Məhkəmə qərarları › İş №2-1(107)-48/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-48/2021

08.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-48/2021 08.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialına qarşı “1972-1997-ci illərdə Zaqatala rayon “Azərbaycan” adına kolxozda işlədiyi 23 il 7 ay müddətin sosial sığorta stajına daxil edilməsi və xx xxxx 2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)- 1141/2020 nömrəli qərarından iş üzrə cavabdehin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “1972-1997-ci illərdə Zaqatala rayon “Azərbaycan” adına kolxozda işlədiyi 23 il 7 ay müddətin sosial sığorta stajına daxil edilməsi və xx xxxx 2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia belə əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxxxx 1955-ci il tarixdə anadan olmuşdur. O, Zaqatala rayon “Azərbaycan” adına kolxozda 1972-ci ildən 1978-ci ilə qədər kolxozçu, 1979-cu ildən 1991-ci ilə qədər sürücü və 1992-ci ildən 1997-ci ilə qədər dispetçer vəzifəsində işləmişdir. Lakin onun əmək kitabçası yoxdur. Onun xx.xx.2020-ci il tarixli 97 nömrəli arxiv arayışdan da məlum olduğu kimi 25 il stajı var. xx xxxx 2020-ci il tarixdə 64 yaş yarımı tamam olmuş və pensiya hüququ yaranmışdır. Bu hüququnu həyata keçirmək üçün o, DSMF-nin Zaqatala rayon şöbəsinə müraciət etmişdir. DSMF-nin Zaqatala rayon şöbəsi ona pensiya təyin etməkdən imtina etmişdir. DSMF-nin Zaqatala rayon şöbəsi əmək kitabçasının olmadığını əsas gətirmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “1972-1997-ci illərdə Zaqatala rayon “Azərbaycan” adına kolxozda işlədiyi 23 il 7 ay müddətin sosial sığorta stajına daxil edilməsi və xx xxxx 2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Cavabdeh etirazında bildirmişdir ki,iddiaçının yaşa görə əmək pensiyasını alması üçün hüququ xx.xx.2020-ci il tarixində çatmışdır. İddiaçının şöbəyə təqdim etdiyi iş stajına dair sənədlərə əsasən xx.xx.2006-cı il tarixədək ümumi sığorta stajı 25 il 7 ay təşkil edir. İddiaçının mübahisələndirilməyən sığorta stajı 2 il hərbi xidmət dövrü (həmin 2 il sığorta stajı 1482 manat sığorta kapitalına bərabərdir) təşkil edir. İddiaçının mübahisələdirilən sığorta stajı 23 il 7 ay (həmin 23 il 7 ay sığorta stajı 17475 manat sığorta kapitalına bərabərdir). İddiaçının arxiv arayışına əsasən stajı 23 il 7 ay təşkil edir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etdi. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını xahiş etmişdir. İşdə olan Zaqatala rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 97 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1972-1975, 1977-1997-ci illərdə Zaqatala rayonu “Azərbaycan” adına kolxozda əmək fəaliyyəti ilə məşğul olmuşdur. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********5 nömrəli məktubundan görünür ki, iddiaçının şöbəyə təqdim etdiyi iş stajına dair sənədlərə əsasən xx.xx.2006-cı il tarixədək ümumi sığorta stajı 25 il 7 ay təşkil edir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinin xx.xx.2020-ci il tarixli aktından görünür ki, İddiaçı 1972-1975, 1977-1997-ci illərdə Zaqatala rayonu “Azərbaycan” adına kolxozda əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı ******** nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surəti, DSMF-nin Zaqatala rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********6 nömrəli imtina məktubu, H3 seriyalı ******* nömrəli hərbi biletin surəti aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1141/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarına əsasən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialının üzərinə İddiaçı 1972-1997-ci illərdə Zaqatala rayon “Azərbaycan” adına kolxozunda işlədiyi 23 il 7 ay müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2020-ci ildən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin qoyulması qərara alınmışdır. Həmin qərardan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialının nümayəndəsi Nümayəndə həmin qərardan apellyasiya şikayəti vermişdir Apellyasiya şikayətinin dəlilləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialının nümayəndəsi tərəfindən apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Şəki İnzibati Məhkəməsinin 2- 1(116)-1141/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarı qanuna zidd və əsassız olduğundan ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Cavabdehin nümayəndəsi bildirmişdir ki, iddiaçının işlədiyi illər əmək kitabçasında qeyd edilməmişdir. Vətəndaşların sosial sığorta stajı əmək kitabçasına əsasən götürülür. Vətəndaşların keçmiş kolxozda və müəssisəsdəki əmək stajı həmin müəssisənin əmr kitablarına əsasən nəzərə alınır və işə girib çıxma əmrləri əmək kitabçasında qeyd olunur. İşin hallarından da göründüyü kimi əmək kitabçasında bu qeydlərin olmaması şəxsin həqiqətən həmin müəssisələrdə işləməyini şübhə altına alır. Digər bir hal isə ondan ibarətdir ki, birinci instansiya məhkəməsi “Azərbaycan” adına kolxozda işəçıxmanın müəyyən edilmiş minimum müddətini araşdırmamış və bu barədə müvafiq sorğular verməmişdir.Həmçinin, “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında”1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üçün nəzərə alınır. Zaqatala rayon Dövlət Arxivinin arayışına əsasən iddiaçının 1972-ci ildə 146 gün, 1975-ci ildə 88 gün, 1977-ci ildə 164 gün, 1983-cü ildə 186 gün, 1984-cü ildə 190 gün, 1987-ci ildə 180 gün və 1990-cı ildə 190 gün əmək günü vardır. Bu isə minimum adam günü normasından azdır. Belə olan halda şəxsin sosial sığorta stajı 25 ildən az olur ki, bu da onun yaşa görə əmək pensiyası almaq hüququnu istisna edir. Bu səbəbdən, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1141/2020 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1141/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini, yeni qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlara AZE seriyalı ******** nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surəti, DSMFnin Zaqatala rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********6 nömrəli imtina məktubu, DSMF-nin Zaqatala rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********5 nömrəli məktubu, Zaqatala rayon Dövlət Arxivinin xx xxxx 2020-ci il tarixli 97 nömrəli Arxiv arayışı, H3 seriyalı ******* nömrəli hərbi biletin surəti aiddir. Əsaslandırma hissəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialının üzərinə İddiaçı 1972-1997-ci illərdə Zaqatala rayon “Azərbaycan” adına kolxozunda işlədiyi 23 il 7 ay müddətinin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2020-ci ildən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin qoyulmasını qərara almışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası iş materiallarında olan sənədləri araşdıraraq müəyyən etmişdir ki, iddiaçının 1972-1975, 1977-1997-ci illərdə “Azərbaycan” adına kolxozda işlədiyi dövr Zaqatala rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 97 nömrəli arxiv arayışı və Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli aktı ilə öz təsdiqini tapır. Göründyü kimi iddiaçının qeyd olunan iddianı qaldırmaqda hüquqi marağı işlədiyi illərin sosial sığorta stajına daxil ediləcəyi təqdirdə yaşa görə əmək pensiyası almaq hüququnun reallaşmasından ibarətdir. (mübahisələndirilməyən sığorta stajı 2 il hərbi xidmət dövrü + mübahisələdirilən sığorta stajı 23 il 7 ay = 25 il 7 ay) İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********5 nömrəli məktubundan görünür ki, iddiaçının şöbəyə təqdim etdiyi iş stajına dair sənədlərə əsasən xx.xx.2006-cı il tarixədək ümumi sığorta stajı 25 il 7 ay təşkil edir. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. -46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: -12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. -38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. -71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçının 1972-1997-ci illərdə Zaqatala rayon “Azərbaycan” adına kolxozunda işlədiyi 23 il 7 ay müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2020-ci ildən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, Zaqatala Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli İddiaçı 1972-1997-ci illərdə Zaqatala rayonu “Azərbaycan” adına kolxozda işləyərək əmək haqqı almışdır. Bundan başqa DSMF-nin Zaqatala rayon filialı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Aktdan görünür ki, İddiaçı həqiqətən Zaqatala rayonu, “Azərbaycan” kolxozunda 1972-1997-ci illərdə işləməsi faktı aparılmış yoxlama zamanı öz təsdiqini tapmış və İddiaçı həmin müddətdə kolxozda işləyərək əmək stajı və əmək haqqı əldə etmişdir. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, iddiaçı ona əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. Yuxarıda göstərilən işin faktiki hallarına əsasən,iddiaçının arxiv arayışında qeyd olunan iş stajı təsdiq olunur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən cavabdehin imtinası əsassızdır. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, apellyasiya şikayətinin dəlilləri isə əsaslı olmadığından təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-1141/2020 nömrəli qərarı əsaslı olduğundan qüvvədə saxlanılmalı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərаrа аldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-1141/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar