Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-477/2024 06.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşənin İnkişaf Departamenti, X5 və Bərpası Müəssisəsinin adına Qəbələ şəhəri Nəsimi küçəsi 65 ünvanında yerləşən tikili üçün xx.xx.2014-cü il tarixdə reyestr nömrəsi **********2-06101 olan texniki pasportda düzəlişin olunması və həmin əmlakın mərhum Əhməd Yüzbaşı Qəndi oğlunun mülkiyyətində olması nəzərə alınmaqla arayışın və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-1833/2024 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşənin İnkişaf Departamenti, X5 və Bərpası Müəssisəsinin adına Qəbələ şəhəri Nəsimi küçəsi 65 ünvanında yerləşən tikili üçün xx.xx.2014-cü il tarixdə reyestr nömrəsi **********206101 olan texniki pasportun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli yardım məktubu iddiaçının elektron kabinetinə yerləşdirilmiş və Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən izah olunmuşdur ki, hazırkı iddia mümkünlük şərtlərinə cavab vermir.
3. Məktubda göstərilmişdir ki, irəli sürülmüş tələb iddia olunan tikilinin iddiaçının mərhum babası Əhməd Yüzbaşı Qəndi oğluna məxsus olması ilə əsaslandırılmışdır. İddia ərizəsinə əlavə edilmiş Qəbələ X2 Mərkəzinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Qəbələ şəhəri Nəsimi küçəsi 65 ünvanında yerləşən daşınmaz əmlak (inzibati bina) xx.xx.2014-cü il tarixdə sözügedən qurumun adına qeydiyyatdan keçirilərək texniki pasport tərtib edilmişdir. Həmin texniki pasportda hüquq subyekti olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi göstərilmişdir. Həmin tikilinin mərhum Əhməd Yüzbaşı Qəndi oğluna məxsus olması bildirilsə də, iddia ərizəsinə bununla bağlı hər hansı sübut əlavə edilməmişdir. İzah olunmuşdur ki, texniki pasport hər hansı hüququ əks etdirmir, yalnız tikilinin planı, texniki göstəriciləri, yerləşdiyi torpaq sahəsinin coğrafi xüsusiyyətləri, bir sözlə eksplikasiyası barədə məlumatların qeyd edildiyi texniki sənəddir. Odur ki, sözügedən sənədin ləğv (düzəliş) edilməsi tələbi irəli sürülənədək iddia olunan tikili üzərində əmlak hüquqlarının mövcudluğu ilə bağlı məsələ həllini tapmalıdır. Bunun üçün sözügedən tikili üzərində mülkiyyət hüququnun mərhuma məxsus olması barədə arayışın verilməsi tələbi ilə cavabdeh orqana, müraciəti təmin edilmədikdə (və ya cavabsız saxlandıqda) isə analoji iddia ərizəsi ilə məhkəməyə müraciət edilməlidir. Məhz tikili üzərində mülkiyyət hüququnun mərhuma məxsus olması məsələsi ilə bağlı tələb uğurlu olarsa, “mülkiyyət hüququnun mərhum Əhməd Yüzbaşı Qəndi oğluna məxsus olması barədə” arayış əsasında vərəsə olaraq mülkiyyət hüquqları dövlət qeydiyyatına alınaraq çıxarışla rəsmiləşdirilərkən sözügedən tikiliyə dair texniki pasportun hüquq subyekti qrafasına dəyişiklik edilməsi inzibati orqandan tələb edə, müraciəti təmin edilmədikdə (və ya cavabsız saxlandıqda) isə məhkəməyə müraciət edə bilər. Başqa sözlə, xx.xx.2014-cü il tarixdə reyestr nömrəsi **********2-06101 olan texniki pasportun ləğv edilməsi ilə arzulanan məqsədə nail olunması mümkün deyil. Digər tərəfdən yuxarıda qeyd edildiyi qaydada tikili üzərində mülkiyyət hüququ ilə bağlı mübahisə həll olunduqdan sonra tikilinin texniki göstəricilərinin əks olunduğu texniki pasportun ləğv edilməsi yox, texniki pasportda əks olunmuş hüquq subyekti ilə bağlı məlumatların arzu olunan qaydada dəyişdirilməsi tələb edilə bilər. Belə ki, texniki pasport aid olduğu tikili üzərində əmlak hüquqları (balans mənsubiyyəti) müəyyən edilmiş subyektin adına hazırlandığından xx.xx.2014-cü il tarixdə reyestr nömrəsi **********2-06101 olan texniki pasporta düzəliş edilməsi üçün iddia olunan tikili üzərində mərhum Əhməd Yüzbaşı Qəndi oğlunun əmlak hüquqlarının mövcudluğu və iddiaçının da, onun vərəsəsi olması ilə bağlı hüquq müəyyənedici sənəd təqdim edilməlidir. Əks halda iddia olunan tikiliyə iddiaçının hər hansı aidiyyəti olmadığından həmin tələbi irəli sürmək üçün iddiaçının subyektiv hüququ olmayacaqdır. İş materiallarından görünür ki, cavabdeh orqana ilkin müraciətdə də, xx.xx.2014-cü il tarixdə reyestr nömrəsi **********2-06101 olan texniki pasportun ləğv edilməsi məsələsi qaldırılmışdır. Yuxarıda qeyd edilənlərə əsasən hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi ilə bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi üçün iddiaçıya 10 gün müddət təyin edilmişdir.
4. Hüquqi yardım məktubu xx.xx.2024-cü ildə iddiaçının elektron kabinetinə yerləşdirilmişdir.
5. İddiaçı xx.xx.2024-cü il tarixli iddia ərizəsinin dəyişdirilməsi barədə ərizəni məhkəməyə təqdim edərək cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşənin İnkişaf Departamenti, X5 və Bərpası Müəssisəsinin adına Qəbələ şəhəri Nəsimi küçəsi 65 ünvanında yerləşən tikili üçün xx.xx.2014-cü il tarixdə reyestr nömrəsi **********2-06101 olan texniki pasportda düzəlişin olunması və həmin əmlakın mərhum Əhməd Yüzbaşı Qəndi oğlunun mülkiyyətində olması nəzərə alınmaqla arayışın və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli e-2-1(116)- 1833/2024 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
6. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) xx.xx.2024-cü il tarixli, 2- 1(116)-1833/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşənin İnkişaf Departamenti, X5 və Bərpası Müəssisəsinin adına Qəbələ şəhəri Nəsimi küçəsi 65 ünvanında yerləşən tikili üçün xx.xx.2014-cü il tarixdə reyestr nömrəsi **********2-06101 olan texniki pasportda düzəlişin olunması və həmin əmlakın mərhum Əhməd Yüzbaşı Qəndi oğlunun mülkiyyətində olması nəzərə alınmaqla arayışın və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi mümkün sayılmamışdır.
7. Məhkəmə qeyd etmişdir ki, iddia tələbin dəqiqləşdirilməsinə baxmayaraq, iddia ərizəsinin mümkünsüzlüyü ilə bağlı məsələlər aradan qalxmamışdır. Belə ki, tikili üzərində əmlak hüquqlarının mövcudluğu ilə bağlı məsələ həllini tapmadan tələbin dəqiqləşdirilməsi iddia tələbinə mahiyyəti üzrə baxılmasına imkan vermir. Eyni zamanda iddia tələbinin hansı şəkildə ifadə edilməsindən asılı olmayaraq iddiaçının və mərhum babasının Qəbələ şəhəri Nəsimi küçəsi 65 ünvanında yerləşən tikiliyə hər hansı aidiyyətinin olması müəyyən edilmir. Bu isə iddia tələbinin irəli sürülməsi üçün iddiaçının subyektiv hüququnun mövcudluğunu istisna edir. Cavabdeh orqanın təqdim etdiyi X5 və Bərpası Müəssisəsinin balansında olan daşınmaz dövlət əmlakı haqqında registrdən çıxarışdan (1353 qeydiyyat №-li) görünür ki, sözügedən əmlak idarə binası olmaqla dövlət əmlakıdır. “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında” Əsasnamənin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır və həmin əmlak barəsində bağlanmış əqdlər qeydə alınır. Həmin Əsasnamənin 4-cü bəndinə əsasən Azərbaycan Respublikasının dövlət əmlakının Registri Azərbaycan Respublikasının mülkiyyətidir. Odur ki, iddiaçı, sözügedən qeyri-yaşayış binası ilə bağlı subyektiv hüquqlarının mövcudluğunu sübut etməli və bundan sonra 1353 qeydiyyat №-li daşınmaz dövlət əmlakı haqqında registri mübahisələndirməlidir. İddia olunan tikili dövlət mülkiyyətində olduğundan və həmin qeydiyyat mübahisələndirilmədiyindən, həmin tikiliyə aid hər hansı digər texniki sənədlərə düzəliş edilə, o cümlədən tikili üzərində digər subyektlərin mülkiyyət hüququ qeydiyyata alına (o cümlədən mülkiyyət hüququnun məxsusluğuna dair arayışın verilə) bilməz. Buna görə də, hazırkı mərhələdə iddia tələbinə mahiyyəti üzrə baxılması mümkün deyildir.
8. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 02 iyul 2024-cü il tarixli 2-1(116)-1833/2024 nömrəli qərardadının ləğv olunması və iddia tələbinin baxılmasının mümkün hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə, qərardadında həmin əmlakın yüzbaşıya məxsus olmasının təsdiqi olaraq sübutun olmamasını istinad etməklə iş materialları ilə tanış olmamasını bir daha sübut edir. İşə əlavə olunan məhkəmə qətnaməsindən göründüyü kimi Yüzbaşı bəraət aldıqdan sonra ona məxsus olan əmlakların ona təhvil verilməsi barədə qanuni qüvvəsini almış qətnaməsi mövcuddur və vərəsələr həmin əmlakın bir hissəsini qəbul etmişlər. Bu faktın sübuta ehtiyacı yoxdur. Əgər hakimin məhkəmə adından çıxarılan qərardada hər hansı bir şübhəsi olduğu halda bununla bağlı Milli Təhlükəsizlik Nazirliyinə müraciət edib araşdırma apara bilərdi. Bu əsasla da məhkəmə mülkiyyət hüququnun tələbini pozur. Məhkəmə mümkünlük məsələsinin sübutunu tam araşdırması üçün iddiaçıya şərait yaratmalı idi. Həmin tikilinin içərisində olan mərhum babası tərəfindən quraşdırılan soba və bir sıra əşyalarla bağlı sənədlər də məhkəmədə iş materiallarına əlavə olunmuşdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
11. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 02 iyul 2024-cü il tarixli qərardadının ləğv olunmasını xahiş etdi. Suala cavab olaraq göstərdi ki, apellyasiya şikayətində texniki səhv olaraq iddia tələbinin baxılmasının mümkün hesab edilməməsi qeyd edilmişdir. Lakin, o, iddia tələbinin baxılmasının mümkün hesab edilməsini xahiş edir.
12. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Tətbiq edilən hüquq
13. İnzibati Prosessual Məcəllə: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
14. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 4.2-ci bəndinə əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən, bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü
15. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
17. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
18. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
19. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
20. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarı).
22. Məhkəmə kollegiyası bildirir ki, qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
23. Belə ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın.
24. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.
25. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən subyektiv hüquqla bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
26. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır.
27. Nəzərə alınmalıdır ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.
28. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
29. İş materiallarından da görünür ki, iddiaçının hüquqi marağı “Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşənin İnkişaf Departamenti, X5 və Bərpası Müəssisəsinin adına Qəbələ şəhəri Nəsimi küçəsi 65 ünvanında yerləşən tikili üçün xx.xx.2014-cü il tarixdə reyestr nömrəsi **********2-06101 olan texniki pasportda düzəlişin olunması və həmin əmlakın mərhum Əhməd Yüzbaşı Qəndi oğlunun mülkiyyətində olması nəzərə alınmaqla arayışın və çıxarışın verilməsinə nail olmaqdır.
30. Apellyasiya məhkəməsi araşdırması zamanı iddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş Dövlət Təhlükəsizlik Xidmətindən iddiaçının fərdi müraciəti əsasında ona göndərilmiş 10 iyul 2024-cü il tarixli məktubun məzmunundan görünür ki, iddiaçının babası Əhməd Yüzbaşı Qəndi oğlunun əmlakı ilə bağlı məlumatda yalnız məhkuma dair anket vərəqində bir neçə mülkü olduğu (mülkün isə həbs zamanı müsadirə olunduğu göstərilir) qeyd edilmişdir.
31. Eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin 08 iyul 2024-cü il tarixli məktubundan da görünür ki, 15 saylı X2 Mərkəzinin inzibati binası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olmaqla hazırda istifadə edilir.
32. Göründüyü kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşənin İnkişaf Departamenti, X5 və Bərpası Müəssisəsinin xx.xx.2014-cü il tarixdə reyestr nömrəsi **********2-06101 olan texniki pasporta əsasən adına olan Qəbələ şəhəri Nəsimi küçəsi 65 ünvanında yerləşən tikiliyə iddiaçının hər hansı aidiyyətinin olması müəyyən edilmir. Bu isə iddia tələbinin irəli sürülməsi üçün iddiaçının subyektiv hüququnun mövcudluğunu istisna edir. Cavabdeh orqanın təqdim etdiyi X5 və Bərpası Müəssisəsinin balansında olan daşınmaz dövlət əmlakı haqqında registrdən çıxarışdan (1353 qeydiyyat №-li) da görünür ki, sözügedən əmlak idarə binası olmaqla dövlət əmlakıdır.
33. “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında” Əsasnamənin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır və həmin əmlak barəsində bağlanmış əqdlər qeydə alınır.
34. Həmin Əsasnamənin 4-cü bəndinə əsasən Azərbaycan Respublikasının dövlət əmlakının Registri Azərbaycan Respublikasının mülkiyyətidir.
35. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı, sözügedən qeyri-yaşayış binası ilə bağlı subyektiv hüquqlarının mövcudluğunu sübut etməli və bundan sonra 1353 qeydiyyat №-li daşınmaz dövlət əmlakı haqqında registri mübahisələndirməlidir. İddia olunan tikili dövlət mülkiyyətində olduğundan və həmin qeydiyyat mübahisələndirilmədiyindən, həmin tikiliyə aid hər hansı digər texniki sənədlərə düzəliş edilə, o cümlədən tikili üzərində digər subyektlərin mülkiyyət hüququ qeydiyyata alına (o cümlədən mülkiyyət hüququnun məxsusluğuna dair arayışın verilə) bilməz. Buna görə də, hazırkı mərhələdə iddia tələbinə mahiyyəti üzrə baxılması mümkün deyildir.
36. Göründüyü kimi, iddiaçının hazırkı iddia tələbi ilə birinci instansiya məhkəməsinə müraciət etmək üçün subyektiv hüququ olmamışdır, belə ki, iddiaçı nə birinci instansiya məhkəməsi, nə də apellyasiya məhkəməsi araşdırması zamanı mübahisə predmeti olan əmlaka dair hər hansı hüquqmüəyyənedici mötəbər sənəd təqdim etməmişdir, belə olduğu təqdirdə məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin mümkün sayılmaması barədə qərardad qəbul edərkən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
37. Məhkəmə kollegiyası əlavə olaraq apelyasiya şikayətinin dəlilləri ilə bağlı onu da qeyd edir ki, nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə tabedir.
38. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı mübahisəyə münasibətdə yuxarıda qeyd olunmuş səbəblərdən iddiaçının belə bir hüququnun mövcudluğu işin birinci instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunmur.
39. Bundan əlavə iddiaçı apelyasiya şikayətində iddia tələbinin mümkün hesab edilməsinə dair qərar çıxarılmasını xahiş edir.
40. Bununla bağlı isə qeyd olunmalıdır ki, iddia tələbinin mümkün hesab edilməsi hazırda mübahisələndirilən qərardadın ləğvindən sonra törəmə tələb olduğundan, həmin qərar isə ləğv olunmadığından apelyatorun qeyd edilən tələbi də təmin edilə bilməz.
41. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-1833/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı
İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 02 iyul 2024-cü il tarixli 2-1(116)-1833/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.