi siyahıya alınmış əmlakın satılması barədə ərizə ilə məhkəməyə müraciət edilmişdir. “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” akt əsasında əmlakın cavabdehə verilməsi əmlakın israf edilməsi və özgəninkiləşdirilməsi halında cavabdehin CM-in 303-cü maddəsinə əsasən məsuliyyətə cəlb olunması əsaslarının mövcud olması həmin əmlakın özgəninkiləşdirilməsini istisna etmədiyindən faktiki olaraq həmin əmlak hesabına gələcəkdə vergi öhdəliklərinin icra olunmasını mümkünsüz edir. Cinayət hüququnun başlıca vəzifəsinin törədilmiş cinayət üzrə cəzalandırma olmadığı, əksinə cinayətlərin qarşısının alınmasından ibarət olduğu hər kəsə məlumdur. Ancaq məhkəmənin hazırkı yanaşması vergi ödəyicisinin CM-in 303-cü maddəsinə əsasən məsuliyyətə cəlb olunması əsaslarının mövcud olmasına istinad edərək qərardad qəbul etməsi cinayət hüququnun vəzifələrinin əksinə olaraq vergi ödəyicisinin cinayət törətməsinə şərait yaradılmasından başqa bir şey deyildir. Həmçinin məhkəmənin CM-in 303-cü maddəsinə və Vergi Məcəlləsinin 89.2-ci maddəsinə əsaslanaraq qanunverici müvəqqəti xarakterli müdafiə tədbiri anlayışı ilə inzibati aktın icrasının maddi hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqe dayandırılmasını və iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin həmin maddələrə (dəlillər) əsasən artıq iddiaçı vergi orqanı tərəfindən həyata keçirildiyini bildirməsi reallığı əks etdirmir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 16 may 2024-cü il tarixli 2-1(116)-1782/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

12. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir.

13. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

14. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - İddiaçı tərəfindən “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. - “Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış öhdəlikləri yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” xx.xx.2023-cü il tarixli protokola əlavədən görünür ki, cavabdehə məxsus 15000 manat dəyərində, ünvan 1ndə yerləşən, ümumi sahəsi 20,50 kv.m olan daşınmaz əmlak iddiaçı tərəfindən siyahıya alınmışdır. - “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında haqqında” xx.xx.2023-cü il tarixli aktdan görünür ki, siyahıya alınmış əmlak saxlanması üçün cavabdehə təhvil verilmişdir. - “Fiziki şəxs haqqında məlumat”dan görünür ki, cavabdeh (VÖEN **********) Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdadır. - xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 20,50 kv.m olan qeyri-yaşayış binası Cavabdeh xüsusi mülkiyyətindədir.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Maddə 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. Maddə 120.3. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Maddə 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər.

16. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək - vergi ödəyicisinin vəzifəsidir. 23.1.15-1-ci maddəsinə əsasən hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. 89.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 89.6-cı maddəsinə əsasən əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: nağd pul vəsaitləri; bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; inventarizasiya aparılmaqla digər əmlak. 90.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər.

17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

18. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 16 may 2024-cü il tarixli 2-1(116)-1782/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

19. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

20. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

21. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

23. Belə ki, “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hakim, əvvəlcə həmin məhkəmə aktını icranı həyata keçirməli olan inzibati orqana göndərməklə icra üçün müddət müəyyən etməli və icra olunmamaya görə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq etməlidir. İPM-in 120.1-ci maddəsində icra üçün müəyyən edilməli olan konkret müddətin göstərilməməsinin səbəbi inzibati orqan tərəfindən icra edilməli olan öhdəliyin (vəzifənin) hər bir konkret mübahisənin xarakterindən, icra üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmindən və buna görə tələb olunan vaxtdan asılı olaraq dəyişkən olması ilə bağlıdır. Odur ki, icra üçün müddətlər hər bir iş üzrə müxtəlif ola bilər. Lakin məhkəmə, mübahisənin xarakterini, icra təmin etmək üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmini və sərf ediləcək ehtimal olunan vaxtı, eləcə də tərəflərin bütün diqqətəlayiq digər maraqlarını nəzərə almaqla inzibati orqan üçün ağlabatan müddətlər müəyyən etməlidir. İcra üçün müəyyən edilmiş ilkin müddət bitdikdən sonra proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, işin hallarını və tərəflərin təqdim etdiyi dəlilləri nəzərə almaqla müvafiq əsasların mövcudluğu qənaətinə gəldikdə, məhkəmə icra üçün yeni müddət də müəyyən edə bilər. Lakin hər bir halda, bu müddətlər “İnzibati icraat haqqında” Qanunun 52.5-ci maddəsində inzibati icraatın müddəti üçün müəyyən edilmiş maksimal müddət olan 90 (doxsan) günü keçməməlidir.

24. Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq olunmuş “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin müddəalarına əsasən vergi orqanı əməkdaşı fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni maraqlarının müdafiəsini təmin etməlidir.

25. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan qanunvericilik normalarının işin hallarına tətbiq edərək apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək belə qənaətə gəlir ki, Vergi Məcəlləsinin 89.6-cı maddəsində vergi orqanı tərəfindən əmlakın siyahıya alınmasının həmin Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla ardıcıllığı müəyyən edilmişdir. Qeyd olunan müdəalara əsasən yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır.

26. Göstərilən müddəalara əsasən vergi orqanı yalnız vergi öhdəliyinin yerinə yetirilməsi üçün «zəruri və kifayət olan həcmdə» əmlakın satılması barədə məhkəməyə müraciət edə bilər. Qeyd edək ki, Vergi Məcəlləsinin 89.1-ci maddəsinə görə, vergi ödəyicisinin əmlakı təkcə vergi öhdəliyinin deyil, həmçinin həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınır. Bununla yanaşı, Vergi Məcəlləsinin 90.4-cü maddəsi də əmlakın satışından əldə edilən məbləğlərin hesablanmış vergilərdən sonra faizlərin və maliyyə sanksiyalarının ödənilməsinə yönəldilməsini nəzərdə tutur (Vergi Məcəlləsinin 89.5-ci və 90.4-cü maddələrinin tələbləri nəzərə alınarsa elə həcmdə əmlak satışa çıxarılmalıdır ki, onun satışından əldə edilən vəsait həm də «tənbeh tədbirlərinin yönəldilməsi və əmlakın satışı üzrə xərclərin» ödənilməsi üçün kifayət etsin). Vergi orqanı elə bu qədər əmlakı da siyahıya almağa borcludur. Lakin məhkəməyə müraciət edənədək vəziyyət dəyişərsə, vergi orqanı siyahıya aldığı bütün əmlakın yox, yalnız yuxarıda göstərilənləri təmin etmək üçün zəruri və kifayət olan əmlakın satışı barədə məsələ qaldıra bilər.

27. Hazırkı iş üzrə vergi ödəyicisinin xx.xx.2023-cü il tarixə mövcud olan 1665,17 manat borcuna görə 15000 manat məbləğində daşınmaz əmlakı siyahıya alınsa da, iddia ərizəsinin verildiyi tarixə qalıq borc məbləği 1365,62 manat olmuşdur. Digər tərəfdən daşınmaz əmlakın siyahıya alınması həyata keçirilərkən vergi orqanı tərəfindən yuxarıda qeyd olunan ardıcıllığın tələblərinə əməl olunmamış, dəyəri 15000 manat olan daşınmaz əmlak (qeyri-yaşayış binası) siyahıya alınmışdır ki, həmin daşınmaz əmlakın real dəyəri ilə cavabdehin qalıq borcu arasında kifayət qədər uyğunsuzluq mövcuddur. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hazırkı iş üzrə borc məbləğinin həmin nəqliyyat vasitəsinin satılması hesabına ödənilməsi vergitutmanın adekvatlılıq prinsipi və qərarının icrasının təmin olunması baxımdan məqsədəmüvafiq deyildir.

28. Bundan başqa qeyd edilməlidir ki, iddiaçı həmin daşınmaz əmlakın (qeyri-yaşayış binası) dəyərini 15000 manat qeyd etsə də, həmin məbləğin hansı qiymətləndirmə meyarları əsasında müəyyən edilməsinə dair hər hansı sübut təqdim etməmişdir.

29. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, bununla belə iddiaçı özü də, siyahıya aldığı əmlakının dəyərinin cavabdehin real borcundan 10 dəfə artıq olmasının fərqindədir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin faktiki mövcud olan borcundan 10 dəfə artıq məbləğdə olan əmlakının satılması ilə bağlı iddiaçının tələbi əsassız olmuşdur.

30. Yuxarıda qeyd olunan işin hallarını nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

31. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 16 may 2024-cü il tarixli 2-1(116)-1782/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar