Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-481/2024 15.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X3 (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X7 ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı vəkili Vəkil və cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixindən ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 21 may 2024-cü il tarixli 2-1(116)- 184/2024 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı “iddiaçıya 62 yaşdan yəni, yaşa görə pensiyanın almadığı tarixdən xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar Yevlax rayonunda fəaliyyət göstərən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Yevlax filialına müraciət etmişdir. Göndərmiş imtinada qeyd olunur ki, 1990 və 1993-cü illərdə üç ay adına əmək haqqı hesablanmadığı üçün sözügedən dövrlər sığorta stajına daxil edilməyib. Bu səbəbdən də 25 il sığorta stajı təqdim etdiyi əmək kitabçası, diplom, hərbi xidmət haqqında sənədlərdə ümumən 24 il 8 ay 10 gün təşkil edib. 1975-ci il tarixindən fasiləsiz olaraq işləyir. Bu barədə əmək kitabçası mövcuddur. Əmək fəaliyyətinin əvvəli xx.xx.1975-ci ildən başlayaraq xx.xx.1997-ci ilə qədər davam etmişdir. Bundan başqa 1971-1975-ci illərdə əyani təhsil almışdır. Bundan başqa iki il hərbi xidmətdə əsgər kimi yəni, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək SSRİ silahlı qüvvələrində xidmətdə olmuşdur. Onun üst-üstə əmək stajı 25 ildən yuxarıdır. Qanunvericiliyə görə kişilərin pensiyaya çıxma yaşı 65 yaşından başlayır.
3. Cavabdeh orqan məhkəməyə təqdim olunmuş iddia tələbinə etirazı onunla əsaslandırmışdır ki, İddiaçı təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu dövr, eyni zamanda əmək kitabçasının surətində qeyd edilən digər dövrlər nəzərə alınmaqla sosial sığorta stajı 24 il 08 ay 10 gün təşkil edir və bu qanunvericiliklə tələb edilən müddətdən (25 il) azdır. İddiaçı xx.xx.2006 - xx.xx.2018-ci illər ərzində fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikası Dövlət X8 xx.xx.2023-cü il tarixli, 53/10 nömrəli arxiv arayışına əsasən İddiaçı 1990 və 1993-cü ildə 6 ay əməkhaqqı almağı barədə məlumat olmadığı üçün əmək kitabçasının surətində qeyd edilən illərin sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından imkan xaricindədir. Belə ki, “Əmək pensiyaları haqqında“ Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi İddiaçı yaşa görə əmək pensiyası 65 yaşdan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1. fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq. 2. azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçı “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq pensiya yaşına 65 yaşda, yəni xx.xx.2022-ci il tarixdə çatmışdır. Lakin yuxarıda qeyd olunan maddənin müddəalarına müvafiq olaraq İddiaçı həmin tarixə azı 25 il sosial sığorta stajının, yaxud fərdi hesabında 40320 manat pensiya kapitalının olması öz təsdiqini tapmamışdır. - İşin mübahisələndirilən halları aşağıdakılardan ibarətdir: İddiaçı 1990 və 1993-cü illər ərzində 06 ay əməkhaqqı almadığı dövrlər. "Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. İddiaçı mübahisələndirilən sosial sığorta stajı ümumilikdə 06 aydır. Beləliklə, yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərini və işin faktiki hallarını nəzərə alaraq hesab edirik ki, İddiaçı 1990 və 1993-cü illər ərzində 06 ay ona əmək haqqı ödənilmədiyindən həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi və İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunamüvafiq deyildir.
4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur. - AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-ci il təvəllüdlüdür. - İddiaçıya məxsus Əmək kitabçası. - İddiaçıya məxsus Щ 014788 nömrəli diplomun təsdiqlənmiş surətindən görünür ki, iddiaçı 1971-ci il tarixdən 1975-ci il tarixdə qədər Göyçay Kənd təsərrüfatı Mexanikləşdirmə və elektrikləşdirmə texnikumunda mexanik ixtisası üzrə təhsil almışdır. - X12 və Texnologiya kollecinin xx.xx.2022-ci il tarixli 500/3730 nömrəli arayışı. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə dövlət xidmətinin Yevlax rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli 656 nömrəli arayışı. - Yevlax rayon Dövlət arxivinin xx.xx.2023-cü il tarixli arxiv arayışı. - Yevlax rayon Dövlət arxivinin xx.xx.2023-cü il tarixli arxiv arayışı.
5. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 21 may 2024-cü il tarixli 2- 1(116)-184/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək cavabdeh Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixindən ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi qoyulmuşdur.
6. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı - xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər yerinə yetiriləcəyi halda müvafiq olaraq 65 yaşda, yəni xx.xx.2021-ci il tarixdə yaranır (iddiaçı xx.xx.1956-ci ildə doğulub). İddiaçı iddia ərizəsinin ”xahiş etdim” hissəsində tələbini texniki yanlışlıqla “62 yaşdan yəni, yaşa görə pensiyanın almadığı tarixdən xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması” kimi ifadə etsə də, iddia ərizəsinin məzmunundan hüquqi marağının 65 yaşdan yaşa görə əmək pensiyasının təyin olunmasından ibarət olduğu müəyyən edilir. Cavabdehə müraciəti də həmin məzmunda olmuşdur. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmadığından hazırkı tələb üzrə iddia tələbindən kənara çıxmır. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, iddiaçının ümumi sosial sığorta stajı 25 ildən çoxdur. Bu iddiaçıya məxsus Əmək kitabçasına və iş materiallarına əsasən aşağıdakı qaydada hesablanmışdır : 1.xx.xx.1971-xx.xx.1975-ci il tarixə qədər Göyçay Kənd təsərrüfatı Mexanikləşdirmə və elektrikləşdirmə texnikomunda əyani təhsil almışdır. (3 il 9 ay 29 gün)
2. xx.xx.1975-ci ildən xx.xx.1977-ci il tarixə qədər hərbi xidmətdə olmuşdur. 3.İddiaçı xx.xx.1978-xx.xx.1980, xx.xx.1980-xx.xx.1988, xx.xx.1989-1996-cı illərdə əmək fəaliyyətini davam etdirmişdir. (sonuncu iş yeri X6 müəssisəsi, işdən çıxma əmri xx.xx.1997). - Cavabdehin imtina məktubunda qəbul edilən sosial sığorta stajı 24 il 8 ay 10 gün olmuş, iddia tələbinə etirazının dəlili İddiaçı 1990 və 1993-cü ildə 6 ay əməkhaqqı almadığı barədə məlumat olmamasıdır. Həmin dəlilə münasibətdə məhkəmə bildirir ki, iddiaçının həmin tarixlərdə işdən çıxmasına dair məlumat mövcud olmamış, həmin dövrün əmək haqqı cədvəllərinin arxivə təqdim edilməməsi onun ziyanına nəzərə alına bilməz. İddiaçının, məhkəmə araşdırması zamanı müəyyən edilən sosial sığorta stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdur.
7. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 21 may 2024-cü il tarixli 2-1(116)-184/2024 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki İnzibati Məhkəməsinin 21 may 2024-cü il tarixli 2-1(116)-184/2024 nömrəli qərarı məhkəmənin gəldiyi nəticədə iş üzrə mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, qərarda göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi səbəbindən ləğv edilməli və iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin məzmunundan göründüyü kimi İddiaçı yaşa görə əmək pensiyası 65 yaşdan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. Bildiririk ki, İddiaçı xx.xx.1956-cı il tarixdə anadan olmuşdur. Aydın olduğu kimi iddiaçı Qanunun 7-ci maddəsinə müvafiq olaraq pensiya yaşına 65 yaşda, yəni xx.xx.2021-ci il tarixdə çatmışdır. Nəzərinizə çatdırırıq ki, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. İddiaçının pensiya hüququnun araşdırılması zamanı müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2013-cü ildə pensiya təyin edilərkən təqdim etdiyi ИТ-İ 079064 nömrəli əmək kitabçasında onun xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu il tarixədək "xxxx" ASC-də işlədiyi qeyd olunmuşdur. Sözügedən müəssisədə iddiaçının iş stajına aid qeyd olunan məlumatların dəqiqləşdirilməsi zamanı əmr kitablarında iddiaçının adı aşkarlanmamış, yəni adıçəkilən müəssisədə İddiaçı işlədiyi öz təsdiqini tapmamışdır. Bu fakt "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixli akt ilə təsdiq edilmişdir. Bu səbəbdən də iddiaçının ümumi iş stajının 25 ildən az (23 il 5 gün (xx.xx.1975-xx.xx.1977-ci il, xx.xx.1978-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1994-cü il və xx.xx.1999-xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər)) təşkil etdiyi müəyyən edilmişdir. Göstərilən uyğunsuzluğa baxmayaraq ona xx.xx.2013-cü il tarixindən Fondun Yevlax rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu aşkar edilmişdir. Buna görə də, İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2022-ci il tarixdən dayandırılmışdır. Daha sonra İddiaçı xx.xx.2022-ci il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Mərkəzi Filila müraciət etmişdir. İddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-49039/2023 nömrəli imtina məktubunda onun qanunvericiliklə tələb olunan sığorta stajı olmadığından yaşa görə əmək pensiyasının təyin olunmasının mümkün olmadığı bildirilmişdir. Belə ki, Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli imtina məktubunda İddiaçı təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu dövr, eyni zamanda xx.xx.1971-ci il tarixdən xx.xx.1975-ci il tarixədək əyani təhsil aldığı dövrlər nəzərə alınmaqla sosial sığorta stajının 24 il 08 ay 10 gün olduğu qeyd olunmuşdur. Həmçinin diqqətinizə çatdırırıq ki, İddiaçı güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün 2013-cü ildə müraciət edərkən təqdim etdiyi ИТ-İ 079064 nömrəli əmək kitabçasında onun əmək fəaliyyəti 1978 - 2004-cü il aralığındakı dövrü təşkil edir. Lakin, iddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün Mərkəzi Filiala müraciət edərkən təqdim etdiyi notarial qaydada təsdiq edilmiş əmək kitabçasının surətində onun əmək fəaliyyəti 1975-1997-ci il aralığındakı dövr təşkil edir. Həmçinin, iddiaçının yaşa görə əmək pensiyası üçün müraciət edərkən təqdim etdiyi əmək kitabçasında xx.xx.1983-cü il tarixdən xx.xx.1997-ci il tarixədək “X4” müəssisəsində işlədiyi qeyd olunsa da, vaxtilə güzəştli şərtlərlə pensiya təyin edilərəkən təqdim olunan əmək kitabçasında xx.xx.1994-xx.xx.1999-cu il tarixləri aralığındakı dövr ərzində "xxxx" ASC-də işlədiyi qeyd olunmuşdur. Bununla bağlı qeyd edirik ki, iddiaçının təqdim etdiyi əmək kitabçalarındakı fəaliyyət dövrlərində bir sıra fərqli məqamlar mövcuddur və bu da təqdim olunan əmək kitabçalarının mötəbərliyinə ciddi şübhələr yaradır. İddiaçının yaşa görə əmək pensiyası üçün müraciət edərkən təqdim etdiyi əmək kitabçasında xx.xx.1975-ci il tarixdən xx.xx.1975-ci il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək, xx.xx.1980-ci il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1997-ci il tarixədək əmək fəaliyyəti qeyd olunmuşdur. Vaxtilə güzəştli şərtlərlə pensiya təyin edilərkən təqdim olunan ИТ-İ 079064 nömrəli əmək kitabçasında isə xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək, xx.xx.1980-ci il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu il tarixədək və xx.xx.1999-cu il tarixdən xx.xx.2004-cü il tarixədək əmək fəaliyyəti qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının təqdim etdiyi əmək kitabçalarında eyni dövrlərdə fərqli müəssisələrdə işlədiyi qeyd edilmişdir. Həmçinin nəzərinizə çatdırmaq istərdik ki, İddiaçı xx.xx.2013-cü il tarixdən xx.xx.2023-cü il tarixədək aldığı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət etməməsi, başqa əmək kitabçası ilə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filiala müraciət etməsi əmək kitabçalarının mötəbərliyinə şübhələri daha da artırır. Əlavə olaraq qeyd edək ki, Mərkəzi Filiala yaşa görə əmək pensiyası təyin edilməsi üçün təqdim edilən əmək kitabçası doldurularkən əmək kitabçasının doldurulması qaydaları pozulmuşdur. Belə ki, əmək kitabçasının doldurulma tarixi, nömrəsi, möhürü və imzası yoxdur. Qeyd olunan şübhəli halların məhkəmə tərəfindən araşdırılması zəruri olduğu halda birinci instansiya məhkəməsi sadəcə İddiaçı 1990 və 1993-cü ildə 06 ay əməkhaqqı almadığı dövrə münasibət bildirərək iddiaçının həmin tarixlərdə işdən çıxmasına dair məlumat mövcud olmadığını və həmin dövrün əməkhaqqı cədvəllərinin arxivə təqdim edilməməsinin onun ziyanına nəzərə alına bilmədiyini qeyd etmişdir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. İddiaçı apellyasiya şikayətinə qarşı məlumat göndərərək göstərmişdir ki, Şəki Apellyasiya Məhkəməsinə göndərdiyiniz şikayət ərizəsi ilə əlaqədar açıqlanma verməyi özümə borc bildim. Bununla əlaqədar bildirirəm ki, mən 2013-cü ildə əmək kitabçamı Yevlax şəhər DSMF-nin müdiriyyətinə təqdim etdim. O da inspektor tərəfindən mənim işlədiyim təşkilatı yoxlayıb akt tərtib edib. Təsdiqlənən aktı müdiriyyət tərəfindən Nazirliyə göndərildi. Nazirlik də təsdiq edəndən sonra mənə güzəştli şərtlərlə pensiya təyin edildi. Bu pensiyanı 2022-ci ilin sentyabr ayına kimi aldım. Sentyabr ayında mənə 1-ci məktub gəldi. Məktubda yazılmışdır ki, sizin əmək stajınız 24 il 8 aydır. Mən onunla əlaqədar Bakıda Z.Bünyadov prospektində yerləşən binada qəbul olundum. Orada müəllim mənə izah etdi ki, siz hansısa institut və ya texnikum qurtarmısınızmı? Mən isə bildirdim ki, bəli texnikom qurtarmışam. Müəllim mənə dedi ki, həmin texnikomdan arayış al gətir ver pensiyan bərpa olunsun. Mən də həmin arayışı alıb yenidən həmin idarəyə Bakıya gedərək arayışı təqdim etdim. Mənə bildirildi ki, sizin pensiyanız bərpa ediləcək. Sonra 2ci məktub gəldi. Mənə bildirildi ki, indi də arxivdən arayış gətir. Arxivə müraciət etdim. Onlar isə bildirdilər ki, sizin sənədlər arxivə verilməyib. Məcbur olub Şəki İnzibati Məhkəməyə müraciət etdim. xx.xx.2023-cü ilə 1-ci məhkəmə, xx.xx.2023-cü ildə 2-ci məhkəmə, xx.xx.2024-cü ildə 3-cü məhkəmə, xx.xx.2024-cü ildə 4-cü məhkəmədə mənim iddiam təmin edildi. Təqdim etdiyim 2-ci əmək kitabçasında X6 idarəsində işlədiyim 16 il ərzində əhalidən sifariş qəbul edən ştatında işləmişəm. Həmin illərdə ay ərzində 7 gün işləmişəm. Yəni 1 sutka işləmişəm. 3 sutka evdə olmuşam. Ayın 23 günü boş olduğu üçün başqa yerdə işləmişəm. Bu işi sənədlər də təsdiq edir. Əgər lazım olarsa məhkəməyə işlədiyim adamları şahid kimi gətirəcəm. Hal-hazırda mənim 25 ildən çox əmək fəaliyyətim var. Bunu sənədlər təsdiq edir. Ümüdvaram ki, mənim pemsiyam təmin ediləcək. Qabaqcadan öz minnətdarlığımı bildirirəm.
Tərəflərin izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X9 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2- 1(116)-184/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iştirak edən İddiaçı vəkili X10 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-184/2024 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı hazırki məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, vəkilinin iştirak edəcəyəni bildirmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1 -ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
14. İnzibati Prosessual Məcəllə: Maddə 14.3 inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
15. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
16. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (qüvvədən düşmüş): Maddə 67.1. mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: ... 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2.11. Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” Bənd 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.
19. “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: 3.2-ci bənd. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;...
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
Apellyasiya şikayətinin mümkünlüyü
22. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
24. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
25. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
26. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
27. Belə ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı iddia ərizəsinin ”xahiş etdim” hissəsində tələbini texniki yanlışlıqla “62 yaşdan, yəni yaşa görə pensiyanın almadığı tarixdən xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması” kimi ifadə etsə də, iddia ərizəsinin məzmunundan hüquqi marağının 65 yaşdan yaşa görə əmək pensiyasının təyin olunmasından ibarət olduğu müəyyən edilir.
28. Qeyd edilən xüsusatla bağlı İddiaçı məhkəmə kollegiyasına teleqram göndərərək iddia tələbinin xahiş etdi hissəsinin “ona 65 yaşdan, yəni yaşa görə əmək pensiyasının yarandığı tarixdən-22 dekabr 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul edilməsini xahiş etmişdir.
29. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 oktyabr 2024-cü il tarixli, 2-1(107)-481/2024 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir.
30. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini “iddiaçıya 65 yaşdan, yəni yaşa görə əmək pensiyasının yarandığı tarixdən 22 dekabr 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi” kimi qəbul etməklə və işə mahiyyəti üzrə baxmaqla düzgün nəticəyə gəlmiş, beləliklə, məhkəmə iddiaçının hüquqi marağına uyğun qərar qəbul etmiş və iddia tələbindən kənara çıxma halı mövcud olmamışdır.
31. Cavabdehin mübahisələndirdiyi hal və apellyasiya şikayətinin əsas dəlili İddiaçı ümumi sosial sığorta stajının 25 ildən az olması, yəni 1990 və 1993-cü illər ərzində 06 ay əməkhaqqı almadığı dövrlər ilə bağlıdır.
32. Məhkəmə kollegiyası cavabdehin dəlili ilə bağlı aşağı instansiya məhkəməsinin qiymətləndirməsi ilə razılaşır ki, istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın 2006-cı il tarixədək olan sosial sığorta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Belə olan halda, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur.
33. Apellyasiya şikayətinin qeyd edilən dəlilləri ilə bağlı məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdeh həmin dövr üzrə qeyd edilən müəssisənin müvafiq arxiv sənədlərinin təhvil verilməməsinə görə iddiaçının 1990-cı il üzrə, yanvar, fevral və mart ayları, 1993-cü il üzrə isə mart, aprel və sentyabr ayları üzrə X6 Müəssisəsinin əmək haqqı cədvəllərinin arxivə təhvil verilməməsinə görə işlədiyi həmin müddətlərin onun iş stajına aid edilməməsi qənaətinə gəlsə də, məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
34. Birinci instansiyası məhkəməsi cavabdehin mübahisələndirdiyi - iddiaçının 1990cı il üzrə, yanvar, fevral və mart ayları, 1993-cü il üzrə isə mart, aprel və sentyabr ayları üzrə olan əmək fəaliyyətinə dair müddətlə bağlı iddiaçının əmək kitabçasının məlumatlarının mötəbərliyini qəbul etməkdə haqlı olmuşdur. Ona görə ki, iddiaçının 1990cı il üzrə, yanvar, fevral və mart ayları, 1993-cü il üzrə isə mart, aprel və sentyabr ayları üzrə X1 əmək fəaliyyəti iş materiallarına əlavə edilmiş əmək kitabçası ilə öz təsdiqini tapır.
35. Cavabdehin imtina məktubuna və şikayətinin dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, iddiaçı mübahisələndirilən dövr üzrə müəssisədəki əmək fəaliyyəti xx.xx.1980-xx.xx.1988, xx.xx.1989-1996-cı illəri əhatə etmiş, bu barədə, əmək kitabçasında müvafiq qeydlər aparılmışdır. Cavabdeh iddiaçının bu müəssisədəki “1990-cı il üzrə, yanvar, fevral və mart ayları, 1993-cü il üzrə isə mart, aprel və sentyabr ayları” istisna olmaqla digər dövrlərdə olan stajını qəbul etsə də, həmin 06 ay müddətdə olan stajını əmək haqqı cədvəllərinin arxivə təhvil verilməməsinə görə qəbul etməmişdir. Məhkəmə qeyd edir ki, müəssisənin arxiv sənədlərinin təhvil verilməməsi iddiaçının qazandığı iş stajına dair əmək kitabçasındakı qeydlərin mötəbərliyinə təsir etməli deyil. Arxiv sənədlərinin olmaması əmək kitabçasında mübahisələndirilən illərə dair qeydlərin mötəbərliyini özü-özlüyündə aradan qaldırmır, həmin iş dövrü mübahisələndirilə bilməz.
36. Hazırkı qərarın 21-ci bəndində qeyd edilən normanın tələbinə əsasən, sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Hazırkı iş üzrə iddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.
37. Beləliklə, inzibati orqan əmək kitabçasında göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrünü qəbul etməyə bilərdi.
38. Qərarın 19-cu bəndində qeyd olunan, iddiaçının əmək pensiyası hüququnun yarandığı vaxtda qüvvədə olan Qaydalarda da 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur.
39. O da qeyd olunmalıdır ki, adıçəkilən müəssisə ilə bağlı mübahisələndirilən dövr (06 ay) üzrə arxiv sənədlərinin olmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.
40. Bunun əksinə dair, yəni iddiaçının qeyd edilən tarixlərdə sözügedən müəssisədə işləməsinə, həmçinin iddiaçının təqdim etdiyi əmək kitabçasındakı müvafiq qeydlərin həqiqətə uyğun olmadığına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir.
41. Cavabdehin apellyasiya şikayətində digər mübahisələndirdiyi dəlil ondan ibarətdir ki, iddiaçı əvvələr də başqa bir əmək kitabçası əsasında xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almışdır. İddiaçının təqdim etdiyi əmək kitabçalarında eyni dövrlərdə fərqli müəssisələrdə işlədiyi qeyd edilmişdir. Həmçinin nəzərinizə İddiaçı xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixədək aldığı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət etməməsi, başqa əmək kitabçası ilə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filiala müraciət etməsi əmək kitabçalarının mötəbərliyinə şübhələri daha da artırır.
42. Həmçinin cavabdehin nümayəndəsi də məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, hazırki məhkəmə qərarı ilə iddiaçıya 22 dekabr 2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunduğu halda o, 22 dekabr 2021-ci il tarixdən 31 avqust 2022-ci il tarixədək olan müddət ərzində həm güzəştli şərtlərlə əmək pensiyası, həm də yaşa görə əmək pensiyası almış olacaqdır ki, bu da qanunverciliyin tələblərinə uyğun deyil.
43. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçının imtina məktubuna və iddia tələbinə etiraz ərizəsinə nəzər yetirildikdə müəyyən olunur ki, cavabdeh orqan iddiaçının 24 il 08 ay 10 gün sosial sığorta stajı olmasını qəbul edir və bu müddəti mübahisələndirmir. Cavabdehin mübahisələndirdiyi hal 1990-cı il üzrə, yanvar, fevral və mart ayları, 1993-cü il üzrə isə mart, aprel və sentyabr ayları üzrə olan müddət olmuşdur ki, buna da həm birinci instansiya məhkəməsi tərəfindən, həm də hazırki məhkəmə araşdırması zamanı qiymət verilmişdir.
44. Qanunvericiliyin tələblərinə görə müraciətə baxılması nəticəsində onun təmin edilməsindən imtina olunması qənaətinə gələrkən, cavabdeh imtinaya əsas təşkil edən bütün halları eyni andan yoxlamalı, imtinasında bütün imtina səbəblərini bir dəfə və aydın şəkildə göstərməlidir. Bu, hüquqi dövlət və dövlət idarəçiliyinə etimad prinsiplərindən irəli gəlir. Cavabdeh imtinaya əsas təşkil edən halları eyni anda aşkar etməli və bir dəfə onlara dair mövqeyini bildirməli və əsaslandırmalıdır.
45. Hazırkı işin hallarından isə görünür ki, cavabdeh imtina məktubu və etiraz ərizəsində yalnız iddiaçının 1990-cı il üzrə, yanvar, fevral və mart ayları, 1993-cü il üzrə isə mart, aprel və sentyabr ayları üzrə olan müddəti mübahisələndirmiş, etiraza əlavəsində və apellyasiya şikayətində isə iddiaçının iki əmək kitabçası olmasına dair dəlillər irəli sürmüşdür. Fərqli imtina səbəblərinə istinad etmişdir. Bu qaydada yaradılmış inzibati praktika qanunçuluq və səmərəli dövlət idarəçiliyi prinsipləri ilə ziddiyyət yaradır.
46. Məhkəmə kollegiyası daha sonra cavabdehin “iddiaçının 22 dekabr 2021-ci il tarixdən 31 avqust 2022-ci il tarixədək olan müddət ərzində həm güzəştli şərtlərlə əmək pensiyası, həm də yaşa görə əmək pensiyası alacağı” dəlilinə münasibətdə qeyd edir ki, İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2022-ci il tarixdən dayandırılmışdır. İddiaçıya 22 dekabr 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi cavabdeh orqanın 22 dekabr 2021-ci il tarixdən 31 avqust 2022-ci il tarixədək olan müddət ərzində iddiaçıya güzəştli şərtlərlə təyin edilərək ödənilmiş pensiya məbləğinin geri qaytarılmasını tələb etmək hüququna hər hansı maneçilik törətmir.
47. Cavabdeh orqanın daha bir dəlili ondan ibarətdir ki, Mərkəzi Filiala yaşa görə əmək pensiyası təyin edilməsi üçün təqdim edilən əmək kitabçası doldurularkən əmək kitabçasının doldurulması qaydaları pozulmuşdur. Belə ki, əmək kitabçasının doldurulma tarixi, nömrəsi, möhürü və imzası yoxdur.
48. Məhkəmə kollegiyası qeyd edir ki, əmək kitabçasının doldurulması işəgötürən tərəfindən həyata keçirilən məsələdir. Yəni əmək kitabçasının doldurulma tarixinin, nömrəsinin, möhürünün və imzanın əmək kitabçasında qeyd edilməməsi işçinin hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.
49. Bundan əlavə əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə cavabdeh tərəfindən qaldırıldığından formalaşmış məhkəmə təcrübəsinə əsasən əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır.
50. Məhkəmə kollegiyası qeyd edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar da müəyyən edilməmiş, cavabdeh tərəfindən də bu halı təsdiq edə bilən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir.
51. Göründüyü kimi, iş materialları iddiaçının qeyd olunan işlərdə və müddətlərdə işləməsini müəyyən etməyə imkan verir, hazırki araşdırma isə iddiaçının həqiqətən sosial sığorta stajı nəzərə alınmaqla hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsini mötəbər qaydada müəyyən edir.
52. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini ümumilikdə əsassız hesab edərək onu da qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).
53. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Odur ki, iddiaçının tələbinin təmin edilməsini istisna edən hər hansı hal aşkar edilmədiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamış, bunun da nəticəsi olaraq birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Ümumilikdə Kollegiya, cavabdehin dəlillərinin birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir.
54. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın İddiaçı hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuni və əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
55. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 21 may 2024-cü il tarixli, 2-1(116)-184/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.