Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-478/2025 14.08.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X3 ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin 19 may 2025-ci il tarixli 2-1(116)-1887/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları:
1. İddiaçı, xx.xx.1961-ci ildə doğulmuşdur.
2. İddiaçı, xx.xx.1980-xx.xx.1982-ci illərdə Sovet Ordu sıralarında hərbi xidmət keçmiş, xx.xx.1995-ci ildən xx.xx.2002-cı ilədək Nijnevartovsk Quraşdırma İdarəsinin "xxxx" ASC-də, xx.xx.2003-xx.xx.2003-ci illərdə Sibirdə enerji avadanlıqların quraşdırması üzrə "xxxx" ASC-də, xx.xx.2006-xx.xx.2006-ci illərdə "xxxx" MMC-də, xx.xx.2006xx.xx.2009-ci illərdə "xxxx" MMC”-də, xx.xx.2009-xx.xx.2019-ci illərdə "xxxx" MMC-də, xx.xx.2019-xx.xx.2020-ci illərdə ”FARCON” MMC-də və xx.xx.2020-ci ildən "xxxx" MMC-də əmək fəaliyyəti ilə məşğul olmuşdur.
3. İş materiallarında olan güzəştli arayışdan görünür ki, iddiaçı, “Qafqazenerjiquraşdırma” trestinin Mingəçevir quraşdırma idarəsində xx.xx.1982-ci il tarixdə (əmr №49k, xx.xx.1982-ci il) 2-ci dərəcəli əl ilə qazla kəsici quraşdırıcı-çilingəri kimi işə qəbul olmuş, xx.xx.1985-ci il tarixdə əl ilə boru çilingəri peşəsinə keçirilmişdir (əmr №41k, xx.xx.1985-ci il), xx.xx.1995-ci il tarixdə isə (əmr №36k, xx.xx.1995-ci il) öz xahişi ilə işdən azad olmuşdur. İşlədiyi 8 saatlıq iş günü ərzində həmin trestin Mingəçevir Quraşdırma sahəsində hündür mərtəbəli binaların və yüksəkliklərlə əlaqədar qurğuların, qapalı çənlərin, rezervuarların, aşağılegirli polad boruların, buxar qazanlarının daxilində legirli polad borularının quraşdırılmasında bilavasitə iştirak etmişdir. İşlədiyi müddətdə iş qrafikinə uyğun olaraq növbəli iş rejimi ilə xüsusi zərəri iş şəraitində məşğul olmuş, südlə və xüsusi geyimlə təmin olunmuşdur. “Qafqazenerjiquraşdırma” Tresti əsasən enerji müəssisələrinin tikilməsi, inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsində fəaliyyət göstərmişdir. Trest sənaye obyektlərində polad və dəmir konstruksiyalarının quraşdırılması, əl ilə qazla metalların kəsilməsində və doğranmasında, metal boruların və konstruksiyaların quraşdırılması və təmiri və sair işləri aparmışdır. İddiaçı tam iş günü ərzində icra etdiyi əl ilə qazla kəsici, metal konstruksiyaların və boru kəmərlərinin quraşdırılması üzrə boru-çilingəri vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı və xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarlarına uyğun olaraq (kodlar: 1030400a-1753a – təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları; 2290000a-14612 – polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcılar; 1030300a-11618 – isti halda yaymada ucların kəsilməsi ilə məşğul olan qaz kəsiciləri uyğun olmaqla) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 29-cu bölməsində – bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində, həmçinin boruların quraşdırılması üzrə əl ilə qazla kəsici quraşdırıcılar kimi nəzərdə tutulmuşdur. “Qafqazenerjiquraşdırma” Trestinin Mingəçevir quraşdırma idarəsi Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 450 saylı sərəncamına əsasən 29 iyul 1999-cu il tarixdə X1 Tipli Səhimdar Cəmiyyəti olmuşdur.
4. İddiaçı, cavabdeh orqana güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir.
5. Cavabdeh orqan imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının işlədiyi vəzifələr yuxarıda qeyd olunan polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsinə uyğun deyil. Odur ki, güzəştli iş stajı yoxdur.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
6. İddiaçı, cavabdeh orqana qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, O, xx.xx.1961-ci il təvəllüdlü olmaqla xx.xx.1980-xx.xx.1982-ci illərdə Sovet Ordu sıralarında hərbi xidmət keçmişdir, (iş stajı 2 il) xx.xx.1982-ci il tarixdən xx.xx.1995-ci ilədək “Qafqazenerjiquraşdırma” Trestin Mingəçevir quraşdırma idarəsində 5-ci dərəcəli boruçəkmə üzrə quraşdırıcı-çilingər işləmişdir. (iş stajı 13 il). xx.xx.1995-ci ildən xx.xx.2002-cı ilədək Nijnevartovsk Quraşdırma İdarəsinin "xxxx" ASC-də vaxta üsulu üzrə iş sahəsində 5-ci dərəcəli boruçəkmə üzrə quraşdırıcı-çilingər işləmişdir (7 il, 4 ay). xx.xx.2003-xx.xx.2003-ci illərdə köçürmə yolu ilə Sibirdə enerji avadanlıqların quraşdırması üzrə "xxxx" ASC-yə texnoloji boru kəmərlərin hissə və avadanlıqlarının hazırlanması üzrə vaxta üsulu ilə 5-ci dərəcəli quraşdırıcı-çilingər işləmişdir (4 ay 26 gün). xx.xx.2006-xx.xx.2006-ci illərdə "xxxx" MMC-nin EMQ sahəsində 5- ci dərəcəli quraşdırıcı-çilingər işləmişdir (4 ay 21 gün). xx.xx.2006-xx.xx.2009-ci illərdə "xxxx" MMC-nin EAQ və T İdarəsi Mingəçevir tikinti quraşdırma sahəsində 5-ci dərəcəli quraşdırıcı-çilingər işləmişdir (2 il, 9 ay, 25 gün). xx.xx.2009-xx.xx.2019-ci illərdə "xxxx" MMC-nin 2 saylı Quraşdırma İdarəsində 5-ci dərəcəli quraşdırıcı-çilingər işləmişdir (2 ay 28 gün). xx.xx.2019-xx.xx.2020-ci illərdə”FARCON” MMC-də 5-ci dərəcəli çilingər işləmişdir. xx.xx.2020-ci ildən "xxxx" MMC turbin və köməkçi avadanlıqları üzrə təmir quraşdırma sazlama qrupunun 5-ci dərəcəli çilingər peşəsində çalışır. Beləliklə, ümumi və güzəştli şərtlərlə iş stajı 37 il 6 ay 27 gün təşkil edir. Ümumi iş stajı, eləcədə güzəştli şərtlərlə pensiya almaq hüquq əldə etdiyindən cavabdehə güzəştli şərtlərlə pensiya təyin edilməsinə dair müraciət etmişdir, lakin cavabdeh xx.xx.2021-ci il tarixli ********** saylı məktubla həmin pensiyanın təyin edilməsindən imtina etmişdir. Hesab edir ki, cavabdeh güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajını düzgün dəyərləndirməmiş və əsassız olaraq pensiya təyin etməkdən imtina etmişdir. Belə ki, işlədiyi quraşdırıcı- çilingər vəzifəsi Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarının 2 nömrəli siyahısının (XXVİİ)- Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində (KOD 10304400а- 1753а təmirçi çilingər, elektrik qaz qaynaqçısı, əl ilə elektrik qaynaqçı, elektrik avadanlıqların təmiri və xidməti üzrə elektrik montyorları, (KOD 2290000а—14612 polad və dəmir beton konstruksiyaların quraşdırması üzrə quraşdırıcılar, 1030300а-11618 isti halda yaymada ucların kəsilməsi ilə məşğul olan qaz kəsiciləri) və Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının (29-cu bölmə)-Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin polad və dəmir-beton konstruksiyaların quraşdırması üzrə quraşdırıcılar bölməsində əli ilə qazla kəsici quraşdırıcılar peşəsi bilavasitə nəzərdə tutulur və güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququna təminat verir. xx.xx.1961- ci il təvəllüdlü olduğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ xx.xx.2021-ci ildən etibarən yaranmış və həmin tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
8. Cavabdeh orqan müraciəti ilkin olaraq təmin etməkdən imtina edərkən əsaslandığı eyni dəlillərə istinadla iddianın rədd edilməsini xahiş etmiş və bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində (29) polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş ИТ-İ ******* nömrəli əmək kitabçasında və Mingəçevir Enerjiquraşdırma ATCS-nin 22 oktyabr 2021-ci il tarixli 23 nömrəli arayışında onun xx.xx.1982-xx.xx.1985-ci il tarixləri arasındakı dövr ərzində quraşdırıcı çilingər və xx.xx.1985-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində əl ilə boru çilingəri vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifələr yuxarıda qeyd olunan polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsinə uyğun deyil. Odur ki, iddiaçının güzəştli iş stajı yoxdur. Belə ki, 28 aprel 2022-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına 2 nömrəli Əlavənin 4.1.20-ci bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalattexnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiyası təyin olunması üçün ganunla müəyyən olunmuş yas həddinə çatmasına baxmayaraq, güzəştli sosial sığorta stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunverciliyin tələblərinə əsasən mümkün olmamışdır.
9. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1887/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə (hakim Günel Şirinova-Əsədova) iddia tələbi təmin edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı ona 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdır (iddiaçı xx.xx.1961-ci ildə doğulub). Belə ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı vaxt qüvvədə olan ƏPHQ-nun 9.1-ci maddəsinin tələbləri baxımından 3 element mövcud olmalıdır: 1) 25 ildən az olmayan ümumi iş stajı; 2) 12 il 6 ay güzəştli iş stajı. 3) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. İş materialları ilə müəyyən edilir ki, cavabdeh orqan xx.xx.2021-ci il tarixinədək iddiaçının ümumi iş stajını 30 il 8 ay 12 gün olaraq qəbul edir. Həmçinin cavabdeh orqanın mövqeyinə görə iddiaçıya münasibətdə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq xx.xx.2021-ci il tarixinə 40800,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 43781,60 manat təşkil etmişdir. Yəni, iddiaçının ümumi iş stajını və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalını cavabdeh orqan mübahisələndirilmir. Bununla belə, cavabdeh orqan iddiaçının güzəştli iş stajının olmadığını bildirir və bunu onunla əsaslandırır ki, iddiaçının işlədiyi quraşdırıcı çilingər və əl ilə boru çilingəri vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 29-u bölməsində nəzərdə tutulan polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcılar vəzifəsinə uyğun deyildir. İş materiallarına əlavə edilmiş Mingəçevir Enerjiquraşdırma ATSC-nin xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı icra etdiyi əl ilə qazla kəsici, metal konstruksiyaların və boru kəmərlərinin quraşdırılması üzrə boru çilingəri vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı və xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarlarına uyğun (kodlar ******* a-1753a-təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçılar, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları, 2290000a-14612-polad və dəmir beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcılar 2290000a-11618-isti halda yaymada ucların kəsilməsi ilə məşğul olan qaz kəsiciləri uyğun olmaqla) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının (29) –Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təhcizatı, bərpası və təmiri bölməsində və boruların quraşdırılması üzrə əl ilə qazla kəsici quraşdırıcılar kimi nəzərdə tutulmuşdur. Qeyd edilən arayışın məzmunundan həmçinin görünür ki, iddiaçı işlədiyi 8 saatlıq iş günü ərzində həmin trestin Mingəçevir Quraşdırma sahəsində hündür mərtəbəli binaların və yüksəkliklərlə əlaqədar qurğuların və qapalı çənlərin, rezervuarların, aşağı legirli polad boruların, buxar qazanların daxilində legirli polad boruların quraşdırılmasında bilavasitə iştirak etmişdir. İşlədiyi müddətdə iş qrafikinə uyğun olaraq növbəli iş rejimi ilə xüsusi zərərli iş şəraitində məşğul olmuş, südlə və xüsusi geyimlə təmin edilmişdir. Mingəçevir Enerjiquraşdırma ATSC-nin “şəxsin güzəştli şərtlərlə pensiya hüquq verən işdə çalışmasına dair” blank formasında təqdim etdiyi digər arayışda göstərilmişdir ki, iddiaçının işlədiyi əl ilə qazla kəsici və boru kəmərlərinin quraşdırılması üzrə boruçilingəri vəzifəsi (kodlar : 2290000a-14612; 1030300a-11618 uyğun olmaqla) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş siyahının 29-cu bəndinin “a” yarımbəndində müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. İddiaçının işlədiyi vəzifə üzrə sosial sığorta stajı 13 ildir. Məhkəmə qeyd edir ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etməsi qanunvericiliyə zidd olmaqla heç bir əsasla əsaslandırılmamışdır. İş üzrə toplanmış sübutlarla iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən sahədə işləməsi və həmin müddətin tələb olunan 12 il 6 aydan artıq olması, həmçinin iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu müddətdə tutduğu vəzifə onun istinad olunan Siyahıda qeyd edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu təsdiq etdiyi halda, cavabdeh orqanın hansı meyara əsasən iddiaçının həmin hüququnu tanımaması məhkəmə üçün aydın deyildir. Məhkəmə qeyd edir ki, əldə edilmiş sənədlərə əsasən iddiaçının 1982-1985 və 1985-1995-ci illərdə əl ilə boru çilingər və quraşdırıcı çilingər kimi çalışdığı vəzifələrin mahiyyəti məhz elə polad və dəmir beton konstruksiyaların quraşdırılması, kəsilməsi, birləşdirilməsi, qaynaq edilməsi və s. bu kimi işlərdən ibarət olmuşdur. İddiaçı icra etdiyi vəzifələr funksional təyinatına və məzmununa görə Nazirlər Kabinetinin qeyd edilən qərarı ilə təstiq edilmiş siyahıda göstərilən Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri yarımbəndində polad və dəmirbeton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsi ilə eynilik təşkil etmişdir. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 60 yaşdan yarandığından cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.
11. Cavabdeh orqanın nümayəndəsi apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh inzibati orqan tərəfindən təqdim olunan məktubda bildirilmişdir ki, iddiaçının HT-İ ******* nömrəli əmək kitabçasında və "Mingəçevir Eneriiqurasdırma” ATCSnin 22 oktyabr 2021-ci il tarixli 23 nömrəli arayışında xx.xx.1982-ci il tarixindən xx.xx.1985ci il tarixinədək qurasdırıcı çilingər və xx.xx.1985-ci il tarixindən xx.xx.1995-ci il tarixinodək əl ilə boru çilingəri vəzifələrində işlədiyi qeyd olunmuşdur. Lakin həmin vəzifələr sözügedən arayışda istinad edilən Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan bəndin polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsinə uyğun deyil. Bu səbəbdən də, iddiaçının güzəştli iş stajı yoxdur. Ümumi staj isə mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci ıl tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı'hm bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində (29) polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar nəzərdə tutulmuşdur. Təqdim edilən arayışda iddiaçının müvafiq müəssisədə quraşdırıcı çilingər və əl ilə boru çilingəri vəzifələrində işlədiyi qeyd olunsa da, həmin peşə Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan bəndin polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsi ilə eynilik təşkil etmir. Şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt işlədiyi həmən dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş 'Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının 2.2.1-ci yarımbəndınə və 4.1-ci bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Həmin Qaydanın 4.1.20-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti - bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən nəzərə alınır. Bununla əlaqədar olaraq, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğunuz peşəyə görə gördüyünüz işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. İddiaçı, xx.xx.1982-ci il tarixindən xx.xx.1985-ci il tarixinədək quraşdırıcı çilingər və xx.xx.1985-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək əl ilə boru çilingəri vəzifələrində işləsə də, həmin vəzifə Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan bəndin polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsi ilə eynilik təşkil etmədiyindən həmin dövrlər güzəştli iş stajına daxil edilməmişdir. Buna baxmayaraq məhkəmə müvafiq dövrləri güzəştli sığorta stajı kimi nəzərə almaqla maddi və prosessual pozuntulara yol vermişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
tərəflərin izahatları
14. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi Şəki İnzibati Məhkəməsinin 19 may 2025-ci il tarixli 2-1(116)-1887/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 19 may 2025-ci il tarixli 2-1(116)- 1887/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ...
16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydası: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən.
18. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 03/2020 saylı 8 oktyabr 2020-ci il tarixli qərardadı: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.
21. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Cavabdeh orqan onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri iddia tələbinə etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia ərizəsinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
25. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
26. Hazırkı işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının hüquqi marağı ona 60 yaşının tamam olduğu, xx.xx.2021-ci il tarixdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir.
27. İddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün onun hüququnun yarandığı vaxt qüvvədə olan ƏPHQ-nun 9.1-ci maddəsinin tələbləri baxımından 3 element mövcud olmalıdır: 1) 25 ildən az olmayan ümumi iş stajı; 2) 12 il 6 ay güzəştli iş stajı. 3) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi.
28. İş materialları ilə müəyyən edilir ki, cavabdeh orqan xx.xx.2021-ci il tarixinədək iddiaçının ümumi iş stajını 30 il 8 ay 12 gün olaraq qəbul edir. Həmçinin cavabdeh orqan bildirir ki, iddiaçıya münasibətdə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq xx.xx.2021-ci il tarixinə 40800,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 43781,60 manat təşkil etmişdir.
29. Yəni, iddiaçının ümumi iş stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cavabdeh orqan tərəfindən mübahisələndirilmir. Mübahisə iddiaçının xüsusi iş stajı ilə bağlıdır.
30. Cavabdeh orqanın apellyasiya şikayətinin başlıca dəlilləri ondan ibarətdir ki, iddiaçının əmək kitabçası və arayışlarda göstərilən “quraşdırıcı çilingər” və “əl ilə boru çilingəri” vəzifələri Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulmuş “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” vəzifəsi ilə eynilik təşkil etmir. Həmin dövrlər güzəştli iş stajına aid edilmədiyi halda, birinci instansiya məhkəməsi onları güzəştli staj kimi nəzərə almış və iddianı təmin etmişdir.
31. İş materiallarından görünür ki, iddiaçı, xx.xx.1982-ci ildən xx.xx.1995-ci ilədək “Qafqazenerjiquraşdırma” Trestinin Mingəçevir quraşdırma idarəsində əvvəlcə əl ilə qazla kəsici quraşdırıcı-çilingər, sonradan isə əl ilə boru çilingəri vəzifələrində çalışmışdır (əmrlər: №49k, xx.xx.1982; №41k, xx.xx.1985; №36k, xx.xx.1995).
32. Müəssisə tərəfindən iddiaçının vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş siyahının aşağıdakı bəndlərinə uyğun hesab edilmişdir: - 2290000a–14612 – Polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcılar, - 1030400a–1753a – Təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları, - 1030300a–11618 – İsti halda yaymada ucların kəsilməsi ilə məşğul olan qaz kəsiciləri.
33. Təqdim edilmiş güzəştli arayışdan görünür ki, “Qafqazenerjiquraşdırma” Trestinin fəaliyyəti əsasən enerji müəssisələrinin tikilməsi, inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri ilə bağlı olmuş, sənaye obyektlərində polad və dəmir konstruksiyaların quraşdırılması, əl ilə qazla metalların kəsilməsi və doğranması, metal boruların və konstruksiyaların quraşdırılması və təmiri işləri həyata keçirilmişdir.
34. Məhkəmə kollegiyası qeyd edir ki, müəssisənin fəaliyyət istiqamətinin tikinti və quraşdırma xarakterli olması nəzərə alındıqda iddiaçının xx.xx.1982-ci ildən xx.xx.1995-ci ilədək sözügedən müəssisədə işlədiyi “əl ilə qazla kəsici quraşdırıcı-çilingər” və “əl ilə boru çilingəri” peşələrinin 2290000a–14612 kodu ilə nəzərdə tutulmuş “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” peşəsinə uyğun olması müəyyən edilir. Belə ki, sözügedən peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarına 2 nömrəli Əlavədə (“Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”) 27-ci bəndin “a” yarımbəndində (bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsində fəhlələr) öz əksini tapmışdır.
35. Tədqiq edilən güzəştli arayışla müəyyən edilir ki, faktiki olaraq iddiaçı, hündür mərtəbəli binaların və yüksəkliklərlə əlaqədar qurğuların, qapalı çənlərin, rezervuarların, aşağılegirli və legirli polad boruların, buxar qazanlarının daxilində boruların quraşdırılması işlərində bilavasitə iştirak etmiş, metal konstruksiyaların və boru kəmərlərinin qazla kəsilməsi və quraşdırılması işlərini yerinə yetirmişdir.
36. Müəssisənin istinad etdiyi 1030400a–1753a (Təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları) koduna münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, sözügedən peşə boru istehsalına (boruyayma, boruqaynağı, elektrik boru qaynağı, boruçəkmə, borutökmə, fitinq, balon, termiki və sinkləmə, metalın hazırlanması və doğranması) aiddir. İddiaçı isə boru istehsalı sahəsində yox, tikinti-quraşdırma sahəsində çalışmışdır. Yəni, iddiaçının işi hazır boruların və metal konstruksiyaların montajı ilə bağlı olmuşdur. Odur ki, iddiaçının işlədiyi vəzifələrin 1030400a–1753a kodunda nəzərdə tutulmuş peşəyə uyğunluğu müəyyən edilmir.
37. Müəssisənin istinad etdiyi 1030300a–11618 (İsti halda yaymada ucların kəsilməsi ilə məşğul olan qaz kəsiciləri) koduna münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, sözügedən peşə polad və ferroərintilər istehsalatı sahəsində çalışan şəxslərə şamil edilir. Yuxarıda qeyd edildiyi kimi iddiaçı, metal emalı sahəsində yox, tikinti-quraşdırma sahəsində çalışdığından iddiaçının işlədiyi vəzifələrin 1030300a–11618 kodunda nəzərdə tutulmuş peşəyə uyğunluğu müəyyən edilmir.
38. İddiaçının işlədiyi peşələrin 1030400a–1753a və 1030300a–11618 kodlarında göstərilən peşələrə uyğunluğu müəyyən edilməsə də, onun xx.xx.1982–xx.xx.1995-ci illərdə işlədiyi hər iki vəzifə – əl ilə qazla kəsici quraşdırıcı-çilingər və əl ilə boru çilingəri – istinad olunan “Siyahı”-nın 27-ci bəndinin “a” yarımbəndində 2290000a–14612 kodu ilə nəzərdə tutulduğundan və bu müddət 13 il olmaqla tələb olunan 12 il 6 aydan artıq olduğundan, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan xüsusi iş stajı tamamlanmışdır.
39. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilmir. Şəki İnzibati Məhkəməsinin 19 may 2025-ci il tarixli 2-1(116)-1887/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.