Məhkəmə qərarları › İş №2-1(107)-48/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-48/2024

08.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-48/2024 08.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 və üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa” (********** qeydiyyat nömrəli, **********3 reyestr nömrəli) əsasən İddiaçı mülkiyyətində olan Göyçay rayonu Qızılağac kəndində yerləşən 4,5 (dörd tam onda beş) ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli 2-1(116)-997/2023 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi və üçüncü şəxs X7 tərəfindən verilmiş аpellyаsiyа şikаyətlərinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddia ərizəsinə əsasən Göyçay rayonu Şəkili kənd sakini İddiaçı xx.xx.2021-ci il tarixdə mülkiyyət hüququ çatdığı torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış alarkən, ona həmin çıxarışa əlavə edilməli olan torpaq sahəsinin planı və ölçüsü və daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair arayış təqdim edilməmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı cavabdehə müraciət edərək, xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış (reyestr nörməsi **********3) üzrə ona torpaq sahəsinin planı və ölçüsü və Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair arayışın təqdim edilməsində köməklik edilməsini xahiş etmişdir. Həmin müraciətə 11 avqust 2022-ci il tarixdə cavab olaraq bildirilmişdir ki, Göyçay rayonu Qızılağac kəndində yerləşən 4.5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə plan ölçüsü sənədinin verilməsi ilə bağlı araşdırma aparılarkən məlum olmuşdur ki, sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsi fərqli yerlərdə yerləşir və arada 180 metr fərq var. Bundan sonra İddiaçı cavabdehə xx.xx.2022-ci il tarixli ərizə yollayaraq həmin ərizədə də cavabdehin 11 avqust 2022-ci il tarixli **********87 saylı məktubunda qeyd edilənləri nəzərə alaraq torpağın faktiki sahəsi üçün torpaq sahəsinin planı və ölçüsü və daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair arayışın iddiaçıya verilməsində köməklik edilməsi xahiş etmişdir. İddiaçının bu məktubuna da cavabdeh tərəfindən yenə də eyni səbəblərə görə imtina verilmişdir. Bu səbəbdən də İddiaçı məhkəməyə müraciət etmişdir.

2. İddiaçı iddia tələbinin həcmini azaltmış və məhkəmə iclasında ərizə verərək iddia tələbini "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (reyestr nörməsi **********3) əsasən mülkiyyətində olan Göyçay rayonu Qızılağac kəndində yerləşən 4,5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü sənədlərinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə qoyulması” kimi ifadə etmişdir. İddianın dəyişdirilməsi Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə qəbul edilmişdir.

3. Şəki İnzibati Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2-1(116)-2266/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa” ( ********** qeydiyyat nömrəli, **********3 reyestr nömrəli) əsasən İddiaçı mülkiyyətində olan Göyçay rayonu Qızılağac kəndində yerləşən 4,5 (dörd tam onda beş) ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü sənədlərinin verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

4. X7 xx.xx.2022-ci il tarixdə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsini,həmin qərarın ləğv edilərək işə mahiyyəti üzrə yenidən baxılmasına dair vəsatət vermişdir.

5. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-2266/2022 nömrəli qərardadı ilə X7 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş və Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-2266/2022 nömrəli qərarı ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir.

6. Cavabdeh iddianı qəbul etməmiş və iddiaya qarşı xx.xx.2022-ci il tarixli **********78 nömrəli etirazında bildirmişdir ki, Göyçay rayonu, Qızılağac kəndində yerləşən 4.5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə plan-ölçü sənədinin verilməsi ilə bağlı araşdırma aparılarkən məlum olmuşdur ki, vətəndaş özünə məxsus torpaq sahəsindən istifadə etmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq torpaq sahəsinin planölçü sənədi və daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair arayışın verilməsi mümkün olmamışdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

7. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişlər.

8. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

9. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən üçüncü şəxs izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

10. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 26 sentyabr 2023-cü il tarixli 2-1(116)-997/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

11. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi və üçüncü şəxs X7 həmin qərardan apellyasiya şikayəti vermişlər.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

12. Cavabdeh inzibati orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Göyçay rayonu, Qızılağac kəndində yerləşən 4.5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə plan-ölçü sənədinin verilməsi ilə bağlı araşdırma aparılarkən məlum olmuşdur ki, vətəndaş özünə məxsus torpaq sahəsindən istifadə etmir. Belə ki, Elektron baza məlumatlarına əsasə (DVJ) sənəd üzrə İddiaçı adına işlənmiş JN- 266 L saylı torpaq sahəsi Yeni elektron baza məlumatlarında X3 qdına olan 271L saylı (4 .60 ha) torpaq sahəsi kimi işlənmişdir. X7 faktiki olaraq İddiaçı adına işlənmiş JN-266L saylı torpaq sahəsindən istifadə edir və aralarında mübahisə var. İddiaçı JN-266 L saylı sənədinə uyğun olaraq verilmişdir və mübahisə halı olduğu üçün plan ölçü sənədinin verilməsində imtina olunmuşdur. X3 adına olan 271 L saylı torpaq sahəsinə dair sənədində 0.55 ha qeyd edilməsinə baxmayara yeni elektron ucot məlumatlarında 271 L saylı torpaq sahəsi 4.60 ha kimi işlənmişdir və vətəndaşın faktiki istifadəsinə uyğundur. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli 2-1(116)-997/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

13. Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Göyçay rayonu Aqrar İslahat Komissiyasının 14 may 1999-cu il tarixli 50 nömrəli qərarı ilə ona və ailə üzvlərinə 0,55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir, (torpağın mülkiyyətə verilməsinə dair JN -271 saylı dövlət aktı (kod ********). Lakin onun və ailəsinin istifadəsində 4.50 ha torpaq sahəsi var və bütün vergiləri tərəfindən ödənilir. Halbuki ailəsi 6 nəfərdən ibarətdir və Göyçay rayonu Q.Qasımov adına kolxozun yerli aqrar islahat komissiyasının 10 may 1999-cu il tarixli iclas protokolu ilə müəyyən edilmişdir ki, kolxozun 1115 hektar torpaq sahəsi var və həmin torpaq sahəsi 1578 nəfər subyekt arasında bölünməlidir. Göyçay rayonunun Şəkili kəndində yaşayan mərhum X8 tək yaşadığı halda onun mülkiyyətinə 4,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Yəni islahat zamanı onun 6 nəfərdən ibarət ailəsinə verilmiş həmin torpaq sahəsinin mülkiyyət sənədi səhvən tək yaşayan mərhum X5 adına çap edilmişdir. Bu hal Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon Şöbəsinin 11 iyul 2011-ci il tarixli 29 saylı məktubu və arxiv arayışları ilə təsdiq edilir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli 2-1(116)- 997/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli 2-1(116)-997/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü X7 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli 2-1(116)-997/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.

16. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir.

17. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssisi X9 islahat xəritəsindən çıxarışı məhkəməyə təqdim edərək bildirdi ki, İddiaçı naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi torpaq sahəsi idarənin elektron baza məlumatlarında təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında (TEKUİS) JN-265 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” üçüncü şəxs X3 torpaq sahəsi ilə üst-üstə düşmür.

19. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Cavabdehin xx.xx.2022-ci il tarixli **********06 nömrəli imtina məktubundan görünür ki, sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsi fərqli yerlərdə yerləşdiyindən iddiaçının tələbinin icrasından imtina edilmişdir. - ********** qeydiyyat nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, 4.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - JN- 266 KOD 40808018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, X5 mülkiyyətinə 4.50 ha torpaq sahəsi verilmişdir; - xx.xx.2020-ci il tarixli “Vərəsəlik hüququ haqqında Şəhadətnamə”dən görünür ki, İddiaçı X5 vərəsəsidir. - xx.xx.2014-cü il tarixli 42 nömrəli Göyçay rayon İcra Hakimiyyəti Başçısının Sərəncamı; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-36/2-3289/2023 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, X2 naturada göstərdiyi və faktiki istifadı etdiyini bildirdiyi 3.06 ha torpaq sahəsi idarənin elektron baza məlumatlarında təqdim olunan Torpaqların elektron kadastr üçotu informasiya sistemi məlumatlarınd (TEKUİS) JN-265 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə verilmiş, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, əkin uqodiyalı, xüsusi mülkiyyətə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. İdarənin elektron baza məlumatlarında təqdim olunan, “Göyçay rayonu Q.Qasımov adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu islahat layihəsi”ndə göstərilən JN-265 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.32 ha torpaq sahəsi ilə iddiaçının naturada göstərdiyi torpaq sahəsi üst-üstə düşmür. Göyçay rayonu Şəkili kəndi ərazisində aparılan Torpaqların Elektron kadastr uçotu informasiya sistemi məlumatlarında JN-265 nömrəli dövlət Aktı 1.3 ha olaraq qeyd edilmişdir. İddiaçı X4 naturada göstərdiyi və istifadə etdiyini bildirdiyi 3.06 ha torpaq sahəsi idarənin elektron baza məlumatlarında təqdim olunan, “Göyçay rayonu Q.Qasımov adəna təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsi”ndə göstərilən JN-272L nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür.

TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.4. qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 6. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması üçün dövlət rüsumu 6.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması sahəsində aşağıdakı xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir: (-); 6.1.1.2. daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi. Maddə 7. Daşınmaz əmlakın texniki göstəriciləri və ünvanı 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. (-). Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.1-1. Hüquqların dövlət qeydiyyatı daşınmaz əmlak obyektlərinə dair sərəncam verilməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilələr, habelə daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş digər sənədlər əsasında aparıldıqda, bu Qanunun 9-1-ci maddəsinin tələbləri tətbiq olunur. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 16. Dövlət reyestrində düzəlişlər 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

23. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; Maddə 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

24. Cavabdeh orqanın və üçüncü şəxsin apellyasiya şikayətləri vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayətləri mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayətləri uğurlu olmayacaqdır.

25. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

26. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

27. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

29. Məhkəmə kollegiyası ilk olaraq qeyd etməi zəruri hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.23-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifəsidir.

30. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinə uyğun olaraq Xidmətin aşağıdakı vəzifələri var.

31. a) daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; b) dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara müəyyən edilmiş qaydada daşınmaz əmlakın (torpaqların) elektron kadastr uçotu informasiya sistemindən yerquruluşu planına və kadastr məlumatlarına dair elektron və (və ya) kağız formatlarında çıxarışların verilməsini təmin etmək.

32. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarına əsasən torpaq sahələrinə dair sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələrin işlənməsi nəzərdə tutulmuşdur.

33. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, JN- 266 KOD 40808018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən X5 mülkiyyətinə verilmiş 4,5 ha torpaq sahəsi üzərində onun vərəsəsi İddiaçı mülkiyyət hüququ təkrar qeydə alınmaqla xx.xx.2021- ci il tarixli (********** qeydiyyat nömrəli, **********3 reyestr nömrəli) Çıxarış verilmişdir. Həmin torpaq sahəsinin hazırda üçüncü şəxs tərəfindən istifadə edilməsinə baxmayaraq onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ mövcud deyildir.

34. Qeyd olunan normaların tələblərinin işin hallarına tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, qeyd olunan torpaq sahəsi üzərində iddiaçın mülkiyyət hüququ cavabdeh orqan tərəfindən qeydə alınaraq müvafiq çıxarış verilmişdir. Bu baxımdan da məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. Göstərilənlərə əsasən iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunur. Qeyd olunan hüquqi yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsinin oxşar işlə bağlı 2-1(102)-84/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında da təsbit olunmuşdur.

35. Həmçinin məhkəmə kollegiyasının iclasında iştirak edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis X9 islahat xəritəsindən çıxarışı məhkəməyə təqdim edərək bildirdi ki, İddiaçı naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi torpaq sahəsi idarənin elektron baza məlumatlarında təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında (TEKUİS) JN-265 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” üçüncü şəxs X3 torpaq sahəsi ilə üst-üstə düşmür.

36. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuş, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.

37. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa” (********** qeydiyyat nömrəli, **********3 reyestr nömrəli) əsasən İddiaçı mülkiyyətində olan Göyçay rayonu Qızılağac kəndində yerləşən 4,5 (dörd tam onda beş) ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, cavabdeh orqanın və üçüncü şəxsin apellyasiya şikayətlərinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətləri təmin edilməməlidir.

38. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

QƏRАRА АLDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi və üçüncü şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli 2-1(116)-997/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar