Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-480/2023 02.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarının (**********379700, xx.xx.2022-ci il tarixli) ləğv olunması” tələblərinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 6 iyul 2023-cü il tarixli, 2-1(116)-1165/2023 nömrəli qərarından İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarının (**********379700, xx.xx.2022-ci il tarixli) ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. İddia ərizəsinin əsaslarına görə, cavabdeh tərəfindən İddiaçı MMC barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar (№ **********379700, xx.xx.2022-ci il tarixli) qəbul olunmuşdur. Sözügedən Qərarla 2019- cu il hesabat dövrünə “Torpaq vergisi” üzrə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən olunmuş vergi və ya sığorta haqqı - 159.000 manat hesablanmışdır. Qərarda göstərilir ki, uçot-baza məlumatlarına əsasən cəmiyyətin istifadəsində 200,0 hektar torpaq sahəsi olmasına baxmayaraq təqdim edilmiş 2019-cu il üçün torpaq vergisi bəyannaməsində torpaq sahəsi göstərilməmiş, nəticədə 159.000 manat torpaq vergisinin hesablanmadığı müəyyən edilmişdir. İddiaçı hesab edir ki, cavabdeh vergi orqanının xx.xx.2022-ci il tarixli, **********379700 nömrəli Qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. İddiaçı MMC xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasının müvafiq qanunverciliyinə uyğun olaraq kommersiya hüquqi şəxsi kimi dövlət qeydiyyatına alınmış və Nizamnamə məqsədləri üzrə sahibkarlıq fəaliyyətini həyata keçirir. Müəssisə fəaliyyəti dövründə qanunverciliklə üzərinə düşən vergi öhdəliklərini vaxtı-vaxtında tam şəkildə yerinə yetirir. Hazırki iş üzrə mübahisələndirilən qərarın qəbul edilməsinə əsas kimi cavabdeh inzibati orqan MMC-nin istifadəsində 200 ha torpaq sahəsinin olduğunu və həmin sahəyə görə torpaq vergisinin ödənilməli olduğu qənaətinə gəlmişdir. Bununla bağlı iddia tərəfi qeyd edir ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 86 saylı sərəncamına uyğun olaraq, "xxxx" MMC ilə Mingəçevir Şəhər İcra Hakimiyyətinin arasında bağlanmış xx.xx.2017-ci il tarixli İcarə müqaviləsi əsasında 200 ha su fondu torpaq sahəsi MMC-nin icarəsinə verilmişdir. Sözügedən müqaviləyə əsasən MMC-nin icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə MMCnin adına çıxarış verilmişdir. Sözügedən hüquqmüəyyənedici sənədlərdən görünür ki, icarədə olan torpaq sahəsi su fondu kateqoriyasına aid torpaq sahəsidir.
3. Cavabdeh xx.xx.2023-cü il tarixli, **********859900 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, iddiaçının iddia tələbi qanunvericiliyin tələblərinə zidd olduğundan, iddia tələbi əsaslandırılmadığından və heç bir fakta və dəlilə söykənməyən formal olaraq qaldırılmış iddia olduğundan rədd edilməlidir. Mübahisələndirilən vergi məbləğinin hesablanmasının mahiyyəti ilə bağlı bildirilir ki, cəmiyyət xx.xx.2022-ci il tarixdə 2019-cu il üzrə torpaq vergisinə dair vergi orqanına təqdim etdiyi dəqiqləşdirilmiş bəyannaməsində hər-hansı vergi öhdəliyinin yaranmamasını bəyan etmişdir. Qeyd olunan bəyannamə kameral vergi yoxlaması ilə yoxlanan zaman cəmiyyətin istifadəsində Mingəçevir Şəhər İcra Hakimiyyəti ilə bağlanılmış xx.xx.2017-ci il tarixli 16 nömrəli icarə müqaviləsinə əsasən 73,38 hektar və 126,62 hektar olmaqla 2.000.000 kv.m (200 hektar) sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaq sahələrinin olduğu müəyyən edilmiş və bu barədə veri ödəyicisinə xx.xx.2022-ci il tarixli **********788600 nömrəli uyğunsuzluq məktubu göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən həmin hal aradan qaldırılmadığı, yəni cəmiyyətin istifadəsində olan 200 hektar digər xüsusi təyinatlı torpaq sahələrinə görə 159.600,0 manat ((10000/100) x 4 + (1.990.000/100) x 8) torpaq vergisi könüllü olaraq vergi orqanına bəyan edilmədiyi üçün "xxxx" MMC barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022ci il tarixli **********379700 nömrəli qərar qəbul edilmişdir. Göründüyü kimi vergi ödəyicisinin torpaq vergisi öhdəlikləri sənədlər əsasında müəyyən edilmiş və mübahisələndirilən qərarla ona 159.600 manat məbləğdə torpaq vergisi hesablanmışdır. İddiaçı vergi orqanının qəbul etdiyi qərarın nə üçün əsassız olmasını iddia ərizəsində əsaslandıra bilməməsi ilə yanaşı, istinad edərək bildirdiyi Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.3-cü maddəsində göstərilən digər xüsusi təyinatlı torpaq sahələrinin vergitutma obyekti olmasını görməzdən gəlmişdir. İddiaçı öz fərziyyəsinə uyğun olaraq Vergi Məcəlləsinin 206.3-cü maddəsini şərh etməyə çalışması zamanı diqqətdən qaçırmışdır ki, Vergi Məcəlləsi vergitutma obyekti ilə yanaşı vergi azadolmalarını da müəyyən edən qanunvericilik aktı olduğundan həmin Məcəllədə su fondu torpaqlara görə torpaq verigisindən azadolma nəzərdə tutulmamışdır. Əksinə Vergi Məcəlləsinin 206.3-cü maddəsində xüsusi təyinatlı torpaqların bir neçəsi sadalanmaqla yerdə qalan xüsusi təyinatlı torpaq digər xüsusi təyinatlı torpaqlar kimi göstərilmişdir. Həmçinin Vergi Məcəlləsinin 207.1.3-cü maddəsinə əsasən fiziki və hüquqi şəxslərin istifadəsinə verilməmiş dövlət, meşə və su fondu torpaqları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına məxsus olan sektorunun altında yerləşən torpaqlar torpaq vergisinə cəlb edilmir. Göründüyü kimi Vergi Məcəlləsinin 207.1.3-cü maddəsinə əsasən su fondu torpaqları yalnız fiziki və hüquqi şəxslərə istifadəyə verilmədiyi halda torpaq vergisinə cəlb edilmir. Ancaq yuxarıda qeyd olunduğu kimi Mingəçevir Şəhər İcra Hakimiyyəti ilə bağlanılmış xx.xx.2017-ci il tarixli 16 nömrəli icarə müqaviləsinə əsasən 2.000.000 kv.m (200 hektar) torpaq sahəsi "xxxx" MMC-nin istifadəsindədir. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 6 iyul 2023-cü il tarixli, 2- 1(116)-1165/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
7. İddiaçı nümayəndəsi və vəkili Vəkil həmin qərardan apellyasiya şikayəti vermişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
8. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə mübahisələndirilən qərarın qəbul edilməsinə əsas kimi cavabdeh inzibati orqan "xxxx" MMC-nin istifadəsində 200 ha torpaq sahəsinin olduğunu və həmin sahəyə görə torpaq vergisinin ödənilməli olduğu qənaətinə gəlmişdir. Bununla bağlı qeyd edirlər ki. Mingəçevir şəhər İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 86 say 11 sərəncamına uyğun olaraq. "xxxx" MMC ilə Mingəçevir şəhər İcra Hakimiyyətinin arasında bağlanmış xx.xx.2017-ci il tarixli İcarə müqaviləsi əsasında 200 ha “su fondu torpaq sahəsi” "xxxx" MMC-nin icarəsinə verilmişdir. Sözügedən müqaviləyə əsasən "xxxx" MMC-nin icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır və bu barədə "xxxx" MMC-nin adına çıxarış verilmişdir. Sözügedən hüquqmüəyyənedici sənədlərdən görünür ki. icarədə olan torpaq sahəsi "su fondu" kateqoriyasına aid torpaq sahəsidir Hazırkı iş üzrə olan birinci instansiya məhkəməsinin qərarından görünür ki. məhkəmə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 207-ci maddəsinə istinadən yuxarıda sözügedən torpaq sahəsinin dövlət mülkiyyətində olan su fondu torpaq sahəsinə aid olmasına və həmin torpaq sahəsinin müvafiq müqavilə əsasında “AZ-CAVİAR" MMC-nin istifadəsinə verilməsinə əsaslanan birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddia tələbinin təmin olunmamasına dair qərar qəbul etmişdir. Nəzərə çaldırılması zəruridir ki. torpaq vergisi üzrə vergi dərəcələri Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206-cı maddəsində təsbit olunmuşdur. Həmçinin qeyd etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi cavabdeh vergi orqanı tərəfindən "xxxx" MMC barəsində kammeral vergi yoxlaması əsasında qərar qəbul edilərkən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 37-ci maddəsinin də tələblərinin pozulmasına dair iddia tələbimizin əsasına heç bir hüquqi qiymət verməmişdir. Cavabdeh vergi orqanı yuxarıda istinad olunan normada təsbit olunan müddətə əhəmiyyət vermədən "xxxx" MMC barəsində kammeral vergi yoxlaması üzrə qərar qəbul etmişdir ki. bu da istinad olunan normanın tələbləri ilə ziddiyyət təşkil edir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 6 iyul 2023-cü il tarixli, 2-1(116)-1165/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 6 iyul 2023-cü il tarixli, 2-1(116)-1165/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 6 iyul 2023-cü il tarixli, 2-1(116)-1165/2023 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
11. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - Cavabdehin etiraz məktubuna əlavə olunmuş: xx.xx.2022-ci il tarixli, **********379700 nömrəli “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın təsdiq olunmuş surətindən görünür ki, uçot-baza məlumatlarına əsasən cəmiyyətin istifadəsində 2.000.000 kv.m (200 hektar) torpaq sahəsi olmasına baxmayaraq təqdim edilmiş 2019-cu il üçün torpaq vergisi bəyannaməsində torpaq sahəsi göstərilməmiş, nəticədə 159.600,0 manat torpaq vergisinin hesablanmadığı müəyyən edilmişdir. xx.xx.2017-ci il tarixli, 16 nömrəli “Torpaq icarəsi müqaviləsi”nin təsdiq olunmuş surətindən görünür ki, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 183 nömrəli və xx.xx.2017-ci il tarixli 86 nömrəli sərəncamları əsasında 200 hektar torpaq sahəsi qəfəslərdə balıq yetişdirmək üçün 50 (əlli) il müddətinə İddiaçı MMC-yə istifadəyə verilmişdir. İcarə haqqı 5004 manat 20 qəpik (beş min dörd manat iyirmi qəpik) olaraq müəyyən edilmişdir. RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Mingəçevir şəhərində yerləşən, kateqoriyası “su fondu torpaqları” (su tutarları) olan 73,38 ha torpaq sahəsi xx.xx.2017-ci il tarixli, 16 nömrəli icarə müqaviləsinə əsasən 50 (əlli) il müddətinə İddiaçı MMC-nin icarəsinə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə tərtib olunmuş A seriyalı, 183970 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq olunmuş surətindən görünür ki, Mingəçevir şəhərində yerləşən, dövlət mülkiyyətində olan 73,38 hektar torpaq sahəsinin mülkiyyət növü dövlət, kateqoriyası “su fondu” torpaqlarıdır. Plan və ölçünün tərtib edilməsinə əsas Mingəçevir ŞİH-in xx.xx.2017-ci il tarixli 86 nömrəli sərəncamından çıxarış olmuşdur. RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Mingəçevir şəhərində yerləşən, kateqoriyası “su fondu torpaqları” (su tutarları) olan 126,62 ha torpaq sahəsi xx.xx.2017-ci il tarixli, 16 nömrəli icarə müqaviləsinə əsasən 50 (əlli) il müddətinə İddiaçı MMC-nin icarəsinə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə tərtib olunmuş A seriyalı, 183971 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq olunmuş surətindən görünür ki, Mingəçevir şəhərində yerləşən, dövlət mülkiyyətində olan 126,62 hektar torpaq sahəsinin mülkiyyət növü dövlət, kateqoriyası “su fondu” torpaqlarıdır. Plan və ölçünün tərtib edilməsinə əsas Mingəçevir ŞİH-in xx.xx.2017-ci il tarixli 86 nömrəli sərəncamından çıxarış olmuşdur. Beləliklə iddiaçıya müqavilə əsasında cəmi 73,38+126,62=200 ha torpaq sahəsi icarəyə verilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli, **********629400 nömrəli məktubunda qeyd olunmuşdur ki, Cəmiyyətin xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə ödənilməmiş borcu aşağıdakı kimidir: - Vergilər üzrə 127.484,04 manat əsas, 83 507,97 manat faiz borcu; - Məcburi dövlət sosial sığorta haqları üzrə 1.076,25 manat əsas, 51,10 manat faiz borcu; - İşsizlikdən sığorta haqları üzrə 43,08 manat əsas, 1,93 manat faiz borcu; - İcbari tibbi sığorta haqları üzrə 172,20 manat əsas, 7,56 manat faiz borcu; - Dövlət torpaq sahələrinin icarəsi üzrə 8.008,40 manat borc. Əlavə olaraq bildirilmişdir ki, Cəmiyyətin fəaliyyətində aşağıdakı risklər aşkar edilmişdir: 2020-ci ilin 4-cü rübü üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamədə, 2020-ci il üzrə mənfəət vergisi, 2022-ci il üzrə əmlak vergisi, 2020, 2021, 2022-ci illər üzrə torpaq vergisi bəyannamələrində uyğunsuzluqlar olduğu müəyyən edilmişdir. Cavabdehin məhkəmənin sorğusuna xx.xx.2023-cü il tarixli, **********274400 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması Vergi Məcəlləsinin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 90 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Vergi Məcəlləsinin 129-cu maddəsinə əsasən vergi ili təqvim ili sayılır. Vergi Məcəlləsinin 208.2-ci maddəsinə əsasən torpaq vergisini müəssisələr torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən illik olaraq hesablayır və mayın 15-dən gec olmayaraq hesablamaları vergi orqanına verirlər. Vergi Məcəlləsinin 208.5-ci maddəsinə əsasən torpaq vergisi bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq ödənilir. Torpaq vergisi torpağın əvvəlki sahibi tərəfindən ödənilmədiyi halda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtına həmin torpağın sahibi tərəfindən ödənilir. Qeyd edilənlərə əsasən torpaq vergisi üzrə hesabat dövrü təqvim ilini əhatə edir. Torpaq vergisinin ödəyiciləri tərəfindən torpaq vergisi bəyannaməsi cari il üzrə 01 yanvar tarixindən başlamaqla, lakin may ayının 15-dən gec olmayaraq vergi orqanına təqdim edilməli, torpaq vergisi bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinin xx.xx.2023-cü ill tarixli, 5-21-3-35/2-2333/2023 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyindən qeyd olunur ki, elektron məlumat bazasında mövcud olan Mingəçevir şəhər, Mingəçevir bələdiyyəsinin “X2 X5”ndəki xəritəsinə əsasən, mübahisəli 200,0 ha torpaq sahəsi dövlət mülkiyyətinə (Kür çayı) aid olmaqla, kateqoriyası su fondu torpaqları (dəniz, su anbarları, göllər, çaylar və s.), uqodiyası çaylar və arxlardır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3- 22/2-1537/2023 nömrəli məktubunda qeyd olunur ki, “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən balıq və digər su bioresurslarının, o cümlədən nadir və nəsli kəsilməkdə olan növlərin bərpası və əmtəə məhsulu əldə edilməsi məqsədilə balıqçılıq su obyektlərində artırılması, yetişdirilməsi, saxlanması və rekreasiya üzrə fəaliyyət akvakultura kimi müəyyən edilmişdir. Eyni zamanda keçmiş Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 2008-ci il 22 dekabr tarixli 155 nömrəli əmri və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2008-ci il 14 noyabr tarixli Kollegiya Qərarı ilə təsdiq edilmiş “X4 Təsnifatı”nda “Balıqçılıq və Balıqyetişdirmə” bölməsi 03 kodu altında ayrıca iqtisadi fəaliyyət növü kimi müəyyən edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
13. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 73.1. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.
14. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: Maddə 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Maddə 16.1.3 Qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin)və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. Maddə 16.1.6 Bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan kağız və elektron daşıyıcılarda olan məlumatları və sənədləri (orta və iri sahibkarlıq subyektləri eləcə də maliyyə hesabatlarını), habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarında olan məlumatlara və uçot bazalarına birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsidir. Maddə 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək... 23.1.6-1. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək. 24.1.1-ci və 24.1.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək vəzifəsi daşıyırlar. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir; 37.2-ci maddəsinə görə kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 72.1-ci maddəsinə görə, bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. 72.2-ci maddəsinə əsasən bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidir. Vergi hesabatları vergi ödəyicisi tərəfindən şəxsən və ya hesabatın təqdim edilməsi təsdiq oluna bilən hər hansı digər üsulla (rabitə təşkilatına təhvil verilməsi və ya müvafiq qanunvericiliyə uyğun olaraq elektron sənəd formasında göndərilməsi də daxil olmaqla) təqdim edilə bilər. Vergi hesabatının elektron sənəd formasında göndərilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Vergi hesabatını elektron sənəd formasında təqdim edən vergi ödəyicilərinə bu Məcəllənin 72.3-cü, 72.4-cü 72.6.3-cü və 72.6.4-cü maddələrinin müddəaları şamil edilmir; 85.4-cü maddəsinə görə vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda, vergi yoxlamaları (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) yoxlamanın keçirilməsi haqqında vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 5 illik dövrü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti ilə müəyyən edilən dövrü əhatə edir; 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir; 203-cü maddəsinə görə torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. 204-cü maddəyə əsasən Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. 205-ci maddəyə görə fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. 206-cı maddəsinə əsasən torpaq vergisinin vergi dərəcələri aşağıdakı kimi müəyyən edilir: 206.1. Bu Məcəllənin 206.1-1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi torpaq sahəsinin hər 100 kvadratmetrinə görə 2 manat müəyyən edilir. 206.1-1. Müvafiq icra hakimiyyəti orqanının verdiyi arayışa əsasən, təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilir. Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən qayda və meyarlar əsasında müəyyən edilir. 206.2. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla, şərti balları müəyyənləşdirilir. 206.3-cü maddəyə əsasən bu Məcəllənin 206.1-ci və 206.1-1-ci maddələrində nəzərdə tutulmuş torpaqlar istisna olmaqla, torpaq sahəsinin hər 100 kvadratmetrinə görə həmin maddədə təsbit olunan cədvəldə göstərilən aşağıdakı dərəcələr tətbiq olunur: Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlara: Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə 10000 m²-dək olduqda 10 manat, 10000 m²-dən yuxarı olan hissə üçün 20 manat; Gəncə, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunun qəsəbə və kəndləri üzrə 10000 m²-dək olduqda 8 manat, 10000 m²-dən yuxarı olan hissə üçün 16 manat; digər şəhərlər və rayon mərkəzləri üzrə 10000 m²-dək olduqda 4 manat, 10000 m²dən yuxarı olan hissə üçün 8 manat; rayon tabeliyində olan şəhərlər, qəsəbələr və kəndlər 10000 m²-dək olduqda 2 manat, 10000 m²-dən yuxarı olan hissə üçün 4 manat. Yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlara: Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə 10000 m²-dək olduqda 0,6 manat, 10000 m²-dən yuxarı olan hissə üçün 1,2 manat; Gəncə, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunun qəsəbə və kəndləri üzrə 10000 m²-dək olduqda 0,5 manat, 10000 m²-dən yuxarı olan hissə üçün 1,0 manat; digər şəhərlər və rayon mərkəzləri üzrə 10000 m²-dək olduqda 0,3 manat, 10000 m²dən yuxarı olan hissə üçün 0,6 manat; rayon tabeliyində olan şəhərlər, qəsəbələr və kəndlər 10000 m²-dək olduqda 0,1 manat, 10000 m²-dən yuxarı olan hissə üçün 0,2 manat. 207-ci maddəsi torpaq vergisinə münasibətdə vergi güzəştlərini müəyyən etməkdədir. 207.1-ci maddəyə əsasən aşağıdakı torpaqlar torpaq vergisinə cəlb edilmir: 207.1.1. yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqları; 207.1.2. Dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünü idarəetmə orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının və onun qurumlarının, dövlətin adından yaradılan publik hüquqi şəxslərin (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan torpaqlar istisna olmaqla), habelə Azərbaycan Respublikasının Dövlət Neft Fondunun mülkiyyətində və ya istifadəsində olan torpaqlar; 207.1.3. fiziki və hüquqi şəxslərin istifadəsinə verilməmiş dövlət, meşə və su fondu torpaqları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına məxsus olan sektorunun altında yerləşən torpaqlar; 207.1.4. dövlət sərhəd zolaqları və müdafiə təyinatlı torpaqlar.
15. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 9-cu maddəsinə əsasən məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. 97-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqdan istifadə pulludur. Torpaq haqqı torpaq vergisi və icarə haqqı formalarında müəyyən edilir. 98-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqdan istifadəyə görə torpaq vergisinin müəyyən edilməsi və ödənilməsi qaydaları Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilir.
16. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 2-ci cümləsinə əsasən, icarəyəverən torpaq vergisi tədiyəçisi olduqda, torpaq vergisi icarə haqqının tərkibinə daxil edilir
17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 69.1 İnzibati aktın bir hissəsinin etibarsız sayılması və ya ləğv edilməsi bu Qanunun 65- ci, 67-ci və 68-ci maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir 69.2. İnzibati aktın bir hissəsinin etibarsız sayılması və ya ləğv edilməsi həmin aktın digər hissələrinin etibarsız sayılmasına və ya ləğv edilməsinə (həmin hissələr bir-biri ilə əlaqədar deyildirsə) səbəb olmur.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
18. İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 6 iyul 2023-cü il tarixli, 2-1(116)-1165/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
19. İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi).
20. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.
21. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı cavabdehin qərarını aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.1-ci maddəsi).
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
23. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək bildirir ki, işin hallarının araşdırılması zamanı məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya münasibətdə vergi borcunun hesablanması onun təqdim etdiyi bəyannamə əsasında vergi orqanında olan məlumatlar üzrə həyata keçirilmişdir. İddiaçı tələbini əsaslandırmaq üçün onun icarəsində olan su fondu torpaqlarına görə qanunvericiliklə vergi borcunun hesablanmalı olmamasına istinad etsə də, məhkəmə araşdırması ilə iddiaçıya münasibətdə icarəsinə verilmiş dövlət mülkiyyətində olan su fondu torpaqlarına görə torpaq vergisinin hesablanmasını istisna edən şərtlər müəyyən edilməmişdir.
24. Belə ki, Vergi Məcəlləsinin torpaq vergisinə münasibətdə güzəştləri müəyyən edən 207-ci maddəsinə əsasən torpaq sahəsinin torpaq vergisinə cəlb edilməməsi üçün aşağıdakı şərtlərin mövcud olması müəyyən edilmişdir: 1. Torpaq sahəsi yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqlara aid olmalıdır; 2. Torpaq sahəsi dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünü idarəetmə orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının və onun qurumlarının, dövlətin adından yaradılan publik hüquqi şəxslərin (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan torpaqlar istisna olmaqla), habelə Azərbaycan Respublikasının Dövlət Neft Fondunun mülkiyyətində və ya istifadəsində olan torpaqlara aid olmalıdır; 3. Torpaq sahəsi fiziki və hüquqi şəxslərin istifadəsinə verilməmiş dövlət, meşə və su fondu torpaqlarına aid olmalıdır; 4. Torpaq sahəsi fiziki və hüquqi şəxslərin istifadəsinə verilməmiş Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına məxsus olan sektorunun altında yerləşən torpaqlara aid olmalıdır.
25. Göründüyü kimi, iddiaçının icarəsinə verilmiş torpaq sahəsi dövlət mülkiyyətində olan su fondu torpaqlarına aid torpaq sahəsidir, müvafiq müqavilə ilə hüquqi şəxs olan iddiaçının istifadəsinə verilmişdir. Göstərilən normanın tələbləri baxımından həmin torpaq sahəsinə münasibətdə güzəştlərin tətbiq edilməsi istisna olunur.
26. Torpaq vergisinin hesablanma dərəcəsinə münasibətdə qeyd edilməlidir ki, cavabdeh hesablamanın aparılması zamanı da səhvə yol verməmişdir. İddiaçının istifadəsinə verilmiş 200 ha torpaq sahəsinin müvafiq çıxarışlar və mütəxəssis rəyinə əsasən dövlət mülkiyyətində olan su fondu kateqoriyalı torpaq sahəsi olduğu müəyyən edilmişdir. X6 Nazirliyinə müvafiq sorğu verilərək balıqçılığın kənd təsərrüfatına aid fəaliyyət sahəsi olmadığı müəyyən olunmuşdur. Belə olan halda mübahisəli vergi borcunun hesablandığı torpaq sahəsinə münasibətdə Məcəllənin 206.3- cü maddəsində sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlara nəzərən müəyyən edilmiş vergi dərəcələri yerli əmsallara uyğun tətbiq edilməklə hesablama aparılmalıdır
27. İddiaçının istifadəsində olan torpaq sahəsinin 200 ha, yəni 2.000.000 kv.m olduğunu və yaşayış məntəqəsi qismində torpaq sahəsinin yerləşməsin digər şəhərlər və rayon mərkəzlərinə aid olduğunu (həmin yerlərdə dərəcə torpaq sahəsinin hər 100 kvadratmetrinə görə 10.000 m²-dək 4 manat, 10.000 m²-dən yuxarı olan hissə üçün 8 manat müəyyən edilmişdir) nəzərə alsaq, hesablama aşağıdakı qaydada həyata keçiriləcəkdir: (10.000/100)x4+(1.990.000/100)x8=400+159.200=159.600..
28. Beləliklə, məhkəmə işin hallarının qanunvericilik normaları ilə qarşılıqlı təhlili nəticəsində bu qənaətə gəlir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, cavabdehin mübahisələndirilən qərarı əsaslıdır, cavabdehin iddiaçıya münasibətdə vergi borcunun hesablanması ilə bağlı qərarın qəbul olunması ilə nəticələnmiş hərəkətləri qanunauyğundur, iddianın təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur.
29. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının tələblərin təmin edilməsi vergi qanunvericiliyinin istinad olunan normalarının pozulmasına gətirib çıxaracağından, iddiaçının hazırkı iddia tələbinin qanuni əsası yoxdur və bu səbəbdən iddia təmin edilməməlidir.
30. Yuxarıda qeyd olunan işin hallarını nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
31. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 6 iyul 2023-cü il tarixli, 2-1(116)-1165/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.