Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-481/2025 28.08.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “Ağsu rayon Kalva bələdiyyəsinin 09 sentyabr 2005-ci il tarixli 09 nömrəli qərarına əsasən alqı-satqı yolu ilə əldə edilmiş Ağsu rayonu Kalva ərazisində yerləşən 2 ha torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 30 aprel 2025ci il tarixli 2-1(116)-1469/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. işin halları:
1. Ağsu rayon Kalva bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 09 №-li qərarı ilə iddiaçıya fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün (daş doğrayıb çeşidləyən qurğunun quraşdırılması məqsədilə) Muğanlı-İsmayıllı şosse yolunun şimalında Ağsu çayı ilə Kalva kəndinə gedən asvalt yolun arasında, torpaq islahatı zamanı Kalva bələdiyyəsinin mülkiyyətinə verilmiş yararsız torpaqlardan 2 ha torpaq sahəsi satılmışdır.
2. İddiaçının, Kalva bələdiyyəsinin və DT və XK-nin Ağsu rayon şöbəsinin nümayəndələrinin iştirakı ilə xx.xx.2005-ci ildə tərtib edilmiş aktdan görünür ki, ayrılmış torpaq sahəsinin 1:10000 miqyaslı yerquruluşu planında göstərildiyi kimi olması və həmin torpaq sahəsinin satılmasının məqsədə müvafiq olması təsdiq edilmişdir.
3. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağsu rayon şöbəsinin xx.xx.2005-ci il tarixli rəyində sözügedən torpaq sahəsinin satılmasına etiraz edilməmişdir.
4. İddiaçı tərəfindən bələdiyyənin hesabına satılan torpaq sahəsinin dəyəri ödənilmiş və xx.xx.2005-ci il tarixdə alqı-satqı aktı tərtib edilərək, 27 № ilə qeydiyyata alınmışdır.
5. JN-0617 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Ağsu rayonu Kalva bələdiyyəsi tərəfindən satılmış 2 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, torpaq sahəsinin qaiməsində “əkin”, “dinc” və “örüş” qrafaları boş buraxılmış, həmin torpaq sahəsinin “sair sahələr”ə aid olduğu göstərilmiş, keyfiyyət qrupu V, bonitet balı isə 19 olaraq qeyd edilmişdir.
6. Cavabdeh orqan xx.xx.2024-cü il tarixli məktubunda Ağsu rayonu Kalva bələdiyyəsinin qərarı ilə satılmış 2 ha torpaq sahəsinin elektron baza məlumatlarında örüş torpaqlara aid olmasını əsas gətirərək imtina cavabı vermişdir.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
7. İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Ağsu rayon Kalva bələdiyyəsinin 09 sentyabr 2005-ci il tarixli 09 nömrəli qərarına əsasən alqısatqı yolu ilə əldə edilmiş Ağsu rayonu Kalva ərazisində yerləşən 2 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Məhkəmənin xx.xx.2024-cü il tarixli e-2-1(116)-3655/2024 nömrəli qərardadı ilə Ağsu rayon Kalva Bələdiyyəsi hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində adi qaydada məhkəmə icraatına cəlb edilmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağsu rayon Kalva, kəndi ərazisində bələdiyyəyə məxsus yararsız daşlıq torpaq ərazisi olan 2 ha torpaq sahəsi Ağsu rayon Kalva Bələdiyyəsinin 09 sentyabr 2005-ci il tarixli 09 saylı qərarı ilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün İddiaçı satılmışdır. İddiaçı həmin Bələdiyyə qərarı əsasında ləğv olunmuş DTXK Ağsu rayon Şöbəsindən hüquqlarını rəsmiləşdirərək həmin torpaq sahəsinə dair JN 617 KOD 40911018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı almış, həmin Dövlət Aktı, plan ölçü sənədi hazırlanmış, Dövlət Aktı DTXK-nin Ağsu rayon Şöbəsinin müdürünün imzası və möhürü ilə təsdiqlənmişdir. İddiaçı bələdiyyənin həmin qərarını və DTXK-nin verdiyi JN-617 KOD 40911018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı İcra Hakimiyyətinə təqdim edərək, memarlıq şöbəsinin razılığı əsasında onların göstərdiyi smeta sənədi və layihə əsasında həmin torpaq sahəsi üzərində qum çınqıl zavodunun tikintisinə icazə almışdır. Ağsu rayon İcra Hakimiyyətinin 2006-cı il tarixli X5 Tikinti Pasportu iddiaçıya verilmişdir. Həmin ərazinin vergiləri artıq 18 ili iddiaçı tərəfindən vaxtlı vaxtında ödənilir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli imtina məktubunda qeyd etmişdir ki, qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsi örüş torpaq sahəsinə aiddir. O, həmin ərazini alanda DT Ağsu rayon İcra Hakimiyyəti, Bələdiyyənin planlarına baxış keçirmiş və həmin ərazi örüş və əkinə yararsız daşlı torpaq kimi qeydiyyatda idi və bələdiyyənin qərarı ilə ona satılmışdır. O, həmin yerin dəyərini ödəyib mülkiyyətinə qəbul etmişdir. DVG məlumatlarındada həmin ərazi əkinə yararsız daşlı torpaq kimi göstərilib. Lakin TEKİUS sistemində həmin ərazinin bir hissəsi örüş kimi sistemə işlənilib. Torpaq sahəsini əldə edərkən həmin sahənin örüş torpaq sahəsinə aidliyi barədə bir kəlmədə söz deyilməyib və əgər örüş olsa idi zatən həmin torpaq satılmazdı. İddiaçı vicdanlı alıcı kimi bələdiyyə və dövlət orqanlarına müraciət edərək, dəyərini ödəyərək torpaq sahəsi əldə etmiş, üzərində qum çınqıl zavodu tikmək üçün 19 ilə yaxın bir müddət ərzində hər hansı bir dövlət orqanı, o cümlədən cavabdeh həmin torpaq sahəsinin dövlət mülkiyyətinə aid olması ilə bağlı iddiaçıya etiraz bildirməmişdir. İddiaçı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə müraciət etdiyi zaman həmin ərazinin örüş torpaqlarına aid olma bağlı imtinanın verilməsi qanuna ziddir. Həmçinin mübahisəli torpaq sahəsinin qonşuluğunda yerləşən Şərab Zavodunun altındakı torpaq sahəsi eyni qaydada bələdiyyədən alınmış, zavod tikilmiş və həmin torpaqlar dövlət qeydiyyatına alınmışdır. Lakin iddiaçıya satılmış torpaq sahəsi qeydiyyata alınmır.
10. Cavabdeh orqan təqdim etdiyi etirazda ilkin müraciəti təmin etməkdən imtina edərkən əsaslandığı eyni dəlillərə istinad etmiş və iddianın rədd edilməsini xahiş etmişdir.
11. Şəki İnzibati Məhkəməsinin 30 aprel 2025-ci il tarixli 2-1(116)-1469/2025 nömrəli qərarı ilə (hakim Fəxri Hacızadə) iddia tələbi təmin edilmiş, cavabdehin üzərinə Ağsu rayon Kalva bələdiyyəsinin 09 sentyabr 2005-ci il tarixli 09 nömrəli qərarına əsasən iddiaçıya satılmış, Ağsu rayonu Kalva ərazisində yerləşən 2 ha torpaq sahəsi üzərində (“Torpağa mülkiyyət hüququna dair JN617 nömrəli Dövlət aktı”nın koordinatları faktiki istifadəyə uyğunlaşdırılmaqla) iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Ağsu rayon Kalva bələdiyyəsinin 09 sentyabr 2005-ci il tarixli 09 qərarı əsasında 2 ha torpaq sahəsi iddiaçıya satılmış və həmin vaxtdan da qeyd olunan torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçıya satılması barədə torpaq sahəsinin dəyərinin ödənilməsi barədə qəbz, iclas protokolunun qərarı, “Torpağa mülkiyyət hüququna dair” JN- 617 nömrəli Dövlət aktı ilə təsdiq edilir. Beləliklə, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara qismən riayət edilməklə iddiaçıya satılmışdır. Cavabdehin iddiaya qarşı dəlili – Ağsu rayonu Kalva bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 09 saylı qərarı ilə ayrılmış 2.00 ha torpaq sahəsi elektron baza məlumatlarına əsasən örüş torpaqlarına aid edilməsi ilə bağlıdır. Məhkəmə cavabdeh orqanın dəlillərini əsassız hesab edir. Belə ki,təqdim edilmiş mütəxəssis rəyinə əsasən müəyyən edilir ki, iddiaçının naturada göstərdiyi və faktiki istifadə etdiyi 2.0 ha torpaq sahəsi X2 Uçotu informasiya Sisteminə (TEKUİS) əsasən Kalva bələdiyyəsinin mülkiyyətinə aid olmaqla kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar, islahat uqodiyası şərti yararsız torpaqlar, faktiki uqodiyası örüş torpaqlarıdır. Baza məlumatlarına əsasən iddia olunan torpaq sahəsinin bonitet balı 41, 3-cü keyfiyyət qrupudur. Göründüyü kimi iddia olunan torpaq sahəsi kənd təsərüffatı təyinatlı torpaq sahəsi olmaqla bərabər kənd təsərrüfatına yararsız torpaq sahəsidir. Bu isə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.1.2-ci maddəsinə əsasən xüsusi mülkiyyətə verilməni qadağan etmir. Digər tərəfdən təqdim edilən rəyə əsasən Ağsu rayon Kalva bələdiyyəsinin 09 sentyabr 2005-ci il tarixli 09 nömrəli Qərarı ilə ayrılmış 2.0 ha torpaq sahəsi ilə JN-617 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı" ilə üstüstə düşdüyü lakin, konfiqurasiya fərqi olduğu bildirilmişdir. İddia olunan torpaq sahəsi ilə sənəddə göstərilən qismən uyğunsuzluğa münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il 818 nömrəli Fərmanının 2.3.3-cü bəndinin tələbləri baxımından torpaq sahəsinin Kadastr planında göstərilən koordinatlarla iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların yerquruluşu qaydasında aradan qaldırılması cavabdeh orqanın vəzifəsidir. Odur ki, iddiaçının faktiki istifadəsində 2.0 ha torpaq sahəsi olduğundan Dövlət Aktının koordinatları ilə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların yerquruluşu qaydasında aradan qaldırılması mümkündür. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
13. Cavabdeh orqan həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayətinin dəlillərinə görə, Ağsu rayonu, Kalva bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 09 saylı qərarı ilə ayrılmış 2.00 ha torpaq sahəsi elektron baza məlumatlarına əsasən örüş torpaqlarına aiddir. Qeyd olunan torpaq sahəsi baza məlumatlarında örüş torpaqlarına aid edildiyi üçün və alqı-satqı predmeti olmadığına görə, İddiaçı ərizəsinin icrasından “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən imtina olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar tam araşdırılmamış, maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
15. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
tərəflərin izahatları
16. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək 30 aprel 2025-ci il tarixli 2-1(116)- 1469/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etdi.
17. Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı, inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə ünvanladığı ərizəsində məhkəmə iclasında üzürlü səbəblərdən iştirak edə bilmədiyini bildirmiş, məhkəmə iclaslarının iştirakı olmadan keçirilib apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hazırki işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
tətbiq edilən hüquq
18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 1. Əsas anlayışlar Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 4. Əvvəllər yaranmış hüquqların tanınması 4.1-ci maddəsinə müvafiq olaraq, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. ... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə X3 Sistemində yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 23. Hüquqların dövlət qeydiyyatı haqqında qanunvericiliyinin pozulmasına görə məsuliyyət 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. ...
19. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı:
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: 2.3. X2 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi;
20. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında X2 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları;
5. Sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələrin işlənməsi mərhələsi 5.1. Çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilərək, uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur. 5.2. Ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.
22. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Cavabdeh orqan onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri iddia tələbinə etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia ərizəsinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
26. Hazırkı işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının hüquqi marağı ona Ağsu rayon Kalva bələdiyyəsinin 09 sentyabr 2005-ci il tarixli 09 nömrəli qərarı ilə satılmış 2 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasıdır (Faktiki olaraq iddiaçının nail olmaq istədiyi hüquqi nəticə faktiki istifadə vəziyyəti nəzərə alınmaqla mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış torpaq sahəsinə münasibətdə yeni nümunəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsidir).
27. Cavabdeh orqanın apellyasiya şikayətinin başlıca dəlili sözügedən torpaq sahəsinin elektron baza məlumatlarına əsasən örüş torpaqlarına aid olması ilə bağlıdır.
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, Ağsu rayon Kalva bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 09 №-li qərarı ilə iddiaçıya fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 2 ha torpaq sahəsi satılmış və həmin vaxtdan da, qeyd olunan torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan, torpaq sahəsinin satılması barədə qərar, alqı-satqı aktı, torpaq sahəsinin dəyərinin ödənilməsi barədə qəbz, yerquruluşu planı və sahənin tanıdılması haqqında aktla təsdiq edilir. Beləliklə, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçıya satılmışdır.
29. Nəzərə alınmalıdır ki, iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ JN-0617 saylı Dövlət Aktı ilə dövlət qeydiyyatına alınmışdır.
30. “Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin xx.xx.2025-ci il tarixli məktubunda Mərkəzin arxivində JN-617 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının arxiv nüsxəsinin və Dövlət Aktlarının qeydiyyatı kitabının aşkar edilmədiyini bildirsə də, cavabdeh orqan tərəfindən sözügedən Dövlət Aktının mötəbərliyinə şübhə yaradacaq hər hansı sübut təqdim edilməmişdir.
31. JN-0617 saylı Dövlət Aktının tərtib edilməsinə əsas olmuş sənədlərlə müəyyən edilir ki, faktiki olaraq iddiaçı tərəfindən təqdim edilmiş ilkin torpaqayrıma sənədləri ilə Mərkəzin Arxivində saxlanılan sənədlər eynidir. Həmçinin JN-0617 saylı Dövlət Aktının torpaq sahəsinin qaiməsində göstərilən məlumatlarla Mərkəzin Arxivində saxlanılan – “Dağ-Şirvan Kadastr qiyməti rayonu”na aid satılması nəzərdə tutulan torpaq sahəsinin qaiməsində göstərilən məlumatlar da, eynidir. Həmin məlumatlarda torpaq sahəsinin şərti yararsız – ağır gillicəli, orta qalınlıqlı, şiddətli daşlı, orta erroziyaya uğramış dağ boz qəhvəyi torpaqlara aid olması, keyfiyyət qrupunun V, bonitet balının 19 olması qeyd edilmişdir.
32. İş materiallarında olan, cavabdeh orqan tərəfindən təqdim edilmiş mütəxəssis rəyində torpaq sahəsinin islahat uqodiyasının şərti yararsız torpaqlara aid olması qeyd edilmişdir. Cavabdeh orqan hazırda iddia olunan torpaq sahəsinin bonitet balının 41 olmaqla 3-cü keyfiyyət qrupuna aid olmasını bildirsə də, Dövlət Aktının “torpaq sahəsinin qaiməsi” hissəsində torpaq sahəsinin 5-ci keyfiyyət qrupuna aid olmaqla bonitet balının 19 olması göstərilmişdir.
33. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağsu rayon şöbəsi sözügedən torpaq sahəsinin bələdiyyə mülkiyyətinə verilmiş yararsız torpaq sahəsi kimi iddiaçıya satılmasına etiraz etməmişdir. Odur ki, hazırda elektron bazada torpaq sahəsinin bonitet balı və keyfiyyətinin yüksək göstərilməsi iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına hər hansı maneə yaratmır.
34. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xüsusi mülkiyyətə verilə bilər.
35. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hallar müəyyən edilmədiyindən, JN-0617 saylı Dövlət Aktı iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, yəni mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış torpaq sahəsinə faktiki istifadə vəziyyəti nəzərə alınmaqla yeni nümunəli çıxarışın verilməsi üçün yetərli əsas sayılmalıdır.
36. Məhkəmə kollegiyası qeyd edir ki, “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.5-ci maddəsinə əsasən müvafiq yeni nümunəli çıxarışın verilməsi üçün əsas olsa da, torpaq islahatı dövründə aparılmış ölçmələrin və verilmiş sənədlərin bir çox hallarda faktiki vəziyyətlə uyğun olmaması məhkəmə təcrübəsindən və inzibati orqanın praktikasından məlumdur.
37. Bunun hüquqi həlli məhz 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanda nəzərdə tutulmuş və torpaqların faktiki istifadəsinə uyğun tənzimləmə mexanizmi müəyyən edilmişdir. Sözügedən Fərmanın qəbul edilməsinin başlıca məqsədi torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək olmuşdur.
38. İstinad olunan “Fərman”ın 2.3.2-ci bəndində torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, ... 2.3.5-ci bəndində ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi qeyd olunmuşdur.
39. Cavabdeh orqan sözügedən torpaq sahəsinin iddiaçının adına hazırlanmış JN- 617 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı" ilə üst-üstə düşməsini, lakin konfiqurasiya fərqinin olmasını bildirir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən qeyd etmişdir ki, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il 818 nömrəli Fərmanının 2.3.3-cü bəndinin tələbləri baxımından torpaq sahəsinin Kadastr planında göstərilən koordinatlarla iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların yerquruluşu qaydasında aradan qaldırılması cavabdeh orqanın vəzifəsidir.
40. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, ilkin torpaqayırma sənədlərində iddiaçıya satılan torpaq sahəsinin coğrafi yerləşməsi - “Muğanlı-İsmayıllı şosse yolunun şimalında Ağsu çayı ilə Kalva kəndinə gedən asvalt yolun arası” olaraq təsvir edilmişdir. Hazırda iddiaçının faktiki istifadəsi də, məhz həmin qaydadır.
41. Cavabdeh orqan tərəfindən təqdim edilmiş mütəxəssis rəyinə əlavə edilmiş ortofoto xəritəsindən çıxarışdan görünür ki, JN-0617 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının cizgisi Ağsu çayı ilə Kalva kəndinə gedən asvalt yolun arasına düşməli olduğu halda, elektron bazada gediş-gəliş yolunun üzərinə işlənmişdir.
42. Qeyd olunan hal Dövlət Aktının elektron bazada yerləşmə vəziyyətinin qüsurlu olmasını və həmin sənədin koordinatlarının faktiki istifadəyə uyğunlaşdırılması ilə bağlı birinci instansiya məhkəməsinin qənaətinin əsaslı olmasını göstərir. Nəzərə alınmalıdır ki, iddiaçının naturada istifadə etdiyi torpaq sahəsi X2 Uçotu informasiya Sisteminə (TEKUİS) əsasən Kalva bələdiyyəsinin mülkiyyətinə aid, kənd təsərrüfatı təyinatlı torpaqlardır və bələdiyyə ilə iddiaçı arasında sözügedən torpaq sahəsi ilə bağlı hər hansı mübahisə yoxdur.
43. Beləliklə, yuxarıda şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilmir. Şəki İnzibati Məhkəməsinin 30 aprel 2025-ci il tarixli 2-1(116)-1469/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.